Yerevanda vəziyyət

Yerevanda ölən ümidlər Rəsmi Bakıdan ermənilərə növbəti xəbərdarlıq

2580
(Yenilənib 16:32 09.04.2021)
Ermənistan mediasında tez-tələsik Rusiya təyyarəsinin Yerevana Bakıdan deyil, Rostovdan gəlməsi barədə məlumatlar yayıldı.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Ermənistan paytaxtı Yerevanda ötən gün, daha doğrusu axşam saatlarında baş verənləri ən yaxşı halda tragikomediya adlandırmaq olar. Belə ki, Ermənistan KİV-i durduq yerdə guya Bakıdan Ermənistana bir qrup erməni "əsir"inin gətirilməsi ilə bağlı məlumatlar tirajlamağa başladı. Hətta erməni mediası təyyarənin enəcəyi Erebuni hava limanından birbaşa efirə də çıxmaqdan belə, çəkinmədi. Erməniləri bu mövzu ilə bağlı ürəkləndirən başqa bir məqam isə baş verənlərin Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələni qaldırması və sonuncunun Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi idi. Lakin "əsir"lərin guya qaytarılması ilə bağlı məlumatları sevinclə yayımlayan ermənilərin ümidləri gözlərində qaldı. Bir müddət sonra Erebuni hava limanında enən Rusiya təyyarəsindən yalnız Dağlıq Qarabağda olan Rusiya sülhməramlılarının rəhbəri general-leytenant Rüstəm Muradov düşdü. Bundan sonra isə Ermənistan mediasında tez-tələsik Rusiya təyyarəsinin Yerevana Bakıdan deyil, Rostovdan gəlməsi barədə məlumatlar yayıldı.

Bütün baş verənlər fonunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə birgə mətbuat konfransı keçirib və bu məsələyə toxunub. Mətbuat konfransı zamanı nazir bildirib ki, üçtərəfli bəyanata uyğun olaraq, döyüş əməliyyatları zamanı götürülmüş bütün hərbi əsirlər Ermənistan tərəfinə təhvil verilib:

"Hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir. Sonradan antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. Üçtərəfli razılaşmanın bütün tərəfləri öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidir. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir".

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan diversantlarla bağlı məsələdə spekulyasiyalar etməklə özünün üçtərəfli bəyanata zidd addımlarını gizlətmək istəyir: "Üçtərəfli bəyanata əsasən, Ermənistan hərbçiləri qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməlidir, lakin biz hələ də görürük ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbçilər yerləşdirməyə cəhd edilir".

Baş verənlər göstərir ki, rəsmi Bakı bu məsələdə öz prinsipial mövqeyini davam etdirəcək və Yerevana heç bir güzəştə getməyəcək. Ermənistan üçün isə hazırda bir yol qalır - mövcud reallıqla barışmaq və ən qısa zamanda ötən ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən erməni qoşunlarını çıxarmaq. Rəsmi Yerevan bu öhdəlikləri nə qədər tez, qısa zamanda yerinə yetirərsə, bir o qədər Ermənistan üçün yaxşı olar. Əks halda, Azərbaycanın bir yolu qalır - antiterror əməliyyatlarına başlamaq. Azərbaycan Rusiya və Ermənistan liderləri arasında üçtərəfli razılaşmadan sonra ölkəmizin aktiv şəkildə həm Türkiyə ilə keçirdiyi birgə, həm də fərdi qaydada keçirdiyi təlimlər ordumuzun belə bir mümkün əməliyyata hazır olduğunu göstərir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

2580
Vaşinqtonda Kapitoliyə mənzərə, arxiv şəkli

Həm hakim, həm qazanclı: Okeanın o tayından gələn mesajı necə anlamalı

457
(Yenilənib 20:08 04.05.2021)
Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb pul qazanmaq istəyər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Azərbaycan özəlliklə Qarabağ müharibəsində qələbə qazandıqdan sonra regional geosiyasət baxımından son dərəcə önəmli və nüfuzlu ölkə olduğunu sübut etdi. İstər Silahlı Qüvvələrinin, istər də dövlətin, istərsə də iqtisadiyyatının gücü gələcəkdə Qafqaz regionunda Azərbaycanın söz sahibi olacağını aydın şəkildə göstərdi. Təbii ki, Birləşmiş Ştatlar da bunu gördü və ABŞ Azərbaycanı yanında görmək istəyir".

Bu barədə Sputnik Azərbaycan-a türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Birləşmiş Ştatlar Prezidenti Co Baydenin Azərbaycana hərbi yardım edilməsinə icazə verməsi barədə məlumatı şərh edərkən bildirib.

Ağar xatırladıb ki, Birləşmiş Ştatlar öz hədəfləri və mənfəətləri üçün çoxşaxəli siyasət və strategiya həyata keçirir: "Özəlliklə həm terror təşkilatları, həm dövlətdən kənar aktorlar, həm haqlı dövlətləri, həm də haqsız dövlətləri hər hansı prinsip, dəyər gözləmədən öz mənfəəti naminə istifadə etməyə, idarə etməyə və yönləndirməyə çalışır. Bu baxımdan ABŞ-ın siyasət və strategiyasını anlamaq son dərəcə önəmlidir. Əgər onun siyasət mesajını anlamasanız, ABŞ sizi öz mənfəətləri üçün istifadə edər, müəyyən müddət sonra siz onun vassalına çevrilərsiniz. Buna çox diqqət etmək lazımdır. Mən heç zaman ABŞ-la işbirliyi qurmaq olmaz demirəm, lakin ən önəmlisi bərabər hüquqda işbirliyinin olmasıdır".

Türkiyəli eksperti qeyd edib ki, Azərbaycan ABŞ üçün həm Qafqaz regionunda, həmçinin gələcəkdə Asiya ilə bağlı ortaya qoyacağı siyasət və strategiya baxımından önəmli yerə malikdir:

"ABŞ rəhbərliyi bu qərarı verməklə Azərbaycanı itirməməyə çalışır. Lakin bir şeyi unutmayaq ki, ABŞ çoxşaxəli bir siyasət və strategiya yerinə yetirir. Yəni iki düşmən gücü eyni anda dəstəkləyərək bir nəticə əldə etməyə çalışır. Rəsmi Vaşinqton həm hakim olmağa çalışır, həm də kimin qalib və məğlub olmasından asılı olmayaraq həmişə özünün qazanmasını istəyir. ABŞ-ın Rusiya ilə çox ciddi bir rəqabəti var. Bu rəqabət baxımından Azərbaycan onun üçün çox önəmli bir aktordur.

Digər tərəfdən ABŞ Çinlə də rəqabətdədir. Çinin "Bir kəmər, bir yol" layihəsi başda olmaqla bir çox məsələlərlə bağlı da ABŞ Azərbaycanla münasibətlərinin yaxşı olmasını istəyər. Digər tərəfdən ABŞ prezidenti Co Bayden sözdə erməni "soyqırımı" ifadəsi işlətməklə Türkiyə ilə yanaşı, Azərbaycanla olan münasibətlərinə də zərər vurdu. Bayden bu gedişi ilə Azərbaycanın da könlünü almağa çalışıb. Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmışdı. Böyük ehtimalla bu məsələyə də telefon danışığı zamanı toxunulmuşdu".

Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb, pul qazanmaq istəyər.

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Co Bayden Azərbaycana hərbi yardım edilməsinə icazə verib. Belə ki, Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır.

Aprelin 26-sı Konqresə göndərdiyi bildirişdə ABŞ Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, bu cür yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacaq və mane olmayacaq, həmçinin Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.

Dövlət katibi, həmçinin qeyd edib ki, yardım beynəlxalq terrorizmə qarşı mübarizə səylərində Azərbaycanı dəstəkləmək, həmçinin bu ölkənin sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazımdır.

Qeyd edək ki, 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.

457
Teqlər:
ekspert, türk, 907-ci düzəliş, Co Bayden, Azərbaycan, ABŞ
Co Bayden, arxiv şəkli

Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

550
(Yenilənib 13:57 04.05.2021)
"Bu baxımdan Baydenin bu qərarı bizim üçün bir uğur olaraq dəyərləndirilməlidir. Çünki Co Bayden vitse-prezident olduğu vaxt dəfələrlə 907-ci düzəlişin ləğvinin əleyhinə olub. İndi isə o, bir növ özü-özünü inkar edərək bu düzəlişin dayandırılmasının müddətini uzadıb".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycana hərbi yardım edilməsinə icazə verib. Belə ki, Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır. Baydenin qondarma erməni "soyqırım" ifadəsi işlətməsindən qısa müddət sonra belə bir qərar verməsi olduqca maraqla qarşılanıb. Belə ki, Co Bayden hələ özü ABŞ-ın vitse-prezidenti olduğu dövrdə dəfələrlə "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin ləğvinin əleyhinə çıxıb. Təbii ki, ABŞ Prezidentinin bu qərarı Bakı ilə Vaşinqton arasında münasibətlərə müəyyən mənada təsir edəcək. Sputnik Azərbaycan ABŞ rəhbərliyinin bu qərarı, onun nəticələri barədə hərbi ekspert Ədalət Verdiyevlə həmsöhbət olub.

Ədalət Verdiyev bildirib ki, bu qərar qəbul olunmasaydı, Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən sərhədlərin təhlükəsizliyi, hərbi, hərbi-texniki sahədə əməkdaşlığı məhdudlaşdıra bilərdi: "Bilirik ki, Co Bayden özü vitse-prezident olduğu müddətdə bu düzəlişin ləğvinə qarşı çıxanlardan biri olub. Əslində, mən prezident Baydenin belə bir qərar verəcəyini gözləmirdim. Təbii ki, Azərbaycan hazırda hərbi sahədə ABŞ-ın yardımından o qədər də asılı deyil. ABŞ tərəfindən hərbi yardım qismində ayrılan vəsait olduqca simvolikdir. Lakin bu işin beynəlxalq imic, prestij tərəfi də var".

© Photo : Courtesy of Adalyat Verdiev
Hərbi ekspert Ədalət Verdiyev

Hərbi ekspert bildirib ki, Baydenin əks addımı ABŞ-ın dövlət səviyyəsində Azərbaycanla əməkdaşlığına maneə yaradacaqdı: "Bu isə ABŞ orbitində olan digər dövlətlərin, xüsusilə NATO və digər qərb dövlətlərinin Azərbaycanla əməkdaşlığında inamın itməsi ilə nəticələnə bilərdi.

Yəni bu ölkələr adətən Birləşmiş Ştatların ağzına baxırlar. Əgər ABŞ hər hansı bir məsələ ilə bağlı mövqe bildirirsə, bu ölkələr onun iradəsinin əksinə hərəkət etmirlər. Bu baxımdan Baydenin bu qərarı bizim üçün bir uğur olaraq dəyərləndirilməlidir. Çünki Co Bayden vitse-prezident olduğu vaxt dəfələrlə 907-ci düzəlişin ləğvinin əleyhinə olub. İndi isə o bir növ özü-özünü inkar edərək bu düzəlişin dayandırılmasının müddətini uzadıb".

Ədalət Verdiyev vurğulayıb ki, rəsmi Vaşinqton "Azadlığa Dəstək" Aktının 907-ci düzəliş qəbul edərkən yanlışlıq etdiyini anlamağa başlayıb: "Belə ki, onlar bu düzəlişi qəbul edərkən artıq Azərbaycanın Şuşa, Laçın və Xocalı şəhərləri işğal olunmuş, Xocalı soyqırımı isə törədilmişdi. Belə bir şəraitdə ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edir. Bu bir gecədə qəbul olunan ədalətsiz qərar idi. Halbuki bu qərar Azərbaycana yox, işğalçı Ermənistana qarşı qəbul olunmalı idi.

İndi Baydenin bu qərarı həm də demokratların öz səhvlərini qəbul etməsi anlamına da gələ bilər. Artıq onlar da azərbaycanlılara, türklərə qarşı "erməni soyqırımı" məsələsində haqsızlıq etdiklərinin fərqindədirlər. Birləşmiş Ştatlar, həmçinin yaxşı anlayır ki, regionda, Qafqazda Azərbaycan və Türkiyə olmadan, bu ölkələrin maraqları nəzərə alınmadan hər hansı bir ciddi layihəni həyata keçirə bilməz. Azərbaycan və Türkiyə regionun əsas söz sahibləridir. Birləşmiş Ştatlar öz qoşunlarını Əfqanıstandan çıxarmağa hazırlaşır və proses 5-6 ay çəkəcək. Bu müddətdə də Azərbaycan rəsmi Vaşinqtona hava-su kimi lazımdır".

Ekspert, həmçinin qeyd edib ki, Birləşmiş Ştatların başı Qarabağda gedən Vətən müharibəsi zamanı öz daxili işlərinə - seçkilərə və koronavirusla mübarizəyə qarışdığından regiona diqqət ayırmadılar: "Lakin Vaşinqton haqlı davasında Azərbaycana dəstək nümayiş etdirmədi. Rəsmi Bakı sülhməramlı missiyalarda, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsində ABŞ-a verdiyi dəstəyə adekvat cavab ala bilmədi".

Ədalət Verdiyev vurğulayıb ki, Bayden sözdə erməni "soyqırımı" çıxışından sonra Azərbaycanla bağlı bu qərarı verməklə regionda bir növ balansı qorumaq, həmçinin Türkiyə ilə münasibətləri sona qədər pozmamaq üçün belə bir qərar verib.

550
Teqlər:
təhlil, ekspert, hərbi yardım, Konqres, ləğv, 907-ci düzəliş, ABŞ, Azərbaycan
Xankəndi, arxiv şəkli.

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

6
(Yenilənib 16:08 06.05.2021)
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

BAKI, 6 may — Sputnik. Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.

Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.

Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.

"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.

Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

 

6
Teqlər:
sülhməramlılar, Rusiya, Njde