Dollar, arxiv şəkli

Avro dolları sıxışdırır - TƏHLİL

38
(Yenilənib 23:12 08.02.2021)
Dünya Bankının proqnozlarına görə, bu proses nəticəsində Amerika valyutası dünya maliyyə sistemindəki xüsusi statusunu itirəcək. Onun yerini isə avro, dollar və çox güman ki, yuana əsaslanan sistem tutacaq.

BAKI, 8 fevral — Sputnik, Natalya Dembinskaya. Vaşinqtonun başı sanksiyalara elə qarışıb ki, öz valyutasının hakim mövqeyini itirməsini də riskə atmaqdan çəkinmir. Bu məsələyə Konqresdə də diqqət yetirilib. Dünya dollardan asılılığını fəal şəkildə azaldır. Alternativ valyuta vahidlərinə keçid Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək.

Qlobal tiran

ABŞ bütün dünyanı sanksiyalarla bürüyüb – hazırda digər ölkələrə qarşı təxminən səkkiz min iqtisadi məhdudiyyət qüvvədədir ki, bu siyahı da durmadan artır. Vaşinqton kimə istəsə, öz şərtlərini diktə edə bilər, çünki dollar dünya iqtisadiyyatının əsas valyutasıdır.

Dünyada gedən pul əməliyyatlarının 70%-dən çoxu ABŞ valyutası ilə həyata keçirilir. Dollar sərbəst şəkildə alınıb-satılır, konvertasiya olunur - hökumət bunu heç bir şəkildə tənzimləmir və ABŞ iqtisadiyyatı əvvəlki kimi dünyanın ən iri, sabit və şəffaf iqtisadiyyatı hesab olunur. Bu, Ağ Evə imkan verir ki, fiziki şəxslərin və Amerika şirkətlərinin Vaşinqtona sərf etməyən tərəfdaşlarla birbaşa ticarət əlaqələri qurmalarına mane olsun və bazarın digər iştirakçılarını xarici sanksiyalarla təhdid etsin.

Cavab reaksiyası

Ancaq əbədi olaraq bu cür davam edə bilməz. ABŞ Konqresinin Tədqiqat Xidmətinin bu yaxınlarda dərc edilmiş icmalına görə, dollardan asılılığın azaldılması üçün dünyanın əlində bütün lazımi vasitələr var.

Sənəddə sanksiyaların ABŞ üçün iqtisadi xərclərə çevrildiyi qeyd olunur, çünki Amerika fiziki və hüquqi şəxslərinin iştirak edə biləcəyi ticarət əməliyyatlarını məhdudlaşdırır. Bundan başqa, ayrı-seçkiliyə məruz qalan dövlətlərin tezliklə cavab reaksiyası verəcəyi də istisna olunmur. Buna nümunə kimi Rusiyanın kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağa göstərilir.

İcmal müəllifləri onu da vurğulayırlar ki, Amerika valyutası on illərdir beynəlxalq iqtisadi əməliyyatlarda geniş istifadə olunur. Və bu, ABŞ-a əl verir. Üstəlik, Ağ Ev xarici siyasət hədəflərinə nail olmaq üçün (xüsusilə də Rusiya, İran və Venesuelanın maliyyə bazarlarına çıxışını çətinləşdirmək baxımından) getdikcə dollara daha çox güvənməyə başlayıb.

Çin variantı

İcmalda qeyd olunur ki, bu ölkələrin alternativ valyutaya keçməsi son nəticədə Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək və dolların statusunu sarsıdacaq. Əslində, bu proses artıq başlayıb. Son illər yuan sistematik olaraq dolları "silkələyir". 2016-cı ildən bəri Çin yuanı BVF-nin ehtiyat valyutasıdır. İlk dəfədir ki, inkişaf etməkdə olan ölkə belə bir "şərəf"ə layiq görülüb. Daha sonra Pekin genişmiqyaslı "Bir kəmər – bir yol" inteqrasiya proqramı çərçivəsində Şanxay Fond Birjasında neftin yuanla ticarətinə başladı.

Bununla belə, qlobal əməliyyatlarda yuanın payı hələ də çox deyil. Buna mane olan amillər isə göz qabağındadır - həm dövlət, həm də xüsusi borcda sərbəst konvertasiya, qeyri-sabitlik, qeyri-şəffaf maliyyə sistemi yoxdur.

Artıq kripto-yuan da ortaya çıxıb. İqtisadçıların əksəriyyəti bu fikirdədirlər ki, dövlət kripto-valyutası dollarla rəqabət etməyə tamamilə qadirdir, çünki bu, əməliyyatları köhnəlmiş SWIFT və CHIPS ödəmə sistemlərindən (amerikalılar beynəlxalq əməliyyatları bu vasitələrlə idarə edirlər) daha sürətlə həyata keçirməyə imkan verir.

Kripto-yuan "Bir kəmər – bir yol" layihəsi üçün də əlverişli olacaq. Qarşılıqlı hesablaşmalar rəqəmsal valyutanı Vaşinqtonun sanksiyalarından qoruyacaq.

Dollardan imtina

Rusiyaya gəlincə, bu dövlətin BRICS ölkələri ilə (Brazilya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) dollar əməliyyatları 2019-cu ildə 73% -dən 49% faizə düşüb. Hər şeydən əvvəl avro sayəsində (23%). Rublun payı da artıb: 8%-dən 14% faizə qədər. Hindistanla (Moskvanın BRICS daxilində Çindən sonra ikinci ticarət ortağı) isə rubl üzrə sövdələşmələr 50%-i keçib. Çinlə milli valyuta ilə hesablaşmalar – 25% təşkil edir ki, bu da yeddi il ərzində 10 dəfə artıb. Moskva və Pekin ikitərəfli ticarətdə dollardan tamamilə imtina edib. Hələ 2014-cü ildə tərəflər 150 milyard yuanlıq (24,5 milyard dollar) üçillik mübadilə razılaşması imzalayıblar. Beləliklə, əgər 2015-ci ildə bütün sövdələşmələr dollarla aparılırdısa, 2019-da onların sayı yarıbayarı azalıb.

Avro zonada da oxşar vəziyyət müşahidə olunur: 2019-cu ildə avro ilk dəfə dolları üstələdi (38% faizə qarşı 42%). Bu, qlobal tendensiyadır və ABŞ-ın xarici sanksiyalarına müqavimət göstərən Avropa Birliyinin xidmətidir.

Sistem dəyişir

2019-cu ildə Fransa, Almaniya və İngiltərə "Avropa iqtisadi oyunçuları ilə İran arasında rəsmi ticarət əməliyyatlarının sadələşdirilməsinə" yönəlmiş xüsusi mexanizm olan INSTEX-i yaratdılar. Daha sonra Belçika, Danimarka, Hollandiya, Norveç, Finlandiya və İsveç də bu sistemə qoşuldu.

Əslində, bu mexanizm Avropa ölkələrinə ABŞ-ın maliyyə sistemini nəzərə almadan Tehranla ticarət etməyə imkan verir. İranla Avropa arasında real pul dövriyyəsinin qarşısını almaq məqsədilə (Vaşinqton sanksiyaları əsaslandırmaq üçün bundan istifadə edə bilərdi) INSTEX kredit ballarından yararlandı.

Avropa Komissiyası dollardan asılılığı azaltmaq üçün ilkin plan hazırladı

Planda müxtəlif malların tədarükü üçün müqavilələrin avro ilə bağlanması, həmçinin əsas maliyyə göstəriciləri ilə əlaqədar normalara yenidən baxılması və lazım gələrsə, dəyişdirilməsi nəzərdə tutulur. Bundan başqa, tənzimləyicilərə Avropa şirkətlərinin xarici firmalar tərəfindən alınmasını qadağan etmək hüququ verir.

Beləliklə, dünyada ikinci ən məşhur valyuta olan avro dolları sıxışdırmağa davam edir. Dünya Bankının proqnozlarına görə, bu proses nəticəsində Amerika valyutası dünya maliyyə sistemindəki xüsusi statusunu itirəcək. Onun yerini isə avro, dollar və çox güman ki, yuana əsaslanan sistem tutacaq.

38
ABŞ bayrağı, arxiv şəkli

Strateji gediş: Rusiya ABŞ-ın dövlət borcuna bir milyard dollar yatırdı

34
(Yenilənib 20:53 24.02.2021)
ABŞ hökuməti bu qiymətli kağızları sataraq büdcə kəsirini aradan qaldırır və digər xərcləri qarşılayır. ABŞ-ın milli borcu təxminən 28 trilyon dollara çatıb.

BAKI, 24 fevral — Sputnik, Natalya Dembinskya. Rusiya Mərkəzi Bankı ötən ilin dekabr ayında ABŞ dövlət istiqrazlarına yatırımını birdən-birə milyard dollar artırdı. Hərçənd, Moskva son illərdə sistematik olaraq bu qiymətli kağızlardan qurtulurdu: valyuta ehtiyatlarında onların payı bir faizdən bir qədər çoxdur. Bəs indi niyə bu istiqrazlara ehtiyac yaranıb? Sualın cavabı RİA Novosti-nin materialında.

Avro, yuan və qızıl

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, hazırda Rusiya 6,011 milyard dəyərində Amerika dövlət istiqrazına sahibdir: onlardan 1,2 milyardı uzunmüddətli, 4,8 milyardı isə qısamüddətlidir. Dekabr ayında ehtiyatlar bir milyard dollara qədər artırılıb.

Qeyd edək ki, ABŞ hökuməti bu qiymətli kağızları sataraq büdcə kəsirini aradan qaldırır və digər xərcləri qarşılayır. ABŞ-ın milli borcu təxminən 28 trilyon dollara çatıb. 2010-2013-cü illərdə Rusiya investisiyaları 170 milyardı keçdi. Rusiya ən böyük qiymətli kağızlar payına sahib ölkələrdən biri idi. Ancaq Vaşinqton 2014-cü ilin aprelində Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra Moskva ABŞ-ın dövlət istiqrazlarından qurtulmağa başlamışdı.

2018-ci ildə Rusiya Mərkəzi Bankı ABŞ xəzinədarlıq portfelini birdən-birə yarıyadək endirərək böyük bir satış əməliyyatı həyata keçirdi. Beləliklə, Amerika qiymətli kağızlarının beynəlxalq ehtiyatlardakı payı minimuma düşdü. Mərkəzi Bank bunun əvəzində öz ehtiyatlarını avro, yuana və qızıla yönləndirdi.

Diversifikasiya

ABŞ dövlət borcu açıq şəkildə bu ölkənin Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızlarla təmsil olunur. Vekselləri (borc sənədlərini) və dövlət istiqrazlarını fiziki, hüquqi şəxslər, müəyyən ştat və əyalətlərin səlahiyyətliləri əldə edə bilərlər. Bu qiymətli kağızlardan götürülən mənfəət bir o qədər də yüksək deyil – təxminən 2,5-3 faiz. Avropa və ya Yaponiya üzrə borclarda gəlir, ümumiyyətlə, sıfıra bərabərdir və hətta mənfi göstəricilərlə ifadə olunur. Ancaq məsələ tək bunda deyil: ABŞ dövlət istiqrazları dünyanın ən etibarlı və asan satıla bilən maliyyə alətlərindən biri hesab olunur. Bütün dünyada onları almaq və satmaq çox asandır.

"Artıq vəsaiti müvəqqəti olaraq ABŞ-ın milli borcuna yatırmaq sərfəlidir. Söhbət milyardlardan gedəndə illik 2-3 faiz çox puldur. Buna görə də siyasət iqtisadi qərarlara təsir etməməlidir", - deyə Rusiya Dövlət Dumasının Maliyyə komitəsinin üzvü Dmitri Skrivanov RİA Novosti-yə bildirib.

Beləliklə, Moskva yatırımını artırmaqla texniki olaraq bazardakı varlığını sübut etdi. Bu həm də beynəlxalq valyuta ehtiyatlarının şaxələndirilməsi üçün lazım idi. İndi Rusiyanın 590 milyard dolları var, bu vəsaitin 6 milyardı birbaşa ABŞ milli borcuna yatırılıb. Analitiklər izah edirlər: Moskva qlobal maliyyə tendensiyalarını izləyir. Dollara tələb artmaqdadır, çünki bu pul dəyişkənliyə və inflyasiyaya ən az meylli olan valyuta növüdür.

"Milyard dollar çox böyük məbləğdir, bu vəsaiti məhdud aktiv dəstinə yatırmaq olar. Qızılın alıcılıq qabiliyyəti yüksəkdir, avro və yuanda isə onsuz da kifayət qədər pul ehtiyatımız var. Amerikanın dövlət istiqrazlarının alınması diversifikasiyanın (şaxələndirmənin - red.) bir elementidir", - deyə Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar Şurasinin prezidenti Vitali Mankeviç bildirir.

Çin variantı

Dekabr ayının sonuna olan məlumata görə, ABŞ dövlət istiqrazlarının ən böyük sahibi Yaponiyadır (1,2 trilyon dollar). Əvvəllər bu sahədə Çin lider idisə, indi Pekin 1,06 trilyon dollarlıq istiqrazlarla ikinci yerdədir. Bu üçlüyü 428.9 milyard dollarlıq qiymətli kağız ehtiyatı ilə Böyük Britaniya tamamlayır.

Ticarət müharibəsi üzündən çinlilər sistematik olaraq bu qiymətli kağızlardan qurtulmağa başlayıblar, ümumilikdə investisiyalarını 200 milyarddan çox azaldıblar. Bununla belə, hazırda Pekinin əlində olan ABŞ dövlət istiqrazları Vaşinqtona qarşı güclü təzyiq vasitəsi hesab oluna bilər.

Davam edən qarşıdurma qorxu hissini artırır: birdən ABŞ dövlət istiqrazalarının dünyadakı ikinci ən böyük pay sahibi onların kütləvi satışına getsə, onda necə? Nəticə fəlakətli ola bilər. Çinin bu qiymətli kağızlardan kütləvi şəkildə qurtulması dünya maliyyə bazarında böyük çaxnaşmaya gətirib çıxara bilər.

Amma bu, Çinin özünə də sərf etmir. Birincisi, qısa müddətdə 100-200 milyard dəyərində istiqraz satışı istər-istəməz qiymətləri aşağı salacaq. Nəticədə, Çinin özünün xarici aktivlərinin və ehtiyatlarının dəyəri kəskin şəkildə aşağı düşəcək. Bundan başqa, dollar çökəcək ki, Pekinin də buna ehtiyacı yoxdur. Çünki ABŞ valyutasının zəifləməsi Çin ixracatını bahalaşdıracaq.

Qızıl ehtiyatı

Artıq bir neçə ildir ki, Rusiya Mərkəzi Bankı dollardan qurtularaq qızıla gediş edir. 2020-ci ildə ilk dəfə bu qiymətli metalın ehtiyatlardakı payı Amerika valyutasının həcmini aşdı və fevral ayına qədər qızıl ehtiyatlarının dəyəri 136,7 milyarda çatdı. İl ərzində ölkənin qızıl ehtiyatları təxminən 28 ton çoxaldı.

Qiymətli metal - universal pul ekvivalenti - faiz gəliri gətirən aktivlərdən daha cəlbedicidir və sanksiya risklərindən sığortalanıb. "Bloomberg"-in də qeyd etdiyi kimi, Rusiya bütün dünyaya nümayiş etdirdi ki, nəhəng iqtisadiyyata və böyük həcmdə qızıl-valyuta ehtiyatlarına sahib olan ölkə dollar aktivlərindən istədiyi vaxt qurtula bilər və bu, onun halına da təfavüt etməz.

34
Yük maşınları, arxiv şəkli

Kommunikasiyaların açılması regiona yeni perspektiv vəd edir

16
(Yenilənib 18:06 24.02.2021)
Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik.  Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpüdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gələn yeni iqtisadi reallıqlar müzakirə edilib. Tədbirin Azərbaycan tərəfindən qonağı UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov bildirib ki, bu bəyanat uzun illərdir regionda iqtisadi əməkdaşlığın tormozlanmasına səbəb olmuş problemlərin aradan qalxması ilə yeni reallıqlar yaradıb:

“Təsadüfi deyil ki, münaqişənin ortaya çıxması tək Azərbaycan və Ermənistan arasındakı münasibətlərə deyil, eyni zamanda regional proseslərin inkişafına mənfi təsirini göstərdi. Uzun illər münaqişənin həllolunmaz qalması region ölkələrinin inkişaf prosesinin ləngiməsinə, bəzi hallarda dayanmasına gətirib çıxardı”.
© Sputnik
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü

Onun sözlərinə görə, üçtərəfli bəyanatda vurğulanan kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəalar tək keçmiş münaqişə tərəflərinin deyil, eyni zamanda bölgənin dinamik iqtisadi inkişafına əvəzsiz töhfə verəcək: “Münaqişənin davam etdiyi uzun illər ərzində kommunikasiyaların açılması hər zaman prioritet olub. Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə postsovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxımından əhəmiyyət kəsb edir”.

© Sputnik
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü

“Kommunikasiya əlaqələrinin açılması enerji, nəqliyyat layihələrinin daha sürətli icrasına imkan verəcək və regional sabitliyin təmin edilməsi ilə bölgəmizin iqtisadi cəlbediciliyi artacaq. Bu həm də region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə və İran kimi aparıcı güc mərkəzləri üçün də əhəmiyyətlidir. Biz dünyada baş verən proseslər fonunda regionallaşmanın ön planda olmasına nəzər yetirməliyik. Regionallaşmanın isə başlıca prinsipi region ölkələri arasında qarşılıqlı əlaqələrin dərinləşməsidir.

Yeni iqtisadi əməkdaşlıq platformalarının işə salınması proseslərə müsbət təsir göstərəcək. Bu baxımdan regionallaşmadan danışarkən kommunikasiyaların açılması çox önəmlidir. Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək. Amma bu prosesdə bizə həm də texnologiyaların idxalı lazım olacaq. Texnologiya şirkətləri üçün də bu bölgəyə maraq böyükdür və böyük perspektivlər vəd edir”, - professor bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dəstək ifadə edilib.

16
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0