Topol M raketi

Rusiya ABŞ arasındakı problem həll olundu

31
(Yenilənib 17:58 27.01.2021)
Məsələnin belə sürətli həlli Trampın hakimiyyəti dövründə olduğu kimi, sabitləşmə mexanizmlərini məhv etmək yox, gələcəkdə silahlanma yarışını cilovlayacaq yeni mexanizmlər yaratmağa rəvac verəcək".

BAKI, 27 yanvar — Radio Sputnik. Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Moskva ilə Vaşinqton Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) Putinin irəli sürdüyü şərtlər daxilində uzadılması barədə razılığa gəliblər. Hərbi politoloq Andrey Koşkin Sputnik radiosunun efirində bu məsələni şərh edib.

Rusiya Federasiyası və ABŞ SHS-3 müqaviləsini Moskvanın şərtləri daxilində uzatmaq qərarına gəliblər. Bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

"Bizim şərtlərimizlə: 5 illiyə, hər hansı bir ilkin şərt və əlavə olmadan", – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə telefon danışığı olub. Söhbət əsnasında tərəflər sözügedən müqavilənin müddətinin uzadılması barədə razılığın əldə olunmasına dair fikir mübadiləsindən razı qaldıqlarını ifadə ediblər.

Ağ Evdən verilən məlumata görə, Baydenlə Putin müqavilənin 5 fevrala qədər uzadılması üçün öz əməkdaşlarına bu məsələ ilə bağlı işləri sürətləndirməyi tapşırıblar.

Rusiya Dövlət Dumasının məlumatına görə, Putin sənədi ratifikasiyaya göndərib. SHS-3 müqaviləsinin uzadılması barədə razılaşmada müddətin daha 5 il, yəni 2026-cı ilin fevral ayının 5-nə kimi uzadılması nəzərdə tutulur.

Dumanın beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski bildirib ki, Dövlət Duması qanun layihəsinə çərşənbə günü keçiriləcək plenar iclasda baxacaq.

Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının rəhbəri Andrey Koşkin Sputnik radiosunun efirində qeyd edib ki, iki ölkə liderlərinin məsələ ilə bağlı belə sürətli qərar qəbul etməsi öz faydasını verəcək.

"Bu günlərdə ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı nəticəsində Vaşinqton SHS-3 müqaviləsinin uzadılması ilə bağlı Moskvanın irəli sürdüyü şərtləri qəbul etdi. Yəni, müqavilə əlavə şərt olmadan uzadılacaq. Hər iki tərəf razılaşmanın ratifikasiyası üçün mexanizmi işə saldığına görə artıq müqavilənin uzadılmasının baş tutacağını söyləmək olar. Necə deyərlər, məsələ həll olundu. Belə hesab edirəm ki, problemin sürətlə həll edilməsi, ilk növbədə, bütün dünyada stabilliyin təmin olunmasına müsbət təsir göstərəcək. Gələcəkdə də ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyəti dövründə olduğu kimi, sabitləşmə mexanizmlərini məhv etməyə deyil, silahlanma yarışını cilovlamağa gətirib çıxaracaq yeni mexanizmlər yaratmağa rəvac verəcək", – deyə Andrey Koşkin vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında SHS-3 müqaviləsi 5 fevral 2011-ci il tarixində qüvvəyə minib. Müqavilə hər iki tərəfin qarşıdakı yeddi ildə və gələcəkdə ümumi silah sayının 700 qitələrarası ballistik raket, həmçinin sualtı qayıq və ağır bombardmançı təyyarələrdəki ballistik raketlər, 1550 döyüş başlığı və 800 raket-buraxılış qurğusu ilə məhdudlaşdırılmasını nəzərdə tutur. Sözügedən müqavilə hazırda Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılmasına dair yeganə qüvvədə olan sənəddir və onun müddəti 2021-ci il fevral ayının 5-də başa çatır.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2020-ci il oktyabrın 16-da mövcud müqavilənin heç bir əlavə şərt irəli sürülmədən bir il uzadılması barədə təkliflə çıxış etmişdi. Rusiya XİN-dən məsələyə münasibət bildirilərkən əlavə etmişdilər ki, Moskva yalnız müqavilənin uzadılmasını deyil, həm də ABŞ-la birlikdə öz üzərinə nüvə başlıqlarının sayını dondurmaq barədə bir illik öhdəlik götürməyi təklif edib.

Moskva ABŞ tərəfindən əlavə tələblər irəli sürülmədiyi təqdirdə bu barədə qərar qəbul etməyin mümkün olacağını vurğulamışdı.

Vaşinqton isə öz növbəsində Çinin müqaviləyə qoşulmasını təkid etmiş, ancaq sonradan ABŞ-ın bu niyyətindən əl çəkdiyi məlum olmuşdu.

31
Məhəmməd Bin Salman, şahzadə, arxiv şəkli

ABŞ ərəbləri cəzalandırmaq qərarına gəlib: Rusiya İran bundan qazanacaq?

21
(Yenilənib 21:40 02.03.2021)
Vaşinqton Səudiyyə Ərəbistanına sərt yanaşsa, avtomatik olaraq İranın əlinə oynamış olacaq. ABŞ Qaşıqçının qətlinin arxasında duranları cəzalandırmaq üçün buna getməyəcək.

BAKI, 2 mart — Sputnik, Sofya Melnuçuk, Qaliya İbrahimova. Səudiyyə Ərəbistanını ABŞ-la münasibətdə ağır dövr gözləyir. ABŞ kəşfiyyatı 2018-ci ildə öldürülən jurnalist Camal Qaşıqçının qətli ilə bağlı hesabat yayımlayandan sonra Ağ Ev yeni strategiyasını açıqladı: amerikalılar Yəməndəki müharibənin başa çatması və insan haqlarına hörmət olunmasında təkid edirlər. Vaşinqtonun bu məsələdə nə qədər uzağa gedə biləcəyi və Ər-Riyadın buna necə reaksiya verəcəyi barədə – RİA Novosti-nin növbəti məqaləsində.

Sanksiyaya məruz qalmayan şahzadə

Gözlənildiyi kimi, yeni açıqlamalar Amerika səlahiyyətlilərinin cümə günü elan etdikləri bəyanatlara bir növ əlavə oldu. ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Qaşıqçının öldürülməsi ilə bağlı 76 Səudiyyə Ərəbistanı vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq olunacağını bildirdi. Fərdi sanksiyalar Səudiyyə Ərəbsitanı Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri Əhməd əl-Əsiriyə də şamil olunacaq.

Kəşfiyyat Xidmətinin hesabatında bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edən "Vashinqton Post" qəzetinin yazarından intiqam alınmasında vəliəhd Məhəmməd bin Salmanın da əli olub. Belə ki, jurnalisti məhz onun razılığı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdiyi vaxt qaçıraraq daha sonra hissələrə parçalayıblar və indiyə kimi cəsədinin qalıqlarını görən olmayıb. Krallığın Xarici İşlər Nazirliyi ittihamları qəti şəkildə rədd edir. Buna baxmayaraq, vəliəhdə qarşı fərdi sanksiya tətbiq olunmayıb. Halbuki yeni prezident Co Bayden seçkiqabağı debatlarda Ər-Riyadla haqq-hesabı çürütməyə söz vermişdi. Və bu, bir sıra suallar doğurur.

"Fikrimcə, bütün ölkə ilə münasibətlərin bir insanla münasibətlərdən daha prioritet olduğunu anlamaq lazımdır", – Blinken məsələyə belə münasibət bildirmişdi. Onun sözlərinə görə, rəhbərlik Səudiyyə Ərəbistanı ilə münasibətlərini yenidən gözdən keçirir, ancaq bu əlaqələr hələ də əhəmiyyətini itirməyib və ABŞ-ın marağındadır. "Biz krallığın müdafiəsinə tərəfdarıq", – deyə Blinken əlavə edərək bildirib ki, məqsəd Ər-Riyadla münasibətlərin ABŞ-ın dövlət maraqlarına cavab verməsidir.

Dövlət katibi vurğulayıb: Ər-Riyadın amerikalılardan aldığı yardımların və Səudiyyə Ərəbistanının husilər hərəkatına qarşı prezident Əbu Rabu Mansur Hadinin hökumətini dəstəklədiyi Yəməndəki vəziyyətin fərqinə varması Ağ Ev üçün vacibdir. Başqa sözlə, Vaşinqton, Amerika silahlarından üçüncü ölkələrin döyüş meydanında istifadə edilməyəcəyinə əmin olmaq istəyir.

Hücum müdafiəsi

İki dövlət arasındakı münasibətlərin mərkəzində krallığın müdafiəsini təmin etmək öhdəliyi müqabilində Amerikanın neftə çıxış əldə etməsi dayanır. Səudiyyə Ərəbistanı ABŞ silahlarının ən böyük müştərisidir. Bu əməkdaşlıq hər iki tərəfin strateji maraqlarını təmin edir. Ancaq dəyərlər məsələsində - demokratiya və insan haqlarının qorunması ilə bağlı yanaşmalar bir-birindən fərqlənir.

Bu fikir ayrılığı Barak Obamanın hakimiyyət illərində özünü daha çox büruzə verirdi. Donald Trampın Ağ Evə gəlişi ilə münasibətlər istiləşdi. Bununla belə, Tramp hakimiyyətə gəlməmişdən qabaq nəinki ərəb tərəfdaşına bir o qədər də rəğbət bəsləmir, hətta ABŞ-ın "ərəb terroristlərinə kömək etmək niyyətində olmadığını" bəyan etmişdi. Ancaq sonradan necə oldusa, Trump ilk rəsmi ziyarətini Ər-Riyada etdi və onun səlahiyyət müddətinin sonunda ABŞ Dövlət Departamenti husiləri terror təşkilatı kimi tanıdı. Keçmiş prezident vəliəhdlə yaxın münasibətlərini, əsasən, kürəkəni və xüsusi müşaviri Cared Kuşner vasitəsi ilə davam etdirirdi. Qaşıqçının qətlinə dair hesabat isə Tramp administrasiya dövründə hazır olsa da, dərc edilməmişdi.

"Tramp, Vaşinqtonun öhdəliklərini azaltmaq üçün müttəfiqlərə investisiya yatırmağa arxalanırdı. Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün tərəfdaşlar daha da çox silah almalı və bölgələrdə baş verənlər üçün məsuliyyət daşımalı idilər", – deyə Qabaqcıl Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov izah edir. Onun sözlərinə görə, buna cavab olaraq ABŞ hərbi- siyasi himayədarlığı təmin edir və müttəfiqlər üçün vacib təşəbbüslərə yaşıl işıq yandırırdı.

"Trampın əleyhdarları indi nə deyirlər desinlər, vaxtilə hər iki tərəf də bu münasibətlər formulunu qəbul etmişdi. Qaşıqçı öldürüləndən sonra isə Demokratlar bu məsələyə görə Respublikaçıları tənqid hücumuna məruz qoydular. Onları Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasına məhəl qoymamaqda, Yəməndəki qəddar əməliyytalara diqqət yetirməməkdə günahlandırdılar. Prezidentin kürəkəni Kuşner ilə vəliəhd şahzadə arasında yaranan "isti münasibətlər"ə görə respublikaçıları qınadılar", – deyə Suçkov əlavə edir.

Demokratlara görə, bütün bunlar Məhəmməd bin Salmanda Vaşinqtonla hər hansı bir məsələni pulla həll edə biləcəyinə dair inam hissi formalaşdırıb.

Yeni administrasiyanın dövründə siyasi kursun dəyişməsi gözlənilirdi və artıq ilk addımlar atılıb. Bayden silah ixracatı da daxil olmaqla Yəməndəki hücum əməliyyatlarına dəstəyin artıq başa çatdığını bəyan etdi. Bildirdi ki, bu qərar 290 milyon dollarlıq üç min ədəd GBU-39 yüksək dəqiqlikli bomba və 478 milyon dollarlıq yeddi min Paveway IV bombasına da aiddir. Vaşinqton Yəmən münaqişəsini diplomatiya yolu ilə həll edəcəyini açıqladı. Bundan başqa, husilər fevral ayından etibarən terror qruplarının siyahısından çıxarıldı.

Yeni dövrə

Buna baxmayaraq, ekspertlərin fikrincə, iki ölkə arasındakı münasibətlərin tamamilə yenidən qurulacağını söyləmək olmaz. Yaxın Şərq üzrə mütəxəssis Aleksey Xlebnikov da bu fikri dəstəkləyir. Onun sözlərinə görə, iki ölkənin qarşılıqlı münasibətlərində strateji baxımdan heç bir dəyişiklik baş verməyəcək.

Rusiya Beynəlxalq Məsələlər Şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov da onunla həmfikirdir: "Münasibətlərdə düzəliş etməyə çoxdan ehtiyac var. Hələ Obamanın dövründən bəri amerikalılar energetika sahəsində xeyli irəlilədilər, dünyada neft istehsalında birinci yerə çıxdılar və Səudiyyə Ərəbistanına daha az ehtiyac duymağa başladılar. Yeni rəhbərlikdəki bəzi insanların ABŞ-ın xarici siyasətinə fərqli yanaşması var. Söhbət xarici siyasət məsələlərinin yenidən balanslaşdırılmasından gedir".

Məmmədov bölgələrarası dinamikada çox şeyin İranın nüvə anlaşmasından asılı olduğunu vurğulayır. Ər-Riyad ABŞ-ın Tehranla münasibətlərdə əsas tərəfdaşlarından biridir. Odur ki, Vaşinqton Səudiyyə Ərəbistanına sərt yanaşsa, avtomatik olaraq İranın əlinə oynamış olacaq. Və ABŞ Qaşıqçının qətlinin arxasında duranları cəzalandırmaq üçün buna getməyəcək.

Xlebnikov isə bildirir ki, son on ildə bölgədə bir sıra mühüm hadisə baş verib: "Tunis və Misirdəki üsyanlar, nəticədə Amerikanın Qahirəyə hərbi yardımını dayandırılması, nəhayət, İranla bağlanmış müqavilə".

Politoloqun fikrincə, bütün bunlar "Səudiyyə Ərəbistanı da daxil olmaqla krallıqları diplomatik portfellərini şaxələndirməyə, Rusiya və Çin kimi digər böyük dövlətlərlə əlaqələri gücləndirməyə məcbur edib".

Moskva Ər-Riyada silah da satır: ilk silah partiyasının tədarükünə 2017-ci il müqaviləsi çərçivəsində 2019-cu ildə başlanılıb. Həmin vaxt krallıq Rusiya ilə TOS-1A kompleksi, "Kornet-EM" tank əleyhinə sistem, AGS-30 qumbaraatanları və Kalaşnikov AK-103 avtomatlarının alınması, eləcə də yerli istehsalın təşkili barədə memorandum imzalamışdı. 2021-ci ilin əvvəllərində isə Səudiyyə Ərəbistanının Rusiyadan həm S-400 zenit raket kompleksləri, həm də Su-35 qırıcıları ala biləcəyi açıqlandı.

Məmmədov isə belə hesab edir ki, ölkələrin neft bazarındakı siyasətlərini əlaqələndirmələri də vacibdir: "Ər-Riyadın Moskva ilə münasibətlərində OPEC + sövdələşməsinin təsirini nəzərə almaq vacibdir. Bu hər iki tərəfin də qazanmasına imkan verdi. Çox praqmatik yanaşmadır, hamı fayda götürür - sən mənim üçün, mən də sənin üçün".

Onun sözlərinə görə Vladimir Putinin Səudiyyə Ərəbistanına və ya Kral Salmanın Rusiyaya səfərlərinə çox vaxt Vaşinqtonla oyunun bir aləti kimi yanaşılır.

Məmmədov belə hesab edir ki, krallıq Amerikaya bölgədə problem yaratmağa qadirdir. Ancaq hamı yaxşı bilir ki, ABŞ Ər-Riyad üçün son dərəcə əhəmiyyətlidir və bu cür manevrlər yalnız diqqət cəlb etməyin bir yoludur. Səudiyyə Ərəbistanında belə hesab edirlər ki, onların ABŞ-la münasibətləri hazırda Ağ Evdə kimin olmasından asılı deyil, çünki iki ölkənin qarşılıqlı münasibətləri fundamental xarakter daşıyır, on illər ərzində formalaşıb və hər cür dəyişikliyə tab gətirə bilər.

On illik əməkdaşlıq çox şeyə təsir edib: Səudiyyə Ərəbistanın demək olar ki, bütün elitası ABŞ-da təhsil alıb, ərəb rialı dollardan asılı vəziyyətdədir və hərbçilərin silahlandırılması və yetişdirilməsində Amerika təcrübəsinə əsaslanılır. Bütün bunları dəyişdirmək üçün uzun illər lazım gələ bilər. Buna görə xarici siyasət təmaslarının şaxələndirilməsi çox güman ki, yeni çoxqütblü dünyanın tələblərinə cavab verən taktiki gedişdən başqa bir şey deyil.

21
Roma Kolizeyi

Peyvənd olunmayanlar Avropaya gedə bilməyəcək?

747
(Yenilənib 17:26 01.03.2021)
Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

BAKI, 1 mart — Sputnik, Maksim Sokolov. Ancaq məsələ bununla bitmir. Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

Avropa İttifaqı (Aİ) diplomatik idarələrinin rəhbərlərinin iclasından sonra frau kansler Angela Merkel bəyan etdi ki, xarici işlər nazirlərinin iclasında peyvənd sertifikatının tətbiq olunması barədə razılığa gəliblər. Bu sənədsiz Aİ ölkələrinə səfər etmək mümkün olmayacaq. Düzdür, razılaşma hələlik prinsipial xarakter daşıyır, layihənin detalları üç aydan sonra açıqlanacaq. Amma doğrudan da, məsələnin təfərrüatlarına aydınlıq gətirməyə ehtiyac var. Hər şeydən əvvəl vaksinasiyaya əks-göstərişi olanların məsələsi aydın deyil.

Müvəqqəti əks-göstərişi olan, yəni yaxın vaxtlarda koronovirus infeksiyasına yoluxanların məsələsi az-çox başa düşüləndir. Digər yoluxucu xəstəliklərdə olduğu kimi bu halda da bir müddət gözləyəndən sonra peyvənd olunmaq mümkündür. Ancaq daimi xarakterli xroniki xəstəlikləri olanlar da var axı. Bəs həmin xəstəliklərdən əziyyət çəkənlər necə olsun? Yoxsa, xroniki xəstələrin onsuz da tezliklə öləcəyini nəzərə alıb heç narahat olmağa dəyməz? Necə deyərlər, insan yoxdursa, problem də yoxdur. Yaxud da xarici işlər nazirləri bu fikirdədirlər ki, ağır xronik xəstəliyi olanlar elə Avropaya gəlməsələr, yaxşıdır?!

Ancaq məsələ bununla da bitmir. Hazırda dünyada vaksin çoxdur, bundan sonra bir az da artacaq. Yaxşı bəs məhz hansı preparatla peyvənd olunanlara Aİ-nin sertifikatını əldə etmək imkanı veriləcək?

Yəqin ki, Pfizer/BioNTech", "Moderna", "AstraZeneca"-dan ibarət Avroatlantik üçlüyü ilə peyvənd olunanlar heç bir maneə ilə qarşılaşmayacaqlar. "Pfizer" peyvəndi ilə vaksinasiya olunmusansa, Avropaya buraxılış vərəqən hazırdır!

Rusiya istehsalı olan ("Sputnik V" və "EpivacCorona"), eləcə də Çinin ("Sinovac Biotech", "CanSino Biologics", CNBG — "Sinopharm") peyvənd prepatarları ilə bağlı vəziyyət isə daha qəlizdir. Çox güman ki, bu preparatlarla vaksinasiya olunanlar Brüsselin müvafiq orqanlarından Avropa sərhədini adlamaq üçün sertifikat ala bilməyəcəklər.

Qeyri-demokratik ölkələrin istehsal etdiyi peyvəndin faydası və ya zərəri yalnız tibbi deyil, həm də siyasi məsələdir. Bəs işə siyasət qarışanda nə baş verir? Biz bunun nəticələrini "Şimal axını-2" təbii qaz kəməri layihəsinin timsalında müşahidə etdik – guya Rusiyanın təbii qazı "Siklon-B"-dən yüz qat daha təhlükəlidir. Məlum məsələdir ki, həndəsi teoremlər insanların maraqlarına toxunarsa, onların uğrunda belə müharibələr aparılardı. Qeyri-demokratik ölkənin peyvəndini tanımamaqla həmin dövlət üçün xoşagəlməz hal yaratmaq mümkündürsə, bundan niyə istifadə etməsinlər ki?

Bu mənada Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bu yaxınlarda (fevralın 17-də) verdiyi açıqlamalar çox xarakterikdir: "Rusiyanın COVID-19-a qarşı peyvənd strategiyası şübhə doğurur. Niyə Rusiya nəzəri olaraq digər ölkələrə milyonlarla doza peyvənd təklif edir, lakin öz əhalisinin peyvənd olunması ilə bağlı kifayət qədər tərəqqiyə nail ola bilməyib? Bu suala cavab verilməlidir".

Onun "kifayət qədər tərəqqi" deyəndə nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Digər tərəfdən, avropalı məmurun bu mövzuya toxunması nə dərəcədə məqsədəuyğundur? Axı Avropanın özündə də bu sahədə "kifayət qədər tərəqqi" əldə olunmayıb. Yoxsa, Macarıstan "Sputnik V" peyvəndi almazdı, Çexiya, Avstriya, İtaliya bu barədə fikirləşməzdi. Əgər Avropada hər addımda "Pfizer" peyvənd köşkü olsaydı, onlar niyə Rusiyaya üz tuturdular ki?

Bəlkə də Frau Ursula 19-cu əsrin sonlarındakı taxıl ixracı təcrübəsinin yenidən canlandırılmasına görə qəzəblənib. Hazırkı Səhiyyə Nazirliyinin o zamankı maliyyə naziri Vışneqradskinin prinsiplərinə əməl edib-etmədiyini dəqiq söyləmək çətindir. Bunun Rusiya peyvəndinin effektivliyi məsələsi ilə nə əlaqəsi olduğunu anlamaq çətindir. Peyvənd ya effektlidir, ya da deyil, vəssalam. Rusiyanın öz əhalisinin peyvənd olunması sahəsində "kifayət qədər tərəqqi" əldə edib-etməməsi Brüsselin əsas problemi ola bilməz axı? Əgər siz nəyin bahasına olursa olsun, Rusiya peyvəndindən imtina etmək istəyirsinizsə, bu başqa məsələ!

Əlbəttə ki, hər şey Ursuladan və onun həmfikirlərindən asılı deyil. Avropada Rusiya ilə yolları bağlamaq istəyənlərlə yanaşı, başqa maraqları olan qruplar da var. Məsələn, gəlirləri kəskin şəkildə azalsa da, ruslar hələ də turist kimi xarici ölkələrə səfər edə biləcək maddi imkana sahibdirlər. Və pandemiya başlamazdan əvvəl turizmdən gələn gəlir bir çox Avropa ölkəsinin (İtaliya, Fransa, Yunanıstan və s.) Ümumi Daxili Məhsulunun 10-15 faizini təşkil edirdi. Bundan başqa, həmin ölkələrinin əhalisinin böyük bir hissəsinin məşğulluq problemi bu sahənin hesabına həll olunurdu. İndi bu ölkələrdə insanlar yatanda da yuxuda rus turistlərinin hesabına əvvəlki gəlirlərinin geri qayıtdığını görürlər. Ancaq ideoloji cəhətdən sabit fikirli xanım olan frau von der Lyaeyeni bu məsələ bir o qədər də maraqlandırmır, əsas odur öz pul kisəsi boş qalmasın...

 

747

Ermənistanda "ötür-ötür" oyunu: baş nazir həbs qərarı verir, prezident görüşür

0
Prezident Sarkisyan vurğulayıb ki, Silahlı Qüvvələr hər kəsin diqqət mərkəzində olmalıdır və ordu həmişə şəxsən onun nəzərində olacaq.

BAKI, 3 mart — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan bu gün bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Tərəflər ölkədəki gərgin vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, qəbul olunan qərarlardan asılı olmayaraq ölkənin təhlükəsizliyi və sabitliyi birinci dərəcəli əhəmiyyətə malikdir.

Prezident Sarkisyan vurğulayıb ki, Silahlı Qüvvələr hər kəsin diqqət mərkəzində olmalıdır və ordu həmişə onun şəxsən öz diqqətində olacaq.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

Paşinyan isə yarım saat sonra onu prezidentə, prezident də öz növbəsində Konstitusiya Məhkəməsinə yollayıb. Üstəlik, bu gün Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın həbs edilməsi barədə qərar qəbul edib.

0
Teqlər:
görüş, prezident, həbs, istefa, Baş Qərargah rəisi, Ermənistan