ABŞ hərbçiləri Ukraynada

Burda kimin başbilən olduğunu onlara göstərərik: NATO öz qoşunlarını Ukraynaya yollayır

39
(Yenilənib 21:50 09.06.2021)
Təlimlərin rəsmi məqsədi – Ukrayna ordusu ilə NATO qoşunları arasında qarşılıqlı fəaliyyətin təşkilidir.

BAKI, 9 iyun — Sputnik. Minlərlə əsgər, yüzlərlə zirehli texnika, onlarla təyyarə və gəmi — Ukrayna NATO ilə birgə son illərin ən irimiqyaslı "Sea Breeze 2021" təliminə hazırlaşır. RİA Novosti-nin şərhçisi Andrey Kots yazır ki, Moskva əmindir: qoşunların döyüş hazırlığının yoxlanmasından başqa Pentaqonun başqa, gizli məqsədləri də var.

Aşkar məqsəd

Ukrayna ərazisində "Sea Breeze" təlimləri 1997-ci ildən etibarən praktiki olaraq hər il keçirilir. Lakin indiyə qədər təlimlərdə bu qədər insan iştirak etməyib. Belə ki, Ukrayna silahlı qüvvələri ilə yanaşı təlimlərdə əksəriyyəti NATO-ya daxil olan 27 ölkənin əsgər və zabitləri iştirak edəcəklər.

Ukrayna Müdafiə Nazirliyinin rəsmi press-relizlərinə əsasən, manevrlərə 4 minə qədər hərbi qulluqçu, 40 döyüş gəmisi, kater və təminat gəmisi, 30 təyyarə və vertolyot, habelə 100-dən çox yerüstü texnika cəlb olunacaq.

Təlimlərin rəsmi məqsədi – Ukrayna ordusu ilə NATO qoşunları arasında qarşılıqlı fəaliyyətin təşkilidir. Ssenariyə əsasən, koalisiya qüvvələri "qonşu dövlətin hərtərəfli yardım göstərdiyi" "qanunsuz silahlı birləşmələrin" fəaliyyəti nəticəsində yaranan "böhran vəziyyətinin nizamlanması"na cəlb olunacaq. "Qanunsuz birləşmə" dedikdə söhbətin "Donetsk xalq respublikası" və "Luqansk xalq respublikası"nın xalq milisi bəlmələrindən getdiyini başa düşmək üçün politoloq olmaq gərək deyil.

Təlimlərin dənizdə keçiriləcək hissəsi çoxmillətli gəmi birləşməsinin yaradılması, donanmanın quru qoşunları və aviasiya ilə qarşılıqlı fəliyyətinin təşkili, dəniz desantının tətbiqi məqsədi daşıyır.

Quruda isə əməliyyatların NATO standartlarına uyğun qərargah planlaşdırılması, canlı qüvvə və vasitələrin yerinin dəyişdirilməsi, dənizkənarı istiqamətdə hücum məşq ediləcək. Aviasiya havadan kəşfiyyat aparacaq, hədəflərə zərbələr endirəcək, habelə qoşunları və yükləri daşıyacaq.

Manevrlər iki mərhələdə keçiriləcək. İyunun 28-də başlanacaq birinci mərhələ çərçivəsində idarəetmə və rabitə məntəqələri qurulacaq, əməliyyatlar planlaşdırılacaq, döyüş gəmiləri dəstələri yaradılacaq və aviasiyanın yeri birləşmə aerodromlarına dəyişdiriləcək.

İkinci mərhələdə müttəfiq qoşunlar bütün mümkün atəş vasitələrindən şərti düşmənin suüstü və sualtı gəmilərinə zərbələr endirəcək, yürsütü hədəflərə hücum edəcək, habelə hava hücumundan və sualtı qayıqlardan müdafiəni təşkil edəcəklər.

Xüsusi təyinatlılara ümid

Bütün bunlar Moskvanı narahat etməyə bilməz. Belə ki, təlimlərin ən aktiv fazası Rusiya sərhədlərinin bilavasitə yaxınlığında keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkovun sözlərinə görə, onun təmsil etdiyi qurum "Sea Breeze"in gedişini diqqətlə izləyəcək və yaranmış vəziyyətə adekvat reaksiya verəcək.

