Co Bayden, arxiv şəkli

Krıma diqqət: NATO Baydenin dövründə necə yenidən qurulacaq

11
(Yenilənib 22:24 17.02.2021)
Sənəd müəllifləri vurğulayırlar ki, Ankaranı transatlantik orbitinə qaytarmaq NATO-nun marağındadır. Əlaqələrin möhkəmlənməsinə doğru ilk addımı ABŞ-ın yeni dövlət katibi Entoni Blinken atdı.

 

BAKI, 17 fevral — Sputnik, Qaliya İbrahimova. Şimali Atlantika Alyansı struktur islahatlarına hazırlaşır. Bu islahatlar yalnız təşkilatın üzvlərinə deyil, qonşu ölkələrə də şamil olunacaq. Co Bayden ABŞ prezidenti seçiləndən sonra planlar genişlənir: Ukrayna, Krım və Qara dəniz bölgəsini də yeni strategiyaya daxil etmək istəyirlər. Daha bir mühüm hədəf də Rusiya ilə Türkiyəni bir-birindən uzaqlaşdırmaqdır. RİA Novosti alyansın məramını müəyyənləşdirməyə çalışıb.

Kollektiv təhlükəsizlik

NATO hara gedir və qarşısına hansı məqsədləri qoyub? Fevralın 17-də bu alyansa üzv ölkələrin müdafiə nazirləri bu suallara cavab tapmağa çalışacaqlar. Onların görüşü, adətən, bu dəfə mart ayına planlaşdırımış illik sammitdən əvvəl baş tutur. Nazirlər sammitin yekun gündəliyini razılaşdırıb Baş katibinin təsdiqinə göndərəcəklər. Hazırlıq prosesi gərgin keçir: ABŞ-da prezident administrasiyasının dəyişməsi hər şeyi başdan başlamağı tələb edir.

Alyansda Amerikanın əvvəlki kimi transatlantik təhlükəsizliyinin qarantı olduğunu gizlətmirlər. Bununla belə ümid edirlər ki, Co Bayden də üzv ölkələrə diqqətlə yanaşacaq. Və bir daha vurğulayırlar: Donald Trampın dövründəki kimi təşkilatdaxili münasibətlərin kəskinləşməsinə yol verməmək çox vacibdir.

Bu ərəfədə portuqaliyalı nazir Joau Qomeş Kravinu açıq şəkildə bəyan etdi: Trampın prezidentliyi ideoloji eksperiment idi. Nəticələri isə ABŞ-ın dünyadakı nüfuzu baxımından acınacaqlı oldu".

NATO müdafiə nazirlərinin görüşündən dərhal sonra keçiriləcək Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger də danışdı. Alyansın Baydendən nə gözlədiyi məsələsi müzakirə edilərkən dedi: "Avropalıların özləri üçün bu suala cavab vermək vacibdir: əgər dörd il sonra amerikalılar Trampa bənzər bir prezident seçsələr nə olacaq?"

Hərçənd, Vaşinqton müttəfiqlərinin narahatlığının fərqindədir. Pentaqonun yeni başçısı general Lloyd Ostin onları sakitləşdirməyə çalışır. "Amerika alyansın dəyərlərinə sadiqdir", – deyə o əmin etdi.

Bayden administrasiyası məxsusi olaraq əsas skeptiklər – Almaniya və Fransa üçün ABŞ Prezidentinin NATO-nun Baş katibi Yens Stoltenberqlə danışığının videosunu yayımladı. Görüşdə Bayden "Kollektiv təhlükəsizlik üzrə öhdəliklər Vaşinqton üçün müqəddəsdir", – deyə bildirir.

Yeni prezident, köhnə tələblər

ABŞ-ın müttəfiqlərə münasibətində tonunu dəyişməsi heç də Trampın əsas tələbindən geri çəkiləcəyi mənasına gəlmir: alyans üzvləri müdafiə xərclərini ÜDM-in iki faizinə qədər artırmaq məcburiyyətindədir. Müdafiə nazirlərinin toplantısında bu prioritet mövzulardan biri olacaq.

Almaniya, İtaliya və İspaniya hələ də "planka"nı qaldıra bilməyiblər və çətin ki, 2024-cü ilə qədər buna nail olsunlar. Amma Amerika rəhbərliyi bu məsələyə sakit reaksiya verir. "Vaşinqton 2031-ci ilə qədər bu ölkələrin hədəfə çatacağına ümid edir", – deyə Pentaqonun nümayəndəsi Con Kirbi konkret tarix verir.

Stoltenberq özü də müdafiə xərclərinin artacağına ümid edir. NATO-nun heç kimə güzəştə getmək fikri yoxdur: "Bu alyansın bütün üzvləri, o cümlədən, quruma yeni üzv olmuş Şimali Makedoniya Respublikası üçün də mütləqdir. Keçid dövründən söhbət gedə bilməz".

Pentaqon vəziyyəti düzəltməyə və Baydenlə Trampın kollektiv təhlükəsizliklə bağlı fikirlərində fərq tapmağa cəhd göstərdi. ABŞ hərbçilərinə görə, ölkənin yeni prezidenti bu konsepsiyanı fərqli şəkildə şərh edir: Bayden üçün bu yalnız hərbi xərclər deyil, həm də dərman xərcləri və yeni pandemiyaların qarşısını almaq deməkdir.

Pentaqona görə, demokratın müttəfiqlərə loyal münasibətinin daha bir təsdiqi hərbi kontingentin Almaniyadan çıxarılmasını dayandırmaq barədə qərarı oldu. Hərçənd, Berlin buna tamamilə fərqli yanaşdı. Almaniya Fedarativ Respublikasının səlahiyyətliləri təkid edirlər: Ölkədəki Amerika hərbi bazalarının saxlanılması Avropanı da, Amerikanı da həm Rusiyadan, həm də Yaxın Şərq ölkələrindən gələ biləcək təhdidlərdən qoruyur.

Türkiyəni qaytarmaq

Müdafiə nazirlərinin görüşündə alyansın analitikləri tərəfindən hazırlanmış "NATO–2023" hesabatı da müzakirə olunacaq. Bu tədqiqatın əsasında yaxın illər üçün strategiyalar hazırlanacaq.

"Yeni beynəlxalq şəraitə uyğunlaşmaq vacibdir. NATO böhran vəziyyətlərində operativ və əlbir şəkildə hərəkət etməlidir, hətta bu, qurumun təməl prinsiplərinin pozulması ilə müşayiət olunsa belə", – deyə təqdim olunan sənəddə bildirilir.

Hesabat müəlliflərinin fikrincə, Çin və Rusiya NATO üçün ciddi təhdid yaradır. Ancaq başqa bölgələrə də xeyli diqqət ayrılıb. Alyans üzvlərinə Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması ilə bağlı tələsməmək və Suriya ilə İrana diqqət yetirmək təklif olunur.

Yeni strategiyada Qara dəniz bölgəsinə xüsusi yer verilir – Türkiyə, Ukrayna, Gürcüstan diqqət mərkəzindədir. NATO üzvləri əmindir: bu ölkələrin təhlükəsizliyi Avropa və Amerikadakı vəziyyətə birbaşa təsir göstərir.

Sənəd müəllifləri vurğulayırlar ki, Ankaranı transatlantik orbitinə qaytarmaq NATO-nun marağındadır. Əlaqələrin möhkəmlənməsinə doğru ilk addımı ABŞ-ın yeni dövlət katibi Entoni Blinken atdı: bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng vuraraq Qərblə Ankaranın qarşılıqlı münasibətləri məsələsini müzakirə etdi. Ancaq söhbət bir o qədər də alınmadı. Blinken Türkiyədən ilk növbədə Rusiya istehsalı olan S-400 zenit raket kompleksindən imtina etməsini istədi.

NATO-nun Krım gündəmi

Alyansa üzv ölkələrin müdafiə nazirləri Kiyevin Krım yaxınlığında hava məkanından istifadə ilə bağlı son təklifini də müzakirə edəcəklər. Söhbət alyansa Simferopol uçuş məlumat bölgəsinə daxil olmaq üçün icazə verilməsi təşəbbüsündən gedir - Ukraynanın təsnifatına görə, bu, Xerson bölgəsinə aid hava naviqasiya zonasıdır.

"Hava sahəsinin bu hissəsindən NATO əməliyyatları üçün qoşun, texnika və yüklərin daşınması məqsədilə istifadə edilməsini təklif edirik. Rusiya ilə sərhəd boyunca vəziyyətin izlənilməsində alyansın dəstəyinə ümid edirik", – deyə Ukrayna infrastruktur naziri Vladislav Krikli bildirib.

Krımın Rusiyaya birləşdirilməsindən sonra Qara dəniz üzərində uçuşlara nəzarət ikiyə bölünüb. Simferopoldakı Rusiya dispetçerləri yarımadanın üzərindəki uçuşlara nəzarət edir, dəniz üzərindəki beynəlxalq yollar isə hələ də Odessa və Dneprdən gələn dispetçerlərin nəzarətindədir.

Krımın Rusiyanın tərkibinə daxil edilməsini tanımayan ölkələr Ukrayna dispetçerlərinin xidmətindən istifadə edir. Ancaq təyyarələr birbaşa Krım ərazisi üzərindən uça bilməz. Əvəzində, yarımadanın ətrafında və Qara dəniz hövzəsinə bitişik sularda sərbəst uçuş təmin olunur.

Artıq Krımdan bu təşəbbüsə reaksiya verilib. Rusiya Dövlət Dumasının Krımdan olan millət vəkili Mixail Şeremet bəyan edib ki, "Heç bir NATO təyyarəsi yarımadanın üzərindən uça bilməz!"

Narahat Qafqaz

"Qara dəniz problematikası NATO-nun gündəminə yalnız Ukraynaya görə düşməyib, bu məsələdə Rusiyanın Qafqaza təsirinin güclənməsinin də rolu var", – deyə Rusiyanın Beynəlxalq Məsələlər üzrə Şurasının baş direktoru Andrey Kortunov bildirir. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi NATO-da narahatlıq yaradıb: "Onlar bunu birbaşa təhdid kimi qəbul edirlər".

O, belə hesab edir ki, Qara dəniz mövzusunun hallandırılması Ukrayna üçün gündəmə gəlmək fürsətidir. Bununla belə, ekspertin proqnozlarına görə, Kiyev hakimiyyəti Rusiyanın Krımdakı hərbi mövcudluğunu öz təhlükəsizliyi üçün ciddi təhdid olaraq qəbul etməyə davam edəcək.

"Ukrayna çoxdan yarımadadakı tikinti ilə bağlı həyəcan təbili çalırdı. İddiaya görə, orada mülki deyil, hərbi obyektlər tikilir. Ona görə də bu addım "Rusiya təhdidi" kimi qələmə verilir", – deyə Kortunov vurğulayır.

NATO-ya üzvlüyün faydaları

Ankaradakı Siyasi Araşdırmalar Mərkəzinin mütəxəssisi Orhan Qafarlı belə hesab edir ki, Krım məsələsi NATO-nun Qara dənizdə gücləndirilməsinin vacib, lakin yeganə hədəfi deyil. "Türkiyəni geri qaytarmaq üçün İttifaqın Qara dənizdə güclənməsi vacibdir. Hazırda NATO ilə Ankara arasında bir çox mövzuda fikir ayrılığı mövcuddur. Ancaq hər iki tərəf əməkdaşlığın lazımlı olduğunu başa düşür".

Qafarlının sözlərinə görə, Türkiyə cəmiyyətində də NATO üzvlüyünü qoruyub saxlamaq istəyi güclüdür.

Alyansın ən yeni hədəfi isə Türkiyə və Rusiyanın yaxınlaşmasına imkan verməməkdir. Ancaq bu iki ölkəni çox şey biləşdirir, odur ki ekspert qurumun bu tapşırığın öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşır.

11
Məhəmməd Bin Salman, şahzadə, arxiv şəkli

ABŞ ərəbləri cəzalandırmaq qərarına gəlib: Rusiya İran bundan qazanacaq?

15
(Yenilənib 21:40 02.03.2021)
Vaşinqton Səudiyyə Ərəbistanına sərt yanaşsa, avtomatik olaraq İranın əlinə oynamış olacaq. ABŞ Qaşıqçının qətlinin arxasında duranları cəzalandırmaq üçün buna getməyəcək.

BAKI, 2 mart — Sputnik, Sofya Melnuçuk, Qaliya İbrahimova. Səudiyyə Ərəbistanını ABŞ-la münasibətdə ağır dövr gözləyir. ABŞ kəşfiyyatı 2018-ci ildə öldürülən jurnalist Camal Qaşıqçının qətli ilə bağlı hesabat yayımlayandan sonra Ağ Ev yeni strategiyasını açıqladı: amerikalılar Yəməndəki müharibənin başa çatması və insan haqlarına hörmət olunmasında təkid edirlər. Vaşinqtonun bu məsələdə nə qədər uzağa gedə biləcəyi və Ər-Riyadın buna necə reaksiya verəcəyi barədə – RİA Novosti-nin növbəti məqaləsində.

Sanksiyaya məruz qalmayan şahzadə

Gözlənildiyi kimi, yeni açıqlamalar Amerika səlahiyyətlilərinin cümə günü elan etdikləri bəyanatlara bir növ əlavə oldu. ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Qaşıqçının öldürülməsi ilə bağlı 76 Səudiyyə Ərəbistanı vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq olunacağını bildirdi. Fərdi sanksiyalar Səudiyyə Ərəbsitanı Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri Əhməd əl-Əsiriyə də şamil olunacaq.

Kəşfiyyat Xidmətinin hesabatında bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edən "Vashinqton Post" qəzetinin yazarından intiqam alınmasında vəliəhd Məhəmməd bin Salmanın da əli olub. Belə ki, jurnalisti məhz onun razılığı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdiyi vaxt qaçıraraq daha sonra hissələrə parçalayıblar və indiyə kimi cəsədinin qalıqlarını görən olmayıb. Krallığın Xarici İşlər Nazirliyi ittihamları qəti şəkildə rədd edir. Buna baxmayaraq, vəliəhdə qarşı fərdi sanksiya tətbiq olunmayıb. Halbuki yeni prezident Co Bayden seçkiqabağı debatlarda Ər-Riyadla haqq-hesabı çürütməyə söz vermişdi. Və bu, bir sıra suallar doğurur.

"Fikrimcə, bütün ölkə ilə münasibətlərin bir insanla münasibətlərdən daha prioritet olduğunu anlamaq lazımdır", – Blinken məsələyə belə münasibət bildirmişdi. Onun sözlərinə görə, rəhbərlik Səudiyyə Ərəbistanı ilə münasibətlərini yenidən gözdən keçirir, ancaq bu əlaqələr hələ də əhəmiyyətini itirməyib və ABŞ-ın marağındadır. "Biz krallığın müdafiəsinə tərəfdarıq", – deyə Blinken əlavə edərək bildirib ki, məqsəd Ər-Riyadla münasibətlərin ABŞ-ın dövlət maraqlarına cavab verməsidir.

Dövlət katibi vurğulayıb: Ər-Riyadın amerikalılardan aldığı yardımların və Səudiyyə Ərəbistanının husilər hərəkatına qarşı prezident Əbu Rabu Mansur Hadinin hökumətini dəstəklədiyi Yəməndəki vəziyyətin fərqinə varması Ağ Ev üçün vacibdir. Başqa sözlə, Vaşinqton, Amerika silahlarından üçüncü ölkələrin döyüş meydanında istifadə edilməyəcəyinə əmin olmaq istəyir.

Hücum müdafiəsi

İki dövlət arasındakı münasibətlərin mərkəzində krallığın müdafiəsini təmin etmək öhdəliyi müqabilində Amerikanın neftə çıxış əldə etməsi dayanır. Səudiyyə Ərəbistanı ABŞ silahlarının ən böyük müştərisidir. Bu əməkdaşlıq hər iki tərəfin strateji maraqlarını təmin edir. Ancaq dəyərlər məsələsində - demokratiya və insan haqlarının qorunması ilə bağlı yanaşmalar bir-birindən fərqlənir.

Bu fikir ayrılığı Barak Obamanın hakimiyyət illərində özünü daha çox büruzə verirdi. Donald Trampın Ağ Evə gəlişi ilə münasibətlər istiləşdi. Bununla belə, Tramp hakimiyyətə gəlməmişdən qabaq nəinki ərəb tərəfdaşına bir o qədər də rəğbət bəsləmir, hətta ABŞ-ın "ərəb terroristlərinə kömək etmək niyyətində olmadığını" bəyan etmişdi. Ancaq sonradan necə oldusa, Trump ilk rəsmi ziyarətini Ər-Riyada etdi və onun səlahiyyət müddətinin sonunda ABŞ Dövlət Departamenti husiləri terror təşkilatı kimi tanıdı. Keçmiş prezident vəliəhdlə yaxın münasibətlərini, əsasən, kürəkəni və xüsusi müşaviri Cared Kuşner vasitəsi ilə davam etdirirdi. Qaşıqçının qətlinə dair hesabat isə Tramp administrasiya dövründə hazır olsa da, dərc edilməmişdi.

"Tramp, Vaşinqtonun öhdəliklərini azaltmaq üçün müttəfiqlərə investisiya yatırmağa arxalanırdı. Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün tərəfdaşlar daha da çox silah almalı və bölgələrdə baş verənlər üçün məsuliyyət daşımalı idilər", – deyə Qabaqcıl Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov izah edir. Onun sözlərinə görə, buna cavab olaraq ABŞ hərbi- siyasi himayədarlığı təmin edir və müttəfiqlər üçün vacib təşəbbüslərə yaşıl işıq yandırırdı.

"Trampın əleyhdarları indi nə deyirlər desinlər, vaxtilə hər iki tərəf də bu münasibətlər formulunu qəbul etmişdi. Qaşıqçı öldürüləndən sonra isə Demokratlar bu məsələyə görə Respublikaçıları tənqid hücumuna məruz qoydular. Onları Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasına məhəl qoymamaqda, Yəməndəki qəddar əməliyytalara diqqət yetirməməkdə günahlandırdılar. Prezidentin kürəkəni Kuşner ilə vəliəhd şahzadə arasında yaranan "isti münasibətlər"ə görə respublikaçıları qınadılar", – deyə Suçkov əlavə edir.

Demokratlara görə, bütün bunlar Məhəmməd bin Salmanda Vaşinqtonla hər hansı bir məsələni pulla həll edə biləcəyinə dair inam hissi formalaşdırıb.

Yeni administrasiyanın dövründə siyasi kursun dəyişməsi gözlənilirdi və artıq ilk addımlar atılıb. Bayden silah ixracatı da daxil olmaqla Yəməndəki hücum əməliyyatlarına dəstəyin artıq başa çatdığını bəyan etdi. Bildirdi ki, bu qərar 290 milyon dollarlıq üç min ədəd GBU-39 yüksək dəqiqlikli bomba və 478 milyon dollarlıq yeddi min Paveway IV bombasına da aiddir. Vaşinqton Yəmən münaqişəsini diplomatiya yolu ilə həll edəcəyini açıqladı. Bundan başqa, husilər fevral ayından etibarən terror qruplarının siyahısından çıxarıldı.

Yeni dövrə

Buna baxmayaraq, ekspertlərin fikrincə, iki ölkə arasındakı münasibətlərin tamamilə yenidən qurulacağını söyləmək olmaz. Yaxın Şərq üzrə mütəxəssis Aleksey Xlebnikov da bu fikri dəstəkləyir. Onun sözlərinə görə, iki ölkənin qarşılıqlı münasibətlərində strateji baxımdan heç bir dəyişiklik baş verməyəcək.

Rusiya Beynəlxalq Məsələlər Şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov da onunla həmfikirdir: "Münasibətlərdə düzəliş etməyə çoxdan ehtiyac var. Hələ Obamanın dövründən bəri amerikalılar energetika sahəsində xeyli irəlilədilər, dünyada neft istehsalında birinci yerə çıxdılar və Səudiyyə Ərəbistanına daha az ehtiyac duymağa başladılar. Yeni rəhbərlikdəki bəzi insanların ABŞ-ın xarici siyasətinə fərqli yanaşması var. Söhbət xarici siyasət məsələlərinin yenidən balanslaşdırılmasından gedir".

Məmmədov bölgələrarası dinamikada çox şeyin İranın nüvə anlaşmasından asılı olduğunu vurğulayır. Ər-Riyad ABŞ-ın Tehranla münasibətlərdə əsas tərəfdaşlarından biridir. Odur ki, Vaşinqton Səudiyyə Ərəbistanına sərt yanaşsa, avtomatik olaraq İranın əlinə oynamış olacaq. Və ABŞ Qaşıqçının qətlinin arxasında duranları cəzalandırmaq üçün buna getməyəcək.

Xlebnikov isə bildirir ki, son on ildə bölgədə bir sıra mühüm hadisə baş verib: "Tunis və Misirdəki üsyanlar, nəticədə Amerikanın Qahirəyə hərbi yardımını dayandırılması, nəhayət, İranla bağlanmış müqavilə".

Politoloqun fikrincə, bütün bunlar "Səudiyyə Ərəbistanı da daxil olmaqla krallıqları diplomatik portfellərini şaxələndirməyə, Rusiya və Çin kimi digər böyük dövlətlərlə əlaqələri gücləndirməyə məcbur edib".

Moskva Ər-Riyada silah da satır: ilk silah partiyasının tədarükünə 2017-ci il müqaviləsi çərçivəsində 2019-cu ildə başlanılıb. Həmin vaxt krallıq Rusiya ilə TOS-1A kompleksi, "Kornet-EM" tank əleyhinə sistem, AGS-30 qumbaraatanları və Kalaşnikov AK-103 avtomatlarının alınması, eləcə də yerli istehsalın təşkili barədə memorandum imzalamışdı. 2021-ci ilin əvvəllərində isə Səudiyyə Ərəbistanının Rusiyadan həm S-400 zenit raket kompleksləri, həm də Su-35 qırıcıları ala biləcəyi açıqlandı.

Məmmədov isə belə hesab edir ki, ölkələrin neft bazarındakı siyasətlərini əlaqələndirmələri də vacibdir: "Ər-Riyadın Moskva ilə münasibətlərində OPEC + sövdələşməsinin təsirini nəzərə almaq vacibdir. Bu hər iki tərəfin də qazanmasına imkan verdi. Çox praqmatik yanaşmadır, hamı fayda götürür - sən mənim üçün, mən də sənin üçün".

Onun sözlərinə görə Vladimir Putinin Səudiyyə Ərəbistanına və ya Kral Salmanın Rusiyaya səfərlərinə çox vaxt Vaşinqtonla oyunun bir aləti kimi yanaşılır.

Məmmədov belə hesab edir ki, krallıq Amerikaya bölgədə problem yaratmağa qadirdir. Ancaq hamı yaxşı bilir ki, ABŞ Ər-Riyad üçün son dərəcə əhəmiyyətlidir və bu cür manevrlər yalnız diqqət cəlb etməyin bir yoludur. Səudiyyə Ərəbistanında belə hesab edirlər ki, onların ABŞ-la münasibətləri hazırda Ağ Evdə kimin olmasından asılı deyil, çünki iki ölkənin qarşılıqlı münasibətləri fundamental xarakter daşıyır, on illər ərzində formalaşıb və hər cür dəyişikliyə tab gətirə bilər.

On illik əməkdaşlıq çox şeyə təsir edib: Səudiyyə Ərəbistanın demək olar ki, bütün elitası ABŞ-da təhsil alıb, ərəb rialı dollardan asılı vəziyyətdədir və hərbçilərin silahlandırılması və yetişdirilməsində Amerika təcrübəsinə əsaslanılır. Bütün bunları dəyişdirmək üçün uzun illər lazım gələ bilər. Buna görə xarici siyasət təmaslarının şaxələndirilməsi çox güman ki, yeni çoxqütblü dünyanın tələblərinə cavab verən taktiki gedişdən başqa bir şey deyil.

15
Roma Kolizeyi

Peyvənd olunmayanlar Avropaya gedə bilməyəcək?

746
(Yenilənib 17:26 01.03.2021)
Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

BAKI, 1 mart — Sputnik, Maksim Sokolov. Ancaq məsələ bununla bitmir. Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

Avropa İttifaqı (Aİ) diplomatik idarələrinin rəhbərlərinin iclasından sonra frau kansler Angela Merkel bəyan etdi ki, xarici işlər nazirlərinin iclasında peyvənd sertifikatının tətbiq olunması barədə razılığa gəliblər. Bu sənədsiz Aİ ölkələrinə səfər etmək mümkün olmayacaq. Düzdür, razılaşma hələlik prinsipial xarakter daşıyır, layihənin detalları üç aydan sonra açıqlanacaq. Amma doğrudan da, məsələnin təfərrüatlarına aydınlıq gətirməyə ehtiyac var. Hər şeydən əvvəl vaksinasiyaya əks-göstərişi olanların məsələsi aydın deyil.

Müvəqqəti əks-göstərişi olan, yəni yaxın vaxtlarda koronovirus infeksiyasına yoluxanların məsələsi az-çox başa düşüləndir. Digər yoluxucu xəstəliklərdə olduğu kimi bu halda da bir müddət gözləyəndən sonra peyvənd olunmaq mümkündür. Ancaq daimi xarakterli xroniki xəstəlikləri olanlar da var axı. Bəs həmin xəstəliklərdən əziyyət çəkənlər necə olsun? Yoxsa, xroniki xəstələrin onsuz da tezliklə öləcəyini nəzərə alıb heç narahat olmağa dəyməz? Necə deyərlər, insan yoxdursa, problem də yoxdur. Yaxud da xarici işlər nazirləri bu fikirdədirlər ki, ağır xronik xəstəliyi olanlar elə Avropaya gəlməsələr, yaxşıdır?!

Ancaq məsələ bununla da bitmir. Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

Yəqin ki, Pfizer/BioNTech", "Moderna", "AstraZeneca"-dan ibarət Avroatlantik üçlüyü ilə peyvənd olunanlar heç bir maneə ilə qarşılaşmayacaqlar. "Pfizer" peyvəndi ilə vaksinasiya olunmusansa, Avropaya buraxılış vərəqən hazırdır!

Rusiya istehsalı olan ("Sputnik V" və "EpivacCorona"), eləcə də Çinin ("Sinovac Biotech", "CanSino Biologics", CNBG — "Sinopharm") peyvənd prepatarları ilə bağlı vəziyyət isə daha qəlizdir. Çox güman ki, bu preparatlarla vaksinasiya olunanlar Brüsselin müvafiq orqanlarından Avropa sərhədini adlamaq üçün sertifikat ala bilməyəcəklər.

Qeyri-demokratik ölkələrin istehsal etdiyi peyvəndin faydası və ya zərəri yalnız tibbi deyil, həm də siyasi məsələdir. Bəs işə siyasət qarışanda nə baş verir? Biz bunun nəticələrini "Şimal axını-2" təbii qaz kəməri layihəsinin timsalında müşahidə etdik – guya Rusiyanın təbii qazı "Siklon-B"-dən yüz qat daha təhlükəlidir. Məlum məsələdir ki, həndəsi teoremlər insanların maraqlarına toxunarsa, onların uğrunda belə müharibələr aparılardı. Qeyri-demokratik ölkənin peyvəndini tanımamaqla həmin dövlət üçün xoşagəlməz hal yaratmaq mümkündürsə, bundan niyə istifadə etməsinlər ki?

Bu mənada Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bu yaxınlarda (fevralın 17-də) verdiyi açıqlamalar çox xarakterikdir: "Rusiyanın COVID-19-a qarşı peyvənd strategiyası şübhə doğurur. Niyə Rusiya nəzəri olaraq digər ölkələrə milyonlarla doza peyvənd təklif edir, lakin öz əhalisinin peyvənd olunması ilə bağlı kifayət qədər tərəqqiyə nail ola bilməyib? Bu suala cavab verilməlidir".

Onun "kifayət qədər tərəqqi" deyəndə nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Digər tərəfdən, avropalı məmurun bu mövzuya toxunması nə dərəcədə məqsədəuyğundur? Axı Avropanın özündə də bu sahədə "kifayət qədər tərəqqi" əldə olunmayıb. Yoxsa, Macarıstan "Sputnik V" peyvəndi almazdı, Çexiya, Avstriya, İtaliya bu barədə fikirləşməzdi. Əgər Avropada hər addımda "Pfizer" peyvənd köşkü olsaydı, onlar niyə Rusiyaya üz tuturdular ki?

Bəlkə də Frau Ursula 19-cu əsrin sonlarındakı taxıl ixracı təcrübəsinin yenidən canlandırılmasına görə qəzəblənib. Hazırkı Səhiyyə Nazirliyinin o zamankı maliyyə naziri Vışneqradskinin prinsiplərinə əməl edib-etmədiyini dəqiq söyləmək çətindir. Bunun Rusiya peyvəndinin effektivliyi məsələsi ilə nə əlaqəsi olduğunu anlamaq çətindir. Peyvənd ya effektlidir, ya da deyil, vəssalam. Rusiyanın öz əhalisinin peyvənd olunması sahəsində "kifayət qədər tərəqqi" əldə edib-etməməsi Brüsselin əsas problemi ola bilməz axı? Əgər siz nəyin bahasına olursa olsun, Rusiya peyvəndindən imtina etmək istəyirsinizsə, bu başqa məsələ!

Əlbəttə ki, hər şey Ursuladan və onun həmfikirlərindən asılı deyil. Avropada Rusiya ilə yolları bağlamaq istəyənlərlə yanaşı, başqa maraqları olan qruplar da var. Məsələn, gəlirləri kəskin şəkildə azalsa da, ruslar hələ də turist kimi xarici ölkələrə səfər edə biləcək maddi imkana sahibdirlər. Və pandemiya başlamazdan əvvəl turizmdən gələn gəlir bir çox Avropa ölkəsinin (İtaliya, Fransa, Yunanıstan və s.) Ümumi Daxili Məhsulunun 10-15 faizini təşkil edirdi. Bundan başqa, həmin ölkələrinin əhalisinin böyük bir hissəsinin məşğulluq problemi bu sahənin hesabına həll olunurdu. İndi bu ölkələrdə insanlar yatanda da yuxuda rus turistlərinin hesabına əvvəlki gəlirlərinin geri qayıtdığını görürlər. Ancaq ideoloji cəhətdən sabit fikirli xanım olan frau von der Lyaeyeni bu məsələ bir o qədər də maraqlandırmır, əsas odur öz pul kisəsi boş qalmasın...

 

746
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli Çörçilin əsərini satdı

0
(Yenilənib 00:42 03.03.2021)
Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb.

BAKI, 3 mart — Sputnik. Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" ("Tower of the Koutoubia Mosque") şəklini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt-sterlinq) satıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Çörçil vaxtilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.

Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt-sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çörçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniya baş nazirinin İkinci Dünya Müharibəsi zamanı yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çörçil Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı günəşin qürubunun təəssüratı altında bu mənzərəni yaradıb.

Alıcının şəxsiyyəti açıqlanmır.

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

0
Teqlər:
Uinston Çörçill, Böyük Britniyanın baş naziri Uinston Çörçill, Bred Pitt, Ancelina Coli