Dünya İqtisadi Forumu yazısı olan lövhə, arxiv şəkli

Davos forumu baş tutdu: "Nə etməli" sualının cavabları səsləndirildi

11
(Yenilənib 18:42 28.01.2021)
"Son 30 ildə bir sıra inkişaf etmiş ölkələrdə vətəndaşların yarıdan çoxunun gəlirlərində artım qeydə alınmayıb. Ancaq təhsil və səhiyyə xidmətlərinin dəyəri artıb. Özü də bilirsiniz nə qədər? Düz üç dəfə!"

BAKI, 28 yanvar — Sputnik, Dmitri Kosiryev. Diaqnoz qoymaq çətindir, ancaq dərman təyin etmək də asan iş deyil. Xüsusən də söhbət bütün dünyadan gedirsə və kainatın yalnız böhrana düşmədiyi, həm də qlobal dövrün dəyişməsini belə əzablı şəkildə keçirdiyi artıq hamıya aydındırsa...

Bu həftə keçirilən virtual Davos forumu öz qarşısına məhz belə bir məqsəd qoymuşdu: bütün planetin gözəl gələcəyinə gedən ortaq yolu tapmaq üçün ən yaxşıları və ən güclüləri bir yerə toplamaq. Orada çıxış edən çoxsaylı insan arasından bizim üçün ən maraqlı olanları bu fikirləri söyləyənlərdir: çıxış yolu var, sabahımız dünənimizdən pis olmamalıdır və dünya buna nail ola bilər. Çünki son vaxtlar "əvvəlki dünya artıq mövcud olmayacaq", "bizi dəhşətli gələcək gözləyir" kimi bədbin proqnozlarla çıxış edənlərə çox qulaq asmışıq. Elə Davosun təşkilatçısı Klaus Şvabı götürək… Amma bu barədə bir qədər sonra. İndi daha optimist çıxışlar haqqında danışaq…

Vladimir Putin də digər çıxışçılar kimi diaqnoz qoydu, əlbəttə ki, bunsuz mümkün deyil. Maraqlı alındı, çünki konkret rəqəmlər, faktlar səsləndirdi. Məsələn:

"Son 30 ildə bir sıra inkişaf etmiş ölkələrdə vətəndaşların yarıdan çoxunun gəlirlərində artım qeydə alınmayıb. Ancaq təhsil və səhiyyə xidmətlərinin dəyəri artıb. Özü də bilirsiniz nə qədər? Düz üç dəfə!"

Və yaxud başqa bir fakt… Bu dəfə Çinlə bağlı: "Əgər gündəlik adambaşına 5,5 dollar gəlir səviyyəsini götürsək (alıcılıq qabiliyyəti paritetində), Dünya Bankına görə, məsələn, Çində 1990-cı ildə 1,1 milyard olan daha az gəlirli insanların sayı son illərdə 300 nəfərə qədər azalıb".

Kişi Dünya İqtisadi Forumunun (DİF) loqotipinin qarşısından keçir, arxiv şəkli
© AFP 2021 / FABRICE COFFRINI

Sonra söhbət Rusiyanın üstünə gəldi: eyni statistika göstərir ki, gündəlik 5,5 dollar gəliri olan insanların sayı 1999-cu ildə 64 milyon nəfər idisə, indi təxminən beş milyon nəfərdir".

Putinin böhranla bağlı ümumi proqnozu belədir: 30-40 il işləyən əvvəlki model bərpa edilə bilməz, pandemiya böhranı fəlakəti sürətləndirdi.

"Dünyanın bir milyon insana və ya "qızıl milyard"a işləyən iqtisadiyyat modeli qurmaq yolunu tuta bilməyəcəyi artıq tamamilə aydındır. Bu, dağıdıcı mövqedir. Bu cür model davamlı ola bilməzdi".

Müalicə üsullarından danışmalı olsaq, Moskva qarşıdakı dövrdə hər bir millətin, cəmiyyətin yaşaması, mövcud olması üçün dörd aydın hədəf irəli sürdü:

Birincisi. İnsanın rahat yaşayış mühiti olmalıdır. Bunlar yaşayış yeri və əlçatan infrastrukturdur: nəqliyyat, enerji, kommunal xidmətlər və əlbəttə ki, ekoloji rifah.

İkincisi. Hər bir insan əmin olmalıdır ki, onun sabit gəlir və layiqli həyat səviyyəsini təmin edəcək işi var.

Üçüncüsü. Hər bir insan əmin olmalıdır ki, lazım gəldikdə yüksək keyfiyyətli və effektli tibbi yardım alacaq, səhiyyə sistemi, hər bir halda onun müasir tibbi xidmətə əlçatanlığını təmin edəcək.

Davos Forumunun ölkə və region üçün təsirləri necə olacaq
© Sputnik / Səbinə Əsədova / Taleh Mahmudov

Dördüncüsü. Ailənin gəlir səviyyəsindən asılı olmayaraq, uşaqlar layiqli təhsil almaq və öz potensialını reallaşdırmaq imkanına malik olmalıdırlar. Bu, müasir iqtisadiyyatın effektiv inkişafına zəmanət verməyin yeganə yoludur. Belə iqtisadiyyat üçün insanlar vasitə deyil, məqsəddir.

Bu, sosializmə oxşasa da, əslində bununla heç bir əlaqəsi yoxdur – istənilən sistemin, əgər o, bu sadə məqsədlərə, cəmiyyətlərin və dövlətlərin sadə mövcudolma mahiyyətinə riayət edərsə, yaşamaq şansı var.

Bu üç maddəyə dördüncüsünü də əlavə etmək olar: bir-birinizlə didişməyin, yoxsa dünya elə bu dəqiqə hamının hamı ilə döyüşdüyü müharibəyə məhkum olacaq. Bir də ki, dalaşmaq üçün artıq gecdir. Putinin də dediyi kimi, "Mərkəzləşdirilmiş, birqütblü dünya düzəni qurmaq üçün can atılan dövr artıq başa çatıb. Əslində, belə bir dövr heç başlamamışdı da. Sadəcə bu istiqamətdə müəyyən cəhdlər olmuşdu. Ancaq bu, artıq arxada qaldı. Belə inhisarçılıq öz təbiəti etibarilə bizim sivilizasiyamızın mədəni, tarixi müxtəlifliyinə ziddir".

Bundan sonra elə bir yeni era yaratmalıyıq ki, müxtəlif inkişaf mərkəzləri öz ibtidai modelləri, siyasi sistemləri, sosial institutları ilə dinc şəraitdə yarışa bilsin.

Davosda baş verənlərin pərdəarxası məqamları da çoxdur. Məsələn, Putin kimə müraciət edirdi? Bəs bu yaxınlarda Çinin lideri Si Tszunpin "eyni taleyə məhkum cəmiyyət" və onunla əməkdaşlıqdan danışarkən kimə üz tutmuşdu? Davosu bəşəriyyətin gələcək gedişatını göstərmək üçün özünə platforma hesab edən "qızıl milyard"a və nəhəng korporasiyalara? Yoxsa indiyə kimi əldə olunanları silib-süpürən gözlənilməz fəlakətlər dalğasını çarəsizliklə izləyən dünyanın 200-ə yaxın dövlətində yaşayanların mütləq əksəriyyətinə?

Burada yuxarıda vəd etdiyimiz kimi, Klaus Şvab məsələsinə qayıda bilərik. Şvabın "COVID-19: böyük yenilənmə" adlı kitabı Davos forumunun əsas mövzusuna qarşı birbaşa təxribat xarakteri daşıyır. Həm də təkcə ona deyil. Şvab öz kitabında qorxuducu səmimiyyətlə təxminən belə deyir: pandemiya bütün planeti, dövlətləri, cəmiyyətləri mənəvi cəhətdən əzmək, məhv etmək, qorxutmaq üçün yaxşı bəhanədir. İnsanlar karantində oturduqları, maska altında əziyyət çəkdikləri və bizim "dünya artıq əvvəlki kimi olmayacaq" şəklindəki moizələrimizə qulaq asdıqları vaxt biz – "qızıl milyard"ın intellektual liderləri bu dünyanı öz bildiyimiz kimi yeniləməliyik.

Düzdür, dünya əvvəlki kimi deyil, ondan da yaxşı olmalıdır. Və sən demə, bu dünyada Şvab kimilərdən fərqli olaraq, belə bir kainatı qurmağın yolunu göstərən ölkələr və insanlar da varmış...

11
Rusiyaya məxsus An-124-100 Ruslan təyyarəsi, arxiv şəkli

"Ruslan" An-124: Rusiya niyə bu avianəhənglərin istehsalını dirçəldir

260
Yanvarın ortalarında Bryansk bölgəsində Rusiya tarixində ilk dəfə Seşinski və Tver aviasiya alayları heyətlərinin birgə təlim uçuşları altı "Ruslan" An-124-100 strateji hərbi nəqliyyat təyyarəsinin eyni vaxtda iştirakı ilə reallaşdı.

BAKI, 5 mart — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Otuz ildən çoxdur ki, dünyadakı analoqları arasında ən nəhəng və mükəmməl ağır, uzun mənzilli hərbi-nəqliyyat təyyarəsi olan "Ruslan" An-124-ə Rusiyada modernləşdirilmiş görünüş və ikinci həyat veriləcək. Martın 2-də Aviastar-SP Ulyanovsk müəssisəsində keçirilən görüşdə müdafiə naziri Sergey Şoyquya "Ruslan" An-124 təyyarəsinin istehsalını bərpa etmək təklif olundu. 2004-cü ilə qədər Ulyanovsk təyyarə zavodu bu tip 56 təyyarədən 36-sını istehsal edib, 2020-ci ildə altı An-124 təyyarəsi bu müəssisədə təmir edilib və zavodun texnoloji səviyyəsi ən qısa vaxtda "Ruslan"ların seriya şəklində istehsalını həyata keçirməyə imkan verir.

Ulyanovsk təyyarə istehsalçılarının təklifini həyata keçirmək bir o qədər də asan məsələ deyil, çünki əvvəllər uzun illər Rusiya Federasiyası Müdafiə Nazirliyindən də belə bir təşəbbüs irəli sürülmüşdü. Ancaq hər dəfə layihənin gerçəkləşməsinə nəsə mane olurdu. Beləliklə, Ukrayna müəssisələri ilə əməkdaşlıq əsasında Ulyanovskda "Ruslan"ın istehsalını bərpa etmək barədə 2006-cı ildə qəbul olunmuş qərarı ixtisara salmalı oldular, çünki Ukrayna tərəfi 8 il idi ki, təyyarələr üçün mühərriklərin tədarükünü təmin etmirdi.

Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyində belə hesab edirdilər ki, An-124 təyyarələrinin istehsalına kəskin ehtiyac yoxdur, çünki mövcud parkın təmiri "Ruslan"ların 2040-cı illərin sonuna qədər istismar edilməsinə imkan verir (istismar müddəti 50.000 saat, 10.000 uçuş və ya 45 ildir). Digər tərəfdən, eyni qurum Rusiyanın An-124 təyyarəsinin analoqu olan ağır nəqliyyat təyyarələrinin 2020-ci ildən sonra istehsalına icazə verib. "Ruslan"lar və Rusiya Hərbi Nəqliyyat Aviasiyası (HNA) üçün, bəlkə də, məhz indi yeni perspektivlər açılmağa başlayıb.

Son illərin Suriyada, Qarabağda və planetin digər qaynar nöqtələrindəki həyəcanlı hadisələri qoşunların, silahların və materialların operativ köçürülməsi üçün ağır hərbi nəqliyyat aviasiyasının vacibliyini bir daha təsdiqlədi. Xatırladaq ki, baza hərbi nəqliyyat vasitəsi olan "Ruslan" 850 km/saat sürətlə 120 ton yükü (80 tonluq yüklə maksimum məsafə 7500 km-ə qədər uzanır) 4800 km-ə qədər məsafəyə daşımağa qadirdir. Təyyarənin Amerika istehsalı olan analoqu Lockheed C-5 Galaxy yükdaşıma qabiliyyətinə görə ondan əhəmiyyətli dərəcədə geri qalır. Bununla belə, Rusiya Federasiyası Müdafiə Nazirliyi cəmi 10 ədəd An-124 təyyarəsini istismar edir. Yeni çağırışlar və təhdidlər HNA-nın kəmiyyət və keyfiyyət artımını tələb edir.

Tarixdə ilk dəfə

Suriyada çətin hərbi-siyasi vəziyyət davam edir. Situasiya mobil möhkəmlənmə tələb edə bilər, bu səbəbdən də Suriya ərazisində Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat aerodromları şəbəkəsi genişləndirilir. Amerikanın "The Drive" nəşrinin yazdığına görə, Xmeymimdəki uçuş-enmə zolağının uzunluğu 3,2 km-ə çatdırılıb ki, bu da "ağır yüklü" hərbi nəqliyyat təyyarəsi olan "Ruslan" An-124-ü qəbul etməyə imkan verir.

Bir qədər əvvəl hərbi nəqliyyat aviasiyası (An-124 təyyarələri də daxil olmaqla) operativ şəkildə Rusiyadan Ermənistana Dağlıq Qarabağdakı sülhməramlı kontingentin tərkibinə daxil olan 1960 hərbi qulluqçunu standart silah və texnika ilə (90 zirehli transportyor 380 ədəd avtomobil və xüsusi texnika) birlikdə daşıdı. HNA-nın bu tip əməliyyatlarına əvvəlcədən hazırlaşmaq, ehtiyat təyyarələrə, ekipajlara, marşrutlara və aerodromlara sahib olmaq lazımdır.

Yanvarın ortalarında Bryansk bölgəsində Rusiya tarixində ilk dəfə Seşinski və Tver aviasiya alayları heyətlərinin birgə təlim uçuşları altı "Ruslan" An-124-100 strateji hərbi nəqliyyat təyyarəsinin eyni vaxtda iştirakı ilə reallaşdı. Uçuşların məqsədi hərbi hissələrin şəxsi heyətinin standart silah və hərbi texnika ilə uzun məsafələrə eyni vaxtda köçürülməsində ekipajların bacarıqlarını artırmaq idi. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, altı ədəd "Ruslan" təyyarəsi 3000-dən çox hərbçini və ya 48 zirehli texnika vahidini göyərtəsinə götürə bilər.

Qəfil hərbi qarşıdurma vəziyyətində Rusiya Federasiyası ərazisinə yerləşdirilən qoşunlar vahid bir orqanizm kimi hərəkət etməli, vəziyyətdəki hər hansı bir dəyişikliyə dərhal reaksiya verməlidir. Bunun üçün onlarla və yüzlərlə HNA təyyarəsi tələb oluna bilər. Deməli, yaxın gələcəkdə Ulyanovsk təyyarə zavodunun işi artacaq.

İkinci həyat

"Ruslan" An-124-100 təyyarəsi 120 tondan çox yükü havaya qaldırmağa qadirdir (880 nəfərlik hərbi heyət və ya dörd Mi-8 helikopteri, yaxud da 18 metrlik bir raket və ya 18 maşın). Müdafiə Nazirliyindən başqa, Rusiyanın müxtəlif strukturlarında daha 20 belə təyyarə istismar olunur ("224-cü Uçuş Dəstəsi" Dövlət Hava Yolları şirkəti, "Volqa-Dnepr" şirkəti). Müqayisə üçün bildirək ki, Ukraynanın Antonov Hava Yollarında cəmi 7 belə təyyarə var.

Əlbəttə ki, Rusiyada An-124 tipli ağır nəqliyyat vasitələrinin sayı get-gedə artacaq. Yəqin ki, rəqəmsal modernləşdirmə, Rusiyanın yeni mühərrikləri NK-32 və ya PD-14, avionikada və şassi dizaynındakı ciddi dəyişikliklər ağır hərbi nəqliyyat təyyarəsinin fərqli bir ad altında buraxılmasına gətirib çıxaracaq. Məsələn, NATO çoxdan An-124-ə "Kondor" adını verib. Ulyanovskdakı zavodda ağır hərbi nəqliyyat təyyarələrinin istehsalını canlandırmaq üçün keçilməz maneələr mövcud deyil.

Ukraynanın Antonov dövlət müəssisəsi istehsalın bu ölkənin iştirakı olmadan reallaşmasını mümkün hesab etmir. Ancaq əvvəllər Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi bəyan edib ki, Antonov An-124 təyyarələrinin sertifikat sahibi olaraq Rusiyada təyyarələrin uçuş qabiliyyətini qorumaq üçün öz öhdəliklərini yerinə yetirmir və bu prosesdə Rusiya sənayesinin iştirakı qaçılmazdır.

"Aviastar-SP" Ulyanovsk müəssisəsi artıq xeyli müddətdir ki, "Ruslan" təyyarələrinin An-124-100 (VTA versiyası) və An-124-100-150 (maksimum yük - 150 ton) tiplərinə texniki xidmət göstərir və modernləşdirmə işləri aparır. Sovet konstruksiya ideyalarını "özəlləşdirmək" cəhdləri nəticə vermir, Kiyevin An-124-ün "Ukrayna mənşəli" məhsul olduğu ilə bağlı müasir tezisləri isə tənqidlərə davam gətirmir.

An-124 təyyarəsi Sovet İttifaqında Voronej, Ulyanovsk, Kiyev aviasiya müəssisələrinin əməkdaşlığı nəticəsində yaradılıb. Sovet Ordusu tərəfindən 1991-ci ildə silahlanmaya qəbul edilib. Əvvəlcə müstəqil Ukraynanın sahib olmadığı qitələrarası ballistik raketlərin havaya qaldırılması üçün nəzərdə tutulmuşdu. 56 "Ruslan"dan 36-sı Ulyanovskda istehsal edildi və təsadüfi deyil ki, hazırda Ukraynanın Antonov şirkətinin dörd adda məhsulunun siyahısında An-124 mövcud deyil.

Ukrayna təyyarə sənayesinin vəziyyəti bu qanadlı nəhənglərin istehsalı ilə bağlı yalnız xəyal qurmağı imkan verir. Texnoloji deqradasiya – Rusiya ilə ənənəvi əlaqələri birtərəfli qaydada pozan bütün postsovet ölkələrinin etibarlı "ortağıdır". Yeri gəlmişkən, dünya şöhrətli Sovet təyyarə dizayneri Oleq Antonov Moskva quberniyasında doğulub, Saratov və Leninqradda təhsil alıb və konstruktor kimi Moskvada fəaliyyətə başlayıb. 1946-cı ildən etibarən Sibir Tədqiqat Aviasiya İnstitutuna rəhbərlik edib və həmin müəssisə 1952-ci ildə Kiyevə köçürülüb.

260
Vaşinqtonda Kapitoliyə mənzərə, arxiv şəkli

Demokratiya öyrədəcəklər: ABŞ müdaxilə üsullarını müəyyənləşdirdi

8
(Yenilənib 19:52 05.03.2021)
"Bölgənin bütün mütləq monarxiyaları Çinin uğurunu təkrarlamaq – demokratik islahatlar olmadan iqtisadiyyatını inkişaf etdirmək istəyir. Bununla belə, onların hamısı demokratik ölkə kimi görünmək məcburiyyətindədir".

BAKI, 5 mart — Sputnik, Sofya Melniçuk. Amerikalılar bundan sonra demokratiya uğrunda döyüşmək niyyətində deyil. Zaman müdaxilələrin və avtoritar liderlərin devrilməsinin işə yaramadığını göstərdi. Vaşinqton bundan dərs çıxardı və dünyanı dəyişdirməyə özündən başlamaq fikrindədir. RİA Novosti ABŞ-ın bundan sonra necə hərəkət edəcəyini araşdırıb.

Yeni dövran-yeni üsullar

ABŞ dövlət katibi Entoni Blinkenin Dövlət Departamentindəki rəsmi çıxışı boş zalda baş tutsa da, böyük səs-küy yaratdı. Amerika diplomatiyasının rəhbəri sonradan milli təhlükəsizlik strategiyası ilə möhkəmləndiriləcək xarici siyasətin əsas istiqamətlərini açıqladı.

Əslində, Blinken təzə bir söz demədi. O da, prezident Co Bayden də son aylarda eyni məsələləri bir neçə dəfə təkrarlayıblar. Bununla belə, diqqət çəkən məqamlar da oldu.

"Bizim yanaşmamız dəyişəcək. Artıq yüksək xərc tələb edən hərbi müdaxilələr və ya avtoritar rejimləri zorla devirmək cəhdləri ilə demokratiyanı təşviq etməyəcəyik", – deyə dövlət katibi vurğuladı. O etiraf etdi ki, bu cür üsullardan ən yaxşı niyyətlə istifadə olunsa belə, məqbul nəticəyə gətirib çıxarmadı. Üstəlik, "demokratiyanı təşviq etmək" sözləri mənfi çalar qazandı, çünki artıq amerikalıların özləri də buna inanmırlar.

Dünya dəyişib və yeni şəraitdə Vaşinqton öz diqqətini terror təhlükəsindən ayırıb rəqib dövlətlərə qarşı mübarizəyə yönəldəcək. "Demokratiyanı təşviq etməyə – bu hələ də ABŞ xarici siyasətinin imperativi olaraq qalır – özümüzdən başlamalıyıq, əks halda ideallara bağlılığımıza şübhə toxumları səpmək üçün hər fürsətdən istifadə edən Çin və Rusiya kimi rəqiblərin əlinə fürsət vermiş olarıq. Onların işini asanlaşdırmağa ehtiyac yoxdur", – deyə amerikalı diplomat fikrini tamamlayıb.

Belə bir nümunə

Ötən il ölkə çətin sınaqlara məruz qaldı. Birinci, ikinci dünya və Vyetnam müharibələrindən daha çox amerikalının ölümünə səbəb olan koronavirus pandemiyası səhiyyə sahəsindəki bərabərsizliyi ortaya qoydu. Polis vəhşiliyi və qaradərililərin öldürülməsi səbəbindən yaranan irqi ayrı-şeçkiliyə qarşı etirazlar cəmiyyətdəki sistematik irqçilik problemini bir daha qabartdı.

Prezident seçkisi isə son on ilin ən qalmaqallı kampaniyası oldu. Donald Tramp hələ də nəticələrin saxtalaşdırıldığını iddia edir.

Bu, fundamental dəyərlərdən uzaqlaşmağa gətirib çıxardı: yanvarın 6-da seçki nəticələrinin təsdiqlənməsi zamanı qara güruh Konqres binasına basqın etdi. Yeni prezident Co Bayden təcili olaraq ölkədaxili birliyi bərpa etməli və ilk növbədə amerikalıların özünə ABŞ-ın hələ də demokratiyanın beşiyi olduğunu göstərməli idi.

"ABŞ-ın demokratiya nümunəsi göstərməklə bağlı ciddi problemləri var. Bu ölkəyə seçiciləri səfərbər etmək üçün ritorik alət lazımdır. Onlara ölkədəki vəziyyətin həll oluna biləcəyini göstərmək vacibdir", – ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Pavel Koşkin RİA Novosti-yə müsahibəsində belə deyib.

Koşkinin fikrincə, Blinkenin açıqlamaları müəyyən dərəcədə daxilə yönəlib: "Başqa dövlətlərdə qayda-qanun yaratmaq bir növ stimuldur: özümüzdən başlamalıyıq".

Demokratiyaya qarşı inkişaf

Bayden administrasiyası davamlı olaraq əsas strateji rəqibinin Çin və onun inkişaf modeli olduğunu vurğulayır. Vaşinqton məhz onun dəyişdirilməsinə nail olmaq istəyir.

Çin Xalq Respublikasının rəhbəri Si Tsinpinin də dediyi kimi, Pekin öz siyasi sistemini heç yerə ixrac etməyi planlaşdırmır.

"Bəzi ölkələrin, həqiqətən də Çin hökumət idarəetməsinin ayrı-ayrı elementlərinin idxalına ehtiyacı var" – Moskva Karnegi Mərkəzinin məsləhətçisi, çinşünas Temur Umarov belə deyir və buna misal olaraq ABŞ-ın nüfuzunun ildən-ilə azaldığı Orta Asiya dövlətlərini göstərir.

"Bölgənin bütün mütləq monarxiyaları Çinin uğurunu təkrarlamaq – demokratik islahatlar olmadan iqtisadiyyatını inkişaf etdirmək arzusundadır. Bununla belə, onların hamısı demokratik ölkə kimi görünmək məcburiyyətindədir. Bunsuz qlobal dünyada normal şəkildə mövcud olmaq mümkün deyil" , – deyə Umarov vurğulayır..

Buna görə də Mərkəzi Asiyada hamı ritorik səviyyədə islahatlardan, insan haqlarından dəm vurur, iş fakta gələndə isə Qərbi təqlid modeli olaraq görürlər. Əgər əvvəllər ən az bir ölkə (Orta Asiyanın demokratiya vahəsi sayılan Qırğızıstan) daha çox amerikasayağı əhval-ruhiyyəyə köklənmişdisə, indi bu ölkə də fikrini dəyişib və özünə başqa yol seçib.

Əgər ABŞ Pekin kimi Orta Asiyada iqtisadi baxımdan daha fəal olsaydı, onda bölgədəki mövqeyini möhkəmləndirə bilərdi. Umaravun fikrincə, bunsuz ideoloji baxımdan böyük təsirə nail olmaq mümkün deyil.

Unudulmamış keçmiş

Yeni administrasiyanın bu yanaşmasına hələ Barak Obamanın hakimiyyət dövründə başlanılmışdı. "Obama doktrinası" Amerikanın xaricdəki hərbi mövcudluğunun məhdudlaşdırılmasını nəzərdə tuturdu. Hələ o zaman demokratlar bu nəticəyə gəlmişdilər ki, hərbi metodların bir o qədər də effekti yoxdur və demokratiyanı müdaxilələr, istilalar və dövlət quruculuğu yolu ilə deyil, yumşaq güc tətbiq etməklə genişləndirmək lazımdır.

Ancaq 44-cü prezident bunun öhdəsindən gələ bilmədi: 2011-ci ildə ABŞ Liviya hökumət qüvvələrinə hava zərbələri endirdi. Obama daha sonra bu qərarın, heç şübhəsiz, doğru olduğunu bildirdi, bununla belə, Vaşinqton nəticələrə hazır deyildi. Liviya xaosa qərq oldu - Obama bunu prezidentliyi boyunca "ən dəhşətli səhv" adlandırdı.

"Yeni administrasiya cəhdləri davam edəcək və birbaşa hərbi müdaxilə istisna olmaqla, bütün metodları işə salacaq", – Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Məsələlər üzrə Kompleks Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov belə deyir.

Onun sözlərinə görə, əsasən, xarici yardım siyasətinə və qeyri-kommersiya təşkilatlarına vurğu ediləcək və "narıncı inqilab"lar daha aktiv şəkildə dəstəklənəcək. Suslov ABŞ-ın Suriyada Bəşər Əsəd rejimi ilə birbaşa döyüşmədiyini, müxalifət qüvvələrinə kömək etdiyini xatırladaraq "bu hələ də məqbul vasitə olaraq qalır", – deyir.

İndi Vaşinqton Rusiyada, Belarusda, Venesuelada müxalifət nümayəndələrini müdafiə edir. Bundan əvvəl ABŞ Aleksey Navalnının işi ilə əlaqədar bəzi Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etmişdi. Svetlana Tixanovskaya Amerika səfiri ilə Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı məhdudlaşdırıcı tədbirləri müzakirə etmişdi. Lap bu yaxınlarda isə Blinkenin Venesuela müxalifətinin lideri Xuan Qaydo ilə telefon danışığı olub. ABŞ Çində və İranda qərbyönümlü qeyri-kommersiya təşkilatları və dissidentlərə kömək edir.

Suslovun sözlərinə görə, vətəndaş müharibəsində tərəflərdən birinə dəstək vermək siyasi böhranı qızışdırmaq deməkdir. İnformasiya siyasəti, təşviqat, xalq diplomatisiyası. Sanksiyalar həm də demokratiyanın yayılması üçün mühüm vasitədir: qurtulmaq istədikləri elitanı vururlar. Ancaq İraq və Liviyadakı kimi əməliyyatlar bir daha olmayacaq.

Tarix göstərir ki, yalnız şəxsi nümunə əsasında demokratiya qurmaq problematik məsələdir, bu hətta xarici layihələrə pul ayırmaqdan da çətindir. Buna görə də, çox güman ki, müttəfiq güclərin maddi dəstəyi Dövlət Departamentinin əsas alətinə çevriləcək.

8
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0