Dollar, arxiv şəkli

Kritik səviyyə: ABŞ-ın milli borcu ÜDM-ni üstələdi

24
(Yenilənib 08:58 25.03.2021)
Bəzi təxminlərə görə, 2028-ci ildə amerikalılar dövlət büdcəsinin beşdə birini yalnız borc faizlərinə xərcləyəcəklər.

BAKI, 25 mart — Sputnik, Natalya Dembinskaya. Amerika hakimiyyəti pandemiya ilə mübarizəyə külli miqdarda pul xərclədi, ancaq büdcədəki vəsait bu işə bəs etmədiyindən bazardakı vasitələri də cəlb etmək lazım gəldi. Nəticədə ölkənin dövlət borcu 28 trilyon dollara çatdı ki, bu da ABŞ-ın Ümumi Daxili Məhsulundan (ÜDM) çoxdur. Bütün bunların nə ilə nəticələnəcəyi barədə - RİA Novosti-nin növbəti məqaləsində.

Borc bataqlığı

Amerika Birləşmiş Ştatları 2008-ci il böhranından üzü bu yana getdikcə daha çox borca düşür. Obamanın dövründə borc öhdəlikləri 9 trilyon, Trampın hakimiyyət müddətində isə daha 7 trilyon dollar artdı. 2018-ci ildə bu ölkənin dövlət borcu ÜDM-in 78 faizini təşkil edirdi ki, bu da Dünya Bankının "təhlükəli səviyyə" adlandırdığı həddir.

Proqnozlara əsasən, on il ərzində milli borc ABŞ iqtisadiyyatının həcmini keçməli idi. Ancaq pandemiya və milli iqtisadiyyatı dəstəkləmək üçün çəkilən böyük xərclər ucbatından bu proses daha tez baş verdi. Müstəqil hesablamalara görə, hakimiyyət təkcə keçən il iqtisadiyyata təxminən 9 trilyon dollar borc "qazandırıb". Bu da nəticəsi: dövlət borcu 28 trilyon dollara və ya ÜDM-in 101% -ə çatıb. Belə vəziyyət yalnız İkinci Dünya müharibəsindən dərhal sonra, 1946-cı ildə müşahidə olunub və həmin vaxt bu göstərici 106% təşkil edib.

Amma ABŞ Mərkəzi Bankının sədri Cerom Pauel, deyəsən, bunu ciddi problem hesab etmir.

"Pandemiya dövründə götürülmüş böyük borclar iqtisadi uçurumun üzərindən salınmış körpü rolunu oynadı: karantinlər, istehlak xərclərinin aşağı düşməsi, gediş-gəlişin azalması, boş otellər və milyonlarla işsiz insan... Ucuz kreditlər işçiləri işdən çıxartmaq əvəzinə, onlara əmək haqqı ödəməyə və aktivləri işlək vəziyyətdə saxlamağa imkan verdi. Bu borclar hesabına işdən çıxarılan işçilərə ödənilən müavinətləri maliyyələşdirdik ki, nəticədə də onlar özlərinə ərzaq ala və digər vacib ehtiyaclarını ödəyə bildilər", - deyə o bəyan edib.

Bununla belə, ABŞ Mərkəzi Bankının keçmiş sədri Larri Sammersin sözlərinə görə, stimullaşdırıcı tədbirlər həddən artıq olub. "Siyasətçilər koronavirusla mübarizəni hərbi xərclərlə bir tutaraq bu işə trilyonlarla pul tökdülər. Çökmüş büdcə gəlirləri isə heç kimi kimi narahat etmədi", - deyə o vurğulayıb.

Daha çox borc

Xəzinənin doldurulması ilə bağlı vəziyyət pisləşdikcə daha da çox borc götürməli oldular: böyük büdcə kəsiri əsasən dövlət istiqrazlarının satışı hesabına ödənilir.

2020-ci maliyyə ilində (30 sentyabrda başa çatan) kəsir 3 dəfədən çox artaraq 3,1 trilyon dollara çatdı.

Koronavirusla mübarizə tədbirlərinə sərf olunan vəsiat də nəzərə alınarsa, bu rəqəm 4 trilyona dirənəcək və yeni kreditlər götürmədən keçinmək mümkün olmayacaq.

Federal Büdcəyə məsul Komitənin hesablamalarına görə, pandemiyadan sonra iqtisadiyyatin ləng bərpası nəticəsində 2025-ci ilə kimi ABŞ-ın dövlət borcu ÜDM-in 117 faizinə bərabər olacaq.

Ancaq indiyə qədər bu vəziyyət investorlar üçün narahatlıq yaratmayıb və ABŞ-ın getdikcə daha çox borc bataqlığına qərq olmasına mane olmayıb – necə olsa da, Mərkəzi Bankın sədri bunun ölkəyə daha ucuz başa gədiyini təsdqiləyir.

"Hökümət dövlət qiymətli kağızları - müxtəlif müddətli veksellər və istiqrazlar buraxır. Bu qiymətli kağızların bazarı isə sərhədsizdir " - deyə "Wall Street Journal" yazır.

"Deyirlər, ki, bizi indi borc məsələsi çox da narahat etmir. Arqumentləri isə budur ki, kreditlərin faiz dərəcəsi aşağıdır. Elə bil bu pulları bizə havayı veriblər. Ancaq belə deyil. Bu pulu nə vaxtsa qaytarmalı olacaqsınız", -deyə Senator Con Tyun vurğulayıb.

Bəs sonra?

"JP Morgan Asset Management" vəziyyəti belə izah edir: borcun özündən çox onun xidmət xərcləri əhəmiyyət daşıyır.

"Kəskin böyüməyə baxmayaraq, borc öhdəliklərinə xidmət indi 90-cı illərin ortaları 2000-ci illərin əvvəllərindən, borcun ÜDM-in 50% -dən aşağı olduğu və hökumətin büdcə profisiti ilə işlədiyi dövrdən daha ucuzdur", - deyə bankın analitikləri qeyd edirlər.

Faiz dərəcələri artarsa ( böhran başa çatanda bu belə də olacaq, iqtisadi artım və çoxalan inflyasiya gözləntiləri burada həlledici amil rolunu oynayır), ÜDM-yə nisbətən xalis faiz ödənişləri hazırkı 1,3 faidən 3,2 faziə qədər artacaq.

Ancaq bu bir qədər fərqli situasiyadır. Bəzi təxminlərə görə, 2028-ci ildə amerikalılar dövlət büdcəsinin beşdə birini yalnız borc faizlərinə xərcləyəcəklər. Üstəlik, ABŞ dövlət borcunun təqribən yarısı xarici investorlara məxsusdur, Çin isə kreditorlar arasında ikinci yerdədir. 1,1 trilyon dollarlıq xəzinə istiqrazlarına sahib Pekin vaxtaşırı onları satışa çıxaracağı ilə Amerikanı hədələyir. Bu ssenari reallaşarsa, Federal Ehtiyatlar faiz dərəcələrini aşağı səviyyədə saxlamaq üçün bazardan qiymətli kağızlar almaq məcburiyyətində qalacaq. Ancaq bunun vəziyyətə təsiri qısamüddətli olacaq. Gec-tez investorlar ABŞ hökumətinin borc götürdüyü vəsaitləri geri qaytarmaq, qiymətli kağızlar satmaq və daha yüksək faiz tələb etmək qabiliyyətinə olan inamını itirəcəklər. Bu isə ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq.

Faizlərin artırılması tədavülə burxalmamış dövlət istiqrazlarının bazar dəyərini azaldacaq. Nəticədə bir sıra maliyyə qurumları – investisiya , pensiya fondları, banklar, sığorta şirkətləri və digər dövlət borc sahibləri zərər görəcəklər. Bütün bunlar isə növbəti iflas dalğası və maliyyə böhranı ilə sonuclanacaq.

