Rusiya ən yeni döyüş təyyarəsini ilk olaraq hansı ölkəyə satacaq?

381
(Yenilənib 20:47 06.10.2020)
Rusiyanın hərbi sifariş portfeli 2020-ci ildə 55 milyard dollar dəyərində qiymətləndirilib. Sifarişlərin təxminən 45 faizi aviasiyadır.

BAKI, 6 oktyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın yüksək texnologiyalı silahları beynəlxalq bazarları fəth etməyə davam edir. Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində ən böyük tərəfdaşlarından olan Əlcəzair beşinci nəsil Su-57 qırıcısının ilk ixracatçısı olmaq niyyətindədir.

ABŞ-ın "The Military Watch Magazine" hərbi-analitik nəşri bildirir ki, Əlcəzair köhnə "MiQ"lərini əvəz etmək üçün Rusiyadan Su-57 qırıcılarını və digər aviatexnikanı sifariş edib. Bundan başqa, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin Direktoru Dmitri Şuqayev bu günlərdə Əlcəzairdə həmkarları ilə danışıqlar aparıb, tərəflər 14 ədəd Su-57E təyyarəsinin tədarükünün detallarını müzakirə ediblər.

Bir qədər əvvəl, Əlcəzair Aralıq dənizinin cənub sahillərində bu beşinci nəsil döyüş təyyarəsini ilk olaraq almaq üçün marağını ifadə edib. Əlcəzairin "Menadefence" hərbi xəbərlər saytı ötən ilin dekabrında Əlcəzair tərəfinin Rusiya istehsalı olan ən son qırıcı və bombardmançı təyyarələrinin tədarükünə dair müqavilələr imzaladığını bildirib.

Prinsipial qərar 2019-cu ilin yayında Əlcəzair nümayəndə heyətinin Rusiyanın MAKS aviasalonunu ziyarət etməsindən sonra qəbul edilib. Tədarük 2025-ci ilə kimi başa çatacaq və bu, Əlcəzairin Hərbi Hava Qüvvələrinə (HHQ) Su-57, Su-35, MiQ-29M2 eskadrilyalarını (hər eskadrilyada 14 təyyarə), eləcə də Su-30MKA təyyarələrinin iki qanadını (hər qanadda üç eskadrilya) yaratmağa imkan verəcək. Əlcəzair həmçinin 14 ədəd Su-34 bombardmançı təyyarəsini əldə edəcək.

Regional qonşuların hərbi-hava qüvvələrinin planlı şəkildə gücləndirilməsi fonunda (Mərakeş 25 ədəd F-16 qırıcısına üstünlük verib, İtaliya isə F-35 təyyarələrini almağı planlaşdırır) Əlcəzairin beşinci nəsil təyyarələri almaq cəhdləri başa düşüləndir. Su-57 Rusiya istehsalı olan digər müasir qırıcılar ilə qarşılıqlı əlaqədə hava üstünlüyünü etibarlı şəkildə təmin edəcək.

Hərbi aviasiya sektorunda Əlcəzair-Rusiya müqavilələrinin məbləği müxtəlif məlumatlara görə, 2 milyard dollardan 6 milyard dollara qədər təşkil edir. "Ordu-2020" VI Beynəlxalq Hərbi-Texniki Forum zamanı Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin mətbuat katibi Mariya Vorobyova bir neçə ölkənin Su-57 qırıcısını almaq üçün Rusiyaya rəsmən müraciət etdiyini açıqlayıb.

Rusiya istehsalı olan təyyarələrin və aviasiya vasitələrinin sayəsində Əlcəzairin Hərbi Hava Qüvvələri Afrika qitəsində ən inkişaf etmiş, balanslaşdırılmış və güclü hərbi hava qüvvələri sayılır. Əlcəzair HHQ-nin əsasını 45 ədəd ağır Su-30MKA (4+ nəsil) döyüş təyyarələri təşkil edir. Bu təyyarələr uzun mənzilli raketlərin köməyi ilə hava və quru hədəfləri müvəffəqiyyətlə vurmağa qadirdir. X-31 qanadlı raketlərini (sürəti 3 Maxdan çox) tətbiq etməyə qadir Su-30 döyüş təyyarələrinin, dörd MiQ-29 eskadrilyasının və 36 ədəd Su-24M bombardmançısının döyüş imkanları əhəmiyyətli dərəcədə böyükdür.

Etibarlı zəmanət

Əlcəzairin Rusiya silahının xeyrinə seçimi təsadüfi deyil. Bütün parametrlərinə görə xarici analoqlarını üstələyən Su-57 qırıcısının isə reklama ehtiyacı yoxdur. Su-57-nin korpusunun radiodalğaları az əks etdirən effektiv səthi döyüş şəraitində onu düşmən radarları üçün görünməz edir (konstruksiyadakı kompozit materiallar səthin 70 faizini və çəkinin 25 faizini təşkil edir).

Üçölçülü dartma vektorlu mühərriklər, əsas radiolokasiya stansiyası, unikal optik-elektron hədəf aşkarlama sistemi və elektron müdaxilə sistemi səmada onun hökmranlığını təmin edir. Rusiya qırıcısı 400 kilometrədək məsafədə hava və yerüstü hədəfləri aşkar etmək, 62 obyekti müşayiət etmək, forsajsız rejimdə hipersəs sürəti yığmaq, 14 növ silah daşımaq qabiliyyətinə malikdir (on tonluq arsenal korpus daxilində iki bölmədə yerləşir).

Su-57-nin döyüş radiusu 5500 kilometrdir, onun raket silahları Suriyada tapşırıqları yerinə yetirərkən uğurla sınaqdan keçirilib. Nəzəri döyüşdə Su-57 təyyarəsi Amerikanın F-22 və F-35 görünməz təyyarələrini daha əvvəl aşkar və məhv edə bilər.

Yəqin ki, buna əlavə etməyə başqa bir şey yoxdur.

Rusiyanın beşinci nəsil Su-57 qırıcı təyyarəsi
© Sputnik / Vladimir Astapkovich

Bununla belə, "The Military Watch Magazine" jurnalı Su-57 üçün işlənib hazırlanmış yeni "hava-hava" tipli K-77 raketinin imkanlarından da yazıb. Nəşrin məlumatına görə, çox kompakt və təhlükəli olan K-77 raketi 193 kilometr vurma məsafəsinə malikdir. Bu, ABŞ-ın ən yaxşı AIM-120D raketinin vurma məsafəsindən (180 kilometr) çoxdur. Ən əsası isə, yeni raket böyük məsafədən başqa həm də manevr qabiliyyətinə və dəqiqliyə malikdir. Aktiv fazalı anten şəbəkəsinin yönləndirmə texnologiyası K-77 raketini həddindən çox uzaq məsafələrdə kiçik və hərəkətli hədəflərə qarşı son dərəcə effektiv edir. Raketin burun hissəsindəki mürəkkəb radiolokasiya sistemi "baxış sahəsi" problemini aradan qaldırmağa qadirdir və hədəfi 360 dərəcədə nişanda saxlamağa imkan verir. Yəni düşmənin heç bir qırıcısı K-77-nin "nəzərindən" qaça bilməyəcək. Su-57 belə raketlərdən ən azı səkkizini daşıya bilir.

Su-57 sülhü və təhlükəsizliyi təmin edən gözəllik və gücün möhtəşəm vəhdətidir.

Dmitri Şuqayev bu yaxınlarda qeyd edib ki, Rusiya hərbi-texniki əməkdaşlıq sahəsində etibarlı tərəfdaş kimi qanun və beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyət göstərir. Təsadüfi deyil ki, Rusiyanın sifariş portfeli 2020-ci ildə 55 milyard dollar dəyərində qiymətləndirilib (MDB ölkələrinin payı 2 milyard dollar təşkil edir) və Rusiya artıq bir neçə ildir ki, bu "çəkini" saxlayır. Sifarişlərin təxminən 45 faizi aviasiyadır, üçdə biri hava hücumundan müdafiə texnikasının, 15 faizi isə yerüstü texnikanın payına düşür.

Yəqin ki, yaxın illərdə unikal Su-57 qırıcısı HHQ sektorunda sifarişləri əhəmiyyətli dərəcədə artıracaq.

381
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

79
(Yenilənib 02:00 27.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

79
İl-76M ağır hərbi-nəqliyyat təyyarəsi, arxiv şəkli

Rusiya "qiyamət günü" təyyarələrini niyə dirçəldir

161
(Yenilənib 20:13 26.10.2020)
Geniş, müdafiə olunan, yüksək texnologiya ilə təchiz edilmiş – yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələri uzunmüddətli İl-96-400M laynerinin bazasında yaradılmış yeni hava komandanlığı qərargahları alacaq. Qərbdə bu cür mexanizmləri "qiyamət günü təyyarəsi" adlandırırlar.

BAKI, 26 oktyabr — Sputnik, Andrey Kots. III Dünya müharibəsinin başlayacağı təqdirdə ölkənin hərbi-siyasi rəhbərliyi müdafiənin təşkili, eləcə də quru qoşunları, dəniz və hava qüvvələrinə komandanlığı məhz bu "uçan qərargah"ların göyərtəsindən həyata keçirəcəklər. Belə yüksək texnologiyalı təyyarələr hazırda yalnız Rusiya və ABŞ-da var. "RİA Novosti"nin növbəti məqaləsi həmin təyyarələrin xüsusiyyətləri haqqındadır.

Komanda heyətini xilas etmək

Nüvə gücləri arasındakı münasibətlər sərhədi aşır. Diplomatlar çıxılmaz vəziyyətə düşür, tərəflər səfirləri geri çağırır. Silahlı qüvvələr maksimum hazırlıq vəziyyətinə gətirilir. Strateji bombardmançı təyyarələr havaya qalxır, ballistik raketli nüvə mühərrikli sualtı qayıqlar okeana enir, mobil yerüstü raket sistemləri döyüş patrul yollarında yerləşdirilir. Bütün dünya sükut içində III Dünya müharibəsinin başlanmasını gözləyir.

Bu ssenari hələlik fantastikadan başqa bir şey deyil. Rusiyada da, ABŞ-da yaxşı başa düşürlər ki, genişmiqyaslı müharibə sürətlə nüvə savaşına çevrilə və on milyonlarla insan həlak ola bilər. Ancaq hərbçilər hər zaman ən pis vəziyyətə hazırlıqlı olmalıdır.

Hər iki tərəf belə hesab edir ki, bu cür qarşıdurmada ilk zərbəni endirərək düşməni sarsıdacaq, onu qoşunlara nəzarət etmək və müqavimət göstərmək imkanından məhrum edəcək. Bu məqamda əsas hədəf isə hərbi və siyasi mərkəzlər olur.

Təhlükənin mövcud olduğu dövrdə Rusiya rəhbərliyi və Silahlı Qüvvələrin yüksək komandanlıq heyəti ciddi məxfilik şəraitində hərbi aerodroma aparılacaq ki, burada da onları "qanadlı komanda məntəqələri" gözləyəcək. "Qiyamət günü" təyyarələrinin əsas vəzifəsi, dövlətin yüksək vəzifəli şəxslərini hücuma məruz qalan ərazidən çıxarmaq və onlara ölkənin müdafiəsini havadan idarə etmək imkanı verməkdir.

Bu komanda məntəqələrinin döyüş dayanıqlığı qırıcı təyyarələr və hava tankerləri tərəfindən təmin edilir. Bənzər taktika Soyuq Müharibə dövründə ABŞ-da işlənib-hazırlanmışdı.

Çoxdan gözlənilən yerdəyişmə

Rusiya Aerokosmik Qüvvələrində İl-86 sərnişin təyyarələri bazasında hazırlanmış dörd İl-80 "qiyamət günü təyyarəsi" var. Güclü elektrik qurğuları, müasir rabitə vasitələri, həyat-təminat sistemi bir neçə gün havada qalmağa imkan verir, əlbəttə ki, əlavə yanacaqdoldurmanın həyata keçirilməsi ilə.

İl-80 öz "mülki sələf"indən hündür "alın" hissəsi – müxtəlif elektron avadanlıqların yerləşdiyi yerüstü bölmə – ilə fərqlənir. Bundan başqa, İl-80-də heyət üzvlərinin və sərnişinlərin yaxınlıqdakı nüvə partlayışından kor olmamaları üçün İl-80-də illüminator yoxdur. Quyruq hissəsində isə sualtı qayıqlarla rabitə yaratmaq üçün bir çıxış kabel antenası var.

İl-80 barədə daha geniş məlumat vermək olmaz, çünki bu dövlət sirridir.

Yalnız o məlumdur ki, həmin təyyarələrin göyərtəsinə silahlı qüvvələrin bütün növlərinə və qollarına nəzarət etmək üçün xüsusi avadanlıqlar, yüksək səviyyəli sərnişinlərin işləməsi və istirahəti üçün otaqlar quraşdırılıb, yanacaq tədarükü üçün əlavə çənlər yerləşdirilib. İstənilən mülki və hərbi aerodromdan havaya qalxa bilən təyyarə kütləvi qırğın silahlarından qorunma vasitələri ilə təchiz olunub, həmçinin ötürmə, rabitə və naviqasiya sistemlərinin yerüstü və peyk avadanlığının məhv olması halında belə ayrılıqda fəaliyyət göstərə bilər.

Bununla belə, İl-80-lər artıq 15 ildən çoxdur qoşunlarda xidmət edir və resurslarının çoxu artıq tükənib. Bundan başqa, İl-86 baza təyyarələri orta məsafəlidir. Onların praktiki məsafəsi cəmi 3800 kilometrdir ki, bu da hava komandanlığı qərargahı üçün kifayət deyil. Bu səbəbdən, yeni "qiyamət günü təyyarəsi" üçün baza olaraq İl-96-400M-in seçilməsi daha məntiqə uyğundur: bu təyyarənin maksimum yüklənmə halında qət etdiyi uçuş məsafəsi təxminən doqquz min kilometrdir.

"Uçan hotellər"

ABŞ Silahlı Qüvvələrinin sərəncamında Boeing 747 təyyarəsinin bazasında hazırlanmış dörd E-4B Nightwatch təyyarəsi var. Onların hər birinin göyərtəsinə 100 nəfərədək insan yerləşə və müntəzəm yanacaq doldurma vəziyyətində bir həftəyə qədər havada qala bilər. E-4B-lər nüvə partlayışının zərərverici amillərindən qorunur və ən müasir elektron avadanlıqlarla təchiz edilir.

Əslində, Amerikanın "qiyamət günü təyyarəsi" uçan hoteldən fərqlənmir. Burada bir neçə gün yaşamaq və işləmək üçün hər bir şərait var - mətbəx, hamam otağı, istirahət zonası, yataq otağı, masa və doqquz oturacaqlı iclas zalı, 29 nəfərlik rabitə və kommunikasiya zonası və digər otaqlar mövcuddur. Salon çox rahatdır və avadanlıq olduqca erqonomikdir. Bəlkə də elə buna görə ABŞ-ın birinci şəxsləri "Air Force One"-ın klassik prezident təyyarəsi əvəzinə rəsmi səfərlə digər ölkələrə uzun uçuşlar zamanı məhz E-4B-yə üstünlük verirlər.

E-4B təyyarəsi Rusiyanın İl-80-dən əhəmiyyətli dərəcədə köhnədir. Bu təyyarələr hələ 1970-ci illərdə istismara verilib. Bununla belə, həmin təyyarələr daim modernləşdirilir. 2015-ci ildə təyyarələrin bir qisminin rabitə avadanlığı yenidən proqramlaşdırılıb və modifikasiya olunub. Təyyarələr yüksək sürətli internet bağlantısı, genişzolaqlı peyk rabitəsi və xüsusi təhlükəsiz kanalları ilə təchiz olunur. E-4B-nin uçuş məsafəsi 11 min kilometrdir.

Bundan əlavə, amerikalıların strateji nüvə sualtı qayıqları ilə rabitə sistemini təmin etmək və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Strateji Komandanlığının hava komandanlığı qərargahı kimi istifadə olunmaq üçün hazırlanmış 16 ədəd E-6 təyyarəsi də var. Müharibə vəziyyətində bu vasitələrin sualtı qayıqlar və "qiyamət günü təyyarələri" E-4B ilə əlaqə yaradaraq Atlantik və Sakit okean bölgələrində döyüş patruluna çıxması nəzərdə tutulur.

161
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov

Lavrov Rusiyanın AŞ-nin sanksiyalarını cavabsız qoymayacağını bəyan etdi

0
(Yenilənib 18:42 27.10.2020)
Lavrovun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq

BAKI, 27 oktyabr — Sputnik. Avropa Şurasının (AŞ) Almaniya və Fransanın təhriki ilə Aleksey Navalnı məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etməsi bu qurumun baş verənləri adekvat qiymətləndirə bilməməsindən xəbər verir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, bu fikri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Qeyd edək ki, oktyabrın 15-də Brüsselin altı Rusiya vətəndaşı və elmi-tədqiqat institutuna qarşı məhdudiyyət tətbiqinə Moskvadan cavab reaksiyası gözlənilirdi.

Berlin Baş Prokurorluğunun Navalnı ilə bağlı çoxsaylı müraciətlərə cavab verməkdən "təkəbbürlü şəkildə imtina etdiyini" xatırladan diplomatın sözlərinə görə, bununla da Almaniya Cinayət Məsələlərində Qarşılıqlı Hüquqi Yardım haqqında Avropa Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməyib.

"Almaniya və Fransa nümayəndələri bu beynəlxalq hüquqi sənədə hörmət etmək əvəzinə, AŞ-ni Rusiya vətəndaşlarına qarşı daha bir qanunsuz sanksiyanın tətbiqinə təhrik edirlər. Bütün bunlar təəssüf doğurur və açıq şəkildə Brüsselin özünü qanundan kənarda qoymaq istəyini nümayiş etdirir", – deyə Lavrov Xorvatiyanın "Veçerni List" qəzetinə verdiyi müsahibədə vurğulayıb.

Onun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq.

Diplomat onu da qeyd edib ki, Rusiyanın inkişafına mane olmaq məqsədilə səylərini ikiqat artıran Vaşinqton və Brüssel Moskvaya qarşı irəli sürdükləri ittihamlarla bağlı heç bir dəlil göstərməyiblər.

Lavrov avropalı tərəfdaşlarının dialoqu bərpa etmək üçün kifayət qədər sağlam düşüncəyə və uzaqgörənliyə sahib olduğuna ümid etdiyini bildirib.

0
Əlaqədar
Amerika Senatı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini tələb edib
Olimpiada və Navalnı skandalı
Toksikoloq: Navalnının "zəhərlənmə" diaqnozu təsdiqlənməyib
Navalnı Rusiyaya qayıtmağı planlaşdırır
Tramp Navalnı məsələsinə qoşulmaq istəmir