HIMARS raket-artilleriya sistemi, arxiv şəkli

Əvvəldən fikirləşmək lazım idi: ABŞ Rusiyaya cavab verməyin yolunu tapdı

24
(Yenilənib 00:14 26.05.2021)
"Ruslar artilleriyadan maksimal dərəcədə istifadə edirlər. Bu baxımdan Qərb orduları üzərində üstünlüyə malikdirlər. Məsələn, Amerika quru qoşunları briqadasında yalnız bir artilleriya batalyonu var. Rus bölmə və birləşmələrində isə artilleriya bölmələri daha çoxdur".

BAKI, 25 may — Sputnik, Andrey Kots. Uzaqvurma və sürətli atəş açma qabiliyyəti, maksimum dəqiqlik - Pentaqon yeni artilleriya bölmələri yaratmaq planlarından danışıb. Bu bölmələr hələ inkişaf mərhələsində olan yeni zərbə sistemləri ilə silahlanacaq. Vaşinqton strateqləri açıq şəkildə etiraf edirlər: ordu artilleriyasının imkanları Rusiya və Çinlə qarşıdurmaya hazır deyil. Amerikalılar artıq qarşıdakı illərdə vəziyyəti düzəltməyə hazırlaşırlar. ABŞ Ordusunun "iriçaplı" layihələri haqqında - RİA Novosti-nin növbəti materialında.

Uzaqvuran "arqumentlər"

Quru Qoşunlarında müasir uzaqmənzilli silahların olmaması Amerika komandanlığı üçün uzun müddətdir ki, baş ağrısına çevrilib. Son onilliklərdə Pentaqon buna kifayət qədər əhəmiyyət verməyib. Haubitsalar və Yaylım Atəşli Raket Sistemləri (YARS) terrorizm və lokal silahlı qarşıdurmalarla mübarizə üçün kifayətdir. Əslində, ABŞ-ın həm top artilleriyası, həm də reaktiv və əməliyyat-taktiki raket sistemləri, Soyuq müharibənin son dövrləri səviyyəsində qalıb. Və nəhayət, Vaşinqton Rusiya və Çinlə rəqabət kursu götürəndən sonra bu problemə diqqət yetirməyə başlayıb.

2017-ci ilin dekabrında keçən əsrin ortalarından bəri Pentaqona məsləhət verən Amerikanın nüfuzlu tədqiqat mərkəzi RAND Rusiya Silahlı Qüvvələri haqqında bir hesabat yayımladı. Analitiklərin fikrincə, müharibə vəziyyəti yaranarsa, Rusiya düşmənin quru qoşunlarına onlarla birbaşa atəş əlaqəsinə girmədən maksimum zərbə vurmağa çalışacaq.

"Ruslar artilleriyadan maksimal dərəcədə istifadə edirlər. Bu baxımdan Qərb orduları üzərində üstünlüyə malikdirlər. Məsələn, Amerika quru qoşunları briqadasında yalnız bir artilleriya batalyonu var. Rus bölmə və birləşmələrində isə artilleriya bölmələri daha çoxdur. Üç motoatıcı və bir tank batalyonundan ibarət motoatıcı briqada vaxtaşırı iki özüyeriyən batalyon və bir reaktiv artilleriya batalyonunu gücləndirmək üçün təyin olunur. Təkbətək döyüşdə Amerika briqadası daha çox sayda silah və YARS-a malik, eləcə də uzun məsafədən vurmağı bacaran bir düşmənlə qarşı-qarşıya qalacaq", – deyə RAND-ın hesabatında bildirilir.

Diviziya üçün artilleriya

Pentaqon aradakı boşluğu doldurmaq məqsədilə Quru Qoşunlarının təşkilati və ştat heyətində bütün səviyyələrdə ciddi islahatlar aparmağı planlaşdırır. Xüsusilə də zirehli bölmələrdə inkişaf etmiş özüyeriyən haubitsa – M1299 ERCA ("Extended Range Canon Artillery" – uzaqvuran artilleriya) batalyonlarının yaradılması nəzərdə tutulur. Bu sistem sürətlə inkişaf etdirilir: Pentaqon 2019-cu ilin iyul ayında "BAE Systems" şirkəti ilə müqavilə imzaladı və artıq gələn ilin mart ayında 155 mm-lik özüyeriyən silah poliqonda hədəflərə uğurla atəş açdı.

O, ABŞ ordusunun M109-un əsas Özüyeriyən Artilleriya Qurğusunun şassisi üzərində qurulub. Bununla belə, daha uzun lüləyə (39 deyil, 58 kalibr) malikdir və 65 kilometrə qədər məsafədə ("sələf"indən təxminən iki dəfə artıq) aktiv raket mərmisi ilə hədəfləri vurmağa qadirdir. Bu haubitsaların 2023-cü ilə qədər silahlanmaya qəbul ediləcəyi gözlənilir. Amerikalıların Soyuq Müharibənin veteranları - özüyeriyən M109 silahlarından imtina etməyə tələsmədikləri də diqqət çəkir. Bu texnika zirehli briqadalarda qalacaq və 2030-cu ilə qədər xidmət edəcək.

Hazırda Amerika Diviziya Artilleriya Komandanlığının (Division Artillery Command – DIVARTY) öz haubitsaları və ya YARS-ları yoxdur. Lazım gələndə, ordu korpuslarından və ya briqadalardan, necə deyərlər, əlborcu alırlar. Pentaqon analitiklərinin fikrincə, özünəməxsus uzaqvuran artilleriya – bölük komandanlığına üçüncü dünya ölkələrində əks-partizan və antiterror aksiyalarından daha geniş miqyasda hərbi əməliyyatları effektiv şəkildə planlaşdırmağa və yerinə yetirməyə imkan verər.

Kompleks may ayında Nyu-Meksikodakı Uayt-Sends poliqonunda sınaqdan keçirildi. "Lockheed Martin" konserninin məlumatına görə, raket 400 kilometr uzaqlıqdakı hədəfi vuraraq keçənilki rekordunu (240 kilometr) təzələdi. Üstəlik, amerikalılar bununla da kifayətlənməyərək sözügedən silah növünün uzaqvuranlığını ən az üç dəfə artırmaq istəyirlər. Pentaqon PrSM layihəsinə böyük ümidlər bəsləyir. Hətta briqada generalı Con Rafferti bir qədər təkəbbürlə bəyan etdi ki, bu Əməliyyat-Taktiki Raket Kompleksi Rusiyanın "Triumf" S-400 hava müdafiə sistemlərinin və Çinin Sakit okeandakı döyüş gəmilərinin "qatilinə" çevriləcək.

Ali qərargahın da öz artilleriyası olacaq. Beləliklə, çoxdomenli əməliyyat qrupları (Multi-Domain Task Force, MDTF) – məlumat toplamaq, kəşfiyyat və yüksək dəqiqlikli silahlarla aşkar olunan hədəfləri vurmaqdan məsul olan bölmələr – birbaşa Hərbi Əməliyyatlar Teatrının Komandanlığına (Theater Command) tabe olacaq.

Bu qrupların tərkibi və silahlanması döyüş tapşırığından asılı olaraq dəyişir, lakin hər birinə uzaqmənzilli raket sistemlərindən iki batareyanın daxil olduğu məlumdur. Birincisi - dəniz donanmasının SM-6 raketinin quru versiyası, eləcə də 1,7 min kilometrdən çox mənzilə sahib "Tomahawk" raketi, ikincisi isə perspektivli Long-Range Hypersonic Weapon (LRHW ) uzun mənzilli hipersəsli silahıdır. Mütəxəssislər onun mənzilinin iki min kilometri keçəcəyinə əmindirlər.

Orduya "stavka"

Pentaqona görə, M109 və M1299 haubitsalarından, həmçinin ER GMLRS mərmisi ilə təchiz olunmuş HIMARS Yaylım Atəşli Raket Sisitemlərindən qarşıdakı müharibələrdə ən kütləvi şəkildə istifadə ediləcək. Məntiq aydındır: bu texnika üçün sursat daha uzunmənzilli və mürəkkəb sistemlərə nisbətən daha ucuz başa gəlir. Digər tərəfdən, PrSM sistemləri və çox domenli əməliyyat qruplarının zərbə vasitələri hərbi infrastrukturun və düşmənin müdafiə birləşmələrinin dərinliyindəki mühüm hədəflərin məhv edilməsində mühüm rol oynayacaq.

Pentaqonun Quru Qoşunlarının artilleriyasını gücləndirməsi Vaşinqtonun Rusiya və Çinlə hipotetik silahlı qarşıdurmasında əsas kozırlarına - aviasiya və hərbi donanmaya daha etibar edə bilməyəcəyindən xəbər verir. Hər iki düşmən Amerika təyyarələri və gəmilərinə "qaynar görüş" təşkil etmək üçün inkişaf etmiş müasir hava hücumundan müdafiə sistemlərinə və gəmi əleyhinə raketlərə sahibdir. Bu o deməkdir ki, gələcəyin müharibəsində əsas rolu quru qüvvələri və təhlükəsiz məsafədən müdafiəyə hücum edə bilən uzunmənzilli silahlar oynayacaq.

Bir sözlə, amerikalıların perspektivli artilleriyadakı son uğurları belə, Moskva və Pekinin imkanlarından aşağıdır. Artıq istismarda olan Rusiyanın "İskəndər" əməliyyat-taktiki raket kompleksinin təsir məsafəsi PrSM kompleksinin nəticələrindən yüz kilometr yüksəkdir. Və "Koalisiya-SV" ən yeni haubitsası Amerikanın M1299-dan xeyli uzaq və daha yüksək atəş gücünə malikdir. Hipersəsli silahlara gəlincə, amerikalıların hələ də bu sahədə kütləvi məhsulu yoxdur, halbuki Rusiya ordusu eyni anda bir neçə modeli silahlanmaya qəbul edib.

24
 Pandemiya zamanı imtahan

Təhsil Tələbə Krediti Fondu tələbələr üçün əlçatan olacaqmı? - Araşdırma

1049
(Yenilənib 21:38 18.06.2021)
Prezidentin Fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılacaq. Bəs o, tələbələrin təhsilə əlçatanlığını təmin edəcəkmi?

BAKI, 19 iyun — Sputnik. Dünən əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

Bəs görəsən, yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün əlçatan olacaqmı? Bu Fondun ali təhsil alan tələbələrə nə vəd etdiyini Sputnik Azərbaycan-a təhsil ekspertləri şərh ediblər.

Yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondu nə vəd edir?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Onun sözlərinə görə, bu, dövlətin qayğısının təcəssümüdür:

"Bu Fond təhsil almaq istəyən, bunun üçün maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirəcək. Eyni zamanda Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Ona görə də, Fondun tələbələrin təhsilinə dəstəyi hiss olunacaq. Bu Fond insanların təhsil arzusunun gerçəkləşdirilməsi məqsədilə yaradılıb. Təhsil Tələbə Krediti Fondu sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək olacaq. Güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi onların ali təhsil alaraq savadlı insan kimi yetişməsinə, gələcəkdə özünün və ailəsinin maddi durumunun yaxşılaşdırılmasına imkan yaradacaq. Təhsil Tələbə Krediti Fondunun insan resursunun, insan kapitalının yaradılması baxımından böyük missiyası var".

Donor dövlətdirsə...

İ.Orucov deyir ki, aztəminatlı ailələrdə təhsil haqqının ödənilməsində yaranmış çətinlik bəzən gənclərin ali təhsil almasına mane olur. Tələbələrin bu Fondun imkanından bəhrələnməsi sayəsində onlar əmək bazarında özlərinə layiqli iş tapa biləcəklər.

Birlik sədri yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondunun büdcəsinin əsas hissəsinin dövlət büdcəsi hesabına maliyyələşməsinin də mühüm amil olduğunu söyləyir. Onun sözlərinə görə, dövlətin təhsil sahəsində donor kimi çıxış etməsi alqışlanandır. Həmsöhbətimiz bildirir ki, bu Fondun yaradılması ilə dövlət birbaşa tərəfdaş kimi çıxış edir.

Bəs köhnə "Maarifçi" Tələbə Kredit Fondu?

Qeyd edək ki, hazırda da Azərbaycanda tələbələrə təhsil kreditlərinin verilməsi ilə məşğul olan "Maarifçi" Tələbə Kredit Fondu fəaliyyət göstərir. Amma onların fəaliyyəti geniş tələbə kütləsini əhatə etmir. Odur ki bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən universiteti yarımçıq qoyanlar da az deyil. Haqqında bəhs etdiyimiz Fond Azərbaycanda 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Bunlar Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universitetləridir.

Qaydalara görə, tələbələrə təhsil kreditlərinin ayrılması üçün "Maarifçi" Tələbə Kredit Fondunun əməkdaşlıq etdiyi universitetlərdən razılıqla bağlı təsdiq gəlməlidir. Həmçinin hazırda fəaliyyət göstərən "Maarifçi" Tələbə Kredit Fondunun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər.

Tələblər ondan ibarətdir ki, tələbə Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalı, təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsi baş verməməlidir. Bu tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunur. Buraya valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi, təhsil növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), Akademik borcun mövcudluğu da daxildir.

Bu tələblər seçim meyarı rolunu oynayır və Fond tərəfindən təqdim olunan kredit növləri və elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir. Güzəştli kreditlərdən ailə başçısını itirmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, sağlamlıq imkanları məhdud şəxslər yararlana bilərlər.

Həmçinin tələbə müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməlidir. Fonddan onu da bildirdilər ki, tələbənin ümumi orta müvəffəqiyyət göstəricisinin 71 və ya daha yuxarı olması da şərtdir. Akademik borcu olanlar isə təhsil krediti üçün Fonda müraciət edə bilməzlər. Bununla yanaşı, tələbənin yaşı maksimum 25 olmalıdır. Amma hazırda Fond təhsil kreditlərinin verilməsini dayandırıb.

Məlumat üçün bildirək ki, bu gün təhsil naziri Emin Əmrullayev də "Maarifçi" Kredit Fondunun pilot layihə olduğunu qeyd edib: "Burada da mahiyyət eyni idi, amma fondun mexanizmi belə idi ki, kredit ali təhsil müəssisələrinin hesabına verilirdi. Orada təhsil alan tələbələr də az idi və bir neçə yüz nəfəri əhatə edirdi. "Maarifçi" Kredit Fondu bir müddət fəaliyyət göstərəcək, çünki tələbələr verilən kreditləri qaytarmalıdırlar", - deyə nazir bildirib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni Fondun yaradılması ilə bağlı verilmiş Fərmana qədər Azərbaycanda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud olmayıb. Onun sözlərinə görə, "Maarifçi" Kredit Fondu müəyyən tələbələrə kredit verib. Lakin o da özəl təşkilat olduğu üçün büdcəsi yoxdur.

7 ildə 5 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib

Ekspert bildirir ki, hələ 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsil Tələbə Krediti Fondu yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu səbəbdən son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib.

K.Əsədov deyir ki, tələbə kreditləri üçün ayrılmış 80 milyon manat kifayət qədər yüksək məbləğdir və bu vəsait ildə 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Ekspert bildirir ki, kreditlər faizsiz verilməlidir ki, sonra tələbələr problemli kredit alana çevrilməsin. Onun sözlərinə görə, gələcəkdə təhsil krediti ilə oxuyub ali məktəbi başa vuran tələbələr işlə də təmin edilməlidir ki, krediti geri qaytara bilsinlər.

Ekspert onu da qeyd edir ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edir:

"Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir.

Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5, 7, 10 ilə, bəzən isə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə, yəni 1-2 faiz civarında olur".

Təhsil Tələbə Kredit Fondu hansı şərtlərlə kredit verəcək?

Qeyd edək ki, təhsil naziri yeni yaradılacaq Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. O bildirib ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq. Nazir həmçinin deyib ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq: "Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun maliyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək".

Nazir onu da bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə, yəni 1-2 faiz olacaq. Onun sözlərinə görə, Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin. E.Əmrullayev qeyd edib ki, bu Fond ali təhsilə əlçatanlığı artıracaq.

Qeyd edək ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu isə hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxsin ödənişli əsaslarla təhsil aldığından xəbər verir.

Məlumat üçün əlavə edək ki, ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

1049
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden-in Cenevrədəki Villa La Grangedəki görüşü, 16 iyun 2021-ci il

Başlanğıc çox şey vəd edir: Putin-Bayden görüşündən sonra dünya siyasətində dəyişəcək

4148
(Yenilənib 23:27 17.06.2021)
Ekspertlərin fikrincə, Putin və Baydenin görüşündən sonra Avropa üçün Rusiya ilə dostluq etmək daha asan olacaq.

BAKI, 17 iyun — Sputnik. Sputnik, Nikita Çikunov. Dünən Rusiya və ABŞ prezidentlərinin Cenevrədə görüşü keçirilib. Hər iki lider görüşün nəticələrindən razı qalıblar. Bəs, danışıqlar ölkələr arasında yaxınlaşmaya və sanksiyaların yumşaldılmasına gətiribmi? İki liderin söhbəti Rusiyanın Avropa ilə münasibətlərinə necə təsir edəcək? Bu barədə Sputnik-in materialında.

Gələcəyə hesablanmış nəticələr

İyunun 16-da Cenevrədə Vladimir Putin və Co Bayden arasında keçirilmiş görüş iki ölkə arasındakı münasibətlərdə inqilabi dəyişikliklərə gətirmədi, lakin danışıqlar tam və dolğun dialoqun başlanğıcını qoya bilər. "Rissiya Seqodnya" BİA beynəlxalq multimedia mərkəzində sammitin nəticələrinə həsr olunmuş müzakirədə iştirak edən ekspertlər bu fikirdədilər.

Rusiya beynəlxalq məsələlər üzrə Şurasının (RBMŞ) baş direktoru Andrey Kortunovun fikrincə, prezidentlərin görüşünün vacib nəticəsi Rusiya və ABŞ-ın strateji silahlara nəzarətə sadiq olmaları barədə birgə bəyanatın olub.

"Strateji hücum silahları – 3" müqaviləsinin müddəti daha beş il uzadılmasına rəğmən, vaxt o qədər də çox deyil. Çox istərdik ki, tərəflər silahlara nəzarətə dair yeni model barədə razılığa gəlsinlər", — deyə o bildirib.

Ekspert onu da əlavə edib ki, ABŞ-ın qarşılıqlı məsləhətləşmələrin mövzuları sırasına kibertəhlükəsizlik problemini daxil etməsi də kifayət qədər əhəmiyyətli görünür. Əvvəllər bu cür fikirlərə Amerika tərəfi mənfi münasibət bəsləyirdi və Moskvanı heç bir sübut olmadan haker hücumlarında ittiham etməyə üstünlük verirdi.

Daha sonra Kortunov deyib ki, səfirlərin qarşılıqlı surətdə Moskva və Vaşinqtona qaytarılması da müəyyən nikbinlik doğurur. Lakin ekspert onu da qeyd edib ki, diplomatik münasibətlərin tam bərpası üçün bu kifayət deyil.

"Səfirlər bir növ "general"lardır. Amma istənilən generalların "ordusu" olmalıdır. Bu o deməkdir ki, hər halda səfirliklərin işini tam həcmdə bərpa etmək, diplomatları, konsulluq xidmətlərini qaytarmaq lazımdır", — deyə mütəxəssis bildirir.

Rusiya elmlər akademiyası ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov hesab edir ki, Rusiya-ABŞ münasibətlərində çoxlu problem qalaqlanaraq qalıb və onlar elə ilk görüşdən sonra yoxa çıxmayacaq.

"Zirvə görüşü məsləhətləşmələrə, danışıqlara start verməlidir. Əgər işçi qruplar formalaşdırılsa, görüşlər başlasa və bütün bunları dövlət başçılarının telefon danışıqları və əyani görüşləri tamamlasa, o zaman dialoq bərpa olunacaq. Nəticələri artıq yaxın həftələr ərzində görəcəyik", — deyə ekspert proqoz verib.

Trampın getdiyi yolu təkrar etməmək

Qarbuzov hesab edir ki, Cenevrə sammiti qeyri-iradi olaraq Vladimir Putinlə Donald Tramp arasında 2018-ci ilin iyulunda – demək olar ki üç il əvvəl Helsinkidə keçirilən görüşlə müqayisə olunur.

"Trampla danışıqlardan da hamının çoxlu gözləntiləri vardı. Bəziləri bu görüşü hətta tarixi görüş hesab edirdilər. Söhbət xoş keçmişdi, hamının üzündə təbəssüm vardı. Nəticədə isə hər şey "qum dəryasında batdı". Cenevrədəki zirvə görüşü barədə də gələcəkdə eynilə bu cür danışmağı istəməzdim", — deyə ekspert fikirlərini bölüşüb.

Kortunov bildirir ki, bununla yanaşı, Putunlə görüşün kifayət qədər tez təşkil olunması Baydenin xeyrinədir. ABŞ-ın əvvəlki prezidenti Donald Trampa Rusiya lideri ilə ilk və son ayrıca görüşün keçirilməsi üçün il yarım vaxt lazım olmuşdu.

Qarbuzovun qənaətinə görə, daha bir fərq isə Bayden və Tramp administrasiyalarının Rusiya-ABŞ münasibətlərini müxtəlif cür qəbul etməsindədir.

"Ağ Evin hazırkı rəhbərliyi Rusiyaya qarşı "yeni" adlandırılan münasibətdən – seçmə əməkdaşlıqdan danışır. Bu ilişmək üçün çox yaxşı bir səbəbdir. Gələcək əməkdaşlığın əsas xətti silahlara nəzarət, strateji təhlükəsizlik problemləri ola bilər. Gələcəkdə gündəliyi genişləndirmək olar. Görüşün nəticələri əsasında tərəflərin imzaladığı bəyannamə çox şey vəd edən bir başlanğıcdır", — deyə ekspert bildirib.

Avropa, sanksiyalar və Ukrayna

Valeri Qarbuzovun fikrincə, ABŞ-Rusiya münasibətlərində hətta kiçik bir "istiləşmə" Vaşinqtonun avropalı müttəfiqlərinin anti-Rusiya ritorikasının zəifləməsini qaçılmaz edəcək. Odur ki, sammitin müsbət nəticələnməsi geosiyasi cəhətdən Moskva üçün sərfəlidir.

"Artıq Brüsseldə Rusiya ilə əməkdaşlıq tərəfdarları üçün bir qədər rahat olacaq. Çünki Aİ-nin nəzərləri istənilən halda Vaşinqtona yönəlir. Onlar ABŞ-ın Rusiyaya münasibətdə mövqeyini nəzərə alırlar. Hesab edirəm ki, Almaniya, İtaliya və Fransadakı həmkarlarımız üçün yeni təşəbbüslər irəli sürmək, Moskva ilə qarşılıqlı fəaliyyətə dair yeni formatlar təklif etmək Cenevrədəki görüşdən əvvəlkinə nisbətən daha asan olacaq", — deyə Kortunov həmsöhbəti ilə razılaşıb.

Ekspert həmçinin danışıqların işi 2014-cü ilin aprelində dayandırılmış Rusiya-NATO Şurasının işinin bərpa edilməsinə kömək edəcəyini də istisna etmir. Əlaqələrin bərpası Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün əlavə imkanlar yarada bilərdi.

RBMŞ-nin proqram direktoru İvan Timofeyev hesab edir ki, Rusiyaya qarşı Qərb sanksiyaları məsələsində heç bir dəyişiklik baş verməyəcək.

"ABŞ-ın heç bir sanksiyası yaxın vaxtlarda ləğv olunmayacaq. Bunun üçün zəmin yoxdur. Bir sıra sanksiyalar ABŞ qanunvericiliyində təsbit olunub. Bayden yalnız onların təsirini dayandıra bilər, necə ki, "Şimal axını-2" ilə bağlı oldu. Lakin ləğv edə bilməz. Düşünürəm ki, sanksiyalar yumşalmayacaq da. Amma yeni "əjdaha" tədbirlərin olacağını da gözləmək lazım deyil", — deyə o bildirib.

Kortunov isə bildirib ki, iki ölkənin liderləri yenə də bəzi vacib məsələlərə dair qarşılıqlı anlaşmaya nail ola bilmədilər. Ekspertin fikrincə, bu cür problemli mövzulardan biri Ukraynadır. Bu məsələdə tərəflərin baxışları ciddi şəkildə fərqlənir – hələ ki, tərəflərin mövqelərinin vəhdətinə ümid etmək mümkün deyil.

"Hər iki prezident bu mövzuya toxunub, lakin heç bir razılığa gəlmədilər. Ümumi bir anlaşma var ki, Minsk razılaşmalarına riayət olunmalıdır. Problem ondadır ki, həmin razılaşmalara riayət olunması Rusiya və ABŞ tərəfindən fərqli başa düşülür. Düstur təkrar olundu, lakin hər kəs öz fikrində qaldı. Ukrayna məsələsi qaldırılırdı, lakin bu istiqamətdə irəliləyiş əldə olunmadı", — deyə İvan Timofeyev fikrini tamamlayıb.

4148
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

41
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

41