ABŞ bayraqları, arxiv şəkli

"Ekstremal sanksiyalar": ABŞ Rusiyanın dövlət borcu ilə "məşğul olacaq"

32
(Yenilənib 23:36 18.03.2021)
"Rusiya dövlət borcuna qoyulan sanksiyalar daha çox Qərb investorlarının cəzalandırılması kimi qiymətləndirilə bilər. Bazarda müəyyən dalğalanmaların baş verməsi, əlbəttə ki, mümkündür, ancaq bu, fundamental şəkildə heç nəyə təsir göstərməyəcək".

BAKI, 18 mart — Sputnik, Natalya Dembinskya. Vaşinqton yenə Moskvanı sanksiyalarla hədələyir, ABŞ bu dəfə Rusiyanı federal borc istiqrazlarının alınmasına qadağa qoymaqla təhdid edir. İngilislər də amerikalılara qoşulmağa hazırdırlar. Xarici investorlara Rusiya istiqrazlarının alınmasının qadağan edilməsi kifayət qədər sərt məhdudiyyətdir. Bəs bu addım Rusiya iqtisadiyyatı üçün nə dərəcədə təhlükəlidir? Sualın cavabı "RİA Novosti"nin məqaləsində.

Köhnə məsələ

Martın əvvəllərində məlum oldu ki, ABŞ və Böyük Britaniya növbəti dəfə Moskvaya təzyiqi gücləndirəcək, özü də xarici investorları Rusiya dövlət borcuna əlçatanlıqdan məhrum etməklə.

Əslində, bu məsələni okeanın o tayında çoxdan müzakirə edirdilər. Ekspertlər iki mümkün ssenarini fərqləndiriblər: birincisi, bütün federal borc istiqrazlarına qadağa qoymaq (o cümlədən, əvvəllər əldə olunanlara da), ikincisi, yalnız yeni alınanları yasaqlamaq. Tam embarqo qoymaq, əlbəttə ki, ən sərt variantdır, ancaq bu addım Amerika və Avropanın maliyyə şirkətlərinə də ağır zərbə vura bilər.

Nəticədə Vaşinqton kompromisə getməli oldu və 2019-cu ilin avqust ayında "Skripalların işi" bəhanəsi ilə Amerika banklarına Rusiya dövlət qiymətli kağızlarının yerləşdirilməsində iştirak etməyi, həmçinin Rusiya hökumətinə borc verməyi qadağan etdi. Ancaq bu qərar qiymətli kağızların ikinci əl bazarına şamil edilmədi.

Beləliklə də, əcnəbilərin Rusiya bazarına giriş imkanı saxlanıldı: onlar borc alətlərini və yerli emitentlərin səhmlərini "kənardan" ala bilərlər.

Ancaq Demokratik Partiyanın namizədinin prezident seçkisində qələbə qazanması vəziyyəti dəyişdi.

"Biz Rusiyaya münasibətdə Amerikanın mövqeyinin ciddi səkildə sərtləşəcəyini gözləyirik. Bayden komandasındakıların Rusiya nifrəti inanılmazdır", – "Financial Times" yazır.

Digər tərəfdən, Amerika KİV-lərinin də qeyd etdiyi kimi, Rusiya iqtisadiyyatına nəzərəçarpacaq ziyan vurmaq üçün Vaşinqtonun əlində çox vasitə qalmayıb. Bu vasitələrin sonuncularından biri Rusiya dövlət borcuna yatırımın qadağan olunması idi.

Bu məqamda "Bloomberg" vəziyyətlə yaxşı tanış olan mənbəyə istinadla xəbər yaydı: "ABŞ və Böyük Britaniya Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır". Bu dəfə "Navalnı işi" ilə bağlı. Və söhbət "ölkənin suveren borcuna qarşı həddindən artıq sərt tədbirlərdən" gedir.

