ABŞ və Rusiya bayraqları, arxiv şəkli

"Çətin münasibətlər". Rusiya səfiri niyə ABŞ-a qayıtmalıdır

42
(Yenilənib 21:43 23.03.2021)
Ağ Evdən növbəti xatırlatma gəlib: yeni administrasiyanın Rusiya ilə münasibətləri əvvəlki dörd ildəkindən tamamilə fərqli olacaq.

BAKI, 23 mart – Sputnik, Sofya Melniçuk. ABŞ Prezidenti Cozef Baydenin rusiyalı həmkarı Vladimir Putin haqqında dediklərindən sonra Moskva Vaşinqtondakı səfirini məsləhətləşmə üçün çağırdı. Bu, sovet qoşunlarının Əfqanıstana yeridilməsindən bəri ilk haldır. İndi okeanın hər iki tayındakılar fikir edirlər, görəsən, dövlət başçılarının kütləvi dialoqu, göz-gözə söhbəti mümkündürmü? İkitərəfli münasibətlərin hansı yöndə inkişaf edəcəyi barədə RİA Novosti-nin materialında.

Get evinə

Rusiyanı Vaşinqtonda təmsil edən Anatoli Antonov məsləhətləşmələr üçün Moskvaya qayıtdı. Bu məsləhətləşmələr “lazım olan qədər” sürəcək – Smolensk meydanından belə deyiblər. 

Anatoli Antonov, arxiv şəkli
© Sputnik / Grigory Sysoyev
XİN nümayəndəsi Mariya Zaxarova hətta Rusiya səfirinin sonuncu dəfə nə vaxt  səlahiyyətləri başa çatmadan Birləşmiş Ştatların paytaxtını tərk etdiyini yadına sala bilmədi. Ancaq Antonov Vaşinqtona dönəcək. Vətəndə bütün lazımi məsələləri müzakirə etdikdən sonra.

Bu məsələlər hələ bazar ertəsi Smolensk meydanında müzakirəyə çıxarılıb. Əsas mövzu da budur – “son illər Vaşinqtonun dalana yönəltdiyi, ağır vəziyyətdə olan Rusiya-Amerika əlaqələrini necə yoluna qoymalı?”

“İş çoxdur, - Antonov deyib. – Düşdüyümüz vəziyyəti analiz etməliyik. Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, biz münasibətlərin inkişafında amerikalı həmkarlarımız qədər maraqlıyıq. İndi sadəcə yolumuzu müəyyənləşdirmək lazımdır”.

Moskva ikitərəfli kontaktların təftişini apardığı vaxtda Bayden rusiyalı həmkarı ilə “hansısa məqamda” şəxsən danışmaq, uyğun zaman olduqda isə şəxsən görüşmək istədiyini deyib.

Ağ Evdən isə növbəti xatırlatma gəlir: yeni administrasiyanın Rusiya ilə münasibətləri əvvəlki dörd ildəkindən tamamilə fərqli olacaq. “Co Bayden bizim qərəzli hesab etdiyimiz fəaliyyətlər - istər 2020-ci il seçkisinə müdaxilə, istər Aleksey Navalnının zəhərlənməsi, istər amerikalı əsgərlərə görə (Əfqanıstanda) mükafatlandırılma, istərsə də SolarWind-ə kiberhücumlar olsun, - barədə narahatlıqlarını cilovlamaq niyyətində deyil”, - mətbuat katibi Cen Psaki söyləyib.

Dövlət Departamentindən isə Amerikanın maraqlarına cavab verən sahələrdə Moskva ilə əməkdaşlıq etməyə hazır olduqlarını deyirlər.

Təhlükəsizlik yolu ilə

Əməkdaşlıq üçün sahələr elə də çox deyil. Baydenin yeganə təxirəsalınmaz vəzifəsi başıbəlalı Strateji hücum silahları haqda müqavilənin uzadılması idi. Trampın klomandası ilə danışıqlar ağır gedirdi, Amerika tərəfi Çini də məsələyə qatmaq istəyirdi, o isə inadla Rusiya ilə ABŞ dialoquna qoşulmaqdan içtina edir.

