Cəbrayılda DSX hərbi qulluqçusu, arxiv şəkli

Hələ heç bitməyib: Korotçenko Ermənistanın revanşizminin pərdəarxası barədə

5170
(Yenilənib 20:37 15.07.2021)
Rusiyanın hərbi icmalçısı İqor Korotçenko Yeravanda səsləndirilən bəyanatları şərh edərək hansı səbəbdən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı problem yarana biləcəyinə də aydınlıq gətirib.

BAKI, 15 iyul — Sputnik. Yerevan Bakının sülh çağırışlarını eşitmir və Azərbaycan üçün köhnə, destruktiv və düşmən planı ilə işləməyə davam edir ki, bu da həm bölgədəki vəziyyəti, həm də danışıqlar prosesini çətinləşdirir. Bu fikri Sputnik Azərbaycan-a müsahibəsində Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko səsləndirib.

Bakının Ermənistana siqnalı

Ermənistan Baş nazirinin müavininin səlahiyyətlərini icra edən Tiqran Avinyan iyulun 14-də bəyan etdi ki, "Dağlıq Qarabağın statusu müəyyənləşdirilmədən Bakı ilə sülh razılaşmasından danışmaq mümkün deyil.

Onun bu bəyanatı Ermənistanın sülh müqaviləsi imzalamağa hazır olmamasını böyük səhv adlandıran Azərbaycan Prezidenti İham Əliyevin sözlərinə cavab olaraq səsləndirildi.

Azərbaycan tərəfi belə hesab edir ki, münaqişə başa çatıb və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın dövlət başçısı vurğulayıb ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədləri qəbul etməli, delimitasiya işlərinə başlamalıdırlar.

"İndi beynəlxalq təşkilatlar da delimitasiya ilə bağlı müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər", - deyə Azərbaycan lideri xəbərdarlıq edib.

Yerevan sülh müqaviləsi imzalamağa hazır deyil

Sputnik Azərbaycan Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkodan hazırkı şəraitdə regiondakı vəziyyət və kommunikasiyaların bərpasının gələcək perspektivi ilə bağlı fikirlərini də soruşub.

Ekspert əmindir ki, hazırda Ermənistanın yürütdüyü siyasət nəticəsində hər hansı bir razılaşmadan söhbət gedə bilməz.

Azərbaycanın Ermənistana əlini uzatdığını, uzunmüddətli münaqişəyə son qoymaq, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə sülh müqaviləsi imzalamaq istədiyini və bununla da, mübahisə mövzusunu aradan qaldırdığını vurğulayan Korotçenko bunu Prezident İlham Əliyevin ağlabatan, məsuliyyətli siyasəti adlandırıb. O belə hesab edir ki, sülh müqaviləsi – bütün Cənubi Qafqazın inkişafını və çiçəklənməsini təmin edən fundamental sənəddir.

"Ancaq Ermənistan sülh müqaviləsini imzalamağa və onunla bağlı danışıqlara hazır deyil. Bu məsələdə illüziyalara qapılmaq olmaz. Bu, baş verməyəcək. Hər bir halda hazırkı zaman kəsiyində belə bir şey olmayacaq", – deyə ekspert vurğulayıb.

Ərazi iddiaları davam edir

Azərbaycanın Qarabağ bölgəsinə dair ərazi iddiaları Ermənistanın xarici siyasətinin əsas prinsipi olaraq qalır. Korotçenko deyir ki, müharibənin bitməsinə, Ermənistan ordusunun məğlub olmasına və Ermənistanın lideri Nikol Paşinyanın faktiki olaraq kapitulyasiya aktına imza atmasına baxmayaraq, erməni elitasının oyunu yeni başlayır.

Ekspertin sözlərinə görə, ermənilər 4,5 ildən (Rusiya sülhməramlılarının bölgədən çıxarılmasından - red.) sonra müxtəlif manipulyasiya yolları ilə, eləcə də, erməni lobbisinin aktiv fəaliyyəti nəticəsində Azərbaycanın Qarabağ regionunun, daha dəqiq desək, rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazilərin müəyyən bir status almasına çalışacaqlar.

Hər bir halda, erməni hakim elitası tərəfindən Azərbaycana ərazi iddiaları davam edir. Analitik belə hesab edir ki, delimitasiya və demarkasiya məsələsində də vəziyyət eynidir.

"Formal olaraq Yerevan bununla bağlı hansısa bəyanatlar verir, ancaq biz yaxşı başa düşürük ki, Ermənistan praktiki olaraq bu məsələlərə baxmaq istəmir. Bu ölkə son 30 il ərzində faktiki olaraq mövcud olmayan sərhədlərə çox sərbəst yanaşmağa öyrəşib", – deyə analitik vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sərhədyanı ərazilərinə öz mülkiyyəti kimi baxıb, onların təbii sərvətlərini istədiyi kimi istismar edib.

"Sərhədlərin demarkasiyası Paşinyana çox böyük siyasi problemlər yarada bilər. Bu səbəbdən də o, əvvəlki kimi demaqogiya ilə məşğul olacaq, sözdə bir şey deyib, əməldə başqa cür hərəkət edəcək", – deyə Korotçenko vurğulayıb.

Moskva regionda kommunikasiyaların bərpasının tərəfdarıdır

Regionda kommunikasiyaların bərpasına gəlincə, ekspertin sözlərinə görə, Rusiyanın bu məsələdə tutduğu mövqe dəqiqdir. Rusiya kommunikasiyaların bərpasının, xüsusən də, Zəngəzur nəqliyyat dəhlizinin açılmasının tərəfdarıdır. Paşinyanın bu məsələyə necə yanaşması isə ayrı məsələdir. Bəli, o müəyyən vədlər verir, ancaq bu vədlərə nə dərəcədə əməl edəcək, bunu demək çətindir. Xüsusən də, Yerevanda revanşistlərin bütöv bir dəstəsinin həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi əməkdaşlığa qarşı çıxdıqları bir vaxtda.

"Heç nə başa çatmayıb. Müharibəyə son qoyulsa da, Qarabağ üzrə üçtərəfli bəyanatın mənası, interpretasiyası uğrunda mübarizə davam edir. Ermənistan Azərbaycan üçün köhnə, destruktiv və düşmən planı ilə işləməyə davam edir", – deyə Korotçenko fikrini yekunlaşdırıb.

Həmçinin oxuyun: 

* Revanş olmayacaq: ermənilər Azərbaycanla sülh yolunu seçdilər

* Korotçenko Qarabağla bağlı əsas suallara cavab verib - Eksklüziv müsahibə

* Korotçenko: "Moskva və Ankara bundan sonra da Qarabağda əməkdaşlığı davam etdirməlidir"

* Korotçenko: "Ermənilər Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar"

* İqor Korotçenko: “Qeyri-qanuni silahlı qüvvələr Ermənistana göndərilməlidir”

5170
Bakıda “Intercontinental” oteli

Türkiyədəki yanğınlar bizə dərs olmalıdır: Daxili turizmin sığorta problemi

2152
(Yenilənib 16:06 01.08.2021)
Daxili turizmdə sığorta sistemi işləmədiyindən, bu zaman turistlər çarəsiz durumda qalırlar. Hansısa hoteldə xəsarət alırlarsa, müalicə xərcini özləri ödəyirlər.

BAKI, 1 avqust — Sputnik. Türkiyə də bir neçə gün əvvəl başlanan meşə yanğınları ölkənin əsas turizm kurortlarını əhatə etdiyindən, turizm sektoruna ciddi problemlər yaratmağa başlayıb. Yanğın hadisəsi zamanı xarici turistlər həyəcan yaşayıblar.

Manavqatda başlayan yanğınlar əsas turizm kurortu olan Bodruma da yayılıb. Hotellərdəki turistlər təxliyə edilib. Meşə yanğını Bodrumdakı məşhur "Titanic Hotel"ə yaxınlaşıb. Hoteldə olan bütün qonaqlar dəniz yolu ilə təxliyə edilərək yaxınlıqdakı başqa hotellərə köçürülüb. Bu hadisə Azərbaycanda turizm sahəsində sığorta məsələsini yenidən gündəmə gətirib. Qeyd edək ki, koronavirus pandemiyası dövründə turizmin inkişaf etdiyi bir çox ölkələrə səyahət imkanı məhdudlaşdığından, daxili turizmə tələbat artıb. Amma bugünədək daxili turizmdə sığorta sistemi işə düşməyib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daxili turizmdə sığorta sisteminin işə düşməsi günün tələbidir: "Pandemiya ilə əlaqədar gəlmə turizm demək olar ki, işləmir. İndi turizm sektoru daxili turizm hesabına ayaqda dayanıb. Amma daxili turizmdə hələ də sığorta sistemi işə salınmayıb. Ona görə də, turizmin inkişaf etdiyi bölgələrə üz tutan vətəndaşların qaldıqları hoteldə, istirahət mərkəzində başına hər hansı hadisə gəlsə, onlar köməksiz qalırlar. Turizm obyekti sahibi buna görə heç bir məsuliyyət daşımır".

M.Ağakərimovun sözlərinə görə, meşə yanğınları olmasa da, Azərbaycanda daxili turistlər arasında qaldıqları hoteldə zəhərlənən, hovuzlarda xəsarət alanlar olub: "Ötən il Nabrandakı "Atlant" istirahət mərkəzində 10 yaşlı uşaq hovuzda boğulub. 2013-cü ildə Nabran qəsəbəsinin ərazisindəki "Nabran" istirahət mərkəzində azyaşlı İmran Cəfərzadə hovuzda çimərkən su çəkən borunun pərlərinin arasına düşərək şikəst olmuşdu. Daxili turizmdə sığorta sistemi işləmədiyindən, bu zaman turistlər çarəsiz durumda qalırlar. Hansısa hoteldə xəsarət alırlarsa, müalicə xərcini özləri ödəyirlər", - deyə M.Ağakərimov bildirir.

Turizm eksperti deyir ki, turizm sığortası işləmədiyindən turizm mərkəzləri işə bəzən məsuliyyətsiz yanaşırlar. Onun sözlərinə görə, daxili turizmdə sığorta sisteminin işə düşməsi həmin obyektlərin məsuliyyətini də artıracaq: "Əgər daxili turizmdə sığorta sistemi işləsə, hər hansı hotelin müdiriyyəti, meneceri məsuliyyət hiss edər. Çünki belə halda müştəriyə dəymiş ziyanı ödəmək həmin turizm obyektinin üzərinə düşür. Belə olanda turizm obyekti yeməyin keyfiyyətindən tutmuş təhlükəsizliyə qədər hər bir məsələyə diqqətli yanaşır".

M.Ağakərimov bildirir ki, daxili turizmdə sığorta sisteminin işə düşməsi turizm sektorunda qiyməti cüzi artıra bilər. Çünki sığorta xərci avtomatik olaraq turist "putyovkası"nın üzərinə gəlir. Amma nəticədə turist sığortalandığından hər hansı hadisə baş verdikdə çıxılmaz vəziyyətə düşmür.

Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam Sputnik Azərbaycan-a bildirib ki, daxili turizmdə sığortanın tətbiq edilməsi vacib məsələdir. Amma bunda sığorta şirkətləri də aktiv olmalıdırlar. G.Sağlamın sözlərinə görə, hazırda ölkəmizdəki sığorta şirkətləri xarici ölkələrə səyahət sığortası təqdim edirlər. Amma daxili turizmdə sığorta tətbiq edilmir: "Çox təəssüf ki, daxili turizmdə bu günə qədər yalnız Şahdağda qış turizm növündə turistlərlə sığorta müqaviləsi imzalanır. Turizmin digər sahələrində sığorta sistemi işləmir. Bu isə turistləri istirahət zamanı yarana biləcək problemlə baş-başa qoyur", - deyə G.Sağlam bildirir.

G.Sağlam daxili turizmdə sığortanın tətbiqinin xidmət səviyyəsinin yüksəlməsinə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə gətirib çıxartdığını bildirir. Onun sözlərinə görə, bu, turizm müəssisələrinin müştərilərə münasibətdə məsuliyyətini artırır.

Əlaqə saxladığımız sığorta şirkətlərindən də daxili turizmə sığorta məhsulu təklif etmədiklərini bildirdilər. "Xalq Sığorta" şirkətindən bildirdilər ki, xaricə səyahət sığortası olsa da, daxili turizmlə bağlı belə məhsulları yoxdur.

Sığorta eksperti İlkin İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda daxili turizmdə sığortaya tələbat yoxdur. Ekspert bildirir ki, sığorta şirkətləri daxili turizmdə sığortanın tətbiq edilməsinin tərəfdarıdır. Onu sözlərinə görə, sığorta şirkətləri belə bir məhsul təklif etsələr də, Azərbaycanda turistlər buna maraq göstərmir: "Azərbaycanda daxili turizmdə sığortanın tətbiqi məcburi deyil. Buna görə də, turistlərin çoxu istirahət zamanı sığortaya müraciət etmirlər. Amma Avropa Birliyi ölkələrinə səyahət sığortası vacibdir. Hətta bəzi ölkələr səyahət zamanı sığorta olmadıqda viza vermir. Daxili turizmdə bu məsələ könüllüdür", - deyə ekspert bildirir.