"Əgər Rusiyanın yenidən kimyəvi silahın tətbiqi ilə bağlı beynəlxalq qadağanı pozduğu üzə çıxarsa, o zaman prezident Co Bayden Avropa ilə əməkdaşlıq çərçivəsində bu sanksiyaları nəzərdən keçirə bilər", – deyə agentlik vurğulayır.

Vəziyyət kritik deyil

Konkret söhbətin nədən getdiyi hələlik aydın deyil, ancaq çətin ki, federal borc istiqrazlarının ikinci əl bazarı, çətin ki, bundan ziyan görsün. Çünki bundan, ilk növbədə, qiymətli kağızların əsas hissəsini əlində saxlayan Qərb yatırımçıları zərbə alacaq. Bu xəbərdarlıq Rusiyanın İqtisadi İnkişaf Nazirliyindən verilib. Nazirliyə görə, hər bir halda mümkün sanksiyalar Rusiya üçün kritik xarakter daşımır.

Hazırda Qərb investorlarının federal borc istiqrazlarındakı payı 23 faizə bərabərdir. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun da vurğuladığı kimi, bu göstəricinin dəyişməsi ölkənin maliyyə durumuna ciddi təsir göstərməyəcək.

"Rusiya dövlət borcuna qoyulan sanksiyalar daha çox Qərb investorlarının cəzalandırılması kimi qiymətləndirilə bilər. Bazarda müəyyən dalğalanmaların baş verməsi, əlbəttə ki, mümkündür, ancaq bu, fundamental şəkildə heç nəyə təsir göstərməyəcək", – deyə nazirliyin nümayəndəsi vurğulayıb.

Mümkün sanksiyaların əsas mənfi nəticəsi rublun zəifləməsi ola bilər, çünki qeyri-rezidentlərin və xarici vətəndaşların rus valyutasına olan tələbi azalacaq. Bununla belə, Qərb investorlarının Rusiyanın dövlət maliyyə bazarından çıxmasının effekti qısa müddətli olacaq.

"Düşünürəm ki, vəziyyət 1 dolların 80 rubla qədər bahalaşmasından o yana keçməyəcək. Son bir neçə ildə davamlı səslənən sanksiya ritorikası fonunda Rusiya bu cür addımlara müqavimət göstərməyə hazırlaşıb", – deyə Ümumrusiya Banklar Mərkəzinin rəhbəri Semyon Tenyayev bildirir.

Dolayı yollar

Analitiklər federal borc istiqrazları ilə maraqlanan investorlarının artıq bir müddətdir ki, mümkün məhdudiyyətlərdən yan keçmək üçün sxemdən istifadə etdiklərini yada salır.

"Sanksiyalar yalnız dollarla hesablaşma aparan və "Euroclear", "Clearstream"də depozitar mühasibat uçotu olan avrobondlar üçün qüvvədə olacaq, çünki yalnız bu halda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi onların həyata keçirilməsini izləyə bilər. Federal borc istiqrazlarına qadağa qoymaq mənasızdır, çünki bu kağızlarla maraqlanan investorlar onların özünü deyil, faiz və valyuta svoplarını əldə edirlər", – deyə "Sputnik-Kapitalın İdarə Edilməsi" şirkətinin baş direktoru Aleksandr Losev vəziyyəti izah edir.

Onun sözlərinə görə, əgər Qərb investorlarına Rusiyanın federal borc istiqrazlarının alışı qadağan olunsa, vəsait ruslar da daxil olmaqla vasitəçilərin əli ilə yönəldiləcək.

Sanksiyalara qarşı mümkün mexanizmlərdən biri də son benefisiarlarını açıqlamayan xüsusi statusa malik şirkətlərdən istifadə olunmasıdır. Bundan başqa, qeyri-rezidentlərə kriptovalyutalar və ya digər rəqəmsal aktivlərdən istifadə etmələrinə heç nə mane olmur.

