Вышка командно-диспетчерского пункта аэродрома аэропорта в населённом пункте Ходжалы, фото из архива

Xankəndi limanı: Sülhməramlıdan mülki təyinatadək

72
Üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib.

 

BAKI, 3 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatı mürəkkəb logistikası ilə fərqlənir. Xankəndindəki aerodromun bərpası və modernləşdirilməsi Rusiya HKQ-nin hərbi-nəqliyyat təyyarələrini qəbul etməyə imkan verəcək, yeni əməliyyat imkanları yaradacaq, qoşun birləşməsinin təchizatının bir çox problemlərini həll edəcək.

Qarabağı Ermənistan ilə yalnız eni 5 kilometr olan Laçın dəhlizi birləşdirir. Yola Ruisya sülhməramlıları nəzarət edirlər, amma yenə də bu yol bölgədə mümkün gərginləşmə halında ciddi təhlükə altında olacaq. Perspektivdə yeni yolun (dəhlizin) tikintisi və Laçın şəhərinin Azərbaycana təhvil verilməsi var. Lakin insanların və yüklərin operativ daşınmasına artıq bu gün ehtiyac var.

Xankəndindən Yerevana (Erebuni aviabazası, Zvartnos hava limanı) avtomobil yolu 320 km-dir. Əməliyyatın ilk günlərində sülhməramlılar Xankəndinə bu marşrutla gedirdilər. Sonra (noyabrın 28-dən) yeni marşrut ortaya çıxdı: Rusiyadan gələn yük və texnika dolu vaqonlar Azərbaycanın Bərdə dəmiryolu stansiyasına gəlir və buradan avtomobillərlə təxminən 100 km-lik Bərdə-Ağdam-Xankəndi marşrutunu qət edir. Bu marşrutla da məsafə uzaqdır.

Dağlıq Qarabağın şəraitində bölmələrin, yüklərin və texnikanın operativ şəkildə yüz kilometrlərlə məsafəyə çatdırılması mürəkkəb qoşun əməliyyatına çevrilir. İldə iki dəfə sülhməramlı qruplaşmanın şəxsi heyəti rotasiya edilməlidir. Bölgədə vəziyyətin gərginləşməsi əlavə qüvvə və vəsait tələb edə bilər. Xankəndi şəhərinin 9 kilometrliyində hava limanı var və o nəzəri olaraq ağır hərbi-nəqliyyat aviasiyasını qəbul edə bilər. Burada uçuşlar 1990-cı illərin əvvəllərində hərbi əməliyyatlara görə dayandırılıb. Hava limanının infrastrukturu 2020-ci ilin sentyabr və oktyabrında Azərbaycanın raket zərbələri nəticəsində zərər görüb, lakin uçuş-enmə zolağının (UEZ) uzunluğu 2200 metrdir. Yerli relyef lazım gələrsə, zolağın uzunluğunu 1 000 metr artırmağa və yanında ikincisini tikməyə imkan verir. Xankəndi yaxınlığındakı hava limanının bərpası və modernləşdirilməsinin qiyməti yaxından baxdıqda uzun illik uzaq məsafəyə uçuşlardan, nəhəng vaxt və qüvvə xərclərindən baha olmaya bilər. Hava limanı həmçinin mülki yüklərin daşınması üçün logistik mərkəz və perspektivdə Dağlıq Qarabağın iqtisadi inkişafının vacib tərkib hissəsi ola bilər.

Uzaq və təhlükəli yol

Rusiyalı sülhməramlılar 23 müşahidə postunda 24 saat Dağlıq Qarabağdakı atəşkəs rejiminə nəzarət edirlər, Laçın dəhlizi ilə əhalinin və avtonəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edirlər. Noyabrın 14-dən 30 minədək qaçqın öz evinə qayıdıb. Bölgədə fəal şəkildə rusiyalı istehkamçılar, hərbi həkimlər, FHN əməkdaşları işləyirlər.

Sülhməramlı qüvvələrin həll olunması daimi mobillik tələb edir. Qarabağ müharibəsinin dayandırılması barədə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan razılaşmasının əsasında Moskvayla Bakı arasında imzalanmış xüsusi protokol Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılmasını nəzərdə tutur. Aydındır ki, bu sənəd nəinki yerdəki, həm də səmadakı qadağaları da götürür. Söhbət Xankəndi hava limanına uçuşlardan gedir. Rusiyadan birbaşa reys bir çox logistika və təchizat problemlərini aradan qaldırardı, 15-ci sülhməramlı briqadanın qoşun birləşməsi üçün yeni əməliyyat imkanları yaradardı.

Daha əvvəl Gürcüstan Azərbaycan və Ermənistanın xahişi ilə öz hava məkanını Yerevana uçuş həyata keçirən Rusiya hərbi-nəqliyyat aviasiyası üçün açmışdı. Oradan yüklər quru uzaq yolla Xankəndinə daşınırdı. İndi bölgənin səmasını tam açmağın əsl vaxtıdır. Bu, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına yol çəkilməsi layihəsinə də fayda verə bilər.

Bağlı səma

Xankəndi hava limanı 2012-ci ildə artıq təmir olunmuşdu və təyyarələri qəbul etməyə hazır idi. Lakin bu, Bakının əks-reaksiyasına görə baş vermədi. Lakin üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib. Uçuşların təhlükəsizliyinə yenidən baxmaq və qadağaları götürmək vaxtıdır. Həm də Ermənistanla Azərbaycan bu məsələdə bir-birilərinə borclu qalmırlar: Bakıdan Naxçıvana reyslər Ermənistan üzərindəki beynəlxalq dəhlizlərdən keçir və erməni aviaşirkətləri də Azərbaycan səmasındakı beynəlxalq səviyyədə qorunan hava koridorlarından istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında deyib: "Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik".

Bu sözlər ümid verir. Əgər bu yüksək dağlıq ərazidəki hava limanı tezliklə işə başlasa, bu regional sülhə və təhlükəsizliyə fayda verəcək.

72
Teqlər:
Rusiya, sülhməramlılar, Dağlıq Qarabağ, hava limanı, Xankəndi
S-400 zenit-raket sistemi, arxiv şəkli

Rusiyanın S-400 sistemləri dörd ölkəni "ələ keçirdi": bəs sonra?

50
(Yenilənib 16:50 16.01.2021)
Əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək

BAKI, 16 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinin dinc yolla ekspansiyası Avrasiyanın yeni ölkələrini əhatə edir. Çin, Türkiyə, Hindistandan sonra Belarus Respublikası da hərbi hava və hava hücumundan müdafiə qüvvələrini "Triumf"larla yenidən silahlandırmağa hazırlaşır.

İraq, Qətər və Mərakeş (Afrika qitəsinin şimal-qərb hissəsi) də S-400 sistemlərini əldə etmək mərhələsindədir. S-400 zenit raket kompleksinin (ZRK) dünyada uğurlu inkişafının əsasında yaxın analoqlarının olmaması, misilsiz döyüş xüsusiyyətləri dayanır.

Yanvarın 14-də Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-mayor İqor Qolub ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "beşinci nəsil" F-22 və F35 döyüş təyyarələrinin döyüş qabiliyyətləri nəzərə alınmaqla xüsusi olaraq hazırlanmış hava hücumundan müdafiə bölmələrini ən son S-400 "Triumf" sistemləri ilə yenidən silahlandıracaqlarını elan etdi. NATO Avropaya yüzlərlə F-35 yerləşdirməyi planlaşdırır.

Bundan başqa, qoşunlar "Pantsir-S" ZRK-nın təkmilləşdirilməsi məqsədilə müqavilə öncəsi iş aparır. MI-35 çoxməqsədli hücum helikopterləri və Rusiya istehsalı olan SU-30SM qırıcılarının ikinci partiyası üçün müqavilələr imzalanıb.

Belarus qoşunları 2021-ci ildə yeni "Protivnik-Q" və "Vostok" radarlarını da qəbul edəcək. Bundan əvvəl Rusiya Federasiyasında istehsal olunan yeni "Sopka-2" üç koordinatlı marşrut əsaslı S zolaqlı radiolokasiya sistemi ölkənin hava məkanını qorumaq üçün (Baranoviçi rayonu ərazisində) döyüş tapşırığı alıb. Qərbin sanksiyaları və iqtisadi çətinliklər Rusiyanı Belarus ordusu üçün yeganə silah tədarükçüsünə çevirir.

Beləliklə, Belarus respublikasının səması istənilən təcavüzkar üçün aşılmaz qalaya dönür.

Nikbin dinamika

Rusiya ilə aktiv hərbi-texniki əməkdaşlıq yeddi MDB ölkəsi də daxil olmaqla, dünyanın əlli dövlətinin təhlükəsizliyini və suverenliyini gücləndirir. Xarici mütəxəssislər Rusiya Federasiyasında istehsal olunan döyüş təyyarələrini və hava hücumundan müdafiə sistemlərini ən təsirli müdafiə vasitəsi hesab edirlər.

Çin S-400 "Triumf" ZRK-nın ilk xarici müştərisi olub. S-400 hava hücumundan müdafiə sistemlərinin iki alay dəstinin tədarükü üzrə Rusiya-Çin müqaviləsi 2014-cü ilin noyabrında imzalanmışdı.

Bir dəstin tərkibinə - mobil komanda məntəqəsi, iki diviziya buraxılış qurğusu, radiolokasiya stansiyaları və iki növ 120-dən çox yeni zenit idarəolunan raketi daxildir.

"Triumf"dan ilk uğurlu atəş Çin mütəxəssisləri tərəfindən 2018-ci ilin dekabrında həyata keçirildi və təxminən 250 km məsafədə 3000 m/s sürətlə uçan ballistik hədəfi məhv etdi.

Çin S-400 sistemlərinin ikinci alay dəstini 2019-cu ilin dekabrında aldı. Rusiya "Triumf"larının Çində əsas üstünlükləri - 400 km-ə qədər hərəkət məsafəsinə sahib olması (dünyada heç bir "yer-hava" raket sistemi buna qadir deyil), düşmənin Radio Müşahidə və Nişan Alma təyyarələrini məhv etmək xüsusiyyəti (döyüş əməliyyatları zamanı hədəf təyinatlarını aradan qaldırmaq üçün) və uzaq məsafədən kəşfiyyat apara bilməsidir. S-400 sistemləri Çin Xalq Respublikası ətrafındakı periferik və mübahisəli sahələri etibarlı şəkildə idarə etməyə imkan verir.

Türkiyə isə Rusiya ilə 2017-ci ildə S-400 "Triumf" hava müdafiə sisteminin alınması barədə razılığa gəlib, müqavilənin dəyəri 2,5 milyard dollardır. Bu, ABŞ-Türkiyə münasibətlərində ciddi böhrana səbəb olub. Türkiyəni sanksiyalarla, eləcə də F-35 qırıcılarının istehsalı proqramından xaric etməklə hədələyən Vaşinqton Ankaradan tələb etdi ki, Rusiya ilə müqavilədən geri çəkilsin və Amerikanın "Patriot" komplekslərini alsın. Ankara ABŞ-ın ultimatum tələblərini yerinə yetirmədi və 2019-cu ilin yayında S-400 zenit-raket komplekslərinin dörd diviziyasını (birinci dəst) aldı.

Türkiyə ikinci dəsti də əldə etmək və beləliklə, ölkədəki mühüm obyektlərin qorunması üçün ən etibarlı və müasir hava hücumundan müdafiə sistemi yaratmaq niyyətindədir. Sınaqlar zamanı Ankara yaxınlığında yerləşdirilən S-400 sistemi 600 kilometr uzaqlıqdakı RLS-in əhatə dairəsinin sərhədində F-16 Fighting Falcon qırıcısını aşkarladı. Yəni, döyüş xəbərdarlığı rejimində hava hədəflərinin aşkarlanması və məhv edilməsi avtomatik rejimdə həyata keçirildikdə F-16 Fighting Falcon qırıcıları Ankaradan 400 kilometr məsafədə "Triumf" tərəfindən məhv edilə bilər.

Türkiyə ilə S-400 zenit raket sistemlərinin ikinci dəstinin (alayının) tədarükü ilə bağlı prinsipial razılıq 2020-ci ilin iyun ayında əldə edilib.

Hindistan isə 2018-ci ilin oktyabr ayında Rusiya ilə beş S-400 alay dəstinin çatdırılması üzrə 5,43 milyard dollarlıq bir müqavilə imzalayıb. Dehli ABŞ-ın çoxsaylı təzyiqlərinə baxmayaraq bu məsələdə qərarlıdır. "The Times of India" qəzetinin yazdığına görə, Rusiya "Triumf"ları Hindistanın qərb, şimal və şərq bölgələrində (Çin və Pakistanın təhdid spektri nəzərə alınaraq) yerləşdiriləcək və ölkənin hava hücumundan müdafiə sistemində inqilab edəcək. S-400 zenit-raket kompleksinin istismarı və döyüş istifadəsini öyrənmək məqsədi ilə 100 hindistanlı mütəxəssisdən ibarət ilk qrup 2021-ci il yanvar ayının sonunadək Rusiyaya gələcək. Hindistanda "Triumf"ların ilk alay dəstinin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin beş alay dəstinin hamısını 2025-ci ilə qədər bu ölkəyə çatdırmaq niyyətindədir.

"Triumf" perspektivləri

Hazırda Mərakeş, Qətər və İraqla "Triumf"ların alınması ilə bağlı danışıqlar aparılır. Bundan əvvəl isə Əlcəzair, Vyetnam, Misir, Səudiyyə Ərəbistanı və ümumilikdə 12-dən çox ölkə Rusiyanın S-400 zenit-raket kompleksini almaqda maraqlı olduğunu bildirmişdi.

Xarici tələbat ixracat təklifini üstələyir (Rusiya Aerokosmik Qüvvələri yenidən silahlanmanın prioriteti olaraq qalır). Halbuki ABŞ-ın Düşmənlərinə Qarşı Mübarizə Qanununa (Prezident Donald Tramp tərəfindən 2017-ci ilin avqust ayında imzalanan) uyğun olaraq, bu dövlətlərə qarşı sanksiyalar tətbiq oluna bilər. Lakin dünyanın ən yaxşı uzaq mənzilli hava müdafiə sistemi olan S-400-ə gedən yolun qarşısını sanskiyalarla almaq mümkün deyil.

"Triumf" sistemləri dünyanı dəyişir. Məsələn, əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək. Odur ki, Vaşinqtonun öz dünyagörüşü konsepsiyasını düzəltməsi və İranla "danışıq üslubu"nu bir daha gözdən keçirməsi qaçılmazdır. Çünki bu artıq İraqda baş verir.

ABŞ-ın İraqdakı səfirliyi və hərbi bazaları sistematik olaraq raket hücumlarına məruz qalır. Amerika zenit raket kompleksləri raket hücumlarının dəf edilməsinin öhdəsindən gələ bilmir. Bağdadın "yaşıl bölgəsində" partlayan mərmiləri ABŞ-ı diplomatik heyətin böyük hissəsini təxliyə etməyə və iraqlılardan Rusiyadan aldıqları "Pantsir-S" hava hücumundan müdafiə raket kompleksini kirayəyə götürməyə məcbur edib.

Gəlin yenidən S-400 zenit raket komplekslərinə qayıdaq. "Triumf"ların vacib üstünlükləri RLS-in hərtərəfli görmə qabiliyyəti və dörd növ raketdən istifadənin çevikliyidir (çoxsəviyyəli hava hücumundan müdafiənin formalaşması).

Müxtəlif tip raketlərin istifadəsi hipersəsli hədəfləri, döyüş təyyarələrini, pilotsuz təyyarələri, qanadlı, taktiki və ballistik raketləri mövcud olan bütün yüksəkliklərdə (5 m-dən 30 km-ə qədər) və məsafələrdə (2km-dən - 400 km-ya qədər) effektiv şəkildə məhv etməyə imkan verir.

"Triumf"un bir batareyası 72-yə qədər idarə olunan raketə sahib ola bilər və onlardan eyni vaxtda 4800 m/s-yə qədər sürətlə uçan 36 hədəfə atəş açmağa qadirdir. S-400 kompleksi müxtəlif növ hava hücum sistemlərini (S-300, "Pantsir"-S1, "Tor"-M1) özündə birləşdirə və hər cür radielektron müqavimət şəraitində fərqli mənzillərdəki hava müdafiə sistemlərini idarə edə bilər.

Yeri gəlmişkən, 2021-ci ildə rus qoşunları 200 km yüksəkliklərdə müharibəyə hazır olan inqilabi S-500 kompleksini əldə edəcək. Deməli, Rusiyanın hərbi-texniki sahədəki tərəfdaşlarının bu yeni  sistemi əldə etmək üçün növbəyə düzülmə vaxtı da gəlib çatıb.

50
Teqlər:
Rusiya, S-400 zenit-raket kompleksi
Rüşvət

Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə, əlavə problemlər yarana bilər - Ekspert rəyi

38
(Yenilənib 09:43 16.01.2021)
Əliməmməd Nuriyev: "Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq"

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Azərxalça" ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradovdan sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamları ilə həbs edilib. Baş Prokurorluğun mətbuata verdiyi açıqlamada hər iki şəxsin səlahiyyət hədlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində ölkədə korrupsiyaya qarşı mübarizənin hazırkı vəziyyətini şərh edib.

- Əliməmməd müəllim, il təzə başlayıb və artıq iki vəzifəli şəxs korrupsiya ittihamları ilə həbs olunublar. Dövlət şirkətlərində və onun nəzarətində olan digər strukturlarda korrupsiyaya şərait yaradan hansı amillərdir?

- Artıq korrupsiya ittihamları ilə həbslərin sayını itirmişəm. Bu məsələnin bir neçə tərəfi var ki, əvvəlcə onlara aydınlıq gətirilməlidir. Dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır. Dövlət şirkətlərində aşkar edilən korrupsiya hallarının müxtəlif səbəbləri var. Korrupsiyaya şərait yaradan hallardan biri neopotizmin mövcudluğudur. Eyni zamanda, dövlət satınalmaları ilə bağlı proseslərin ciddi təftişinə ehtiyac duyulur. Belə satınalma prosesləri bir çox hallarda qanunpozuntuları ilə həyata keçirilir. Açıq tenderlərin keçirilməsinə imkan verilmir. Çox vaxt satınalmalarda həmin şəxslərin yaxın qohumlarına məxsus şirkətlər qalib olurlar.

- Həbs edilən şəxslər haqqında səsləndirilən ittihamlarda göstərilir ki, onlar bir neçə il ərzində rəhbərlik etdikləri strukturları korrupsiya mexanizmi ilə idarə ediblər. Korrupsiya hallarının baş verə bilməməsi üçün hansı tədbirlər görülməlidir?

- Əlbəttə, İqtisadiyyat Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər görülür. Amma ümumilikdə bu proses ictimai nəzarət tələb edir. Dövlət şirkətlərinin idarəetmə sisteminə ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri cəlb olunurlar ki, bu da şəffaflığa mane olan səbəblərdən biridir. Mən hesab edirəm ki, media nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri həmin idarə heyətlərinin müşahidə şuralarına cəlb edilməlidirlər. Hesabatlılığın və müstəqil monitorinq nəzarət sisteminin olmaması korrupsiyaya şərait yaradır. Bununla belə, korrupsiya ilə mübarizədə mühüm siyasi iradənin ortada olmasını görürük.

- Ümumiyyətlə, korrupsiya ilə mübarizə necə təşkil edilməldir?

- Vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyası təqdim edilmir. Bununla bağlı məsələlər tamam sükunət halındadır. Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq. Maliyyə və əmlak amnistiyaları ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Bu qərarın verilməsi maliyyə sektoruna əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər. Dövlətimiz Vətən müharibəsindəki qələbədən sonra böyük quruculuq işlərinə başlayıb. Həmin işlərin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Ona görə də korrupsiya ilə mübarizəni ardıcıl davam etdirməsək, bu əlavə problemlərə gətirib çıxara bilər.

38
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

0
(Yenilənib 18:03 18.01.2021)
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub.

Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilib:

"Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu "ASAN xidmət" mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir.

Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir. Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması bərpa edilir (2021-ci il 25 yanvar tarixinədək ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla). Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər".

"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir", - məlumatda bildirilib.

0