Qrafiti

ABŞ sanksiyalar yolu ilə özünün dünyadakı hökmranlığına son qoyur

14
(Yenilənib 22:17 09.04.2021)
Həm İran, həm də Koreya Xalq Demokratik Respublikasının təcrübəsində olduğu kimi illərlə ən sərt məhdudiyyətlər altında yaşamaq da mümkündür,

BAKI, 10 aprel — Sputnik, İrina Alksnis. Qərbdə Rusiya əleyhinə sanksiyalarının tətbiqi ilə bağlı hər şey öz qaydasındadır: kimsə onları işləyib hazırlayır və tətbiq edir, digərləri isə bu sanksiyalardan dəyən ziyanı minimuma endirmək üçün üsullar fikirləşib tapır. Ümumiyyətlə, bəzi hallarda bu rollar hətta üst-üstə düşür. Yəni, əvvəlcə sanksiyalar tətbiq olunur, sonra isə onların təşəbbüskarları özlərinin yaratdığı bataqlıqdan çıxmaq üçün çabalayırlar.

Rusiya isə öz faydası üçün yeni, lakin mahiyyətcə yeknəsəq tədbirlər görür: elitanın milliləşdirilməsindən tutmuş, texnoloji səyyarlığın təmin olunmasına qədər.

S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
© Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFP

Hazırda Vaşinqton "Şimal axını-2" qaz kəmərinin taleyinə dair danışıqlarda iştirak edəcək xüsusi nümayəndəliyə kimin təyin olunması ilə məşğuldur.

"Politico" nəşrinin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi tikilməkdə olan kəmərə qarşı növbəti iki sanksiya paketini təsdiq edib. Yeni "qara siyahı"da adı çəkilən kəmərin inşası və sonrakı istismarına cavabdeh olan İsveçrənin "Nord Stream 2 AG" şirkətinin və onun rəhbəri Matias Varniqin də adı var.

Layihənin cari ilin may ayında Konqresin təsdiqinə veriləcəyi gözlənilir. Lakin bu da dəqiq deyil, çünki yeni sanksiyalara dair son qərar hələ ki, qəbul olunmayıb. Aydındır ki, bu, Ağ Evin namizəd axtardığı emissarın danışıqlarından asılı olacaq. Həmin danışıqlar isə heç də Rusiya ilə deyil, Avropa ilə aparılacaq.

Əslində, hər iki partiya nümayəndələrinin Konqresdə təzyiq göstərərək "Şimal Axını-2" layihəsini nəyin bahasına olursa olsun dayandırılmasını tələb etdikləri Bayden administrasiyasının əsas problemi budur: Berlin təkidlə qaz kəmərini müdafiə edir. Və demokratların Trampın ciddi şəkildə zərər vurduğu Avropa ilə münasibətləri bərpa etmək istəyi sərt addımların atılmasını Ağ Ev üçün arzuolunmaz edir. Nəticədə Vaşinqton strateji əhəmiyyət daşıyan layihəni müdafiə edən Qərbi Avropanın inadkarlığını yumşaltmaq üçün danışıqlara ümid edir. Bu arada, jurnalistlərin də xatırlatdıqları kimi, artıq layihənin 96 faizi başa çatıb. Hərçənd, ortada sanksiya məsələsi də var. Bu məqamda "Bloomberg" seçkilərə müdaxilə və haker hücumlarına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı barədə məlumat yaydı. Həmin məlumata görə, Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat adı altında" fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər. Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla, Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil oluncaq.

Bu addımın Vaşinqton üçün "yan effekt" yaradacağı da qaçılmazdır. Bu yaxınlarda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun da qeyd etdiyi kimi, Vaşinqton yerli diplomatlara qarşı viza müharibəsinə başlayıb və bu səbəbdən hər iki ölkənin diplomatik missiyası texniki mütəxəssislər də daxil olmaqla kadr çatışmazlığı ilə qarşı-qarşıya qalıblar. Ancaq Rusiya səfirliyinin işçiləri "çətinliklərə və məhrumiyyətlərə sinə gərdikləri halda", amerikalılar işləmək məcburiyyətində qaldıqları dözülməz şəraitdən dəfələrlə şikayətlənərək bildiriblər ki, yüksək rütbəli diplomatlar səfirlik binası qarşısındakı qarı özləri kürüməli olur, dezinfeksiyaedici məhlulları özləri qarışdırırlar. Nəhayət, iş o yerə çatdı ki, ABŞ-ın Vladivostok və Yekaterinburqdakı iki konsulluğu texnik səbəblər üzündən fəaliyyətini dayandırmalı oldu.