32
Teqlər:
istiqraz, dövlət borcu, bank, Rusiya, ABŞ
ZRK Tor

Amerikalılar Arktikaya çıxmağa hazırlaşırlar

6
(Yenilənib 21:20 14.04.2021)
Hazırda Pentaqonun sərəncamında cəmi bir ədəd saz vəziyyətdə olan buzqıran gəmi var - o da "Polar Star"dır.

BAKI, 14 aprel — Sputnik, Andrey Kots. ABŞ Arktikada Rusiyadan geri qalmamağa çalışır. ABŞ quru qoşunları bu günlərdə "Oshkosh Defense" konserni ilə Şimal Qütbü ətrafı üçün hərbi texnikanın işlənib hazırlanması barədə müqavilə imzalayıblar. Məlum olub ki, hazırda amerikalıların bu məqsədlər üçün müvafiq maşınları yoxdur. Onların sərəncamında olan texnika isə çoxdan köhnəlib. Ordu komandanlığı yeni maşınları artıq cari ilin avqustunda sınaqdan çıxarmaq niyyətindədir. Bəs bu maşınlar barədə nə məlumdur – Bu barədə "RİA Novosti"-nin materialında.

İyuna qədər hazır olmalı

Arktika şəraiti dünyanın istənilən ordusu üçün ciddi bir sınaqdır. Həddən artıq aşağı temperatur, üzən buz parçaları, infrastrukturun olmaması, logistikanın mətinliyi, qütb gecəsinin uzunluğu – bütün bunlar həmin ərazidə hər hansı qoşun bölmələrinin yerləşməsini çətinləşdirir.

Soyuq müharibə dövründə SSRİ-dən fərqli olaraq Birləşmiş Ştatlar bu regiona kifayət qədər diqqət ayırmırdılar. Ona görə də hazırda Pentaqonun sərəncamında cəmi bir ədəd saz vəziyyətdə olan buzqıran gəmi var - "Polar Star". Rusiyada isə 40-dan artıq bu kimi gəmi var. Bundan əlavə, amerikalıların Arktikada demək olar ki hərbi bazası yoxdur.

Quru qoşunları üçün çətin qütb şəraitində yükləri və hərbi qulluqçuları daşımağa qadir olan texnikası da çatmır. Bunun üçün yararlı olan texnika isə İsveç istehsalı olan ikihəlqəli tırtıllı "Bandvagn 206" maşınlarıdır ki, onlar da "Small Unit Support Vehicle" (SUSV, yəni bölmələrə kiçik dəstək maşını) adı altında bölmələrin təchizatına daxil edilib. Lakin həmin maşınların ilk nümunələri artıq 40 il əvvəl konveyerdən çıxıb.

Quru qoşunları avtomobil parkını yeniləmək qərarına gəlib və "ColdWeather All-Terrain Vehicle" (CATV, soyuq hava üçün "basar-keçər") proqramı çərçivəsində müsabiqə elan edib.

Pentaqon bu layihə çərçivəsində dartıcı avtomobilin işlənib hazırlanması, inşası və sınaqlarına 2021-ci maliyyə ilində 6,6 milyon dollar, daha sonra isə 110 ədəd "basar-keçər"in alınmasına 9,25 milyon dollar vəsait xərcləməyə hazırdır.

Sonralar CATV parkının 163 ədədə qədər genişləndirilməsi nəzərdə tutulur. Basar-keçərin ilk nümunələrinin artıq iyunun 14-də hazır olacağı gözlənilir. Sınaqlar Alyaskadakı poliqonda cari ilin avqustundan dekabr ayınadək davam edəcək. Müsabiqənin qalibi 2022-ci maliyyə ilində müəyyən olunacaq.

Dörd variant

Gözlənildiyi kimi, müsabiqəyə dörd variantda CATV təqdim olunacaq. Ümumi təyinatlı "basar-keçər"ə sürücüdən əlavə ən azı 9 əsgər yerləşə bilməli və onun ən azı üç gün səyyar şəkildə yaşamaq üçün avadanlıq və sursatı olmalıdır.

Həmin texnikanın tibbi avadanlıq quraşdırılmış sanitar variantı isə iki tibb işçisi, 2 nəfər uzanıqlı və 4 nəfər yüngül yaralı şəxslər üçün nəzərdə tutulur.

Komandanlıq üçün variant müasir rabitə və qoşunları idarəetmə vasitələri ilə təchiz olunacaq.

Və nəhayət yük daşıyan variant uzaq məsafələrə iri qabaritli yüklərin daşınması üçün nəzərdə tutulur.

"Bu maşınlar ekstremal aşağı temperaturlarda başqa texnikanın hərəkət edə bilmədiyi ərazidə geniş spektr vəzifələri yerinə yetirməyə qadir olmalıdır. Onlar çətinlik çəkmədən buz üzərində hərəkət edə bilməli, su maneələrini aşmalı, hündür yerlərə asanlıqla dırmaşmalı və yanacağı qənaətlə işlətməlidirlər", - deyə ABŞ ordusunun CATV proqramına cavabdeh olan zabiti Tim Qoddet bildirib.

Müsabiqə iştirakçıları yeni basar-keçəri əvvəlki nümunələr əsasında hazırlamağa qərar veriblər. "Oshkosh" və "ST Engineering" əsas kimi ikihəlqəli "Bronco 3" tırtıllısını götürüblər. Adı çəkilən maşın artıq 20 ildir ki, Böyük Britaniya ordusunda istifadə olunur və Əfqanıstandakı döyüşlərdə iştirak edib.

"Bronco 3"-ün güllədən qoruyan zirehi var, üzərində pulemyot quraşdırılıb, dibi V şəkillidir ki, bu da mina partlaması zamanı zərəri xeyli azaldır. Bu basar-keçər maneələri 5 km/saat sürətlə aşa bilir.

"BAE Systems" şirkəti ikihəlqəli "Beowulf" əsasında yeni bir basar-keçər təqdim etmək niyyətindədir. Onun bir çox xüsusiyyətlərinə görə "Bronco 3" və SUSV-un analoqu olacağı, lakin daha çox yükgötürmə qabiliyyətinə malik olacağı bildirilir.

Rusiyaya çatmalı

Bir ay öncə dərc olunmuş "Arktika strategiyasında" amerikalılar aşkar şəkildə regionda Moskva və Pekini sıxışdırmaq niyyətlərini bəyan ediblər. Burada Pentaqonu narahat edən əsas məsələ Rusiyanın dünyada ən iri buzqıran donanmaya, Şimal dairələrində hərbi bazalar şəbəkəsinə və ekstremal hava şəraitində hərəkət etməyə qadir olan texnika arsenalına malik olmasıdır.

Rusiyanın Arktika regionundakı demək olar ki bütün quru texnikası ikihəlqəli tırtıllı DT-30 "Vityaz" basar-keçəri əsasında qurulub. Bu maşınlar isə hətta ən kəskin şaxtalardan da qorxmur (-55 dərəcə). Yeni "Pantsir" və "Tora"lar isə S-400 uzaq mənzilli zenit-raket komplekslərinin yerləşmə rayonunu qorumaqla məşğuldur.

Bundan əlavə, rus hərbçilərinin sərəncamında ekstremal şaxtalı havalara uyğunlaşdırılmış tam dartı gücünə malik "Ural" və KAMAZ-lar, TTM-1901 "Berkut" qarda yeriyən, kabinəsi isidilən maşınları və hava yastığı üzərində hərəkət edən katerlər, habelə it və maral qoşquları da var.

Böyük Vətən müharibəsi illərində həmin bu heyvan qoşquları qütb ətrafı ərazilərin müdafiəsində böyük rol oynayıb. Belə ki, bu qoşqular vasitəsilə döyüş sursatı və şəxsi heyət lazımi yerə çatdırılırdı. Məsələ ondadır ki, heyvanlar hətta texnikanın aciz qaldığı yerlərdən də keçməyə qadirdir. Bundan əlavə, Arktikada xidmət aparan hərbçilər üçün tank, piyada döyüş maşınları və vertolyotların xüsusi modifikasiyaları da hazırlanır.

 

6
Sualtı qayıq

Suya dalan BOSS: Rusiyada ucuz sualtı qayıq hazırlanıb

6
(Yenilənib 20:02 14.04.2021)
Gözəgörünməz patrul: suya dalan BOSS gəmisi Rusiyada hazırlanıbGözəgörünməz patrul: suya dalan BOSS gəmisi Rusiyada hazırlanıb

BAKI, 14 aprel — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya gəmiqayırma sənayesinin elmi və texnoloji səviyyəsi konstruktor ideyalarının həllinə qeyri-standart yanaşmağa imkan verir. Eyni zamanda suüstü gəmi və submarina funksiyalarını icra edə bilən "Straj" patrul gəmisi müxtəlif ölkə mütəxəssislərini təəccübləndirməyə qadirdir. Yeni gəmi BOSS (Border and Offshore Submersible Sentry) adı altında ixrac olunacaq.

Dəniz texnikası üzrə "Rubin" mərkəzi konstruktor bürosu özündə suüstü gəmi və sualtı qayıq xüsusiyyətlərini birləşdirən yeni, "Straj" suya dala bilən patrul gəmisinin layihəsini təqdim edib. Qayığın nisbətən ucuz qiyməti və ölçüləri, yüksək texniki göstəriciləri, ənənəvi olaraq yüksək səviyyədə etibarlılığı, göyərtəsində geniş spektrdə raket-torpeda silahlarının (həmçinin elmi tədqiqat avadanlığının) daşınması imkanlarına görə BOSS müdafiə büdcəsi böyük olmayan bir çox ölkələr üçün maraq kəsb edir.

"Rubin" konstruktor bürosu submarinaların layihələndirilməsi üzrə dünya liderlərindən biri və Rusiyada sualtı gəmilərin, müxtəlif tipli aparatların işlənib hazırlanmasında (o cümlədən mülki) 120 illik təcrübəsi olan sualtı gəmiqayırma üzrə konstruktor bürosudur.

Zahirən BOSS uğurlu konstruksiyaya malik olan və dünyada ən çox kütləvi satılan 613 layihəsi (o da "Rubin"in məhsuludur) çərçivəsində hazırlanmış dizel-elektrik sualtı qayığını xatırladır. Suya dalan BOSS-un texniki xüsusiyyətləri də oxşardır: komplektləşməsindən asılı olaraq onun uzunluğu 60-70 metr, su tutumu 1000 tona qədər, ekipaj heyəti isə 42 nəfərdir. "Straj" idarə olunan raketlər, torpedalar, uçan aparatlar, artilleriya qurğuları və patrul fəaliyyəti üçün kiçik ölçülü üzmə vasitələri ilə təchiz oluna bilər. Silah, avadanlıq və cihazların seçimində "Straj"ın yaradıcıları yenə də artıq sınaqdan çıxmış, müasir submarina, suüstü gəmi və təyyarə nümunələrinin təchizatına əsaslanıblar.

"Armata"dan da sürətli: Rusiyada yeni təkərli tanklar hazırlanır>>

Yeni "nautilusun" sualtı və suüstü vəziyyətdə ehtimal olunan hədəfləri döyüş gəmiləri və texnoloji cəhətdən güclü düşmənin sahil obyektləri, habelə daha zəif təchiz olunmuş piratlar, qaçaqmalçılar, brakonyerlər də ola bilər. Yeni gəmi həmçinin kəşfiyyat və elmi-tədqiqat məqsədləri üçün də səmərəli şəkildə istifadə oluna bilər.

NATO-nun baş ağrısı

Yeni gəminin imkanları və yerinə yetirə biləcəyi tapşırıqların tam sprektrini təsəvvür etmək üçün 613 layihəsini (NATO sinifləndirməsinə görə – "Whiskey") yada salmaq lazımdır. "Üçyivli tüfəng qədər" sadə və etibarlı olan, 1347 ton su tutumuna malik, 76 metr uzunluqda, 6,6 metr enində, 18,5 düyün sürətlə 200 metr dərinlikdə hərəkət edə bilən bu submarina suüstü vəziyyətdə 850 mil (15 min km-dən çox) məsafə qət etməyə qadir idi. Onun göyərtəsində 533 mm kalibrli 6 ədəd (4-ü burun, 2-si arxa tərəfdə) torpeda aparatı var. Özü də həmin torpedalar nüvə başlıqları ilə də təchiz oluna bilərdi (döyüş komplektinə 12 torpeda və ya 22 mina daxil idi). 52 nəfər ekipaj heyəti olan gəmi 30 sutka ərzində səyyar şəkildə fəaliyyət göstərməyə qadir idi.

613 layihəsi torpeda gəmisi kimi nəzərdə tutulmuşdu. Amma onun əsasında 6 ədəd modifikasiya edilmiş, raketlə silahlanmış submarina da hazırlanmışdı. Belə ki, həmin nümunələrin konteynerlərində uçuş məsafəsi 300 km olan P-5 qanadlı raketləri yerləşdirilmişdi (suüstü vəziyyətdən sahildəki obyektlərə atəş açmaq üçün).

1950-1957-ci illər ərzində Sovet donanması ümumilikdə 215 ədəd 613 tipli dizel-elektrik submarinası alıb. Bu o deməkdir ki, ölkədə hər beş gün ərzində 1 submarina inşa olunurmuş. Layihənin uğurlu olduğunu o da sübut edir ki, 613 tipli qayıqlar Sovet İttifaqı dağılana qədər, yəni təqribən 40 il xidmətdə olublar.

Sirkon raketinin buraxılışı, arxiv şəkli
© Photo : Ministry of Defence of the Russian Federation

Bu çoxfunksiyalı gəmilər kütləvi şəkildə xaricə də satılıb (təqribən 40 ədəd): Bolqarıstan, Kuba, İndoneziya, Misir, Suriya, KXDR, Polşa. Çinə isə gəminin texniki sənədləri təqdim olunduqdan sonra Şanxay və Xankou zavodlarında 20 ədəd 613 tipli submarina inşa olunub.

Təbii ki, yeni suya dalan BOSS da 613 layihəsinin əsas xüsusiyyətlərini mənimsəyib – möhkəmlik, etibarlılıq və səmərəlilik. Bütün qalan xüsusiyyətlərinə görə isə BOSS keyfiyyətcə yeni, daha güclü silah, rabitə, naviqasiya və hidroakustika sistemləri ilə təchiz olunmuş XXI əsr gəmisidir.

Gəminin potensialı

Rusiya hərbi dəniz donanmasında son zamanlara qədər su akvatoriyasının patrulu ilə keşikçi qayıqlar məşğul idi. Ənənəvi suüstü gəmilərlə suya dala bilən BOSS arasında bərabərlik işarəsi qoymaq çətindir. Belə ki, yeni gəminin istismar xüsusiyyətləri "Rubin"də çalışan mütəxəssislərin hibrid submarina hazırladıqlarını deməyə imkan verir.

Bütün bunlardan əlavə, BOSS gəmisi ekipaj və sahil infrastrukturu işçilərinin hazırlığı üçün nisbətən ucuz "sinif otağı" kimi də istifadə oluna bilər. Bu isə ayrı-ayrı ölkələrin milli sualtı qüvvələrinin inkişaf etdirilməsi, təcrübə qazanması və daha sonra "tam formatlı" submarina almasına hazırlığı üçün də məqsədəuyğundur.

6
Teqlər:
patrul, ucuz, Rusiya, sualtı qayıq, gəmi
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin