Противоракетный комплекс Пэтриот, фото из архива

Amerika "Patriot"u yəmənlilərin üsyançı dəstələri ilə niyə bacarmır

43
(Yenilənib 00:15 29.01.2021)
Son vaxtlar hava hücumundan müdafiə sistemlərinin əlavə olaraq "Patriot" zenit raket kompleksləri ilə "gücləndirilməsi" belə gözlənilən nəticəni vermir.

BAKI, 28 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Amerika hava hücumundan müdafiə sisteminin texnoloji və konseptual böhranı yeni faktlarla təsdiqlənir. Səudiyyə Ərəbistanı son üç gündə iki dəfə Yəmən tərəfindən ballistik raket hücumuna məruz qalıb və növbəti dəfə ABŞ istehsalı olan "Patriot" zenit raket kompleksinin (ZRK) hava müdafiə sahələri husilərin raket hücumlarına reaksiya verməyib.

Yanvarın 23-də və 26-da Yəmən üsyançıları Səudiyyə Ərəbistanının zərbələrinə yenidən ballistik raketlərin (müxtəlif mənbələrə görə, İran və ya yerli istehsala məxsus) yaylım atəşi ilə cavab veriblər. Dörd orta mənzilli raketin hamısı təxminən 1000 km məsafəni, "Patriot" yerləşdirilmiş altı rayonu (ikisi Yəmənlə sərhəddə və dördü Səudiyyə Ərəbistanının mərkəzində) uğurla keçib və demək olar, ən son anda Ər-Riyad yaxınlığındakı "Terminal High Altitude Area Defence" (THAAD) sistemləri tərəfindən vurulub.

26 yanvar tarixində KİV-lər ballistik raketlərdən birinin düz paytaxtın üzərində zərərsizləşdirildiyi və diplomatik ərazidə baş verən partlayış barədə məlumat yaydı. Beləliklə, son vaxtlar hava hücumundan müdafiə sistemlərinin əlavə olaraq "Patriot" zenit raket kompleksləri ilə "gücləndirilməsi" belə gözlənilən nəticəni vermədi.

2020-ci il noyabrın 23-də husilər Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən "Saudi Aramco" dövlət neft və qaz şirkətinin paylama stansiyasına "Qüds-2" raketləri atdılar. 2019-cu ilin dekabrında isə Yəmənin raket zərbəsi ilə Nəcran vilayətindəki hərbi şəhərcik dağıdıldı.

Həmin ilin sentyabrında üsyançılar "Saudi Aramco"nun bir sıra obyektlərinə qanadlı raketlər və dronlarla hücum etdilər ki, nəticədə də Səudiyyə Ərəbistanında neft istehsalının, demək olar ki, 60 faizi müvəqqəti olaraq dayandı.

2019-cu ilin avqust ayında Cizan hərbi hava limanı husilər tərəfindən ballistik raketlərlə hücuma məruz qaldı. Bütün bu hadisələr zamanı "Patriot" zenit raket kompleksi (ZRK) əsasında qurulan hava hücumundan müdafiə sistemi Səudiyyə Ərəbistanının strateji obyektlərini qoruya bilmədi.

Yüksək qiymətlər və texnologiyalar

"Patriot" çoxməqsədli (universal) ZRK-sı mövqelərin raket əleyhinə müdafiəsi, aerodinamik hədəflərin aşkarlanması və məhvi üçün nəzərdə tutulub. Döyüş şəraitində hədəfi vurma ehtimalı təxminən 50 faizdir (hər hədəf üçün ən azı iki raket tələb olunur).

PAC-1 və PAC-2 modifikasiyalarının "Patriot" ZRK-nın qəlpə döyüş başlığı hədəfə dəysə belə, R-17 və ya "Skad" tipli texnoloji cəhətdən köhnəlmiş ballistik raketləri məhv etmək gücündə deyil. "Patriot" ZRK-nın bir batareyasının dəyəri isə 600 milyon dollaradır.

Ötən illərin hərbi qarşıdurmaları "Patriot" kompleksinin hətta amerikalıların əlində olanda belə özünü doğrultmadığını göstərdi. Belə ki, Pentaqonun məlumatına əsasən, 2020-ci ilin yanvar ayında İraqda 100-dən çox Amerika əsgəri İranın raket zərbələri nəticəsində həlak olub. ABŞ-ın xaricdəki hərbi bazasında, ümumiyyətlə, hava hücumundan müdafiə sisteminin olmadığını təsəvvür etmək isə çətindir. Texnoloji deqradasiyanın şahidi oluruq. "Patriot" hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi imkanları isə tükənib, çünki dizayn konseptual olaraq köhnəlib.

İsrailin Raket Hücumundan Müdafiə Təşkilatının sabiq direktoru Uzi Rubin deyir ki, Amerika hava hücumundan müdafiə sisteminin Səudiyyə Ərəbistanında iflasa uğramasının səbəbi "Patriot"un yalnız üfüqün üzərindəki hədəfləri aşkarlaması, daha aşağıdan uçan hədəfləri "görməməsi" ilə bağlıdır. Rubin "Patriot"a layiqli alternativ tövsiyə edir: Rusiyanın aşağıdan uçan, hətta yerdəki hədəfləri belə məhv etməyə qadir "Pantsir S-1" Zenit Raket Kompleksi. Ər-Riyad ABŞ-ın qadağalarına baxmayaraq bu tövsiyəyə əməl etdi və Suriyada sınaqdan çıxarılmış raketdən müdafiə sistemini aldı. 150 km-ə qədər müdafiə xəttində "Pantsir"in rəqibi yoxdur, əlbəttə, əgər Rusiyanın S-350 "Vityaz" hava müdafiə sistemini nəzərə almasaq...

Bir qədər bundan əvvəl ABŞ Dövlət Departamenti THAAD sistemlərinin (44 qurğu, 360 raket və yeddi radardan ibarət) Səudiyyə Ərəbistanına 15 milyard dollara tədarük edildiyini təsdiqləmişdi. Ancaq indi belə məlum olur ki, Səudiyyə Ərəbistanının bir ətək pul töküb aldığı kompleks təhlükəsizliyə zəmanət vermir.

Amerikanın ən müasir raket əleyhinə sistemi THAAD kompleksinin işi hədəfi vurmaq üçün aparat vahidinin kinetik enerjidən istifadəsi üzərində qurulub. Ənənəvi döyüş başlığı yoxdur, bir raket trayektoriyası dəqiqliklə müəyyənləşdirilmiş yalnız bir hədəfi məhv edə bilər.

THAAD-ın təsir məsafəsi 200 km-ə qədərdir, buna baxmayaraq "yüksək dərəcədə ixtisaslaşmış" bu kompleks aerodinamik hədəflərə - pilotsuz təyyarələrə və qanadlı raketlərə qarşı mübarizədə effektli deyil. Bu, obyektiv olaraq, Amerikanın hava hücumundan müdafiə sisteminin imkanlarını daraldır. Mütəxəssislərin fikrincə, THAAD sistemi husilərin kütləvi raket hücumunu dayandıra (kompleks üçə qədər orta mənzilli ballistik raket vurmaq gücündədir) bilməz.

Regional xüsusiyyətlər

Yəməndə 2014-cü ildən bəri hökumət qüvvələri ilə "Ənsarullah" şiə hərəkatının üzvləri arasında vətəndaş müharibəsi gedir. Hökumət qüvvələri 2015-ci ilin mart ayından (BMT-nin sanksiyası olmadan) Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrinin hərbi koalisiyası tərəfindən dəstəklənir. Husilərə isə şiə ölkəsi olan İran yardım edir.

"Ənsarullah"ın Ali Siyasi Şurası Yəmən ərazisinin təxminən 20 faizinə nəzarət etsə də, ölkə əhalisinin 70 faizindən çoxu bu ərazidə məskunlaşıb. Husilərin praktik olaraq daimi dislokasiya üçün hərbi bazaları yoxdur, onları ərəb koalisiyasının təyyarələri məhv edə bilər. Bununla belə, üsyançı dəstələr dağ mağaraları və yeraltı tunel şəbəkələrindən istifadə edərək davamlı şəkildə hərəkətdədir. Əldəqayırma sahil raket sistemləri düşmən gəmilərini müəyyən məsafədə dayanmağa məcbur edir.

Səudiyyə Ərəbistanı Qərb istehsalı olan müasir silahlara malikdir. Yəmənli üsyançılar isə İran istehsalı olan raketlərdən və S-75 zenit raket komplekslərindən (Şimali Koreya ilə müharibədən əvvəl tədarük edilmiş) – ballistik "Qaher" M-1 və "Qaher" M-2-dən istifadə edir.

İlk baxışdan belə təsir bağışlayır ki, nəhəng maliyyə mənbələri və müasir silah texnologiyaları Səudiyyə Ərəbistanının tərəfindədir və husilər məhvə məhkumdur. Reallıq isə ondan ibarətdir ki, müasir mobil THAAD sistemi belə Ər-Riyadı Yəmən üsyançılarının müntəzəm və məqsədyönlü zərbələrindən sığortalaya bilməz. Bu vəziyyətdə köhnə "Patriot" kompleksindən isə danışmağa heç dəyməz...

43
Yük maşınları, arxiv şəkli

Kommunikasiyaların açılması regiona yeni perspektiv vəd edir

14
(Yenilənib 18:06 24.02.2021)
Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik.  Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpüdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gələn yeni iqtisadi reallıqlar müzakirə edilib. Tədbirin Azərbaycan tərəfindən qonağı UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov bildirib ki, bu bəyanat uzun illərdir regionda iqtisadi əməkdaşlığın tormozlanmasına səbəb olmuş problemlərin aradan qalxması ilə yeni reallıqlar yaradıb:

“Təsadüfi deyil ki, münaqişənin ortaya çıxması tək Azərbaycan və Ermənistan arasındakı münasibətlərə deyil, eyni zamanda regional proseslərin inkişafına mənfi təsirini göstərdi. Uzun illər münaqişənin həllolunmaz qalması region ölkələrinin inkişaf prosesinin ləngiməsinə, bəzi hallarda dayanmasına gətirib çıxardı”.
© Sputnik
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü

Onun sözlərinə görə, üçtərəfli bəyanatda vurğulanan kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəalar tək keçmiş münaqişə tərəflərinin deyil, eyni zamanda bölgənin dinamik iqtisadi inkişafına əvəzsiz töhfə verəcək: “Münaqişənin davam etdiyi uzun illər ərzində kommunikasiyaların açılması hər zaman prioritet olub. Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə postsovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxımından əhəmiyyət kəsb edir”.

© Sputnik
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü

“Kommunikasiya əlaqələrinin açılması enerji, nəqliyyat layihələrinin daha sürətli icrasına imkan verəcək və regional sabitliyin təmin edilməsi ilə bölgəmizin iqtisadi cəlbediciliyi artacaq. Bu həm də region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə və İran kimi aparıcı güc mərkəzləri üçün də əhəmiyyətlidir. Biz dünyada baş verən proseslər fonunda regionallaşmanın ön planda olmasına nəzər yetirməliyik. Regionallaşmanın isə başlıca prinsipi region ölkələri arasında qarşılıqlı əlaqələrin dərinləşməsidir.

Yeni iqtisadi əməkdaşlıq platformalarının işə salınması proseslərə müsbət təsir göstərəcək. Bu baxımdan regionallaşmadan danışarkən kommunikasiyaların açılması çox önəmlidir. Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək. Amma bu prosesdə bizə həm də texnologiyaların idxalı lazım olacaq. Texnologiya şirkətləri üçün də bu bölgəyə maraq böyükdür və böyük perspektivlər vəd edir”, - professor bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dəstək ifadə edilib.

14
Çap maşını, arxiv şəkli

"Media haqqında" qanunda jurnalistləri gözləyir?

56
(Yenilənib 17:57 23.02.2021)
Jurnalist hüquqları ilə bağlı məsələlərin müəyyənləşdirilməsi və onun parametrlərinin qanunda dəqiq ifadəsi zəruridir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanundan fərqli olaraq "Media haqqında" yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək. Onun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək.

Bəs media nümayəndələri "Media haqqında" qanunda nələri görmək istəyir? Sputnik Azərbaycan mövzu ilə bağlı "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin fikirlərini öyrənib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, indiyə qədər qüvvədə olan "KİV haqqında qanun"a dəfələrlə dəyişikliklər edilsə də, o, bütün media sektorlarını əhatə etmir. Onun sözlərinə görə, yeni media elementlərinin jurnalistikaya daxil olması media ilə bağlı yeni qanunun qəbuluna ehtiyac yaradıb:

"Artıq yeni media strukturları formalaşıb, yeni anlayışlar və reallıqlar var. Bu qanun ilk növbədə medianın tənzimlənməsi, onun hüquqi statusunun müəyyən edilməsi üçün gərəklidir. Ənənəvi mediadan başqa elektron media və sosial media anlayışları həyatımıza daxil olub. Sosial media ilə bağlı da müxtəlif yanaşmalar özünü göstərir. Onun hansı hallarda media subyekti kimi dəyərləndirilməsi və hüquqi mexanizmləri ilə bağlı məsələlər açıq qalır. Hazırda media sahəsi sürətlə inkişaf edir. Buna müvafiq olaraq qəbul edilməsi nəzərdə tutulan yeni qanunda bir çox məsələlərin, həmçinin jurnalistin hüquqi məsuliyyət məsələlərinin əks olunacağını gözləyirik. Cəmiyyətin media ilə münasibətlərinin daha mükəmməl formada və yeni çağırışlara uyğun qurulması üçün qanunla bağlı aparılacaq müzakirələr önəmlidir".

Akif Aşırlı qeyd edib ki, qanunla bağlı həm yerli, həm də xarici ekspert rəylərinin alınması təmin edilməlidir. O bildirib ki, bu gün gündəmi müəyyənləşdirmək və ictimai rəyə təsir baxımından sosial media ənənəvi mediadan öndədir: "İndi sosial medianı hansı hallarda jurnalistika elementi hesab edib-etməməyimiz açıq qalır. Hesab edirəm ki, yeni qanun bütün media sektorunu əhatə etməlidir və burada yenidən hansısa bölgünün aparılmasına ehtiyac yoxdur".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirir ki, ötən illər ərzində media sektorunda həm kəmiyyət, həm də keyfiyyətcə böyük dəyişikliklər baş verib:

"Bu dəyişikliklər bir çox hallarda qanunda təsbit olunmadığı üçün boşluqların ortaya çıxdığını görürük. Bu baxımdan yeni qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu düşünürəm. Xüsusən də jurnalist hüquqları ilə bağlı məsələlərin müəyyənləşdirilməsi və onun parametrlərinin qanunda dəqiq ifadəsi zəruridir. Dövrümüzün reallığı olan onlayn media sahəsində məsuliyyət çərçivəsinin müəyyənləşdirilməsi vacibdir. Eyni zamanda media sahəsində əmək qanunvericiliyi ilə bağlı müddəaların yenilənməsi də ehtiyac duyulan dəyişikliklərdəndir".

"Açıq deməliyik ki, köhnə qanunun qəbul edildiyi dövrdən keçən müddət ərzində baş verən dəyişikliklər onun çərçivələrindən kənarda qalır və yenilikləri tənzimləmək üçün mövcud qanun yetərsiz qalır. Ona görə də yenilikləri nəzərə alaraq bütövlükdə medianı özündə ehtiva edən qanuna ehtiyac var. Bu gün jurnalist vəsiqəsi daşıyan hər kəs özünü jurnalist hesab edir. Xüsusən də sosial şəbəkə aktivlərinin özünü jurnalist sayması kimi anormal bir vəziyyətlə qarşılaşmışıq. Ona görə də müxtəlif media seqmentlərində çalışan jurnalistlərin hüquqi statuslarının yeni qanunda ifadə olunmasına çox böyük ehtiyac duyulur", - deyə A.Quliyev qeyd edib.

 

56
Tələbələr, arxiv şəkli

Qızlar oxumaqda oğlanları üstələdilər

0
(Yenilənib 20:46 24.02.2021)
Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.

BAKI, 24 fevral — Sputnik. Dekabrın 19-da onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri Təhsil İnstitutu tərəfindən təhlil edilib. 

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.

Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.

0
Teqlər:
Təhsil Nazirliyi