Son illərdə sanksiya məsələsi həm Rusiya daxili proseslər, həm də beynəlxalq münasibətlər kontekstində adi, maraqsız mövzuya çevrilib. Qloballaşan birqütblü dünyada sanksiyalar, həqiqətən də, mövcud sistemi gücləndirmək üçün bir vasitə idi. Həm İran, həm də Koreya Xalq Demokratik Respublikasının təcrübəsində olduğu kimi illərlə ən sərt məhdudiyyətlər altında yaşamaq da mümkündür, ancaq yaddan çıxartmaq olmaz ki, bunun əvəzi vətəndaşların aşağı yaşayış səviyyəsi, milli iqtisadiyyatın və texnoloji inkişafın tənəzzülü ilə ödənir. Həmin vaxt sanksiyalar ölkənin inkişaf etmiş sivilizasiyalardan geri qalması demək idi: məsələn, SWIFT sisteminə əlçatanlığın olmaması və alternativ milli ödəmə sisteminin yaradılmaması səbəbindən mağazada adicə kartla ödənişi etmək mümkün deyildi.

Yeddi il əvvəl başlayan Rusiyaya qarşı sanksiyalar dalğasının əsas məqsədi də ölkəmizə bu şəkildə təsir göstərmək idi. Ancaq tamamilə əks nəticəyə gətirib çıxardı.

Sanksiyalar həm Qərbin birliyini, həm də bütövlükdə ABŞ-ın lider mövqedə olduğu qlobal sistemi zədələyir. On il əvvəl bu sanksiyalar "ipə-sapa yatmayan ölkələrin" texnoloji cəhətdən geri qalması üçün mexanizm rolunu oynayırdısa, indi onların inkişafını stimullaşdıran vasitəyə çevrilib.

İndi bizə yalnız Vaşinqtonun özünə açıq şəkildə zərər verən bu prosesi niyə davam etdirməsinin səbəbləri üzərində baş sındırmaq qalır. Bəlkə də, Amerika isteblişmenti sadəcə baş verənlərin əsl mahiyyətini görmür. Yaxud da, gerçəkliyi dərk etsələr belə, ABŞ-ın dünyadakı hegemonluğuna son qoyan bu prosesi dayandırmaq iqtidarında deyillər.

14
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Bayden Putinin görüşü: Bakının şansı qədərdir?

1617
Əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.

BAKI, 7 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co BaydenVladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

Bakının üstünlükləri 
Sözsüz ki, əgər bu görüş həqiqətən baş tutacaqsa, tərəflər onun harada keçirilməsi barədə qərarı özləri verəcəklər. Lakin biz, “Politico”dan fərqli olaraq, Bakını görüşün keçirilmə ehtimalı olan yerlər siyahısından silmirik.
Birincisi, ona görə ki, elə bu günlərdə ABŞ prezidentinin administrasiyası “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzadıb. Beləliklə, Bayden Azərbaycana birbaşa yardım etməyə icazə verib.
Özü də bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verib ki, bu da Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir.
İkincisi, Azərbaycan paytaxtı artıq neçə illərdir ki, ciddi beynəlxalq tədbirlərə ev sahibliyi edir, həmçinin ABŞ və Rusiyadan olan yüksək mənsəb sahiblərinin görüşləri üçün şərait yaradır.


Belə ki, 2017-ci ildə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov və NATO Hərbi komitəsinin rəhbəri Petr Pavel arasında görüş olub. Daha sonra, 2018-ci ildə Gerasimov iki dəfə Bakıda NATO birləşmiş qüvvələrinin ali baş komandanı Kertis Skaparotti ilə görüşüb. 2019-cu ildə isə Gerasimov bir daha Bakıya gələrək burada NATO Hərbi komitəsinin sədri ilə görüşüb.
2020-ci ilin fevralında, pandemiya ərəfəsində Azərbaycan paytaxtında rusiyalı generalın NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqları da keçirilib.
Bütün hallarda danışıqlar yüksək səviyyədə keçirilib və tərəflər Azərbaycan hakimiyyətinə tədbirlərin keçirilməsi üçün şərait yaratdığına görə minnətdarlıq ifadə ediblər.
Odur ki, əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.
Həm də ki, hazırda Bakı, bir çox Avropa paytaxtlarından fərqli olaraq, pandemiyadan sonra özünə gəlməyə başlayır. Şəhərdə faktiki olaraq heç bir məhdudiyyət yoxdur və baxmalı yerlər də var. Məsələn, dünyada yeganə olan “Suraxanı tanker-muzeyi”, İçəri Şəhərin Qoşa Qala qapısı yanındakı köhnə hamam, Hərbi Qənimətlər Parkı.

Eləcə də oxuyun: 

* Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir – politoloq şərhi

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Gerasimov Bakıda - NATO ilə təkbətək

 

1617
Vaşinqtonda Kapitoliyə mənzərə, arxiv şəkli

Həm hakim, həm qazanclı: Okeanın o tayından gələn mesajı necə anlamalı

460
(Yenilənib 20:08 04.05.2021)
Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb pul qazanmaq istəyər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Azərbaycan özəlliklə Qarabağ müharibəsində qələbə qazandıqdan sonra regional geosiyasət baxımından son dərəcə önəmli və nüfuzlu ölkə olduğunu sübut etdi. İstər Silahlı Qüvvələrinin, istər də dövlətin, istərsə də iqtisadiyyatının gücü gələcəkdə Qafqaz regionunda Azərbaycanın söz sahibi olacağını aydın şəkildə göstərdi. Təbii ki, Birləşmiş Ştatlar da bunu gördü və ABŞ Azərbaycanı yanında görmək istəyir".

Bu barədə Sputnik Azərbaycan-a türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Birləşmiş Ştatlar Prezidenti Co Baydenin Azərbaycana hərbi yardım edilməsinə icazə verməsi barədə məlumatı şərh edərkən bildirib.

Ağar xatırladıb ki, Birləşmiş Ştatlar öz hədəfləri və mənfəətləri üçün çoxşaxəli siyasət və strategiya həyata keçirir: "Özəlliklə həm terror təşkilatları, həm dövlətdən kənar aktorlar, həm haqlı dövlətləri, həm də haqsız dövlətləri hər hansı prinsip, dəyər gözləmədən öz mənfəəti naminə istifadə etməyə, idarə etməyə və yönləndirməyə çalışır. Bu baxımdan ABŞ-ın siyasət və strategiyasını anlamaq son dərəcə önəmlidir. Əgər onun siyasət mesajını anlamasanız, ABŞ sizi öz mənfəətləri üçün istifadə edər, müəyyən müddət sonra siz onun vassalına çevrilərsiniz. Buna çox diqqət etmək lazımdır. Mən heç zaman ABŞ-la işbirliyi qurmaq olmaz demirəm, lakin ən önəmlisi bərabər hüquqda işbirliyinin olmasıdır".

Türkiyəli eksperti qeyd edib ki, Azərbaycan ABŞ üçün həm Qafqaz regionunda, həmçinin gələcəkdə Asiya ilə bağlı ortaya qoyacağı siyasət və strategiya baxımından önəmli yerə malikdir:

"ABŞ rəhbərliyi bu qərarı verməklə Azərbaycanı itirməməyə çalışır. Lakin bir şeyi unutmayaq ki, ABŞ çoxşaxəli bir siyasət və strategiya yerinə yetirir. Yəni iki düşmən gücü eyni anda dəstəkləyərək bir nəticə əldə etməyə çalışır. Rəsmi Vaşinqton həm hakim olmağa çalışır, həm də kimin qalib və məğlub olmasından asılı olmayaraq həmişə özünün qazanmasını istəyir. ABŞ-ın Rusiya ilə çox ciddi bir rəqabəti var. Bu rəqabət baxımından Azərbaycan onun üçün çox önəmli bir aktordur.

Digər tərəfdən ABŞ Çinlə də rəqabətdədir. Çinin "Bir kəmər, bir yol" layihəsi başda olmaqla bir çox məsələlərlə bağlı da ABŞ Azərbaycanla münasibətlərinin yaxşı olmasını istəyər. Digər tərəfdən ABŞ prezidenti Co Bayden sözdə erməni "soyqırımı" ifadəsi işlətməklə Türkiyə ilə yanaşı, Azərbaycanla olan münasibətlərinə də zərər vurdu. Bayden bu gedişi ilə Azərbaycanın da könlünü almağa çalışıb. Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmışdı. Böyük ehtimalla bu məsələyə də telefon danışığı zamanı toxunulmuşdu".

Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb, pul qazanmaq istəyər.

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Co Bayden Azərbaycana hərbi yardım edilməsinə icazə verib. Belə ki, Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır.

Aprelin 26-sı Konqresə göndərdiyi bildirişdə ABŞ Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, bu cür yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacaq və mane olmayacaq, həmçinin Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.

Dövlət katibi, həmçinin qeyd edib ki, yardım beynəlxalq terrorizmə qarşı mübarizə səylərində Azərbaycanı dəstəkləmək, həmçinin bu ölkənin sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazımdır.

Qeyd edək ki, 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.

460
Teqlər:
ekspert, türk, 907-ci düzəliş, Co Bayden, Azərbaycan, ABŞ
Dəniz sagilində kişilər, arxiv şəkli

Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir

0
Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır.

BAKI, 9 may — Sputnik. Cəmiyyətimizin istənilən problemi həm də bizim – fərdlərin problemidir. Bu gün qarşılaşdığımız problemlər övladlarımızın gələcəyi üçün ciddi təhdid və narahatlıqdır. Cəmiyyəti qoruyan, onu inkişaf etdirən, gələcəyini müəyyən edən bəlli dəyərlər sistemi olmalıdır və cəmiyyətlər dəyərlər üzərində bərqərar olur. Bəzi dəyərlər ildən ilə dəyişə, bəziləri zamanın tələbi ilə “dəyərsizləşə” bilər. Qloballaşan dünyada assimilyasiyanı haradasa normal qəbul etmək olar (Şübhəsiz bu məqam ciddi müzakirə mövzusudur. Yəni, polemikaya açıq məsələdir - C.C.) İnternetin və texnologiyanın inkişafı müəyyən sərhədlərin aradan qalxmasına səbəb olur. Ancaq elə dəyərlər var ki,  assimilyasiyası qətiyyən qəbul edilə bilməz və bu dəyərlərin zorakı assimilyasiyasına mane olmağımız qaçılmazdır. Xalq, cəmiyyət qorunmalı olan dəyərlərinə sahib çıxmasa yaranan xaos, qarışıqlıq qarşısıalınmaz olacaq. Cəmiyyətdə insani münasibətlərin normal olmaması az-çox ictimai məsuliyyəti olan, yaşadığı cəmiyyətin gələcəyi üçün əndişə keçirən fərdləri narahat etməlidir.

***

Cəmiyyətdə müəyyən bir qrupun laqeyidləşməsinin, biganəliyin və insani münasibətlərdə soyuqluğun iqtisadi-sosial, fəlsəfi-psixoloji səbəbləri daha dərində gizlidir. Bir tərəfdən dəyərlər sisteminin liberallaşması, digər tərəfdən mental dəyərlərin həyatımıza yersiz müdaxiləsi cəmiyyətdə bivec, taleyinə və həyatına biganə insanların sürətlə artmasına, cəmiyyəti var edən dəyərlərin aşınmasına səbəb olur. Dilemma qarşısında qalan hazırlıqsız fərd əxlaqi dəyərlərdən tamamilə imtina etməyin çıxış yolu olduğunu düşünərək bir növ özündən və cəmiyyətdən qisas alır. Mentallıq, saxta əxlaqi dəyərlər cəmiyyətə nə qədər ziyan vurursa, liberal dəyərlərin düzgün anlaşılmaması, normal yaşamaq üçün lazım olan əxlaqi prinsipləri qavramayan insanlar üçün daha çox təhlükə mənbəyidir. Son vaxtlar diqqətimi çəkən müəyyən polemikalarda məhz bu xaosun şahidi olduq. Feminizmdən danışanların yarımçıq bilgilərlə “silahlanıb” bu anlayışı lağ hədəfinə çevirməsi, müharibə əleyhidarlarının ölkədə işğalçılara qarşı aparılan mübarizə dönəmində aktivləşib əslində müharibə əleyhidarlığını mahiyyətindən uzaqlaşdırmaları, liberal düşüncə tərəfdarlarının şəhidlərə qarşı sayğısız davranışları ilə cəmiyyətdə qəzəb yaratmaları pis nümunələrdir. Liber dəyərlərin mühafizəkarlığı bu şəkildə assimilyasiyaya məruz qoyması qəbuledilməzdir.

***

Cəmiyyət vahid, kökü və ənənəsi olan dəyərlərə söykənməlidir. Təbii ki, bu dəyərlərə qarşı çıxanlar, müxalif olanlar da olmalıdır. Hər bir dəyərə qarşı alternativ təklif etmək və ya bu alternativlərlə yaşamaq mümkündür, qəbulediləndir. Yetər ki, cəmiyyət üçün “həssas nöqtələrə” yersiz hücum etməyək. Qulaqdandolma fikirlər cəmiyyətdə xaos yaradır, ötəri informasiyalar, "fast food" bilgilər insanları qeyri-müəyyənliyə sürükləyir. Gözümüzün qarşısında assimilyasiyaya uğrayan dəyərlər bu xaos üçün ilkin həyəcan siqnalı sayıla bilər.

***

Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır. Cəmiyyətin bir qismi ümumiyyətlə bu xəbərləri soyuqqanlı şəkildə qulaqardına vurur, çox az bir qisim insan isə əndişə, narahatlıq keçirir. Bu yaxınlarda xəbər saytlarında qarşılaşdığım “Molla əsgər anasını qətlə yetirdi” başlıqlı xəbərin vahiməsi məni əməlli başlı diksindirdi. Cəmiyyətimizdəki bu cür eybəcərliklərin gələcəyimizə böyük təhlükə yaratdığını düşünürəm. Eyni zamanda din adamının cinayətkar olmasının qabardılması, müzakirə olunması məni daha çox narahat etdi. Dinə və dindarlara qarşı loyal yanaşsam da, dini dəyərlərin cəmiyyətimizdə önəmli yerə sahib olduğunun fərqindəyəm. Məhz cinayət xəbərinin bu şəkildə tirajlanması, dinə qarşı aqressiyanın yaranmasına rəvac verir. Sosial şəbəkələrdə cinayət, cinayətin motivi bir kənarda qalır, din, din xadimi, molla müzakirə olunur. Halbuki cinayətkarın dini mənsubiyyətini vurğulamaq üçün heç bir səbəbimiz  yoxdur. Çünki islam dini əsgər anasını zorlamağa, ümumiyyətlə cinsi zorakılığa haqq qazandıran din deyil. Deməli küyə gedib islamı tənqid etmək üçün də səbəbimiz yoxdur. Çünki cinayətkarın milli, irqi və dini mənsubiyyəti müzakirə mövzusu olmamalıdır. Hansısa din xadiminin cinayətinə görə onun dinini qınamaq  ədalətsizlikdir. Təəssüf ki, din xadiminin əməli olun təmsil və təbliğ etdiyi dinə başucalığı gətirmir. Eyni zamanda cəmiyyətin dini dəyərlərini də gözdən salır. Bunu anlayırıq. Bizi narahat edən gələcəyimizdir. Dəyərlərindən uzaq düşmüş cəmiyyətin gələcəyi hamımızı narahat etməlidir.

İnsani münasibətlər, ailə dəyərləri, əxlaq normaları bu şəkildə pozulubsa, cəmiyyətin gələcəyi ilə bağlı nikbin düşünmək olarmı?

0