24
Kərim Kərimov

"Kosmonavtları özü yola salıb qarşılayırdı": Kərim Kərimov haqqında möhtəşəm xatirələr

912
(Yenilənib 14:32 12.04.2021)
Kosmonavtların həyatını xilas etdi, uşaqlar üçün oyuncaqlar düzəltdi, məktəbin kimya kabinetini qaydaya saldı – Sputnik Azərbaycan Kosmonavtika Günündə əsrarəngiz həmyerlimizin həyatının bilinməyən təfərrüatlarına aydınlıq gətirib.

BAKI, 12 aprel — Sputnik, Dinara Kurmanova. Kərim Kərimov şöhrətin zirvəsinə çatanda artıq yaşı 70-i keçmişdi. Birdən-birə onu "ən əsrarəngiz azərbaycanlı" kimi qələmə verməyə başladılar ki, bu da heç təəccüblü deyildi: 1987-ci ilə kimi alimin şəxsiyyəti gizli saxlanılmışdı. Halbuki o, SSRİ-də çox mühüm vəzifə tuturdu: Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə Dövlət Komissiyasının sədri. Sadə dillə desək, Kərimov Sovet İttifaqının kosmik proqramının banilərindən biri idi.

Sputnik agentliyi Dünya Kosmonavtika Günündə Kərim Kərimovun həyatının gizli məqamlarına aydınlıq gətirib.

© Photo : Kerimov's family archive
Kərim Kərimov solda

Hər şey elmin başındadır

Belə bir nəzəriyyə mövcuddur ki, uşaqlıqdan hər bir insanın xarakterinin xüsusi bir cəhəti formalaşır və onun bütün taleyində həlledici rol oynayır. Kərim Kərimovda da məhz bu cür oldu: o, hələ məktəbə getməmişdən əvvəl elmə marağı olduğunu büruzə vermişdi. Özü də böyüklərin standart izahları bu uşaq üçün kifayət etmirdi. O, əldə etdiyi informasiyaları təcrübədə sınaqdan keçirmək istəyirdi.

Məsələn, sonradan özünün də etiraf etdiyi kimi, ilk dəfə radioqəbuledicidən gələn səsi eşidəndə məəttəl qalıbmış: Bu boşqab boyda qurğu necə işləyir axı? Üstəlik, onu binanın fasadına bərkidiblər!

Onun radiotexnikaya meyli belə yaranır. "Kosmosa gedən yol" adlı memuarında Kərimov hələ uşaqlıqdan radio aparatlarını təmir etməyi və yığmağı bacardığından bəhs edir. Bu hobbisi onun peşə seçimində mühüm rol oynayır.

Kərim Kərimov məktəbi bitirəndən sonra mühəndis-elektromexanik olmaq qərarına gəlir və Azərbaycan Sənaye İnstitutuna daxil olur.

  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
1 / 3
© Photo : Kerimov's family archive
Kərim Kərimov

Gənc tələbə texnika ilə yanaşı, dillərlə də maraqlanır və diplomunu aldığı vaxt artıq alman dilində yaxşı danışmağı bacarırdı. Bu, hadisə 1942-ci ilə təsadüf edirdi və həmin dövrdə alman dilini bilmək mühüm rol oynayırdı. Çünki İkinci Dünya müharibəsi başlamışdı. Kərimovu əvvəl hərbi nizam-intizamı öyrənmək üçün Artilleriya Akademiyasına qəbul edir, daha sonra Qvardiya Minaatıcı bölmələrin Baş Qərargahında xidmətə göndərirlər. Kərimov burada məşhur "Katyuşa" yaylım atəş qurğusu üzrə mütəxəssis kimi çalışır.

Müharibədən sonra, 1946-cı ildə gənc mütəxəssisi düşmənin raket texnikasını öyrənmək üçün Almaniyaya göndərirlər. Babası ilə eyni adı daşıyan mühəndisin nəvəsi Kərimin sözlərinə görə, hər şey üst-üstə düşür: "Babam bu işə həm texniki cəhətdən hazır idi, həm də alman dilini bilirdi".

"Böyük pullar vəd etməmişdilər"

Almaniyanın Rabe İnstitutundakı araşdırmalar zamanı Kərim Kərimov alim Sergey Korolyov və onun komandası ilə tanış olur. Alimin sonradan xatırladığı kimi, sovet mütəxəssisləri o dövrdə FAU-2 raketinin innovativ raket mühərrikləri ilə maraqlanırdılar.

"Alman alimlərindən maye yanacaqla işləyən mühərrikləri yaratmaq ideyasına necə gəldiklərini xəbər aldıq. Bizə belə cavab verdilər: Tsiolkovskini (rus kosmonavtika nəzəriyyəçisi - red.) oxuduq, orada hər şey izah olunub", – deyə Kərimov xatirələrində yazır.

Bu sözlər sonradan SSRİ mühəndisləri üçün bir növ stimul rolunu oynadı – onlar Tsiolkovskinin ideyalarını daha da inkişaf etdirmək qərarına gəldilər.

© Photo : Kerimov's family archive
Kərim Kərimov

"Konstruktor bürolarında, tədqiqat institutlarında, zavodlarda gecə-gündüz çalışırdılar. Özü də onları heç kim belə əzmlə işləməyə vadar etmir və böyük qazanc söz vermirdi. Bu əzmin səbəbi başqa idi, ürəkdən gəlirdi", – deyə Kərimov xatirələrində qeyd edir.

Elm adamlarında nəticə əldə etmək istəyi elə güclü idi ki, bəzən tamamilə rahat olmayan iş şəraitinə belə məhəl qoymurdular. Məsələn, R-1 raketinin sınaqları başlayanda Kərim Kərimov artıq Müdafiə Nazirliyinin Mərkəzi Aparatında xidmət edirdi. Və həmin vaxt elmi sınaqlar çöllərdə sınaqdan keçirildi - Kapustin Yar raketodromu hələ inşa edilməmişdi.

"Raketlərin sınaqdan keçirilməsi üçün tez-tələsik bir taxta anbar tikildi. "Laboratoriyalar, stendlər, dəmir yolu vaqonlarına yerləşdirilmişdi. Özümüz də elə qatarlarda yaşayırdıq", – deyə alim yada salır.

Bütün kosmonavtlar Qaqarinlə assosiasiya olunurdu

Sergey Korolyov kosmosa insan göndərmək təklifini irəli sürdüyü vaxt Kərim Kərimov kosmik raketlərin hazırlanması və istehsalına nəzarət şöbəsinə rəhbərlik edirdi. Korolyov deyirdi ki, əgər sınaq heyvanları sağ-salamat yerə qayıda biliblərsə, deməli kosmosa insan göndərməyin də vaxtı gəlib çatıb.

"Bu, Korolyovun çoxdankı arzusu idi. O, uzun illər bu işə can atmışdı. Yeri gəlmişkən, bu, bizim hamımız üçün siyasi məsələ idi. Biz çox yaxşı başa düşürdük ki, ilk süni peykin buraxılmasında SSRİ-yə uduzan ABŞ kosmosa ilk insanı göndərməklə bunun əvəzini çıxmağa çalışacaq", – uzun illər sonra Kərimov həmin məqamı belə xatırlayır.

"Uçuşa hazırlıq prosesi uzun sürdü. Hətta Baykonur kosmodromunun əməkdaşları da martın əvvəlində, uçuşa hələ bir ay qalmış gəlmişdilər. Hər gün həyəcanımız bir az da artırdı", – deyə Kərim Kərimov yada salır.

Amma əlbəttə ki, ən böyük həyəcan aprelin 12-də yaşandı.

"Baykonurdakı həmin yaz səhərini çox yaxşı xatırlayıram. Starta hələ iki saat qalsa da, heç birimiz özümüzə yer tapa bilmirdik. Var-gəl edir, həyəcanla kosmonavtları gətirəcək avtobusu gözləyirdik. Heç kim dinib-danışmırdı", – alim o əlamətdar günü belə xatırlayır.

Hava gəmisinin buraxılmasına yarım saat qalmış Kərim Kərimov Korolyov və mühəndis-mexanik Konstantin Rudnevlə birlikdə bunkerə düşürlər ki, Yuri Qaqarinlə radio vasitəsilə əlaqə saxlasınlar.

"Sözsüz ki, çox böyük həyəcan var idi, yalnız 10:55-də "Vostok" gəmisinin Saratov diyarındakı kolxoz sahəsinə endiyi barədə uzun müddətdən bəri gözlədiyimiz məlumat gələndə rahat nəfəs aldıq. Bir anda alqış sədaları qopdu", – deyə Kərim Kərimov xatırlayır.

1966-cı ildə Dövlət Komissiyasının sədri olan Kərim Kərimov SSRİ-nin bütün kosmonavtlarını kosmosa yola salır və qarşılayırdı. Və özünün də dediyi kimi, hər dəfə mütləq Qaqarinin uçuşunu yada salırdı.

"Kərimova görə, belə şeylərə adi hadisə kimi yanaşmaq mümkün deyildi. O, həm də başa düşürdü ki, hər ekspedisiya bir riskdir, ona görə də tabeliyində olanlarla mümkün qədər yumşaq davranmağa çalışırdı", – deyə kosmonavt Musa Manarov Sputnik-ə müsahibəsində qeyd edib.

"Kərim Kərimov işdə çox tələbkar olsa da, adi həyatda mehriban və ürəyəyatan adam idi. Startdan qabaq bizi kosmosa yola salanda həmişə doğru ifadələri tapa bilirdi və mütləq Yerə sağ-salamat qayıtmağımızı arzulayırdı.

"Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir"

© Photo : Kerimov's family archive
Kərim Kərimov sağda

"Kosmosa gedən yol" kitabının redaktoru Arif Mehdiyev Kərim Kərimov haqqında danışarkən hər dəfə qeyd edirdi: Dövlət komissiyasının sədri vəzifəsi təkcə yüksək status demək deyildi. Bu status çoxsaylı vəzifələri, həmçinin gözlənilməz hallara ildırım sürəti ilə reaksiya vermək bacarığını özündə ehtiva edirdi. Axı demək olar ki, hər bir uçuşda təhlükəli böhran anları olur. Məsələn, 1983-cü ildə, komissiya göyərtəsində Vladimir Titov və Gennadi Strekalovun olduğu "Soyuz T-20" gəmisinə uçuş komandası verməyə hazırlaşarkən raketin gövdəsində yanğın baş verib. Həmin an Kərim Kərimov vaxtında lazımi düyməni sıxaraq qəza xilasetmə sistemini işə salıb.

SSRİ dağıldıqdan sonra Kərim Kərimov Azərbaycanın Kosmik Tədqiqatlar üzrə Elmi-İstehsalat Birliyindən (hazırda Azərbaycan Milli Aerokosmik Agentliyi) öz dəstəyini əsirgəməyib. Mərhum prezident Heydər Əliyev Azərbaycan və Sovet elminin inkişafına verdiyi töhfəyə görə Kərim Kərimovu "Şöhrət" ordeni ilə təltif edib. Eyni zamanda, onun həm istedadlı alim, həm də yaxşı təşkilatçı olduğunu dilə gətirərək bu xüsusiyyətlərin nadir insanlarda birləşdiyini qeyd edib.

Kərim Kərimov həm də yaxşı həyat yoldaşı, ata və baba olub. "Bəzən elə olur ki, alimlər öz sahələrində xariqələr yaradır, ancaq evdə divara bir mismar vurmağı da bacarmırlar. Bizim babamız isə belələrindən deyil. Məni və böyük qardaşımı çox əzizləyirdi. Biz bir mənzildə yaşayırdıq və o, otaqlardan birini emalatxanaya çevirmişdi. Orada bizim üçün oyuncaqlar düzəldirdi, bir dəfə hətta qardaşıma gitara düzəltməyə də kömək etmişdi. Bağ evini söküb yenidən tikməyi xoşlayırdı, hətta bir dəfə nənəmə dərs kabinetinin tərtibatında da kömək etmişdi. Nənəm məktəbdə kimyadan dərs deyirdi, babam onun üçün bütün şəraiti yaratmışdı. Həmin vaxt artıq polkovnik rütbəsində olsa da, məktəbə gedib bütün ləvazimatları özü yerbəyer etmişdi. Məktəbin direktoru isə bizim ailə dostumuzdur. Sonralar direktor yada salaraq gülürdü: "Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir".

