Faceboo loqosu

"Şəxsiyyətlərini gizlətməyə çalışdılar": "Facebook"u kim senzura edir

11
Ona maddi yardım göstərənlər arasında "Facebook", "Google", Corc Sorosun "Açıq Cəmiyyət" İnsitutu da var. Amerikanın "National Endowment for Democracy" fondundan da qrantlar daxil olur.

BAKI, 7 iyun — Sputnik. "Facebook"dakı şərhlər, hətta bəzən hesablar da silinir. Niyəsi tam aydın deyil, çoxları belə hesab edirlər ki, bu, senzorların seçimi ilə əlaqədardır. Bəzi mövzular isə hesablara qadağaların qoyulması baxımından xüsusilə təhlükəlidir.

Moderatorlar çox vaxt açıq-aşkar ukraynalı milliyyətçilərin halına acıyırlar. "RİA Novosti" rusları sosial şəbəkələrdə istifadəçilərdən başqa kimlərin "oxuduğunu" aydınlaşdırıb.

Anonim ədalət məhkəməsi

Bu günlərdə Rusiya-İsrail publisisti və tarixçisi Artyom Kirpiçenokun artıq ikinci hesabı da bağlanıb. Belarusdakı vəziyyətlə bağlı paylaşımına görə.

"Mən dərhal "residivisit" olmadım, uzun müddət adi adam kimi yaşadım, amma indi artıq döymə vurdurmaq olar", – deyə o, ironiya ilə məsələyə münasibətini bildirir.

"Mən kifayət qədər aktiv blogerəm. "Jivoy Jurnal"dan (LiveJournal-ing.) bu sosial şəbəkəyə 2017-2018-ci illərdə keçmişəm. Əvvəl heç bir şikayət yox idi, sonra hesabımı bir günlük, bir həftəlik bağlamağa başladılar. Daha çox da Yaxın Şərq məsələsinə görə", – deyə o, baş verənləri nəql edir.

O, içində təhqiramiz ifadə olan hansısa tarixi sənəddən sitat gətirən kimi hesabına qadağa qoyulub. Əslində sosial şəbəkədə mübahisə etdiyi rəqibini özündən çıxartmağa çalışmırmış, keçmişdə belə söz ehtiyatından tərəddüdsüz istifadə olunduğunu göstərmək istəyirmiş.

"Davamında belə oldu: iki ay "azadlıqda", sonra "köçürülmə". Beləliklə, mən "Facebook"un "uğur centlmeninə" çevrildim. Qapalı qruplardan da "donos"lar gəlməyə başladı, ardınca da qadağalar. Şikayət eləsəm də, cavabında "siz günahkar hesab olunursunuz" tərzində avtomatik məktublar gəldi, vəssalam. Beləcə anonim ədalət məhkəməsi quruldu", – deyə bloger başına gələnləri danışır.

Bəzən də sadəcə şərhləri silirdilər

"Lap "Avromaydan"da Lvov komsomolçusunun linç olunması epizodu yadıma düşdü. Hamısı silindi, ancaq qəddarlıq səhnələrinə görə deyil, qeyri-səhih informasiya ucbatından. Moderatorların məntiqi qətiyyən anlaşılmır. Belə təəssürat yaranır ki, artıq bir dəfə diqqət çəkmisənsə, əllərindən qurtula bilməyəcəksən, gec-tez hesabın bağlanacaq. İki dəfə yaxalandınsa, yalnız bir yol qalır – qadağa", – deyə Kirpiçenok qeyd edir.

O, "Facebook"da ikinci hesabını yaradıb. "İvrit dilində qeyd elədim, ancaq görünürdü ki, bu real insanın yaratdığı hesabdır. Bir gün səhər hesabıma girəndə nə görsəm, yaxşıdır – "Facebook"dan lazımsız istifadənin qarşısını almaq məqsədilə müvəqqəti olaraq girişinizi məhdudlaşdırırıq". Administratorla əlaqə yaratmağa çalışsam da, heç bir nəticəsi olmadı".

Beləliklə, Kirpiçenok indiyə kimi onun status və şərhlərinin niyə silindiyini, hesabına hansı səbəbdən qadağa qoyulduğunu anlaya bilməyib.

Ukrayna jurnalisti Pavel Volkov da Ukrayna moderatorlarının ultra-sağla əlaqələri barədə məqalə paylaşandan və bu barədə Bundestaqdakı çıxışının videosunu yerləşdirəndən sonra "Facebook" hesabından məhrum olub.