Bayden, söz verdiyi kimi, ilk növbədə SHS-3 müqaviləsinin 5 il müddətinə uzadılmasını imzaladı. Onun sözlərinə görə, bu, sonrakı danışıqlar üçün baza olacaq.

Əlbəttə, yaxşı xəbərdir, ancaq MQİMO-nun Beynəlxalq araşdırmalar institutunun Avroatlantika Təhlükəsizliyi Mərkəzinin elmi işçisi Andrey Baklitskinin fikrincə, problemlər istənilən halda olacaq. Əvvəla, müqavilə cəmi 5 il müddətinə uzadılıb və sənədin sonrakı taleyini müzakirə etmək lazım gələcək. İkincisi də SHS-3 heç də əhatəli razılaşma deyil. “Müqavilə strateji hücum silahlarını tənzimləyir, müdafiə silahlarını isə yox, orta və qısamənzilli sistemləri, kosmosu tənzimləmir”, - ekspert deyir.

İndi ümid ona qalıb ki, ABŞ komanda formalaşdıran kimi danışıqlar davam etdiriləcək. Silahlara nəzarətin taleyini müəyyənləşdirmək üçün qərara gəlmək lazımdır. “Strateji nüvə silahları və s. ilə necə davranmağı müzakirə etmək gərəkdir”, - Baklitski dəqiqləşdirir.

Moskva bütün nüvə və qeyri-nüvə hücum və müdafiə silahlarını da nəzərə alaraq yeni təhlükəsizlik formulu cızır. O, təhlükəsizliyin həm hərbi-texniki, həm də hərbi-siyasi aspektlərinin təkamülünü nəzərə almalıdır. Başqa sözlə, problemə kompleks yanaşma ilə hansı amillərin nəyə təsir etdiyini öyrənib, bunları balans yaradılmasında nəzərə almaq gərəkdir.

Baydenin Putinlə arasını jurnalist vurub?>>

“Məsələn, əgər bizdə strateji qüvvələrin ixtisarı gedirsə, o zaman onları təhlükə altında qoyaraq raket əleyhinə müdafiə sistemini gücləndirmək olmaz, - ekspert əlavə edir. – Yalnız ümumi razılığa gəldiyimiz zaman konkret süjetləri müzakirə etməyin mənası var. Necəsi hələ aydın deyil. Mümkündür ki, bu, RƏM, ortamənzilli və qısamənzilli raketlər, kosmos üzrə ayrı-ayrı danışıqlar silsiləsi olsun. Və bunun hamısı qarşılıqlı əlaqədə olmalıdır ki, kompleks təhlükəsizlik sistemi yaransın”.

Silahlanmanın hüdudlarında

Əməkdaşlıq üçün digər sahələr də var: kosmosda sülh, iqlim dəyişiklikləri, Yaxın Şərqdə, Arktikada qarşılıqlı fəaliyyətlər, infeksion xəstəliklər. Ancaq ötən il göstərdi ki, pandemiya kontaktların genişləndirilməsinə şərait yaratmır.

Eyni zamanda Vaşinqtonun Kremlə qarşı sanksiya siyasəti də gözlənildiyi kimi aktivləşdi. Üstəlik, indi uyğun bəhanə var. Rusiya məhkəməsinin Aleksey Navalnı ilə bağlı qərarını Dövlət Departamenti sərt tənqid edərək, onu hüquqların pozulması və siyasi plüralizmin əzilməsi hesab etdi.

Məhdudlaşdırıcı tədbirlər özünü çox gözlətmədi. Martın əvvəlində Navalnı işinə görə Birləşmiş Ştatlar 14 təşkilatı qara siyahıya saldı. Ağ Ev əmindir ki, onların hamısı “bioloji və kimyəvi silah elementlərinin istehsalının müxtəlif aspektlərinə” cəlb olunub. Rusiyanın yeddi məmuru da sanksiyaya məruz qaldı.