Kərim Kərimovun qızı Suriyə də alim olub

"O, geodeziyaçı-astronom, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı mütəxəssisi idi", - deyə qurumun elmi rəhbəri, Suriyə xanımın həmkarı Boris Şustov Sputnikə müsahibəsində bildirib.

"Çox məsuliyyətli idi, həmişə hər şeyi elə etməyə çalışırdı ki, nəticə keyfiyyətli alınsın. Eyni zamanda, atası kimi, çox istiqanlı və mehriban insan idi", - deyə Şustov vurğulayır.

912
Qrafiti

ABŞ sanksiyalar yolu ilə özünün dünyadakı hökmranlığına son qoyur

14
(Yenilənib 22:17 09.04.2021)
Həm İran, həm də Koreya Xalq Demokratik Respublikasının təcrübəsində olduğu kimi illərlə ən sərt məhdudiyyətlər altında yaşamaq da mümkündür,

BAKI, 10 aprel — Sputnik, İrina Alksnis. Qərbdə Rusiya əleyhinə sanksiyalarının tətbiqi ilə bağlı hər şey öz qaydasındadır: kimsə onları işləyib hazırlayır və tətbiq edir, digərləri isə bu sanksiyalardan dəyən ziyanı minimuma endirmək üçün üsullar fikirləşib tapır. Ümumiyyətlə, bəzi hallarda bu rollar hətta üst-üstə düşür. Yəni, əvvəlcə sanksiyalar tətbiq olunur, sonra isə onların təşəbbüskarları özlərinin yaratdığı bataqlıqdan çıxmaq üçün çabalayırlar.

Rusiya isə öz faydası üçün yeni, lakin mahiyyətcə yeknəsəq tədbirlər görür: elitanın milliləşdirilməsindən tutmuş, texnoloji səyyarlığın təmin olunmasına qədər.

S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
© Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFP

Hazırda Vaşinqton "Şimal axını-2" qaz kəmərinin taleyinə dair danışıqlarda iştirak edəcək xüsusi nümayəndəliyə kimin təyin olunması ilə məşğuldur.

"Politico" nəşrinin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi tikilməkdə olan kəmərə qarşı növbəti iki sanksiya paketini təsdiq edib. Yeni "qara siyahı"da adı çəkilən kəmərin inşası və sonrakı istismarına cavabdeh olan İsveçrənin "Nord Stream 2 AG" şirkətinin və onun rəhbəri Matias Varniqin də adı var.

Layihənin cari ilin may ayında Konqresin təsdiqinə veriləcəyi gözlənilir. Lakin bu da dəqiq deyil, çünki yeni sanksiyalara dair son qərar hələ ki, qəbul olunmayıb. Aydındır ki, bu, Ağ Evin namizəd axtardığı emissarın danışıqlarından asılı olacaq. Həmin danışıqlar isə heç də Rusiya ilə deyil, Avropa ilə aparılacaq.

Əslində, hər iki partiya nümayəndələrinin Konqresdə təzyiq göstərərək "Şimal Axını-2" layihəsini nəyin bahasına olursa olsun dayandırılmasını tələb etdikləri Bayden administrasiyasının əsas problemi budur: Berlin təkidlə qaz kəmərini müdafiə edir. Və demokratların Trampın ciddi şəkildə zərər vurduğu Avropa ilə münasibətləri bərpa etmək istəyi sərt addımların atılmasını Ağ Ev üçün arzuolunmaz edir. Nəticədə Vaşinqton strateji əhəmiyyət daşıyan layihəni müdafiə edən Qərbi Avropanın inadkarlığını yumşaltmaq üçün danışıqlara ümid edir. Bu arada, jurnalistlərin də xatırlatdıqları kimi, artıq layihənin 96 faizi başa çatıb. Hərçənd, ortada sanksiya məsələsi də var. Bu məqamda "Bloomberg" seçkilərə müdaxilə və haker hücumlarına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı barədə məlumat yaydı. Həmin məlumata görə, Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat adı altında" fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər. Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla, Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil oluncaq.

Bu addımın Vaşinqton üçün "yan effekt" yaradacağı da qaçılmazdır. Bu yaxınlarda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun da qeyd etdiyi kimi, Vaşinqton yerli diplomatlara qarşı viza müharibəsinə başlayıb və bu səbəbdən hər iki ölkənin diplomatik missiyası texniki mütəxəssislər də daxil olmaqla kadr çatışmazlığı ilə qarşı-qarşıya qalıblar. Ancaq Rusiya səfirliyinin işçiləri "çətinliklərə və məhrumiyyətlərə sinə gərdikləri halda", amerikalılar işləmək məcburiyyətində qaldıqları dözülməz şəraitdən dəfələrlə şikayətlənərək bildiriblər ki, yüksək rütbəli diplomatlar səfirlik binası qarşısındakı qarı özləri kürüməli olur, dezinfeksiyaedici məhlulları özləri qarışdırırlar. Nəhayət, iş o yerə çatdı ki, ABŞ-ın Vladivostok və Yekaterinburqdakı iki konsulluğu texnik səbəblər üzündən fəaliyyətini dayandırmalı oldu.

Son illərdə sanksiya məsələsi həm Rusiya daxili proseslər, həm də beynəlxalq münasibətlər kontekstində adi, maraqsız mövzuya çevrilib. Qloballaşan birqütblü dünyada sanksiyalar, həqiqətən də, mövcud sistemi gücləndirmək üçün bir vasitə idi. Həm İran, həm də Koreya Xalq Demokratik Respublikasının təcrübəsində olduğu kimi illərlə ən sərt məhdudiyyətlər altında yaşamaq da mümkündür, ancaq yaddan çıxartmaq olmaz ki, bunun əvəzi vətəndaşların aşağı yaşayış səviyyəsi, milli iqtisadiyyatın və texnoloji inkişafın tənəzzülü ilə ödənir. Həmin vaxt sanksiyalar ölkənin inkişaf etmiş sivilizasiyalardan geri qalması demək idi: məsələn, SWIFT sisteminə əlçatanlığın olmaması və alternativ milli ödəmə sisteminin yaradılmaması səbəbindən mağazada adicə kartla ödənişi etmək mümkün deyildi.

Yeddi il əvvəl başlayan Rusiyaya qarşı sanksiyalar dalğasının əsas məqsədi də ölkəmizə bu şəkildə təsir göstərmək idi. Ancaq tamamilə əks nəticəyə gətirib çıxardı.

Sanksiyalar həm Qərbin birliyini, həm də bütövlükdə ABŞ-ın lider mövqedə olduğu qlobal sistemi zədələyir. On il əvvəl bu sanksiyalar "ipə-sapa yatmayan ölkələrin" texnoloji cəhətdən geri qalması üçün mexanizm rolunu oynayırdısa, indi onların inkişafını stimullaşdıran vasitəyə çevrilib.

İndi bizə yalnız Vaşinqtonun özünə açıq şəkildə zərər verən bu prosesi niyə davam etdirməsinin səbəbləri üzərində baş sındırmaq qalır. Bəlkə də, Amerika isteblişmenti sadəcə baş verənlərin əsl mahiyyətini görmür. Yaxud da, gerçəkliyi dərk etsələr belə, ABŞ-ın dünyadakı hegemonluğuna son qoyan bu prosesi dayandırmaq iqtidarında deyillər.

14
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0