Minuteman III raketin sınağı

Kosmosda müharibə başlaya bilər

21
(Yenilənib 11:04 19.02.2021)
XXI əsrin ən hündür "yüksəkliyi" isə yerətrafı orbitdir və Pentaqona görə, ora məhz ABŞ Kosmik Qüvvələri tərəfindən idarə olunmalıdır

BAKI, 19 fevral — Sputnik, Andrey Kots. Moskva ABŞ-ın raket əleyhinə müdafiə sisteminin kosmosda peyda olma perspektivindən narahatdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov əmindir ki, Vaşinqtonun bu sahədəki planlarını həyata keçirməsi mövcud beynəlxalq təhlükəsizlik sisteminin sabitliyini pozacaq. Diplomat vurğulayıb ki, bu təşəbbüs həyata keçərsə, amerikalılar birbaşa orbitdən qitələrarası ballistik raket mövqelərinə zərbə endirə biləcəklər.

Otuz faizə qədər

Avqust ayında ABŞ Kosmik Qüvvələri hərbi doktrinasını yayımladı. Sənədin əsas mahiyyəti ondan ibarət idi ki, orbit üzərində nəzarət döyüş əməliyyatlarının planlaşdırılması və aparılması üçün unikal imkanlar yaradacaq.

Müəlliflər xatırladırlar ki, qədim dövrlərdən bəri komandirlər döyüşdən əvvəl hər hansı bir yüksəkliyi tutmağa və bununla da strateji üstünlük qazanmağa can atıblar. Bu onlara düşmənin manevrlərini görmək, döyüş sahəsini müdaxiləsiz müşahidə etmək, qəfil hücum ehtimalını aradan qaldırmaq imkanı verirdi. XXI əsrin ən hündür "yüksəkliyi" isə yerətrafı orbitdir və Pentaqona görə, ora məhz ABŞ Kosmik Qüvvələri tərəfindən idarə olunmalıdır.

Doktrina strateji silah elementlərinin orbitdə yerləşdirilməsini də istisna etmir. Pentaqonun rəhbəri Ceyms Mettis 2018-ci ilin avqust ayında kosmosa "yeni hərbi əməliyyatlar teatrı" kimi baxmaq lazım gəldiyini bildirmişdi. Onun sözlərinə görə, "əsas amil kosmosdakı buraxılışları aşkar etmək üçün oraya ötürücülərin yerləşdirilməsidir".

Mütəxəssislər amerikalıların ötürücülərdən sonra orbitə zərbə silahları yerləşdirəcəklərini də istisna etmirlər. ABŞ-ın hələ soyuq müharibə dövründə Sovet qitələrarası ballistik raketlərini vurmağa qadir olan orbital raket aşkarlayıcıları ilə bağlı layihələri var idi.

"Kosmosun hərbiləşdirilməsi məsələsi Trampın hakimiyyəti vaxtı gündəmə gəlmişdi. Kosmik qoşunlar yaratdılar, buraxılışların sayını artırdılar. Belə görünür ki, Baydenin hakimiyyəti dövründə bu kursu davam etdirəcəklər. ABŞ-ın kosmik raket əleyhinə layihəsini reallaşdırmaq üçün şansı çoxdur. Bu ölkə davamlı şəkildə genişlənən dünyanın ən böyük peyk şəbəkəsinə sahibdir. Üstəlik, kosmik gəmilər rəsmi olaraq qeyri-dövlət şirkətləri, məsələn, İlon Maskın "SpaceX" şirkəti tərəfindən də buraxılır. Orbitdəki bir çox kommersiya peyklərindən hərbi məqsədlər üçün istifadə oluna bilər", – deyə amerikaşünas-politoloq Sergey Sudakov RİA Novosti-yə bildirib.

Bununla belə, ekspertin sözlərinə görə, ABŞ-ın raket əleyhinə müdafiə sistemini kosmosda yerləşdirməsi Pentaqona nüvə silahları sahəsində Rusiyanın qarşısını tam şəkildə almağa imkan vermir. Orbital raket aşkarlayıcıları ən yaxşı halda buraxılan bütün qitələrarası ballistik raketlərin yalnız 30 faizini tuta bilər. Hərçənd, total nüvə müharibəsi vaxtı bu belə çoxdur.

Kosmos müharibələri

Sudakov belə hesab edir ki, Moskva bu cür təşəbbüslərə daha sərt reaksiya verməlidir. "Vaşinqtonu başa salmaq lazımdır ki, raket əleyhinə müdafiə sisteminin elementlərini kosmosda yerləşdirmək ən sərt reaksiya tələb edən "casus belli"dir (müharibə üçün səbəb - red.). Əgər biz kosmosun hərbiləşdirilməsinin keçilməyən qırmızı xətt olduğunu onlara başa salsaq, ən azından orbital qoşunun yerləşdirilməsi prosesini ləngidə bilərik", – deyə o vurğulayıb.

Amerika doktrinasına əsasən, kosmik qoşunlar orbitin "təhlükəsizliyindən" cavabdehdir, ABŞ və müttəfiqlərinin ora girişini təmin edir, eyni zamanda rəqiblərini qorxutmaq və davranışlarını dəyişdirməyə məcbur etmək üçün döyüş gücünü nümayiş etdirir. Yüklər və personal təkrar istifadə edilə bilən gəmilərlə çatdırılacaq, məlumatların taktiki, əməliyyat və strateji səviyyələrdə sürətli ötürülməsi üçün güclü bir peyk qrupu yaradılacaq. Subatmosfer kəşfiyyat, müşahidə və rabitə aparatlarına xüsusi diqqət yetiriləcək.

ABŞ və onun NATO üzrə müttəfiqlərinin orduları peyklərdən çox asılıdır. Əsgərlər, silahlar, kəşfiyyat, rabitə və naviqasiyanın əsas idarəetmə vasitələri kosmosda cəmləşib. Orbitdə minə yaxın hərbi və ikili təyinatlı aparat keşik çəkir. Doktrinanın müəllifləri Vaşinqtonun bütün əleyhdarlarını Amerika orbital qruplaşması haqqında hər hansı bir məlumat almaq imkanından məhrum etməyə çalışırlar. Bu məqsədlə DARPA agentliyi artıq neçə ildir ki, tək bir şəbəkəyə qoşulmuş 200-ə qədər kiçik peykin aşağı orbitə çıxarılmasını təmin edən "Blackjack" proqramını həyata keçirir. Belə hesab edirlər ki, onları izləmək mümkün deyil.

Orbiti seyrəkləşdirmək

Rusiya Aerokosmik Qüvvələri Qərb ölkələrinin peyklərinin hərəkətlərini, müəyyən su və quru ərazilərdə cəmləşməsini, istənilən ərazi üzərindən keçmə tezliyini qeyd edə biləcək texniki vasitələr və mütəxəssislərə sahibdir. Bir qayda olaraq, orbital qruplaşmaların davranışları əsasında NATO qərargahında düşünülənlərin çoxunu təxmin etmək çətin olmur.

Beynəlxalq vəziyyətin kəskinləşməsi şəraitində Rusiya nəinki Qərb ölkələrinin peyklərini izləyə, hətta effektiv şəkildə məhv edə biləcək. Ötən ilin noyabr ayında Qazaxıstanın Sarı-Şağan poliqonunda Moskvaya və Rusiyanın qərbindəki sənaye obyektlərinə mümkün hücum zamanı Amerika qitələrarası ballistik raketlərini tutmaq üçün dizayn edilmiş perspektivli A-235 "Nudol" raketdən müdafiə sisteminin bir raketi uğurla sınaqdan keçirildi. Mütəxəssislərin fikrincə, onun imkanları aşağı orbitlərdəki kosmik obyektləri məhv etmək üçün kifayət edir.

Bu raket 2014-cü ildən bəri sınaqdan keçirilir və ilk dəfə 2018-ci ilin mart ayında Plesetskdə standart mobil buraxılış qurğusundan atəş açılıb. Mobillik – bu perspektivli kompleksin əsas üstünlüyüdür. Təhlükə dövründə qurğular əvvəlcədən hazırlanmış və kamuflyaj edilmiş mövqelərə köçürüləcək və bura atılan ana qədər düşmən peykləri üçün görünməz qalacaq. Sınaqların videosunu izləyən mütəxəssislərin fikrincə, raketin sürəti hipersəsə yaxındır.

ABŞ Hərbi Hava Qüvvələri Kosmik Komandanlığının başçısı, general Con Reymond bəyan edib ki, Rusiyanın bu raketi sınaqdan keçirməsi Amerikanın yerətrafı fəzadakı maraqlarına meydan oxumaq deməkdir.

21
Məhəmməd Bin Salman, şahzadə, arxiv şəkli

ABŞ ərəbləri cəzalandırmaq qərarına gəlib: Rusiya İran bundan qazanacaq?

21
(Yenilənib 21:40 02.03.2021)
Vaşinqton Səudiyyə Ərəbistanına sərt yanaşsa, avtomatik olaraq İranın əlinə oynamış olacaq. ABŞ Qaşıqçının qətlinin arxasında duranları cəzalandırmaq üçün buna getməyəcək.

BAKI, 2 mart — Sputnik, Sofya Melnuçuk, Qaliya İbrahimova. Səudiyyə Ərəbistanını ABŞ-la münasibətdə ağır dövr gözləyir. ABŞ kəşfiyyatı 2018-ci ildə öldürülən jurnalist Camal Qaşıqçının qətli ilə bağlı hesabat yayımlayandan sonra Ağ Ev yeni strategiyasını açıqladı: amerikalılar Yəməndəki müharibənin başa çatması və insan haqlarına hörmət olunmasında təkid edirlər. Vaşinqtonun bu məsələdə nə qədər uzağa gedə biləcəyi və Ər-Riyadın buna necə reaksiya verəcəyi barədə – RİA Novosti-nin növbəti məqaləsində.

Sanksiyaya məruz qalmayan şahzadə

Gözlənildiyi kimi, yeni açıqlamalar Amerika səlahiyyətlilərinin cümə günü elan etdikləri bəyanatlara bir növ əlavə oldu. ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Qaşıqçının öldürülməsi ilə bağlı 76 Səudiyyə Ərəbistanı vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq olunacağını bildirdi. Fərdi sanksiyalar Səudiyyə Ərəbsitanı Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri Əhməd əl-Əsiriyə də şamil olunacaq.

Kəşfiyyat Xidmətinin hesabatında bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edən "Vashinqton Post" qəzetinin yazarından intiqam alınmasında vəliəhd Məhəmməd bin Salmanın da əli olub. Belə ki, jurnalisti məhz onun razılığı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdiyi vaxt qaçıraraq daha sonra hissələrə parçalayıblar və indiyə kimi cəsədinin qalıqlarını görən olmayıb. Krallığın Xarici İşlər Nazirliyi ittihamları qəti şəkildə rədd edir. Buna baxmayaraq, vəliəhdə qarşı fərdi sanksiya tətbiq olunmayıb. Halbuki yeni prezident Co Bayden seçkiqabağı debatlarda Ər-Riyadla haqq-hesabı çürütməyə söz vermişdi. Və bu, bir sıra suallar doğurur.

"Fikrimcə, bütün ölkə ilə münasibətlərin bir insanla münasibətlərdən daha prioritet olduğunu anlamaq lazımdır", – Blinken məsələyə belə münasibət bildirmişdi. Onun sözlərinə görə, rəhbərlik Səudiyyə Ərəbistanı ilə münasibətlərini yenidən gözdən keçirir, ancaq bu əlaqələr hələ də əhəmiyyətini itirməyib və ABŞ-ın marağındadır. "Biz krallığın müdafiəsinə tərəfdarıq", – deyə Blinken əlavə edərək bildirib ki, məqsəd Ər-Riyadla münasibətlərin ABŞ-ın dövlət maraqlarına cavab verməsidir.

Dövlət katibi vurğulayıb: Ər-Riyadın amerikalılardan aldığı yardımların və Səudiyyə Ərəbistanının husilər hərəkatına qarşı prezident Əbu Rabu Mansur Hadinin hökumətini dəstəklədiyi Yəməndəki vəziyyətin fərqinə varması Ağ Ev üçün vacibdir. Başqa sözlə, Vaşinqton, Amerika silahlarından üçüncü ölkələrin döyüş meydanında istifadə edilməyəcəyinə əmin olmaq istəyir.

Hücum müdafiəsi

İki dövlət arasındakı münasibətlərin mərkəzində krallığın müdafiəsini təmin etmək öhdəliyi müqabilində Amerikanın neftə çıxış əldə etməsi dayanır. Səudiyyə Ərəbistanı ABŞ silahlarının ən böyük müştərisidir. Bu əməkdaşlıq hər iki tərəfin strateji maraqlarını təmin edir. Ancaq dəyərlər məsələsində - demokratiya və insan haqlarının qorunması ilə bağlı yanaşmalar bir-birindən fərqlənir.

Bu fikir ayrılığı Barak Obamanın hakimiyyət illərində özünü daha çox büruzə verirdi. Donald Trampın Ağ Evə gəlişi ilə münasibətlər istiləşdi. Bununla belə, Tramp hakimiyyətə gəlməmişdən qabaq nəinki ərəb tərəfdaşına bir o qədər də rəğbət bəsləmir, hətta ABŞ-ın "ərəb terroristlərinə kömək etmək niyyətində olmadığını" bəyan etmişdi. Ancaq sonradan necə oldusa, Trump ilk rəsmi ziyarətini Ər-Riyada etdi və onun səlahiyyət müddətinin sonunda ABŞ Dövlət Departamenti husiləri terror təşkilatı kimi tanıdı. Keçmiş prezident vəliəhdlə yaxın münasibətlərini, əsasən, kürəkəni və xüsusi müşaviri Cared Kuşner vasitəsi ilə davam etdirirdi. Qaşıqçının qətlinə dair hesabat isə Tramp administrasiya dövründə hazır olsa da, dərc edilməmişdi.

"Tramp, Vaşinqtonun öhdəliklərini azaltmaq üçün müttəfiqlərə investisiya yatırmağa arxalanırdı. Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün tərəfdaşlar daha da çox silah almalı və bölgələrdə baş verənlər üçün məsuliyyət daşımalı idilər", – deyə Qabaqcıl Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov izah edir. Onun sözlərinə görə, buna cavab olaraq ABŞ hərbi- siyasi himayədarlığı təmin edir və müttəfiqlər üçün vacib təşəbbüslərə yaşıl işıq yandırırdı.

"Trampın əleyhdarları indi nə deyirlər desinlər, vaxtilə hər iki tərəf də bu münasibətlər formulunu qəbul etmişdi. Qaşıqçı öldürüləndən sonra isə Demokratlar bu məsələyə görə Respublikaçıları tənqid hücumuna məruz qoydular. Onları Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasına məhəl qoymamaqda, Yəməndəki qəddar əməliyytalara diqqət yetirməməkdə günahlandırdılar. Prezidentin kürəkəni Kuşner ilə vəliəhd şahzadə arasında yaranan "isti münasibətlər"ə görə respublikaçıları qınadılar", – deyə Suçkov əlavə edir.

Demokratlara görə, bütün bunlar Məhəmməd bin Salmanda Vaşinqtonla hər hansı bir məsələni pulla həll edə biləcəyinə dair inam hissi formalaşdırıb.

Yeni administrasiyanın dövründə siyasi kursun dəyişməsi gözlənilirdi və artıq ilk addımlar atılıb. Bayden silah ixracatı da daxil olmaqla Yəməndəki hücum əməliyyatlarına dəstəyin artıq başa çatdığını bəyan etdi. Bildirdi ki, bu qərar 290 milyon dollarlıq üç min ədəd GBU-39 yüksək dəqiqlikli bomba və 478 milyon dollarlıq yeddi min Paveway IV bombasına da aiddir. Vaşinqton Yəmən münaqişəsini diplomatiya yolu ilə həll edəcəyini açıqladı. Bundan başqa, husilər fevral ayından etibarən terror qruplarının siyahısından çıxarıldı.

Yeni dövrə

Buna baxmayaraq, ekspertlərin fikrincə, iki ölkə arasındakı münasibətlərin tamamilə yenidən qurulacağını söyləmək olmaz. Yaxın Şərq üzrə mütəxəssis Aleksey Xlebnikov da bu fikri dəstəkləyir. Onun sözlərinə görə, iki ölkənin qarşılıqlı münasibətlərində strateji baxımdan heç bir dəyişiklik baş verməyəcək.

Rusiya Beynəlxalq Məsələlər Şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov da onunla həmfikirdir: "Münasibətlərdə düzəliş etməyə çoxdan ehtiyac var. Hələ Obamanın dövründən bəri amerikalılar energetika sahəsində xeyli irəlilədilər, dünyada neft istehsalında birinci yerə çıxdılar və Səudiyyə Ərəbistanına daha az ehtiyac duymağa başladılar. Yeni rəhbərlikdəki bəzi insanların ABŞ-ın xarici siyasətinə fərqli yanaşması var. Söhbət xarici siyasət məsələlərinin yenidən balanslaşdırılmasından gedir".

Məmmədov bölgələrarası dinamikada çox şeyin İranın nüvə anlaşmasından asılı olduğunu vurğulayır. Ər-Riyad ABŞ-ın Tehranla münasibətlərdə əsas tərəfdaşlarından biridir. Odur ki, Vaşinqton Səudiyyə Ərəbistanına sərt yanaşsa, avtomatik olaraq İranın əlinə oynamış olacaq. Və ABŞ Qaşıqçının qətlinin arxasında duranları cəzalandırmaq üçün buna getməyəcək.

Xlebnikov isə bildirir ki, son on ildə bölgədə bir sıra mühüm hadisə baş verib: "Tunis və Misirdəki üsyanlar, nəticədə Amerikanın Qahirəyə hərbi yardımını dayandırılması, nəhayət, İranla bağlanmış müqavilə".

Politoloqun fikrincə, bütün bunlar "Səudiyyə Ərəbistanı da daxil olmaqla krallıqları diplomatik portfellərini şaxələndirməyə, Rusiya və Çin kimi digər böyük dövlətlərlə əlaqələri gücləndirməyə məcbur edib".

Moskva Ər-Riyada silah da satır: ilk silah partiyasının tədarükünə 2017-ci il müqaviləsi çərçivəsində 2019-cu ildə başlanılıb. Həmin vaxt krallıq Rusiya ilə TOS-1A kompleksi, "Kornet-EM" tank əleyhinə sistem, AGS-30 qumbaraatanları və Kalaşnikov AK-103 avtomatlarının alınması, eləcə də yerli istehsalın təşkili barədə memorandum imzalamışdı. 2021-ci ilin əvvəllərində isə Səudiyyə Ərəbistanının Rusiyadan həm S-400 zenit raket kompleksləri, həm də Su-35 qırıcıları ala biləcəyi açıqlandı.

Məmmədov isə belə hesab edir ki, ölkələrin neft bazarındakı siyasətlərini əlaqələndirmələri də vacibdir: "Ər-Riyadın Moskva ilə münasibətlərində OPEC + sövdələşməsinin təsirini nəzərə almaq vacibdir. Bu hər iki tərəfin də qazanmasına imkan verdi. Çox praqmatik yanaşmadır, hamı fayda götürür - sən mənim üçün, mən də sənin üçün".

Onun sözlərinə görə Vladimir Putinin Səudiyyə Ərəbistanına və ya Kral Salmanın Rusiyaya səfərlərinə çox vaxt Vaşinqtonla oyunun bir aləti kimi yanaşılır.

Məmmədov belə hesab edir ki, krallıq Amerikaya bölgədə problem yaratmağa qadirdir. Ancaq hamı yaxşı bilir ki, ABŞ Ər-Riyad üçün son dərəcə əhəmiyyətlidir və bu cür manevrlər yalnız diqqət cəlb etməyin bir yoludur. Səudiyyə Ərəbistanında belə hesab edirlər ki, onların ABŞ-la münasibətləri hazırda Ağ Evdə kimin olmasından asılı deyil, çünki iki ölkənin qarşılıqlı münasibətləri fundamental xarakter daşıyır, on illər ərzində formalaşıb və hər cür dəyişikliyə tab gətirə bilər.

On illik əməkdaşlıq çox şeyə təsir edib: Səudiyyə Ərəbistanın demək olar ki, bütün elitası ABŞ-da təhsil alıb, ərəb rialı dollardan asılı vəziyyətdədir və hərbçilərin silahlandırılması və yetişdirilməsində Amerika təcrübəsinə əsaslanılır. Bütün bunları dəyişdirmək üçün uzun illər lazım gələ bilər. Buna görə xarici siyasət təmaslarının şaxələndirilməsi çox güman ki, yeni çoxqütblü dünyanın tələblərinə cavab verən taktiki gedişdən başqa bir şey deyil.

21
Roma Kolizeyi

Peyvənd olunmayanlar Avropaya gedə bilməyəcək?

747
(Yenilənib 17:26 01.03.2021)
Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

BAKI, 1 mart — Sputnik, Maksim Sokolov. Ancaq məsələ bununla bitmir. Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

Avropa İttifaqı (Aİ) diplomatik idarələrinin rəhbərlərinin iclasından sonra frau kansler Angela Merkel bəyan etdi ki, xarici işlər nazirlərinin iclasında peyvənd sertifikatının tətbiq olunması barədə razılığa gəliblər. Bu sənədsiz Aİ ölkələrinə səfər etmək mümkün olmayacaq. Düzdür, razılaşma hələlik prinsipial xarakter daşıyır, layihənin detalları üç aydan sonra açıqlanacaq. Amma doğrudan da, məsələnin təfərrüatlarına aydınlıq gətirməyə ehtiyac var. Hər şeydən əvvəl vaksinasiyaya əks-göstərişi olanların məsələsi aydın deyil.

Müvəqqəti əks-göstərişi olan, yəni yaxın vaxtlarda koronovirus infeksiyasına yoluxanların məsələsi az-çox başa düşüləndir. Digər yoluxucu xəstəliklərdə olduğu kimi bu halda da bir müddət gözləyəndən sonra peyvənd olunmaq mümkündür. Ancaq daimi xarakterli xroniki xəstəlikləri olanlar da var axı. Bəs həmin xəstəliklərdən əziyyət çəkənlər necə olsun? Yoxsa, xroniki xəstələrin onsuz da tezliklə öləcəyini nəzərə alıb heç narahat olmağa dəyməz? Necə deyərlər, insan yoxdursa, problem də yoxdur. Yaxud da xarici işlər nazirləri bu fikirdədirlər ki, ağır xronik xəstəliyi olanlar elə Avropaya gəlməsələr, yaxşıdır?!

Ancaq məsələ bununla da bitmir. Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

Yəqin ki, Pfizer/BioNTech", "Moderna", "AstraZeneca"-dan ibarət Avroatlantik üçlüyü ilə peyvənd olunanlar heç bir maneə ilə qarşılaşmayacaqlar. "Pfizer" peyvəndi ilə vaksinasiya olunmusansa, Avropaya buraxılış vərəqən hazırdır!

Rusiya istehsalı olan ("Sputnik V" və "EpivacCorona"), eləcə də Çinin ("Sinovac Biotech", "CanSino Biologics", CNBG — "Sinopharm") peyvənd prepatarları ilə bağlı vəziyyət isə daha qəlizdir. Çox güman ki, bu preparatlarla vaksinasiya olunanlar Brüsselin müvafiq orqanlarından Avropa sərhədini adlamaq üçün sertifikat ala bilməyəcəklər.

Qeyri-demokratik ölkələrin istehsal etdiyi peyvəndin faydası və ya zərəri yalnız tibbi deyil, həm də siyasi məsələdir. Bəs işə siyasət qarışanda nə baş verir? Biz bunun nəticələrini "Şimal axını-2" təbii qaz kəməri layihəsinin timsalında müşahidə etdik – guya Rusiyanın təbii qazı "Siklon-B"-dən yüz qat daha təhlükəlidir. Məlum məsələdir ki, həndəsi teoremlər insanların maraqlarına toxunarsa, onların uğrunda belə müharibələr aparılardı. Qeyri-demokratik ölkənin peyvəndini tanımamaqla həmin dövlət üçün xoşagəlməz hal yaratmaq mümkündürsə, bundan niyə istifadə etməsinlər ki?

Bu mənada Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bu yaxınlarda (fevralın 17-də) verdiyi açıqlamalar çox xarakterikdir: "Rusiyanın COVID-19-a qarşı peyvənd strategiyası şübhə doğurur. Niyə Rusiya nəzəri olaraq digər ölkələrə milyonlarla doza peyvənd təklif edir, lakin öz əhalisinin peyvənd olunması ilə bağlı kifayət qədər tərəqqiyə nail ola bilməyib? Bu suala cavab verilməlidir".

Onun "kifayət qədər tərəqqi" deyəndə nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Digər tərəfdən, avropalı məmurun bu mövzuya toxunması nə dərəcədə məqsədəuyğundur? Axı Avropanın özündə də bu sahədə "kifayət qədər tərəqqi" əldə olunmayıb. Yoxsa, Macarıstan "Sputnik V" peyvəndi almazdı, Çexiya, Avstriya, İtaliya bu barədə fikirləşməzdi. Əgər Avropada hər addımda "Pfizer" peyvənd köşkü olsaydı, onlar niyə Rusiyaya üz tuturdular ki?

Bəlkə də Frau Ursula 19-cu əsrin sonlarındakı taxıl ixracı təcrübəsinin yenidən canlandırılmasına görə qəzəblənib. Hazırkı Səhiyyə Nazirliyinin o zamankı maliyyə naziri Vışneqradskinin prinsiplərinə əməl edib-etmədiyini dəqiq söyləmək çətindir. Bunun Rusiya peyvəndinin effektivliyi məsələsi ilə nə əlaqəsi olduğunu anlamaq çətindir. Peyvənd ya effektlidir, ya da deyil, vəssalam. Rusiyanın öz əhalisinin peyvənd olunması sahəsində "kifayət qədər tərəqqi" əldə edib-etməməsi Brüsselin əsas problemi ola bilməz axı? Əgər siz nəyin bahasına olursa olsun, Rusiya peyvəndindən imtina etmək istəyirsinizsə, bu başqa məsələ!

Əlbəttə ki, hər şey Ursuladan və onun həmfikirlərindən asılı deyil. Avropada Rusiya ilə yolları bağlamaq istəyənlərlə yanaşı, başqa maraqları olan qruplar da var. Məsələn, gəlirləri kəskin şəkildə azalsa da, ruslar hələ də turist kimi xarici ölkələrə səfər edə biləcək maddi imkana sahibdirlər. Və pandemiya başlamazdan əvvəl turizmdən gələn gəlir bir çox Avropa ölkəsinin (İtaliya, Fransa, Yunanıstan və s.) Ümumi Daxili Məhsulunun 10-15 faizini təşkil edirdi. Bundan başqa, həmin ölkələrinin əhalisinin böyük bir hissəsinin məşğulluq problemi bu sahənin hesabına həll olunurdu. İndi bu ölkələrdə insanlar yatanda da yuxuda rus turistlərinin hesabına əvvəlki gəlirlərinin geri qayıtdığını görürlər. Ancaq ideoloji cəhətdən sabit fikirli xanım olan frau von der Lyaeyeni bu məsələ bir o qədər də maraqlandırmır, əsas odur öz pul kisəsi boş qalmasın...

 

747
Alma bağı, arxiv şəkli

Rusiya Azərbaycan alma pomidorunun idxalına icazə verdi

0
İdxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə aparılan video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verilib.

BAKI, 3 mart — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") martın 3-ündən etibarən 8 Azərbaycan müəssisəsindən alma, 19 şirkətdən isə pomidor idxalına icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Rosselxoznadzor"-un saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, qurum idxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə apardığı video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verib.

İcazə verilən şirkətlərin siyahısı Rusiya qurumunun saytında yerləşdirilib.

0