Təkrar etməyə çalışmayın: F-35 özü özünü vurub, dəymiş zərərin məbləği $2,5 milyon

546
(Yenilənib 00:43 26.03.2021)
Lockheed Martin şirkətinin təzyiqlərinə rəğmən Pentaqon 2021-ci ilin yanvarında təyyarənin texniki çatışmazlıqları üzündən F-35 gözəgörünməzlərinin kütləvi istehsalını yenidən qeyri-müəyyən müddətə təxirə saldı.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 26 mart — Sputnik. ABŞ-ın ən yeni, bahalı və faydasız qırıcı təyyarəsi olan F-35 Lightning II özünün ağlasığmaz "səfehlikləri" ilə müşahidəçiləri heyrətə gətirir və qeyri-kamil hərbi texnika satışı sahəsində Amerika texnologiyalarının müstəsna üstünlüyünü vurğulayır. Belə ki, "gözəgörünməz" təyyarə hətta özünü də vurur.

ABŞ dəniz piyadaları korpusuna (DPK) aid olan F-35B qırıcı-bombardmançısı Arizona ştatındakı "Yuma Reync" poliqonunda özündən açılan atəşlə vurulub. Təyyarə topundan atılmış qəlpəli-fuqas mərmisi atəşdən dərhal sonra partlayaraq təyyarənin gövdəsinə ciddi xətər yetirib. Pilot xəsarət almayıb və çətinliklə təyyarəni aviabazaya qaytara bilib. İlkin hesablamalara görə, hadisədən dəyən zərərin həcmi $2,5 milyon həcmində qiymətləndirilir. Bu, çox qəribə və heyrətamiz hadisədir.

Dəniz piyadaları üçün F-35B təyyarəsinə 25 mm-lik GAU-22/A Gatling (GPU-9/A) təyyarə topu təyyarənin altına quraşdırılır. "Yuma Reync" poliqonu üzərində uçuş zamanı PGU-32/B SAPHEI-T tipli yarım zirehdeşici qəlpəli-fuqas yandırıcı-izburaxan sursatlardan istifadə olunub. Adətən bu mərmilərin partladıcısı hədəfə dəydikdən sonra ani gecikmə ilə işə düşür. Dəniz piyadaları korpusunun rəsmi nümayəndəsi kapitan Endrü Vud bildirib ki, hazırda araşdırma aparılır. Versiyalardan biri təsadüfən təyyarəyə gəlib çıxmış keyfiyytəsiz mərmidir. Hər halda mart ayında baş vermiş bu hadisə F-35-də olan kompleks problemlərdən və onun texnoloji cəhətdən qeyri-kamilliyindən xəbər verir.

Lockheed Martin şirkəti tərəfindən işlənib hazırlanmış, "beşinci nəsil" gözəgörünməz çoxfunksiyalı F-35 Lightning II qırıcı-bombardmançısı ehtimal olunan (yüksək texnologiyalara malik) düşmənin radarlarında aydın görünür, daha sürətli və manevr etmə qabiliyyətinə malik 4+ tipli qırıcılarla hava döyüşündə məğlubiyyətə məhkumdur. Təyyarə hələ bir dəfə də döyüş şaraitində yerüstü hədəflərin vurulmasında yüksək səmərəliliyini sübuta yetirməyib.

F-35-in quruluşundakı fundamental çatışmazlıqlar o qədər aşkar və onların aradan qaldırılması o qədər mümkünsüzdür ki, 2000-ci ilin oktyabr ayında təyyarənin ilk uçuşundan keçən iyirmi il ərzində Pentaqon hələ də F-35А (HHQ üçün), F-35В (DPK üçün) və F-35С (HDQ üçün) modifikasiyalarının kütləvi istehsalına sifariş verməyib. Təsadüfi deyil ki, ABŞ-ın Avropadakı müttəfiqləri hər bəhanə ilə bu bahalı və faydasız qırıcıları almaqdan boyun qaçırırlar. Məsələn, Böyük Britaniya "iqtisadi böhran" üzündən mart ayında F-35В təyyarələrinin sifarişini 65% azaldıb.

