Neft buruğu, arxiv şəkli

ABŞ-ın Rusiya neftindən asılılığı artır

16
(Yenilənib 00:38 05.04.2021)
Analitiklərin sözlərinə görə, indi Amerikanın neftayırma zavodları məhz Rusiyadan gələn mazutun sayəsində öz işini davam etdirə bilir.

BAKI, 1 aprel — Sputnik, Natalya Dembinskaya. Amerikalılar Moskva ilə münasibətlərin pisləşməsi və "Şimal Axını-2" səbəbindən Avropaya təzyiqlər fonunda yeni sanksiya təhdidlərinin sədası altında Rusiyadan neft idxalını kəskin şəkildə artırıb. Bəs niyə bu ölkənin xarici siyasəti ABŞ-ın Rusiyadan daha çox enerji resursları əldə etməsinə mane olmur? Sualın cavabı RİA Novosti-nin növbəti materialında.

İdxalı artırdılar

ABŞ Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsi keçən il Rusiyadan ABŞ-a neft və neft məhsulları idxalının 3,5 faiz artaraq 9 ilin ən yüksək səviyyəsinə çatdığını bəyan etdi. Rusiya bazarda tarazlığı bərpa etmək üçün ixracatı kəskin şəkildə azaldan Səudiyyə Ərəbistanını sıxışdıraraq ABŞ-ın tədarükçüləri arasında ikinci yerə çıxdı. 2020-ci ildə amerikalılar Rusiyadan gündəlik orta hesabla 538 min, Səudiyyə Ərəbistanından isə 522 min barel neft alıb. Rusiya neftinin ən böyük alıcıları müvafiq olaraq 55 və 50 milyon barel neft idxal edən "Valero" və "Exxon"dur. Rusiyadan tədarük olunan neftin, demək olar ki, yarısını bu iki şirkət alır.

Başqa əlac yoxdur

Venesueladan gələn xammal əldən çıxandan sonra Amerika neftayırma zavodları Rusiyaya üz tutub. Bu, 2019-cu ildə "Petroleos de Venezuela S.A"-ya qarşı sanksiyalar tətbiq edən Donald Trampın "xidməti"dir. Nəticədə tədarük zənciri qırıldı və "Citgo Petroleum", "Valero Energy", "Chevron" da daxil olmaqla, Meksika Körfəzi və Şərq sahilboyundakı zavodlar çətin vəziyyətə düşdü. Amerikalılar Rusiyadan daha çox xam neft deyil, benzin istehsalı üçün vacib olan mazut alır.

"Venesuela neftindən məhrum olan və ənənəvi OPEC tədarükçülərinin xammal qiymətlərini qaldırması ilə qarşı-qarşıya qalan ABŞ Rusiya mazutunun əsas istehlakçısına çevrilib", – deyə Oxford Enerji Araşdırmaları İnstitutunun elmi əməkdaşı Adi İmsiroviç qeyd edir.

OPEC-in istehsalı azaltması ilə vəziyyət bir az da ağırlaşdı. Səudiyyə Ərəbistanından neft idxalı hazırda 1985-ci ildən bəri ən aşağı səviyyədədir. Analitiklərin sözlərinə görə, indi Amerikanın neftayırma zavodları məhz Rusiyadan gələn mazutun sayəsində öz işini davam etdirə bilir.

Şist nefti böhranı

Vəziyyətə pandemiya səbəbindən şist nefti sənayesinin iflasa uğraması da öz təsirini göstərib. Əgər əvvəl ABŞ-da bir gündə 13 milyon barel şist nefti istehsal edilirdisə, indi bu göstərici 11 milyona düşüb. Pandemiya nəticəsində enerji mənbələrinə olan tələbat və neft qiymətləri kəskin şəkildə azalıb. Qaz və qazma qurğularının sayı da durmadan azalır və şirkətlər fəaliyyətini dayandırır. 150-yə yaxın neft şisti istehsal edən şirkət iflasa uğrayıb. Onlar, ilk növbədə pandemiyadan əvvəl də problemi olan şirkətlərdir ki, kəskin investisiya çatışmazlığı şəraitində borca düşüblər.

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, 2020-ci ildə investisiyalar yarıdan çox azalaraq 45 milyard dollara enib. BEA-da belə hesab edirlər ki, bu ilin mart ayının göstəricilərinə görə, sutkalıq neft şisti emalı 7,5 milyon barelə qədər azalacaq.

Neft çıxarılan yeddi bölgədən altısında – Anadarko, Bakken, Nayobrara, İql-Ford, Berman, Geynsvill, Appalaçidə mənfi dinamika müşahidə olunur.

"Fitch"-in proqnozuna görə, neft şisti sənayesi qarşıdakı iki-üç il ərzində böhrandan əvvəlki səviyyəyə qayıda bilməyəcək – indi istehsalçıları hasilatı artırmasından çox xərclərin optimallaşdırılması və sərmayə gəliri maraqlandırır.

Gülünc vəziyyət

Beləliklə, ABŞ özünü olduqca gülünc vəziyyətə salıb: "Bloomberg" qeyd edir ki, Rusiya neftindən asılılığın artması dövlətin enerji siyasətinə tamamilə ziddir. Bir tərəfdən, Vaşinqton Avropaya öz qazını satmaq üçün bu qitə ölkələrini Rusiyanın "Şimal axını-2" layihəsindən imtinaya məcbur etmək üçün əlindən gələni əsirgəmir, digər tərəfdən, Amerika neftayırma zavodları hazırda Rusiyadan əvvəlkindən daha çox xammal alır.

"Texasdakı Beytaun neft emalı zavoduna yanaşan neft tankerləri eynilə Hyuston Gəmiçilik Kanalı hövzəsindəkilərə bənzəyir. Lakin onların anbarında qeyri-adi yük var: Rusiya nefti. Rusiyanın ABŞ-a neft ixrac edən əsas tədarükçülərdən birinə çevrilməsi Kremlin uğurunu və Vaşinqtonun siyasətini öz xeyrinə dəyişmək qabiliyyətini bir daha təsdiqləyir", – deyə agentlik yazır.

"Halbuki Tramp ABŞ-ın enerji sahəsində fövqəldövlətə çevrildiyi və ölkənin heç vaxt "düşmən xarici tədarükçülərdən" asılı olmayacağı ilə qürrələnirdi", – Hyustondakı Rays Universitetinin neft məsələləri üzrə analitiki Mark Finli belə deyir.

Maraqlıdır ki, Vaşinqton vəziyyəti şərh etmək istəmir. Bununla belə, idxalın davamlı şəkildə artması ABŞ-ın keçmiş prezidenti Donald Trampın iddia etdiyi enerji müstəqilliyi ilə bağlı mantranın işə yaramadığını açıq şəkildə göstərir.

16
Şimal axını - 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

Rusiya ABŞ Avropa bazarını bölüşdürürlər: qaz anbarlarını kim dolduracaq?

14
(Yenilənib 00:39 13.04.2021)
"Qazprom"un hesablamalarına görə, gələn qış mövsümündə donmamaq üçün avropalılar ötən illə müqayisədə anbarlara 57,3% daha çox (24 milyard kubmetrdən çox) qaz vurmalıdırlar.

BAKI, 13 aprel — Sputnik, İrina Badmayeva. Soyuq və uzun sürən qış mövsümündə Avropanın qaz anbarları demək olar ki, boşalıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Avropa anbarlarında toplanmış qaz ehtiyatının cəmi 1/3-i qalıb. Amerikalılar bundan istifadə etmək qərarına gələrək çoxlu sıxılmış qaz təklif ediblər. Lakin koronavirus pandemiyası ilə bağlı böhran Avropa ölkələrinə okeanın o tayından gələn enerji ehtiyatlarına pul xərcləməyə imkan vermir. Odur ki onlar Rusiya qazını almalı olacaqlar. "RİA Novosti" agentliyi "Qazprom"un və Rusiyanın büdcəsinə qaz ixracı nəticəsində nə qədər vəsait daxil olacağını araşdırıb.

Avropa üçün anomal şaxtalı hava şəraiti

Ötən payız və qış mövsümündə avropalılar son on il ərzində ən maksimum həcmdə, yəni 65 milyard kubmetr qaz işlədiblər. "Gas Infrastructure Europe"-un məlumatına görə, qaz sərfiyyatında bundan əvvəlki pik 2018-ci ildə qeydə alınıb. Belə ki, həmin ilin fevral-mart aylarında Avropada anomal şaxta və bol qar yağması ilə müşayiət olunan siklon hökmran olub.

Hava şəraiti bu ilki isitmə mövsümündə də Avropa ölkələri ilə acı zarafat edib. Odur ki "Qazprom" yanvar ayında soyuqdan buz bağlamış Avropaya qaz tədarükünü artırmalı olub. Almaniyaya adi qaydada olduğundan 32,4%, Fransaya 77,3%, Hollandiyaya 21,2%, İtaliyaya isə ümumiyyətlə 2 dəfə artıq qaz ixrac olunub.

Bundan əlavə, soyuq iqlam şəraitinin hakim olduğu Asiya ölkələrinə də qaz ixracının həcmi artıb. Nəticədə bazarda spot qiymətlərinin (həmin qiymətlər üzrə mallar, qiymətli kağızlar və valyuta dərhal çatdırılma şərti ilə satılır) kəskin artımına gətirib çıxaran defisit yaranıb.

Beləliklə, Asiyada elə gün olub ki, kotirovka qiymətləri min kubmetr üçün 1000 dolları ötüb. Bəzi hallarda isə sövdələşmələr hətta 1400 dollardan bağlanıb. Avropada qiymətlər 300 dollarlıq həddi keçib. Halbuki "Qazprom"un büdcəsində 2021-ci il üçün qazın qiyməti 170 dollar nəzərdə tutulub.

Nəticədə uzaq xaricə Rusiya qaz ixracının həcmi 19,5 milyarda kubmetrə qədər artıb. Bu isə bir il əvvəlkinə nisbətən 46% çoxdur.

Fevral ayında da hava o qədər xoş olmayıb. Belə ki, bu ay ərzində Avropadakı anbarlardan istehlakçılara maksimum həcmdə - sutka ərzində milyard kubmetrdən çox qaz ötürülüb.

Soyuq mövsümün sonunda, martın 25-də yeraltı anbarlarda olan qazın orta həcmi 29%-ə qədər düşüb: konkret olaraq Almaniya və Avstriyada 26%, Niderlandda 23%, Fransada isə 17%.

"Qazprom"un hesablamalarına görə, gələn qış mövsümündə donmamaq üçün avropalılar ötən illə müqayisədə anbarlara 57,3% daha çox (24 milyard kubmetrdən çox) qaz vurmalıdırlar.

Bu isə 2020-ci ildə Fransa və Hollandiyaya ixrac olunmuş qazın ümumi həcminə bərabərdir. Anbarlara qaz vurulması kampaniyası 2011-ci ildən bu günə qədər ən genişmiqyaslı kampaniya olacaq.

Rusiya qazının alternativləri

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın sözlərinə görə, 2020-ci ildə Avropa bazarında Rusiya qazının həcmi təqribən 33% olub. Onun sözlərinə görə, "artıq ilin üçüncü rübündən başlayaraq ixracın həcmi böhrandan əvvəlki həcmə çatıb, bəzi hallarda isə keçib", - deyə baş direktor bildirib.

İdxalçılar qarşısında bütün öhdəliklər yerinə yetirilib. İlin sonuna isə müqavilələr üzrə qiymətlər Avropa qaz qovşaqlarında spot qiymətlərinə nisbətən aşağı olduğu üçün Rusiya qazının ixrac həcmini daha da stimullaşdırıb.

Avropa İttifaqı ölkələrinə mavi yanacaq Rusiyada savayı Norveç, Qətər, Əlcəzair, ABŞ və Nigeriyadan tədarük olunur. Özü də almanlar və ingilislər rus qazını "Şimal axını" vasitəsilə alırlar. Başqa variant yoxdur. Əlbəttə, sıxılmış təbii qaza da keçmək olar, lakin bu yanacaq növü bahadır. Bundan əlavə, onun üçün xüsusi terminallar olmalıdır. Almaniyada isə bu tipli saxlanclar yoxdur. Həm də sıxılmış qaz Almaniyaya Belçika və Niderland ərazisi ilə çatdırılır.

İtaliya və Böyük Britaniyada bu tipli terminallar var, lakin onlar da boru kəməri ilə nəql olunan qazdan imtina etməyə tələsmirlər. Buna görə də, Rusiya qazının əsas müştəriləri ABŞ-ın "Şimal axını-2" layihəsi ilə mübarizəsini dəstəkləmirlər. Bundan əlavə, Almaniya ABŞ-ın "Şimal axını-2" layihəsini rahat buraxması üçün Birləşmiş Ştatların sıxılmış təbii qazının qəbulu üçün terminalların inşasını maliyyələşdirməyi də təklif edib. Ötən ilin yayında Berlin bu məqsədlər üçün milyard avro ayırmağa hazır idi. Lakin Vaşinqton tutduğundan əl çəkmir.

Avropa İttifaqında rus qazının rəqiblərinin sayı çoxdur: Çexiya, Polşa, Macarıstan, Slovakiya, Rumıniya, Xorvatiya. Onlar qaz tranziti ölkələridir və onlar bunda xeyli vəsait qazanırlar.

Yeri gəlmişkən, Varşava 2022-ci ildə rus qazı olmadan dolanacağını bəyan edib. Belə ki, polşalılar Şimal dənizində Norveç şelfinə doğru inşa olunan "Baltic Pipe" boru kəmərinə ümid bəsləyirlər. Onların tədarük edəcəyi qazın qalanı isə okeanın o tayından nəql olunacaq sıxılmış qazdır.

Amerikalılar təbii ki, Avropa anbarlarını qaz ilə doldurmaqdan məmnun olardılar. Xüsusilə indi, Asiyada qaza tələbatın azaldığı vaxtda. Mart ayında Avropa ölkələri ABŞ-dan 11 milyard kubmetr qaz alıb. Bu, yanvar və fevral aylarında olduğundan iki dəfə artıqdır. Beləliklə, ABŞ Qərbi Avropaya nəql olunmuş qazın 30%-ni təmin edib. Bundan əlavə, hazırda dəniz və okeanlarda ABŞ sıxılmış təbii qazı ilə dolu 70 tanker var.

Avropa anbarlarını kim dolduracaq?

Ümumiyyətlə, böhran hələ arxada qalmayıb. Sıxılmış qaz isə boru qazı ilə müqayisədə baha olaraq qalır. Bundan əlavə, "Qazprom", rəqiblərindən fərqli olaraq, qazın çıxarılması və sutka ərzində tədarükünü tezliklə artıra bilər. Belə ki, şirkətin Avropada öz yeraltı anbarları var.

Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti Aleksandr Timofeyev hesab edir ki, Rusiyanın qaz ixracı üçün Qərbi Avropa istiqaməti isə prioritetdədir, belə ki, "Şimal axını" layihəsinin özünü doğruldub-doğrultmayacağı hələ də sual altındadır.

"Soyuq keçən və uzun sürən qış yaxşı tələbat formalaşdırıb və tələbat anbarların doldurulmasından daha tez sürətlə arta bilər. Bu isə öz növbəsində artıq payız aylarında qiymət artımına gətirə bilər", - deyə ekspert bildirib.

"VYGONConsulting"-in yanacaq-energetika kompleksinin inkişafı üzrə müstəqil məsləhətçisi bildirib ki, cari ildə "Qazprom" uzaq xaricə qaz ixracını 210 milyard kubmetrə qədər artıra bilər. Bu, 2020-ci ildə olduğundan 17%, "möcüzəli" 2019-cu ildə olduğundan isə demək olar ki 50% çoxdur.

Beləliklə, cari ilin ilk rübündə "Qazprom"un ixracı 30,7% artıb. "Özü də, əvvəllər büdcəni formalaşdırarkən hər min kubmetri 170 dollardan hesablayırdılar. Lakin sonra planlar yenidən nəzərdən keçirildi. İndi isə il ərzində orta qiymətin 200 dollar olacağı nəzərdə tutulur. Məsələ bundadır ki, uzunmüddətli müqavilələr əksər hallarda Avropadakı spot qiymətlərinə bağlanır. Bundan əlavə, neft kotirovka qiymətləri də artıb ki, bunlardan qazın da qiyməti asılıdır. Odur ki, "Qazprom" üçün istehlakçıları öz planlarının əsaslanmış olduğuna inandırmaq asan olacaq", - deyə "TeleTrade" informasiya-analitik mərkəzinin baş iqtisadçısı Mark Qoyxman bildirib.

Yeri gəlmişkən, qazın qiymətinin artımı isitmə mövsümü başa çatdıqdan sonra da davam edib. Hazırda TTF-in (Title Transfer Facility Natural Gas Price Index) Niderland qovşağında min kubmetr qazın qiyməti 252 dollar təşkil edir ki, bu da 2018-ci ilin maksimum göstəricisi olub.

"VYGONConsulting"-in qənaətinə görə, nəticədə cari ildə "Qazprom"un uzaq xaricə qaz ixracından əldə etdiyi vəsaitin həcmi 1,7 dəfə artaraq 42 milyard dollar təşkil edib. Bu isə dövlət büdcəsi üçün olduqca sərfəlidir.

14
Kərim Kərimov

"Kosmonavtları özü yola salıb qarşılayırdı": Kərim Kərimov haqqında möhtəşəm xatirələr

929
(Yenilənib 14:32 12.04.2021)
Kosmonavtların həyatını xilas etdi, uşaqlar üçün oyuncaqlar düzəltdi, məktəbin kimya kabinetini qaydaya saldı – Sputnik Azərbaycan Kosmonavtika Günündə əsrarəngiz həmyerlimizin həyatının bilinməyən təfərrüatlarına aydınlıq gətirib.

BAKI, 12 aprel — Sputnik, Dinara Kurmanova. Kərim Kərimov şöhrətin zirvəsinə çatanda artıq yaşı 70-i keçmişdi. Birdən-birə onu "ən əsrarəngiz azərbaycanlı" kimi qələmə verməyə başladılar ki, bu da heç təəccüblü deyildi: 1987-ci ilə kimi alimin şəxsiyyəti gizli saxlanılmışdı. Halbuki o, SSRİ-də çox mühüm vəzifə tuturdu: Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə Dövlət Komissiyasının sədri. Sadə dillə desək, Kərimov Sovet İttifaqının kosmik proqramının banilərindən biri idi.

Sputnik agentliyi Dünya Kosmonavtika Günündə Kərim Kərimovun həyatının gizli məqamlarına aydınlıq gətirib.

© Photo : Kerimov's family archive
Kərim Kərimov solda

Hər şey elmin başındadır

Belə bir nəzəriyyə mövcuddur ki, uşaqlıqdan hər bir insanın xarakterinin xüsusi bir cəhəti formalaşır və onun bütün taleyində həlledici rol oynayır. Kərim Kərimovda da məhz bu cür oldu: o, hələ məktəbə getməmişdən əvvəl elmə marağı olduğunu büruzə vermişdi. Özü də böyüklərin standart izahları bu uşaq üçün kifayət etmirdi. O, əldə etdiyi informasiyaları təcrübədə sınaqdan keçirmək istəyirdi.

Məsələn, sonradan özünün də etiraf etdiyi kimi, ilk dəfə radioqəbuledicidən gələn səsi eşidəndə məəttəl qalıbmış: Bu boşqab boyda qurğu necə işləyir axı? Üstəlik, onu binanın fasadına bərkidiblər!

Onun radiotexnikaya meyli belə yaranır. "Kosmosa gedən yol" adlı memuarında Kərimov hələ uşaqlıqdan radio aparatlarını təmir etməyi və yığmağı bacardığından bəhs edir. Bu hobbisi onun peşə seçimində mühüm rol oynayır.

Kərim Kərimov məktəbi bitirəndən sonra mühəndis-elektromexanik olmaq qərarına gəlir və Azərbaycan Sənaye İnstitutuna daxil olur.

  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
1 / 3
© Photo : Kerimov's family archive
Kərim Kərimov

Gənc tələbə texnika ilə yanaşı, dillərlə də maraqlanır və diplomunu aldığı vaxt artıq alman dilində yaxşı danışmağı bacarırdı. Bu, hadisə 1942-ci ilə təsadüf edirdi və həmin dövrdə alman dilini bilmək mühüm rol oynayırdı. Çünki İkinci Dünya müharibəsi başlamışdı. Kərimovu əvvəl hərbi nizam-intizamı öyrənmək üçün Artilleriya Akademiyasına qəbul edir, daha sonra Qvardiya Minaatıcı bölmələrin Baş Qərargahında xidmətə göndərirlər. Kərimov burada məşhur "Katyuşa" yaylım atəş qurğusu üzrə mütəxəssis kimi çalışır.

Müharibədən sonra, 1946-cı ildə gənc mütəxəssisi düşmənin raket texnikasını öyrənmək üçün Almaniyaya göndərirlər. Babası ilə eyni adı daşıyan mühəndisin nəvəsi Kərimin sözlərinə görə, hər şey üst-üstə düşür: "Babam bu işə həm texniki cəhətdən hazır idi, həm də alman dilini bilirdi".

"Böyük pullar vəd etməmişdilər"

Almaniyanın Rabe İnstitutundakı araşdırmalar zamanı Kərim Kərimov alim Sergey Korolyov və onun komandası ilə tanış olur. Alimin sonradan xatırladığı kimi, sovet mütəxəssisləri o dövrdə FAU-2 raketinin innovativ raket mühərrikləri ilə maraqlanırdılar.

"Alman alimlərindən maye yanacaqla işləyən mühərrikləri yaratmaq ideyasına necə gəldiklərini xəbər aldıq. Bizə belə cavab verdilər: Tsiolkovskini (rus kosmonavtika nəzəriyyəçisi - red.) oxuduq, orada hər şey izah olunub", – deyə Kərimov xatirələrində yazır.

Bu sözlər sonradan SSRİ mühəndisləri üçün bir növ stimul rolunu oynadı – onlar Tsiolkovskinin ideyalarını daha da inkişaf etdirmək qərarına gəldilər.

© Photo : Kerimov's family archive
Kərim Kərimov

"Konstruktor bürolarında, tədqiqat institutlarında, zavodlarda gecə-gündüz çalışırdılar. Özü də onları heç kim belə əzmlə işləməyə vadar etmir və böyük qazanc söz vermirdi. Bu əzmin səbəbi başqa idi, ürəkdən gəlirdi", – deyə Kərimov xatirələrində qeyd edir.

Elm adamlarında nəticə əldə etmək istəyi elə güclü idi ki, bəzən tamamilə rahat olmayan iş şəraitinə belə məhəl qoymurdular. Məsələn, R-1 raketinin sınaqları başlayanda Kərim Kərimov artıq Müdafiə Nazirliyinin Mərkəzi Aparatında xidmət edirdi. Və həmin vaxt elmi sınaqlar çöllərdə sınaqdan keçirildi - Kapustin Yar raketodromu hələ inşa edilməmişdi.

"Raketlərin sınaqdan keçirilməsi üçün tez-tələsik bir taxta anbar tikildi. "Laboratoriyalar, stendlər, dəmir yolu vaqonlarına yerləşdirilmişdi. Özümüz də elə qatarlarda yaşayırdıq", – deyə alim yada salır.

Bütün kosmonavtlar Qaqarinlə assosiasiya olunurdu

Sergey Korolyov kosmosa insan göndərmək təklifini irəli sürdüyü vaxt Kərim Kərimov kosmik raketlərin hazırlanması və istehsalına nəzarət şöbəsinə rəhbərlik edirdi. Korolyov deyirdi ki, əgər sınaq heyvanları sağ-salamat yerə qayıda biliblərsə, deməli kosmosa insan göndərməyin də vaxtı gəlib çatıb.

"Bu, Korolyovun çoxdankı arzusu idi. O, uzun illər bu işə can atmışdı. Yeri gəlmişkən, bu, bizim hamımız üçün siyasi məsələ idi. Biz çox yaxşı başa düşürdük ki, ilk süni peykin buraxılmasında SSRİ-yə uduzan ABŞ kosmosa ilk insanı göndərməklə bunun əvəzini çıxmağa çalışacaq", – uzun illər sonra Kərimov həmin məqamı belə xatırlayır.

"Uçuşa hazırlıq prosesi uzun sürdü. Hətta Baykonur kosmodromunun əməkdaşları da martın əvvəlində, uçuşa hələ bir ay qalmış gəlmişdilər. Hər gün həyəcanımız bir az da artırdı", – deyə Kərim Kərimov yada salır.

Amma əlbəttə ki, ən böyük həyəcan aprelin 12-də yaşandı.

"Baykonurdakı həmin yaz səhərini çox yaxşı xatırlayıram. Starta hələ iki saat qalsa da, heç birimiz özümüzə yer tapa bilmirdik. Var-gəl edir, həyəcanla kosmonavtları gətirəcək avtobusu gözləyirdik. Heç kim dinib-danışmırdı", – alim o əlamətdar günü belə xatırlayır.

Hava gəmisinin buraxılmasına yarım saat qalmış Kərim Kərimov Korolyov və mühəndis-mexanik Konstantin Rudnevlə birlikdə bunkerə düşürlər ki, Yuri Qaqarinlə radio vasitəsilə əlaqə saxlasınlar.

"Sözsüz ki, çox böyük həyəcan var idi, yalnız 10:55-də "Vostok" gəmisinin Saratov diyarındakı kolxoz sahəsinə endiyi barədə uzun müddətdən bəri gözlədiyimiz məlumat gələndə rahat nəfəs aldıq. Bir anda alqış sədaları qopdu", – deyə Kərim Kərimov xatırlayır.

1966-cı ildə Dövlət Komissiyasının sədri olan Kərim Kərimov SSRİ-nin bütün kosmonavtlarını kosmosa yola salır və qarşılayırdı. Və özünün də dediyi kimi, hər dəfə mütləq Qaqarinin uçuşunu yada salırdı.

"Kərimova görə, belə şeylərə adi hadisə kimi yanaşmaq mümkün deyildi. O, həm də başa düşürdü ki, hər ekspedisiya bir riskdir, ona görə də tabeliyində olanlarla mümkün qədər yumşaq davranmağa çalışırdı", – deyə kosmonavt Musa Manarov Sputnik-ə müsahibəsində qeyd edib.

"Kərim Kərimov işdə çox tələbkar olsa da, adi həyatda mehriban və ürəyəyatan adam idi. Startdan qabaq bizi kosmosa yola salanda həmişə doğru ifadələri tapa bilirdi və mütləq Yerə sağ-salamat qayıtmağımızı arzulayırdı.

"Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir"

© Photo : Kerimov's family archive
Kərim Kərimov sağda

"Kosmosa gedən yol" kitabının redaktoru Arif Mehdiyev Kərim Kərimov haqqında danışarkən hər dəfə qeyd edirdi: Dövlət komissiyasının sədri vəzifəsi təkcə yüksək status demək deyildi. Bu status çoxsaylı vəzifələri, həmçinin gözlənilməz hallara ildırım sürəti ilə reaksiya vermək bacarığını özündə ehtiva edirdi. Axı demək olar ki, hər bir uçuşda təhlükəli böhran anları olur. Məsələn, 1983-cü ildə, komissiya göyərtəsində Vladimir Titov və Gennadi Strekalovun olduğu "Soyuz T-20" gəmisinə uçuş komandası verməyə hazırlaşarkən raketin gövdəsində yanğın baş verib. Həmin an Kərim Kərimov vaxtında lazımi düyməni sıxaraq qəza xilasetmə sistemini işə salıb.

SSRİ dağıldıqdan sonra Kərim Kərimov Azərbaycanın Kosmik Tədqiqatlar üzrə Elmi-İstehsalat Birliyindən (hazırda Azərbaycan Milli Aerokosmik Agentliyi) öz dəstəyini əsirgəməyib. Mərhum prezident Heydər Əliyev Azərbaycan və Sovet elminin inkişafına verdiyi töhfəyə görə Kərim Kərimovu "Şöhrət" ordeni ilə təltif edib. Eyni zamanda, onun həm istedadlı alim, həm də yaxşı təşkilatçı olduğunu dilə gətirərək bu xüsusiyyətlərin nadir insanlarda birləşdiyini qeyd edib.

Kərim Kərimov həm də yaxşı həyat yoldaşı, ata və baba olub. "Bəzən elə olur ki, alimlər öz sahələrində xariqələr yaradır, ancaq evdə divara bir mismar vurmağı da bacarmırlar. Bizim babamız isə belələrindən deyil. Məni və böyük qardaşımı çox əzizləyirdi. Biz bir mənzildə yaşayırdıq və o, otaqlardan birini emalatxanaya çevirmişdi. Orada bizim üçün oyuncaqlar düzəldirdi, bir dəfə hətta qardaşıma gitara düzəltməyə də kömək etmişdi. Bağ evini söküb yenidən tikməyi xoşlayırdı, hətta bir dəfə nənəmə dərs kabinetinin tərtibatında da kömək etmişdi. Nənəm məktəbdə kimyadan dərs deyirdi, babam onun üçün bütün şəraiti yaratmışdı. Həmin vaxt artıq polkovnik rütbəsində olsa da, məktəbə gedib bütün ləvazimatları özü yerbəyer etmişdi. Məktəbin direktoru isə bizim ailə dostumuzdur. Sonralar direktor yada salaraq gülürdü: "Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir".

Kərim Kərimovun qızı Suriyə də alim olub

"O, geodeziyaçı-astronom, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı mütəxəssisi idi", - deyə qurumun elmi rəhbəri, Suriyə xanımın həmkarı Boris Şustov Sputnikə müsahibəsində bildirib.

"Çox məsuliyyətli idi, həmişə hər şeyi elə etməyə çalışırdı ki, nəticə keyfiyyətli alınsın. Eyni zamanda, atası kimi, çox istiqanlı və mehriban insan idi", - deyə Şustov vurğulayır.

929

"İskəndər-M" raketləri barədə Bakı Moskvaya rəsmi məktub ünvanlayıb

1
(Yenilənib 11:49 13.04.2021)
"Mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir".

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda "İskəndər-M" raketlərinin qalıqlarının aşkar olunması barədə məlumatı müzakirə etdiyini bildirib. Sputnik Azərbaycan bildirir ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayıb.

"Aprelin 1-də mənim rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım olub. Adətən, bildiyiniz kimi, telefon danışıqlarının məzmunu iki tərəf arasında razılaşdırılır, birgə, razılaşdırılmış məlumat verilir. Lakin mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edurəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik (Putinlə)", - deyə İlham Əliyev "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında bildirib.

"Mənim göstərişimlə Azərbaycanın Müdafiə Nazirliyi şəkillərlə, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələ heç bir cavab almamışıq", - deyə dövlət başçısı bildirib.

Prezident rəsmi Yerevanın adı çəkilən raketlərdən istifadə olunması barədə bəyanatını "qəribə" adlandırıb.

"Onlar gah partlamamış raketlər barədə danışırlar, gah deyirlər ki, bu sirdir. Deməli, raketlər istifadə olunub. Biz Yerevandan rəsmi cavab gözləyirik. Mən sizə hələ bundan artığını deyəcəyəm: bizdə kifayət qədər sübut var, lakin biz rəsmi izahatları gözləyəcəyik", - deyə Əliyev vurğulayıb.

1
Teqlər:
məktub, Moskva, Bakı, raket, "İskəndər"