SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın sərhəd oyunları – beynəlxalq qüvvələr prosesə qoşula bilərmi?

© Photo : AR Ministry of Defense Азербайджанский военнослужащий на боевой позиции, фото из архива
Азербайджанский военнослужащий на боевой позиции, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Kommunikasiya xətlərinin yenidən bərpa olunması geostrateji və iqtisadi baxımdan həm Azərbaycan, həm də digər qlobal güclər üçün önəm daşıyan məsələlərdəndir.

BAKI, 31 may - Sputnik, Elvin Səlimov. “İndi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır”. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan tərəfinə sərhədlər dəqiqləşdirilincə bu ərazilərdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif etdiyini bildirmişdi. Paşinyan təklif edir ki, hər iki tərəfin qoşunları çox tez, simmetrik olaraq sərhəddən çəkilir və öz daimi dislokasiya yerinə qayıdırlar, sərhəd boyunca isə Rusiya və digər ATƏT-in Minsk Qrupu ölkələrindən beynəlxalq müşahidəçilər yerləşdirilirlər.

Paşinyanın bu təklifləri nə qədər realdır və Azərbaycanın maraqlarına cavab verirmi? Sputnik Azərbaycan mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyevin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Millət vəkil Arzu Nağıyev düşünür ki, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası başa çatdıqdan sonra Ermənistan tərəfində mühafizə işini Rusiya hərbçiləri həyata keçirəcəklər:

“Rusiya imkan verməz ki, Ermənistan tərəfdə hansısa üçüncü bir ölkənin qoşunları dayansın. Azərbaycan isə öz sərhədlərini qorumaq gücündədir. Biz sərhədlərimizin təhlükəsizliyini özümüz təmin edə bilərik”.

Millət vəkili qeyd edib ki, əgər ATƏT həmsədrləri sərhəd zonasında monitorinqlər aparmaq istəsələr, bu artıq başqa məsələdir: “İki ölkənin sərhəd zolağında beynəlxalq hərbi qüvvələrin dayanmasının gündəmdə olduğunu düşünmürəm. Bu saat bütün dünya üçün maraqlı olan regionda kommunikasiya xətlərinin yenidən bərpa olunmasıdır. Bu, regional əhəmiyyət daşımaqla yanaşı, geostrateji və iqtisadi baxımdan həm Azərbaycan, həm də digər qlobal güclər üçün önəm daşıyan məsələlərdəndir. Bu gün hər kəsin marağında olan məsələ bölgədə qalıcı sülhün təmin edilməsidir”.

Politoloq Tofiq Abbasov isə bildirir ki, dünya praktikasında sərhədlərin müəyyənləşdirilməsində üçüncü tərəflərin iştirak etməsinə nümunə yoxdur. O deyir ki, bu məsələnin həlli üçün Sovet dövründən qalma xəritə konturları istifadə oluna bilər:

“Ermənistan tərəfi çalışır ki, yaratdığı miflərlə daha çox ərazimizə sahib çıxsın. Ermənilər həmişə olduğu kimi yalanlardan istifadə etməklə xarici qüvvələrin imkanlarından yararlanmaq istəyirlər. Azərbaycan tərəfinin razılığı olmadan heç bir üçüncü tərəf buraya gələ bilməyəcək. Bu gün bölgədə Rusiya və Türkiyə sülhməramlıları fəaliyyət göstərirlər. Amma düşünmürəm ki, delimitasiya məsələsinə hansısa üçüncü tərəf qatılacaq. Bu, Azərbaycan və Ermənistanın məsuliyyətinə düşən məsələdir”.

Sərhəddə nə baş verir? Öncə Qaragöl

Ermənistan-Azərbaycan sərhədində vəziyyət mayın 12-də yenidən gərginləşib. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Azərbaycan ərazisi üç istiqamətdən atəşə tutuldu

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Kəlbəcər təxribatı

Mayın 25-də Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə məlumat yayıb, bildirib ki, guya bir əsgər həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd etdiyini, bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısının alındığını bildirib. Erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insidentin isə bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi olmadığını vurğulayıb.

Diversiya qrupu ələ keçdi

Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Onlara qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Naxçıvan atəş altında

Azərbaycan Müdafiə Nazirliyi mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Zəngilanla bağlı xəbər yayıldı

Mayın 30-da media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb. Bununla bağlı Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

Eləcə də oxuyun:

  • Zakir Həsənovdan sərhədlə bağlı tapşırıq

  • Zəngilanda gecə nə baş verib? - DSX açıqlama yaydı

  • Paşinyandan etiraf: Biz müharibəni uduzduq və məğlubiyyətə görə məsuliyyət daşıyırıq

  • Əli Əsədov Minskdə Azərbaycanın prinsipial mövqeyini nümayiş etdirib

Xəbər lenti
0