Blackwater şirkətinin əsgərləri, arxiv şəkli

Başkəsənlər üçün əfv fərmanı: özəl hərbi biznesin gələcəyi

21
(Yenilənib 18:52 30.12.2020)
"Bağışlananlar" arasında "Blackwater" özəl mühafizə şirkətinin dörd muzdlusu da var. Onlar Bağdadın "Nisur" meydanında ətrafdakılara məhəl qoymadan nizamsız şəkildə atəş açaraq 17 mülki şəxsi öldürmüş, 20 nəfəri isə yaralamışdılar.

BAKI, 30 dekabr — Sputnik, Veronika Kraşeninnikova. Vəzifədən getməyə hazırlaşan prezident bu ilin son ayında cinayətkarları əfv etməklə məşğul olub. Əvvəllər bağışlanmaq barədə ağzını açıb xahiş etməyə cəsarəti çatmayanlar belə indi Donald Trampın qarşısında əfv olunmaq üçün növbəyə düzülüblər.

"Bağışlananlar" arasında "Blackwater" özəl mühafizə şirkətinin dörd muzdlusu da var. 2007-ci ilin sentyabr ayının ortalarında günün günorta çağı Bağdadın "Nisur" meydanında Dövlət Departamenti səlahiyyətlilərinin karvanını mühafizə edən muzdlular pusquya düşdüklərini bəhanə gətirərək ətrafdakılara məhəl qoymadan nizamsız şəkildə atəş açmağa başlamış, nəticədə 17 mülki şəxsi öldürmüş, 20 nəfəri isə yaralamışdılar. Maraqlıdır ki, 2016-cı ildə o vaxtkı prezident Barak Obama vəzifədən getdiyi vaxt onlar əfv şansından istifadə etmək barədə belə düşünməmişdilər.

Donald Tramp, arxiv şəkli
© AFP 2020 / Getty Images/ Drew Angerer

Cinayətkarları uzun müddət axtarmaq lazım gəldi. Çünki Vaşinqton hər hansı bir ölkə ilə hərbi əməkdaşlıq haqqında müqavilə imzalayarkən muzdlu əsgərlərin həmin ölkənin ərazisində cinayət törətdikləri təqdirdə məsuliyyətdən azad edilməsinə dair maddəni mütləq sənədə daxil edir.

Amerikanın özündə isə özəl hərbi sektorun lobbiçilik fəaliyyəti çox güclüdür. Odur ki, muzdlulara qarşı ittihamlar yalnız 1,5 il sonra, 2008-ci ilin dekabrında qaldırıldı. Bir il sonra, 2009-cu ildə isə işin düzgün aparılmaması səbəbindən ləğv olundu. 2011-ci ilin aprelində iş yenidən açıldı və əvvəlki məhkəmə qərarının səhv olduğu elan edildi.

2012-ci ilin yanvarında hadisənin qurbanlarından altı nəfərin ailəsinə təzminat ödəyərək "Blackwater" məsələsini ört-basdır etməyə cəhd göstərdilər. Və yalnız 2014-cü ildə (cinayətdən yeddi il sonra) muzdlulara iş kəsildi: ilk atəş açan şəxs ömürlük, digərləri isə 30 il həbs cəzası aldılar. 2019-cu ilin avqust ayında apellyasiya məhkəməsi ömürlük cəzanı təsdiqlədi.

Bununla belə məhkumlar yaxşı bilirdilər: nə qədər ki Donald Tramp hakimiyyətdədir, onların azadlığa çıxmaq şansı var. Çünki prezident hətta əfv fərmanının imzalandığı dövrdən kənar vaxtlarda da hərbi cinayət törədənləri bağışlayır. Məsələn, 2019-cu ilin noyabr ayında Tramp əsir götürülmüş İŞİD yeniyetməsini heç bir səbəb olmadan ov bıçağı ilə öldürərək sonra meyitinin yanında şəkil çəkdirən ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı Eddi Qallageri əfv etmişdi. Onunla bir yerdə qulluq edənlərin sözlərinə görə, Qallager o qədər qəddar adamdır ki, hərəkət edən bütün canlıları öldürməyə hazırdır. Qallager məktəbli qızla qoca bir kişiyə snayperlə atəş açıb öldürməkdə də ittiham olunurdu. O, bütün bu cinayətləri İraqda törətmişdi.

Ancaq Tramp xüsusi təyinatlıya – onun öz sözləri ilə desək, bu "böyük döyüşçü"yə haqq qazandırmaq üçün o qədər israr etdi ki, hətta Hərbi Dəniz Qüvvələrinin komandanı Riçard Spenseri də istefaya göndərdi. Çünki o, Qallagerə haqq qazandırılmasına qarşı çıxırdı. Tramp bununla da kifayətlənməyərək Qallager və həyat yoldaşını Mar-a-Laqodakı evinə dəvət etdi. Qallager isə həmin qəbuldan çəkdirdiyi saysız-hesabsız şəkilləri sosial mediada paylaşaraq qürrələndi.

İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymani, arxiv şəkli
© Office of the Iranian Supreme Leader via AP

Lakin Donald Trampın quldurlara olan xüsusi rəğbətindən əlavə, "Blackwater"in qurucusu Erik Prinsin qarşısında bəzi öhdəlikləri də var. Ultramühafizəkar Amerika mülkiyyətçisi olan Prinsin ailəsi həmişə sərt antikommunist mövqeyi ilə seçilib. Erik öz tərcümeyi-halında yazırdı ki, hələ lap kiçik yaşlarından "şəxsən özü Sovet İttifaqı ilə mübarizə aparmaq istəyib".

2016-cı ildə Prinsin ailəsi Trampın seçki kampaniyasını maliyyələşdirib. Nəticədə isə Erikin bacısı Betsi Devos təhsil naziri postuna yiyələnib. Özü də o, Trampın bütün prezidentliyi müddətində vəzifədə saxladığı azsaylı məmurlardan biridir. Betsinin ərinin soyadı olan Devos da kifayət qədər tanınmış familiyadır. Devos ailəsi Rusiyada da yaxşı tanınan məişət təmizləyiciləri istehsal edən "Amway" şirkətinin sahibidir. Betsi Davos nazir postuna təyin olunana kimi heç vaxt təhsil məsələləri ilə məşğul olmayıb. Yəqin, müəllimlərə silah vermək təklifi ilə çıxış etməsi də bu təcrübəsizliyinə dəlalət edir.

Həmin vaxt Erik Prins isə Tramp üçün Əfqanıstanla bağlı yeni bir strategiya işləyib-hazırlayırdı: nizami ordunu muzdlularla əvəzləmək və Əfqanıstanda trilyon dollar dəyərində hesablanmış təbii ehtiyatların çıxarılması ilə məşğul olmaq.

Bu illər ərzində "Blackwater" şirkətinin adı xüsusi hərbi müqavilələrin sürətlə artması, başqa ölkələrin vətəndaşlarının qətlə yetirilməsi və bu cinayətlərin cəzasız qalması, dövlətin hətta çox güclü hüquq sistemi sayəsində belə bu ailənin biznesinə nəzarət edə bilməməsi ilə yadda qaldı. "Blackwater"in fəaliyyətinin ən yaxşı təsviri və təhlilini amerikalı araşdırmaçı-jurnalist Ceremi Skeyhill eyni adlı kitabında ortaya qoyub.

2009-cu ildə Erik Prins şirkətin adını dəyişdirərək "Xe Services" qoydu və daha sonra "özəl investorlar qrupuna" satdı. Bundan sonra şirkətin adı növbəti dəfə dəyişdirilərək "Academi" alandırıldı və onlarla quruluşdan ibarət bir biznes qrupuna çevrildi.

Özəl hərbi şirkətin hərbçiləri ilə münaqişə daimi xarakter daşıyır. Konqresdəki dinləmələrdə briqada generalı Karl Hort demişdi: "Bu uşaqlar ölkədə istədikləri kimi hərəkət edirlər. Onların üzərində heç bir nəzarət yoxdur. Bilmirsən, onlardan kimə şikayət edəsən. Onlar insanları öldürür və belə hesab edirlər ki, bu işi başqaları təmizləməlidirlər".

Qeyd edək ki, "Blackwater"in hər bir muzdlu əsgəri Amerikalı vergi ödəyicisinə gündə 1222 dollara başa gəlib. Bu isə ABŞ Silahlı Qüvvələrinin əsgərlərinə ayrılan puldan təxminən altı dəfə çoxdur.

Mərkəzi Kəşfiyyat İdarəsinin "Blackwater"lə heç vaxt ciddi fikir ayrılığı olmayıb. "Bizim aramızda qardaşlıq münasibəti var. Belə bir təsəvvür yaranır ki, "Blackwater" bizim idarənin davamedicisinə çevrilib", - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitlərindən biri 2009-cu ildə bəyan etmişdi.

Prins özü 2010-cu ildə Amerika ədalət məhkəməsindən yayınaraq Əbu-Dabiyə getdi və orada "Reflex Responses" adlı bir şirkət qurdu. Bu şirkət Əbu-Dabi şeyxi üçün bir neçə min kommandos hazırlamalı idi.

Honkonqdakı "Frontier Services Group" da Prinsə məxsusdur, bu şirkət Çinin Afrikadakı maraqlarına xidmət edir.

Ən böyük sensasiya isə Çinin nəhəng layihəsi olan "Bir Kəmər, Bir Yol"un təhlükəsizliyini təmin etmək üçün Erik Prinsin şirkətini seçməsi oldu.

"The Washington Post" qəzeti 4 May 2018-ci il tarixində Prinsin Çindəki fəaliyyətinə dair geniş bir məqalə dərc etdi. Məqalədə bildirilirdi: "Hazırda "Frontier Services Group" bütün diqqətini "Bir Kəmər, Bir Yol" layihəsinə dəstək verilməsinə və mühafizəsinə yönəldib. Və Erik Çinin qlobal güc proyeksiyası üçün hərbi təhlükəsizlik xidmətləri təklif edir".

Amerika Birləşmiş Ştatları "Pandoranın qutusu"nu açmaqla qlobal hərbi münaqişə bazarında özəl hərbi muzdlulara tələbatın artmasına səbəb oldu. Hazırda muzdlular ordusu güc tətbiq olunmasında ənənəvi dövlət inhisarını pozur. Özəl hərbi şirkətlər öz gəlirini münaqişələrdən götürür: onlar qazancları xatirinə belə münaqişləri yarada və ya genişləndirə, hər iki tərəf üçün döyüşə bilərlər və bunu edirlər də. Odur ki, Rusiya bu yoldakı riskləri hərtərəfli nəzərdən keçirib araşdırmalıdır.

21
Pyotr Velikiy ağır atom raket kreyseri, arxiv şəkli

Qərb onu əsas təhdid sayır: Rusiya donanmasının flaqmanı dəyişir

6
Modernləşdirməyə qədər “Admiral Naximov” kreyseri “Fort” S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

BAKI, 15 yanvar — Sputnik, Andrey Kots. Yeni raketlər, müasir gövdə avadanlıqları, misilsiz döyüş imkanları – Rusiya Hərbi Dəniz Qüvvələrinin flaqmanı mövqeyində "Pyotr Velikiy" kreyserinin yerini 1144 "Orlan" layihəsinin "Admiral Naximov" ağır nüvə raket kreyseri tutacaq. Bunun 2022-ci ildə baş verəcəyi gözlənilir. Modernləşdirilmiş gəminin donanmanı necə gücləndirəcəyi haqqında - RİA Novosti-nin növbəti materialında.

Birinci dərəcəli gəmilər

1144 "Orlan" layihəsinin kreyserləri təyyarə gəmilərindən sonra dünyanın ən böyük hərbi gəmiləri hesab olunur. Tonnajı – 25,8 min ton, uzunluğu - 250 metr, eni - 28,5 metrdir, heyəti - 760 nəfərdən ibarətdir.

Rusiyanın bu tipli iki vımpeli var – onlardan ikincisi olan "Pyotr Velikiy" Şimal donanmasının tərkibində fəaliyyət göstərir, lakin "Naximov" işə başlayan kimi modernləşdirməyə göndəriləcək. Hər iki kreyser, necə deyərlər, təpədən dırnağa kimi silahlanmış və istənilən hədəfi məhv etməyə qadir ağır nüvə gəmiləridir.

Standart dəstə – "Qranit" 20 P-700 gəmi əleyhinə raketləri, "Osa-M" zenit raket kompleksləri, "Kinjal" və uzaq mənzilli "Fort" S-300F raketləri, "Metel" və "Vodopad" sualtı raket-torpedaları, reaktiv bomba atanlar və avtomatik cüt lüləli AK-130 topu daxildir.

Hərəkət məsafəsi praktik olaraq məhdudlaşmayıb. Kreyserlər Uzaq Şimal şəraitində işləməyə qadirdir və Rusiyanın Arktika bölgəsindəki hərbi mövcudluğunu təmin edə bilər; bir çox analitiklər bu ərazinin yaxın gələcəkdə təbii ehtiyatlar uğrinda potensial döyüş sahəsinə çevriləcəyini istisna etmir.

Bununla belə, gəmilər tədricən köhnəlməyə başlayır. Əgər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində "Orlan"lar istənilən düşmənə müqavimət göstərə bilirdisə, indi vəziyyət dəyişib. Rusiya Müdafiə Nazirliyi birinci dərəcəli iri hərbi gəmilərin inşası ilə bağlı çətinliklərin olduğunu nəzərə alaraq, mövcud kreyserlərin modernləşdirilməsini, xüsusən də, onların yeni silahlarla təchizatını daha məqsədəuyğun hesab edir.

Hava Hücumundan Müdafiə platforması

"Admiral Naximov" 1999-cu ildə təmirə göndərilib, ancaq faktiki olaraq, kreyser üzərində işə yalnız 2013-cü ildə, nəhayət, müdafiəyə sahəsinə ciddi şəkildə vəsait ayrılandan sonra başlanılıb. Modernləşdirmə işlərinin 2018-ci ilə kimi başa çatdırılması nəzərdə tutulsa da, bu tarix bir neçə dəfə irəli çəkilib. Hələ ötən ilin may ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko məlumat vermişdi ki, ağır kreyser "Zirkon" hipersəsli raketləri ilə təchiz olunacaq ilk hərbi gəmilərdən biridir. Həmin raketlər hədəfə doğru səs sürətindən doqquz dəfə daha böyük sürətlə uçur ki, bu da onları istənilən hava hücumundan müdafiə sistemi üçün toxunulmaz edir. Mənzili 1000 kilometrə yaxındır. Beləliklə, "Zirkon" Amerikanın "Harpun" səsə qədər sürətə malik (130 kilometr mənzilli) gəmi əleyhinə raketlərini praktiki olaraq üstələyir.

"Orlan"lar hər zaman güclü hava hücumundan müdafiə sisteminə görə fərqləniblər. Modernləşdirməyə qədər "Naximov" kreyseri "Fort" S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

Müxtəlif növ zenit hərbi sursatları ilə atəşə açan bu kompleks gizli təyyarələri və digər hava hədəflərini, o cümlədən qanadlı və ballistik raketləri tutmağa qadirdir.

40N6 raketi 400 kilometrə qədər məsafədəki obyektləri vura bilir. "Admiral Naximov" gəmisinə 96 ədəd S-400 zenit raket kompleksi buraxılış şaxtasının yerləşdiriləcəyi güman edilir ki, bu da onun bütün dünyada hava hücumundan ən yaxşı qorunan gəmi olmasına gətirib çıxaracaq.

80 oyuq

Bundan başqa, "Kortik" yaxın zonalı hava hücumundan müdafiə sistemi daha müasir "Pantsir-ME", "Osa-M" zenit raketləri isə yeni "Redut" sistemləri ilə əvəz olunacaq.

Bununla belə, modernləşmə müəyyən qədər hücum komplekslərini də əhatə edəcək. "Admiral Naximov" "Zirkon"larla yanaşı, gəmi əleyhinə P-800 raketləri, "Oniks" və 2500 kilometrə qədər mənzilli "Kalibr" qanadlı raketlərlə silahlandırılıcaq. Onların hamısı 80 oyuqlu 3 S14 şaquli buraxılış qurğusundan atılacaq. Bu qurğunu gəmiyə montaj etmək üçün P-700 "Qranit" kompleksinin gəmidən çıxarılması lazım gəlir.

Kreyserin sualtı silahlardan müdafiə sistemi də yenilənəcək. "Admiral Naximov" qısa məsafələrdə torpedalar və sualtı qayıqlardan qoruyan "Paket-NK" kompleksi ilə də təchiz olunacaq. Bu sistemdə iki tip hərbi sursat var: MTT istilik torpedaları və M-15 reaktiv torpeda əleyhinə silahlar.

Birincisi, sualtı qayıqları 600 metrə qədər dərinlikdə 20 kilometrə qədər məsafədə vura bilir, ikincisi isə gəmiyə 1,4 kilometrə qədər və 800 metrədək dərinlikdə hücum edən torpedaları dəf etmək qabiliyyətinə malikdir.

"Paket-NK" kompleksi maksimum dərəcədə avtomatlaşdırılıb, hədəfi müstəqil olaraq aşkarlayır və təsnif edir, hərəkət parametrlərini müəyyənləşdirir, torpeda və ya torpeda əleyhinə hədəf təyinatını verir. Hər iki döyüş sursatı kifayət qədər sürətlidir – 50 dəniz mili (saatda 92 kilometr).

Aydın məsələdir ki, kreyserin elektron "içliyi" ən müasirləri ilə əvəz ediləcək və bu da gəmi heyətinin vəziyyət barədə məlumatlandırılmasını ciddi şəkildə artıracaq, eləcə də təyyarə silahlarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Bununla yanaşı, kreyser inkişaf etmiş rabitə və naviqasiya, elektron döyüş sistemləri və üç təkmilləşdirilmiş "Ka-27M" göyərtə helikopterlərindən ibarət hava sistemi ilə təmin ediləcək. Bütün bu vasitələr ekipajın potensial düşmən sualtı qayıqlarını aşkar etməsini xeyli asanlaşdıracaq.

6
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

17
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0