Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

177
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

177
Qarabağda zərərsizləşdirilmiş minalar, arxiv şəkli

Dağlıq Qarabağın minalardan təmizlənməsinin perspektivləri

63
(Yenilənib 08:23 26.11.2020)
Qarabağın işğaldan azad olunmuş ərazilərinin tamamilə təmizlənməsinə on ildən çox vaxt lazım gələcək.

BAKI, 25 noyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Son döyüş əməliyyatları zonasının və Dağlıq Qarabağın digər torpaqlarının minalardan təmizlənməsi yüzlərlə kvadrat kilometrlik ərazidən partlayıcı maddələrin tədricən kənarlaşdırılması deməkdir ki, bu da böyük maddı vəsait (milyonlarla dollar) və onilliklər boyu ağır zəhmət tələb edir. Yalnız bundan sonra həmin torpaqlardan təsərrüfat məqsədilə istifadə etmək mümkündür.

Minalanmış sahələr, partlamamış hərbi sursatlar və əldəqayırma partlayıcı qurğular münaqişədən sonrakı istənilən ərazidə əsas problem hesab olunur. Buna ən son nümunə kimi noyabr ayının 23-də Azərbaycanın Tərtər rayonu ərazisindəki Suqovuşan kəndində baş vermiş hadisəni göstərmək olar. Keçmiş münaqişə zonasında hər gün mülki şəxsləri, hərbçiləri, sülhməramlıları, könüllüləri və xilasediciləri bu cür təhlükələr gözləyir.

Noyabrın 23-də RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin 100-dən çox hərbçisi, habelə 13 hərbi və xüsusi texnika vahidi Yerevana göndərilib. Mühəndislik bölmələri noyabrın 24-də İrəvan - Gorus – Xankəndi marşrutu üzrə hərəkət ediblər. Qabaqcıl könüllülər bölməsi isə artıq noyabrın 23-dən Dağlıq Qarabağda ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsinə başlayıb.

Prioritet vəzifə - sülhməramlıların yerləşdirmə nöqtələrinin, postlar arası hərəkət marşrutlarının və ayrı-ayrı infrastruktur obyektlərinin minalardan təmizlənmənin dərhal həyata keçirilməsidir.

Rusiyalı könüllülər yalnız bir sahədə 30-a yaxın tank əleyhinə mina zərərsizləşdiriblər. Bir qayda olaraq, aşkar edilmiş hərbi sursat xüsusi poliqonda və ya ərazidə partladılaraq məhv edilir.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri bu çətin və gərgin işə Birləşmiş Millətlər Təşkilatının (BMT) mina əleyhinə standartlarına uyğun olaraq hazırlanıblar. Onların sərəncamında bu sahə üzrə ən son texnika – IMP-S2 mina dedektorları və "Uran-6" robot sistemləri var.

Müasir axtarış cihazları və qoruyucu vasitələr Dağlıq Qarabağdakı rus hərbi qulluqçularının, həmçinin digər hərbçilərin və mülki əhalinin sağlamlığı və həyatı üçün riskləri azaltsa da, istisna etmir.

Missiyanın çətinliyi

Müasir yerli və regional münaqişələr döyüş əməliyyatlarının daimi xarakteri, eyni zamanda, birbaşa əməliyyat zonasında və ona bitişik ərazilərdə minalanmış sahələrin, yol kənarlarına basdırılmış bombaların, mina tələlərinin və digər "sürprizlərin" geniş yayılması ilə fərqlənir. Taktiki cəhətdən təsdiqlənmiş, eşelon yerləşdirilməklə möhkəmləndirilmiş (məsələn, yüz kilometrlik cəbhə xətti boyunca) müdafiənin təşkili üçün çox sayda qoşun və resursa sahib olmayan münaqişə tərəfləri alt birlikləri və hərbi texnikanı ayrı-ayrı sahələrə cəmləşdirir və aradakı "boşluqları" da minalarla doldururlar.

Qarabağda, əsasən, keçmiş sovet istehsalı minalardan - tank əleyhinə TM-62 və piyadalar əleyhinə PMN-2-dən istifadə olunub. Bununla yanaşı, həmin partlayıcıların yerləşdirildiyi ərazilərin xəritə-sxemləri çox vaxt, necə deyərlər "diz üstündə" tərtib edilir və sonrdan tez-tez itirilir. İqlim dəyişmələrinin təsiri ilə minalar zamanla sıradan çıxır və minalanmış sahələr "yenilənir".

Çox güman ki, münaqişə tərəfləri yeni minalanmış sahələrdəki partlayıcı hərbi sürsatı heç bir problem olmadan aradan qaldıracaqlar. Lakin bölgədə münaqişə uzun illər boyunca davam etdiyindən, bütün minalanmış sahələrin dəqiq yerini heç kim bilmir. Çoxlu sayda partlamamış və ya döyüş vaxtı tərk edilmiş top mərmiləri isə ayrı bir problemdir. Qarabağ torpağında minlərlə belə partlayıcı obyekt var.

Bir qədər bundan əvvəl Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəhbəri Qəzənfər Əhmədov Qarabağın işğaldan azad olunmuş ərazilərinin tamamilə təmizlənməsinə on ildən çox vaxt lazım gəldiyini bildirmişdi. Abxaziya və Cənubi Osetiya ərazilərinin minalardan təmizlənməsi təcrübəsi (orada hələ görülməli çox iş var) Qarabağdakı vəziyyətin qlobal miqyasını təsdiqləyir.

Səylərin birləşdirilməsi

BMT-nin Ərazilərinin Minalardan Təmizləmə Xidməti (UNMAS) bu məqsədlə yalnız keçən il 19 ölkəyə (o cümlədən, İraq, Əfqanıstan və Suriyaya) təqribən 495 milyon dollar vəsait ayırıb. Həmin vəsaitlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsinə yönəldilməsi mümkündür.

UNMAS-dan verilən məlumata görə, missiya dekabrın əvvəllərindən etibarən Qarabağda fəaliyyətə başlayacaq. Hər şeydən əvvəl mütəxəssislər dağlıq və meşəlik ərazilərin çətin şəraitində işin həcmini qiymətləndirəcəklər. Yəqin ki, könüllülərin birgə beynəlxalq səyləri qaçqınların münaqişədən sonra bölgəyə qayıtmasını sürətləndirəcək. BMT-nin Baş katibi Antonio Quterreşin bu məsələdə tutuduğu mövqe ümidləri bir az da artırır. O bəyan etmişdi ki, əldə olunan atəşkəs humanitar təşkilatların münaqişə nəticəsində zərər çəkmiş mülki əhali ilə təmasına imkan verəcək. Quterreş, həmçinin Dağlıq Qarabağda Rusiya ilə əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını da bildirmişdi.

63
Teqlər:
münaqişə, Gorus, Xankəndi, RF Müdafiə Nazirliyi, partlamamış hərbi sursatlar, Dağlıq Qarabağ, minalardan təmizlənmə
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovdan kilsələrlə bağlı fransızlara tərs şillə

195
(Yenilənib 14:35 25.11.2020)
Azərbaycanın xarici işlər naziri deyib ki, vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın "Le Point" jurnalına müsahibə verib. Müsahibədə nazir üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Fransanın mövqeyi, bölgədəki xristian abidələrinin taleyi, müharibədə Türkiyənin rolu, Dağlıq Qarabağda birgə yaşayışa zəmanət və digər sualları cavablandırıb.

Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:

- Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlayacaqsınız?

- BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər.

- Atəşkəsin ən yaxşı təminatçısı rus hərbçiləridir?

- Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan arasında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac olduğu aydın oldu. Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirildi.

Rusiya Minsk Qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycanla münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həm də Rusiya prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.

- Qərb ölkəsi olan iki həmsədr Fransa və ABŞ atəşkəs razılaşması ilə əlaqəli olmadığı halda Minsk Qrupu faydasız oldu?

- Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüz qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaq.

- Sizin fikrinizcə, münaqişə zamanı Fransa bitərəf qaldı?

- Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda.

- Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər?

- Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur.

- Bu müharibədə Türkiyənin Azərbaycana pilotsuz təyyarələr və Suriyalı muzdlular daxil olmaqla köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləşdirilməsi davamlı həllin axtarışını çətinləşdirmir?

- Azərbaycan ordusunu gücləndirən amillər silahlı qüvvələrimizin mobilliyi, dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq etmişdir. Türkiyə həmişə haqlı mövqeyimizi dəstəkləmişdir. Azərbaycan münaqişənin beynəlmiləşdirilməsi və Ermənistanın üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxış etmişdir. Suriyalı muzdlular barədə bu hekayəyə gəldikdə isə, biz bir neçə dəfə təkrarladıq və prezidentimiz bunun müəyyən ölkələr tərəfindən yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi. Bu şayiələri yayanlar tərəfindən heç bir dəlil verilməyib. Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar və güclü bir orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq üçün kənar silahlı qüvvələrə və nizamsız qruplaşmalara ehtiyacımız yoxdur.

- Hazırda sizin nəzarətinizdə olan xristian abidələri, xüsusən də Dadivank monastırı ilə nə olacaq?

- Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələri dövlət tərəfindən qorunacaq. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur. Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etmişdir.

- Son bir neçə həftə ərzində aparılmış müharibədə xristianlarla müsəlmanlar arasında dini qarşıdurma epizodu olubmu?

- Ermənistanla Azərbaycan arasındakı dini münaqişə deyil və heç zaman belə olmayıb. Bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası münaqişədir. Bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan müxtəlif dinlərin davamçılarının əsrlər boyu sülh şəraitində yaşadığı bir ölkədir.

- Nə üçün Azərbaycanın Silahlı Qüvvələri Şuşadakı kimi kilsələr də daxil olmaqla, mülki binaları və məktəbləri bombaladı?

- Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan Ordusu legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olundu. Bəhs etdiyiniz kilsə ilə bağlı Prezidentimiz bunun səhv olduğunu və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğulamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı Erməni Kilsəsini bərpa etməzdik.

- Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı bir bölgə olan Dağlıq Qarabağ üzərində bir Ermənistan suverenliyini tanımağa hazırdırmı?

- Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilmişdir. Sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.

- Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün bu cür dinc birgə yaşayışa necə zəmanət verə bilər?

- Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Prezidentimiz, artıq işğal altında olmayan ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır.

- Atəşkəs elan edildikdən sonra Prezident Əliyev niyə ermənilərin "itlər kimi" qovulduğunu iddia edərək təhqiredici şərhlər etdi?

- Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Şubhəsiz ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər.

195
Teqlər:
Ermənistan, ermənilər, erməni, Bakı, kilsə, Fransa, Azərbaycan xarici işlər nazirliyi, təhsil naziri Ceyhun Bayramov, Ceyhun Bayramov

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0