Pentaqon

"Rusiyaya birbaşa təhdid": Pentaqon niyə Alyaskada tələm-tələsik RLS qurur

39
Amerikalılar Avropada raket hücumundan müdafiə sistemi yaradanda da əmin edirdilər ki, bu, yalnız İranın qarşısını almaq üçündür. Əslində, yeni radar istisnasız olaraq Rusiya əleyhinə yönəlib.

BAKI, 12 mart — Sputnik, Nikolay Protopopov. Artırılmış uçuş məsafəsi, minlərlə kilometr uzaqlıqdakı raketlərin aşkarlanması, döyüş başlıqlarının və saxta hədəflərin fərqləndirilməsi - ABŞ raket əleyhinə müdafiə sisteminin növbəti elementini işə salır. Bu il Alyaskada yeni güclü radiolokasiya stansiyası fəaliyyətə başlayacaq. Vaşinqton həmişəki kimi bunun İran və ya Şimali Koreyanın mümkün raket zərbəsini dəf etmək üçün lazım gəldiyini iddia edir. Ancaq mütəxəssislər əmindir: RLS tamamilə fərqli məqsəd üçün nəzərdə tutulub.

Total nəzarət

Amerikalılar uzun məsafəli radiolokasiya stansiyasını (Long Range Discrimination Radar – LRDR) 2018-ci ildə Clear Air Force hava bazasında inşa etməyə başlayıblar. Bu hərbi obyekt keçən əsrin ortalarından etibarən fəaliyyət göstərir və ABŞ-ın raket əleyhinə müdafiə sisteminin mühüm hissəsi sayılır.

Radiolokasiya stansiyasını hələ keçən il işə salmaq planlaşdırılmışdı, ancaq pandemiya səbəbindən tarixi irəli çəkməli oldular. Bu günlərdə məlum olub ki, layihə başa çatmaq üzrədir.

Yeni sistemi işləyib-hazırlayanların sözlərinə görə, LRDR Aegis döyüş məlumat və nəzarət sisteminin əsas elementi olan çoxfunksiyalı AN/SPY RLS-indən 25 dəfə böyükdür.

Stansiya S diapazonunda işləyir. Qalium nitriddən istifadə olunmaqla istehsal edilir ki, bu da onun texniki xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. RLS yalnız qitələrarası ballistik və hipersəsli raketləri deyil, eyni zamanda bu raketlərin döyüş başlıqlarını müşayiət edən saxta hədəfləri də aşkarlamağa qadirdir.

Daha bir xüsusiyyəti isə ondan ibarətdir ki, RLS hətta texniki xidmət zamanı da işləyə bilir. Rəsmi məlumata görə, LRDR ABŞ-ın materik hissəsini İranın və Şimali Koreyanın raket hücumundan qoruyacaq. Bununla belə, ekspertlərin fikrincə, RLS-in əsas hədəfləri Rusiya raketləri olacaq.

"Amerikalılar Avropada raket hücumundan müdafiə sistemi yaradanda da əmin edirdilər ki, bu, yalnız İranın qarşısını almaq üçündür. Əslində, yeni radar istisnasız olaraq Rusiya əleyhinə yönəlib. Şimali Koreyanın ballistik raketlərinin uçuş trayektoriyası Sakit okeanın üzərindən keçir. Onları izləmək üçün Havay adalarında RLS qurulmalıdır", – deyə hərbi elmlər doktoru Konstantin Sivkov RİA Novosti-yə müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, Sibirdən, Şimal Donanmasından və hətta Sakit Okeandakı strateji sualtı qayıqlardan buraxılan Rusiyanın qitələrarası ballistik raketlərinin qısa marşrutu Alyaskanın üzərindən keçir.

Əlini uzatsan, çatar

Sivkov onu da bildirib ki, Alyaskada qlobal Raketdən Müdafiə Sisteminin komponentləri artıq mövcud olsa da, "uzun mənzilli" RLS onun imkanlarını nəzərəçarpacaq qədər çoxaldaraq Pentaqonun qitələrarası ballistik raketləri tutmaq sürətini artıracaq.

"Bəli, bu bizim üçün heç də xoş məqam deyil, ancaq vəziyyətin kardinal şəkildə dəyişəcəyini gözləməyə dəyməz. Rusiya cavab olaraq həm bu, həm də digər RLS-ləri məhv edəcək radioelektron müharibə vasitələri yaratmalıdır. Məncə, bu cür vasitələr artıq bizdə var və tezliklə onların yerləşdirilməsinə başlanılacaq. Bundan başqa, hərbi əməliyyatlar baş verərsə, bu RLS-in sürətlə məhv edilməsi imkanları da gözdən keçirilməlidir", – deyə mütəxəssis vurğulayır.

Alyaska amerikalılar üçün strateji cəhətdən mühüm bölgədir. İlk növbədə ona görə ki, oradan Rusiyanın Berinq körfəzindəki hərbi bazalarına cəmi bir neçə kilometr məsafə var. Pentaqon yalnız Alyaskaya radar sistemi qurmur, həm də zərbə qüvvəsi yaradır. Belə ki, yaxın vaxtlarda iki hava bazasında ABŞ-ın beşinci nəsil qırıcıları olan 150 ədəd F-35 və F -22 Raptor təyyərələrini yerləşdirmək fikrindədir. Məqsəd Rusiyanı Arktikada sıxışdırmaqdır.

Ölkə üçün qalxan

LRDR səviyyəli radarlar Rusiyada da var, özü də bir deyil, iki ədəd. Son illər ərzində raket hücumu ilə bağlı xəbərdarlıq sistemi xeyli yenilənib və ölkəni etibarlı şəkildə əhatə edir. Axı SSRİ-nin dağılmasından sonra Vaşinqtonun təzyiqi ilə stansiyaların çoxu dağıdılıb, yeni RLS-lərin tikintisi isə dayandırılıb. Şimal-şərq istiqamətində, Sakit okeanın şimal hissəsi və qismən Alyaskadakı boşluqları uzun müddət doldurmaq mümkün olmadı. Bu hətta sovet vaxtı də həll olunmamış problemlərdən biri idi. 2020-ci ilin dekabr ayında yeni raket hücumundan xəbərdarlıq sisteminin dövlət sınaqları başladı. Hazırda bu sistem dövlət və hərbi idarəetmə məntəqələrinə raket hücumu ilə bağlı xəbərdarlıqları uğurla qəbul edərək ötürür, Moskvanın raket əleyhinə müdafiə sistemini mühüm məlumatlarla təmin edir.

Raket hücumundan xəbərdarlıq sisteminin birinci eşelonu vahid kosmik sistemin peyk qruplarından, ikincisi isə yerüstü radiolokasiya sistemindən ibarətdir. Bu, yeni "Voronej" radiolokasiya stansiyasıdır. RLS praktik olaraq ölkənin bütün perimetrləri boyunca yerləşdirilib: Leninqrad, Kalininqrad, İrkuts, Orenburq vilayətləri, Krasnodar, Krasnoyarsk və Altay diyarları. 2021-ci ildə Komi respublikasında da bir stansiyanın inşası başa çatdırılacaq, daha bir stansiya isə Murmanskda qurulacaq.

ABŞ  “Dəniz Pişikləri”, arxiv şəkli
© AFP 2021 / U.S. Air Force photo by Technical Sgt. Lionel Castellano

"Voronej" RLS-i – raket üçün təhlükəli olan bütün istiqamətləri nəzarətdə saxlayan radarların ən yeni nəslidir. Stansiyalar ballistik, aerodinamik və kosmik hədəfləri üfüqi olaraq 6000 kilometrə qədər və şaquli olaraq 8000 kilometrə qədər məsafədə müəyyən edə bilir. Bir radar eyni vaxtda zamanda 500-ə qədər obyekti izləyə, döyüş başlıqlarının düşmə traektoriyasını, vaxtını və yerini hesablaya bilir.

"Voronej" tamamilə avtomatik rejimdə işləyir və raketləri buraxılandan dərhal sonra aşkarlamağa qadirdir. Hücum zamanı məlumat raket hücumundan xəbərdarlıq sisteminin komanda məntəqəsinə daxil olur, bir neçə dəqiqə ərzində təhlil edilir, işlənir və cavab zərbəsinin endirilməsi ilə bağlı qərar qəbul edilməsi üçün rəhbərliyə ötürülür.

39
NATO təlimi

NATO-nun əli var: Rusiya sərhədləri yaxınlığında baş verir?

224
(Yenilənib 23:17 16.04.2021)
Təlimlərdən sonra ABŞ-ın həmin qüvvələrinin bir hissəsini, dəfələrlə olduğu kimi, elə Avropada "yaddan çıxaracağı" da istisna olunmur

BAKI, 17 aprel — Sputnik, Andrey Kots. Krımın sərhədləri yaxınlarında hava kəşfiyyatı, NATO gəmiləri Qara dənizdə, irimiqyaslı təlimlərə hazırlıq, ABŞ-ın Ukraynaya gətirdiyi sirli yüklər və müəmmalı hədələr – son günlər Şimali Atlantika alyansı Şərqi Avropada kəskin şəkildə aktivləşib.

Heç kim şübhə etmir ki, bütün bunlar Ukraynanın Donbasdakı təmas xətti yaxınlığına canlı qüvvə və texnika cəmləşdirməsi, habelə Rusiya qoşunlarının öz sərhədləri daxilində hərəkəti ilə bağlıdır.

Cəbhə xətti üzərində PUA

Donbas ətrafında vəziyyətin son gərginləşməsindən sonra NATO aviasiyası burada getdikcə daha çox görünməyə başlayıb. Təmas xətti üzərində, demək olar ki, daimi olaraq RQ-4 Global Hawk kəşfiyyat dronları hərəkət edir.

Ukrayna Silahlı Qüvvləri hava kəşfiyyatını xeyli genişləndirərək bunun üçün Türkiyədən alınmış "Bayraktar TB2" zərbə dronlarından da istifadə edirlər. Hazırda Ukrayna hərbçilərinin sərəncamında altı ədəd bu cür dron var. Yaxın keçmişdə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri zamanı əlavə PUA-ların da alınması barədə müqavilə imzalanıb.

Bundan əlavə, Qərb ölkələrinin aviasiyası praktiki olaraq hər gün Krım ətrafında hava məkanının monitorinqini həyata keçirir. Qara dənizin neytral suları üzərində İngiltərə və ABŞ-a məxsus "Boeing RC135W" və "Lockheed P-3Corion" radio-elektron kəşfiyyat və sualtı qayıqlar əleyhinə "P-8A Poseidon" təyyarələri uçmaqdadır.

Müəmmalı hədələr

NATO regionda hərbi gücünü artırmaqdadır. Belə ki, aprelin sonuna qədər Qara dənizə ABŞ-ın iki ədəd eskadra minadaşıyan gəmisi daxil olmalıdır. Pentaqonun rəsmi məlumatına görə, gəmilərin bu əraziyə köçürülməsi "adi hal"dır. Lakin Kremlin buna reaksiyası ciddi oldu. Axı həmin gəmilərin göyərtəsində 50-dən çox qanadlı "Tomahawk" raketləri var.

"ABŞ-ın hərbi, o cümlədən Qara dənizdə aktivliyinə gəldikdə, bu, mütəmadi olaraq baş verir. Hazırda bu, xüsusi inadla edilir və aqressiv ritorika ilə müşayiət olunur. Rusiyanın Ukrayna sərhədində nə etməsi barədə suallar verilir. Bunun cavabı çox sadədir: biz orada yaşayırıq. Bu bizim ölkəmizdir. Amma ABŞ-ın, gəmilər və ya hərbi qulluqçular şəklində Ukraynada NATO xətti ilə, özü də öz ərazisindən minlərlə kilometr uzaqlıqda hansısa tədbirlər keçirməsi – bax bu sual cavabsız qalır", - deyə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Digər bir maraqlı sual da cavabsız qalır. ABŞ hərbi hava qüvvələri təyyarələrinin Kiyevə daşıdıqları yüklər nə yüklərdir? Mütəxəssislər "FlightRadar" internet servisinin məlumatlarına diqqət yetiriblər: ABŞ-a məxsus S-17 və S-130 təyyarələri Birləşmiş Ştatlardan, Almaniyadan və Baltikyanı ölkələrdən havaya qalxaraq Ukraynanın Borispol hava limanına enir, boşaldılır və yenidən geri qayıdırlar.

Hərbi ekspert Aleksey Leonkov hesab edir ki, Vaşinqton Ukraynaya radio-elektron mübarizə vasitələri gətirir ki, bu da Ukrayna Silahlı Qüvvələrinin tezliklə baş verə biləcək hücumundan xəbər verə bilər.

Bunun üçün o, ABŞ ordusunun "Səhrada fırtına" əməliyyatını xatırladır və qeyd edir ki, həmin vaxt amerikalılar elə münaqişənin ilk günlərində Səddam Hüseynin ordusunu tamamilə "kor" etmişdi.

Amma Rusiya da boş oturmaq niyyətində deyil.

"Əgər hansısa kəskinləşmə baş versə, biz, əlbəttə ki, öz təhlükəsizliyimizi və onların harada olmasından asılı olmayaraq öz vətəndaşlarımızın təhlükəsizliyini tam təmin etmək üçün hər şey edəcəyik. Bunun nəticələrinə görə məsuliyyət tam olaraq Kiyevin və Qərbin üzərinə düşəcək. Biz həmçinin xəbərdar edirik ki, ABŞ Krımdan, bizim Qara dəniz sahillərimizdən uzaq dursun. Bu onların özü üçün daha yaxşı olar", - deyə xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Təlimlərə hazırlıq

Qərb ölkələri qoşunlarının Rusiya sərhədləri yaxınlığında aktivliyinin artmasının daha bir səbəbi – mayın ortalarında NATO-nun "Defender Europe 2021" irimiqyaslı təlimlərinə hazırlıqdır.

Həmin təlimlərin döyüş planına uyğun olaraq NATO qoşunları guya Kalininqrad vilayətinə hücum etməli, Rusiyanın qərb vilayətlərini bloklamalı və "rusların güclü hücumunu" dəf etməlidirlər. Ötən illərdən fərqli olaraq, 2021-ci ildə əsas diqqət Şərqi deyil, Cənubi Avropaya yönəldiləcək. Manevrlərin Çernoqoriya, Kosovo və Albaniyada keçirilməsi planlaşdırılır. Bolqarıstan və Rumıniyada hava hücumundan müdafiə qüvvələrinin təlimləri və "yer-yer" tipli raketlərdən atəş həyata keçiriləcək. Macarıstan isə arxa cəbhə rolunu oynayacaq. Həmin manevrlərdə Ukrayna hərbçiləri də iştirak edəcəklər.

Bunun üçün ABŞ Avropaya xeyli qüvvə, o cümlədən 1-ci kavaleriya və 82-ci hava-desant diviziyasının birləşmələrini cəmləşdirəcək. Atlantika vasitəsilə təlimlərə yüzlərlə müxtəlif təyinatlı hərbi texnika ötürüləcək. Bundan əlavə, Florida ştatından 53-cü piyada briqadası da gətiriləcək. Təlimlərdən sonra ABŞ-ın həmin qüvvələrinin bir hissəsini, dəfələrlə olduğu kimi, elə Avropada "yaddan çıxaracağı" da istisna olunmur. Mütəxəssislərin fikrincə, beləliklə, Pentaqon ildən-ilə regionda hücum imkanlarını gücləndirir.

Kiyev şəhərinə mənzərə, arxiv şəkli
© AFP 2021 / SERGEI GAPON

ABŞ-ın Avropadakı quru qoşunlarının rəsmi saytında verilən məlumata görə, təlimlərin məqsədi "strateji və operativ hazırlığı, o cümlədən ABŞ-la müttəfiqlər və NATO üzrə tərəfdaşlarla qarşılıqlı əlaqəni gücləndirmək"dir. Lakin "Defender Europe 2021" təlimlərinin anti-Rusiya məqsədləri aşkardır. Belə ki, Ukraynanın üçtərəfli danışıqlar qrupunda spikeri Akeksey Arestoviç belə də deyib: təlimlərin mənası Rusiya ilə Baltikdən Qara dənizə qədər ərazidə müharibəni məşq etməkdir.

Təəccüblü deyil ki, Rusiya və Belarus buna cavab olaraq sentyabr ayında "Qərb-2021" təlimlərini keçirəcəklər. Belarus müdafiə naziri Viktor Xreninin dediyi kimi, "birgə təlimlər şəhərlərin çox olduğu ərazilərdə hücum bölmələrinin birgə fəaliyyətini sınamaq", habelə "yeni və modernizasiya olunmuş silahların səmərəliliyini qiymətləndirməkdir".

Hələlik isə Rusiya müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, ölkənin Qərb sərhədlərinə döyüş hazırlığının yoxlanması çərçivəsində iki ordu və üç hava-desant qoşunları birləşməsi köçürülüb.

224
Şimal axını - 2 nişanı, arxiv şəkli

Moskvanın davranışlarına baxacaqlar: Almanlar "Şimal axını-2"-ni dayandıracaqlarmı

15
(Yenilənib 00:35 16.04.2021)
"Əgər hakimiyyətə yeni koalisiya gəlsə və növbəti kansler "yaşıllar"dan olsa, o, "Şimal axını-2" layihəsinə tamamilə fərqli şəkildə yanaşa bilər".

BAKI, 16 aprel — Sputnik, Kseniya Melnikova. ABŞ Almaniya ilə Donald Trampın dövründə pozulan münasibətləri yoluna qoymaq qərarına gəlib. Pentaqonun rəhbəri Berlinə uçub, Almaniyadakı amerikalı əsgərlərin sayını artırmaq barədə sərəncam verib. Bununla belə, yeni administrasiya əvvəlki kimi qəti şəkildə "Şimal axını-2" təbii qaz kəmərinə qarşıdır. Onun səfərindən sonra almanlar layihənin icrasını dayandırıblar. Bəs AFR məhz hansı güzəştlərə getməyə hazırlaşır? Sualın cavabı RİA Novosti-nin növbəti məqaləsində.

Amerikalılara reverans

Almaniya "Şimal axını-2" qaz kəmərinin inşasında ABŞ-ın fikrinə qulaq verib bu mübahisəli layihənin yekunlaşdırılmasına moratorium qoyacaq. Bu barədə Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşdən sonra məlumat verib.

O, bu günlərdə Avropaya səfəri çərçivəsində Berlində olub. Beləliklə də, Amerika Müdafiə Nazirliyinin rəhbəri Vaşinqtonun Baydenin hakimiyyəti dövründə Almaniya ilə münasibətləri qaydaya salmaq istədiyini nümayiş etdirib. Berlin də buna hazır olduğunu büruzə verib.

İndiyə kimi qaz kəmərinin 95 faizi və ya 2460 kilometrindən 2339 kilometri inşa olunub. Əgər hər bir halda, layihəni başa çatdırmaq mümkün olsa, Almaniya Rusiya qazını müəyyən şərtlərlə alacaq.

"Hər şey Moskvanın davranışından asılıdır", – deyə Kramp-Karrenbauer bildirib.

Ostin bəyan edib ki, Amerika hökuməti kəmərin Baltik dənizinin dibinə döşənən ikinci qolunun tikintisinin başa çatdırılmasının əleyhinədir. Bununla belə, o qeyd edib ki, layihə ilə bağlı fikir ayrılığı iki ölkənin yaxın dostluq münasibətlərinə təsir göstərməyəcək. Yeri gəlmişkən, Kramp-Karrenbaueri amerikalı həmkarı ilə görüşdə yalnız "Şimal axını-2" layihəsi maraqlandırmayıb. Keçmiş prezident Donald Tramp Almaniyanın NATO və ABŞ-a "çoxmilyardlı borcları" səbəbindən 9,5 mindən 12 minə qədər amerikalı əsgəri bu ölkədən çıxarmaq niyyətində idi. Yeni administrasiya isə əksinə, hərbi kontingenti artırır. Düzdür, hələlik cəmi 500 nəfər olmaqla. ABŞ və Almaniyanın müdafiə nazirləri daha sonra yenidən mübahisəli təbii qaz layihəsinin müzakirəsini davam etdiriblər.

"Şimal axını-2" – Vaşinqtonla Berlinin ikili münasibətlərində məhək daşı hesab olunur. Bu, Donald Trampın prezidentlik dövründə də belə olub, indi də belədir. ABŞ-a görə, "Şimal axını-2" onları yüksək qazanc mənbəyi sayılan Avropa bazarından məhrum edəcək, eyni zamanda, bu bazarı Rusiya qazından asılı vəziyyətə salacaq.

Qaz kəməri Almaniya, Danimarka, Rusiya, Finlandiya və İsveçin müstəsna iqtisadi zonalarından və ərazi sularından keçir. Kopenhagen uzun müddət tikintiyə qarşı çıxsa da, sonra öz razılığını verdi. Almaniya hökuməti qaz kəmərini dəstəkləyərək ona sırf iqtisadi layihə kimi yanaşmağa və bu qədər hücuma məruz qoymamağa çağırır. Hərçənd, Almaniyada hamı bu cür düşünmür. Yaşıllar hərəkatının üzvləri və ekoloqlar layihəni fəal şəkildə tənqid edirlər. Bu yaxınlarda "Deutsche Umwelthilfe" (DUH) adlı təbiəti mühafizə təşkilatı Hamburq məhkəməsində Federal Dəniz Gəmiçiliyi və Hidrografiya İdarəsi tərəfindən görülən işin davam etdirilməsinə icazə verilməsinə öz etirazını bildirib.

ABŞ-la yanaşı, Ukrayna və Polşa da bu qaz kəmərinə qarşı çıxır. Çünki Rusiya təbii qazının onların ərazisindən keçməsi bu ölkələrə sərf edir. Çexiya, Latviya, Estoniya, Litva, Macarıstan, Slovakiya, Rumıniya və Xorvatiya da bu ölkələri dəstəkləyir. Həmin ölkələr "Şimal axını-2" layihəsinin Moskvanın Avropa iqtisadi bazarına təsirini artıracağından ehtiyatlanırlar.

Bayden dilemma qarşısında

Donald Tramp qaz kəmərinin döşənib başa çatdırılmasına əngəl olmaq üçün sanksiyaları işə salmışdı. Onun ətrafı belə hesab edirdi ki, məhdudiyyətlər layihəyə ağır zərbə vuracaq. Amerikada 2017-ci ildən başlayaraq yeni-yeni tədbirlər planı qəbul olundu ki, bunlar da əsasən "Şimal axını-2" layihəsində iştirak edən xarici şirkətlərlə bağlı idi.

Bayden Ağ Evə gələndən sonra dilemma qarşısında qaldı: bir tərəfdən ölkədəki hər iki partiya "Şimal Axını" layihəsinə qarşı çıxırdı və onlar sanksiyaları yumşaltmağı Moskvaya güzəşt kimi qiymətləndirəcəkdilər. Digər tərəfdən, Amerikanın yeni lideri Trampın vaxtında Avropa İttifaqı, xüsusən də layihəni dəstəkləyən Almaniya ilə pozulan münasibətlər yoluna qoyulmalı idi.

Əvvəlcə Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, eləcə də, həm Amerika, həm də xarici şirkətləri Rusiya müəssisələri və idarələri ilə "müdafiə və kəşfiyyat sektorunda" əməkdaşlıqdan çəkindirməyə hesablanmış qanun qəbul etdilər. Ancaq fevralın axırlarında qaz kəmərinin inşasında iştirak edən "Fortuna" gəmisi və onun sahibi "KVT-Rus" şirkəti amerikalıların sanksiya siyahısına salındı, halbuki artıq onları qarşı başqa tədbirlər görülmüşdü. 2021-ci ilin fevralında 18 Avropa şirkəti Vaşinqtonun sanksiya təhdidi nəticəsində layihədən çıxdı. Mart ayında ABŞ hakimiyyəti yenidən "Şimal axını-2" layihəsinin iştirakçılarını işi davam etdirəcəkləri təqdirdə əlavə sanksiyaların tətbiqi ilə hədələdi.

Berlin uzun müddət Vaşinqtonun hərəkətlərini tənqid etdi və bu ölkədə çoxları əmindir ki, hər bir halda layihə yekunlaşacaq.

"Amerikada vəziyyət necə olursa olsun, oradakı hər kəsi Rusiya və Almaniya arasındakı münasibətlərin yaxşılaşması, konstruktiv və işgüzar xarakter alması narahat edir. "Şimal axını-2" ABŞ-ın yeni rəhbərliyinin necə davranacağından asılı olmayaraq tamamlanacaq", – deyə AFR Bundestaqının deputatı Valdemar Gerdt bəyan edib.

Kremldən bildirilib ki, Amerikanın tətbiq etdiyi məhdudiyyətlər işi çətinləşdirir. "Qazprom" 2021-ci ilin yanvar ayındakı memorandumda "əgər siyasi vəziyyət kəskin şəkildə dəyişərsə" layihənin dayandırılmasını və ya tamamilə ləğv olunmasını istisna etməyib.

"Şimal axını-2" həm ümumilikdə Avropa, həm də konkret Almaniya iqtisadiyyatı üçün faydalı layihədir", – deyə Vladimir Putin dəfələrlə vurğulayıb. Moskvada əmindirlər ki, amerikalılar öz rəqiblərinə Rusiya qazının əvəzinə mayeləşdirilmiş yanacaq təklif etmək üçün təzyiq göstərirlər.

Yekunlaşacaq, ya yox?

Ekspertlər belə hesab edirlər ki, qaz kəmərinin inşası hər bir halda başa çatdırılacaq, ancaq tam gücü ilə işə salınmayacaq.

"Avropa İttifaqının yeni qaydaları ilə əlaqədar olaraq bəzi məhdudiyyətlər var. Həmin məhdudiyyətlərə görə, bir təbii qaz tədarükçüsü nəqliyyat infrastrukturunun yalnız 50 faizindən istifadə edə bilər", – deyə Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov vəziyyəti izah edir.

Onun sözlərinə görə, başqa variantlar da mövcuddur. Məsələn, qaz kəmərinin bağlanması və ya ABŞ-ın Almaniyaya kompensasiya ödəməsi kimi. Vaşinqton Amerika mayeləşdirilmiş qazının Avropaya ötürülməsi üçün terminalların tikintisinə investisiya qoya bilər. Hərçənd, davamlı şəkildə şist qazının çıxarılmasına qarşı çıxan Baydenin dövründə bunun baş verəcəyi sual altındadır.

"Belə bir ehtimal da var ki, amerikalılar, sadəcə, vaxtı uzatmağa çalışırlar. Merkel hakimiyyətdən gedəcək. Payızda AFR-də seçki keçiriləcək. Əgər hakimiyyətə yeni koalisiya gəlsə və növbəti kansler "yaşıllar"dan olsa, o, "Şimal axını-2" layihəsinə tamamilə fərqli şəkildə yanaşa bilər. Onda layihə ölüb gedəcək", – deyə politoloq fikir yürüdür.

Rusiya Elmlər Akademiyası Avropa İnstitutu Alman Tədqiqatları Mərkəzinin elmi işçisi Aleksandr Kamkinin fikrincə, çox güman ki, Pentaqonun rəhbəri Berlin səfəri zamanı Almaniya hakimiyyətindən Vaşinqtondan mayeləşdirilmiş təbii qaz almağı tələb edib. "Bu zaman Almaniya tədarükün qismən şaxələndirilməsi müqabilində tikintini başa çatdırmaq hüququ əldə edəcək. Ancaq qaz kəmərinə siyasi təzyiq azalmayacaq", – deyə Kamkin RİA Novosti-yə müsahibəsində vurğulayıb.

Almaniya müdafiə nazirinin bəyanatı alman hakimiyyətinin yekun mövqeyi kimi qiymətləndirilməməlidir. Kramp-Karrenbauer Moskvanın ünvanına səsləndirdiyi sərt açıqlamalarla tanınır.

Beləliklə, hazırda ABŞ və Almaniya ortaq məxrəcə gəlməyə və münasibətləri yaxşılaşdırmağa səy göstərirlər. Bunu necə edəcəkləri hələlik məlum deyil. "Şimal axını-2" layihəsinin tikintisinin başa çatmasına moratorium qoyulması təklifi isə problemin həllini yalnız təxirə sala bilər.

15
Kişi uşağı ilə, arxiv şəkli

Bu il 17 uşaq övladlığa verilib

0
Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

 

BAKI, 17 aprel — Sputnik. Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu ilin yanvar-mart aylarında 17 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan müddətdə 17 uşaq (9-u oğlan, 8-i qız) isə övladlığa verilib.

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

Uşaqların övladlığa götürüldüyü ailələrdə inkişafı üçün şəraitin olmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə ciddi nəzarət həyata keçirilir, övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər aparılır.

0