Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

"Rusiyanı cəzalandırmaq". Lavrov ilə münasibətlər barədə dedi

90
(Yenilənib 12:01 25.03.2021)
Politoloq, tarix elmləri namizədi Andrey Suzdalsev qeyd edir ki, Aİ-nin, ümumilikdə Qərb ölkələrinin Rusiya ilə qarşıdurması müəyyən alqoritm üzrə inkişaf edir.

BAKI, 25 mart - Sputnik, Anton Lisitsın. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Moskva ilə Brüsselin "münasibətlərinin infrastrukturu" Avropa İttifaqı tərəfindən dağıdılıb. Onun sözlərinə görə, yalnız bəzi ölkələr tərəfdaşdırlar. Lakin Rusiya Avropa da eyni niyyətdə olsa, əlaqələri bərpa etməyə hazırdır. RİA Novosti diplomatların necə ümumi dil tapmaq istədiklərini araşdırıb.

Dəyişiklik yoxdur

Lavrovun fkrincə, Aİ-nin birləşmiş ölkələri milli maraqlardan çıxış edərək Moskva ilə dialoqa tərəfdardırlar. "Hələlik qərb cəbhəsində təbəddülat yoxdur. Şərqdə isə bizdə intensiv gündəlik var" - nazir qeyd edib.

Rusiya diplomatiyasının şefi bildirib ki, Avropa münasibətləri normallaşdırmaq qərarına gəlsələr, Rusiya əlaqələri bərpa etməyə hazırdır. 

"Bir gün əvvəl Avropa diplomatiyasının başçısı Jozep Borrel gərginliyin artmasına görə məsuliyyəti Moskvanın üzərinə qoyub. "Bizə aydındır ki, Rusiya qarşıdurmaya istiqamət götürüb", - o bəyan edib.

Onun sözlərinə görə, "Rusiya getdikcə Avropa İttifaqından daha çox aralanır".

Borrelin bəyanatı rusiyalılara qarşı sanksiyaların tətbiqi ilə müşayiət olunub. KİV xəbərdar etmişdi ki, Avropa İttifaqı Aleksey Navalnı ilə vəziyyətə görə rusiyalı vəzifəli şəxslərə qarşı tədbir görəcək. 

Düzdür, Aİ güc strukturlarının nümayəndələrinə qarşı fərdi məhdudiyyətlərlə kifayətlənib. Aİ Şurası Rusiya iqtisadiyyatına qarşı tədbir görməyib.

Lavrov həmin vaxt Brüsselin siyasətində Moskvanı nəyin qane etmədiyini deyib:

"Aİ şüurlu olaraq ikitərəfli münasibətlərin praktiki olaraq bütün infrastrukutunu məhv edib". Nazir xatırladıb ki, Rusiyanı Ukrayna rəsmilərinin davranışına görə cavabdeh etməyə çalışırlar: "Avropa İttifaqı əvvəlki kimi Rusiya ilə əlaqələrin normallaşmasını Minsk razılaşmalarının icrası ilə bağlayır. Kiyev isə bu razılaşmaları sabotaj edir".

Müqavimət və Rusiyanın qarşının alınması

Yeri gəlmişkən, Aİ-nin Moskvadak nümayəndəsi Markus Ederer qeyd edib ki, Avropa İttifaqı Rusiya ilə dialoqda Ukrayna münaqişəsinə həddindən çox diqqət yönəldir və mövqeyi dəyişmək lazımdır. 

Rusiya XİN başçısının müavini Aleksandr Qruşko isə bəyan edib ki, Kreml Aİ üzvlüyünü yüksək qiymətləndidir, lakin buna görə hər şeyə razı olmayacaq.

Əslində Moskva ilə Brüssel arasında nifaq Borrel fevralın əvvəlində Rusiyadan qayıtdıqdan sonra başlayıb. O zaman Borrel sanksiyaların tətbiqini istisna etməyib, çünki Lavrovla görüşlərdə ünsiyyət "yüksək gərginliklə baş tutub".

Həqiqətən, nə danışıqların özü, nə də onların fonu sakit deyildi. Mitinqlərdə polisin sərt hərəkət etməsində ittiham olunan Rusiya tərəfi avropalı nümayəndələrə ABŞ və Avropada etiraz aksiyalarının zorakılıqla dağıdılmasının videosunu çatdırıb. Lavrovla nahar zamanı Borrel xəbər tutdu ki, küçə aktivliyində iştiraka görə Moskvadan Aİ-nin üç diplomatını qovurlar: alman, polyak və isveçlini.

Bu səfərə görə Avropa diplomatiyasının başçısı tənqid olunub. Keçmiş SSRİ respublikalarının nümayəndələri ənənəvi olaraq sərt çıxış ediblər. Belə ki, Avroparlamentin Avropa Xalq Partiyasından olan deputatı, Latviyanın keçmiş xarici işlər naziri Sandra Kalniete Borreli Navalnı ilə görüşməməkdə və Lavrovla mətbuat konfransında iştirak etməkdə günahlandırırb.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun İnteqrasiya prosesləri kafedrasının müdiri Nikolay Kaveşnikov bildirir:

"Rusiya-Aİ qarşılıqlı əlaqələri 90-cı illərin əvvəlindən ən aşağı səviyyədədir. "Kremlin nöqteyi – nəzərindən, məsuliyyət Avropa İttifaqının üzərindədir: məhz Krımda, Donetsk və Luqanskdakı hadisələrdən sonra Aİ sanksiya tətbiq etdi və hələ də Rusiyanın beynəlxlalq arenada və ölkə daxilindəki hərəkətlərinə münasibət bildirmək üçün hələ də onlardan istifadə edir".

Kaveşnikov Aİ-nin nöqteyi-nəzərini də izah edir: "Onların fikrincə, 2014-cü ildə Rusiya beynəlxalq hüququn normalarına qarşı getdi və “zərərli fəaliyyətini” davam etdirir. Kremlin bir çox addımlarını Brüsseldə öhdəliklərin pozulması kimi qiymətləndidrirlər".

Fikir ayrılıqlarını qeydə alan tərəflər mövqelərini yaxınlaşdırmayıblar. "Aİ-nin xarici siyasət üzrə rəyi dövlətlərin ortalama baxışlarıdır. Lakin nəzərə almaq lazımdır ki, əhəmiyyətli ölkələrin təsiri digər ölkələrdən çoxdur. Avropa İttifaqında Rusiya ilə münasibətlərin deqradasiyasının qarşısını almaq istəyən qüvvələr var. Lakin vaxtilə 5 Mogerini prinsipini hazırlayandan sonra Aİ bu minimal konsensusla kifayətlənib. Onlar başqa heç nə fikirləşə bilmirlər”, - Kaveşnikov vurğulayır.

Onun sözlərinə görə, milli hökumətlərlə əlaqələrin inkişafı indi mümkün olan yeganə addımdır. Lakin bir çox iqtisadi, sərmayə, xarici siyasət məsələləri millidən üst səviyyədə həll olunur, burada isə manevr imkanları məhduddur.

Politoloq, tarix elmləri namizədi Andrey Suzdalsev qeyd edir ki, Aİ-nin, ümumilikdə Qərb ölkələrinin Rusiya ilə qarşıdurması müəyyən alqoritm üzrə inkişaf edir: "Bir müddətdən sonra sanksiyaların qəbulunun səbəbləri unudulur, demək yeni parlaq bəhanə tapmaq lazımdır. Məsələn, iki dəfə kimisə “Noviçok”la zəhərləyiblər, amma öldürə bilməyiblər. Hər şey aydındır: Moskva kimyəvi silahdan istifadə edib, yalnız kimyəvi silahdan yox, kütləvi qırğın silahından istifadə edib ".

"Bizim üçün bu qeyri-adi səslənir. Aydındır ki, kimyəvi silahdan Solsberinin yarısı həlak olardı, lakin qərbli sakin buna inanır. Çünki ona “düzgün olmayan” Rusiyanın cəzalandırıldığını göstərirlər. Eyni səbəbdən cavab tədbirləri onlarda qıcıq ayaradır, yəni “niyə bizə cavab verirsiniz?”, – politoloq davam edir.

Suzdalsevin sözlərinə əsasən, tədricən bəhanələr tükənir və gündəm gərginləşir. Tərəflər keçilməsi düzgün olmayan qırmızı xətlərə yaxınlaşırlar. "Biz doxsanıncılardan bəri münasibətlərin ən aşağı nöqtəsindəyik, lakin bizim çoxlu əlaqələrimiz var - iqtisadi, sosial, texnoloji. Dialoq eyni ruhda davam edə bilər: Rusiyanı nədəsə günahkar olan, təbiyə olunmalı ölkə kimi təqdim olunacaq. Praktiki məqsəd isə birdir: bizim bazara təqdim etdiyimizin qiymətini azaltmaq. Yəni, sizi də sayırıq. Lakin buna aldanmaq lazım deyil, bu, sabitlik və təhlükəsizliyə fayda vermir", - ekspert deyib.

Onun fikrincə, əslində dialoq Avropada ittihamlarının təsdiqinin heç kimi maraqlandırmadığı aydın olduqda başa çatıb. Moskvaya Brüsseldəkilərin sakitləşməyini gözləmək qalır, həm də ölkə daxilində görüləsi iş çoxdur.

90
Kərim Kərimov

"Kosmonavtları özü yola salıb qarşılayırdı": Kərim Kərimov haqqında möhtəşəm xatirələr

78
(Yenilənib 14:32 12.04.2021)
Kosmonavtların həyatını xilas etdi, uşaqlar üçün oyuncaqlar düzəltdi, məktəbin kimya kabinetini qaydaya saldı – Sputnik Azərbaycan Kosmonavtika Günündə əsrarəngiz həmyerlimizin həyatının bilinməyən təfərrüatlarına aydınlıq gətirib.

BAKI, 12 aprel — Sputnik, Dinara Kurmanova. Kərim Kərimov şöhrətin zirvəsinə çatanda artıq yaşı 70-i keçmişdi. Birdən-birə onu "ən əsrarəngiz azərbaycanlı" kimi qələmə verməyə başladılar ki, bu da heç təəccüblü deyildi: 1987-ci ilə kimi alimin şəxsiyyəti gizli saxlanılmışdı. Halbuki o, SSRİ-də çox mühüm vəzifə tuturdu: Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə Dövlət Komissiyasının sədri. Sadə dillə desək, Kərimov Sovet İttifaqının kosmik proqramının banilərindən biri idi.

Sputnik agentliyi Dünya Kosmonavtika Günündə Kərim Kərimovun həyatının gizli məqamlarına aydınlıq gətirib.

© Photo : Kerimov's family archive
Kərim Kərimov solda

Hər şey elmin başındadır

Belə bir nəzəriyyə mövcuddur ki, uşaqlıqdan hər bir insanın xarakterinin xüsusi bir cəhəti formalaşır və onun bütün taleyində həlledici rol oynayır. Kərim Kərimovda da məhz bu cür oldu: o, hələ məktəbə getməmişdən əvvəl elmə marağı olduğunu büruzə vermişdi. Özü də böyüklərin standart izahları bu uşaq üçün kifayət etmirdi. O, əldə etdiyi informasiyaları təcrübədə sınaqdan keçirmək istəyirdi.

Məsələn, sonradan özünün də etiraf etdiyi kimi, ilk dəfə radioqəbuledicidən gələn səsi eşidəndə məəttəl qalıbmış: Bu boşqab boyda qurğu necə işləyir axı? Üstəlik, onu binanın fasadına bərkidiblər!

Onun radiotexnikaya meyli belə yaranır. "Kosmosa gedən yol" adlı memuarında Kərimov hələ uşaqlıqdan radio aparatlarını təmir etməyi və yığmağı bacardığından bəhs edir. Bu hobbisi onun peşə seçimində mühüm rol oynayır.

Kərim Kərimov məktəbi bitirəndən sonra mühəndis-elektromexanik olmaq qərarına gəlir və Azərbaycan Sənaye İnstitutuna daxil olur.

  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
  • Kərim Kərimov
    © Photo : Kerimov's family archive
1 / 3
© Photo : Kerimov's family archive
Kərim Kərimov

Gənc tələbə texnika ilə yanaşı, dillərlə də maraqlanır və diplomunu aldığı vaxt artıq alman dilində yaxşı danışmağı bacarırdı. Bu, hadisə 1942-ci ilə təsadüf edirdi və həmin dövrdə alman dilini bilmək mühüm rol oynayırdı. Çünki İkinci Dünya müharibəsi başlamışdı. Kərimovu əvvəl hərbi nizam-intizamı öyrənmək üçün Artilleriya Akademiyasına qəbul edir, daha sonra Qvardiya Minaatıcı bölmələrin Baş Qərargahında xidmətə göndərirlər. Kərimov burada məşhur "Katyuşa" yaylım atəş qurğusu üzrə mütəxəssis kimi çalışır.

Müharibədən sonra, 1946-cı ildə gənc mütəxəssisi düşmənin raket texnikasını öyrənmək üçün Almaniyaya göndərirlər. Babası ilə eyni adı daşıyan mühəndisin nəvəsi Kərimin sözlərinə görə, hər şey üst-üstə düşür: "Babam bu işə həm texniki cəhətdən hazır idi, həm də alman dilini bilirdi".

"Böyük pullar vəd etməmişdilər"

Almaniyanın Rabe İnstitutundakı araşdırmalar zamanı Kərim Kərimov alim Sergey Korolyov və onun komandası ilə tanış olur. Alimin sonradan xatırladığı kimi, sovet mütəxəssisləri o dövrdə FAU-2 raketinin innovativ raket mühərrikləri ilə maraqlanırdılar.

"Alman alimlərindən maye yanacaqla işləyən mühərrikləri yaratmaq ideyasına necə gəldiklərini xəbər aldıq. Bizə belə cavab verdilər: Tsiolkovskini (rus kosmonavtika nəzəriyyəçisi - red.) oxuduq, orada hər şey izah olunub", – deyə Kərimov xatirələrində yazır.

Bu sözlər sonradan SSRİ mühəndisləri üçün bir növ stimul rolunu oynadı – onlar Tsiolkovskinin ideyalarını daha da inkişaf etdirmək qərarına gəldilər.

© Photo : Kerimov's family archive
Kərim Kərimov

"Konstruktor bürolarında, tədqiqat institutlarında, zavodlarda gecə-gündüz çalışırdılar. Özü də onları heç kim belə əzmlə işləməyə vadar etmir və böyük qazanc söz vermirdi. Bu əzmin səbəbi başqa idi, ürəkdən gəlirdi", – deyə Kərimov xatirələrində qeyd edir.

Elm adamlarında nəticə əldə etmək istəyi elə güclü idi ki, bəzən tamamilə rahat olmayan iş şəraitinə belə məhəl qoymurdular. Məsələn, R-1 raketinin sınaqları başlayanda Kərim Kərimov artıq Müdafiə Nazirliyinin Mərkəzi Aparatında xidmət edirdi. Və həmin vaxt elmi sınaqlar çöllərdə sınaqdan keçirildi - Kapustin Yar raketodromu hələ inşa edilməmişdi.

"Raketlərin sınaqdan keçirilməsi üçün tez-tələsik bir taxta anbar tikildi. "Laboratoriyalar, stendlər, dəmir yolu vaqonlarına yerləşdirilmişdi. Özümüz də elə qatarlarda yaşayırdıq", – deyə alim yada salır.

Bütün kosmonavtlar Qaqarinlə assosiasiya olunurdu

Sergey Korolyov kosmosa insan göndərmək təklifini irəli sürdüyü vaxt Kərim Kərimov kosmik raketlərin hazırlanması və istehsalına nəzarət şöbəsinə rəhbərlik edirdi. Korolyov deyirdi ki, əgər sınaq heyvanları sağ-salamat yerə qayıda biliblərsə, deməli kosmosa insan göndərməyin də vaxtı gəlib çatıb.

"Bu, Korolyovun çoxdankı arzusu idi. O, uzun illər bu işə can atmışdı. Yeri gəlmişkən, bu, bizim hamımız üçün siyasi məsələ idi. Biz çox yaxşı başa düşürdük ki, ilk süni peykin buraxılmasında SSRİ-yə uduzan ABŞ kosmosa ilk insanı göndərməklə bunun əvəzini çıxmağa çalışacaq", – uzun illər sonra Kərimov həmin məqamı belə xatırlayır.

"Uçuşa hazırlıq prosesi uzun sürdü. Hətta Baykonur kosmodromunun əməkdaşları da martın əvvəlində, uçuşa hələ bir ay qalmış gəlmişdilər. Hər gün həyəcanımız bir az da artırdı", – deyə Kərim Kərimov yada salır.

Amma əlbəttə ki, ən böyük həyəcan aprelin 12-də yaşandı.

"Baykonurdakı həmin yaz səhərini çox yaxşı xatırlayıram. Starta hələ iki saat qalsa da, heç birimiz özümüzə yer tapa bilmirdik. Var-gəl edir, həyəcanla kosmonavtları gətirəcək avtobusu gözləyirdik. Heç kim dinib-danışmırdı", – alim o əlamətdar günü belə xatırlayır.

Hava gəmisinin buraxılmasına yarım saat qalmış Kərim Kərimov Korolyov və mühəndis-mexanik Konstantin Rudnevlə birlikdə bunkerə düşürlər ki, Yuri Qaqarinlə radio vasitəsilə əlaqə saxlasınlar.

"Sözsüz ki, çox böyük həyəcan var idi, yalnız 10:55-də "Vostok" gəmisinin Saratov diyarındakı kolxoz sahəsinə endiyi barədə uzun müddətdən bəri gözlədiyimiz məlumat gələndə rahat nəfəs aldıq. Bir anda alqış sədaları qopdu", – deyə Kərim Kərimov xatırlayır.

1966-cı ildə Dövlət Komissiyasının sədri olan Kərim Kərimov SSRİ-nin bütün kosmonavtlarını kosmosa yola salır və qarşılayırdı. Və özünün də dediyi kimi, hər dəfə mütləq Qaqarinin uçuşunu yada salırdı.

"Kərimova görə, belə şeylərə adi hadisə kimi yanaşmaq mümkün deyildi. O, həm də başa düşürdü ki, hər ekspedisiya bir riskdir, ona görə də tabeliyində olanlarla mümkün qədər yumşaq davranmağa çalışırdı", – deyə kosmonavt Musa Manarov Sputnik-ə müsahibəsində qeyd edib.

"Kərim Kərimov işdə çox tələbkar olsa da, adi həyatda mehriban və ürəyəyatan adam idi. Startdan qabaq bizi kosmosa yola salanda həmişə doğru ifadələri tapa bilirdi və mütləq Yerə sağ-salamat qayıtmağımızı arzulayırdı.

"Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir"

© Photo : Kerimov's family archive
Kərim Kərimov sağda

"Kosmosa gedən yol" kitabının redaktoru Arif Mehdiyev Kərim Kərimov haqqında danışarkən hər dəfə qeyd edirdi: Dövlət komissiyasının sədri vəzifəsi təkcə yüksək status demək deyildi. Bu status çoxsaylı vəzifələri, həmçinin gözlənilməz hallara ildırım sürəti ilə reaksiya vermək bacarığını özündə ehtiva edirdi. Axı demək olar ki, hər bir uçuşda təhlükəli böhran anları olur. Məsələn, 1983-cü ildə, komissiya göyərtəsində Vladimir Titov və Gennadi Strekalovun olduğu "Soyuz T-20" gəmisinə uçuş komandası verməyə hazırlaşarkən raketin gövdəsində yanğın baş verib. Həmin an Kərim Kərimov vaxtında lazımi düyməni sıxaraq qəza xilasetmə sistemini işə salıb.

SSRİ dağıldıqdan sonra Kərim Kərimov Azərbaycanın Kosmik Tədqiqatlar üzrə Elmi-İstehsalat Birliyindən (hazırda Azərbaycan Milli Aerokosmik Agentliyi) öz dəstəyini əsirgəməyib. Mərhum prezident Heydər Əliyev Azərbaycan və Sovet elminin inkişafına verdiyi töhfəyə görə Kərim Kərimovu "Şöhrət" ordeni ilə təltif edib. Eyni zamanda, onun həm istedadlı alim, həm də yaxşı təşkilatçı olduğunu dilə gətirərək bu xüsusiyyətlərin nadir insanlarda birləşdiyini qeyd edib.

Kərim Kərimov həm də yaxşı həyat yoldaşı, ata və baba olub. "Bəzən elə olur ki, alimlər öz sahələrində xariqələr yaradır, ancaq evdə divara bir mismar vurmağı da bacarmırlar. Bizim babamız isə belələrindən deyil. Məni və böyük qardaşımı çox əzizləyirdi. Biz bir mənzildə yaşayırdıq və o, otaqlardan birini emalatxanaya çevirmişdi. Orada bizim üçün oyuncaqlar düzəldirdi, bir dəfə hətta qardaşıma gitara düzəltməyə də kömək etmişdi. Bağ evini söküb yenidən tikməyi xoşlayırdı, hətta bir dəfə nənəmə dərs kabinetinin tərtibatında da kömək etmişdi. Nənəm məktəbdə kimyadan dərs deyirdi, babam onun üçün bütün şəraiti yaratmışdı. Həmin vaxt artıq polkovnik rütbəsində olsa da, məktəbə gedib bütün ləvazimatları özü yerbəyer etmişdi. Məktəbin direktoru isə bizim ailə dostumuzdur. Sonralar direktor yada salaraq gülürdü: "Kabinetə daxil olanda gördüm ki, polkovnik özü mebeli təmir edir".

Kərim Kərimovun qızı Suriyə də alim olub

"O, geodeziyaçı-astronom, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı mütəxəssisi idi", - deyə qurumun elmi rəhbəri, Suriyə xanımın həmkarı Boris Şustov Sputnikə müsahibəsində bildirib.

"Çox məsuliyyətli idi, həmişə hər şeyi elə etməyə çalışırdı ki, nəticə keyfiyyətli alınsın. Eyni zamanda, atası kimi, çox istiqanlı və mehriban insan idi", - deyə Şustov vurğulayır.

78
Qrafiti

ABŞ sanksiyalar yolu ilə özünün dünyadakı hökmranlığına son qoyur

14
(Yenilənib 22:17 09.04.2021)
Həm İran, həm də Koreya Xalq Demokratik Respublikasının təcrübəsində olduğu kimi illərlə ən sərt məhdudiyyətlər altında yaşamaq da mümkündür,

BAKI, 10 aprel — Sputnik, İrina Alksnis. Qərbdə Rusiya əleyhinə sanksiyalarının tətbiqi ilə bağlı hər şey öz qaydasındadır: kimsə onları işləyib hazırlayır və tətbiq edir, digərləri isə bu sanksiyalardan dəyən ziyanı minimuma endirmək üçün üsullar fikirləşib tapır. Ümumiyyətlə, bəzi hallarda bu rollar hətta üst-üstə düşür. Yəni, əvvəlcə sanksiyalar tətbiq olunur, sonra isə onların təşəbbüskarları özlərinin yaratdığı bataqlıqdan çıxmaq üçün çabalayırlar.

Rusiya isə öz faydası üçün yeni, lakin mahiyyətcə yeknəsəq tədbirlər görür: elitanın milliləşdirilməsindən tutmuş, texnoloji səyyarlığın təmin olunmasına qədər.

S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
© Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFP

Hazırda Vaşinqton "Şimal axını-2" qaz kəmərinin taleyinə dair danışıqlarda iştirak edəcək xüsusi nümayəndəliyə kimin təyin olunması ilə məşğuldur.

"Politico" nəşrinin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi tikilməkdə olan kəmərə qarşı növbəti iki sanksiya paketini təsdiq edib. Yeni "qara siyahı"da adı çəkilən kəmərin inşası və sonrakı istismarına cavabdeh olan İsveçrənin "Nord Stream 2 AG" şirkətinin və onun rəhbəri Matias Varniqin də adı var.

Layihənin cari ilin may ayında Konqresin təsdiqinə veriləcəyi gözlənilir. Lakin bu da dəqiq deyil, çünki yeni sanksiyalara dair son qərar hələ ki, qəbul olunmayıb. Aydındır ki, bu, Ağ Evin namizəd axtardığı emissarın danışıqlarından asılı olacaq. Həmin danışıqlar isə heç də Rusiya ilə deyil, Avropa ilə aparılacaq.

Əslində, hər iki partiya nümayəndələrinin Konqresdə təzyiq göstərərək "Şimal Axını-2" layihəsini nəyin bahasına olursa olsun dayandırılmasını tələb etdikləri Bayden administrasiyasının əsas problemi budur: Berlin təkidlə qaz kəmərini müdafiə edir. Və demokratların Trampın ciddi şəkildə zərər vurduğu Avropa ilə münasibətləri bərpa etmək istəyi sərt addımların atılmasını Ağ Ev üçün arzuolunmaz edir. Nəticədə Vaşinqton strateji əhəmiyyət daşıyan layihəni müdafiə edən Qərbi Avropanın inadkarlığını yumşaltmaq üçün danışıqlara ümid edir. Bu arada, jurnalistlərin də xatırlatdıqları kimi, artıq layihənin 96 faizi başa çatıb. Hərçənd, ortada sanksiya məsələsi də var. Bu məqamda "Bloomberg" seçkilərə müdaxilə və haker hücumlarına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı barədə məlumat yaydı. Həmin məlumata görə, Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat adı altında" fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər. Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla, Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil oluncaq.

Bu addımın Vaşinqton üçün "yan effekt" yaradacağı da qaçılmazdır. Bu yaxınlarda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun da qeyd etdiyi kimi, Vaşinqton yerli diplomatlara qarşı viza müharibəsinə başlayıb və bu səbəbdən hər iki ölkənin diplomatik missiyası texniki mütəxəssislər də daxil olmaqla kadr çatışmazlığı ilə qarşı-qarşıya qalıblar. Ancaq Rusiya səfirliyinin işçiləri "çətinliklərə və məhrumiyyətlərə sinə gərdikləri halda", amerikalılar işləmək məcburiyyətində qaldıqları dözülməz şəraitdən dəfələrlə şikayətlənərək bildiriblər ki, yüksək rütbəli diplomatlar səfirlik binası qarşısındakı qarı özləri kürüməli olur, dezinfeksiyaedici məhlulları özləri qarışdırırlar. Nəhayət, iş o yerə çatdı ki, ABŞ-ın Vladivostok və Yekaterinburqdakı iki konsulluğu texnik səbəblər üzündən fəaliyyətini dayandırmalı oldu.

Son illərdə sanksiya məsələsi həm Rusiya daxili proseslər, həm də beynəlxalq münasibətlər kontekstində adi, maraqsız mövzuya çevrilib. Qloballaşan birqütblü dünyada sanksiyalar, həqiqətən də, mövcud sistemi gücləndirmək üçün bir vasitə idi. Həm İran, həm də Koreya Xalq Demokratik Respublikasının təcrübəsində olduğu kimi illərlə ən sərt məhdudiyyətlər altında yaşamaq da mümkündür, ancaq yaddan çıxartmaq olmaz ki, bunun əvəzi vətəndaşların aşağı yaşayış səviyyəsi, milli iqtisadiyyatın və texnoloji inkişafın tənəzzülü ilə ödənir. Həmin vaxt sanksiyalar ölkənin inkişaf etmiş sivilizasiyalardan geri qalması demək idi: məsələn, SWIFT sisteminə əlçatanlığın olmaması və alternativ milli ödəmə sisteminin yaradılmaması səbəbindən mağazada adicə kartla ödənişi etmək mümkün deyildi.

Yeddi il əvvəl başlayan Rusiyaya qarşı sanksiyalar dalğasının əsas məqsədi də ölkəmizə bu şəkildə təsir göstərmək idi. Ancaq tamamilə əks nəticəyə gətirib çıxardı.

Sanksiyalar həm Qərbin birliyini, həm də bütövlükdə ABŞ-ın lider mövqedə olduğu qlobal sistemi zədələyir. On il əvvəl bu sanksiyalar "ipə-sapa yatmayan ölkələrin" texnoloji cəhətdən geri qalması üçün mexanizm rolunu oynayırdısa, indi onların inkişafını stimullaşdıran vasitəyə çevrilib.

İndi bizə yalnız Vaşinqtonun özünə açıq şəkildə zərər verən bu prosesi niyə davam etdirməsinin səbəbləri üzərində baş sındırmaq qalır. Bəlkə də, Amerika isteblişmenti sadəcə baş verənlərin əsl mahiyyətini görmür. Yaxud da, gerçəkliyi dərk etsələr belə, ABŞ-ın dünyadakı hegemonluğuna son qoyan bu prosesi dayandırmaq iqtidarında deyillər.

14

Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub

0
Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

0