"Təlimlər Qərb ölkələrinin Rusiyanın cənubi-qərb sərhədlərində hərbi potensialının gücləndirilməsi ilə bağlı bitməyən ittihamları fonunda keçirilir. Bundan əlavə, manevrlər adı altında NATO Ukraynaya müasir silahlar, sursat və Ukrayna qoşunları üçün əmlak gətirməyi planlaşdırır. Gələcəkdə, əvvəlki illərdə olduğu kimi, bütün bunlar Ukrayna silahlı qüvvələrinə və Donetsk və Luqanskın Kiyevin nəzarətində olmayan rayonları yaxınlığında yerləşən millətçi birləşmələrə ötürüləcək", - deyə Konaşenkov bildirib.

General onu da bildirib ki, adı çəkilən təlimin həm adı, həm də statusuna görə dəniz təlimi sayılmasına baxmayaraq, hərbi fəaliyyətlərin həqiqi sərhədləri Qara dəniz akvatoriyasının Ukraynaya məxsus hissəsindən çox kənara çıxır.

Konkret olaraq məlumdur ki, müxtəlif ölkələrin xüsusi təyinatlı qüvvələri tərəfidən tapşırıqların bigə həlli, onların paraşütlər və hücum taktikası ilə - vertolytlardan əraziyə desant edilməsi, habelə xüsusi təyinatlı döyüşçülərin təchiz olunmamış sahilə çlxarılması tapşırıqları məşq olunacaq.

Kiyevdə dəfələrlə Rusiya xüsusi əməliyyat qüvvələrinin (XƏQ) "işğal olunmuş" Krımda əməliyyat keçirməyə hazır olduunu dilə gətiriblər. Aşkar görünür ki, Qərb müttəfiqləri bunu təcrübədə yoxlamaq istəyirlər.

Güc nümayişi

"Sea Breeze" — NATO-nun son zamanlar Qara dəniz regionunda Rusiyaya qarşı etdiyi yeganə hərəkəti deyil. Belə ki, mayın 28-də Portuqaliya sahillərində "Steadfast Defender" hərbi-dəniz təlimləri başlanınb ki, onlar da yaxın vaxtlarda Qara dənizə keçirilməlidir. Birləşmiş eskadranın flaqmanı Böyük Britaniyanın gəmidaşıyan "Queen Elizabeth" gəmisidir. Həmin gəmi ilk dəfədir ki bu qədər uzaq məsafəyə səyahət edir, ümumilikdə isə təlimlərdə iyirmiyə qədər gəmi iştirak edir.

İngiltərənin "Daily Mail" qəzetinin məlumatına görə, bu təlimlər qəsdən iyunun ortalarında Cenevrədə keçirilməsi planlaşdırılan yüksək səviyyədə Rusiya-ABŞ danışıqlarına həsr olunub. Məcmuənin qənaətinə görə, Vladimir Putinlə Co Baydenin görüşü ərəfəsində NATO qəsdən hərbi-dəniz qüdrətini nümayiş etdirir və bununla da Kremlə müəyyən siqnallar verir.

Lakin eyni zamanda Şimali Atlantika alyansı nümayəndələri and içərək bildirirlər ki, manevrlərin Rusiyaya heç bir dəxli yoxdur və yalnız Qərbin regionda nüfuzunun möhkəmləndirilməsinə yönəlib. Lakin ingilis jurnalistləri bunun güc nümayişi olduğunu təsdiq edirlər. Brüssel, çətin ki, boş yerə Qara dənizə bu qədər güclü eskadra və doqquz min hərbi qulluqçu göndərərdi. Təəccüblü deyil ki, planetin ən güclü hərbi blokunun bu cür hərəkətlərinə reaksiya vermək, həm də, əksər hallarda adekvat reaksiya vermək lazım gəlir.

İyun ayında bu ilin sentyabrında Belarus və Qərb hərbi dairəsinin poliqonlarında keçiriləcək "Qərb-2021" Rusiya-Belarus birgə təlimlərinə hazırlığın aktiv fazası başlanıb. İki ölkənin qoşunları ehtimal olunan düşmənin müttəfiq dövlətin ərazisinə təcavüzünün dəf olunmasını — konkret olaraq, şəhərləşdirilmiş ərazilərdə həmlə qruplarının müştərək hərəkətlərini məşq edəcəklər.

39
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden-in Cenevrədəki Villa La Grangedəki görüşü, 16 iyun 2021-ci il

Başlanğıc çox şey vəd edir: Putin-Bayden görüşündən sonra dünya siyasətində dəyişəcək

1609
(Yenilənib 23:27 17.06.2021)
Ekspertlərin fikrincə, Putin və Baydenin görüşündən sonra Avropa üçün Rusiya ilə dostluq etmək daha asan olacaq.

BAKI, 17 iyun — Sputnik. Sputnik, Nikita Çikunov. Dünən Rusiya və ABŞ prezidentlərinin Cenevrədə görüşü keçirilib. Hər iki lider görüşün nəticələrindən razı qalıblar. Bəs, danışıqlar ölkələr arasında yaxınlaşmaya və sanksiyaların yumşaldılmasına gətiribmi? İki liderin söhbəti Rusiyanın Avropa ilə münasibətlərinə necə təsir edəcək? Bu barədə Sputnik-in materialında.

Gələcəyə hesablanmış nəticələr

İyunun 16-da Cenevrədə Vladimir Putin və Co Bayden arasında keçirilmiş görüş iki ölkə arasındakı münasibətlərdə inqilabi dəyişikliklərə gətirmədi, lakin danışıqlar tam və dolğun dialoqun başlanğıcını qoya bilər. "Rissiya Seqodnya" BİA beynəlxalq multimedia mərkəzində sammitin nəticələrinə həsr olunmuş müzakirədə iştirak edən ekspertlər bu fikirdədilər.

Rusiya beynəlxalq məsələlər üzrə Şurasının (RBMŞ) baş direktoru Andrey Kortunovun fikrincə, prezidentlərin görüşünün vacib nəticəsi Rusiya və ABŞ-ın strateji silahlara nəzarətə sadiq olmaları barədə birgə bəyanatın olub.

"Strateji hücum silahları – 3" müqaviləsinin müddəti daha beş il uzadılmasına rəğmən, vaxt o qədər də çox deyil. Çox istərdik ki, tərəflər silahlara nəzarətə dair yeni model barədə razılığa gəlsinlər", — deyə o bildirib.

Ekspert onu da əlavə edib ki, ABŞ-ın qarşılıqlı məsləhətləşmələrin mövzuları sırasına kibertəhlükəsizlik problemini daxil etməsi də kifayət qədər əhəmiyyətli görünür. Əvvəllər bu cür fikirlərə Amerika tərəfi mənfi münasibət bəsləyirdi və Moskvanı heç bir sübut olmadan haker hücumlarında ittiham etməyə üstünlük verirdi.

Daha sonra Kortunov deyib ki, səfirlərin qarşılıqlı surətdə Moskva və Vaşinqtona qaytarılması da müəyyən nikbinlik doğurur. Lakin ekspert onu da qeyd edib ki, diplomatik münasibətlərin tam bərpası üçün bu kifayət deyil.

"Səfirlər bir növ "general"lardır. Amma istənilən generalların "ordusu" olmalıdır. Bu o deməkdir ki, hər halda səfirliklərin işini tam həcmdə bərpa etmək, diplomatları, konsulluq xidmətlərini qaytarmaq lazımdır", — deyə mütəxəssis bildirir.

Rusiya elmlər akademiyası ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov hesab edir ki, Rusiya-ABŞ münasibətlərində çoxlu problem qalaqlanaraq qalıb və onlar elə ilk görüşdən sonra yoxa çıxmayacaq.

"Zirvə görüşü məsləhətləşmələrə, danışıqlara start verməlidir. Əgər işçi qruplar formalaşdırılsa, görüşlər başlasa və bütün bunları dövlət başçılarının telefon danışıqları və əyani görüşləri tamamlasa, o zaman dialoq bərpa olunacaq. Nəticələri artıq yaxın həftələr ərzində görəcəyik", — deyə ekspert proqoz verib.

Trampın getdiyi yolu təkrar etməmək

Qarbuzov hesab edir ki, Cenevrə sammiti qeyri-iradi olaraq Vladimir Putinlə Donald Tramp arasında 2018-ci ilin iyulunda – demək olar ki üç il əvvəl Helsinkidə keçirilən görüşlə müqayisə olunur.

"Trampla danışıqlardan da hamının çoxlu gözləntiləri vardı. Bəziləri bu görüşü hətta tarixi görüş hesab edirdilər. Söhbət xoş keçmişdi, hamının üzündə təbəssüm vardı. Nəticədə isə hər şey "qum dəryasında batdı". Cenevrədəki zirvə görüşü barədə də gələcəkdə eynilə bu cür danışmağı istəməzdim", — deyə ekspert fikirlərini bölüşüb.

Kortunov bildirir ki, bununla yanaşı, Putunlə görüşün kifayət qədər tez təşkil olunması Baydenin xeyrinədir. ABŞ-ın əvvəlki prezidenti Donald Trampa Rusiya lideri ilə ilk və son ayrıca görüşün keçirilməsi üçün il yarım vaxt lazım olmuşdu.

Qarbuzovun qənaətinə görə, daha bir fərq isə Bayden və Tramp administrasiyalarının Rusiya-ABŞ münasibətlərini müxtəlif cür qəbul etməsindədir.

"Ağ Evin hazırkı rəhbərliyi Rusiyaya qarşı "yeni" adlandırılan münasibətdən – seçmə əməkdaşlıqdan danışır. Bu ilişmək üçün çox yaxşı bir səbəbdir. Gələcək əməkdaşlığın əsas xətti silahlara nəzarət, strateji təhlükəsizlik problemləri ola bilər. Gələcəkdə gündəliyi genişləndirmək olar. Görüşün nəticələri əsasında tərəflərin imzaladığı bəyannamə çox şey vəd edən bir başlanğıcdır", — deyə ekspert bildirib.

Avropa, sanksiyalar və Ukrayna

Valeri Qarbuzovun fikrincə, ABŞ-Rusiya münasibətlərində hətta kiçik bir "istiləşmə" Vaşinqtonun avropalı müttəfiqlərinin anti-Rusiya ritorikasının zəifləməsini qaçılmaz edəcək. Odur ki, sammitin müsbət nəticələnməsi geosiyasi cəhətdən Moskva üçün sərfəlidir.

"Artıq Brüsseldə Rusiya ilə əməkdaşlıq tərəfdarları üçün bir qədər rahat olacaq. Çünki Aİ-nin nəzərləri istənilən halda Vaşinqtona yönəlir. Onlar ABŞ-ın Rusiyaya münasibətdə mövqeyini nəzərə alırlar. Hesab edirəm ki, Almaniya, İtaliya və Fransadakı həmkarlarımız üçün yeni təşəbbüslər irəli sürmək, Moskva ilə qarşılıqlı fəaliyyətə dair yeni formatlar təklif etmək Cenevrədəki görüşdən əvvəlkinə nisbətən daha asan olacaq", — deyə Kortunov həmsöhbəti ilə razılaşıb.

Ekspert həmçinin danışıqların işi 2014-cü ilin aprelində dayandırılmış Rusiya-NATO Şurasının işinin bərpa edilməsinə kömək edəcəyini də istisna etmir. Əlaqələrin bərpası Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün əlavə imkanlar yarada bilərdi.

RBMŞ-nin proqram direktoru İvan Timofeyev hesab edir ki, Rusiyaya qarşı Qərb sanksiyaları məsələsində heç bir dəyişiklik baş verməyəcək.

"ABŞ-ın heç bir sanksiyası yaxın vaxtlarda ləğv olunmayacaq. Bunun üçün zəmin yoxdur. Bir sıra sanksiyalar ABŞ qanunvericiliyində təsbit olunub. Bayden yalnız onların təsirini dayandıra bilər, necə ki, "Şimal axını-2" ilə bağlı oldu. Lakin ləğv edə bilməz. Düşünürəm ki, sanksiyalar yumşalmayacaq da. Amma yeni "əjdaha" tədbirlərin olacağını da gözləmək lazım deyil", — deyə o bildirib.

Kortunov isə bildirib ki, iki ölkənin liderləri yenə də bəzi vacib məsələlərə dair qarşılıqlı anlaşmaya nail ola bilmədilər. Ekspertin fikrincə, bu cür problemli mövzulardan biri Ukraynadır. Bu məsələdə tərəflərin baxışları ciddi şəkildə fərqlənir – hələ ki, tərəflərin mövqelərinin vəhdətinə ümid etmək mümkün deyil.

"Hər iki prezident bu mövzuya toxunub, lakin heç bir razılığa gəlmədilər. Ümumi bir anlaşma var ki, Minsk razılaşmalarına riayət olunmalıdır. Problem ondadır ki, həmin razılaşmalara riayət olunması Rusiya və ABŞ tərəfindən fərqli başa düşülür. Düstur təkrar olundu, lakin hər kəs öz fikrində qaldı. Ukrayna məsələsi qaldırılırdı, lakin bu istiqamətdə irəliləyiş əldə olunmadı", — deyə İvan Timofeyev fikrini tamamlayıb.

1609
Bakıda Alov Qüllələrinə mənzərə, arxiv şəkli

Bakını Avrasiya İqtisadi Birliyində görməyə yaxınıq - Leonid Kalaşnikov

793
Azərbaycandan və Ermənistandan Rusiyaya gedən istənilən dəhliz, o cümlədən, Zəngəzur dəhlizi də hamının xeyrinə olacaq. Kalaşnikov hesab edir ki, bu, kifayət qədər çətin prosesdir və sərhədlərin delimitasiyasını da özündə ehtiva edir.

BAKI, 17 iyun — Sputnik. Azərbaycan da Türkiyə kimi müstəqil dövlətdir və buna görə də Bakı Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini öz maraqlarından çıxış edərək qiymətləndirməlidir – bunu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Sputnik-ə müsahibəsində bildirib.

"Qonşular istənilən münaqişəni daha tez həll edir"

Sözügedən sənədi Azərbaycan, Ermənistan və Rusiyanın imzaladıqları sülh razılaşması çərçivəsində dəyərləndirən Kalaşnikov qeyd edib ki, bu sənədə müxtəlif tərəflərin, ilk növbədə də, Rusiyanın cəlb olunması anons edilib və bu, heç şübhəsiz, müsbət cəhətdir.

O qeyd edib ki, əgər Türkiyə Azərbaycan, Ermənistan, İran, Gürcüstan və Rusiya arasında iqtisadi münasibətlərin bərpa olunmasında iştirak edəcəksə, bu addımı yalnız alqışlamaq olar.

"Qonşular istənilən münaqişəni, əgər orada fərqli siyasi məqsədləri olan, Rusiya sərhədlərində sülh istəməyən amerikalılar və avropalılar kimi üçüncü qüvvə iştirak etmirsə, daha tez həll edə bilərlər. Minsk Qrupunun sülhyaratma prosesi məhz buna görə 30 il ləngidi. Vəziyyət yenicə düzəlməyə başlayır, ancaq əgər oraya çoxlu sayda iştirakçı dəvət olunarsa, həmin prosesin idarə olunması pozular", – deyə Kalaşnikov vurğulayıb.

Silah cingildətmək yerinə delimitasiya ilə məşğul olmalıyıq

Komitə sədri belə hesab edir ki, Azərbaycandan və Ermənistandan Rusiyaya gedən istənilən dəhliz, o cümlədən, Zəngəzur dəhlizi də hamının xeyrinə olacaq.

"Əlbəttə ki, bir-birimizin qarşısında silahlarımızı cingildədə bilərik, ancaq bunun əvəzində delimitasiya ilə məşğul olmaq daha yaxşı deyilmi? Bunun üçünsə danışıqlar gərəkdir. Delimitasiya – mürəkkəb prosesdir", – deyə Kalaşnikov bəyan edib.

Rusiyanın Norveçlə 40 il ərzində dəniz sərhədlərinin hər santimetri üçün mübarizə apardığını xatırladan komitə sədri sovet vaxtı rusların Daman adaları üstündə hətta Çinlə döyüşdüklərini və sonra danışıqlar masası arxasında oturduqlarını xatırladıb.

"Vəssalam, nə Çinin, nə Rusiyanın bir-birinə sualı qaldı. Amma bu həqiqət bəzi ölkələri qane etmir", - deyə o vurğulayıb.

"Mən bunu erməni tərəfinə də demişəm ki, heç kim güc yolu ilə heç kimi məcbur etməyəcək. Neçə illərdir onlar güc mövqeyindən çıxış edirlər. Oturub danışıqlara başlamaq, iqtisadiyyatı, sərhədləri bir-birinin üzünə açmaq lazımdır. Bu iki istedadlı xalq bir-biri ilə münasibət qurmağın yolunu tapacaq", – deyə o vurğulayıb.

Yerevan Bakı ilə dialoq istəyirmi

Ermənistandakı vəziyyətə də toxunan Kalaşnikov bildirib ki, bu ölkədə təxminən iyirimi il əvvəl olub. "Həmin vaxt insanlar küçələrə çıxmışdılar. Yüz dollar maaş alırdılar, dolana bilmirdilər, ölkəni tərk edirdilər. Kimi Amerikaya, kimi Fransaya, kimi də Rusiyaya üz tuturdu. Uşaqlarını müharibədən gizlədirdilər. Bunda yaxşı nə vardı? Sıravi ermənilər bunu gözəl anlayırlar. Sərhədin o tayından patriotizmə, millətçiliyə çağırmaq asandır. Əziyyət çəkən isə çoxmilyonlu Ermənistan olur", – deyə o vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, Ermənistanın bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycana ehtiyac var.

"Biz Almaniya və Polşa ilə ticarətə ehtiyac duyuruqmu? Bəli. Buna görə də daha güclü şəkildə dostluq edəcəyik. Bir-birimizi sevəcəyikmi? Çətin. Mən, məsələn, polyaklara böyük ehtiyatla yanaşıram, baxmayaraq ki, onlar da slavyandırlar".

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük perspektivi

Kalaşnikov əmindir ki, iqtisadi münasibətlər nə qədər tez qurulsa, dəhlizlər və sərhədlər nə qədər tez açılsa, minalanmış ərazilərin xəritələri nə qədər tez verilsə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması bir o qədər sürətlənəcək.

Onun sözlərinə görə, AİB-dən daha çox fayda götürən Rusiya deyil, bu ölkə ilə birlikdə ittifaqa daxil olan dövlətlər - Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstandır. Çünki bu ölkələr öz məhsullarını satmaq üçün nəhəng Rusiya bazarına çıxış əldə ediblər.

"Azərbaycan bununla maraqlanır? Əlbəttə! Məsələn, Belarusda sənaye və ümum daxili məhsul dərhal 25 faiz artdı. Bu bazarın açılması sayəsində. Düşünürəm ki, yaxın gələcəkdə Bakını ittifaqda görməkdən uzaq deyilik", - deyə Dövlət Dumasının komitə sədri fikrini yekunlaşdırıb.

793
İranlı qadın bayraqlarla, arxiv şəkli

İranda prezident seçkisi keçirilir

0
(Yenilənib 09:57 18.06.2021)
İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Ölkənin 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir.

BAKI, 18 iyun - Sputnik. Bu gün İranda prezident seçkisi keçirilir. Artıq əsas namizədlərdən biri - İbrahim Rəisi seçkidə səs verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rəisi Tehranın cənubundakı Rey rayonunda, Ərşad məscidindəki məntəqədə səs verib.

"Ümid edirəm ki, seçki nəticəsində xalqın problemlərini həll edə biləcək hökumət formalaşdırılacaq", - Rəisi deyib və hər kəsi seçkidə iştiraka səsləyib.

İranda prezident seçkisi

İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb. İctimai Rəyin Sorğusu üzrə Tələbə Mərkəzinin məlumatına görə, seçkiyə qatılmaq istəyənlərin 63%-i Rəisiyə səs verməyə hazırdır. Rəisinin digər rəqibi Qəbul edilən qərarların məqsədəuyğunluğu Şurasının katibi Möhsin Rezaiyə isə seçicilərin 9%-i etimad göstərir. Digər namizədlər parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və keçmiş Mərkəzi Bank rəhbəri Əbdülnasir Himmətidir.

Seçkini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkisində ilk dəfə səsvermədə iştirak edəcək.

0
Teqlər:
prezident seçkisi, İran