"Baş gicəllənmədən" doğan fəlakət

Avropa ölkələrindən fərqli olaraq Yaponiya Naqoyedəki Mitsubishi Heavy Industrie zavodunda F-35A təyyarələrinin yığılmasını davam etdirir. Bu, hazır təyyarələrin ABŞ-dan alınması ilə müqayisədə az miqdarda qənaət etməyə imkan verir. Belə ki, əgər "yapon" F-35-in qiyməti $86,3 milyondursa, bu modeldən olan təmiz amerikalı təyyarənin qiyməti $86,76 milyondur. Zavoda $13 milyard dollar dəyərində 147 bu cür təyyarənin yığılması sifariş olunub. Həm də ABŞ Yaponiyaya F-35-in bəzi həssas texnologiyalarını təqdim etməyib. Yaponiya hava özünümüdafiə qüvvələri isə Amerika "gözəgörünməz"inin simasını qorumaq üçün bəzən günahı öz pilotlarının üzərinə atmalı olurlar.

Belə ki, Misava aviabazası yaxınlığında keçirilən təlim uçuşu zamanı dörd ədəd F-35A təyyarəsindən biri 1000 km-saat sürətlə Sakit okeana çırpılmışdı. Nədənsə təcrübəli pilot, mayor Akinori Xosomi katapultdan istifadə edərək təyyarədən atıla bilməmiş və hətta qəza siqnalını da işə salmamışdı. Təyyarə sadəcə olaraq itmişdi. Yalnız bir müddət sonra qəza yeri müəyyən olunmuş, təyyarənin və pilotun qalıqları aşkar olunmuşdu. F-35A Lightning II o dərəcədə dağılmışdı ki, qəzanın səbəbləri haqqında rəy vermək çox çətin idi. Yaponiya HHQ-nin izahı isə ümumiyyətlə təzadlı idi: fəlakətin səbəbi kimi təyyarəçinin başının gicəllənməsi göstərilirdi. Bu, dünyanın istənilən ordusu üçün ağlasığmaz izahatdır – başı gicəllənən qırıcı-təyyarəçi. Digər tərəfdən, bir çox ölkələrdə F-35-in göyərtəsindəki super-kompüterlə problemlər aşkar olunur.

Belə ki, 2020-ci ilin may ayında ABŞ-ın 58-ci qırıcı eskadrilyasının tərkibindəki F-35A qırıcı-bombardmançısı Florida ştatındakı Eqlin bazası yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot təyyarənin idarə olunmadığını bildirib. Çox şıltaq maşındır, deyilmi? Belə bir fikir də var ki, F-35-in kabinəsi və cihazları təyyarəçilər üçün "həddən artıq yüksək səviyədə" texnolojidir. Elə tamlandırılmış reallığı əks etdirən uçuş şlemini demək kifayətdir ($400 mindən baha).

Lockheed Martin şirkətinin təzyiqlərinə rəğmən Pentaqon 2021-ci ilin yanvarında təyyarənin texniki çatışmazlıqları üzündən F-35 gözəgörünməzlərinin kütləvi istehsalını yenidən qeyri-müəyyən müddətə təxirə saldı. ABŞ HHQ-nin bu məsələdə 2017-ci ildən bəri qəti inadkarlığı başa düşüləndir. Təyyarənin hətta sülh dövründə də istismarı təhlükəlidir. Gözəgörünməzin virtual üstünlükləri sərt reallıqlar qarşısında sabun köpüyünə çevrilir: yüksək sürətlə uçarkən F-35 dağılmağa başlayır və o artıq bütün əlamətlərinə görə səsdən sürətli deyil, səsdən az, lakin qısa müddətə səsdən artıq sürət yığa bilən təyyarədir.

Sistemin çökməsi

Hətta təyyarənin qiymətinin 80 milyona qədər aşağı salınmasına rəğmən, HHQ adı çəkilən təyyarəni "etibarlılığı şübhə doğurduğuna, texniki xidmət və istismar xərclərinin çoxluğuna" görə tənqid edirlər. Təyyarənin döyüşə hazır olduğunun bəyan edilməsinə və hələ 2014-cü ildə ordunun istifadəsinə verilməsinə baxmayaraq, o hələ də "yüksək intensivlikli döyüşlərə hazır deyil" və "çətin ki, 2025-ci ilə qədər də hazır olsun". Həmin vaxta qədər ehtimal ki, Rusiya və Çin altıncı nəsil təyyarələrin istehsalına başlayacaqlar. Xatırladaq ki, F-35 (perspektiv nüvə silahı daşıyan) məhz Rusiya və Çinin hərbi imkanları və geniş ərazisi hədəfə alınaraq hazırlanmışdı. Ötən ilin payızında isə bu təyyarə ABŞ-da NATO-nun Rusiyaya qarşı əsas silahı adlandırılmışdı.

Pentaqonun məlumatlarına görə, F-35-lərin təqribən 2\3-si F135 tipli mühərrik ucbatından uçuşları yerinə yetirməyə qadir deyil. Daha dəqiq desək, "şimşək"lərin yalnız 36%-i tapşırıqların yerinə yetirilməsinə hazırdır .

Amerikalıların ilkin olaraq fizika qanunlarına baxmayaraq bir təyyarədə üç maşını birləşdirmək cəhdi, F-35 Lightning II təyyarəsini sülh dövründə hələ "sərgüzəştlərin" davamına, yüksək texnoloji hazırlıqlı düşmənə qarşı hərbi münaqişədə isə məhvə məhkum edir. "Gözəgörünməz"lərin müttəfiqlərə israrla satılması isə heç olmazsa, maliyyə itkilərindən yaxa qurtarmağa ümid verir. Ardı var.

546
Şimal axını - 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

Rusiya ABŞ Avropa bazarını bölüşdürürlər: qaz anbarlarını kim dolduracaq?

14
(Yenilənib 00:39 13.04.2021)
"Qazprom"un hesablamalarına görə, gələn qış mövsümündə donmamaq üçün avropalılar ötən illə müqayisədə anbarlara 57,3% daha çox (24 milyard kubmetrdən çox) qaz vurmalıdırlar.

BAKI, 13 aprel — Sputnik, İrina Badmayeva. Soyuq və uzun sürən qış mövsümündə Avropanın qaz anbarları demək olar ki, boşalıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Avropa anbarlarında toplanmış qaz ehtiyatının cəmi 1/3-i qalıb. Amerikalılar bundan istifadə etmək qərarına gələrək çoxlu sıxılmış qaz təklif ediblər. Lakin koronavirus pandemiyası ilə bağlı böhran Avropa ölkələrinə okeanın o tayından gələn enerji ehtiyatlarına pul xərcləməyə imkan vermir. Odur ki onlar Rusiya qazını almalı olacaqlar. "RİA Novosti" agentliyi "Qazprom"un və Rusiyanın büdcəsinə qaz ixracı nəticəsində nə qədər vəsait daxil olacağını araşdırıb.

Avropa üçün anomal şaxtalı hava şəraiti

Ötən payız və qış mövsümündə avropalılar son on il ərzində ən maksimum həcmdə, yəni 65 milyard kubmetr qaz işlədiblər. "Gas Infrastructure Europe"-un məlumatına görə, qaz sərfiyyatında bundan əvvəlki pik 2018-ci ildə qeydə alınıb. Belə ki, həmin ilin fevral-mart aylarında Avropada anomal şaxta və bol qar yağması ilə müşayiət olunan siklon hökmran olub.

Hava şəraiti bu ilki isitmə mövsümündə də Avropa ölkələri ilə acı zarafat edib. Odur ki "Qazprom" yanvar ayında soyuqdan buz bağlamış Avropaya qaz tədarükünü artırmalı olub. Almaniyaya adi qaydada olduğundan 32,4%, Fransaya 77,3%, Hollandiyaya 21,2%, İtaliyaya isə ümumiyyətlə 2 dəfə artıq qaz ixrac olunub.

Bundan əlavə, soyuq iqlam şəraitinin hakim olduğu Asiya ölkələrinə də qaz ixracının həcmi artıb. Nəticədə bazarda spot qiymətlərinin (həmin qiymətlər üzrə mallar, qiymətli kağızlar və valyuta dərhal çatdırılma şərti ilə satılır) kəskin artımına gətirib çıxaran defisit yaranıb.

Beləliklə, Asiyada elə gün olub ki, kotirovka qiymətləri min kubmetr üçün 1000 dolları ötüb. Bəzi hallarda isə sövdələşmələr hətta 1400 dollardan bağlanıb. Avropada qiymətlər 300 dollarlıq həddi keçib. Halbuki "Qazprom"un büdcəsində 2021-ci il üçün qazın qiyməti 170 dollar nəzərdə tutulub.

Nəticədə uzaq xaricə Rusiya qaz ixracının həcmi 19,5 milyarda kubmetrə qədər artıb. Bu isə bir il əvvəlkinə nisbətən 46% çoxdur.

Fevral ayında da hava o qədər xoş olmayıb. Belə ki, bu ay ərzində Avropadakı anbarlardan istehlakçılara maksimum həcmdə - sutka ərzində milyard kubmetrdən çox qaz ötürülüb.

Soyuq mövsümün sonunda, martın 25-də yeraltı anbarlarda olan qazın orta həcmi 29%-ə qədər düşüb: konkret olaraq Almaniya və Avstriyada 26%, Niderlandda 23%, Fransada isə 17%.

"Qazprom"un hesablamalarına görə, gələn qış mövsümündə donmamaq üçün avropalılar ötən illə müqayisədə anbarlara 57,3% daha çox (24 milyard kubmetrdən çox) qaz vurmalıdırlar.

Bu isə 2020-ci ildə Fransa və Hollandiyaya ixrac olunmuş qazın ümumi həcminə bərabərdir. Anbarlara qaz vurulması kampaniyası 2011-ci ildən bu günə qədər ən genişmiqyaslı kampaniya olacaq.

Rusiya qazının alternativləri

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın sözlərinə görə, 2020-ci ildə Avropa bazarında Rusiya qazının həcmi təqribən 33% olub. Onun sözlərinə görə, "artıq ilin üçüncü rübündən başlayaraq ixracın həcmi böhrandan əvvəlki həcmə çatıb, bəzi hallarda isə keçib", - deyə baş direktor bildirib.

İdxalçılar qarşısında bütün öhdəliklər yerinə yetirilib. İlin sonuna isə müqavilələr üzrə qiymətlər Avropa qaz qovşaqlarında spot qiymətlərinə nisbətən aşağı olduğu üçün Rusiya qazının ixrac həcmini daha da stimullaşdırıb.

Avropa İttifaqı ölkələrinə mavi yanacaq Rusiyada savayı Norveç, Qətər, Əlcəzair, ABŞ və Nigeriyadan tədarük olunur. Özü də almanlar və ingilislər rus qazını "Şimal axını" vasitəsilə alırlar. Başqa variant yoxdur. Əlbəttə, sıxılmış təbii qaza da keçmək olar, lakin bu yanacaq növü bahadır. Bundan əlavə, onun üçün xüsusi terminallar olmalıdır. Almaniyada isə bu tipli saxlanclar yoxdur. Həm də sıxılmış qaz Almaniyaya Belçika və Niderland ərazisi ilə çatdırılır.

İtaliya və Böyük Britaniyada bu tipli terminallar var, lakin onlar da boru kəməri ilə nəql olunan qazdan imtina etməyə tələsmirlər. Buna görə də, Rusiya qazının əsas müştəriləri ABŞ-ın "Şimal axını-2" layihəsi ilə mübarizəsini dəstəkləmirlər. Bundan əlavə, Almaniya ABŞ-ın "Şimal axını-2" layihəsini rahat buraxması üçün Birləşmiş Ştatların sıxılmış təbii qazının qəbulu üçün terminalların inşasını maliyyələşdirməyi də təklif edib. Ötən ilin yayında Berlin bu məqsədlər üçün milyard avro ayırmağa hazır idi. Lakin Vaşinqton tutduğundan əl çəkmir.

Avropa İttifaqında rus qazının rəqiblərinin sayı çoxdur: Çexiya, Polşa, Macarıstan, Slovakiya, Rumıniya, Xorvatiya. Onlar qaz tranziti ölkələridir və onlar bunda xeyli vəsait qazanırlar.

Yeri gəlmişkən, Varşava 2022-ci ildə rus qazı olmadan dolanacağını bəyan edib. Belə ki, polşalılar Şimal dənizində Norveç şelfinə doğru inşa olunan "Baltic Pipe" boru kəmərinə ümid bəsləyirlər. Onların tədarük edəcəyi qazın qalanı isə okeanın o tayından nəql olunacaq sıxılmış qazdır.

Amerikalılar təbii ki, Avropa anbarlarını qaz ilə doldurmaqdan məmnun olardılar. Xüsusilə indi, Asiyada qaza tələbatın azaldığı vaxtda. Mart ayında Avropa ölkələri ABŞ-dan 11 milyard kubmetr qaz alıb. Bu, yanvar və fevral aylarında olduğundan iki dəfə artıqdır. Beləliklə, ABŞ Qərbi Avropaya nəql olunmuş qazın 30%-ni təmin edib. Bundan əlavə, hazırda dəniz və okeanlarda ABŞ sıxılmış təbii qazı ilə dolu 70 tanker var.

Avropa anbarlarını kim dolduracaq?

Ümumiyyətlə, böhran hələ arxada qalmayıb. Sıxılmış qaz isə boru qazı ilə müqayisədə baha olaraq qalır. Bundan əlavə, "Qazprom", rəqiblərindən fərqli olaraq, qazın çıxarılması və sutka ərzində tədarükünü tezliklə artıra bilər. Belə ki, şirkətin Avropada öz yeraltı anbarları var.

Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti Aleksandr Timofeyev hesab edir ki, Rusiyanın qaz ixracı üçün Qərbi Avropa istiqaməti isə prioritetdədir, belə ki, "Şimal axını" layihəsinin özünü doğruldub-doğrultmayacağı hələ də sual altındadır.

"Soyuq keçən və uzun sürən qış yaxşı tələbat formalaşdırıb və tələbat anbarların doldurulmasından daha tez sürətlə arta bilər. Bu isə öz növbəsində artıq payız aylarında qiymət artımına gətirə bilər", - deyə ekspert bildirib.

"VYGONConsulting"-in yanacaq-energetika kompleksinin inkişafı üzrə müstəqil məsləhətçisi bildirib ki, cari ildə "Qazprom" uzaq xaricə qaz ixracını 210 milyard kubmetrə qədər artıra bilər. Bu, 2020-ci ildə olduğundan 17%, "möcüzəli" 2019-cu ildə olduğundan isə demək olar ki 50% çoxdur.

Beləliklə, cari ilin ilk rübündə "Qazprom"un ixracı 30,7% artıb. "Özü də, əvvəllər büdcəni formalaşdırarkən hər min kubmetri 170 dollardan hesablayırdılar. Lakin sonra planlar yenidən nəzərdən keçirildi. İndi isə il ərzində orta qiymətin 200 dollar olacağı nəzərdə tutulur. Məsələ bundadır ki, uzunmüddətli müqavilələr əksər hallarda Avropadakı spot qiymətlərinə bağlanır. Bundan əlavə, neft kotirovka qiymətləri də artıb ki, bunlardan qazın da qiyməti asılıdır. Odur ki, "Qazprom" üçün istehlakçıları öz planlarının əsaslanmış olduğuna inandırmaq asan olacaq", - deyə "TeleTrade" informasiya-analitik mərkəzinin baş iqtisadçısı Mark Qoyxman bildirib.

Yeri gəlmişkən, qazın qiymətinin artımı isitmə mövsümü başa çatdıqdan sonra da davam edib. Hazırda TTF-in (Title Transfer Facility Natural Gas Price Index) Niderland qovşağında min kubmetr qazın qiyməti 252 dollar təşkil edir ki, bu da 2018-ci ilin maksimum göstəricisi olub.

"VYGONConsulting"-in qənaətinə görə, nəticədə cari ildə "Qazprom"un uzaq xaricə qaz ixracından əldə etdiyi vəsaitin həcmi 1,7 dəfə artaraq 42 milyard dollar təşkil edib. Bu isə dövlət büdcəsi üçün olduqca sərfəlidir.

14
Kərim Kərimov

"Kosmonavtları özü yola salıb qarşılayırdı": Kərim Kərimov haqqında möhtəşəm xatirələr

930
(Yenilənib 14:32 12.04.2021)
Kosmonavtların həyatını xilas etdi, uşaqlar üçün oyuncaqlar düzəltdi, məktəbin kimya kabinetini qaydaya saldı – Sputnik Azərbaycan Kosmonavtika Günündə əsrarəngiz həmyerlimizin həyatının bilinməyən təfərrüatlarına aydınlıq gətirib.

BAKI, 12 aprel — Sputnik, Dinara Kurmanova. Kərim Kərimov şöhrətin zirvəsinə çatanda artıq yaşı 70-i keçmişdi. Birdən-birə onu "ən əsrarəngiz azərbaycanlı" kimi qələmə verməyə başladılar ki, bu da heç təəccüblü deyildi: 1987-ci ilə kimi alimin şəxsiyyəti gizli saxlanılmışdı. Halbuki o, SSRİ-də çox mühüm vəzifə tuturdu: Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə Dövlət Komissiyasının sədri. Sadə dillə desək, Kərimov Sovet İttifaqının kosmik proqramının banilərindən biri idi.

Sputnik agentliyi Dünya Kosmonavtika Günündə Kərim Kərimovun həyatının gizli məqamlarına aydınlıq gətirib.

© Photo : Kerimov's family archive
Kərim Kərimov solda

Hər şey elmin başındadır

Belə bir nəzəriyyə mövcuddur ki, uşaqlıqdan hər bir insanın xarakterinin xüsusi bir cəhəti formalaşır və onun bütün taleyində həlledici rol oynayır. Kərim Kərimovda da məhz bu cür oldu: o, hələ məktəbə getməmişdən əvvəl elmə marağı olduğunu büruzə vermişdi. Özü də böyüklərin standart izahları bu uşaq üçün kifayət etmirdi. O, əldə etdiyi informasiyaları təcrübədə sınaqdan keçirmək istəyirdi.

Məsələn, sonradan özünün də etiraf etdiyi kimi, ilk dəfə radioqəbuledicidən gələn səsi eşidəndə məəttəl qalıbmış: Bu boşqab boyda qurğu necə işləyir axı? Üstəlik, onu binanın fasadına bərkidiblər!

Onun radiotexnikaya meyli belə yaranır. "Kosmosa gedən yol" adlı memuarında Kərimov hələ uşaqlıqdan radio aparatlarını təmir etməyi və yığmağı bacardığından bəhs edir. Bu hobbisi onun peşə seçimində mühüm rol oynayır.

Kərim Kərimov məktəbi bitirəndən sonra mühəndis-elektromexanik olmaq qərarına gəlir və Azərbaycan Sənaye İnstitutuna daxil olur.

  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
1 / 3
© Photo : Kerimov's family archive
Kərim Kərimov

Gənc tələbə texnika ilə yanaşı, dillərlə də maraqlanır və diplomunu aldığı vaxt artıq alman dilində yaxşı danışmağı bacarırdı. Bu, hadisə 1942-ci ilə təsadüf edirdi və həmin dövrdə alman dilini bilmək mühüm rol oynayırdı. Çünki İkinci Dünya müharibəsi başlamışdı. Kərimovu əvvəl hərbi nizam-intizamı öyrənmək üçün Artilleriya Akademiyasına qəbul edir, daha sonra Qvardiya Minaatıcı bölmələrin Baş Qərargahında xidmətə göndərirlər. Kərimov burada məşhur "Katyuşa" yaylım atəş qurğusu üzrə mütəxəssis kimi çalışır.

Müharibədən sonra, 1946-cı ildə gənc mütəxəssisi düşmənin raket texnikasını öyrənmək üçün Almaniyaya göndərirlər. Babası ilə eyni adı daşıyan mühəndisin nəvəsi Kərimin sözlərinə görə, hər şey üst-üstə düşür: "Babam bu işə həm texniki cəhətdən hazır idi, həm də alman dilini bilirdi".

"Böyük pullar vəd etməmişdilər"

Almaniyanın Rabe İnstitutundakı araşdırmalar zamanı Kərim Kərimov alim Sergey Korolyov və onun komandası ilə tanış olur. Alimin sonradan xatırladığı kimi, sovet mütəxəssisləri o dövrdə FAU-2 raketinin innovativ raket mühərrikləri ilə maraqlanırdılar.

"Alman alimlərindən maye yanacaqla işləyən mühərrikləri yaratmaq ideyasına necə gəldiklərini xəbər aldıq. Bizə belə cavab verdilər: Tsiolkovskini (rus kosmonavtika nəzəriyyəçisi - red.) oxuduq, orada hər şey izah olunub", – deyə Kərimov xatirələrində yazır.

Bu sözlər sonradan SSRİ mühəndisləri üçün bir növ stimul rolunu oynadı – onlar Tsiolkovskinin ideyalarını daha da inkişaf etdirmək qərarına gəldilər.

© Photo : Kerimov's family archive
Kərim Kərimov

"Konstruktor bürolarında, tədqiqat institutlarında, zavodlarda gecə-gündüz çalışırdılar. Özü də onları heç kim belə əzmlə işləməyə vadar etmir və böyük qazanc söz vermirdi. Bu əzmin səbəbi başqa idi, ürəkdən gəlirdi", – deyə Kərimov xatirələrində qeyd edir.

Elm adamlarında nəticə əldə etmək istəyi elə güclü idi ki, bəzən tamamilə rahat olmayan iş şəraitinə belə məhəl qoymurdular. Məsələn, R-1 raketinin sınaqları başlayanda Kərim Kərimov artıq Müdafiə Nazirliyinin Mərkəzi Aparatında xidmət edirdi. Və həmin vaxt elmi sınaqlar çöllərdə sınaqdan keçirildi - Kapustin Yar raketodromu hələ inşa edilməmişdi.

"Raketlərin sınaqdan keçirilməsi üçün tez-tələsik bir taxta anbar tikildi. "Laboratoriyalar, stendlər, dəmir yolu vaqonlarına yerləşdirilmişdi. Özümüz də elə qatarlarda yaşayırdıq", – deyə alim yada salır.

Bütün kosmonavtlar Qaqarinlə assosiasiya olunurdu

Sergey Korolyov kosmosa insan göndərmək təklifini irəli sürdüyü vaxt Kərim Kərimov kosmik raketlərin hazırlanması və istehsalına nəzarət şöbəsinə rəhbərlik edirdi. Korolyov deyirdi ki, əgər sınaq heyvanları sağ-salamat yerə qayıda biliblərsə, deməli kosmosa insan göndərməyin də vaxtı gəlib çatıb.

