SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tarixi qərarlar və narahatlıqla dolu bir həftə: Düşmənin əli tətikdədir

© Sputnik / Murad OrujovЖители Баку отмечают День Государственного флага
Жители Баку отмечают День Государственного флага - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Abunə olmaq
Prezidentin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı və atəşə tutulmaqda olan Azərbaycan əraziləri ötən həftənin əsas gündəmi idi.

Azərbaycan BMT QAK-ın missiyasını qəbul etməyə hazırdır

Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) arasında aparılmış müzakirələr nəticəsində BMT QAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Ümumiyyətlə vurğulamaq istərdik ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda, BMTQAK missiyasının azad olunmuş ərazilərimizə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMT QAK missiyasını qəbul etməyə hazırdır", - XİN rəsmisi bildirib.

Paşinyan diplomatları bağışlamır – Ermənistan XİN-də repressiyalar davam edir

Ermənistan Xarici İşlər Nazirliyində gərgin vəziyyət yaşanır. Bunu iyulun 5-i "Hraparak" nəşri Ermənistan XİN-indən azad düşünən diplomatların uzaqlaşdırılması prosesinin davam etdirildiyini bildirir.

Nəşr yazır ki, bu qəbildən olan diplomatların "Facebook" hesabı hökumət tərəfindən diqqətlə araşdırılır.

"Əgər Tanrı göstərməsin, "Mülki razılaşma" partiyasının əleyhinə yazılan postda şərh və ya layk görülsə, onda diplomatlar yalnız xaricdə işləmək hüququndan deyil, karyera inkişafı perspektivindən də məhrum olacaqlar", - deyə nəşr yazır.

Qeyd olunur ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ona qarşı çıxmış nazirliyin kollektivini bağışlamaq niyyətində deyil.

Nəşr yazır ki, XİN əməkdaşlarına səbir etmək və yeni nazirin təyinatını gözləməyi məsləhət görürlər.

Qeyd edək ki, "Hraparak" nəşri isə öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyində qalmaqalın olacağını yazıb. Nəşr yazır ki, iyulun birinə qədər xaricdə yeni iş yerlərinə getməli olan onlarla erməni diplomatın bu ölkələrə göndərilməsi təxirə salınıb. Nəşr yazır ki, buna səbəb həmin diplomatların Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan tərəfindən təyin olunmasıdır.

Azərbaycan - İran sərhədində atışma, ölən var

İyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd çanta müşahidə edilib.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası alıb, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilmiş, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.

Əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirdikləri 1 ədəd çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər maddələr (4065 qram – heroin, 1385 qram – tiryək, 325 qram – metamfetamin, 1000 ədəd metadon-40 həbi, 260 ədəd preqabalin) və dərman preparatları (10 ampula – ravit 8, 30 kapsula – wellman, 10 ampula – testosterone) aşkar olunaraq götürülüb.

Bu barədə İİR tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əla­qədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Ağdamdakı bölmələrimiz atəşə tutulub, Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Yerevanın iddiasına Müdafiə Nazirliyindən cavab

Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.

Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər", - deyə məlumatda bildirilib.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında əlaqələr daha da genişləndiriləcək

İyulun 6-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

General-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Ordu generalı H.Küçükakyüz Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər son aylar ərzində Türkiyənin Konya şəhərində keçirilmiş "Anatolian Phoenix-2021" beynəlxalq axtarış-xilasetmə və "Anadolu Qartalı-2021" beynəlxalq taktiki-uçuş təlimlərində əldə edilmiş nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin hər iki ölkənin HHQ-nin arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi məsələləri müzakirə olunub, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrdə əməkdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Zəngilanlıların "ağıllı kənd"ə köçürüləcəyi tarix açıqlandı

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Zəngilanda yaradılan "ağıllı kənd"ə sakinlərin növbəti ilin yanvar ayında köçürüləcəyi gözlənilir: "Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir. "Hazırda Füzuli hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir".

Prezident İlham Əliyevdən tarixi qərar

İyulun 7-i Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Fərmanda deyilir:

"Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Fərmanla Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:

1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Müəyyən edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədləri üçün həmin Dövlət Proqramında göstərilmiş iqtisadi rayonların bölgüsü tətbiq edilir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Düşmən bu dəfə Tovuzda  və Gədəbəydə mövqelərimizi atəşə tutdu

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

İyulun 7-də isə saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paşinyanın Moskva səfəri: Putinlə nədən danışdı

"Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı qeyri-stabillik ocaqları yaranır.

Bunu Moskvada səfərdə olan Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

"Təəssüf ki, son zamanlar biz təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki regionda vəziyyət qeyri-sabitdir. Əlbəttə, hər kəs sizin və Rusiya Federasiyasının 44 günlük müharibədə atəşkəsin əldə olunması üçün göstərdiyiniz səyləri bilir. Deməliyəm ki, rusiyalı sülhməramlıların yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı narahatlıq ocaqları yaranır", - Putinlə danışıqlardan əvvəl Paşinyan deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistanın sərhədində isə vəziyyət "elə də sabit deyil".

Paşinyan "Sputnik V" vaksininin Ermənistana tədarükünə görə də Rusiya liderinə təşəkkür edərək ölkəsində koronavirusla bağlı vəziyyətin xeyli yaxşı olduğunu və bu fonda rusiyalı turistlərin axınının müşahidə olunduğunu deyib.

Nüfuzlu hesabat açıqlandı – Azərbaycan yenə Ermənistanı qabaqladı

İyulun 8-i "Henley & Partners" Pasportlar İndeksi ilə bağlı yeni hesabat hazırlayıb. Ümumilikdə hesabatda 116 ölkə yer alıb.

Hesabat Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatı əsasında hazırlanıb.

Hesabatda ilk yerdə Yaponiya qərarlaşıb. Belə ki, bu ölkənin vətəndaşları dünyanın 193 ölkəsində vizasız gedə bilər.

İlk onluqda Sinqapur (192 ölkə), Cənubi Koreya (191 ölkə), Almaniya (191 ölkə), İtaliya (190 ölkə), Finlandiya (190 ölkə), İspaniya (190 ölkə), Lüksemburq (190 ölkə), Danimarka (189 ölkə) və Avstriya (189 ölkə) qərarlaşıb.

Azərbaycan isə Pasportlar İndeksində 80-ci yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları dünyanın 68 ölkəsinə vizasız səfər edə bilərlər.

Qonşu ölkələrdən Türkiyə 56-cı (111 ölkə), Rusiya 51-ci (119 ölkə), Ermənistan 84-cü (64 ölkə), Gürcüstan 54-cü yerdə (116 ölkə) qərarlaşıb.

Ümumilikdə Pasportlar İndeksində 116 ölkə yer alıb. Siyahıda sonuncu yerdə Əfqanıstan qərarlaşıb. Əfqanıstan vətəndaşları 26 ölkəyə vizasız gedə bilərlər.

Həbsdən dərs çıxarmadılar: Füzulidə daha iki nəfər minaya düşüb

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir. Belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün - iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub.

Moskva Paşinyanın səfəri haqda - Azərbaycanla daima təmasdayıq

Moskva və Bakı arasında təmaslar daimi əsasdadır, hamı razıdır ki, Qarabağ üzrə üçtərəfli razılaşmanın reallaşdırılması önəmlidir və alternativi yoxdur. Bunu iyulun 8-i Rusiyanın Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Azərbaycan tərəfi ilə təmaslar daimi əsasda davam etdirilir. Hamı razıdır ki, Qarabağ üzrə üçtərəfli razılaşmanın reallaşdırılması önəmlidir və alternativi yoxdur. Elə bu reallaşdırma çərçivəsində Ermənistan və Azərbaycan tərəfləri ilə təmaslar həyata keçirilir. Ötən gün ikitərəfli münasibətlər haqqında ətraflı danışıldı. Üçtərəfli razılaşmanın reallaşdırılmasının müxtəlif nüansları və təbii ki, ticari-iqtisadi əməkdaşlıq müzakirə olundu", - deyə Peskov "Putin və Paşinyanın danışıqlarının yekunlarına dair hər hansı bir razılaşma varmı və Azərbaycan tərəfi ilə hər hansı təmaslar planlaşdırılırmı", - sualına Peskov cavab verərkən bildirib.

Azərbaycan-Rusiya sərhədlə bağlı danışıqlar apardı

6-9 iyul 2021-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri Əmir Bilyalitdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.

İclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazimi olan sənədlər təsdiq edilib. Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.

Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclası Rusiya Federasiyası ərazisində keçiriləcək. Onun keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Rusiya Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Qarabağda dinc həyatın qurulmasına, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsinə, o cümlədən qarşılıqlı qıcıqlandırıcıların aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyətə gəldikdə isə Zaxarova vurğulayıb:

"Biz bu mövqedən çıxış edirik ki, vəziyyət birbaşa Qarabağ nizamlanması ilə bağlı deyil və sərhədlərin beynəlxalq hüquq çərçivəsində tanınmamasının nəticəsidir. Şübhəsiz, ümumi fon tərəflər arasında qarşılıqlı etimadın defisiti ilə daha da pisləşir".

Rusiya XİN rəsmisi qeyd edib ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında vəziyyət nisbətən sabit olaraq qalır: "Ayrı-ayrı insidentlər dərhal onların azərbaycanlı və erməni həmkarları ilə əməkdaşlığı nəticəsində həll olunur. Rus sülhməramlılarına qarşı hər hansı bir təxribat xarakterli hərəkət qeydə alınmır".

Xəbər lenti
0