Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

20
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

20
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir

Politoloq: “İrana qarşı sanksiyalar ən effektiv metoddur”

37
(Yenilənib 14:54 29.10.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, sanksiyalar nüvə proqramının həyata keçirilməsini kifayət qədər məhdudlaşdırır
İlqar Vəlizadə: “İran sanksiyalardan kənarda əməkdaşlıq mexanizmləri qurub”

ABŞ İranın Neft Naziri Bijən Namdar Zəngənə, eləcə də neft nazirliyi də daxil olmaqla ölkənin bir sıra digər İran vətəndaşlarına, şirkət və təşkilatlarına sanksiya tətbiq edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar ABŞ-ın İrana qarşı ənənəvi siyasətinin davamıdır:

“Sanksiyalar nüvə proqramının həyata keçirilməsini kifayət qədər məhdudlaşdırır və İranın hərbi-sənaye kompleksinə mənfi təsir göstərir. Bu da ABŞ üçün ən faydalı siyasət kimi görünür. İllərdir davam edən sanksiyalara baxmayaraq İran məqsədinə çatmağa çalışır. İran sanksiyalardan kənarda müxtəlif ölkələrlə əməkdaşlıq mexanizmləri qurub”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

37
Mayk Pompeo və Ceyhun Bayramov, arxiv şəkli

"Asan məsələ": Amerikalıların Qarabağda müharibəni dayandırmaq cəhdləri

89
(Yenilənib 20:32 27.10.2020)
Dağlıq Qarabağ münaqişəsini həll etməyin çətin olmadığını deyən Tramp niyə Azərbaycanla Ermənistanı barışdıra bilmədi.

BAKI, 27 oktyabr — Sputnik, Qaliyə İbrahimova. Dağlıq Qarabağda hərbi əməliyyatlar artıq bir aydır ki, davam edir və indiyə kimi üç humanitar atəşkəs cəhdi baş tutmayıb. ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs rejimi uzun sürməyib. Amerikalılar bölgədə təhlükəsizliyi bərpa etməyə söz versələr də, onlara inanan azdır.

Amerikanın oyanışı

"ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı danışıqlarda vasitəçiliyi öz üzərinə götürüb. Bütün səylərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib", – ABŞ Dövlət Departamenti üçüncü humanitar atəşkəsin elan olunduğunu bu sözlərlə bəyan etdi.

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş əvvəlki iki razılaşmanın pozulduğunu nəzərə çatdıran Mayk Pompeo şəxsən bəyan etdi: "Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan (Azərbaycan və Ermənistan XİN-in rəbərləri – red.) atəşkəs rejiminə əməl olunacağına təminat verdilər".

Donald Tramp da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etdiyini nümayiş etdirdi. Nyu-Hempşirdə seçicilər qarşısında çıxış edən ABŞ Prezidenti Qafqazdakı münaqişə ilə "məşğul olacağına" söz verdi. "Niyə də olmasın? Məncə, nə edəcəyini bilən adam üçün bu asan məsələdir", – deyə Ağ Ev rəhbəri öz qeyri-adi üslubuna sadiq qalaraq bildirdi.

Amerikalıların Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturtmaq cəhdini Rusiya Prezidenti də dəstəklədi. "Ümid edirəm ki, Vaşinqton bizimlə həmrəylik göstərəcək və münaqişənin nizamlanmasına kömək edəcək", – deyə Vladimir Putin vurğuladı.

Razılaşmanın pozulması

Humanitar atəşkəs rejimi oktyabrın 26-da yerli vaxtla səhər saat 8-də qüvvəyə mindi. Ancaq üstündən heç yarım saat keçməmiş hər iki tərəf razılaşmanın pozulduğunu bəyan etdi.

Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrini Tərtər və Dağlıq Qarabağla həmsərhəd yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırdı. Ermənistan Müdafiə Nazirliyinin açıqlaması da özünü çox gözlətmədi.

Azərbaycan Prezidenti İlham Əliyev müvəqqəti atəşkəsə etiraz etməsə də beynəlxalq vasitəçiləri məsələyə neytral münasibət göstərməyə çağırdı. "Ermənilər atəşkəs istəyirlərsə, qoy bizim ərazilərimizi tərk etsinlər. Bu baş verməsə, sona qədər mübarizə aparacağıq", – deyə Azərbaycan lideri bəyan etdi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edən digər dövlətlərə də müraciət edərək, xüsusilə, Türkiyəyə Qafqazdakı nüfuzundan istifadə etməsini məsləhət gördü. "Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqlarımız oldu. Ankaranı münaqişənin sülh yolu ilə nizamlamasını dəstəkləməyə inandırmağa çalışırıq", – deyə Rusiya XİN-in rəhbəri bildirdi.

ATƏT-in Minsk qrupu tərəfləri barışdırmaq cəhdindən əl çəkmir. Oktyabrın 29-da həmsədrlər Cenevrədə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə görüşəcəklər. Ancaq RİA Novosti-yə müsahibə verən ekspertlər bu məsələyə şübhə ilə yanaşırlar.

Amerikanın təşəbbüsü

Qafqaz regionu üzrə mütəxəssisi Nurlan Qasımov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyinin lap əvvəldən uğursuzluğa məhkum olduğunu bildirir. Onun sözlərinə görə, hər iki tərəf müvəqqəti atəşkəsdən ehtiyat qüvvə yığmaq və münaqişə bölgəsindəki mövqelərini gücləndirmək üçün istifadə edir.

"Hazırda Laçın dəhlizi uğrunda döyüşlər gedir. Əgər Azərbaycan dəhlizi ələ keçirsə, Ermənistanla Dağlıq Qarabağ arasındakı birbaşa əlaqə kəsiləcək. Bu isə münaqişənin nizamlanması prosesini kökündən dəyişəcək", – deyə Qasımov bildirib.

Mütəxəssis Vaşinqtonun nizamlanma prosesindəki fəallığını Amerikadakı seçki kampaniyası ilə əlaqələndirir. Bununla belə, ABŞ-ın yeni rəhbərliyinin Cənubi Qafqaza marağını tez itirəcəyinə də əmindir.

"İndiyə kimi Vaşinqtondan münaqişənin nizamlanması ilə bağlı yeganə təşəbbüs 1999-cu ildə irəli sürülüb. Həmin vaxt Ki-Vestdə keçirilən görüşdə ABŞ-ın vasitəçisi Pol Qobl ərazilərin mübadiləsi planını təklif etdi: Dağlıq Qarabağ ətrafındakı yeddi bölgə Azərbaycana qaytarılır, Bakı isə Ermənistan-İran sərhədindəki Mehri dəhlizini alaraq Dağlıq Qarabağı və Laçın dəhlizini Ermənistana verir. Lakin İrəvan Mehri dəhlizinin Dağlıq Qarabağı dünya ilə əlaqələndirdiyini əsas gətirərək bu təklifdən imtina etdi. Həmin vaxt Dağlıq Qarabağın ermənilərdə qalması ilə razılaşmayan Azərbaycan tərəfi də planın reallaşmasına razılıq vermədi", – deyə Qasımov xatırladır.

O, ABŞ-ın 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hərəkətlərini tərəfləri barışdırmaq istəyi ilə deyil, "Qafqazın neft və qaz sektoruna sərmayə yatırmaq" arzusu ilə izah edir.

"Bundan sonra Qərb Cənubi Qafqazda neft və qaz boru kəmərlərinin tikintisinə böyük sərmayə qoydu. Azərbaycan nefti Avropadakı Rusiya enerji qaynaqlarına alternativ sayıldı və amerikalılar buna hər cür dəstək verdilər. Müharibə bu layihələrin həyata keçirilməsinin qarşısını ala bilərdi. Ancaq Qoblun planının iflasından sonra Vaşinqton sülhməramlı təşəbbüsünü tamamilə Rusiyaya ötürdü", – deyə Qasımov xatırladır.

Vaşinqton seçkidən sonra Qafqazı unudacaq

ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Pavel Koşkin də Amerikanın sülhməramlı vasitəçiliyini seçkiöncəsi vəziyyətlə əlaqələndirir.

"Tramp üçün bəzi ştatlarda çoxluq təşkil edən erməni diasporunun səsini almaq vacibdir. Bu səbəbdən də münaqişənin həllinə kömək etmək üçün vədlər verir. Ancaq seçkidən sonra Vaşinqton yenidən Qafqazı unudacaq", – deyə ekspert bildirir.

Koşkinin fikirncə, amerikalıların Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesindən uzun müddət kənar qalması okeanın o biri tayından konfliktin idarəolunan münaqişə təsiri bağışlaması ilə əlaqədardır: "ABŞ-da Dağlıq Qarabağ problemi Ukrayna və ya Gürcüstandakı vəziyyətdən fərqli olaraq, qarışıq məsələ kimi qəbul olunmur. Çünki digər dondurulmuş münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində hər zaman Moskva ilə konsensusa getmək imkanı var".

Ağ Evin yeni rəhbəri kim olursa-olsun, Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün əhəmiyyət kəsb etməyəcək. Ancaq vacib məqam odur ki, Qarabağ münaqişəsi Vaşinqtonun Moskvanın fikirlərinə güvəndiyi çox az sayda məsələlərdən biridir.

89
Teqlər:
ABŞ, ATӘT-in Minsk Qrupu, Atəşkəsin pozulması, dinc sakinlər, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan - İlham Əliyev
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"
İlham Əliyev: "Azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar"
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə