Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Avropa "Sputnik V"-yə inandı: Almaniya bir xeyli qabağa düşəcək

38
(Yenilənib 23:48 05.02.2021)
İndi eynilə "Şimal axını-2" layihəsindəki vəziyyət yaranıb, Berlin "Kremlin cinayətkar əməllərinə" əhəmiyyət vermədən öz mövqeyində qəti dayanıb. Rusiya peyvəndinin keyfiyyəti ondan imtina etməyə imkan vermir, hərçənd lap əvvəldən Qərbin niyyəti bu idi.

BAKI, 5 fevral — Sputnik, İrina Alksnis. Avstriyanın kansleri Sebastyan Kurts Almaniya Dərman Agentliyini (ADA) Rusiya və Çin peyvəndlərinin qeydiyyat imkanlarını nəzərdən keçirərkən "geosiyasi tabuları" bir kənara qoymağa çağırıb. Bir qədər əvvəl Fransa Prezidenti Emmanuel Makron da "Sputnik V" peyvəndinin klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrinin "The Lancet" jurnalında dərcinə əsaslanaraq bildirmişdi ki, peyvəndin tətbiqi ilə bağlı qərar siyasi deyil, elmi mülahizələrə əsaslanmalıdır. Rəsmi Madrid İspaniyanın Rusiya preparatından istifadə etməyə (ADA təsdiqləyəndən sonra) hazır olduğunu bəyan edib. Almaniyaya gəlincə, bu ölkə rəhbərliyinin Moskva ilə fəal əməkdaşlıq etmək niyyəti hələ yanvar ayında məlum olmuşdu. Həmin vaxt Angela Merkel bildirmişdi ki, Berlin Rusiya preparatının Avropada qeydiyyatdan keçməsinə kömək etməyə hazırdır.

Əslində, almanlar bu addımı atmağa çoxdan hazırlıq görürdülər. İndi Avropanın ən nüfuzlu media orqanları "Sputnik V" peyvəndi ilə bağlı müsbət məzmunlu məqalələr yayımlayır. Məsələ aydındır: Rusiya preparatını gözdən salmaq üçün bir neçə ay davam edən qaralama kampaniyasından sonra ictimai münasibətlərin yenilənməsinə təcili ehtiyac var, çünki bu, Avropa İttifaqı əhalisinin peyvənd olunmasında əhəmiyyətli rol oynaya bilər.

Peyvəndlə bağlı ilk müsbətyönlü məqalələr hələ bir ay bundan qabaq mətbuatda yer alsa da, çoxlarının diqqətini cəlb etməyib. Bu məsələdə əsas rolu isə məhz Almaniya oynayıb.

Formal vəziyyət belədir: "The Lancet"-də yenicə yayımlanan məqalə birdən-birə hamının gözünü açdı və avropalılar "Sputnik V"-nin əsl keyfiyyətini anladılar. O da aydın oldu ki, Almaniyada artıq Rusiya vaksininin istehsalı üçün hazırlıq işi sürətlə irəliləyir.

Bir sözlə, Almaniya növbəti dəfə Avropanın lider ölkəsi statusunu təsdiqlədi. Digər ölkələr gözləmə mövqeyində dayandıqları vaxt Almaniya siyasi əhəmiyyət kəsb edən və iqtisadi cəhətdən mənfəətli olan bu məsələni araşdırmağa başladı.

İndi eynilə "Şimal axını-2" layihəsindəki vəziyyət yaranıb, Berlin "Kremlin cinayətkar əməllərinə" əhəmiyyət vermədən öz mövqeyində qəti dayanıb. Bu həddən artıq mühüm və perspektivli məsələdir. Rusiya peyvəndinin keyfiyyəti ondan imtina etməyə imkan vermir, hərçənd lap əvvəldən Qərbin niyyəti bu idi.

Bu arada, Avropanın özündə vəziyyət heç də ürəkaçan deyil, peyvənd çatışmazlığı böyük problemə çevrilib. Bu isə peyvənd uğrunda mübarizənin qızışmasına gətirib çıxarır.

Daha bir məqam Böyük Britaniya ilə İsveçin birgə kəşfi olan "AstraZeneca" peyvəndinin çox aşağı effektivlik (60 faizdən bir az çox) nümayiş etdirməsi ilə bağlıdır. "AstraZeneca"-dan fərqli olaraq, hər iki Amerika şirkətinin – "Pfizer" və "Moderna"nın istehsal etdiyi vaksinin effektivliyi çox yüksəkdir (95 faiz), amma medalın əks tərəfi də var. Adətən, bu məqamda 3 mənfi cəhət qeyd olunur: yüksək qiymət, sərt istehsal-daşınma şərtləri, peyvəndin tətbiq olunandan nə qədər müddət sonra təsirini göstərməyə başlamasının bilinməməsi.

Media və hakimiyyət orqanlarının nadir hallarda bəhs etdiyi, ancaq insanları çox düşündürən daha bir məqam da var. Hər iki preparat insan sağlamlığına təhlükəsizliyi tam yoxlanılmamış innovasiyalı texnologiya əsasında yaradılıb. Məhz buna görə vaksinasiyadan sonrakı hər ölüm faktı geniş rezonans doğurur. Bu cür ölüm hallarının sayı isə kifayət qədərdir.

Bu fonda effektivliyi Amerika peyvəndlərindən daha aşağı olsa da (91,6 faiz) kifayət qədər ucuz başa gələn, çətin saxlama şəraitinə malik olmayan və artıq uzun illər istifadə edilən təhlükəsiz platformada yaradılmış "Sputnik V" peyvəndi bir xeyli önə çıxır.

Almaniyada rus alimlərinin bu yeni kəşfi Sovet İttifaqı tərəfindən 1957-ci ildə Yerin ilk süni peykinin kosmosa göndərilməsi ilə müqayisə olunur. Bu müqayisəni aparan "Die Welt"-in jurnalisti qeyd edir ki, Rusiya həmin vaxtdan bu yana Qərbi texniki baxımdan heç nə ilə təəccübləndirə bilməmişdi.

Özü də bu sözləri o, atom enerjisi, hipersəsli texnologiyalar, radioelektron müharibə və digər sahələrdə dünyada lider olan ölkə haqqında deyir. Elə bir ölkə barədə ki, onun rəqəmsallaşdırma səviyyəsinə Qərb yalnız qibtə eləyə bilər.

Qeyri-iradi olaraq ortaya sual çıxır: Rusiyada Qərbi təəccübləndirə biləcək texnoloji inkişaf yoxdur, yoxsa başı daşdan-daşa dəymədən bu inkişafı görmək istəmir?

Bu cür laqeydlik və məqsədyönlü şəkildə alçaltma cəhdi əlbəttə ki, məyusluq doğura bilər. Digər tərəfdən, Avropa və ABŞ-ın inadla Rusiyanın uğurunu qiymətləndirməməsinin müsbət tərəfləri də var. Bu, onları dəfələrlə heyrətə salmağımıza imkan verir.

38
Kompüter arxasında iş, arxiv şəkli

Feyk fabriki onun əsl sahibləri

6
(Yenilənib 20:01 03.03.2021)
Son vaxtlar "Bellingcat" informasiya agentliyi yenə gündəmdədir. KİV-də onun yaradıcısı kimi qələmə verilən "Eliot Higgins" kitab çıxarıb. Onun silahdaşı "Xristo Qrozev" və ya "Moris Rakuşitski" yeni ifşaedici xəbərlərin olacağını vəd edib.

BAKI, 3 mart — Sputnik, Viktoriya Nikiforova. Son vaxtlar Bellingcat informasiya agentliyi yenə gündəmdədir. KİV-də onun yaradıcısı kimi qələmə verilən "Eliot Higgins" kitab çıxarıb. Onun silahdaşı "Xristo Qrozev" və ya "Moris Rakuşitski" yeni ifşaedici xəbərlərin olacağını vəd edib.

Bütün bunlar barədə ciddi danışmaq mümkün deyil, onlar sadəcə olaraq, jurnalist araşıdırması janrını gözdən salmaqla məşğuldurlar. Bellingcat-ın özünün ortaya çıxma hekayəsi isə daha maraqlıdır. Bəs bu feyk xəbərlər fabriki necə yaranıb?

2010-cu ilin əvvəllərində Əfqanıstandakı Amerika hərbi kəşfiyyatının rəhbəri Maykl Flinn "Kəşfiyyat işini necə dirçəltməli?" ("Fixing Intel") adlı maraqlı bir hesabat dərc etdirmişdi. Flinn hesabatın həmmüəllifləri ilə birlikdə həmkarlarına bildirirdi ki, informasiyanı onu verməyə hazır olan hər kəsdən almaq lazımdır – yerli sakinlərdən, jurnalistlərdən, QHT və qadın təşkilatlarının nümayəndələrindən, BMT-nin əməkdaşlarından, vətəndaş fəallarından və s. Özü də yalnız hərbi məlumatları deyil, ölkədə baş verən hər şey haqqında informasiya toplamağı və sonra onları NATO müttəfiqləri, jurnalistlər, QHT-lərlə paylaşmağı məsləhət görürdülər. Düzgün biçimləndirilərək təqdim olunan məlumatlar silaha çevrilir: yerli sakinlərə işğalçıların onların qayğısına necə qaldığını göstərərək əhalini partizanlardan uzaqlaşdırır, Yaxın Şərqdə qayda-qanun yaradan Amerika demokratiyasının parlaq obrazını nümayiş etdirməyə imkan verir.

Məlumatların çeşidləndirilməsi ilə xüsusi seçilmiş analitiklər məşğul olurlar - Flinn bu zaman "ən istedadlılarını və məlumata ac olanlarını" seçməyi məsləhət görürdü. Onlar heç bir detalı gözdən qaçırmamalı, geolokasiyalarla və açıq mənbələrlə işləməyi bacarmalı idilər. Sonda hesabat müəllifləri Amerika kəşfiyyatının veteranı Samuel Vilsondan sitat gətirirdilər: "Məlumatların 90%-i" açıq mənbələrdən gəlir, kəşfiyyatın əsl qəhrəmanı Ceyms Bond deyil, Şerlok Holmsdur".

Elə təxminən həmin vaxt Böyük Britaniya ordusunun zabiti Bob Sili Əfqanıstanda xidmət etməyə yollanır. İngilis qəzetləri onu kəşfiyyatçı kimi qələmə versələr də, buna heç bir dəlil göstərmirlər. Bəlkə də, 2008-2017-ci illər arasında İraq, Əfqanıstan, Liviya və Suriyada Bob Sili, həqiqətən də, tamamilə başqa işlə məşğul olub.

Sili hazırda məşhur siyasətçi olmasına baxmayaraq, hələ də özünü Ştirlis kimi aparır. İndiyə kimi yaxınlarının, valideynlərinin və ya əsrarəngiz həyat yoldaşının təsvir olunduğu bir dənə fotosu belə yayımlanmayıb. O hər yerə tək gedir və yeri gəlmişkən, homoseksualların hüquqları uğrunda fəal şəkildə mübarizə aparır.

Bob Sili 1990-cı illərin əvvəllərində postsovet məkanında ştatdankənar müxbir kimi fəaliyyət göstərməyə başlamışdı, Kiyevdən, Tiraspoldan, Çeçenistandan reportajlar hazırlayırdı. Əsasən "The Times" qəzeti üçün yazırdı.

2012-ci ilin əvvəllərində internetdə "Brown Mozes" təxəllüslü bloger peyda oldu. Bu, Frenk Zappanın məşhur mahnısının adı idi. Məsələ burasındadır ki, Sili rok musiqisini çox sevir, həm də yaxşı gitara çalır. Çox keçmədən "Brown Mozes" əməlli başlı şöhrət qazanır. Əvvəl media maqnatı Rupert Merdokla bağlı qalmaqallı yazılar yazır, daha sonra Suriya məsələsinə yönəlir.

Naməlum bloger eynilə Flinnin hesabatında təsvir olunan "ən istedadlı və xəbərə ac" analitiklər kimi hərəkət edir. Suriyadan YouTube-a yüklənən videoları gözdən keçirərək onları yeni başlıqlarla yayımlayır. Məsələn: "Qəlpə yarası almış təxminən on körpə meyiti tapıldı" kimi.

Bununla belə, bloger məlumatları təhlil etmir, dərhal öz münasibətini ortaya qoyur. Məsələn, Hulə şəhərindəki faciədə Suriya hakimiyyətini günahlandırır, halbuki təhqiqat sonradan kütləvi ölüm hallarının silahlılar tərəfindən törədildiyini üzə çıxartdı. Bir sözlə, bu artıq Flinnin haqqında danışdığı kəşfiyyat deyil, əməlli-başlı təbliğatdır.

Günlərin bir günü "The New York Times"ın hərbi müxbiri Si Cey Divers onu tapır və ifşa edir. Məlum olur ki, "Brown Mozes" imzası ilə yazan blogerin əsl adı Eliot Higginsdir.

Bundan sonra Böyük Britaniya və Amerika KİV-ləri Eliot Higgins haqqında saysız-hesabsız məqalələr yazmağa başlayır. Ancaq Eliot Higginsin valideynləri haqqında indiyə kimi heç kimə heç nə məlum deyil. Belə ki, onun ad-familiyası tamamilə uydurulmuş da ola bilər.

2013-cü ildə "Nyu-Yorker"in müxbiri ondan öz bloqu üçün niyə belə bir ad seçdiyini soruşanda bloger "Təsadüfən" deyə cavab vermişdi.

Bellingcat xəbər agentliyi Higginsin adına qeydiyyata alınıb və Rusiya əleyhinə ən yeni "ifşaedici" xəbərlər bu agentlikdən yayılır. Ancaq həmin xəbərlərin heç birində dəlil-sübut yoxdur. Bununla belə, onların hər biri Rusiyaya qarşı informasiya hücumuna və növbəti sanksiyalara başlamaq üçün bahənə verir.

Bu müddət ərzində Bob Sili məşhur siyasətçi və nüfuzlu hərbi analitikə çevrilir və Rusiya ilə bağlı daha aqressiv yazılar yazmağa başlayır. 2018-ci ildə isə parlamentdə Skripallarla bağlı mətbuat konfransı təşkil edir. "Zəmanəmizin Şerlok Holmsları bunlardır," – deyə Higgins və Qrozevi həmkarlarına təqdim edir. Elə həmin vaxtdan millət vəkili Bellingcat-ı yemləməklə məşğuldur.

Beləliklə, Qərbin elit ailə klanları üçün Rusiya ətrafındakı limitrof heç kimin torpağı deyil, sadəcə ov oylağıdır. Yerli əhali (istər inkişaf etmiş olsun, istərsə də geridə qalmış olsun) onlar üçün yalnız flora və fauna müxtəlifliydir. Bellingcat kimi alətlər isə hibrid müharibələri üçün mükəmməl silahdır.

6
İtaliyada epidemioloji vəziyyət

Karantin strategiyası fiaskoya uğradı, amma Avropa günahkarı tapıb

7
(Yenilənib 18:46 03.03.2021)
Avropada müşahidə olunan mənzərə düz bir il bundan əvvəlki situasiyanı yada salır. Həmin vaxt  Avropa İttifaqı fövqəladə vəziyyətdə tam çarəsizlik nümayiş etdirdi, ittifaqın üzvləri isə kəskin böhranın öhdəsindən təkbaşına gəlmək məcburiyyətində qaldılar.

BAKI, 3 mart — Sputnik, İrina Alksnis. Avropa Parlamentinin Aİ-nin demokratik proseslərinə xarici müdaxilə üzrə xüsusi komitəsinin dinləmələrində çıxış edən Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Rusiyanı dezinformasiya kampaniyasında günahlandırdı. Onun sözlərinə görə, bu, Aİ demokratiyasını ləkələmək və beynəlxalq əməkdaşlığı zəiflətmək məqsədi daşıyır.

Borrell davam edən pandemiya şəraitində yalan və insanları çaşdırmağa yönəlmiş məlumatların xüsusi təhlükəsinə də işarə edib. "Biz Kremlə yaxın kanalların maska taxmağın və karantin qaydalarının faydasız olduğu barədə məlumatlar yaydıqlarını gördük”, – deyə o bəyan edib. Diplomatın sözlərinə görə, hazırda Moskvanın peyvənd diplomatiyası ön plana çıxıb. Kreml bu yolla Qərb preparatlarını və onların istehsalçılarını nüfuzdan salmağa çalışır, digər tərəfdən öz peyvəndini fəal şəkildə təbliğ edir.

Məmurun narahatlığı başadüşüləndir. Rusiyada insanların çoxu üçün həyatın öz axarına düşdüyü və pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin tədricən ləğv olunduğu bir vaxtda Avropada karantin qaydalarının sərtləşdirməsinin yeni dalğası başlayır. Finlandiyada fövqəladə vəziyyət rejimi tətbiq olundu. Çexiyada bütün dünyada ən yüksək yoluxma halı qeydə alındığına görə, insanların yaşayış yerini tərk etməsi qadağan edildi, İtaliyada da məhdudiyyətlər sərtləşdirildi. Bütün bunlarla yanaşı, təxminən bir ildir ki, evlərinə məhkum olunmuş Avropa əhalisi artıq hakimiyyətin bu tədbirlərin onların xeyrinə olması ilə bağlı arqumentlərini qəbul etmək istəmir. Kütləvi etirazlar, demək olar ki, bütün qitəni bürüyüb.  Bir sözlə, vəziyyət xeyli qəlizdir. Çexiya “Sputnik V” peyvəndinin tədarükü ilə bağlı Rusiyaya müraciət edib. Bu, ölkə prezidenti ilə baş nazirinin birgə qərarıdır. Slovakiya bir az da uzağa gedərək Macarıstan və Serbiyanın ardınca, Avropa tənzimləyicisinin razılığını gözləmədən Rusiya preparatını qeydiyyatdan keçirtdi. Koronavirusla bağlı kifayət qədər ağır vəziyyətin müşahidə olunduğu Polşa isə Çindən COVID-19 peyvəndi alacaq.

Avropada müşahidə olunan mənzərə düz bir il bundan əvvəlki situasiyanı yada salır. Həmin vaxt  Avropa İttifaqı fövqəladə vəziyyətdə tam çarəsizlik nümayiş etdirdi, ittifaqın üzvləri isə kəskin böhranın öhdəsindən təkbaşına gəlmək məcburiyyətində qaldılar. Düzdür, arada fərq də var: onda bütün dünyada fors-major vəziyyət yaranmışdı. Və məlum oldu ki, Brüssel ekstern vəziyyətdə hadisələrə operativ reaksiya verməyə qadir deyil.  Əlbəttə ki, bu, Avropa üçün xoş yenilik olmadı, ancaq Aİ-nin həmin situasiyada acizliyini pandemiyanın gözlənilmədən başlaması və problemin qlobal xarakter daşıması ilə izah etmək olardı. İndi isə vəziyyət tamamilə fərqlidir. Pandemiyanın gözlənilməzlik effekti aradan qalxdıqca Avropa İttifaqı yenidən güclənməyə başladı: çünki bu qurumun ən yaxşı bacardığı strateji planlaşdırma, mürəkkəb proseslərin idarə olunması, vəsaitlərin yığılması və bölüşdürülməsi kimi məsələlər yenidən gündəmə gəlmişdi. Və Avropa hakimiyyəti bütün dünyaya bu tip təhlükələrlə necə mübarizə aparmaq lazım gəldiyini göstərəcəklərini bəyan etdi. Göstərdilər də... 

Bunun nəticəsi isə ən vacib fəaliyyət sahələrindəki uğursuzluqlardan ibarət oldu. Avropanın seçdiyi karantin strategiyası fiaskoya çevrildi, əhalinin vaksinasiyası ilə bağlı vəziyyəti isə yalnız bir kəlmə ilə ifadə etmək mümkündür – fəlakət. Avropanın dərs vermək istədiyi ölkələrdə vəziyyətin daha məqbul olmasının fonunda bu qitənin mənzərəsi bir az da acınacaqlı təsir bağışlayır. Bütün bunların mərkəzində isə Avropa hakimiyyətinin qəbul etdiyi səhv qərarlar dayanır. Bu Aİ-nin nüfuzuna bir il bundan əvvəlki pandemiya qarşısında acizlikdən daha çox zərbə vurur. Bu vəziyyətdə, Şərqi Avropa dövlətləri tərəfindən müstəqil hərəkət cəhdləri əhəmiyyət kəsb etməyə başlayır. Əlbəttə ki, onlar Aİ-nin ikinci dərəcəli üzvləri olduqlarının və koronavisrusa görə yardım ayrılan vaxt ən axırda yada düşəcəklərinin fərqindədirlər. Odur ki, oturub onları nə vaxt yada salacaqlarını gözləmək fikrində deyillər.

Brexit, eləcə də Polşa və Macarıstan səlahiyyətlilərinin getdikcə artan avroskeptizmi fonunda fors-major vəziyyət səbəbi ilə də olsa belə, bu cür ölkələrin siyahısının genişlənməsi Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir.

Təxminən altı il bundan əvvəl Avropa böyük bir entuziazmla özünə əməlli-başlı miqrasiya problemi yaratdı ki, onun nəticəsi hələ də aradan qaldırılmayıb. Beləliklə, pandemiyaya qarşı mübarizə Avropa siyasətində daha bir uğursuzluq yaratdı. Kifayət qədər qısa müddətdə ağır nəticələrə gətirib çıxaran strateji səhvlərə yol verildiyi ortaya çıxdı.

7
Teqlər:
Rusiya, peyvənd, strategiya, karantin, Avropa
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Nazirlər Kabineti

Nazirlər Kabineti 8 Marta görə qərarında dəyişiklik etdi

0
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

BAKI, 3 mart - Sputnik. Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.

0
Teqlər:
ictimai nəqliyyat, 8 Mart Beynəlxalq Qadınlar Günü, karantin, qərar, Nazirlər Kabineti