"Yazıb bildirdilər ki, sosial şəbəkə qaydalarını pozduğunuza görə, hesabınız silinir. Məhz hansı qaydaları pozduğumu isə hələ də bilmirəm. Təbii ki, şikayət göndərdim. Ancaq onlar çox hiyləgərcəsinə hərəkət edirlər: cavab verdilər ki, koronavirus səbəbindən işçilərinin sayı azalıb, buna görə də məktubların cavablandırılması müəyyən vaxt tələb edir. Bu "müəyyən vaxt"ın nə qədər davam edəcəyi də bilinmir", – deyə o, fikrini bölüşür.

Senzorların ukraynalı miliyyətçilərə məhz bu cür simpatiyasından mart ayının sonlarında jurnalist Andrey Mançuk da bəhs etmişdi. Mayda onun da hesabını sildilər. Bu günlərdə isə ikinci hesabına da qadağa qoyublar.

Yalnız könüllülər deyil, həm də FTB

Ukrayna "Facebook"-un rusdilli seqmentində (bu ölkənin vətəndaşlarının çoxu da elə rusdillilərdir) daim müzakirə olunur.

Kiyev və Varşavadan ("Facebook"un Şərqi Avropa üzrə baş qərargahı bu şəhərdədir) olan moderatorlar müntəzəm şəkildə Rusiya informasiya məkanına müdaxilə edirlər. Belə ki, mart ayında "Roskomnadzor" "Facebook"dan RBC, TASS və "Vzglyad" jurnalının məqalələri ilə bağlı qadağaların aradan qaldırılmasını tələb etdi. Sözügedən materiallar FTB-nin mətbuat xidmətinin Ukrayna gənc radikal qruplaşmasının tərəfdarlarının saxlanılması barədə məlumatlarına əsaslanırdı.

Amerikalılar cavab verdilər ki, həmin kontenti silməyiblər, sadəcə material faktçekerlər tərəfindən yalan məlumat kimi işarələndiyindən, xəbər lentində az görünür.

Ukraynalı faktçekerlər buna qədər də Rusiyaya böyük maraq göstərirdilər. Məsələn, Ukraynada "Facebook"-un sosial siyasət üzrə meneceri təyin olunmuş Yekaterina Kruk əvvəl "StopFake"-də işləyirdi, bundan əvvəl isə milliyətçi "Svoboda" partiyasından Ali Radanın millət vəkili İqor Şvaykanın köməkçisi idi.

"StopFake" özünü belə təqdim edir: "Biz faktları yoxlayırıq, izləyirik, rus təbliğatını ifşa edirik".

Etibarlı olmayan məzmun yalnız könüllülər tərəfindən deyil, güc strukturları tərəfindən də müəyyən edilir. 2020-ci ilin sentyabr ayında "Facebook"-un təhlükəsizlik siyasətinin rəhbəri Nataniel Qleyşer, "xarici və ya dövlət qurumu adına koordinasiya edilmiş uyğunsuz davranışlara (botların aktivlyi- red.) əsaslanan üç ayrı şəbəkəni" necə sildiklərini açıqlamışdı. "Bu şəbəkələr Rusiya mənşəli idi və Türkiyədən Ukraynaya qədər müxtəlif ölkələrə yayımlanırdı", – deyə o əlavə etmişdi.

"Platformadan kənar fəaliyyətlər" haqqında məlumat FTB-dən gəldi. "Bu fəaliyyətin arxasındakı insanlar şəxsiyyətlərini və bir-birləri ilə qarşılıqlı əlaqələrini gizlətməyə çalışdılar, amma araşdırmamız nəticəsində Rusiya İnternet Tədqiqat Agentliyinin həmin şəxslərlə əlaqəli olduqları aşkarlandı", – deyə "Facebook"-un təhlükəsizlik siyasətinin rəhbəri vurğulayıb.

"Facebook" Aleksey Navalnı il bağlı etiraz aksiyaları keçirilən zaman da hesablara qadağalar aktivləşdi.

"Koordinasiya edilmiş Qüvvədə olan Davranış Siyasətimizi pozduğuna görə 530 "Instagram" hesabını sildik", – deyə qurumun bu barədə yayımladığı press-relizdə bildirilirdi.

Hesablarına qadağa qoyulanların əksəriyyəti heşteq yaradaraq insanların diqqətini bu məsələdən yayındırmaqda günahlandırılırdılar.

Əslində, "Facebook"-un moderasiya qaydaları hər kəsə açıqdır, lakin bu, məsələyə aydınlıq gətirmir. Orada senzuralarla bağlı qeyri-müəyyənliklər çoxdur: "Hazırda yalnız bir neçə ölkədə müstəqil fakt yoxlama mütəxəssisləri ilə işləyirik.

Rusiyanın bu ölkələrin sırasında olub-olmadığı isə məlum deyil. Ancaq mütəxəssislər geniş səlahiyyətlərə malikdirlər: hansı xəbərləri yoxlayacaqlarına müstəqil şəkildə qərar verirlər".

Faktçeker Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin sertifikatına malik olmalıdır. Bu təşkilat 2015-ci ildən fəaliyyət göstərir və "Poynter" adına Jurnalistika İnstitutunun bir hissəsi hesab olunur. Ona maddi yardım göstərənlər arasında "Facebook", "Google", Corc Sorosun "Açıq Cəmiyyət" İnstitutu da var.

Amerikanın "National Endowment for Democracy" (NED)* fondundan da qrantlar daxil olur. Belə çıxır ki, "Facebook" senzura ilə məşğul olan "müstəqil ekspertləri" də maliyyələşdirir. Yeri gəlmişkən, qəribədir ki, faktçekerlərin bu beynəlxalq şəbəkəsi Sankt-Peterburqda, daha doğrusu, Floridadakı Sent-Pitersberq şəhərində yerləşir.

"Rossiya Seqodnya" BİA məzmunun kim tərəfindən idarə olunduğunu, "StopFake" təşkilatının qərəzli olub-olmadığını müəyyənləşdirmək, eləcə də, moderatorların Ukrayna ultra-sağçıları ilə əlaqəsi barədə məlumat verən jurnalistlərin hesablarının hansı əsaslarla silindiyini öyrənmək üçün "Facebook"a sorğu göndərdi.

Redaksiya, həmçinin korporasiyanın niyə Rusiyada ofis açmadığı ilə də maraqlandı. Cavab gözləyirik.

* Baş Prokurorluğun 28/07/2015 tarixli qərarı ilə fəaliyyəti Rusiya ərazisində arzuolunmaz hesab olunan təşkilat.

11
 Pandemiya zamanı imtahan

Təhsil Tələbə Krediti Fondu tələbələr üçün əlçatan olacaqmı? - Araşdırma

581
(Yenilənib 21:38 18.06.2021)
Prezidentin Fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılacaq. Bəs o, tələbələrin təhsilə əlçatanlığını təmin edəcəkmi?

BAKI, 19 iyun — Sputnik. Dünən əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

Bəs görəsən, yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün əlçatan olacaqmı? Bu Fondun ali təhsil alan tələbələrə nə vəd etdiyini Sputnik Azərbaycan-a təhsil ekspertləri şərh ediblər.

Yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondu nə vəd edir?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Onun sözlərinə görə, bu, dövlətin qayğısının təcəssümüdür:

"Bu Fond təhsil almaq istəyən, bunun üçün maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirəcək. Eyni zamanda Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Ona görə də, Fondun tələbələrin təhsilinə dəstəyi hiss olunacaq. Bu Fond insanların təhsil arzusunun gerçəkləşdirilməsi məqsədilə yaradılıb. Təhsil Tələbə Krediti Fondu sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək olacaq. Güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi onların ali təhsil alaraq savadlı insan kimi yetişməsinə, gələcəkdə özünün və ailəsinin maddi durumunun yaxşılaşdırılmasına imkan yaradacaq. Təhsil Tələbə Krediti Fondunun insan resursunun, insan kapitalının yaradılması baxımından böyük missiyası var".

Donor dövlətdirsə...

İ.Orucov deyir ki, aztəminatlı ailələrdə təhsil haqqının ödənilməsində yaranmış çətinlik bəzən gənclərin ali təhsil almasına mane olur. Tələbələrin bu Fondun imkanından bəhrələnməsi sayəsində onlar əmək bazarında özlərinə layiqli iş tapa biləcəklər.

Birlik sədri yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondunun büdcəsinin əsas hissəsinin dövlət büdcəsi hesabına maliyyələşməsinin də mühüm amil olduğunu söyləyir. Onun sözlərinə görə, dövlətin təhsil sahəsində donor kimi çıxış etməsi alqışlanandır. Həmsöhbətimiz bildirir ki, bu Fondun yaradılması ilə dövlət birbaşa tərəfdaş kimi çıxış edir.

Bəs köhnə "Maarifçi" Tələbə Kredit Fondu?

Qeyd edək ki, hazırda da Azərbaycanda tələbələrə təhsil kreditlərinin verilməsi ilə məşğul olan "Maarifçi" Tələbə Kredit Fondu fəaliyyət göstərir. Amma onların fəaliyyəti geniş tələbə kütləsini əhatə etmir. Odur ki bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən universiteti yarımçıq qoyanlar da az deyil. Haqqında bəhs etdiyimiz Fond Azərbaycanda 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Bunlar Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universitetləridir.

Qaydalara görə, tələbələrə təhsil kreditlərinin ayrılması üçün "Maarifçi" Tələbə Kredit Fondunun əməkdaşlıq etdiyi universitetlərdən razılıqla bağlı təsdiq gəlməlidir. Həmçinin hazırda fəaliyyət göstərən "Maarifçi" Tələbə Kredit Fondunun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər.

Tələblər ondan ibarətdir ki, tələbə Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalı, təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsi baş verməməlidir. Bu tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunur. Buraya valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi, təhsil növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), Akademik borcun mövcudluğu da daxildir.

Bu tələblər seçim meyarı rolunu oynayır və Fond tərəfindən təqdim olunan kredit növləri və elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir. Güzəştli kreditlərdən ailə başçısını itirmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, sağlamlıq imkanları məhdud şəxslər yararlana bilərlər.

Həmçinin tələbə müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməlidir. Fonddan onu da bildirdilər ki, tələbənin ümumi orta müvəffəqiyyət göstəricisinin 71 və ya daha yuxarı olması da şərtdir. Akademik borcu olanlar isə təhsil krediti üçün Fonda müraciət edə bilməzlər. Bununla yanaşı, tələbənin yaşı maksimum 25 olmalıdır. Amma hazırda Fond təhsil kreditlərinin verilməsini dayandırıb.

Məlumat üçün bildirək ki, bu gün təhsil naziri Emin Əmrullayev də "Maarifçi" Kredit Fondunun pilot layihə olduğunu qeyd edib: "Burada da mahiyyət eyni idi, amma fondun mexanizmi belə idi ki, kredit ali təhsil müəssisələrinin hesabına verilirdi. Orada təhsil alan tələbələr də az idi və bir neçə yüz nəfəri əhatə edirdi. "Maarifçi" Kredit Fondu bir müddət fəaliyyət göstərəcək, çünki tələbələr verilən kreditləri qaytarmalıdırlar", - deyə nazir bildirib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni Fondun yaradılması ilə bağlı verilmiş Fərmana qədər Azərbaycanda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud olmayıb. Onun sözlərinə görə, "Maarifçi" Kredit Fondu müəyyən tələbələrə kredit verib. Lakin o da özəl təşkilat olduğu üçün büdcəsi yoxdur.

7 ildə 5 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib

Ekspert bildirir ki, hələ 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsil Tələbə Krediti Fondu yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu səbəbdən son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib.

K.Əsədov deyir ki, tələbə kreditləri üçün ayrılmış 80 milyon manat kifayət qədər yüksək məbləğdir və bu vəsait ildə 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Ekspert bildirir ki, kreditlər faizsiz verilməlidir ki, sonra tələbələr problemli kredit alana çevrilməsin. Onun sözlərinə görə, gələcəkdə təhsil krediti ilə oxuyub ali məktəbi başa vuran tələbələr işlə də təmin edilməlidir ki, krediti geri qaytara bilsinlər.

Ekspert onu da qeyd edir ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edir:

"Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir.

Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5, 7, 10 ilə, bəzən isə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə, yəni 1-2 faiz civarında olur".

Təhsil Tələbə Kredit Fondu hansı şərtlərlə kredit verəcək?

Qeyd edək ki, təhsil naziri yeni yaradılacaq Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. O bildirib ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq. Nazir həmçinin deyib ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq: "Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun maliyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək".

Nazir onu da bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə, yəni 1-2 faiz olacaq. Onun sözlərinə görə, Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin. E.Əmrullayev qeyd edib ki, bu Fond ali təhsilə əlçatanlığı artıracaq.

Qeyd edək ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu isə hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxsin ödənişli əsaslarla təhsil aldığından xəbər verir.

Məlumat üçün əlavə edək ki, ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

581
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden-in Cenevrədəki Villa La Grangedəki görüşü, 16 iyun 2021-ci il

Başlanğıc çox şey vəd edir: Putin-Bayden görüşündən sonra dünya siyasətində dəyişəcək

4148
(Yenilənib 23:27 17.06.2021)
Ekspertlərin fikrincə, Putin və Baydenin görüşündən sonra Avropa üçün Rusiya ilə dostluq etmək daha asan olacaq.

BAKI, 17 iyun — Sputnik. Sputnik, Nikita Çikunov. Dünən Rusiya və ABŞ prezidentlərinin Cenevrədə görüşü keçirilib. Hər iki lider görüşün nəticələrindən razı qalıblar. Bəs, danışıqlar ölkələr arasında yaxınlaşmaya və sanksiyaların yumşaldılmasına gətiribmi? İki liderin söhbəti Rusiyanın Avropa ilə münasibətlərinə necə təsir edəcək? Bu barədə Sputnik-in materialında.

Gələcəyə hesablanmış nəticələr

İyunun 16-da Cenevrədə Vladimir Putin və Co Bayden arasında keçirilmiş görüş iki ölkə arasındakı münasibətlərdə inqilabi dəyişikliklərə gətirmədi, lakin danışıqlar tam və dolğun dialoqun başlanğıcını qoya bilər. "Rissiya Seqodnya" BİA beynəlxalq multimedia mərkəzində sammitin nəticələrinə həsr olunmuş müzakirədə iştirak edən ekspertlər bu fikirdədilər.

Rusiya beynəlxalq məsələlər üzrə Şurasının (RBMŞ) baş direktoru Andrey Kortunovun fikrincə, prezidentlərin görüşünün vacib nəticəsi Rusiya və ABŞ-ın strateji silahlara nəzarətə sadiq olmaları barədə birgə bəyanatın olub.

"Strateji hücum silahları – 3" müqaviləsinin müddəti daha beş il uzadılmasına rəğmən, vaxt o qədər də çox deyil. Çox istərdik ki, tərəflər silahlara nəzarətə dair yeni model barədə razılığa gəlsinlər", — deyə o bildirib.

Ekspert onu da əlavə edib ki, ABŞ-ın qarşılıqlı məsləhətləşmələrin mövzuları sırasına kibertəhlükəsizlik problemini daxil etməsi də kifayət qədər əhəmiyyətli görünür. Əvvəllər bu cür fikirlərə Amerika tərəfi mənfi münasibət bəsləyirdi və Moskvanı heç bir sübut olmadan haker hücumlarında ittiham etməyə üstünlük verirdi.

Daha sonra Kortunov deyib ki, səfirlərin qarşılıqlı surətdə Moskva və Vaşinqtona qaytarılması da müəyyən nikbinlik doğurur. Lakin ekspert onu da qeyd edib ki, diplomatik münasibətlərin tam bərpası üçün bu kifayət deyil.

"Səfirlər bir növ "general"lardır. Amma istənilən generalların "ordusu" olmalıdır. Bu o deməkdir ki, hər halda səfirliklərin işini tam həcmdə bərpa etmək, diplomatları, konsulluq xidmətlərini qaytarmaq lazımdır", — deyə mütəxəssis bildirir.

Rusiya elmlər akademiyası ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov hesab edir ki, Rusiya-ABŞ münasibətlərində çoxlu problem qalaqlanaraq qalıb və onlar elə ilk görüşdən sonra yoxa çıxmayacaq.

"Zirvə görüşü məsləhətləşmələrə, danışıqlara start verməlidir. Əgər işçi qruplar formalaşdırılsa, görüşlər başlasa və bütün bunları dövlət başçılarının telefon danışıqları və əyani görüşləri tamamlasa, o zaman dialoq bərpa olunacaq. Nəticələri artıq yaxın həftələr ərzində görəcəyik", — deyə ekspert proqoz verib.

Trampın getdiyi yolu təkrar etməmək

Qarbuzov hesab edir ki, Cenevrə sammiti qeyri-iradi olaraq Vladimir Putinlə Donald Tramp arasında 2018-ci ilin iyulunda – demək olar ki üç il əvvəl Helsinkidə keçirilən görüşlə müqayisə olunur.

"Trampla danışıqlardan da hamının çoxlu gözləntiləri vardı. Bəziləri bu görüşü hətta tarixi görüş hesab edirdilər. Söhbət xoş keçmişdi, hamının üzündə təbəssüm vardı. Nəticədə isə hər şey "qum dəryasında batdı". Cenevrədəki zirvə görüşü barədə də gələcəkdə eynilə bu cür danışmağı istəməzdim", — deyə ekspert fikirlərini bölüşüb.

Kortunov bildirir ki, bununla yanaşı, Putunlə görüşün kifayət qədər tez təşkil olunması Baydenin xeyrinədir. ABŞ-ın əvvəlki prezidenti Donald Trampa Rusiya lideri ilə ilk və son ayrıca görüşün keçirilməsi üçün il yarım vaxt lazım olmuşdu.

Qarbuzovun qənaətinə görə, daha bir fərq isə Bayden və Tramp administrasiyalarının Rusiya-ABŞ münasibətlərini müxtəlif cür qəbul etməsindədir.

"Ağ Evin hazırkı rəhbərliyi Rusiyaya qarşı "yeni" adlandırılan münasibətdən – seçmə əməkdaşlıqdan danışır. Bu ilişmək üçün çox yaxşı bir səbəbdir. Gələcək əməkdaşlığın əsas xətti silahlara nəzarət, strateji təhlükəsizlik problemləri ola bilər. Gələcəkdə gündəliyi genişləndirmək olar. Görüşün nəticələri əsasında tərəflərin imzaladığı bəyannamə çox şey vəd edən bir başlanğıcdır", — deyə ekspert bildirib.

Avropa, sanksiyalar və Ukrayna

Valeri Qarbuzovun fikrincə, ABŞ-Rusiya münasibətlərində hətta kiçik bir "istiləşmə" Vaşinqtonun avropalı müttəfiqlərinin anti-Rusiya ritorikasının zəifləməsini qaçılmaz edəcək. Odur ki, sammitin müsbət nəticələnməsi geosiyasi cəhətdən Moskva üçün sərfəlidir.

"Artıq Brüsseldə Rusiya ilə əməkdaşlıq tərəfdarları üçün bir qədər rahat olacaq. Çünki Aİ-nin nəzərləri istənilən halda Vaşinqtona yönəlir. Onlar ABŞ-ın Rusiyaya münasibətdə mövqeyini nəzərə alırlar. Hesab edirəm ki, Almaniya, İtaliya və Fransadakı həmkarlarımız üçün yeni təşəbbüslər irəli sürmək, Moskva ilə qarşılıqlı fəaliyyətə dair yeni formatlar təklif etmək Cenevrədəki görüşdən əvvəlkinə nisbətən daha asan olacaq", — deyə Kortunov həmsöhbəti ilə razılaşıb.

Ekspert həmçinin danışıqların işi 2014-cü ilin aprelində dayandırılmış Rusiya-NATO Şurasının işinin bərpa edilməsinə kömək edəcəyini də istisna etmir. Əlaqələrin bərpası Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün əlavə imkanlar yarada bilərdi.

RBMŞ-nin proqram direktoru İvan Timofeyev hesab edir ki, Rusiyaya qarşı Qərb sanksiyaları məsələsində heç bir dəyişiklik baş verməyəcək.

"ABŞ-ın heç bir sanksiyası yaxın vaxtlarda ləğv olunmayacaq. Bunun üçün zəmin yoxdur. Bir sıra sanksiyalar ABŞ qanunvericiliyində təsbit olunub. Bayden yalnız onların təsirini dayandıra bilər, necə ki, "Şimal axını-2" ilə bağlı oldu. Lakin ləğv edə bilməz. Düşünürəm ki, sanksiyalar yumşalmayacaq da. Amma yeni "əjdaha" tədbirlərin olacağını da gözləmək lazım deyil", — deyə o bildirib.

Kortunov isə bildirib ki, iki ölkənin liderləri yenə də bəzi vacib məsələlərə dair qarşılıqlı anlaşmaya nail ola bilmədilər. Ekspertin fikrincə, bu cür problemli mövzulardan biri Ukraynadır. Bu məsələdə tərəflərin baxışları ciddi şəkildə fərqlənir – hələ ki, tərəflərin mövqelərinin vəhdətinə ümid etmək mümkün deyil.

"Hər iki prezident bu mövzuya toxunub, lakin heç bir razılığa gəlmədilər. Ümumi bir anlaşma var ki, Minsk razılaşmalarına riayət olunmalıdır. Problem ondadır ki, həmin razılaşmalara riayət olunması Rusiya və ABŞ tərəfindən fərqli başa düşülür. Düstur təkrar olundu, lakin hər kəs öz fikrində qaldı. Ukrayna məsələsi qaldırılırdı, lakin bu istiqamətdə irəliləyiş əldə olunmadı", — deyə İvan Timofeyev fikrini tamamlayıb.

4148
Приморский парк в Баку

Bazar günü 40 dərəcəyədək isti olacaq

0
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

 

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25 isti, gündüz 30-35 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

0