Avropa Rusiya ilə mübarizə üçün “Yalan Nazirliyi” yaradır

26
(Yenilənib 23:36 13.12.2020)
Bu “feyklə mübarizə aparanların” əsas metodu primitivdir: onlar hansısa Rusiya tok-şousundakı ekspertin fikrini götürürlər və onu Kremlin planı kimi qələmə verirlər.

Vladimir Kornilov, Sputnik Azərbaycan

BAKI, 13 dekabr - Sputnik. Avropa yenə Rusiyanı sərt və amansız sanksiyalarla hədələyir. Bu dəfə koronavirus barədə dezinformasiya yaydığına görə. Bu barədə Avrokomissiyanın “Demokratiya sahəsində fəaliyyət planı” bərkgedən adı olan hesabatda deyilir. Bu sənəd ötəm həftə Brüsseldə ədliyyə məsələləri üzrə avrokomissar Vera Yurova tərəfindən təqdim olunub. O bəyan edib ki, Rusiya və Çinin Avropa demokratiyasına hücumları artıq “cəzasız qalmayacaq”, çünki bu hesabatın bazasında gələn il üçün adıçəkilən “pozucuları” nümayişkaranə cəzalandırmaq üçün qanunverici təşəbbüslər hazırlanır.

Bu Qərbin rəsmi şəxslərinin Rusiyaya qarşı demokratiyanın əsaslarını və COVID-19-a qarşı ümumAvropa mübarizəsini sarsıdan dezinformasiyanı yaymaq ittihamı irəli sürdükləri ilk hadisə deyil. Hələ yazda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə demişdi: "Avropa xarici siyasət xidmətinin bizim ölkələrimizin guya koronavirus barədə yaydığı dezinformasiya barədə bəyanatlarına gəldikdə, bunu hətta şərh etmək düzgün deyil, çünki belə iddiaları təsdiq edən bir fakt belə bizə təqdim edilməyib. Biz heç belə faktları təqdim etməyi xahiş də etmirik. Biz artıq öyrəşmişik ki, qərbli həmkarlarımız getdikcə daha tez-tez Rusiya və ya hansısa digər təhlükələrə qarşı uydurmalarında hər hansı birləşdirici motivlər tapmağa çalışırlar".

Lakin biri var müxtəlif şəxslərin bəyanatları, biri də var Avrokomissiyanın hesabatı. Onun əsasında isə qanunverici təşəbbüs hazırlanır. Ona görə Rusiyanın Avropa qarşısında günahlarının dəlil bazası ilə tanış olmaq hətta maraqlı idi. Lakin məlum oldu ki, “Rusiya və Çinin Avropanın koronavirusla mübarizəsinə qarşı təxribatının” yeganə sübutu Avropa İttifaqının məşhur East Stratcom Task Force “informasiya xüsusi təyinatlısı”dır. East Stratcom Task Force Avropa xarici siyasi fəaliyyət xidmətinin rəsmi bölməsidir və xüsusi olaraq Rusiya ilə informasiya müharibəsi üçün yaradılıb.

Özünün EUvsDisinfo resursunda “Kremlyönümlü dezinformasiyanın məlumatlar bazasını” toplayan bu strukturun özü artıq bir neçə dəfə aşkar feykə görə ilişib. Onun “ekspertlərinin çaşaraq” Avropa İttifaqının media qurumlarını da Rusiya KİV-ləri kimi “kremlyönümlü” adlandırdıqda Niderland parlamentinin deputatları hətta bu strukturun bağlanmasını tələb etdilər. O vaxtdan "informasiya xüsusi təyinatlısı" dərsini aldı və Qərbi Avropa mediasına toxunmamağa çalışır. Lakin onun metodları dəyişməyib: Rusiya barədə eyni şeyləri yazmağa davam edir. Və məhz bu şübhəli anti-Rusiya strukturunun hesabatı RF-nın günahının sübutudur və heabatın əsasına yeni sanksiyalar hazırlanır.

Avrokomissiyanın hesabatında bildirilir ki, EUvsDisinfo-nun bazasında 500-dən artıq COVID-19 barədə kremlyönümlü dezinformasiya var. Srtukturun özü isə 640-dan artıq nümunəyə malik olduğunu deyir. Onlar iddia edirlər ki, bu təxribat kampaniyası öz bəhrəsini verir və sadəlövh avropalılar üçün təhlükə yaradır. Təsdiq üçün bu faktdan istifadə edirlər: "Britaniya vətəndaşlarının üçdə biri inanır ki, araq əl üçün sanitayzer kimi istifadə oluna bilər". Araq (!). Rusların günahını sübut etmək üçün başqa nə sübut lazımdır ki? Ruslardan başqa heç kim britaniyalıların başına bu fikrin yeridə bilməz.

Avrokomissiyanın Rusiyaya qarşı rəsmi ittiham üçün istifadə etdiyi məlumat bazasına hətta ötəri nəzər saldıqda, görürük ki, burada əsasən kimlərinsə şəxsi fikrinə və Rusiyaya aid olmayan resurslara istinad edirlər. EUvsDisinfo-nun gəldiyi nəticələr isə subyektivdi və reallıqla əlaqəsi yoxdur.

EUvsDisinfo-nun kremlyönümlü kimi müəyyən etdiyi fikirlərin Rusiyada məhz dövlət media quruluşları tərəfindən tənqid olunması isə onları narahat etmir. Məsələn, onların Rusiya əleyhinə istinad etdikləri fərdi Youtube kanalı epidemiyanın səbəbi kimi 5G texnologiyaların inkişafını göstərir. Lakin iş ondadır ki,  məhz bu kanal həmişə Rusiya dövlət televiziyasını bu konspiroloji nəzəriyyəni ələ saldığına görə sərt tənqid edir. Avropalı ifşaedicilərin məntiqi ilə Rusiya dövlət telekanalları kremlyönümlü baxışla mübarizə aparırlar. Lakin nəyə görəsə EUvsDisinfo belə bir nəticəyə gəlmir.

Bu “feyklə mübarizə aparanların” əsas metodu primitivdir: onlar hansısa Rusiya tok-şousundakı ekspertin fikrini götürürlər və onu Kremlin planı kimi qələmə verirlər. Bəzən öz “sübutlarının” ziddiyyətli olması da onları narahat etmir. Belə ki, bir dəfə onlar Rusiya dövlət mediasını Çini beynəlxalq tənqiddən qorumaqdan günalandırmışdılar. Sübut kimi Dmitri Peskovun COVID-19-un süni mənşəyi barədə konspiroloji nəzəriyyələri təkzib etməsini göstəriblər. Lakin EUvsDisinfo həmişə iddia edir ki, Kreml ardıcıl olaraq virusun süni şəkildə yaradıldığı barədə dezinformasiya yayır. Yəni, belə çıxır ki, Peskov Kremlin siyasətinə qarşı çıxır.

Avrokomissar Yurova Rusiya dezinformasiyasına qarşı sərt tədbirlərdən danışarkən qərbli jurnalistləri “sakitləşdirib”: "Biz “Həqiqət Nazirliyi olmağa hazırlaşmırıq”. Və əlavə edib: "Yeni texnologiyalar dezinformasiya yox, emansipasiya aləti olmalıdırlar. Mən istəmirəm ki, seçkilər çirkin metodların yarışı olsunlar. Bizə Cambridge Analytica və Brexit referendumu bəsdir". Bunu deyən avropalı məmurun özü saxttalaşdırmaya yol verib. Çünki Rusiyanın Brexit-ə müdaxiləsi barədə deyilənlərin hamısı boş çıxdı. Misal üçün, bu günlərdə Britaniya məhkəməsi The Observer-in jurnalisti Karol Kadvalardı Avropa İttifaqından çıxmaq kampaniyasının sponsoru Aaron Benksdən üzr istəməyə məcbur edib. Kadvalard Benksi Kremlə işləməkdə günahlandıdırdı.

Və bu yerdə Yurovanın sözləri aydın olur: Avrokomissiya həqiqətən “Həqiqət Nazirliyi” yaratmağa hazırlaşmır. Avropa İttifaqının rəsmi bölməsinin antiRusiya informasiya kampaniyasının çirkin metodlarına baxsaq, güman etmək olar ki, Brüssel artıq özünün “Yalan Nazirliyi”ni yaradıb. Hətta Oruellin ağlına bu gəlməyib.

26
Pyotr Velikiy ağır atom raket kreyseri, arxiv şəkli

Qərb onu əsas təhdid sayır: Rusiya donanmasının flaqmanı dəyişir

6
Modernləşdirməyə qədər “Admiral Naximov” kreyseri “Fort” S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

BAKI, 15 yanvar — Sputnik, Andrey Kots. Yeni raketlər, müasir gövdə avadanlıqları, misilsiz döyüş imkanları – Rusiya Hərbi Dəniz Qüvvələrinin flaqmanı mövqeyində "Pyotr Velikiy" kreyserinin yerini 1144 "Orlan" layihəsinin "Admiral Naximov" ağır nüvə raket kreyseri tutacaq. Bunun 2022-ci ildə baş verəcəyi gözlənilir. Modernləşdirilmiş gəminin donanmanı necə gücləndirəcəyi haqqında - RİA Novosti-nin növbəti materialında.

Birinci dərəcəli gəmilər

1144 "Orlan" layihəsinin kreyserləri təyyarə gəmilərindən sonra dünyanın ən böyük hərbi gəmiləri hesab olunur. Tonnajı – 25,8 min ton, uzunluğu - 250 metr, eni - 28,5 metrdir, heyəti - 760 nəfərdən ibarətdir.

Rusiyanın bu tipli iki vımpeli var – onlardan ikincisi olan "Pyotr Velikiy" Şimal donanmasının tərkibində fəaliyyət göstərir, lakin "Naximov" işə başlayan kimi modernləşdirməyə göndəriləcək. Hər iki kreyser, necə deyərlər, təpədən dırnağa kimi silahlanmış və istənilən hədəfi məhv etməyə qadir ağır nüvə gəmiləridir.

Standart dəstə – "Qranit" 20 P-700 gəmi əleyhinə raketləri, "Osa-M" zenit raket kompleksləri, "Kinjal" və uzaq mənzilli "Fort" S-300F raketləri, "Metel" və "Vodopad" sualtı raket-torpedaları, reaktiv bomba atanlar və avtomatik cüt lüləli AK-130 topu daxildir.

Hərəkət məsafəsi praktik olaraq məhdudlaşmayıb. Kreyserlər Uzaq Şimal şəraitində işləməyə qadirdir və Rusiyanın Arktika bölgəsindəki hərbi mövcudluğunu təmin edə bilər; bir çox analitiklər bu ərazinin yaxın gələcəkdə təbii ehtiyatlar uğrinda potensial döyüş sahəsinə çevriləcəyini istisna etmir.

Bununla belə, gəmilər tədricən köhnəlməyə başlayır. Əgər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində "Orlan"lar istənilən düşmənə müqavimət göstərə bilirdisə, indi vəziyyət dəyişib. Rusiya Müdafiə Nazirliyi birinci dərəcəli iri hərbi gəmilərin inşası ilə bağlı çətinliklərin olduğunu nəzərə alaraq, mövcud kreyserlərin modernləşdirilməsini, xüsusən də, onların yeni silahlarla təchizatını daha məqsədəuyğun hesab edir.

Hava Hücumundan Müdafiə platforması

"Admiral Naximov" 1999-cu ildə təmirə göndərilib, ancaq faktiki olaraq, kreyser üzərində işə yalnız 2013-cü ildə, nəhayət, müdafiəyə sahəsinə ciddi şəkildə vəsait ayrılandan sonra başlanılıb. Modernləşdirmə işlərinin 2018-ci ilə kimi başa çatdırılması nəzərdə tutulsa da, bu tarix bir neçə dəfə irəli çəkilib. Hələ ötən ilin may ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko məlumat vermişdi ki, ağır kreyser "Zirkon" hipersəsli raketləri ilə təchiz olunacaq ilk hərbi gəmilərdən biridir. Həmin raketlər hədəfə doğru səs sürətindən doqquz dəfə daha böyük sürətlə uçur ki, bu da onları istənilən hava hücumundan müdafiə sistemi üçün toxunulmaz edir. Mənzili 1000 kilometrə yaxındır. Beləliklə, "Zirkon" Amerikanın "Harpun" səsə qədər sürətə malik (130 kilometr mənzilli) gəmi əleyhinə raketlərini praktiki olaraq üstələyir.

"Orlan"lar hər zaman güclü hava hücumundan müdafiə sisteminə görə fərqləniblər. Modernləşdirməyə qədər "Naximov" kreyseri "Fort" S-300F uzun mənzilli hava müdafiə sistemi ilə təchiz olunmuşdu, indi isə gəmidə hərbi-dəniz müdafiəsinin daha təkmil variantı olan S-400 kompleksi qurulacaq.

Müxtəlif növ zenit hərbi sursatları ilə atəşə açan bu kompleks gizli təyyarələri və digər hava hədəflərini, o cümlədən qanadlı və ballistik raketləri tutmağa qadirdir.

40N6 raketi 400 kilometrə qədər məsafədəki obyektləri vura bilir. "Admiral Naximov" gəmisinə 96 ədəd S-400 zenit raket kompleksi buraxılış şaxtasının yerləşdiriləcəyi güman edilir ki, bu da onun bütün dünyada hava hücumundan ən yaxşı qorunan gəmi olmasına gətirib çıxaracaq.

80 oyuq

Bundan başqa, "Kortik" yaxın zonalı hava hücumundan müdafiə sistemi daha müasir "Pantsir-ME", "Osa-M" zenit raketləri isə yeni "Redut" sistemləri ilə əvəz olunacaq.

Bununla belə, modernləşmə müəyyən qədər hücum komplekslərini də əhatə edəcək. "Admiral Naximov" "Zirkon"larla yanaşı, gəmi əleyhinə P-800 raketləri, "Oniks" və 2500 kilometrə qədər mənzilli "Kalibr" qanadlı raketlərlə silahlandırılıcaq. Onların hamısı 80 oyuqlu 3 S14 şaquli buraxılış qurğusundan atılacaq. Bu qurğunu gəmiyə montaj etmək üçün P-700 "Qranit" kompleksinin gəmidən çıxarılması lazım gəlir.

Kreyserin sualtı silahlardan müdafiə sistemi də yenilənəcək. "Admiral Naximov" qısa məsafələrdə torpedalar və sualtı qayıqlardan qoruyan "Paket-NK" kompleksi ilə də təchiz olunacaq. Bu sistemdə iki tip hərbi sursat var: MTT istilik torpedaları və M-15 reaktiv torpeda əleyhinə silahlar.

Birincisi, sualtı qayıqları 600 metrə qədər dərinlikdə 20 kilometrə qədər məsafədə vura bilir, ikincisi isə gəmiyə 1,4 kilometrə qədər və 800 metrədək dərinlikdə hücum edən torpedaları dəf etmək qabiliyyətinə malikdir.

"Paket-NK" kompleksi maksimum dərəcədə avtomatlaşdırılıb, hədəfi müstəqil olaraq aşkarlayır və təsnif edir, hərəkət parametrlərini müəyyənləşdirir, torpeda və ya torpeda əleyhinə hədəf təyinatını verir. Hər iki döyüş sursatı kifayət qədər sürətlidir – 50 dəniz mili (saatda 92 kilometr).

Aydın məsələdir ki, kreyserin elektron "içliyi" ən müasirləri ilə əvəz ediləcək və bu da gəmi heyətinin vəziyyət barədə məlumatlandırılmasını ciddi şəkildə artıracaq, eləcə də təyyarə silahlarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Bununla yanaşı, kreyser inkişaf etmiş rabitə və naviqasiya, elektron döyüş sistemləri və üç təkmilləşdirilmiş "Ka-27M" göyərtə helikopterlərindən ibarət hava sistemi ilə təmin ediləcək. Bütün bu vasitələr ekipajın potensial düşmən sualtı qayıqlarını aşkar etməsini xeyli asanlaşdıracaq.

6
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

17
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0