Xankəndində göyərçinlər, arxiv şəkli

"Azərbaycan erməni xalqları özlərini tarixi nifrət kursundan azad etməlidirlər"

89
(Yenilənib 11:45 12.01.2021)
Azərbaycan artıq rusiyalı sülhməramlıların monitorinqi altında insanlar və məhsulların Ermənistanla Qarabağ erməniləri arasında əlaqə yaradan Laçın dəhlizi vasitəsi ilə daşınmasına icazə verib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Nəqliyyat xətlərinin açılması potensialı regional əməkdaşlıq və daha yaxşı əlaqələr üçün imkanlar aça bilər. Azərbaycana Avropa ilə Asiya arasında böyük əlaqəyə töhfə vermək üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti, Trans-Xəzər fiber optik xətti kimi bir sıra nəqliyyat layihələri irəli sürüb və maliyyələşdirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin "Diplomatic World" dərgisində dərc olunan "Ermənistanla Azərbaycan arasında sülh və müharibə perspektivləri" başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə ötən ilin noyabrında Rusiyanın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanata toxunulur və bildirilir ki, 10 noyabr bəyanatında geniş təsirə malik bir sıra maddələr var və onlar tam icra edilərsə, regionda davamlı sülhə nail olmaq mümkündür. Fərid Şəfiyev bildirib ki, sözügedən müddəalar yerinə yetirilmədiyi təqdirdə regionda proseslər başqa məcrada inkişaf edə bilər.

Müəllif bəyanatda vacib nəqliyyat və kommunikasiya xətlərinin qurulmasına dair bəndə diqqət çəkir və bildirir ki, Azərbaycan artıq rusiyalı sülhməramlıların monitorinqi altında insanlar və məhsulların Ermənistanla Qarabağ erməniləri arasında əlaqə yaradan Laçın dəhlizi vasitəsi ilə daşınmasına icazə verib. Onun sözlərinə görə, eyni zamanda Ermənistan Mehri rayonundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında torpaq yolunun açılmasını təmin edəcəyinə söz verib:

"Nəqliyyat xətlərinin açılması potensialı regional əməkdaşlıq və daha yaxşı əlaqələr üçün imkanlar aça bilər. Azərbaycana Avropa ilə Asiya arasında böyük əlaqəyə töhfə vermək üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti, Trans-Xəzər fiber optik xətti kimi bir sıra nəqliyyat layihələri irəli sürüb və maliyyələşdirib. Bunun fonunda Azərbaycanın torpaqlarının işğalını uzun illər davam etdirən Ermənistan bu kimi layihələrdən, həmçinin neft və qaz layihələrdən təcrid olunub. Torpaq iddialarından əl çəkməklə Ermənistan bu təcrid olunmanı başa çatdıra bilər".

Fərid Şəfiyev qeyd edir ki, 10 noyabr bəyanatının vacib müddəalarından biri hələ də yerinə yetirilməyib. Belə ki, 4-cü paraqrafa əsasən, Ermənistan Silahlı Qüvvələri tamamilə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Lakin Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Ermənistan qüvvələri sərbəst hərəkət edir və Azərbaycan mövqelərinə hücumlar təşkil edir.

Müəllif bildirir ki, əslində uzun illər davam edən ədavətdən sonra region ölkələri arasında problemin belə asanlıqla həll olunmasını gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, Azərbaycan və erməni xalqı uzun müddətdir davam edən zorakılıq xəttini qırmalı və özlərini tarixi nifrət kursundan azad etməlidirlər. Bu baxımdan o, Rusiyanın da regional sülh və əməkdaşlıqdan faydalana biləcəyini vurğulayıb.

"2021-ci il region üçün sülh, yoxsa yenidən alovlanan münaqişə baxımından həlledici il olacaq. Bir şey dəqiqdir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərində nəzarəti həyata keçirmək üçün strateji səbr və qətiyyət nümayiş etdirdi və bunu gələcəkdə də davam etdirəcək",- deyə müəllif sonda vurğulayıb.

89
S-400 zenit-raket sistemi, arxiv şəkli

Rusiyanın S-400 sistemləri dörd ölkəni "ələ keçirdi": bəs sonra?

28
(Yenilənib 16:50 16.01.2021)
Əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək

BAKI, 16 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinin dinc yolla ekspansiyası Avrasiyanın yeni ölkələrini əhatə edir. Çin, Türkiyə, Hindistandan sonra Belarus Respublikası da hərbi hava və hava hücumundan müdafiə qüvvələrini "Triumf"larla yenidən silahlandırmağa hazırlaşır.

İraq, Qətər və Mərakeş (Afrika qitəsinin şimal-qərb hissəsi) də S-400 sistemlərini əldə etmək mərhələsindədir. S-400 zenit raket kompleksinin (ZRK) dünyada uğurlu inkişafının əsasında yaxın analoqlarının olmaması, misilsiz döyüş xüsusiyyətləri dayanır.

Yanvarın 14-də Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-mayor İqor Qolub ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "beşinci nəsil" F-22 və F35 döyüş təyyarələrinin döyüş qabiliyyətləri nəzərə alınmaqla xüsusi olaraq hazırlanmış hava hücumundan müdafiə bölmələrini ən son S-400 "Triumf" sistemləri ilə yenidən silahlandıracaqlarını elan etdi. NATO Avropaya yüzlərlə F-35 yerləşdirməyi planlaşdırır.

Bundan başqa, qoşunlar "Pantsir-S" ZRK-nın təkmilləşdirilməsi məqsədilə müqavilə öncəsi iş aparır. MI-35 çoxməqsədli hücum helikopterləri və Rusiya istehsalı olan SU-30SM qırıcılarının ikinci partiyası üçün müqavilələr imzalanıb.

Belarus qoşunları 2021-ci ildə yeni "Protivnik-Q" və "Vostok" radarlarını da qəbul edəcək. Bundan əvvəl Rusiya Federasiyasında istehsal olunan yeni "Sopka-2" üç koordinatlı marşrut əsaslı S zolaqlı radiolokasiya sistemi ölkənin hava məkanını qorumaq üçün (Baranoviçi rayonu ərazisində) döyüş tapşırığı alıb. Qərbin sanksiyaları və iqtisadi çətinliklər Rusiyanı Belarus ordusu üçün yeganə silah tədarükçüsünə çevirir.

Beləliklə, Belarus respublikasının səması istənilən təcavüzkar üçün aşılmaz qalaya dönür.

Nikbin dinamika

Rusiya ilə aktiv hərbi-texniki əməkdaşlıq yeddi MDB ölkəsi də daxil olmaqla, dünyanın əlli dövlətinin təhlükəsizliyini və suverenliyini gücləndirir. Xarici mütəxəssislər Rusiya Federasiyasında istehsal olunan döyüş təyyarələrini və hava hücumundan müdafiə sistemlərini ən təsirli müdafiə vasitəsi hesab edirlər.

Çin S-400 "Triumf" ZRK-nın ilk xarici müştərisi olub. S-400 hava hücumundan müdafiə sistemlərinin iki alay dəstinin tədarükü üzrə Rusiya-Çin müqaviləsi 2014-cü ilin noyabrında imzalanmışdı.

Bir dəstin tərkibinə - mobil komanda məntəqəsi, iki diviziya buraxılış qurğusu, radiolokasiya stansiyaları və iki növ 120-dən çox yeni zenit idarəolunan raketi daxildir.

"Triumf"dan ilk uğurlu atəş Çin mütəxəssisləri tərəfindən 2018-ci ilin dekabrında həyata keçirildi və təxminən 250 km məsafədə 3000 m/s sürətlə uçan ballistik hədəfi məhv etdi.

Çin S-400 sistemlərinin ikinci alay dəstini 2019-cu ilin dekabrında aldı. Rusiya "Triumf"larının Çində əsas üstünlükləri - 400 km-ə qədər hərəkət məsafəsinə sahib olması (dünyada heç bir "yer-hava" raket sistemi buna qadir deyil), düşmənin Radio Müşahidə və Nişan Alma təyyarələrini məhv etmək xüsusiyyəti (döyüş əməliyyatları zamanı hədəf təyinatlarını aradan qaldırmaq üçün) və uzaq məsafədən kəşfiyyat apara bilməsidir. S-400 sistemləri Çin Xalq Respublikası ətrafındakı periferik və mübahisəli sahələri etibarlı şəkildə idarə etməyə imkan verir.

Türkiyə isə Rusiya ilə 2017-ci ildə S-400 "Triumf" hava müdafiə sisteminin alınması barədə razılığa gəlib, müqavilənin dəyəri 2,5 milyard dollardır. Bu, ABŞ-Türkiyə münasibətlərində ciddi böhrana səbəb olub. Türkiyəni sanksiyalarla, eləcə də F-35 qırıcılarının istehsalı proqramından xaric etməklə hədələyən Vaşinqton Ankaradan tələb etdi ki, Rusiya ilə müqavilədən geri çəkilsin və Amerikanın "Patriot" komplekslərini alsın. Ankara ABŞ-ın ultimatum tələblərini yerinə yetirmədi və 2019-cu ilin yayında S-400 zenit-raket komplekslərinin dörd diviziyasını (birinci dəst) aldı.

Türkiyə ikinci dəsti də əldə etmək və beləliklə, ölkədəki mühüm obyektlərin qorunması üçün ən etibarlı və müasir hava hücumundan müdafiə sistemi yaratmaq niyyətindədir. Sınaqlar zamanı Ankara yaxınlığında yerləşdirilən S-400 sistemi 600 kilometr uzaqlıqdakı RLS-in əhatə dairəsinin sərhədində F-16 Fighting Falcon qırıcısını aşkarladı. Yəni, döyüş xəbərdarlığı rejimində hava hədəflərinin aşkarlanması və məhv edilməsi avtomatik rejimdə həyata keçirildikdə F-16 Fighting Falcon qırıcıları Ankaradan 400 kilometr məsafədə "Triumf" tərəfindən məhv edilə bilər.

Türkiyə ilə S-400 zenit raket sistemlərinin ikinci dəstinin (alayının) tədarükü ilə bağlı prinsipial razılıq 2020-ci ilin iyun ayında əldə edilib.

Hindistan isə 2018-ci ilin oktyabr ayında Rusiya ilə beş S-400 alay dəstinin çatdırılması üzrə 5,43 milyard dollarlıq bir müqavilə imzalayıb. Dehli ABŞ-ın çoxsaylı təzyiqlərinə baxmayaraq bu məsələdə qərarlıdır. "The Times of India" qəzetinin yazdığına görə, Rusiya "Triumf"ları Hindistanın qərb, şimal və şərq bölgələrində (Çin və Pakistanın təhdid spektri nəzərə alınaraq) yerləşdiriləcək və ölkənin hava hücumundan müdafiə sistemində inqilab edəcək. S-400 zenit-raket kompleksinin istismarı və döyüş istifadəsini öyrənmək məqsədi ilə 100 hindistanlı mütəxəssisdən ibarət ilk qrup 2021-ci il yanvar ayının sonunadək Rusiyaya gələcək. Hindistanda "Triumf"ların ilk alay dəstinin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin beş alay dəstinin hamısını 2025-ci ilə qədər bu ölkəyə çatdırmaq niyyətindədir.

"Triumf" perspektivləri

Hazırda Mərakeş, Qətər və İraqla "Triumf"ların alınması ilə bağlı danışıqlar aparılır. Bundan əvvəl isə Əlcəzair, Vyetnam, Misir, Səudiyyə Ərəbistanı və ümumilikdə 12-dən çox ölkə Rusiyanın S-400 zenit-raket kompleksini almaqda maraqlı olduğunu bildirmişdi.

Xarici tələbat ixracat təklifini üstələyir (Rusiya Aerokosmik Qüvvələri yenidən silahlanmanın prioriteti olaraq qalır). Halbuki ABŞ-ın Düşmənlərinə Qarşı Mübarizə Qanununa (Prezident Donald Tramp tərəfindən 2017-ci ilin avqust ayında imzalanan) uyğun olaraq, bu dövlətlərə qarşı sanksiyalar tətbiq oluna bilər. Lakin dünyanın ən yaxşı uzaq mənzilli hava müdafiə sistemi olan S-400-ə gedən yolun qarşısını sanskiyalarla almaq mümkün deyil.

"Triumf" sistemləri dünyanı dəyişir. Məsələn, əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək. Odur ki, Vaşinqtonun öz dünyagörüşü konsepsiyasını düzəltməsi və İranla "danışıq üslubu"nu bir daha gözdən keçirməsi qaçılmazdır. Çünki bu artıq İraqda baş verir.

ABŞ-ın İraqdakı səfirliyi və hərbi bazaları sistematik olaraq raket hücumlarına məruz qalır. Amerika zenit raket kompleksləri raket hücumlarının dəf edilməsinin öhdəsindən gələ bilmir. Bağdadın "yaşıl bölgəsində" partlayan mərmiləri ABŞ-ı diplomatik heyətin böyük hissəsini təxliyə etməyə və iraqlılardan Rusiyadan aldıqları "Pantsir-S" hava hücumundan müdafiə raket kompleksini kirayəyə götürməyə məcbur edib.

Gəlin yenidən S-400 zenit raket komplekslərinə qayıdaq. "Triumf"ların vacib üstünlükləri RLS-in hərtərəfli görmə qabiliyyəti və dörd növ raketdən istifadənin çevikliyidir (çoxsəviyyəli hava hücumundan müdafiənin formalaşması).

Müxtəlif tip raketlərin istifadəsi hipersəsli hədəfləri, döyüş təyyarələrini, pilotsuz təyyarələri, qanadlı, taktiki və ballistik raketləri mövcud olan bütün yüksəkliklərdə (5 m-dən 30 km-ə qədər) və məsafələrdə (2km-dən - 400 km-ya qədər) effektiv şəkildə məhv etməyə imkan verir.

"Triumf"un bir batareyası 72-yə qədər idarə olunan raketə sahib ola bilər və onlardan eyni vaxtda 4800 m/s-yə qədər sürətlə uçan 36 hədəfə atəş açmağa qadirdir. S-400 kompleksi müxtəlif növ hava hücum sistemlərini (S-300, "Pantsir"-S1, "Tor"-M1) özündə birləşdirə və hər cür radielektron müqavimət şəraitində fərqli mənzillərdəki hava müdafiə sistemlərini idarə edə bilər.

Yeri gəlmişkən, 2021-ci ildə rus qoşunları 200 km yüksəkliklərdə müharibəyə hazır olan inqilabi S-500 kompleksini əldə edəcək. Deməli, Rusiyanın hərbi-texniki sahədəki tərəfdaşlarının bu yeni  sistemi əldə etmək üçün növbəyə düzülmə vaxtı da gəlib çatıb.

28
Teqlər:
Rusiya, S-400 zenit-raket kompleksi
Rüşvət

Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə, əlavə problemlər yarana bilər - Ekspert rəyi

31
(Yenilənib 09:43 16.01.2021)
Əliməmməd Nuriyev: "Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq"

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Azərxalça" ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradovdan sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamları ilə həbs edilib. Baş Prokurorluğun mətbuata verdiyi açıqlamada hər iki şəxsin səlahiyyət hədlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində ölkədə korrupsiyaya qarşı mübarizənin hazırkı vəziyyətini şərh edib.

- Əliməmməd müəllim, il təzə başlayıb və artıq iki vəzifəli şəxs korrupsiya ittihamları ilə həbs olunublar. Dövlət şirkətlərində və onun nəzarətində olan digər strukturlarda korrupsiyaya şərait yaradan hansı amillərdir?

- Artıq korrupsiya ittihamları ilə həbslərin sayını itirmişəm. Bu məsələnin bir neçə tərəfi var ki, əvvəlcə onlara aydınlıq gətirilməlidir. Dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır. Dövlət şirkətlərində aşkar edilən korrupsiya hallarının müxtəlif səbəbləri var. Korrupsiyaya şərait yaradan hallardan biri neopotizmin mövcudluğudur. Eyni zamanda, dövlət satınalmaları ilə bağlı proseslərin ciddi təftişinə ehtiyac duyulur. Belə satınalma prosesləri bir çox hallarda qanunpozuntuları ilə həyata keçirilir. Açıq tenderlərin keçirilməsinə imkan verilmir. Çox vaxt satınalmalarda həmin şəxslərin yaxın qohumlarına məxsus şirkətlər qalib olurlar.

- Həbs edilən şəxslər haqqında səsləndirilən ittihamlarda göstərilir ki, onlar bir neçə il ərzində rəhbərlik etdikləri strukturları korrupsiya mexanizmi ilə idarə ediblər. Korrupsiya hallarının baş verə bilməməsi üçün hansı tədbirlər görülməlidir?

- Əlbəttə, İqtisadiyyat Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər görülür. Amma ümumilikdə bu proses ictimai nəzarət tələb edir. Dövlət şirkətlərinin idarəetmə sisteminə ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri cəlb olunurlar ki, bu da şəffaflığa mane olan səbəblərdən biridir. Mən hesab edirəm ki, media nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri həmin idarə heyətlərinin müşahidə şuralarına cəlb edilməlidirlər. Hesabatlılığın və müstəqil monitorinq nəzarət sisteminin olmaması korrupsiyaya şərait yaradır. Bununla belə, korrupsiya ilə mübarizədə mühüm siyasi iradənin ortada olmasını görürük.

- Ümumiyyətlə, korrupsiya ilə mübarizə necə təşkil edilməldir?

- Vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyası təqdim edilmir. Bununla bağlı məsələlər tamam sükunət halındadır. Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq. Maliyyə və əmlak amnistiyaları ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Bu qərarın verilməsi maliyyə sektoruna əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər. Dövlətimiz Vətən müharibəsindəki qələbədən sonra böyük quruculuq işlərinə başlayıb. Həmin işlərin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Ona görə də korrupsiya ilə mübarizəni ardıcıl davam etdirməsək, bu əlavə problemlərə gətirib çıxara bilər.

31
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət