Çap maşını, arxiv şəkli

"Media haqqında" qanunda jurnalistləri gözləyir?

62
(Yenilənib 17:57 23.02.2021)
Jurnalist hüquqları ilə bağlı məsələlərin müəyyənləşdirilməsi və onun parametrlərinin qanunda dəqiq ifadəsi zəruridir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanundan fərqli olaraq "Media haqqında" yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək. Onun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək.

Bəs media nümayəndələri "Media haqqında" qanunda nələri görmək istəyir? Sputnik Azərbaycan mövzu ilə bağlı "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin fikirlərini öyrənib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, indiyə qədər qüvvədə olan "KİV haqqında qanun"a dəfələrlə dəyişikliklər edilsə də, o, bütün media sektorlarını əhatə etmir. Onun sözlərinə görə, yeni media elementlərinin jurnalistikaya daxil olması media ilə bağlı yeni qanunun qəbuluna ehtiyac yaradıb:

"Artıq yeni media strukturları formalaşıb, yeni anlayışlar və reallıqlar var. Bu qanun ilk növbədə medianın tənzimlənməsi, onun hüquqi statusunun müəyyən edilməsi üçün gərəklidir. Ənənəvi mediadan başqa elektron media və sosial media anlayışları həyatımıza daxil olub. Sosial media ilə bağlı da müxtəlif yanaşmalar özünü göstərir. Onun hansı hallarda media subyekti kimi dəyərləndirilməsi və hüquqi mexanizmləri ilə bağlı məsələlər açıq qalır. Hazırda media sahəsi sürətlə inkişaf edir. Buna müvafiq olaraq qəbul edilməsi nəzərdə tutulan yeni qanunda bir çox məsələlərin, həmçinin jurnalistin hüquqi məsuliyyət məsələlərinin əks olunacağını gözləyirik. Cəmiyyətin media ilə münasibətlərinin daha mükəmməl formada və yeni çağırışlara uyğun qurulması üçün qanunla bağlı aparılacaq müzakirələr önəmlidir".

Akif Aşırlı qeyd edib ki, qanunla bağlı həm yerli, həm də xarici ekspert rəylərinin alınması təmin edilməlidir. O bildirib ki, bu gün gündəmi müəyyənləşdirmək və ictimai rəyə təsir baxımından sosial media ənənəvi mediadan öndədir: "İndi sosial medianı hansı hallarda jurnalistika elementi hesab edib-etməməyimiz açıq qalır. Hesab edirəm ki, yeni qanun bütün media sektorunu əhatə etməlidir və burada yenidən hansısa bölgünün aparılmasına ehtiyac yoxdur".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirir ki, ötən illər ərzində media sektorunda həm kəmiyyət, həm də keyfiyyətcə böyük dəyişikliklər baş verib:

"Bu dəyişikliklər bir çox hallarda qanunda təsbit olunmadığı üçün boşluqların ortaya çıxdığını görürük. Bu baxımdan yeni qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu düşünürəm. Xüsusən də jurnalist hüquqları ilə bağlı məsələlərin müəyyənləşdirilməsi və onun parametrlərinin qanunda dəqiq ifadəsi zəruridir. Dövrümüzün reallığı olan onlayn media sahəsində məsuliyyət çərçivəsinin müəyyənləşdirilməsi vacibdir. Eyni zamanda media sahəsində əmək qanunvericiliyi ilə bağlı müddəaların yenilənməsi də ehtiyac duyulan dəyişikliklərdəndir".

"Açıq deməliyik ki, köhnə qanunun qəbul edildiyi dövrdən keçən müddət ərzində baş verən dəyişikliklər onun çərçivələrindən kənarda qalır və yenilikləri tənzimləmək üçün mövcud qanun yetərsiz qalır. Ona görə də yenilikləri nəzərə alaraq bütövlükdə medianı özündə ehtiva edən qanuna ehtiyac var. Bu gün jurnalist vəsiqəsi daşıyan hər kəs özünü jurnalist hesab edir. Xüsusən də sosial şəbəkə aktivlərinin özünü jurnalist sayması kimi anormal bir vəziyyətlə qarşılaşmışıq. Ona görə də müxtəlif media seqmentlərində çalışan jurnalistlərin hüquqi statuslarının yeni qanunda ifadə olunmasına çox böyük ehtiyac duyulur", - deyə A.Quliyev qeyd edib.

 

62
Rusiyaya məxsus An-124-100 Ruslan təyyarəsi, arxiv şəkli

"Ruslan" An-124: Rusiya niyə bu avianəhənglərin istehsalını dirçəldir

260
Yanvarın ortalarında Bryansk bölgəsində Rusiya tarixində ilk dəfə Seşinski və Tver aviasiya alayları heyətlərinin birgə təlim uçuşları altı "Ruslan" An-124-100 strateji hərbi nəqliyyat təyyarəsinin eyni vaxtda iştirakı ilə reallaşdı.

BAKI, 5 mart — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Otuz ildən çoxdur ki, dünyadakı analoqları arasında ən nəhəng və mükəmməl ağır, uzun mənzilli hərbi-nəqliyyat təyyarəsi olan "Ruslan" An-124-ə Rusiyada modernləşdirilmiş görünüş və ikinci həyat veriləcək. Martın 2-də Aviastar-SP Ulyanovsk müəssisəsində keçirilən görüşdə müdafiə naziri Sergey Şoyquya "Ruslan" An-124 təyyarəsinin istehsalını bərpa etmək təklif olundu. 2004-cü ilə qədər Ulyanovsk təyyarə zavodu bu tip 56 təyyarədən 36-sını istehsal edib, 2020-ci ildə altı An-124 təyyarəsi bu müəssisədə təmir edilib və zavodun texnoloji səviyyəsi ən qısa vaxtda "Ruslan"ların seriya şəklində istehsalını həyata keçirməyə imkan verir.

Ulyanovsk təyyarə istehsalçılarının təklifini həyata keçirmək bir o qədər də asan məsələ deyil, çünki əvvəllər uzun illər Rusiya Federasiyası Müdafiə Nazirliyindən də belə bir təşəbbüs irəli sürülmüşdü. Ancaq hər dəfə layihənin gerçəkləşməsinə nəsə mane olurdu. Beləliklə, Ukrayna müəssisələri ilə əməkdaşlıq əsasında Ulyanovskda "Ruslan"ın istehsalını bərpa etmək barədə 2006-cı ildə qəbul olunmuş qərarı ixtisara salmalı oldular, çünki Ukrayna tərəfi 8 il idi ki, təyyarələr üçün mühərriklərin tədarükünü təmin etmirdi.

Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyində belə hesab edirdilər ki, An-124 təyyarələrinin istehsalına kəskin ehtiyac yoxdur, çünki mövcud parkın təmiri "Ruslan"ların 2040-cı illərin sonuna qədər istismar edilməsinə imkan verir (istismar müddəti 50.000 saat, 10.000 uçuş və ya 45 ildir). Digər tərəfdən, eyni qurum Rusiyanın An-124 təyyarəsinin analoqu olan ağır nəqliyyat təyyarələrinin 2020-ci ildən sonra istehsalına icazə verib. "Ruslan"lar və Rusiya Hərbi Nəqliyyat Aviasiyası (HNA) üçün, bəlkə də, məhz indi yeni perspektivlər açılmağa başlayıb.

Son illərin Suriyada, Qarabağda və planetin digər qaynar nöqtələrindəki həyəcanlı hadisələri qoşunların, silahların və materialların operativ köçürülməsi üçün ağır hərbi nəqliyyat aviasiyasının vacibliyini bir daha təsdiqlədi. Xatırladaq ki, baza hərbi nəqliyyat vasitəsi olan "Ruslan" 850 km/saat sürətlə 120 ton yükü (80 tonluq yüklə maksimum məsafə 7500 km-ə qədər uzanır) 4800 km-ə qədər məsafəyə daşımağa qadirdir. Təyyarənin Amerika istehsalı olan analoqu Lockheed C-5 Galaxy yükdaşıma qabiliyyətinə görə ondan əhəmiyyətli dərəcədə geri qalır. Bununla belə, Rusiya Federasiyası Müdafiə Nazirliyi cəmi 10 ədəd An-124 təyyarəsini istismar edir. Yeni çağırışlar və təhdidlər HNA-nın kəmiyyət və keyfiyyət artımını tələb edir.

Tarixdə ilk dəfə

Suriyada çətin hərbi-siyasi vəziyyət davam edir. Situasiya mobil möhkəmlənmə tələb edə bilər, bu səbəbdən də Suriya ərazisində Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat aerodromları şəbəkəsi genişləndirilir. Amerikanın "The Drive" nəşrinin yazdığına görə, Xmeymimdəki uçuş-enmə zolağının uzunluğu 3,2 km-ə çatdırılıb ki, bu da "ağır yüklü" hərbi nəqliyyat təyyarəsi olan "Ruslan" An-124-ü qəbul etməyə imkan verir.

Bir qədər əvvəl hərbi nəqliyyat aviasiyası (An-124 təyyarələri də daxil olmaqla) operativ şəkildə Rusiyadan Ermənistana Dağlıq Qarabağdakı sülhməramlı kontingentin tərkibinə daxil olan 1960 hərbi qulluqçunu standart silah və texnika ilə (90 zirehli transportyor 380 ədəd avtomobil və xüsusi texnika) birlikdə daşıdı. HNA-nın bu tip əməliyyatlarına əvvəlcədən hazırlaşmaq, ehtiyat təyyarələrə, ekipajlara, marşrutlara və aerodromlara sahib olmaq lazımdır.

Yanvarın ortalarında Bryansk bölgəsində Rusiya tarixində ilk dəfə Seşinski və Tver aviasiya alayları heyətlərinin birgə təlim uçuşları altı "Ruslan" An-124-100 strateji hərbi nəqliyyat təyyarəsinin eyni vaxtda iştirakı ilə reallaşdı. Uçuşların məqsədi hərbi hissələrin şəxsi heyətinin standart silah və hərbi texnika ilə uzun məsafələrə eyni vaxtda köçürülməsində ekipajların bacarıqlarını artırmaq idi. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, altı ədəd "Ruslan" təyyarəsi 3000-dən çox hərbçini və ya 48 zirehli texnika vahidini göyərtəsinə götürə bilər.

Qəfil hərbi qarşıdurma vəziyyətində Rusiya Federasiyası ərazisinə yerləşdirilən qoşunlar vahid bir orqanizm kimi hərəkət etməli, vəziyyətdəki hər hansı bir dəyişikliyə dərhal reaksiya verməlidir. Bunun üçün onlarla və yüzlərlə HNA təyyarəsi tələb oluna bilər. Deməli, yaxın gələcəkdə Ulyanovsk təyyarə zavodunun işi artacaq.

İkinci həyat

"Ruslan" An-124-100 təyyarəsi 120 tondan çox yükü havaya qaldırmağa qadirdir (880 nəfərlik hərbi heyət və ya dörd Mi-8 helikopteri, yaxud da 18 metrlik bir raket və ya 18 maşın). Müdafiə Nazirliyindən başqa, Rusiyanın müxtəlif strukturlarında daha 20 belə təyyarə istismar olunur ("224-cü Uçuş Dəstəsi" Dövlət Hava Yolları şirkəti, "Volqa-Dnepr" şirkəti). Müqayisə üçün bildirək ki, Ukraynanın Antonov Hava Yollarında cəmi 7 belə təyyarə var.

Əlbəttə ki, Rusiyada An-124 tipli ağır nəqliyyat vasitələrinin sayı get-gedə artacaq. Yəqin ki, rəqəmsal modernləşdirmə, Rusiyanın yeni mühərrikləri NK-32 və ya PD-14, avionikada və şassi dizaynındakı ciddi dəyişikliklər ağır hərbi nəqliyyat təyyarəsinin fərqli bir ad altında buraxılmasına gətirib çıxaracaq. Məsələn, NATO çoxdan An-124-ə "Kondor" adını verib. Ulyanovskdakı zavodda ağır hərbi nəqliyyat təyyarələrinin istehsalını canlandırmaq üçün keçilməz maneələr mövcud deyil.

Ukraynanın Antonov dövlət müəssisəsi istehsalın bu ölkənin iştirakı olmadan reallaşmasını mümkün hesab etmir. Ancaq əvvəllər Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi bəyan edib ki, Antonov An-124 təyyarələrinin sertifikat sahibi olaraq Rusiyada təyyarələrin uçuş qabiliyyətini qorumaq üçün öz öhdəliklərini yerinə yetirmir və bu prosesdə Rusiya sənayesinin iştirakı qaçılmazdır.

"Aviastar-SP" Ulyanovsk müəssisəsi artıq xeyli müddətdir ki, "Ruslan" təyyarələrinin An-124-100 (VTA versiyası) və An-124-100-150 (maksimum yük - 150 ton) tiplərinə texniki xidmət göstərir və modernləşdirmə işləri aparır. Sovet konstruksiya ideyalarını "özəlləşdirmək" cəhdləri nəticə vermir, Kiyevin An-124-ün "Ukrayna mənşəli" məhsul olduğu ilə bağlı müasir tezisləri isə tənqidlərə davam gətirmir.

An-124 təyyarəsi Sovet İttifaqında Voronej, Ulyanovsk, Kiyev aviasiya müəssisələrinin əməkdaşlığı nəticəsində yaradılıb. Sovet Ordusu tərəfindən 1991-ci ildə silahlanmaya qəbul edilib. Əvvəlcə müstəqil Ukraynanın sahib olmadığı qitələrarası ballistik raketlərin havaya qaldırılması üçün nəzərdə tutulmuşdu. 56 "Ruslan"dan 36-sı Ulyanovskda istehsal edildi və təsadüfi deyil ki, hazırda Ukraynanın Antonov şirkətinin dörd adda məhsulunun siyahısında An-124 mövcud deyil.

Ukrayna təyyarə sənayesinin vəziyyəti bu qanadlı nəhənglərin istehsalı ilə bağlı yalnız xəyal qurmağı imkan verir. Texnoloji deqradasiya – Rusiya ilə ənənəvi əlaqələri birtərəfli qaydada pozan bütün postsovet ölkələrinin etibarlı "ortağıdır". Yeri gəlmişkən, dünya şöhrətli Sovet təyyarə dizayneri Oleq Antonov Moskva quberniyasında doğulub, Saratov və Leninqradda təhsil alıb və konstruktor kimi Moskvada fəaliyyətə başlayıb. 1946-cı ildən etibarən Sibir Tədqiqat Aviasiya İnstitutuna rəhbərlik edib və həmin müəssisə 1952-ci ildə Kiyevə köçürülüb.

260
Vaşinqtonda Kapitoliyə mənzərə, arxiv şəkli

Demokratiya öyrədəcəklər: ABŞ müdaxilə üsullarını müəyyənləşdirdi

8
(Yenilənib 19:52 05.03.2021)
"Bölgənin bütün mütləq monarxiyaları Çinin uğurunu təkrarlamaq – demokratik islahatlar olmadan iqtisadiyyatını inkişaf etdirmək istəyir. Bununla belə, onların hamısı demokratik ölkə kimi görünmək məcburiyyətindədir".

BAKI, 5 mart — Sputnik, Sofya Melniçuk. Amerikalılar bundan sonra demokratiya uğrunda döyüşmək niyyətində deyil. Zaman müdaxilələrin və avtoritar liderlərin devrilməsinin işə yaramadığını göstərdi. Vaşinqton bundan dərs çıxardı və dünyanı dəyişdirməyə özündən başlamaq fikrindədir. RİA Novosti ABŞ-ın bundan sonra necə hərəkət edəcəyini araşdırıb.

Yeni dövran-yeni üsullar

ABŞ dövlət katibi Entoni Blinkenin Dövlət Departamentindəki rəsmi çıxışı boş zalda baş tutsa da, böyük səs-küy yaratdı. Amerika diplomatiyasının rəhbəri sonradan milli təhlükəsizlik strategiyası ilə möhkəmləndiriləcək xarici siyasətin əsas istiqamətlərini açıqladı.

Əslində, Blinken təzə bir söz demədi. O da, prezident Co Bayden də son aylarda eyni məsələləri bir neçə dəfə təkrarlayıblar. Bununla belə, diqqət çəkən məqamlar da oldu.

"Bizim yanaşmamız dəyişəcək. Artıq yüksək xərc tələb edən hərbi müdaxilələr və ya avtoritar rejimləri zorla devirmək cəhdləri ilə demokratiyanı təşviq etməyəcəyik", – deyə dövlət katibi vurğuladı. O etiraf etdi ki, bu cür üsullardan ən yaxşı niyyətlə istifadə olunsa belə, məqbul nəticəyə gətirib çıxarmadı. Üstəlik, "demokratiyanı təşviq etmək" sözləri mənfi çalar qazandı, çünki artıq amerikalıların özləri də buna inanmırlar.

Dünya dəyişib və yeni şəraitdə Vaşinqton öz diqqətini terror təhlükəsindən ayırıb rəqib dövlətlərə qarşı mübarizəyə yönəldəcək. "Demokratiyanı təşviq etməyə – bu hələ də ABŞ xarici siyasətinin imperativi olaraq qalır – özümüzdən başlamalıyıq, əks halda ideallara bağlılığımıza şübhə toxumları səpmək üçün hər fürsətdən istifadə edən Çin və Rusiya kimi rəqiblərin əlinə fürsət vermiş olarıq. Onların işini asanlaşdırmağa ehtiyac yoxdur", – deyə amerikalı diplomat fikrini tamamlayıb.

Belə bir nümunə

Ötən il ölkə çətin sınaqlara məruz qaldı. Birinci, ikinci dünya və Vyetnam müharibələrindən daha çox amerikalının ölümünə səbəb olan koronavirus pandemiyası səhiyyə sahəsindəki bərabərsizliyi ortaya qoydu. Polis vəhşiliyi və qaradərililərin öldürülməsi səbəbindən yaranan irqi ayrı-şeçkiliyə qarşı etirazlar cəmiyyətdəki sistematik irqçilik problemini bir daha qabartdı.

Prezident seçkisi isə son on ilin ən qalmaqallı kampaniyası oldu. Donald Tramp hələ də nəticələrin saxtalaşdırıldığını iddia edir.

Bu, fundamental dəyərlərdən uzaqlaşmağa gətirib çıxardı: yanvarın 6-da seçki nəticələrinin təsdiqlənməsi zamanı qara güruh Konqres binasına basqın etdi. Yeni prezident Co Bayden təcili olaraq ölkədaxili birliyi bərpa etməli və ilk növbədə amerikalıların özünə ABŞ-ın hələ də demokratiyanın beşiyi olduğunu göstərməli idi.

"ABŞ-ın demokratiya nümunəsi göstərməklə bağlı ciddi problemləri var. Bu ölkəyə seçiciləri səfərbər etmək üçün ritorik alət lazımdır. Onlara ölkədəki vəziyyətin həll oluna biləcəyini göstərmək vacibdir", – ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Pavel Koşkin RİA Novosti-yə müsahibəsində belə deyib.

Koşkinin fikrincə, Blinkenin açıqlamaları müəyyən dərəcədə daxilə yönəlib: "Başqa dövlətlərdə qayda-qanun yaratmaq bir növ stimuldur: özümüzdən başlamalıyıq".

Demokratiyaya qarşı inkişaf

Bayden administrasiyası davamlı olaraq əsas strateji rəqibinin Çin və onun inkişaf modeli olduğunu vurğulayır. Vaşinqton məhz onun dəyişdirilməsinə nail olmaq istəyir.

Çin Xalq Respublikasının rəhbəri Si Tsinpinin də dediyi kimi, Pekin öz siyasi sistemini heç yerə ixrac etməyi planlaşdırmır.

"Bəzi ölkələrin, həqiqətən də Çin hökumət idarəetməsinin ayrı-ayrı elementlərinin idxalına ehtiyacı var" – Moskva Karnegi Mərkəzinin məsləhətçisi, çinşünas Temur Umarov belə deyir və buna misal olaraq ABŞ-ın nüfuzunun ildən-ilə azaldığı Orta Asiya dövlətlərini göstərir.

"Bölgənin bütün mütləq monarxiyaları Çinin uğurunu təkrarlamaq – demokratik islahatlar olmadan iqtisadiyyatını inkişaf etdirmək arzusundadır. Bununla belə, onların hamısı demokratik ölkə kimi görünmək məcburiyyətindədir. Bunsuz qlobal dünyada normal şəkildə mövcud olmaq mümkün deyil" , – deyə Umarov vurğulayır..

Buna görə də Mərkəzi Asiyada hamı ritorik səviyyədə islahatlardan, insan haqlarından dəm vurur, iş fakta gələndə isə Qərbi təqlid modeli olaraq görürlər. Əgər əvvəllər ən az bir ölkə (Orta Asiyanın demokratiya vahəsi sayılan Qırğızıstan) daha çox amerikasayağı əhval-ruhiyyəyə köklənmişdisə, indi bu ölkə də fikrini dəyişib və özünə başqa yol seçib.

Əgər ABŞ Pekin kimi Orta Asiyada iqtisadi baxımdan daha fəal olsaydı, onda bölgədəki mövqeyini möhkəmləndirə bilərdi. Umaravun fikrincə, bunsuz ideoloji baxımdan böyük təsirə nail olmaq mümkün deyil.

Unudulmamış keçmiş

Yeni administrasiyanın bu yanaşmasına hələ Barak Obamanın hakimiyyət dövründə başlanılmışdı. "Obama doktrinası" Amerikanın xaricdəki hərbi mövcudluğunun məhdudlaşdırılmasını nəzərdə tuturdu. Hələ o zaman demokratlar bu nəticəyə gəlmişdilər ki, hərbi metodların bir o qədər də effekti yoxdur və demokratiyanı müdaxilələr, istilalar və dövlət quruculuğu yolu ilə deyil, yumşaq güc tətbiq etməklə genişləndirmək lazımdır.

Ancaq 44-cü prezident bunun öhdəsindən gələ bilmədi: 2011-ci ildə ABŞ Liviya hökumət qüvvələrinə hava zərbələri endirdi. Obama daha sonra bu qərarın, heç şübhəsiz, doğru olduğunu bildirdi, bununla belə, Vaşinqton nəticələrə hazır deyildi. Liviya xaosa qərq oldu - Obama bunu prezidentliyi boyunca "ən dəhşətli səhv" adlandırdı.

"Yeni administrasiya cəhdləri davam edəcək və birbaşa hərbi müdaxilə istisna olmaqla, bütün metodları işə salacaq", – Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Məsələlər üzrə Kompleks Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov belə deyir.

Onun sözlərinə görə, əsasən, xarici yardım siyasətinə və qeyri-kommersiya təşkilatlarına vurğu ediləcək və "narıncı inqilab"lar daha aktiv şəkildə dəstəklənəcək. Suslov ABŞ-ın Suriyada Bəşər Əsəd rejimi ilə birbaşa döyüşmədiyini, müxalifət qüvvələrinə kömək etdiyini xatırladaraq "bu hələ də məqbul vasitə olaraq qalır", – deyir.

İndi Vaşinqton Rusiyada, Belarusda, Venesuelada müxalifət nümayəndələrini müdafiə edir. Bundan əvvəl ABŞ Aleksey Navalnının işi ilə əlaqədar bəzi Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etmişdi. Svetlana Tixanovskaya Amerika səfiri ilə Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı məhdudlaşdırıcı tədbirləri müzakirə etmişdi. Lap bu yaxınlarda isə Blinkenin Venesuela müxalifətinin lideri Xuan Qaydo ilə telefon danışığı olub. ABŞ Çində və İranda qərbyönümlü qeyri-kommersiya təşkilatları və dissidentlərə kömək edir.

Suslovun sözlərinə görə, vətəndaş müharibəsində tərəflərdən birinə dəstək vermək siyasi böhranı qızışdırmaq deməkdir. İnformasiya siyasəti, təşviqat, xalq diplomatisiyası. Sanksiyalar həm də demokratiyanın yayılması üçün mühüm vasitədir: qurtulmaq istədikləri elitanı vururlar. Ancaq İraq və Liviyadakı kimi əməliyyatlar bir daha olmayacaq.

Tarix göstərir ki, yalnız şəxsi nümunə əsasında demokratiya qurmaq problematik məsələdir, bu hətta xarici layihələrə pul ayırmaqdan da çətindir. Buna görə də, çox güman ki, müttəfiq güclərin maddi dəstəyi Dövlət Departamentinin əsas alətinə çevriləcək.

8
Bəşər Əsəd, arxiv şəkli

Əsəd ailəsi koronavirusa yoluxdu

0
(Yenilənib 16:29 08.03.2021)
Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib

BAKI, 8 mart - Sputnik. Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb. 

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir. 

Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.

Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.   

0
Teqlər:
Koronavirus, Suriya, Əsma Əsəd, Bəşər Əsəd
Mövzu:
Yeni tip koronavirus pandemiyası