"Bu, Korolyovun çoxdankı arzusu idi. O, uzun illər bu işə can atmışdı. Yeri gəlmişkən, bu, bizim hamımız üçün siyasi məsələ idi. Biz çox yaxşı başa düşürdük ki, ilk süni peykin buraxılmasında SSRİ-yə uduzan ABŞ kosmosa ilk insanı göndərməklə bunun əvəzini çıxmağa çalışacaq", – uzun illər sonra Kərimov həmin məqamı belə xatırlayır.

"Uçuşa hazırlıq prosesi uzun sürdü. Hətta Baykonur kosmodromunun əməkdaşları da martın əvvəlində, uçuşa hələ bir ay qalmış gəlmişdilər. Hər gün həyəcanımız bir az da artırdı", – deyə Kərim Kərimov yada salır.

Amma əlbəttə ki, ən böyük həyəcan aprelin 12-də yaşandı.

"Baykonurdakı həmin yaz səhərini çox yaxşı xatırlayıram. Starta hələ iki saat qalsa da, heç birimiz özümüzə yer tapa bilmirdik. Var-gəl edir, həyəcanla kosmonavtları gətirəcək avtobusu gözləyirdik. Heç kim dinib-danışmırdı", – alim o əlamətdar günü belə xatırlayır.

Hava gəmisinin buraxılmasına yarım saat qalmış Kərim Kərimov Korolyov və mühəndis-mexanik Konstantin Rudnevlə birlikdə bunkerə düşürlər ki, Yuri Qaqarinlə radio vasitəsilə əlaqə saxlasınlar.

"Sözsüz ki, çox böyük həyəcan var idi, yalnız 10:55-də "Vostok" gəmisinin Saratov diyarındakı kolxoz sahəsinə endiyi barədə uzun müddətdən bəri gözlədiyimiz məlumat gələndə rahat nəfəs aldıq. Bir anda alqış sədaları qopdu", – deyə Kərim Kərimov xatırlayır.

1966-cı ildə Dövlət Komissiyasının sədri olan Kərim Kərimov SSRİ-nin bütün kosmonavtlarını kosmosa yola salır və qarşılayırdı. Və özünün də dediyi kimi, hər dəfə mütləq Qaqarinin uçuşunu yada salırdı.

"Kərimova görə, belə şeylərə adi hadisə kimi yanaşmaq mümkün deyildi. O, həm də başa düşürdü ki, hər ekspedisiya bir riskdir, ona görə də tabeliyində olanlarla mümkün qədər yumşaq davranmağa çalışırdı", – deyə kosmonavt Musa Manarov Sputnik-ə müsahibəsində qeyd edib.

"Kərim Kərimov işdə çox tələbkar olsa da, adi həyatda mehriban və ürəyəyatan adam idi. Startdan qabaq bizi kosmosa yola salanda həmişə doğru ifadələri tapa bilirdi və mütləq Yerə sağ-salamat qayıtmağımızı arzulayırdı.

"Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir"

© Photo : Kerimov's family archive
Kərim Kərimov sağda

"Kosmosa gedən yol" kitabının redaktoru Arif Mehdiyev Kərim Kərimov haqqında danışarkən hər dəfə qeyd edirdi: Dövlət komissiyasının sədri vəzifəsi təkcə yüksək status demək deyildi. Bu status çoxsaylı vəzifələri, həmçinin gözlənilməz hallara ildırım sürəti ilə reaksiya vermək bacarığını özündə ehtiva edirdi. Axı demək olar ki, hər bir uçuşda təhlükəli böhran anları olur. Məsələn, 1983-cü ildə, komissiya göyərtəsində Vladimir Titov və Gennadi Strekalovun olduğu "Soyuz T-20" gəmisinə uçuş komandası verməyə hazırlaşarkən raketin gövdəsində yanğın baş verib. Həmin an Kərim Kərimov vaxtında lazımi düyməni sıxaraq qəza xilasetmə sistemini işə salıb.

SSRİ dağıldıqdan sonra Kərim Kərimov Azərbaycanın Kosmik Tədqiqatlar üzrə Elmi-İstehsalat Birliyindən (hazırda Azərbaycan Milli Aerokosmik Agentliyi) öz dəstəyini əsirgəməyib. Mərhum prezident Heydər Əliyev Azərbaycan və Sovet elminin inkişafına verdiyi töhfəyə görə Kərim Kərimovu "Şöhrət" ordeni ilə təltif edib. Eyni zamanda, onun həm istedadlı alim, həm də yaxşı təşkilatçı olduğunu dilə gətirərək bu xüsusiyyətlərin nadir insanlarda birləşdiyini qeyd edib.

Kərim Kərimov həm də yaxşı həyat yoldaşı, ata və baba olub. "Bəzən elə olur ki, alimlər öz sahələrində xariqələr yaradır, ancaq evdə divara bir mismar vurmağı da bacarmırlar. Bizim babamız isə belələrindən deyil. Məni və böyük qardaşımı çox əzizləyirdi. Biz bir mənzildə yaşayırdıq və o, otaqlardan birini emalatxanaya çevirmişdi. Orada bizim üçün oyuncaqlar düzəldirdi, bir dəfə hətta qardaşıma gitara düzəltməyə də kömək etmişdi. Bağ evini söküb yenidən tikməyi xoşlayırdı, hətta bir dəfə nənəmə dərs kabinetinin tərtibatında da kömək etmişdi. Nənəm məktəbdə kimyadan dərs deyirdi, babam onun üçün bütün şəraiti yaratmışdı. Həmin vaxt artıq polkovnik rütbəsində olsa da, məktəbə gedib bütün ləvazimatları özü yerbəyer etmişdi. Məktəbin direktoru isə bizim ailə dostumuzdur. Sonralar direktor yada salaraq gülürdü: "Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir".

Kərim Kərimovun qızı Suriyə də alim olub

"O, geodeziyaçı-astronom, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı mütəxəssisi idi", - deyə qurumun elmi rəhbəri, Suriyə xanımın həmkarı Boris Şustov Sputnikə müsahibəsində bildirib.

"Çox məsuliyyətli idi, həmişə hər şeyi elə etməyə çalışırdı ki, nəticə keyfiyyətli alınsın. Eyni zamanda, atası kimi, çox istiqanlı və mehriban insan idi", - deyə Şustov vurğulayır.

930
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Çin Rusiya vaksinləri ən yaxşı peyvənddir - Millət vəkili

9
"Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan vaksinlərdir. Bu vaksinlərin yan təsirləri çox az olur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "Azərbaycanda istifadə olunan vaksinin 90 faiz effektiv olduğu təsdiqlənib. Hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirib. O deyib ki, hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir: "Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan peyvəndlərdir. Onların yan təsirləri çox az olur. Effektivliyi də kifayət qədər çoxdur. Azərbaycan peyvənd alarkən, təbii ki, bu nüansları da nəzərə alıb".

M.Quliyev bildirib ki, Çinin istehsal etdiyi peyvəndin effektivliyinin 50 faiz civarında olması ilə bağlı səslənən ittihamlarla razı deyil: "Çin vaksininin istifadəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunub. Çox təəssüf ki, biznes məqsədi ilə vaksinlərin keyfiyyətinə şübhə yaradacaq məqsədli məlumatlar yayılır:

"Vaksin biznesi ilə bağlı çox böyük mübarizə gedir. Bu, böyük pullar uğrunda mübarizədir. Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərin imicinə zərər vuran məlumatlar yayılır. "AstraZeneca" ilə bağlı da belə mənfi fikirlər ortaya çıxdı. Sonra Böyük Britaniya rəhbərliyi bunu təkzib etdi. Biz belə məlumatlara hələ rast gələcəyik. Əsas odur ki, bu vaksini dünya üçün yararlı sayan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar var. Vaksinin 90 faiz effektivliyi var. Ona görə də vaksinlər əleyhinə hələ çox məlumatlar olacaq.

Hətta "vaksin vurdurmayın" deyənlər də olacaq. Bunlar hamısı müxtəlif oyunlardır və biznes maraqlarına xidmət edən məqamlardır. Bir şirkət digər şirkətin satışını azaltmaq üçün hələ çox belə oyunlara gedəcək. Buna fikir vermək lazım deyil. Vaksinin keyfiyyəti 70 faizin üzərindədirsə, o peyvənd keyfiyyətli sayılır. Çin istehsalı olan vaksinin də effektivliyinin 90 faizin üzərində olduğu təsdiq olunub, yan təsirləri də yoxdur. Ona görə də bu fikirlərə çox da fikir vermək lazım deyil. Bunu biznes bazarının apardığı antireklam kimi qəbul etmək lazımdır".

Məlumat üçün bildirək ki, Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Qao Fu "Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur" deyə bildirib.

9
Teqlər:
açıqlama, deputat, Milli Məclis, Rusiya, Çin, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya