Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb Ərdoğanı niyə cəzalandırır?

© © Presidential Press Service via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ Ankaranın alyansdan çıxmasına imkan verməz. Çünki Amerika məhz Türkiyə vasitəsilə Qara dəniz bölgəsi və Qafqaza təsirini gücləndirmək niyyətindədir".

BAKI, 17 dekabr — Sputnik, Qaliya İbrahimova. Türkiyənin Qərb tərəfdaşları ilə münasibətlərində kəskin böhran dövrü yaşanır. Avropa Şurası (AŞ) Şərqi Aralıq dənizində qazma işləri apardığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etdi, amerikalılar isə Rusiyadan zenit-raket kompleksləri aldığına görə Türkiyəyə təzyiqləri artırdı. "RİA Novosti" bunun NATO daxilində vəziyyətə necə təsir göstərəcəyini araşdırıb.

Ankaranı cilovlamaq

"Türkiyə birtərəfli şəkildə təxribatlara yol verir və AŞ-yə qarşı ritorikanı gücləndirir. Şərqi Aralıq dənizində, Kipr müstəsna iqtisadi zonasında qazma işlərini davam etdirir", - bu fikirlər yaxın günlərdə baş tutmuş Avropa Şurası zirvə görüşündə səsləndirildi. Avropalılar Ankaranın fəaliyyətini məhdudlaşdırmaq üçün türk məmurlarına və iş adamlarına qarşı sanksiyaları genişləndirdilər: onların AŞ ölkələrinə girişi qadağan olundu, Avropa banklarındakı hesablarının isə dondurulacağı bildirildi.

Belə getsə, AŞ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell əlavə məhdudiyyətlər üzərində işləməli olacaq. Angela Merkel isə Ankaranın Avropa məsələlərindəki rolunu yenidən nəzərdən keçirməklə kifayətlənməməyə, eyni zamanda, Türkiyənin Liviya, Suriya və Dağlıq Qarabağa təsirini də təhlil etməyə çağırır. Analizlərin nəticəsi mart ayında təqdim oluncaq hesabatda öz əksini tapacaq.

Türkiyə əleyhinə ilk sanksiyalar hələ keçən payızda elan olunmuşdu. Səbəb isə eyni idi: Şərqi Aralıq dənizindəki təbii qaz yataqlarında qeyri-qanuni kəşfiyyat işlərinin aparılması. Ancaq bu sanksiyalar Rəcəb Tayyib Ərdoğanı dayandırmadı, Türkiyə prezidenti qazma işlərinin davam etdiriləcəyini bəyan elədi.

"Sanksiyalar məqsəd deyil, vasitədir"

Brüssel təzyiqləri artırsa da, hələ də manevr üçün yer saxlayır. Məsələn, AŞ sammitinin yekunları ilə bağlı sənəddə "Türkiyə-Avropa gündəmində müsbət irəliləyişlərin" vacibliyi vurğulanır.

"Sanksiyalar (Türkiyəyə qarşı –red.) Avropanın bu məsələ üzərində möhkəm dayandığını göstərir. Ancaq bizim məqsədimiz bu deyil, sanksiyalar Ankaranın davranışlarını dəyişdirməsi üçün bir vasitədir. Biz hər zaman dialoqa və konstruktiv birgə fəaliyyətə hazırıq", - deyə Emmanuel Makron bəyan etmişdi.

Fransa prezidentinin bu sözləri Paris və Ankara arasında payızda daha da şiddətlənən mübahisənin davamı kimi qiymətləndirildi. Məktəblilərə Məhəmməd peyğəmbərin karrikaturalarını nümayiş etdirən coğrafiya müəllimi Samuel Patinin öldürülməsindən sonra Makron İslamda böhran yaşandığını və dövlətlərin dünyəvi dəyərlərini qorumağın vacibliyini bəyan etdi. Ərdoğan isə buna cavab olaraq Fransa prezidentinə "psixi sağlamlığını yoxlamağı" tövsiyə etdi.

Avropa ölkələrinin liderləri Makronu dəstəklədilər. Fransız-türk mübahisəsi növbəti sanksiya müharibəsinə çevrilməmiş Amerika işə qarışdı: ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper avropalılara Türkiyənin Şimali Atlantika alyansının mühüm hərbi-strateji tərəfdaşı olduğunu xatırlatdı.

"NATO ölkələri Türkiyəni qərb orbitində saxlamağa məcburdur. Əlbəttə ki, Şərqi Aralıq dənizi və Qara dənizdə baş verənlərə reaksiya verməmək olmaz. Ancaq etiraf etmək lazımdır: Avropanın şərq cinahındakı təhlükəsizliyi hələ də Ankaradan asılıdır. Amerika türklərin alyansdakı məsuliyyətli davranışının qarantı olmaq istəyir. Əks təqdirdə, Rusiya qazanacaq", - Kuper Vaşinqtonun bu məsələdəki mövqeyini belə vurğuladı.

Amerika təhdidləri

Avropalılar okeanın o tayından gələn barışıq bəyanatlarına bir qədər ehtiyatla yanaşdılar. Axı keçən ildən bəri Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə başlayan türk-amerikan mübahisəsi hələ davam edirdi. Vaşinqton, Ərdoğanı F-35 qırıcı bombardmançı təyyarələrinin satışını qadağan etməklə hədələyərək israrla Moskva ilə müqavilədən imtina etməyə çağırdı. Ancaq Türkiyə hakimiyyəti buna Amerikanın İncirlik və Kürecikdəki hərbi bazalarını bağlayacağını bəyan etməklə cavab verdi. Suriyada və İraqda "İslam Dövləti"nə qarşı hərbi əməliyyatlar aparmaq üçün Pentaqonun həmin hərbi bazalara ehtiyacı var. Eyni zamanda, bu bazalar NATO-nun Avropadakı raketdən müdafiə sisteminin bir hissəsi hesab olunur. Odur ki amerikalılar danışıq tonunu mülayimləşdirməli oldular, Ərdoğan isə öz növbəsində, NATO-nun Türkiyə üçün əhəmiyyətini etiraf etdi. Bu məsələdə Co Baydenin prezident seçkisindəki qələbəsi də öz rolunu oynadı. Bayden hələ vitse-prezident vəzifəsində olarkən Ərdoğan rejimini tez-tez tənqid etsə də, Türkiyə ABŞ-da hakimiyyət dəyişikliyinin iki ölkə arasındaki münasibətlərin yenidən qurulmasına səbəb olacağına ümid bəsləyir.

ABŞ-ın yeni seçilmiş prezidenti hələ bu barədə açıqlama verməyib. Ancaq Amerikanın NATO-dan uzaqlaşmasına son qoyacağını açıq şəkildə bildirib. Eyni zamanda, Ağ Evin hazırkı başçısı Donald Tramp bəyan edib ki, hakimiyyəti Baydenə təhvil verməzdən əvvəl Amerikanın Yaxın Şərq və Əfqanıstandakı NATO əməliyyatlarındakı iştirakını azaltmaq niyyətindədir. Digər tərəfdən, ABŞ "Amerikanın düşmənlərinə qarşı müqavimət" qanunu çərçivəsində Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etdi. Ərdoğan isə bunu "NATO tərəfdaşına hörmətsizlik" kimi qiymətləndirərək "ABŞ və AŞ ilə güclü siyasi və iqtisadi əlaqələrimiz var, bunu inkar etmək olmaz. Sanksiyalar bu əlaqələrə zərər verəcək. Tərəfdaşlarımızın obyektivlik nümayiş etdirmələrini gözləyirik", - dedi.

NATO müstəqil davranmaq üçün maneə deyil

"Ərdoğan ilə NATO arasında münasibətlərin necə inkişaf etməsindən asılı olmayaraq, türk cəmiyyətində fikir birliyi mövcuddur – alyansa üzv olmaq faydalıdır, bu, Türkiyəyə bir çox imkanlar qazandırır. NATO olmadan Ərdoğanın Liviya və ya Suriya münaqişəsinə müdaxiləsinə haqq qazandırması daha çətin olardı", - deyə Ankara Siyasi Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı RİA Novosti-yə verdiyi müsahibədə bildirib.

Politoloq daha bir üstünlüyü alyansın Türkiyənin AŞ ölkələri ilə fikir ayrılıqlarını aradan qaldırmasına imkan verməsində görür: "Məsələn, Ankaranın Yunanıstan, Kipr və ya Fransa ilə olan qarşıdurmalarını götürək. Bu ölkələr də Türkiyə kimi NATO üzvü olduqlarından mübahisələr daha geniş miqyas almadı. Alyans bir növ moderator rolunu oynayır. NATO-ya üzvlük Yunanıstan, Kipr və ya digər ölkələrin Türkiyə əleyhinə hərəkətlərini əngəlləyir".

Bununla belə, ekspert Ərdoğanın NATO üzvlüyünü müstəqil siyasət yürütmək üçün bir maneə olaraq görmədiyinə əmindir.

Türk-fransız populizmi

"Makronla Ərdoğan arasındakı qarşıdurma NATO-nun parçalanmasına səbəb olmayacaq. Ona qalsa, Türkiyə ilə Yunanıstan arasında hər zaman gərginlik olub, ancaq bu, heç vaxt açıq müharibəyə gətirib çıxarmayıb. Məhz ona görə ki, hər iki ölkə NATO-nun üzvüdür", - "Observo" fransız-rus analitik mərkəzinin direktor müavini İqor Delanoe belə deyir.

O, "RİA Novosti"yə müsahibəsində qeyd edib ki, 2016-cı ilin yayında Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra Ərdoğan alyansdan bir qədər uzaqlaşsa da, hələlik bu ölkənin NATO-dan çıxmasından söhbət gedə bilməz. "ABŞ Ankaranın alyansdan çıxmasına imkan verməz. Çünki Amerika məhz Türkiyə vasitəsilə Qara dəniz bölgəsi və Qafqaza təsirlərini gücləndirmək niyyətindədir", - deyə Delanoe bildirir.

Mütəxəssisin fikrincə, iki ölkə arasında dərin fikir ayrılığının olmadığı nəzərə alınarsa, türk-fransız münasibətləri də əvvəl-axır normallaşacaq.

"Ərdoğan və Makron dəfələrlə xarici siyasətdə çeviklik nümayiş etdiriblər. Türkiyə ilə Rusiya arasında 2015-ci ilin noyabrında, 2016-cı ilin iyulunda yaranmış münaqişəli vəziyyətləri yada salın. Əlverişli şərait yaranan kimi vəziyyət düzəldi. Makron da fikirlərini tez-tez dəyişir və populizmə meyl göstərir. Paris ilə Ankara arasındakı münaqişə bu və ya digər şəkildə həll ediləcək", - deyə Delanoe əminliklə vurğulayır.

Ancaq hələlik kompromisə qarşılıqlı meyil hiss olunmur və belə görünür ki, Türkiyə ilə Fransa və ümumiyyətlə NATO arasındakı ixtilaf bir müddət davam edəcək.

https://ria.ru/20201216/turtsiya-1589327879.html?fbclid=IwAR1A8omGDWs5mITphGWGc1t21NIu334AFvdn4uZXlHmzZUuxPx9bY-TcmsY

Xəbər lenti
0