ABŞ hərbçisi  tank əleyhinə raket kompleksi Javelin-dən atəş açır, arxiv şəkli

ABŞ Ukraynaya yeni silahlar göndərəcək

22
(Yenilənib 09:29 03.05.2021)
"The Wall Street Journal"-ın məlumatına görə, Pentaqon Ukraynaya HHM sistemləri, gəmi əleyhinə raketlər və operativ taktiki zərbə kompleksləri verəcək.

BAKI, 28 aprel — Sputnik, Andrey Kots. Amerikalılar Ukraynaya öldürücü silahların verilməsi üçün yeni plan hazırlayırlar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, yeni plan gəmi əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və daha çox "Javelin" sistemlərinin gətirilməsini nəzərdə tutur. Qərb KİV-ləri bunun Kiyev və Moskvanın birbaşa qarşı-qarşıya gələcəyi hal üçün zəruri olduğunu bildirirlər.

Havayı sursat

NATO ölkələri Ukrayna uğrunda Rusiya ilə döyüşməyəcəklərini və Donbasa əsgər göndərməyəcəklərini aydın ifadə ediblər. Lakin Kiyevə maddi-texniki dəstək göstərməkdən Qərb heç vaxt əl çəkməyəcək.

Belə ki, alyansın pilotsuz uçuş aparatları gecə-gündüz Qara dəniz və təmas xətti üzərində uçaraq Ukrayna baş qərargahına məlumatlar ötürür. Kiyevdə mütəmadi olaraq müəmmalı yüklər gətirən hərbi təyyarələr görünür.

Aprelin sonunda ABŞ senatının xarici işlər komitəsi "Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair" ikimərhələli sənəd qəbul edib. Həmin sənədə əsasən Kiyevə hərbi yardımın həcmi 300 milyon dollara qədər artırılır.

"The Wall Street Journal"-ın məlumatına görə, Pentaqon Ukraynaya HHM sistemləri, gəmi əleyhinə raketlər və operativ taktiki zərbə kompleksləri verəcək.

Aydındır ki, daha mürəkkəb silahları elə Qərb mütəxəssisləri yerləşdirib sazlayacaqlar. Bu isə o deməkdir ki, az sayda olsa da, alyansın hərbçiləri ehtimal olunan münaqişədə Ukrayna tərəfdən iştirak edəcəklər.

Daha çox raket

Vaşinqtonun Ukrayna silahlı qüvvələrinə konkret hansı silahları verəcəyi hələ açıqlanmayıb. Yəqin ki, Pentaqon Ukraynaya "Patriot" zenit-raket komplekslərini verəcək.

Gəmi əleyhinə raketlərə gəldikdə, Pentaqon Ukraynaya "Harpoon" raketlərini verə bilər. Kiyevin bu raketlərin istifadəsi üçün havada və dənizdə platformaları yoxdur. Lakin hədəfi 280 km məsafədə vura bilən bu raketlərin sahildə, yəni yük avtomobilləri üzərində qurulan variantı da var.

Düşmənin müdafiəsinin dərinliklərində hədəflərin məhv edilməsi üçün Ukraynaya HIMARS operativ taktiki raket sistemləri də verilə bilər. Həmin komplekslər 270 km məsafədə hədəfi məhv etməyə qadir olan ATACMS raketləri ilə atəş aça bilir. Bundan əlavə, Ukrayna ordusuna üçüncü nəsil "Javelin" tank əleyhinə kompleksləri də gətirilir.

Son yeddi ildə gətirilənlər

Əgər Ukrayna ordusu zirehli texnika və atıcı silahlar üçün sursatı keçmiş sosialist ölkələrindən alırsa, xüsusi texnika və yardımçı ləvazimatlar ilk növbədə ABŞ-dan gətirilir.

Kiyev şəhərinə mənzərə, arxiv şəkli
© AFP 2021 / SERGEI GAPON

İlk vaxtlarda Vaşinqton ölümcül olmayan silahlarla kifayətlənirdisə, 2018-ci ildən etibarən Ukraynaya artıq öldürücü silahlar göndərməyə başlayıb: 35 ədəd FGM-148 "Javelin" tank əleyhinə sistemləri və onlar üçün 210 ədəd raket. "Javelin"lərdən əlavə 2018-ci ildə Pentaqon Ukrayna silahlı qüvvələrinə 2,5 min ədəd gecəgörmə cihazı, minaaxtaranlar, evakuasiya üçün "Hammer"lər, snayperlərlə mübarizə üçün üç ədəd sistem, 30 ədəd basar-keçər avtomobili, iki RLS və 9 milyon dollarlıq tibbi ləvazimat verib.

2019-cu ildə də Pentaqonun dəstəyi təqribən elə o qədər olub – 361 milyon dollar. 2020-ci ildə isə Vaşinqton Kiyevə hərbi yardım üçün artıq 510 milyon dollar vəsait xərcləyib. Məlumdur ki, Ukraynaya "Javelin"lərin daha bir partiyası gətirilib. Bundan əlavə, Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 600 milyon dollar olan 16 ədəd patrul katerlərinin satışına razılıq verib. Lakin sonuncuların konkret olaraq Ukraynaya nə vaxt veriləcəyi barədə məlumat verilməyib.

22
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Bayden Putinin görüşü: Bakının şansı qədərdir?

1588
Əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.

BAKI, 7 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co BaydenVladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

Bakının üstünlükləri 
Sözsüz ki, əgər bu görüş həqiqətən baş tutacaqsa, tərəflər onun harada keçirilməsi barədə qərarı özləri verəcəklər. Lakin biz, “Politico”dan fərqli olaraq, Bakını görüşün keçirilmə ehtimalı olan yerlər siyahısından silmirik.
Birincisi, ona görə ki, elə bu günlərdə ABŞ prezidentinin administrasiyası “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzadıb. Beləliklə, Bayden Azərbaycana birbaşa yardım etməyə icazə verib.
Özü də bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verib ki, bu da Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir.
İkincisi, Azərbaycan paytaxtı artıq neçə illərdir ki, ciddi beynəlxalq tədbirlərə ev sahibliyi edir, həmçinin ABŞ və Rusiyadan olan yüksək mənsəb sahiblərinin görüşləri üçün şərait yaradır.


Belə ki, 2017-ci ildə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov və NATO Hərbi komitəsinin rəhbəri Petr Pavel arasında görüş olub. Daha sonra, 2018-ci ildə Gerasimov iki dəfə Bakıda NATO birləşmiş qüvvələrinin ali baş komandanı Kertis Skaparotti ilə görüşüb. 2019-cu ildə isə Gerasimov bir daha Bakıya gələrək burada NATO Hərbi komitəsinin sədri ilə görüşüb.
2020-ci ilin fevralında, pandemiya ərəfəsində Azərbaycan paytaxtında rusiyalı generalın NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqları da keçirilib.
Bütün hallarda danışıqlar yüksək səviyyədə keçirilib və tərəflər Azərbaycan hakimiyyətinə tədbirlərin keçirilməsi üçün şərait yaratdığına görə minnətdarlıq ifadə ediblər.
Odur ki, əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.
Həm də ki, hazırda Bakı, bir çox Avropa paytaxtlarından fərqli olaraq, pandemiyadan sonra özünə gəlməyə başlayır. Şəhərdə faktiki olaraq heç bir məhdudiyyət yoxdur və baxmalı yerlər də var. Məsələn, dünyada yeganə olan “Suraxanı tanker-muzeyi”, İçəri Şəhərin Qoşa Qala qapısı yanındakı köhnə hamam, Hərbi Qənimətlər Parkı.

Eləcə də oxuyun: 

* Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir – politoloq şərhi

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Gerasimov Bakıda - NATO ilə təkbətək

 

1588
Vaşinqtonda Kapitoliyə mənzərə, arxiv şəkli

Həm hakim, həm qazanclı: Okeanın o tayından gələn mesajı necə anlamalı

459
(Yenilənib 20:08 04.05.2021)
Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb pul qazanmaq istəyər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Azərbaycan özəlliklə Qarabağ müharibəsində qələbə qazandıqdan sonra regional geosiyasət baxımından son dərəcə önəmli və nüfuzlu ölkə olduğunu sübut etdi. İstər Silahlı Qüvvələrinin, istər də dövlətin, istərsə də iqtisadiyyatının gücü gələcəkdə Qafqaz regionunda Azərbaycanın söz sahibi olacağını aydın şəkildə göstərdi. Təbii ki, Birləşmiş Ştatlar da bunu gördü və ABŞ Azərbaycanı yanında görmək istəyir".

Bu barədə Sputnik Azərbaycan-a türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Birləşmiş Ştatlar Prezidenti Co Baydenin Azərbaycana hərbi yardım edilməsinə icazə verməsi barədə məlumatı şərh edərkən bildirib.

Ağar xatırladıb ki, Birləşmiş Ştatlar öz hədəfləri və mənfəətləri üçün çoxşaxəli siyasət və strategiya həyata keçirir: "Özəlliklə həm terror təşkilatları, həm dövlətdən kənar aktorlar, həm haqlı dövlətləri, həm də haqsız dövlətləri hər hansı prinsip, dəyər gözləmədən öz mənfəəti naminə istifadə etməyə, idarə etməyə və yönləndirməyə çalışır. Bu baxımdan ABŞ-ın siyasət və strategiyasını anlamaq son dərəcə önəmlidir. Əgər onun siyasət mesajını anlamasanız, ABŞ sizi öz mənfəətləri üçün istifadə edər, müəyyən müddət sonra siz onun vassalına çevrilərsiniz. Buna çox diqqət etmək lazımdır. Mən heç zaman ABŞ-la işbirliyi qurmaq olmaz demirəm, lakin ən önəmlisi bərabər hüquqda işbirliyinin olmasıdır".

Türkiyəli eksperti qeyd edib ki, Azərbaycan ABŞ üçün həm Qafqaz regionunda, həmçinin gələcəkdə Asiya ilə bağlı ortaya qoyacağı siyasət və strategiya baxımından önəmli yerə malikdir:

"ABŞ rəhbərliyi bu qərarı verməklə Azərbaycanı itirməməyə çalışır. Lakin bir şeyi unutmayaq ki, ABŞ çoxşaxəli bir siyasət və strategiya yerinə yetirir. Yəni iki düşmən gücü eyni anda dəstəkləyərək bir nəticə əldə etməyə çalışır. Rəsmi Vaşinqton həm hakim olmağa çalışır, həm də kimin qalib və məğlub olmasından asılı olmayaraq həmişə özünün qazanmasını istəyir. ABŞ-ın Rusiya ilə çox ciddi bir rəqabəti var. Bu rəqabət baxımından Azərbaycan onun üçün çox önəmli bir aktordur.

Digər tərəfdən ABŞ Çinlə də rəqabətdədir. Çinin "Bir kəmər, bir yol" layihəsi başda olmaqla bir çox məsələlərlə bağlı da ABŞ Azərbaycanla münasibətlərinin yaxşı olmasını istəyər. Digər tərəfdən ABŞ prezidenti Co Bayden sözdə erməni "soyqırımı" ifadəsi işlətməklə Türkiyə ilə yanaşı, Azərbaycanla olan münasibətlərinə də zərər vurdu. Bayden bu gedişi ilə Azərbaycanın da könlünü almağa çalışıb. Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmışdı. Böyük ehtimalla bu məsələyə də telefon danışığı zamanı toxunulmuşdu".

Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb, pul qazanmaq istəyər.

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Co Bayden Azərbaycana hərbi yardım edilməsinə icazə verib. Belə ki, Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır.

Aprelin 26-sı Konqresə göndərdiyi bildirişdə ABŞ Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, bu cür yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacaq və mane olmayacaq, həmçinin Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.

Dövlət katibi, həmçinin qeyd edib ki, yardım beynəlxalq terrorizmə qarşı mübarizə səylərində Azərbaycanı dəstəkləmək, həmçinin bu ölkənin sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazımdır.

Qeyd edək ki, 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.

459
Teqlər:
ekspert, türk, 907-ci düzəliş, Co Bayden, Azərbaycan, ABŞ
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0