Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropa İttifaqı - Azərbaycan sazişinə hansı məqamlar mane olur?

48
(Yenilənib 23:22 13.03.2021)
Eyni zamanda Azərbaycan Qərb dövlətlərinin beynəlxalq terrorizmlə mübarizədə yaratdığı koalisiyanın yanında yer almış ölkədir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. “Biz Avropa Komissiyası ilə əlaqələrimizdə sizin dəstəyinizə görə minnətdarıq. Bildiyiniz kimi, biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən deyib.

Sputnik Azərbaycan Azərbaycan-Aİ münasibətləri və sazişin önəmi ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.

Politoloq bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri hər zaman prioritet olub: “Qeyd etməliyik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan ölkələrdəndir. Bu baxımdan Aİ-nin Azərbaycana göstərdiyi maraq anlaşılandır. Digər tərəfdən Azərbaycan önəmli nəqliyyat kommunikasiya qovşaqlarının kəsişməsində yerləşir. Xüsusən də, Çin və Cənubi Şərqi Asiya ölkələri ilə dəhliz qurmaq istəkləri Azərbaycanın əhəmiyyətini daha da artırır. Eyni zamanda Azərbaycan Qərb dövlətlərinin beynəlxalq terrorizmlə mübarizədə yaratdığı koalisiyanın yanında yer almış ölkədir. Bu amil də Aİ-nin Azərbaycanla münasibətlərinə təsirsiz ötüşməyib”.

Politoloqun sözlərinə görə, Azərbaycana olan maraq həm də onun müstəqil siyasət yürüdən çox vektorlu ölkə olması ilə bağlıdır:

“Azərbaycanın Vətən müharibəsindən qalib çıxmış, həmçinin dayanıqlı iqtisadi gücü və sabitliyi olan bir ölkə kimi maraq mərkəzindədir. Bu gün Azərbaycan-Aİ arasındakı sazişlər imzalanma ərəfəsindədir. Sadəcə olaraq Azərvbaycan Aİ ilə münasibətlərini digər MDB ölkələrindən fərqli olaraq müstəqil siyasət yürüdən ölkə kimi qurur. Avropa ölkələrinin nəyi etmək olar və ya olmaz kimi müdaxiləçi mövqeyini bölüşmür.

Aİ-nin bu siyasəti müstəqil siyasətin aparılması baxımından Azərbaycan üçün qəbul edilməzdir. Ölkəmiz Avropa Şurasına üzv olarkən götürdüyü öhdəlikləri yerinə yetirir. Azərbaycan hüquq məhkəmə sisemində islahatlar aparılıb, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı önəmli qərarlar qəbul edilib. Azərbaycanda aparılan islahatlar və qanunvericiliyin uyğunlaşdırılması bu münasibətlər çərçivəsində atılmış addımlar sırasındadır.

Bu gün Azərbaycan-Aİ münasibətləri müasir dünyanın geosiyasi reallıqları kontekstində qurulub və inkişaf edir. Həm də açıq demək lazımdır ki, Türkiyədən sonra Azərbaycan Avropa İttifaqı üçün müsəlman aləmində etalon rolunda çıxış edən bir dövlətdir. Azərbaycanda multikultural ənənələrin mövcudluğu Avropadakı siyasi dairələrin diqqətindən yayınmır. Bu baxımdan İttifaq dövlətlərinin hakim siyasi dairələri ikitərəfli münasibətlərdə bu amilləri nəzərə alır. Bu da deməyə əsas verir ki, Azərbaycan-Aİ münasibətləri çox tərəfli maraqlar kontekstində inkişaf edir və bundan sonra da inkişaf edəcək”.

48
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Bayden Putinin görüşü: Bakının şansı qədərdir?

1617
Əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.

BAKI, 7 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co BaydenVladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

Bakının üstünlükləri 
Sözsüz ki, əgər bu görüş həqiqətən baş tutacaqsa, tərəflər onun harada keçirilməsi barədə qərarı özləri verəcəklər. Lakin biz, “Politico”dan fərqli olaraq, Bakını görüşün keçirilmə ehtimalı olan yerlər siyahısından silmirik.
Birincisi, ona görə ki, elə bu günlərdə ABŞ prezidentinin administrasiyası “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzadıb. Beləliklə, Bayden Azərbaycana birbaşa yardım etməyə icazə verib.
Özü də bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verib ki, bu da Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir.
İkincisi, Azərbaycan paytaxtı artıq neçə illərdir ki, ciddi beynəlxalq tədbirlərə ev sahibliyi edir, həmçinin ABŞ və Rusiyadan olan yüksək mənsəb sahiblərinin görüşləri üçün şərait yaradır.


Belə ki, 2017-ci ildə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov və NATO Hərbi komitəsinin rəhbəri Petr Pavel arasında görüş olub. Daha sonra, 2018-ci ildə Gerasimov iki dəfə Bakıda NATO birləşmiş qüvvələrinin ali baş komandanı Kertis Skaparotti ilə görüşüb. 2019-cu ildə isə Gerasimov bir daha Bakıya gələrək burada NATO Hərbi komitəsinin sədri ilə görüşüb.
2020-ci ilin fevralında, pandemiya ərəfəsində Azərbaycan paytaxtında rusiyalı generalın NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqları da keçirilib.
Bütün hallarda danışıqlar yüksək səviyyədə keçirilib və tərəflər Azərbaycan hakimiyyətinə tədbirlərin keçirilməsi üçün şərait yaratdığına görə minnətdarlıq ifadə ediblər.
Odur ki, əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.
Həm də ki, hazırda Bakı, bir çox Avropa paytaxtlarından fərqli olaraq, pandemiyadan sonra özünə gəlməyə başlayır. Şəhərdə faktiki olaraq heç bir məhdudiyyət yoxdur və baxmalı yerlər də var. Məsələn, dünyada yeganə olan “Suraxanı tanker-muzeyi”, İçəri Şəhərin Qoşa Qala qapısı yanındakı köhnə hamam, Hərbi Qənimətlər Parkı.

Eləcə də oxuyun: 

* Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir – politoloq şərhi

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Gerasimov Bakıda - NATO ilə təkbətək

 

1617
Vaşinqtonda Kapitoliyə mənzərə, arxiv şəkli

Həm hakim, həm qazanclı: Okeanın o tayından gələn mesajı necə anlamalı

460
(Yenilənib 20:08 04.05.2021)
Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb pul qazanmaq istəyər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Azərbaycan özəlliklə Qarabağ müharibəsində qələbə qazandıqdan sonra regional geosiyasət baxımından son dərəcə önəmli və nüfuzlu ölkə olduğunu sübut etdi. İstər Silahlı Qüvvələrinin, istər də dövlətin, istərsə də iqtisadiyyatının gücü gələcəkdə Qafqaz regionunda Azərbaycanın söz sahibi olacağını aydın şəkildə göstərdi. Təbii ki, Birləşmiş Ştatlar da bunu gördü və ABŞ Azərbaycanı yanında görmək istəyir".

Bu barədə Sputnik Azərbaycan-a türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Birləşmiş Ştatlar Prezidenti Co Baydenin Azərbaycana hərbi yardım edilməsinə icazə verməsi barədə məlumatı şərh edərkən bildirib.

Ağar xatırladıb ki, Birləşmiş Ştatlar öz hədəfləri və mənfəətləri üçün çoxşaxəli siyasət və strategiya həyata keçirir: "Özəlliklə həm terror təşkilatları, həm dövlətdən kənar aktorlar, həm haqlı dövlətləri, həm də haqsız dövlətləri hər hansı prinsip, dəyər gözləmədən öz mənfəəti naminə istifadə etməyə, idarə etməyə və yönləndirməyə çalışır. Bu baxımdan ABŞ-ın siyasət və strategiyasını anlamaq son dərəcə önəmlidir. Əgər onun siyasət mesajını anlamasanız, ABŞ sizi öz mənfəətləri üçün istifadə edər, müəyyən müddət sonra siz onun vassalına çevrilərsiniz. Buna çox diqqət etmək lazımdır. Mən heç zaman ABŞ-la işbirliyi qurmaq olmaz demirəm, lakin ən önəmlisi bərabər hüquqda işbirliyinin olmasıdır".

Türkiyəli eksperti qeyd edib ki, Azərbaycan ABŞ üçün həm Qafqaz regionunda, həmçinin gələcəkdə Asiya ilə bağlı ortaya qoyacağı siyasət və strategiya baxımından önəmli yerə malikdir:

"ABŞ rəhbərliyi bu qərarı verməklə Azərbaycanı itirməməyə çalışır. Lakin bir şeyi unutmayaq ki, ABŞ çoxşaxəli bir siyasət və strategiya yerinə yetirir. Yəni iki düşmən gücü eyni anda dəstəkləyərək bir nəticə əldə etməyə çalışır. Rəsmi Vaşinqton həm hakim olmağa çalışır, həm də kimin qalib və məğlub olmasından asılı olmayaraq həmişə özünün qazanmasını istəyir. ABŞ-ın Rusiya ilə çox ciddi bir rəqabəti var. Bu rəqabət baxımından Azərbaycan onun üçün çox önəmli bir aktordur.

Digər tərəfdən ABŞ Çinlə də rəqabətdədir. Çinin "Bir kəmər, bir yol" layihəsi başda olmaqla bir çox məsələlərlə bağlı da ABŞ Azərbaycanla münasibətlərinin yaxşı olmasını istəyər. Digər tərəfdən ABŞ prezidenti Co Bayden sözdə erməni "soyqırımı" ifadəsi işlətməklə Türkiyə ilə yanaşı, Azərbaycanla olan münasibətlərinə də zərər vurdu. Bayden bu gedişi ilə Azərbaycanın da könlünü almağa çalışıb. Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmışdı. Böyük ehtimalla bu məsələyə də telefon danışığı zamanı toxunulmuşdu".

Ağar, eyni zamanda qeyd edib ki, Azərbaycan, həmçinin çox önəmli silah alıcısıdır və ABŞ da öz silahlarını Azərbaycana satıb, pul qazanmaq istəyər.

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Co Bayden Azərbaycana hərbi yardım edilməsinə icazə verib. Belə ki, Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır.

Aprelin 26-sı Konqresə göndərdiyi bildirişdə ABŞ Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, bu cür yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacaq və mane olmayacaq, həmçinin Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.

Dövlət katibi, həmçinin qeyd edib ki, yardım beynəlxalq terrorizmə qarşı mübarizə səylərində Azərbaycanı dəstəkləmək, həmçinin bu ölkənin sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazımdır.

Qeyd edək ki, 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.

460
Teqlər:
ekspert, türk, 907-ci düzəliş, Co Bayden, Azərbaycan, ABŞ
Dəniz sagilində kişilər, arxiv şəkli

Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir

0
Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır.

BAKI, 9 may — Sputnik. Cəmiyyətimizin istənilən problemi həm də bizim – fərdlərin problemidir. Bu gün qarşılaşdığımız problemlər övladlarımızın gələcəyi üçün ciddi təhdid və narahatlıqdır. Cəmiyyəti qoruyan, onu inkişaf etdirən, gələcəyini müəyyən edən bəlli dəyərlər sistemi olmalıdır və cəmiyyətlər dəyərlər üzərində bərqərar olur. Bəzi dəyərlər ildən ilə dəyişə, bəziləri zamanın tələbi ilə “dəyərsizləşə” bilər. Qloballaşan dünyada assimilyasiyanı haradasa normal qəbul etmək olar (Şübhəsiz bu məqam ciddi müzakirə mövzusudur. Yəni, polemikaya açıq məsələdir - C.C.) İnternetin və texnologiyanın inkişafı müəyyən sərhədlərin aradan qalxmasına səbəb olur. Ancaq elə dəyərlər var ki,  assimilyasiyası qətiyyən qəbul edilə bilməz və bu dəyərlərin zorakı assimilyasiyasına mane olmağımız qaçılmazdır. Xalq, cəmiyyət qorunmalı olan dəyərlərinə sahib çıxmasa yaranan xaos, qarışıqlıq qarşısıalınmaz olacaq. Cəmiyyətdə insani münasibətlərin normal olmaması az-çox ictimai məsuliyyəti olan, yaşadığı cəmiyyətin gələcəyi üçün əndişə keçirən fərdləri narahat etməlidir.

***

Cəmiyyətdə müəyyən bir qrupun laqeyidləşməsinin, biganəliyin və insani münasibətlərdə soyuqluğun iqtisadi-sosial, fəlsəfi-psixoloji səbəbləri daha dərində gizlidir. Bir tərəfdən dəyərlər sisteminin liberallaşması, digər tərəfdən mental dəyərlərin həyatımıza yersiz müdaxiləsi cəmiyyətdə bivec, taleyinə və həyatına biganə insanların sürətlə artmasına, cəmiyyəti var edən dəyərlərin aşınmasına səbəb olur. Dilemma qarşısında qalan hazırlıqsız fərd əxlaqi dəyərlərdən tamamilə imtina etməyin çıxış yolu olduğunu düşünərək bir növ özündən və cəmiyyətdən qisas alır. Mentallıq, saxta əxlaqi dəyərlər cəmiyyətə nə qədər ziyan vurursa, liberal dəyərlərin düzgün anlaşılmaması, normal yaşamaq üçün lazım olan əxlaqi prinsipləri qavramayan insanlar üçün daha çox təhlükə mənbəyidir. Son vaxtlar diqqətimi çəkən müəyyən polemikalarda məhz bu xaosun şahidi olduq. Feminizmdən danışanların yarımçıq bilgilərlə “silahlanıb” bu anlayışı lağ hədəfinə çevirməsi, müharibə əleyhidarlarının ölkədə işğalçılara qarşı aparılan mübarizə dönəmində aktivləşib əslində müharibə əleyhidarlığını mahiyyətindən uzaqlaşdırmaları, liberal düşüncə tərəfdarlarının şəhidlərə qarşı sayğısız davranışları ilə cəmiyyətdə qəzəb yaratmaları pis nümunələrdir. Liber dəyərlərin mühafizəkarlığı bu şəkildə assimilyasiyaya məruz qoyması qəbuledilməzdir.

***

Cəmiyyət vahid, kökü və ənənəsi olan dəyərlərə söykənməlidir. Təbii ki, bu dəyərlərə qarşı çıxanlar, müxalif olanlar da olmalıdır. Hər bir dəyərə qarşı alternativ təklif etmək və ya bu alternativlərlə yaşamaq mümkündür, qəbulediləndir. Yetər ki, cəmiyyət üçün “həssas nöqtələrə” yersiz hücum etməyək. Qulaqdandolma fikirlər cəmiyyətdə xaos yaradır, ötəri informasiyalar, "fast food" bilgilər insanları qeyri-müəyyənliyə sürükləyir. Gözümüzün qarşısında assimilyasiyaya uğrayan dəyərlər bu xaos üçün ilkin həyəcan siqnalı sayıla bilər.

***

Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır. Cəmiyyətin bir qismi ümumiyyətlə bu xəbərləri soyuqqanlı şəkildə qulaqardına vurur, çox az bir qisim insan isə əndişə, narahatlıq keçirir. Bu yaxınlarda xəbər saytlarında qarşılaşdığım “Molla əsgər anasını qətlə yetirdi” başlıqlı xəbərin vahiməsi məni əməlli başlı diksindirdi. Cəmiyyətimizdəki bu cür eybəcərliklərin gələcəyimizə böyük təhlükə yaratdığını düşünürəm. Eyni zamanda din adamının cinayətkar olmasının qabardılması, müzakirə olunması məni daha çox narahat etdi. Dinə və dindarlara qarşı loyal yanaşsam da, dini dəyərlərin cəmiyyətimizdə önəmli yerə sahib olduğunun fərqindəyəm. Məhz cinayət xəbərinin bu şəkildə tirajlanması, dinə qarşı aqressiyanın yaranmasına rəvac verir. Sosial şəbəkələrdə cinayət, cinayətin motivi bir kənarda qalır, din, din xadimi, molla müzakirə olunur. Halbuki cinayətkarın dini mənsubiyyətini vurğulamaq üçün heç bir səbəbimiz  yoxdur. Çünki islam dini əsgər anasını zorlamağa, ümumiyyətlə cinsi zorakılığa haqq qazandıran din deyil. Deməli küyə gedib islamı tənqid etmək üçün də səbəbimiz yoxdur. Çünki cinayətkarın milli, irqi və dini mənsubiyyəti müzakirə mövzusu olmamalıdır. Hansısa din xadiminin cinayətinə görə onun dinini qınamaq  ədalətsizlikdir. Təəssüf ki, din xadiminin əməli olun təmsil və təbliğ etdiyi dinə başucalığı gətirmir. Eyni zamanda cəmiyyətin dini dəyərlərini də gözdən salır. Bunu anlayırıq. Bizi narahat edən gələcəyimizdir. Dəyərlərindən uzaq düşmüş cəmiyyətin gələcəyi hamımızı narahat etməlidir.

İnsani münasibətlər, ailə dəyərləri, əxlaq normaları bu şəkildə pozulubsa, cəmiyyətin gələcəyi ilə bağlı nikbin düşünmək olarmı?

0