Vaşinqton münasibətlərin inkişafında maraqlıdırsa da, burada ciddi seçim aparır. Bunu Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov deyir. Yeni prezident fəaliyyətə başlayanda SHS-3 müqaviləsinin müzakirəsi fonunda intensiv məsləhətləşmələrə və irəliyə doğru hərəkətə dair ümid var idi. Ancaq mütəxəssisin fikrincə, indi bəlli olub ki, yeni administrasiyanın Moskva ilə körpü qurmaq niyyəti yoxdur. Baydenin bəyanatı ilə bağlı qalmaqal və səfirin geri çağırılması – daha ciddi problemlərin məticəsidir.

“Mənə elə gəlir ki, burada ilkin olan məqam Amerika administrasiyasının Moskva ilə ciddi ünsiyyət qurmağa ehtiyac duymamasıdır, - Kortunov deyir. – Çinlə görüşdülər (marıtn 19-da Alyaskada yüksək səviyyədə keçirilən görüşü nəzərdə tutur – red.), uğursuz olsa da, danışıqlar baş tutdu. Bu, qarşılıqlı təsir istəyindən xəbər verir. Rusiyaya münasibətdə isə bunu görmürük”.   

Eyni zamanda bəziləri hesab edirlər ki, Baydenin sözləri daha çox daxili auditoriyaya yönəlmişdi. Mümkündür ki, belə olsun, ekspert deyir. ABŞ-da belə bir qənaət var ki, Putin Baydeni test etməyə hazırlaşır. Guya o (Bayden – red.), münaqişə sevmir, güzəştlərə meyllidir, üstəlik də yaşlıdır, ona görə Rusiya Prezidenti eskalasiya strategiyası apararaq həmkarını sınaqdan keçirəcək. “Əgər bu belədirsə və ABŞ lideri də bu fikirdədirsə, o zaman onun aşkar sərt, hətta saymazyana ritorikası ona hesablanıb ki, bu işlər onunla keçməz”, - Kortunov söyləyir.

Nəticədə isə ən çətin məsələ - silahlara nəzarət – müəyyən müddət ərzində bir kənara qoyulub. Ona beş il sonra qayıtmaq lazım gələcək və bundan sonra dialoqun necə davam edəcəyini Rusiyaya göstərmək üçün Ağ Evin vaxtı var. İndiki qalmaqal, çətin ki, münasibətlərin kəskin pisləşməsinə səbəb olsun. Çünki  bu vəziyyət daha çox ikitərəfli əlaqələrin hansı duruma düşməsinin nəticəsidir.

42
NATO təlimi

NATO-nun əli var: Rusiya sərhədləri yaxınlığında baş verir?

235
(Yenilənib 23:17 16.04.2021)
Təlimlərdən sonra ABŞ-ın həmin qüvvələrinin bir hissəsini, dəfələrlə olduğu kimi, elə Avropada "yaddan çıxaracağı" da istisna olunmur

BAKI, 17 aprel — Sputnik, Andrey Kots. Krımın sərhədləri yaxınlarında hava kəşfiyyatı, NATO gəmiləri Qara dənizdə, irimiqyaslı təlimlərə hazırlıq, ABŞ-ın Ukraynaya gətirdiyi sirli yüklər və müəmmalı hədələr – son günlər Şimali Atlantika alyansı Şərqi Avropada kəskin şəkildə aktivləşib.

Heç kim şübhə etmir ki, bütün bunlar Ukraynanın Donbasdakı təmas xətti yaxınlığına canlı qüvvə və texnika cəmləşdirməsi, habelə Rusiya qoşunlarının öz sərhədləri daxilində hərəkəti ilə bağlıdır.

Cəbhə xətti üzərində PUA

Donbas ətrafında vəziyyətin son gərginləşməsindən sonra NATO aviasiyası burada getdikcə daha çox görünməyə başlayıb. Təmas xətti üzərində, demək olar ki, daimi olaraq RQ-4 Global Hawk kəşfiyyat dronları hərəkət edir.

Ukrayna Silahlı Qüvvləri hava kəşfiyyatını xeyli genişləndirərək bunun üçün Türkiyədən alınmış "Bayraktar TB2" zərbə dronlarından da istifadə edirlər. Hazırda Ukrayna hərbçilərinin sərəncamında altı ədəd bu cür dron var. Yaxın keçmişdə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri zamanı əlavə PUA-ların da alınması barədə müqavilə imzalanıb.

Bundan əlavə, Qərb ölkələrinin aviasiyası praktiki olaraq hər gün Krım ətrafında hava məkanının monitorinqini həyata keçirir. Qara dənizin neytral suları üzərində İngiltərə və ABŞ-a məxsus "Boeing RC135W" və "Lockheed P-3Corion" radio-elektron kəşfiyyat və sualtı qayıqlar əleyhinə "P-8A Poseidon" təyyarələri uçmaqdadır.

Müəmmalı hədələr

NATO regionda hərbi gücünü artırmaqdadır. Belə ki, aprelin sonuna qədər Qara dənizə ABŞ-ın iki ədəd eskadra minadaşıyan gəmisi daxil olmalıdır. Pentaqonun rəsmi məlumatına görə, gəmilərin bu əraziyə köçürülməsi "adi hal"dır. Lakin Kremlin buna reaksiyası ciddi oldu. Axı həmin gəmilərin göyərtəsində 50-dən çox qanadlı "Tomahawk" raketləri var.

"ABŞ-ın hərbi, o cümlədən Qara dənizdə aktivliyinə gəldikdə, bu, mütəmadi olaraq baş verir. Hazırda bu, xüsusi inadla edilir və aqressiv ritorika ilə müşayiət olunur. Rusiyanın Ukrayna sərhədində nə etməsi barədə suallar verilir. Bunun cavabı çox sadədir: biz orada yaşayırıq. Bu bizim ölkəmizdir. Amma ABŞ-ın, gəmilər və ya hərbi qulluqçular şəklində Ukraynada NATO xətti ilə, özü də öz ərazisindən minlərlə kilometr uzaqlıqda hansısa tədbirlər keçirməsi – bax bu sual cavabsız qalır", - deyə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Digər bir maraqlı sual da cavabsız qalır. ABŞ hərbi hava qüvvələri təyyarələrinin Kiyevə daşıdıqları yüklər nə yüklərdir? Mütəxəssislər "FlightRadar" internet servisinin məlumatlarına diqqət yetiriblər: ABŞ-a məxsus S-17 və S-130 təyyarələri Birləşmiş Ştatlardan, Almaniyadan və Baltikyanı ölkələrdən havaya qalxaraq Ukraynanın Borispol hava limanına enir, boşaldılır və yenidən geri qayıdırlar.

Hərbi ekspert Aleksey Leonkov hesab edir ki, Vaşinqton Ukraynaya radio-elektron mübarizə vasitələri gətirir ki, bu da Ukrayna Silahlı Qüvvələrinin tezliklə baş verə biləcək hücumundan xəbər verə bilər.

Bunun üçün o, ABŞ ordusunun "Səhrada fırtına" əməliyyatını xatırladır və qeyd edir ki, həmin vaxt amerikalılar elə münaqişənin ilk günlərində Səddam Hüseynin ordusunu tamamilə "kor" etmişdi.

Amma Rusiya da boş oturmaq niyyətində deyil.

"Əgər hansısa kəskinləşmə baş versə, biz, əlbəttə ki, öz təhlükəsizliyimizi və onların harada olmasından asılı olmayaraq öz vətəndaşlarımızın təhlükəsizliyini tam təmin etmək üçün hər şey edəcəyik. Bunun nəticələrinə görə məsuliyyət tam olaraq Kiyevin və Qərbin üzərinə düşəcək. Biz həmçinin xəbərdar edirik ki, ABŞ Krımdan, bizim Qara dəniz sahillərimizdən uzaq dursun. Bu onların özü üçün daha yaxşı olar", - deyə xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Təlimlərə hazırlıq

Qərb ölkələri qoşunlarının Rusiya sərhədləri yaxınlığında aktivliyinin artmasının daha bir səbəbi – mayın ortalarında NATO-nun "Defender Europe 2021" irimiqyaslı təlimlərinə hazırlıqdır.

Həmin təlimlərin döyüş planına uyğun olaraq NATO qoşunları guya Kalininqrad vilayətinə hücum etməli, Rusiyanın qərb vilayətlərini bloklamalı və "rusların güclü hücumunu" dəf etməlidirlər. Ötən illərdən fərqli olaraq, 2021-ci ildə əsas diqqət Şərqi deyil, Cənubi Avropaya yönəldiləcək. Manevrlərin Çernoqoriya, Kosovo və Albaniyada keçirilməsi planlaşdırılır. Bolqarıstan və Rumıniyada hava hücumundan müdafiə qüvvələrinin təlimləri və "yer-yer" tipli raketlərdən atəş həyata keçiriləcək. Macarıstan isə arxa cəbhə rolunu oynayacaq. Həmin manevrlərdə Ukrayna hərbçiləri də iştirak edəcəklər.

Bunun üçün ABŞ Avropaya xeyli qüvvə, o cümlədən 1-ci kavaleriya və 82-ci hava-desant diviziyasının birləşmələrini cəmləşdirəcək. Atlantika vasitəsilə təlimlərə yüzlərlə müxtəlif təyinatlı hərbi texnika ötürüləcək. Bundan əlavə, Florida ştatından 53-cü piyada briqadası da gətiriləcək. Təlimlərdən sonra ABŞ-ın həmin qüvvələrinin bir hissəsini, dəfələrlə olduğu kimi, elə Avropada "yaddan çıxaracağı" da istisna olunmur. Mütəxəssislərin fikrincə, beləliklə, Pentaqon ildən-ilə regionda hücum imkanlarını gücləndirir.

Kiyev şəhərinə mənzərə, arxiv şəkli
© AFP 2021 / SERGEI GAPON

ABŞ-ın Avropadakı quru qoşunlarının rəsmi saytında verilən məlumata görə, təlimlərin məqsədi "strateji və operativ hazırlığı, o cümlədən ABŞ-la müttəfiqlər və NATO üzrə tərəfdaşlarla qarşılıqlı əlaqəni gücləndirmək"dir. Lakin "Defender Europe 2021" təlimlərinin anti-Rusiya məqsədləri aşkardır. Belə ki, Ukraynanın üçtərəfli danışıqlar qrupunda spikeri Akeksey Arestoviç belə də deyib: təlimlərin mənası Rusiya ilə Baltikdən Qara dənizə qədər ərazidə müharibəni məşq etməkdir.

Təəccüblü deyil ki, Rusiya və Belarus buna cavab olaraq sentyabr ayında "Qərb-2021" təlimlərini keçirəcəklər. Belarus müdafiə naziri Viktor Xreninin dediyi kimi, "birgə təlimlər şəhərlərin çox olduğu ərazilərdə hücum bölmələrinin birgə fəaliyyətini sınamaq", habelə "yeni və modernizasiya olunmuş silahların səmərəliliyini qiymətləndirməkdir".

Hələlik isə Rusiya müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, ölkənin Qərb sərhədlərinə döyüş hazırlığının yoxlanması çərçivəsində iki ordu və üç hava-desant qoşunları birləşməsi köçürülüb.

235
Şimal axını - 2 nişanı, arxiv şəkli

Moskvanın davranışlarına baxacaqlar: Almanlar "Şimal axını-2"-ni dayandıracaqlarmı

15
(Yenilənib 00:35 16.04.2021)
"Əgər hakimiyyətə yeni koalisiya gəlsə və növbəti kansler "yaşıllar"dan olsa, o, "Şimal axını-2" layihəsinə tamamilə fərqli şəkildə yanaşa bilər".

BAKI, 16 aprel — Sputnik, Kseniya Melnikova. ABŞ Almaniya ilə Donald Trampın dövründə pozulan münasibətləri yoluna qoymaq qərarına gəlib. Pentaqonun rəhbəri Berlinə uçub, Almaniyadakı amerikalı əsgərlərin sayını artırmaq barədə sərəncam verib. Bununla belə, yeni administrasiya əvvəlki kimi qəti şəkildə "Şimal axını-2" təbii qaz kəmərinə qarşıdır. Onun səfərindən sonra almanlar layihənin icrasını dayandırıblar. Bəs AFR məhz hansı güzəştlərə getməyə hazırlaşır? Sualın cavabı RİA Novosti-nin növbəti məqaləsində.

Amerikalılara reverans

Almaniya "Şimal axını-2" qaz kəmərinin inşasında ABŞ-ın fikrinə qulaq verib bu mübahisəli layihənin yekunlaşdırılmasına moratorium qoyacaq. Bu barədə Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşdən sonra məlumat verib.

O, bu günlərdə Avropaya səfəri çərçivəsində Berlində olub. Beləliklə də, Amerika Müdafiə Nazirliyinin rəhbəri Vaşinqtonun Baydenin hakimiyyəti dövründə Almaniya ilə münasibətləri qaydaya salmaq istədiyini nümayiş etdirib. Berlin də buna hazır olduğunu büruzə verib.

İndiyə kimi qaz kəmərinin 95 faizi və ya 2460 kilometrindən 2339 kilometri inşa olunub. Əgər hər bir halda, layihəni başa çatdırmaq mümkün olsa, Almaniya Rusiya qazını müəyyən şərtlərlə alacaq.

"Hər şey Moskvanın davranışından asılıdır", – deyə Kramp-Karrenbauer bildirib.

Ostin bəyan edib ki, Amerika hökuməti kəmərin Baltik dənizinin dibinə döşənən ikinci qolunun tikintisinin başa çatdırılmasının əleyhinədir. Bununla belə, o qeyd edib ki, layihə ilə bağlı fikir ayrılığı iki ölkənin yaxın dostluq münasibətlərinə təsir göstərməyəcək. Yeri gəlmişkən, Kramp-Karrenbaueri amerikalı həmkarı ilə görüşdə yalnız "Şimal axını-2" layihəsi maraqlandırmayıb. Keçmiş prezident Donald Tramp Almaniyanın NATO və ABŞ-a "çoxmilyardlı borcları" səbəbindən 9,5 mindən 12 minə qədər amerikalı əsgəri bu ölkədən çıxarmaq niyyətində idi. Yeni administrasiya isə əksinə, hərbi kontingenti artırır. Düzdür, hələlik cəmi 500 nəfər olmaqla. ABŞ və Almaniyanın müdafiə nazirləri daha sonra yenidən mübahisəli təbii qaz layihəsinin müzakirəsini davam etdiriblər.

"Şimal axını-2" – Vaşinqtonla Berlinin ikili münasibətlərində məhək daşı hesab olunur. Bu, Donald Trampın prezidentlik dövründə də belə olub, indi də belədir. ABŞ-a görə, "Şimal axını-2" onları yüksək qazanc mənbəyi sayılan Avropa bazarından məhrum edəcək, eyni zamanda, bu bazarı Rusiya qazından asılı vəziyyətə salacaq.

Qaz kəməri Almaniya, Danimarka, Rusiya, Finlandiya və İsveçin müstəsna iqtisadi zonalarından və ərazi sularından keçir. Kopenhagen uzun müddət tikintiyə qarşı çıxsa da, sonra öz razılığını verdi. Almaniya hökuməti qaz kəmərini dəstəkləyərək ona sırf iqtisadi layihə kimi yanaşmağa və bu qədər hücuma məruz qoymamağa çağırır. Hərçənd, Almaniyada hamı bu cür düşünmür. Yaşıllar hərəkatının üzvləri və ekoloqlar layihəni fəal şəkildə tənqid edirlər. Bu yaxınlarda "Deutsche Umwelthilfe" (DUH) adlı təbiəti mühafizə təşkilatı Hamburq məhkəməsində Federal Dəniz Gəmiçiliyi və Hidrografiya İdarəsi tərəfindən görülən işin davam etdirilməsinə icazə verilməsinə öz etirazını bildirib.

ABŞ-la yanaşı, Ukrayna və Polşa da bu qaz kəmərinə qarşı çıxır. Çünki Rusiya təbii qazının onların ərazisindən keçməsi bu ölkələrə sərf edir. Çexiya, Latviya, Estoniya, Litva, Macarıstan, Slovakiya, Rumıniya və Xorvatiya da bu ölkələri dəstəkləyir. Həmin ölkələr "Şimal axını-2" layihəsinin Moskvanın Avropa iqtisadi bazarına təsirini artıracağından ehtiyatlanırlar.

Bayden dilemma qarşısında

Donald Tramp qaz kəmərinin döşənib başa çatdırılmasına əngəl olmaq üçün sanksiyaları işə salmışdı. Onun ətrafı belə hesab edirdi ki, məhdudiyyətlər layihəyə ağır zərbə vuracaq. Amerikada 2017-ci ildən başlayaraq yeni-yeni tədbirlər planı qəbul olundu ki, bunlar da əsasən "Şimal axını-2" layihəsində iştirak edən xarici şirkətlərlə bağlı idi.

Bayden Ağ Evə gələndən sonra dilemma qarşısında qaldı: bir tərəfdən ölkədəki hər iki partiya "Şimal Axını" layihəsinə qarşı çıxırdı və onlar sanksiyaları yumşaltmağı Moskvaya güzəşt kimi qiymətləndirəcəkdilər. Digər tərəfdən, Amerikanın yeni lideri Trampın vaxtında Avropa İttifaqı, xüsusən də layihəni dəstəkləyən Almaniya ilə pozulan münasibətlər yoluna qoyulmalı idi.

Əvvəlcə Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, eləcə də, həm Amerika, həm də xarici şirkətləri Rusiya müəssisələri və idarələri ilə "müdafiə və kəşfiyyat sektorunda" əməkdaşlıqdan çəkindirməyə hesablanmış qanun qəbul etdilər. Ancaq fevralın axırlarında qaz kəmərinin inşasında iştirak edən "Fortuna" gəmisi və onun sahibi "KVT-Rus" şirkəti amerikalıların sanksiya siyahısına salındı, halbuki artıq onları qarşı başqa tədbirlər görülmüşdü. 2021-ci ilin fevralında 18 Avropa şirkəti Vaşinqtonun sanksiya təhdidi nəticəsində layihədən çıxdı. Mart ayında ABŞ hakimiyyəti yenidən "Şimal axını-2" layihəsinin iştirakçılarını işi davam etdirəcəkləri təqdirdə əlavə sanksiyaların tətbiqi ilə hədələdi.

Berlin uzun müddət Vaşinqtonun hərəkətlərini tənqid etdi və bu ölkədə çoxları əmindir ki, hər bir halda layihə yekunlaşacaq.

"Amerikada vəziyyət necə olursa olsun, oradakı hər kəsi Rusiya və Almaniya arasındakı münasibətlərin yaxşılaşması, konstruktiv və işgüzar xarakter alması narahat edir. "Şimal axını-2" ABŞ-ın yeni rəhbərliyinin necə davranacağından asılı olmayaraq tamamlanacaq", – deyə AFR Bundestaqının deputatı Valdemar Gerdt bəyan edib.

Kremldən bildirilib ki, Amerikanın tətbiq etdiyi məhdudiyyətlər işi çətinləşdirir. "Qazprom" 2021-ci ilin yanvar ayındakı memorandumda "əgər siyasi vəziyyət kəskin şəkildə dəyişərsə" layihənin dayandırılmasını və ya tamamilə ləğv olunmasını istisna etməyib.

"Şimal axını-2" həm ümumilikdə Avropa, həm də konkret Almaniya iqtisadiyyatı üçün faydalı layihədir", – deyə Vladimir Putin dəfələrlə vurğulayıb. Moskvada əmindirlər ki, amerikalılar öz rəqiblərinə Rusiya qazının əvəzinə mayeləşdirilmiş yanacaq təklif etmək üçün təzyiq göstərirlər.

Yekunlaşacaq, ya yox?

Ekspertlər belə hesab edirlər ki, qaz kəmərinin inşası hər bir halda başa çatdırılacaq, ancaq tam gücü ilə işə salınmayacaq.

"Avropa İttifaqının yeni qaydaları ilə əlaqədar olaraq bəzi məhdudiyyətlər var. Həmin məhdudiyyətlərə görə, bir təbii qaz tədarükçüsü nəqliyyat infrastrukturunun yalnız 50 faizindən istifadə edə bilər", – deyə Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov vəziyyəti izah edir.

Onun sözlərinə görə, başqa variantlar da mövcuddur. Məsələn, qaz kəmərinin bağlanması və ya ABŞ-ın Almaniyaya kompensasiya ödəməsi kimi. Vaşinqton Amerika mayeləşdirilmiş qazının Avropaya ötürülməsi üçün terminalların tikintisinə investisiya qoya bilər. Hərçənd, davamlı şəkildə şist qazının çıxarılmasına qarşı çıxan Baydenin dövründə bunun baş verəcəyi sual altındadır.

"Belə bir ehtimal da var ki, amerikalılar, sadəcə, vaxtı uzatmağa çalışırlar. Merkel hakimiyyətdən gedəcək. Payızda AFR-də seçki keçiriləcək. Əgər hakimiyyətə yeni koalisiya gəlsə və növbəti kansler "yaşıllar"dan olsa, o, "Şimal axını-2" layihəsinə tamamilə fərqli şəkildə yanaşa bilər. Onda layihə ölüb gedəcək", – deyə politoloq fikir yürüdür.

Rusiya Elmlər Akademiyası Avropa İnstitutu Alman Tədqiqatları Mərkəzinin elmi işçisi Aleksandr Kamkinin fikrincə, çox güman ki, Pentaqonun rəhbəri Berlin səfəri zamanı Almaniya hakimiyyətindən Vaşinqtondan mayeləşdirilmiş təbii qaz almağı tələb edib. "Bu zaman Almaniya tədarükün qismən şaxələndirilməsi müqabilində tikintini başa çatdırmaq hüququ əldə edəcək. Ancaq qaz kəmərinə siyasi təzyiq azalmayacaq", – deyə Kamkin RİA Novosti-yə müsahibəsində vurğulayıb.

Almaniya müdafiə nazirinin bəyanatı alman hakimiyyətinin yekun mövqeyi kimi qiymətləndirilməməlidir. Kramp-Karrenbauer Moskvanın ünvanına səsləndirdiyi sərt açıqlamalarla tanınır.

Beləliklə, hazırda ABŞ və Almaniya ortaq məxrəcə gəlməyə və münasibətləri yaxşılaşdırmağa səy göstərirlər. Bunu necə edəcəkləri hələlik məlum deyil. "Şimal axını-2" layihəsinin tikintisinin başa çatmasına moratorium qoyulması təklifi isə problemin həllini yalnız təxirə sala bilər.

15
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportaj beynəlxaq mükafat ala bilər

0
(Yenilənib 18:18 17.04.2021)
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb.

BAKI, 17 aprel - Sputnik. "VICE News" informasiya agentliyinin jurnalisti Hind Həsənin Ermənistan qoşunlarının Bərdə şəhərinə raket zərbəsindən sonra hazırladığı reportaj "The One World Media" beynəlxaq mükafatına namizəd irəli sürülüb.

Trend bu barədə mükafatın rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, "VICE News"un ikinci Qarabağ müharibəsində döyüş bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə edilən raket hücumunun fəsadlarını əks etdirən reportajı "News Award" kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, ötən il müharibə zamanı Ermənistan qoşunları Bərdəyə raket zərbələri endirmişdi. Nəticədə 20-dən çox şəxs həlak olmuş, 70 nəfər yaralanmışdı.

0