Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya, arxiv şəkli

Hətta beşinci doza vaksinə zərurət yarana bilər - ekspert rəyi

50
(Yenilənib 13:05 23.08.2021)
Pandemiya davam edərsə, yoluxmaların sayında azalmalar olmazsa, iki doza qəbul edənlər 6 aydan sonra 3-cü dozanı da qəbul etməyə məcburdurlar. Hətta ola bilər ki, pandemiya bitənə qədər 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yaransın.

BAKI, 23 avqust — Sputnik. Sön vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Eyni zamanda, tam vaksin olunanlara 3-cü dozanın da vurulacağı barədə informasiyalar dolaşır. Sputnik Azərbaycan xəbər verir ki, 3-cü və daha sonrakı dozaların tətbiqinə ehtiyac olub-olmayacağı və digər sualları Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə cavablayıb.

- Son vaxtlar ölkəmizdə koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bunun qarşısının alınması üçün hansı önləyici tədbirlərin görülməsini məsləhət görərdiniz?

- Qonşu respublikalarda olduğu kimi, bizim ölkədə də koronavirusa yoluxma halları kəskin şəkildə artmağa başlayıb. Paralel olaraq ölüm sayı da çoxalıb. Mövcud vəziyyət bizi kədərləndirir və təhlükənin geniş xarakter almaması üçün qabaqlayıcı tədbirlər görməyə vadar edir. Pandemiyanın qarşısının alınması üçün hələ ki mütəxəssislərin tövsiyə etdiyi iki yol var. İlk növbədə insanlar vaksinasiya olunmalıdır. Bildiyiniz kimi, ölkə rəhbərliyinin göstərişi ilə əhali kütləvi şəkildə vaksinasiyaya cəlb olunub. Doğrudur, son məlumatlara görə, bu gün ölkə əhalisinin xeyli hissəsinə peyvənd vurulub. Amma məhz peyvənd olunmayanların hesabına yoluxanların sayı günü-gündən artmaqda davam edir. İkinci yol isə sosial məsafənin qorunması, qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə olunmasıdır. Əgər biz hava-damcı infeksiyasının yayılmasının qarşısını almaq üçün lazımi sosial məsafəni gözləyəriksə, infeksiyanın xəstədən sağlam insana keçmə ehtimalı kəskin şəkildə aşağı düşər. Xəstə maska taxırsa, onun ətraf mühitə virus yayma ehtimalı aşağı olur. Eyni zamanda qarşı tərəf də maskadan istifadə edirsə, onun yoluxması ehtimalı sıfıra bərabərdir.

- Azərbaycanda ayrı-ayrı ölkələrin istehsalı olan bir neçə peyvənddən istifadə olunur. Bəzən insanlar peyvənd seçimində çətinlik çəkirlər. Bir mütəxəssis kimi hansını məsləhət görərdiniz?

- Ölkəmizdə ilk tətbiq olunan peyvənd Çin istehsalı olan “Sinovac”dır. Bunun yan təsirləri nisbətən azdır. Bu peyvəndi hər kəs asanlıqla qəbul edə bilir. Bizdə bu vaksindən sonra geniş tətbiq olunan Amerika və Avropa ölkələrinin istehsalı olan “Pfizer” vaksinidir. Bunlarla yanaşı, Rusiya istehsalı olan “Sputnik V” vaksini də istifadə edilir. Bu peyvəndlərin hansından istifadə etmək insanların öz seçimidir. Fərq etməz hansını seçirlər. Əsas odur ki, peyvənd olunsunlar.

İnsanlar bəzən deyirlər ki, vaksinasiya olundum, amma xəstələndim. Mən də izah edirəm ki, peyvənd insanları yüz faiz xəstəlikdən qorumur. Amma peyvənd olunanlar arasında ölüm faizi yox dərəcəsindədir, ağırlaşma hallarına da çox az rast gəlinir. Bu gün koronavirusdan reanimasiyaya düşən xəstələrin əksəriyyəti vaksinasiyadan keçməyən insanlardır. Bunun nəyi pisdir ki, siz peyvənd olunmayanlardan fərqli olaraq, virusa yoluxsanız belə, xəstəliyi ayaqüstü keçirirsiniz. Fərq bundan ibarətdir.

- Bəzi mütəxəssislər immunitetin davamlı olması üçün 3-cü dozanın qəbulunu məsləhət görürlər. Siz bu barədə nə deyərdiniz?

- Xəstəlik keçirmək və peyvənd olunmaq - hər iki halda orqanizmdə immunitet yaranır. Birincisi təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir. Buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar. Belə ki, qızılcanı keçirən və ya vaksinini qəbul edən şəxslərdə həyati immunitet yaranır. Onların ömürlərinin sonunadək əlavə peyvənd olunmağa ehtiyacları qalmır. İkincisi isə süni yaranan immunitetdir ki, o da vaksinasiyanın hesabına əmələ gəlir. Süni yaranan immunitetlərin davamlılıq müddəti bəzən 6 ay, 1 ilədək çəkir. Bu müddət ərzində vaksin olunan şəxsin immunitetində zəifləmə prosesi gedir. Əlavə dozanın qəbuluna ehtiyac yaranır. Elə koronavirusda olduğu kimi. Ona görə də pandemiya davam edərsə, yoluxmaların sayında azalmalar olmazsa, iki doza qəbul edənlər 6 aydan sonra 3-cü dozanı da qəbul etməyə məcburdurlar. Hətta ola bilər ki, pandemiya bitənə qədər 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yaransın.

- Bəs, 3-cü doza əvvəl vurulmuş iki vaksinlə eyni olmalıdır, yoxsa fərqli?

- Bu, mutasiyaya uğrayan bir virus olduğundan, bir formadan digər formaya keçir. Xatırlayırsınızsa, əvvəl COVİD-19 idi, sonra başqa ştammlar meydana çıxdı, indi “Delta” gəldi. Bunlar hamısı nəticə etibarilə koronavirusdur. Amma mutasiyaya uğradıqca, yüngül formaları üzə çıxır. Bu ştamlar bəzi xəstələrdə özünü ağır şəkildə büruzə verə bilər. Amma bir yaxşı cəhət var ki, pandemiyanın müddəti uzandıqca, qarşıdan daha yüngül formalar gəlir. O ki qaldı 3-cü dozanın qəbulunda hansı vaksin vurulmasına, eyni də ola bilər, fərqli də. Düzdür, praktikada vaksin həmişə konkret ştamlara qarşı hazırlanır. Amma ştamlar qısa müddətdə mutasiyaya uğrayır, vaksinin hazırlanmasına isə çox vaxt lazım olur. Odur ki, hazırda istifadə etdiyimiz vaksinlər ciddi ağırlaşmalar yaratmadığı üçün istənilən ştamma qarşı tətbiq etmək məsləhət görülür. Çünki əlimizdə olan vaksinin tətbiqi yalnız  pandemiyanın yayılmasının qarşısının alınmasına xidmət edə bilər.

Həmçinin oxuyun:

Azərbaycanda vaksin yaradılması üçün tədqiqatlara start verilib

50
Teqlər:
vaksin
Polis əmkdaşı, arxiv şəkli

Gorus-Qafan yolundakı nəzarət-buraxılış məntəqəsi qaçaqmalçılığın qarşısını alacaq

20
(Yenilənib 18:35 15.09.2021)
Nazirlər Kabineti dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısını təsdiqləyib. Milli Məclisin deputatı bunun iqtisadiyyata necə təsir göstərəcəyindən danışıb.

BAKI, 15 sentyabr — Sputnik. Gorus-Qafan avtomobil yolunda nəzarət-buraxılış məntəqəsinin (NBM) qurulması qonşu ölkələrdən gələn qaçaqmalçılıq yüklərinin dövriyyəsinin qarşısını alacaq. Bunu Sputnik Azərbaycan-a Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

"44 günlük müharibədən və Azərbaycanın qələbəsindən sonra 21 kilometrlik Gorus-Qafan avtomobil yolunun keçdiyi ərazi Azərbaycan ərazisidir. Tez-tez qonşu ölkələrdən oraya qaçaqmalçılıq yüklərinin daşınması müşahidə olunurdu. Bu səbəbdən də orada NBM quruldu ki, belə halların qarşısı alınsın", – deyə Nağıyev bildirib.

Vətən sərhəddən başlayır

Deputatın sözlərinə görə, NBM Azərbaycandakı iqtisadi vəziyyətə müsbət təsir göstərəcək, belə ki, ölkə daxilində yüklərin daşınmasını da tənzimləyəcək.

Bundan başqa, NBM-in qurulması ölkənin təhlükəsizliyinə tam nəzarət baxımından da vacibdir.

"Necə deyərlər, Vətən sərhəddən başlayır. Təbii ki, sərhəddə Nəzarət Buraxılış Məntəqəsi qurulmalıdır. Orada sərhədçilər və gömrük işçiləri dayanacaqlar. Bəzi dövlətlərdə sərhədçilərin və gömrük işçilərinin tamam başqa funksiyaları var. Azərbaycanda isə onlar təhlükəsizliklə bağlı təhdidlərin – milli təhlükəsizliyə zərbə, qaçaqmalçılıq, terror aktlarının qarşısını almaq funksiyası daşıyırlar. Odur ki, gömrük və nəzarət buraxılış məntəqələri iki dövlət arasında qurulmalı olan ən əsas obyektlərdir", – deyə Nağıyev qeyd edib.

"Bütün ölkələr bizim suveren hüquqlarımıza və qanunlarımıza hörmət etməlidir, çünki biz müstəqil dövlətik", – deyə deputat vurğulayıb.

Möhtərəm qonaqlar üçün "yaşıl rejim"

Millət vəkilinin sözlərinə görə, NBM, həmçinin beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların sərhədi daha tez keçməsinə imkan verəcək.

"Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçiriləndə gömrük və sərhəd keçid məntəqələrində hökumət səviyyəsində yaşıl rejim yaradılacaq. Yəni ölkəyə gələn hər bir turist və ya idmançı, azarkeş, fanat sərhədi maneəsiz, hətta vizasız keçə biləcək. Başqa sözlə, hər dəfə yanaşma fərqli olacaq", – deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.

Dövlət sərhədində neçə NBM olacaq?

Xatırladaq ki, sentyabrın 10-da Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nın və "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Qərar qəbul edib.

Hazırda Azərbaycanda dörd beynəlxalq hava limanı da daxil olmaqla, 18 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası ərazisində bir hava limanı da daxil olmaqla 6 NBM nöqtəsi təsdiqlənib.

Bundan başqa, Azərbaycan Respublikası ərazisindəki dəniz limanlarında on sərhəd keçid məntəqəsi yaradılıb.

20

Qasırğanın yaratdığı tələbat: ABŞ Rusiyadan neft idxalını artırdı

18
(Yenilənib 18:43 14.09.2021)
,
Amerika mətbuatı yazır ki, "İda" qasırğasından qazanclı çıxan Rusiya neft ixracatçıları olacaqlar.

BAKI, 14 sentyabr — Sputnik. Amerikanın neft emal edən zavodları "İda" qasırğasının vurduğu ziyandan sonra öz işini dayandırıb. Ölkədə kəskin yanacaq çatışmazlığı yaşanır. ABŞ Energetika Nazirliyi (EIA) istehsalçıları dəstəkləmək məqsədilə enerji ehtiyatları ilə bağlı məlumatları elan etdi, ancaq mövcud ehtiyatlar tükənməz deyil. Meksika sahillərindəki müəssisələrdə xammal kimi xüsusi neft məhsullarından istifadə olunur ki, onları da Rusiyadan başqa heç yerdən almaq mümkün deyil. ABŞ artıq idxalı rekord həcmdə artırıb və daha çox neft almaq niyyətindədir.

İştahları artıb

"Bloomberg" yazır ki, Amerika neft emalçıları motor yanacağına tələbatı ödəmək üçün bütün dünyada yararlı xammal axtarışındadırlar.

EIA-nın məlumatlarına görə, may ayında Rusiyadan xam neft və neft məhsullarının idxalı birdən-birə 23 faiz, gündəlik 844 min barel artıb. Bu göstəricini Meksikadan tədarük olunan neft məhsulları ilə müqayisə etmək olar: bu ölkədən idxalın həcmi cəmi üç faiz artıb.

Hələ ötən il Rusiyadan idxal son doqquz illik maksimuma çatmışdı. Rusiya bazarda balans yaratmaq üçün ixracı qəfildən azaldan Səudiyyə Ərəbistanını sıxışdıraraq ABŞ-a neft və neft məhsulları tədarük edən ölkələr arasında ikinci yerə çıxdı. Məsələ burasındadır ki, Amerika Neft Emalı Zavodları (NEZ) Venesueladan gələn xammaldan məhrum olub. Bu isə Donald Trampın "xidməti"dir. O, hələ 2019-cu ildə "Petroleos de Venezuela S.A."-ya sanksiya tətbiq etmişdi. Meksika körfəzi və Şərq sahillərindəki zavodlar, o cümlədən, "Citgo Petroleum", "Valero Energy", "Chevron" kimi ağır dərəcəli neftin emalı üçün nəzərdə tutulmuş müəssisələr daha ağır vəziyyətdədir.

Bu zavodlar Rusiyadan əsasən benzin istehsalı üçün lazım olan mazut alır.

"Venesuela xammalından məhrum olan və ənənəvi OPEC təchizatçılarının qiymət artımı ilə üzləşən ABŞ Rusiya mazutunun əsas istehlakçısına çevrilib", – deyə Oksford Enerji Araşdırmaları İnstitutunun elmi əməkdaşı Adi İmsiroviç bildirir.

"Rusiya – prioritet tərəfdaşdır, çünki "Mazut 100" kimi çoxlu yarı rafinə olunmuş yağlar istehsal edir. Bu da Venesuaela və yaxın Şərqdən gələn qatı neftə alışmış Amerika NEZ-ləri üçün idealdır. Ancaq ABŞ zavodları sanksiyalar ucbatından Venesueladan gələn xammaldan məhrum olub. Yaxın Şərq ölkələri isə OPEC razılaşması çərçivəsində ixracatı məhdudlaşdırıblar", – deyə "Bloomberg" yazır.

Avqust ayının sonlarında Meksika körfəzi sahillərini vuran "İda" qasırğası vəziyyəti xeyli kəskinləşdirib. Hərçənd, ABŞ Energetika Nazirliyi artıq sentyabr ayında hasilatın bərpa olunacağına (sutkalıq 1,2 milyon barelə kimi) ümid edir. Bununla belə, infrastruktur güclü ziyana məruz qalıb, 20,6 milyon barel neft isə Amerika bazarından yoxa çıxıb.

Anbarları açdılar

Luizianada elektrik enerjisinin bərpası və emal zavodunun yenidən işə salınması ilə daha çox neftə ehtiyac yaranacaq. Bunu artıq "Exxon Mobi"-dən bəyan ediblər. Şirkət Luizianadakı zavodlarını bağlamaq məcburiyyətində qalıb. Energetika Nazirliyi neft təminatını strateji ehtiyatlar hesabına həyata keçirir. İki-üç ay ərzində "Exxon" ehtiyatları artırmalı - ən yüksək keyfiyyətli xammala təmin etməlidir. Ancaq ehtiyatlar tükənməz deyil. Deməli, yenidən idxalı artırmaq lazım gələcək.

Amerika mətbuatının da qeyd etdiyi kimi, "İda" qasırğasından qazanclı çıxan Rusiya ixracatçıları olacaqlar.

"Sentyabr-oktyabr aylarında tədarük artacaq, çünki ABŞ-ın Meksika körfəzindəki yataqdan neft hasilatı hələ də bərpa olunmayıb", - deyə "Bloomberg" vurğulayır.

Agentliyin bazar iştirakçılarına istinadla təsdiqlədiyi kimi bir neçə gün ərzində amerikalılar artıq Rusiya xammalının üçdə-birini satın alıblar.

Tələbin artması qiymətləri qaldıracaq. Sentyabrın 8-də "Urals"-ın kotirovkaları yeddi aylıq maksimuma çataraq "Brent"-i 1,05 dollar geridə qoydu. Halbuki ABŞ-ı "İda" qasırğası vurmazdan əvvəl "Urals" "Brent"-dən 1,95 dollar ucuz satılırdı.

"Şimal axını-2" qaz kəmərinin işə salınması ərəfəsində Vaşinqtonla Moskva arasında gərginlik artır. Bununla belə, bazar öz qaydalarını diktə edir. Amerika neft istehsalçılarının isə Ağ Evin diplomatik və geosiyasi hədəfləri ilə heç bir əlaqəsi yoxdur.

Həmçinin oxuyun:

Azərbaycan nefti 74 dollara yaxınlaşır

Qasırğanın yaratdığı tələbat: ABŞ Rusiyadan neft idxalını artırdı

18
Teqlər:
qasırğa, Neft
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min