İ.İbrahimov deyir ki, daxili turizmdə sığorta sistemi işləmədiyindən turistlər istirahət zamanı xəstələndikdə, yaxud hər hansı arzuolunmaz bədbəxt hadisə baş verdikdə problemlərini özləri həll etmək məcburiyyətində qalırlar.

Müstəqil sığorta eksperti Əli Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sığorta şirkətləri daxili turizmdə sığorta məhsulu təklif etməkdə passivlik göstərir. Onun sözlərinə görə, sığorta şirkətləri yenilikdən çəkinir, yaxud bu perspektivi anlamırlar. Halbuki turizm sığortası bazarda kifayət qədər mənfəətlidir. Ə.Bayramov deyir ki, bu sığorta məhsulu çox ucuzdur.

Dövlət Turizm Agentliyindən isə bildirdilər ki, hazırda daxili turizmdə sığorta könüllüdür. Amma yaxın gələcəkdə daxili turizmdə sığortanın icbari olmasının qanunvericiliyə salınması nəzərdə tutulur. Daxili turizmdə sığorta sisteminin işə salınması üçün sığorta şirkətləri ilə də görüşlərin keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun:

* Türkiyədəki 107 yanğından 98-i nəzarət altına alınıb

* Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

* Antalya alov içində - dəhşət saçan fotolar

2152
Uran-6

Rusiyanın döyüş robotları insanların həyatını yaxşılaşdırır

24
(Yenilənib 22:11 31.07.2021)
Sülhsevər Rusiya rəsmən 2030-cu ilə qədər NATO üçün əsas hərbi təhlükə kimi qəbul olunub. Odur ki, "tərəfdaşların" qarşısını yüksək texnologiyalara əsaslanan vasitələrlə almağa məcburdur.

BAKI, 31 iyul — Sputnik. Döyüş şəraitində müstəqil hərəkət edə bilən, süni intellektli robotlar artıq Rusiya ordusunun bugünüdür. Getdikcə daha aktiv şəkildə qoşunlara tətbiq edilən robotlaşdırılmış silah kompleksləri təkcə təlimlər zamanı deyil, istənilən döyüş şəraitində də istifadə olunur.

Qərb hərbi dairəsində (QHD) mühəndis-istehkam qoşunlarının robotlaşdırılmış texnikanın tətbiqi ilə müşayiət olunan iri miqyaslı üç günlük təlimləri iyulun 30-da başa çatıb. Təimlər Rusiya Federasiyasının altı subyektini, 12 poliqon və Oka çayının bir hissəsini əhatə edib. Təimlərə 8 min nəfərdən çox hərbi qulluqçu və 1500 ədəd hərbi texnika, o cümlədən robotlaşdırılmış texniki "Uran-6" minadan təmizləmə və "Uran-14" yanğınsöndürmə kompleksləri cəlb olunub.

QHD-də keçirilən təlim epizodlarının birində, Nijeqorodsk vilayətindəki Mulino poliqonunda mühəndis-istehkam bölmələri hava desant qoşunları ilə birlikdə tikililərin sıx olduğu şəhər şəraitində "Uran" seriyalı robotların dəstəyi ilə hücum əməliyyatlarını məşq ediblər. Təlim zamanı bölmələr Suriyada qazandıqları döyüş təcrübəsini tətbiq ediblər.

Mühəndis-istehkam qoşunlarının öz xüsusiyyətləri var – dağıtmaq və tikmək. Bununla yanaşı Rusiya ordusunda tərkibində onlarla səyyar hücum robotlarının olduğu ilk bölmələr də yaradılır və onların döyüş şəraitində tətbiqi təkcə poliqonlarla məhdudlaşmır.

Ötən həftə Rusiyanın "Soratnik" döyüş robotu tərəfindən suriyalı terrorçuların məhv edildiyi video yayılıb. 7 tonluq zirehli, tırtıllı maşın Suriyadakı Rusiya Xüsusi əməliyyat qüvvələrini dəstəkləyib – gündüz və gecə saatlarından ayrı-ayrı yaraqlıları və "cihadçı"ların nəqliyyat vasitələrini dəqiqliklə məhv edib.

Bundan bir qədər əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkədə süni intellektlə təchiz olunmuş, müstəqil şəkildə döyüşə bilən robotların kütləvi istehsalının başlandığını deyib: "Artıq təkcə təcrübə nümunələri deyil, həqiqətən fantastik filmlərdə göstərilə biləcək robotlar meydana gəlib".

Qoşunların bu cür maşınlarla təchiz olunması prioritet istiqamətlərdən biridir. Rusiya Müdafiə nazirliyində döyüş robotlarının tətbiqinə cavabdeh olan xüsusi idarə yaradılıb. Rusiyada süni intellektin inkişafı yeni mərhələyə qədəm qoyur və bu, zamanın tələbidir. Ən yeni silah və qoşun növərinin hamısında avtomatlaşdırılmış sistemlərin rolu sürətlə artır.

Gələcəyə sıçrayış

Rusiyanın hava-kosmik qüvvələri, hərbi dəniz qüvvələri və quru quşunları üçün döyüş robotları hazırlayan bir neçə müdafiə sənayesi müəssisəsi uzaq gələcəkdə baş verə biləcək silahlı münaqişələrdə qələbəni təmin edir.

Yuxarıda adı qeyd olunan "Soratnik" ilk dəfə "Armiya-2016" beynəlxalq harəbi-texniki forumunda nümayiş olunub. Bu maşın qoşunların, kəşfiyyat qruplarının dəstəklənməsi, ərazidə patrul fəaliyyəti və obyektlərin mühafizəsi, minalardan və maneələrdən təmizləmə, rabitənin daha uzaq məsafələrə ötürülməsi, sursatların və yanacağın çatdırılması üçün nəzərdə tutulub.

Bu robot güclü silahlarla təchiz olunub: 40 və 30 mm-lik qumbaraatanlar, 12,7 və 7,62 mm-lik pulemyotlar, dörd ədəd idarə olunan raket və "Şmel" reaktiv odsaçanı. "Soratnik" gücləndirilmiş istehkamlara hücum və müxtəlif xüsusi əməliyyatlar zamanı xüsusilə effektivdir. Zərurət olduqda döyüş meydanında olan iki ədəd "Soratnik" bir-biri ilə məlumat mübadiləsi də edə bilərlər. Bu avtomatlaşdırılmış döyüş sistemi bütün sutka boyu və istənilən iqlim şəraitində fəaliyyət göstərməyə qadirdir. 40 km/saat sürətlə hərəkət edən maşın əlavə yanacaq doldurulmadan, birdəfəyə 400 km məsafə qət edə bilər.

"Uran-9" tırtıllı həmlə maşını da döyüş şəraitində sınaqdan çıxarılıb. İlk dəfə geniş ictimaiyyətə 2018-ci ildə, Moskvada keçirilən Qələbə paradında təqdim olunub. O, kəşfiyyat aparılması, qoşunlarıa atəş dəstəyi və düşmənin döyüş texnikasının məhv edilməsi üçün nəzərdə tutulub. 12 ton kütləsi olan bu vahiməli, zirehli maşın "Ataka" idarəolunan silah kompleksi ilə təchiz olunub: tank əleyhinə raketlər, "Şmel" reaktiv odsaçanları, 30 mm-lik top, 7,62 mm-lik pulemyot. Bu döyüş maşını "stels" tipli müdafiə sistemi, lazer şüalanması barədə xəbərdarlıq sistemi və digər unikal xüsusiyyətlərə də malikdir. Onun Qərbdə analoqu yoxdur. İxtisaslaşmış "The National Interest" məcmuəsi Rusiya texnologiyalarının sözsüz üstünlüyünü qeyd edir.

Tam formatlı tanklara gəldikdə, "Uralvaqonzavod" müəssisəsi T-72B3 tankı əsasında iki ədəd robotlaşdırılmış dronun hazırlanması ilə məşğuldur. "Rostex" dövlət korporasiyası T-14 "Armata"nın süni intellektlə təchiz olunmuş, robotlaşdırılmış versiyasını yaradıb (atəş açılması barədə qərarı insan verir). Birinci halda söhbət hazırkı T-72 tanklarının modernləşdirilməsindən gedir ("Şturm" layihəsi). Robotlaşdırılmış tanklar maksimum səyyardır və mühafizə olunub (o cümlədən radio-elektron mübarizə vasitələri), komandanlıqla rabitə kanalları isə şifrələnib.

"Armata"nın əsasında yaradılmış pilotsuz, tırtıllı T-14 tankı iyulda keçirilmiş test sınaqlarından uğurla çıxıb. Ekspertlər tam robotlaşdırılmış əsas döyüş tanklarının yaradılmasını Rusiyanın müdafiə sənayesinin əsl sıçrayışı adlandırırlar. Bu maşın demək olar ki, bütün işləri özü görür, insana isə maşının seçdiyi hədəfin məhv edilməsini təsdiq etmək qalır. Yəqin ki, süni intellektli əsas döyüş tankının ixrac versiyası da hazırlanacaq.

Tank bölmələrinin Suriyada tətbiqi döyüş meydanında eyni zamanda bir neçə – yüngül, orta və ağır robotlaşdırılmış kompleksin eyni vaxtda varlığınının zəruri olduğunu sübuta yetirdi. Robotlaşdırılmış tanklar bir-birini atəşlə dəstəkləməli, davamlı şəkildə şəbəkədə bir-biri ilə əlaqədə olmalı, məlumat mübadiləsi aparmalıdırlar. Çoxfunksiyalı robotlaşdırılmış bölmələr Rusiya ordusunda 2025-ci ilə qədər yaradılacaq. Digər tərəfdən, tezliklə Rusiya tankların məhv edilməsi üçün raketlərlə silahlanmış pilotsuz uçuş aparatını da sınaqdan çıxaracaq.

Bu qəbildən olan silahlar sırasında "Poseydon" sualtı sistemi ayrıca yer tutur. Mübaliğəsiz demək olar ki, nüvə mühərrikli bu aparat istnilən hədəfin və ümumilikdə təcavüzkar dövlətin məhv edlməsinə zəmanət verir.

Hazırda qüvvədə olan dövlət silahlanma proqramına uyğun olaraq (2027-ci ilə qədər) Rusiyada üç sualtı qayıq inşa olunacaq ki, onların da hər birinin göyərtəsində 6 ədəd "Məhşər günü torpedosu" olacaq.

Avtomatlaşdırmanın əhəmiyyəti

Döyüş robotları insan həyatını qorumağa xidmət edir və onlar daha tez düzgün qərar qəbul etməyə, düşmən üzərində bütün döyüş şəraitlərində - quruda, havada və dənizdə "kəmiyyətlə deyil, bacarıqla" qələbəni təmin etməyə qadirdirlər.

Robotlaşdırılmış texnika komplekslərinin inkişafı və döyüşdə tətbiqi konsepsiyasına uyğun olaraq, 2025-ci ilə qədər olan dövrdə silahların və hərbi texnikanın ümumi strukturunda robotların payı 30%-ə çatacaq.

Bu sistemlərin böyük bir hissəsi tamamilə səyyar şəkildə süni intellekt tərəfindən idarə olunacaq. Rusiyalı prpoqramçılar, konstruktor və mühəndislər tezliklə tam avtomatlaşdırılmış döyüş robotları yaradacaqlar. Yəni döyüş meydanından məlumatın əldə olunması və mürəkkəb aparatın səyyar qərar qəbul etməsi sistemi tezliklə bir alqoritmdə qapanacaq.

Robotlaşdırmanın son mərhələsi qoşunların vahid idarəetmə sisteminin yaradılmasıdır. Rusiya yüksək texnologiyalara əsaslanan silahlar sahəsində liderdir. Lakin "tərəfdaşlar" bu sahdə Rusiyaya çatmaq və ötüb keçmək üçün milyardlarla dolları əsirgəmirlər.

Yaxın on il ərzində Pentaqon təkcə gələcək kiber-mühariblərə hazırlıq işlərinə 2,4 mlrd. dollar vəsait xərcləmək niyyətindədir. ABŞ setesentirk – bölmələrin vahid şəbəkədə birləşdiriməsi əsasında döyüş əməliyyatlarını hədəfə alıblar və cidd-cəhdlə silahlı qüvvələrini, onlar trəfindən müasir hərbi texnologiyaların tətbiqi vasitələrini modernləşdirirlər.

Pentaqon üçün perspektiv süni intellekt sistemlərinin işlənib hazırlanması ilə DARPA agentliyi məşul olur. Bu qurum hər il səyyar robotlar arasında "yarışlar" keçirir (2015-ci ildən sonra qapalı rejimdə). Bu cür maşınların döyüş meydanında təyinatı düşmənin yüksək texnologiyaların köməyi ilə məhv edilməsidir. Sülhsevər Rusiya rəsmən 2030-cu ilə qədər NATO üçün əsas hərbi təhlükə kimi qəbul olunub. Odur ki, Rusiya "tərəfdaşların" qarşısını yüksək texnologiyalara əsaslanan, səmərəli və başa düşülən vasitələrlə almağa məcburdur.

24
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi