Bakıda supermarketin fəaliyyəti, arxiv şəkli

Özünüzlə parça torbalar gəzdirin, hökumətin alternativi yoxdur

1318
(Yenilənib 18:54 14.02.2021)
Ekspertlər polietilen torbaların pulla satılması məsələsinə müxtəlif cür yanaşırlar. Eyni zamanda, təşviq addımlarının atılmalı olduğu deyilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə alıcıya əvvəlcədən məlumat verilməlidir.

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dünyada ekologiya ilə bağlı polietilen torbalardan imtina edilir:

"Qonşu ölkələrdə bəzi hallarda polietilen torbalar qadağan edilib, bəzi hallarda isə pul ilə satılır. Polietilen torbaları pul ilə satmaqda məqsəd qazanc əldə etmək deyil. Pulla satılan zaman bu torbalara tələbatın azalacağına ümid edilir. Burada zamana ehtiyac var ki, insanların davranış qaydası dəyişsin".

O bildirib ki, bu istiqamətdə təşviq addımları atılmalı, maarifləndirmə işləri aparılmalıdır:

"Yavaş-yavaş insanları parça torbalardan istifadəyə öyrəşdirmək lazımdır. Və yaxud insanlar özləri ilə parça torbalar gəzdirməlidir. Polietilen torbalara alternativ üçün mağazalar öz xərclərini artırmaq istəmirlər. Polietilen torbalar ən ucuz başa gəlir. Onun əvəzinə parçadan və ya çox istifadə edilən materiallardan hazırlanmış torbaları pulsuz alıcılara təqdim etsələr, mağazaların xərci artacaq. Düşünmürəm ki, yaxın gələcəkdə mağazalar öz dövriyyələrinə ziyan vuracaq addım atsınlar. Lakin Avropa ölkələrində müxtəlif aksiyalar həyata keçirilir. Məsələn, bir müddət iri marketlərin qarşısında pulsuz parça torpalar paylanılır. Bizdə də belə aksiyaların təşkilinə ehtiyac var".

"Yəqin polietilen torbalar 5-10 qəpik civarında olacaq. Təkcə pullu satış ilə iş bitməməlidir, eyni zamanda təşviq addımları atılmalıdır. İnsanların buna münasibəti dəyişməlidir", - deyə iqtisadçı qeyd edib.

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov 20 ilə yaxındır ki, polietilen torbalar ilə mübarizə apardıqlarını söyləyib. O, Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə ən azı MDB təcrübəsinin tətbiq edilməsini dəfələrlə təklif etmişik: "MDB təcrübəsində şəffaf polietilen torbalar pulla satılır. Bizdə ətraf mühit sürətlə çirkləndirilir. Hazırda şəhərin mərkəzində olan mağazalarda belə rənglənmiş qalın torbalardan istifadə olunur. Ona görə hökumət alternativ təklif etməlidir. İndiyədək kağız torba istehsalı, kağız qablaşdırma materialları olmalı idi. Təəssüf ki, bunlar yoxdur. Düşünürəm ki, biznes qurumlar sürətlə kağız qablaşdırmaya keçməlidirlər. Nə qədər ki, alternativ yoxdur, bu işlər yerinə yetirilməyəcək".

"Biz buna dəstək üçün layihə həyata keçirdik, 500-ə qədər bazar torbasını əhaliyə payladıq. Alternativlər olmalıdır. Ən yaxşı alternativ zənbillər ola bilər", - deyə o əlavə edib.

1318
Aleksey Navalnı, arxiv şəkli

Qərb yeni sanksiyalarla dəmir pərdə çəkir

13
Həmin dövrdə xaricdən gələn "zərərli təsirlərin" qarşısını almaq üçün əsas səylərimiz sərhədlərə yönəltmişdik. İndi belə görünür ki, Qərb dünyası SSRİ-nin bu uğursuz təcrübəsini ciddi şəkildə yenidən həyata keçirtmək niyyətindədir.

BAKI, 4 mart — Sputnik, İrina Alksnis. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar ironiya doğurur. Belə ki, Aleksey Navalnı ilə bağlı qəbul edilmiş qərarlarda həm xeyli təzad sezilir, həm də onların ardıcıllığı qəribə təəssürat yaradır. ABŞ və Avropanın bu qərarları qəbul edərkən əsaslandığı məntiqi tutmaq, məqsədlərini anlamaq isə daha da çətindir. Baş verənlərin paradoksallığı, bəzi hallarda isə absurdluğuna rəğmən, bu qərarların və fəaliyyətin planlı, razılaşdırılmış olması isə hadisələrin rasional düşüncəyə əsaslandığına qətiyyən şübhə yeri qoymur.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, hələ 2010-cu illərin ortalarından bəri avropalılar və amerikalılar Rusiyaya qarşı birgə fəaliyyət məsələlərində bu qədər həmrəylik və entuziazm nümayiş etdirməyiblər. Sanksiyalar Atlantik okeanının hər iki tayında nəinki eyni gündə, hətta eyni anda elan olundu. Yəni bu, sözsüz ki, ssenari əsasında edilmiş gediş idi. Bundan başqa, planlaşdırılan tədbirlərdən əvvəlki "artilleriya hazırlığı" da dramaturgiyanın bütün qanunlarına uyğun şəkildə həyata keçirilmişdi: bir neçə həftə ərzində qeyri-müəyyənlik təəssüratı şişirdilir, sonda da məhtəşəm sonluq vəd olunurdu.

Əslində, növbəti dəfə işlər gözlənildiyi kimi sonuclandı: "Bir manatlıq dava-dalaş saldılar, atdıqları yumruq bir qəpiklik oldu". "Cəzalandırılanlar", əsasən, Rusiya güc strukturlarının rəhbərləridir. Nə bu şəxslərin Qərb ölkələrinə girişə qoyuşmuş qadağalar, nə də fərz edilən maliyyə aktivlərinin dondurulmasının isə onlara qətiyyən isti-soyuğu olmadı. "Bioloji və kimyəvi silahların istehsalında" günahlandırılan elmi təşkilatlarla bağlı da vəziyyət oxşardır. Amerika Birləşmiş Ştatlarının Rusiyaya yardımının kəsilməsi isə əməlli-başlı lətifədir. Belə bir təəssürat yaranır ki, amerikalı tərəfdaşlarımız hələ də 1999-cu ildə ilişib qalıblar. Halbuki, Aleksey Navalnı hələ bir neçə ay əvvəl "dünya ölkələrinə səyahətə çıxmayan və Avropada çoxlu əmlakı, bank hesabı olmayan hansısa polkovnik və generallara" qarşı sanksiyaların tətbiq olunmasının mənasız olduğunu birbaşa bəyan eləmişdi. O zaman Navalnı "Avropa İttifaqını" rusiyalı oliqarxların pullarını hədəfə almağa" çağırmışdı. Etiraf etmək lazımdır ki, iri biznesmenlərə dəyən zərbə, həqiqətən də, daha təsirli idi – həm şəxsən onlara, həm də ümumilikdə milli iqtisadiyyata. "Şimal axını - 2" kimi birgə strateji layihələrin bağlanmasının mənfi effektindən danışmaq isə ümumiyyətlə, yersizdir. Lakin "rusofob" ritorikanın şişirdilməsinə baxmayaraq Qərb yenə də zahirən effektiv və qarşıdurma təəssüratı yaradan, əslində isə tamamilə lazımsız addımlara üstünlük verdi.

Ən çox və şövqlə müdafiə etdikləri rusiyalı müxalifətçi ilə bağlı amerikalıların və avropalıların mövqeyində də qəribəliklər çoxdur. Bir tərəfdən, Qərb Navalnını Kremlin əsas düşməni, eyni zamanda, başlıca qurbanı ranqına qaldıraraq onu şərəfləndirdi. Aİ hətta insan haqlarının pozulması ilə bağlı qlobal sanksiya rejimi yaratdı və elan olunmuş məhdudiyyətlər həmin rejimin tarixində ilk dəfə tətbiq olundu. Avropa İnsan Haqları Məhkəməsi isə qəribə bir qərar çıxararaq müvəqqəti tədbir kimi blogerin azadlığa buraxılmasını tələb etdi. Digər tərəfdən, aydındır ki, blogerin şəxsiyyəti ilə bağlı nə ABŞ-ın, nə də Avropanın bir xülyası, illüziyası var. Belə ki, elə həmin AİHM Navalnının Vladimir vilayətindəki həbsxanaya düşməsi ilə nəticələnən "İv Roşe" işində heç bir siyasi fon görə bilmədi.

"Amnesty International"-a isə üstün mənəvi çevikliyi və siyasi fürsətçiliyi heç də kömək etmədi. Təşkilat müxalifətçini "vicdan məhbusu" hesab etməkdən boyun qaçırdı ki, bunu başa düşmək də çətin deyil: keçmişdə irqçilik və ksenofobiya ilə bağlı xeyli sayda əfsanəvi şərhlər vermişdi.

Yeri gəlmişkən, əvvəlcə Avropa İttifaqı yeni sanksiya rejimini birbaşa Aleksey Navalnı ilə əlaqələndirməyi düşünürdü. Ancaq, görünür, orada vaxtında kiminsə ağlına gəlib ki, "qəhrəman"ının keçmişi nəzərə alınarsa, bunu etməsələr, yaxşıdır. Və bu ideyadan imtina etdilər.

Nəticə etibarilə Qərbin, xüsusən də Avropanın davranışları həqiqətən də əlinə keçən və Moskva ilə münaqişə yaratmaq üçün bir o qədər işə yaramayan hər bahənədən istifadə edərək sağa sola çırpınmaq təsiri bağışlayır. Bütün bunlar isə bütövlükdə məntiqsiz hərəkətlər yığınından başqa bir şey deyil.

Rusiyanın Avropa və ABŞ-la münasibətləri hazırda növbəti transformasiya mərhələsini yaşayır. Coşqun hadisələrlə zəngin son onillik Qərbdə ölkəmizi iqtisadi və geosiyasi cəhətdən diz çökdürmək, əzmək cəhdi kimi qiymətləndirildi. Üstəlik, buna nail olacaqlarına dair kiçik bir şübhələri də yox idi. Digər tərəfdən, qərbdəkilər buna "az qan tökməklə", özləri üçün çox da ağrılı olmayan tədbirlər vasitəsilə nail olacaqlarına əmin idilər. Məsələn, Moskvanın SWIFT-dən ayrılması Qərb biznesi üçün son dərəcə xoşagəlməz hala çevrilə bilərdi.

Rusiya bir daha kollektiv təzyiqə müqavimət göstərərək sürpriz etdi və vəziyyət bir neçə il qeyri-sabit tarazlıqda qaldı. Nominal olaraq qarşıdurma davam etdi, lakin sanksiyalar təhqir və boş rəsmiyyətə çevrildi. Əvəzində, tərəflər arasında, xüsusən də Avropa ilə dolğun əməkdaşlıq sürətlə şəkildə bərpa olunmağa başladı.

Ancaq son bir neçə ilin, xüsusən də, ötən ilin hadisələri Qərbi, nəhayət, ölkəmizə ayıq nəzərlərlə baxmağa və bu barədə düşüncələrini yenidən gözdən keçirməyə vadar etdi. Qərb anladı ki, axır nəfəsində olan "şər imperatorluğu" ilə deyil, böyük potensiala, ciddi ambisiyalara sahib və əli çox güclü olan (qısa vaxtda çox təsirli peyvənd preparatı yarada biləcək qədər) qüdrətli dövlətlə qarşı-qarşıyadır.

Və Avropanı qorxuda biləcək tək şey – həqiqətən güclü bir Rusiyadır. Deyəsən, avropalılar, doğrudan də, Moskvanın iqtisadi, siyasi, ideoloji, media istiqamətində hücuma keçdiyini görüb əməlli-başlı qorxuya düşüblər.

Üstəlik, qonşularımızın öz gücünə inam hissi xeyli aşağıdır və bunun nəticəsi olaraq, tələm-tələsik yeni dəmir pərdə çəkməyə çalışır, beləliklə də, münasibətlərdə uçurum yaradırlar.

Əslində, Qərb, tərəflər arasında (xüsusən də Sovet İttifaqı ilə Qərbi Avropa dövlətləri arasında) bir sıra qarşılıqlı faydalı strateji əməkdaşlıq kanallarının mövcud olduğu, qalan kanalların isə bağlandığı Soyuq Müharibə konfiqurasiyasını yenidən yaratmağa çalışır.

Həmin dövrdə xaricdən gələn "zərərli təsirlərin" qarşısını almaq üçün əsas səylərimiz sərhədlərə yönəltmişdik. İndi belə görünür ki, Qərb dünyası SSRİ-nin bu uğursuz təcrübəsini ciddi şəkildə yenidən həyata keçirtmək niyyətindədir.

Onların bu problemi həll etmək üçün Aleksey Navalnıdan istifadə etmələrini kifayət qədər uğurlu addım hesab etmək mümkündür. Hərçənd, Avropa və ABŞ-ın sovetlərin açdığı cığırla irəliləməsi faktının özü əməlli-başlı heyrət doğurur.

13
İşsiz adam, arxiv şəkli

Bir çox sahələrdə işsizlik olacaq - Bu da elmi-texniki tərəqqinin Azərbaycana "töhfəsi"

1785
(Yenilənib 20:18 04.03.2021)
"Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklər baş verir. Bizdə hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların da boş qalacağını görəcəyik" - Natiq Cəfərli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. "Texnoloji kəşflərin tətbiqi çoxdan başlayıb. Sadəcə olaraq son bir ildə bu təsir daha da sürətləndir. Təbii ki, burada pandemiyanın da təsiri oldu".

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında süni intellektin ölkəmizə təsiri haqda danışarkən belə deyib. 

Onun fikrincə, təxminən 10-12 il öncə başlayan proses yaxın gələcəkdə daha da sürətlənəcək.

"Biz süni intellektin təsirini ilk olaraq bankçılıq sahəsində gördük. Onlayn bankçılıq bank şöbələrinə ehtiyacı azaltdı, hətta qeyd edim ki, 2012-2013-cü illərdə Böyük Britaniyada ciddi böhran yaşandı. Təqribən 200 minə yaxın bank işçisi ixtisar oludu. Bu tendensiya bu gün də davam edir. Son illər Azərbaycanda da yeni texnologiyaların tətbiqi tendensiyası özünün göstərməyə başlayıb. Azərbaycanda da bank sektoruna işçi sayının azalması müşahidə olunacaq", - ekspert deyib.

O bildirib ki, bank sektoru ilə yanaşı süni intellekt digər sahələri də vuracaq:

"Süni intellekt həm hesablamalarda, həm qərarvermə mexanizmlərinin yaranmasında, həm də insan faktoru olmadan sənaye xərclərinin yaradılmasında da geniş istifadə olunacaq. Azərbaycanda isə ehtimal ki, insan əməyinin daha çox istifadə olunduğu sahələrdə süni intellekt tətbiq olunacaq. Bunlardan biri aqrar sektordur. Bizdə aqrar sektorda əl əməyindən hələ də çox yüksək səviyyədə istifadə olunur ki, bu da rentabelliliyi aşağı salır. Bir çox ölkələrdə isə digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da əl əməyini dronlar əvəz edir. Yəni, komputer özü qərar verir ki, nə vaxt gübrə vermək lazımdır, nə vaxt sulamaq lazımdır və məhsulun yetişməsi üçün hansı tədbirlər görülməlidir".

Cəfərlinin sözlərinə görə, aqrar sektor qeyri-neft sektorunda lokomativ sayıldığından gələcəkdə bu sahədə iş yerlərinin azalmasına hazır olmaq lazımdır.

"Urbanizasiya hələ də başa çatmayıb. Rəsmi rəqəmlərə görə, bizdə kənd əhalisi ölkə əhalisinin 44 faizini təşkil edir ki, bu da çox böyük rəqəmdir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 7-8 faiz civarındadır", - deyə N.Cəfərli bildirib.

Ekspert deyir ki, işsizliyin qarşısını almaq üçün indidən bu barədə düşünmək lazımdır. Lakin yaranacaq bu vəziyyətdən qorxmaq da lazım deyil: "Vaxtı ilə liftçi qız, telefonçu qız var idi. İndi isə nə liftçi qıza ehtiyac var, nə də telefonçu qıza. Bu isə o deməkdir ki, texnologiya inkişaf etdikcə, zamanla bəzi peşələrin tarixə qovuşması baş verir".

Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklərin baş verdiyini qeyd edən iqtisadçı bildirib ki, Azərbaycanda hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların boş qalacağını görəcəyik.

"Bir müddətdən sonra bu böyük alış-veriş mərkəzləri də tarixə qovuşacaq. Evdən çıxmadan süni intellektin yaratdığı imkanlarla virtual geyinib-soyunma otaqları da artıq mövcuddur. Yəni, bir geyimin, ayaqqabının üzərində necə göründüyünü görə bilirsən. Bu səbəbdən dünyada gedən tendensiya ilə bir müddətdən sonra Azərbaycanda da böyük alış-veriş mərkəzlərinin boş qalma ehtimalı var. Bu da müəyyən bir işsiz kütlənin yaranacağı deməkdir", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Azərbaycanda elektron ticarətin (e-ticarət) həcmi son 3 ildə (2018-2020-ci illər ərzində) 5 dəfə artıb.

1785
FHN yanğınsöndürən

Sarayda ev partladı: yaralılardan ikisi körpədir

0
(Yenilənib 14:09 05.03.2021)
Saray qəsəbəsində, ilkin ehtimala görə, qaz sızmasından fərdi evdə partlayış olub. Ağır xəsarət alanlardan ikisi uşaqdır.

BAKI, 5 mart - Sputnik. Abşeron rayonunun Saray qəsəbəsində fərdi evdə partlayış olub. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. 

Hadisə bu gün səhər saatlarında olub. 49 yaşlı Mətanət Mehdiyeva, 23 yaşlı Ayşə Mahmudova, 3 yaşlı Məhəmməd Mahmudov və 4 yaşlı Nilay Mahmudova ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. İlkin versiyaya görə, faciəyə səbəb məişət qazının sızması olub. 

Oxşar hadisə yanvarın 25-də Xırdalan şəhərində baş vermişdi. Şəhərin 27-ci məhəlləsində yerləşən fərdi ikimərtəbəli binada partlayış olmuş, 8 nəfər dağıntılar arasından çıxarılmışdı. Onlardan 33 yaşlı Aytən Musayeva artıq keçinmişdi. Bir gün sonra isə onun qızı Fatimə Musayevanın cansız bədəni tapılmışdı. 

Yaxınlıqda olan binaların dörd sakini də həmin partlayış zamanı xəsarət almışdı.

0
Teqlər:
körpə, yaralılar, qaz sızması, partlayış, yanğın