Aleksey Navalnı, arxiv şəkli

Navalnının Rusiyaya qayıtmaq istəyi Almaniyanı çətin vəziyyətə salır

222
(Yenilənib 19:11 16.09.2020)
Aleksey Navalnı üçün pis xəbər ondan ibarətdir ki, onun Rusiyaya qayıdışı bu vəziyyəti yaratmış Berlin üçün xoşagəlməz nəticələr verə bilər.

BAKI, 16 sentyabr — Sputnik, İrina Alksnis. Aleksey Navalnı xəstəxanaya yerləşdirildikdən sonra sosial şəbəkələrdə ilk fotosunu paylaşıb və vəziyyətinin bütün müsbət dinamikası ilə yanaşı, hələ də qalan sağlamlıq problemləri haqqında yazıb.

Bazar ertəsi keçirilən mətbuat konfransında isə Almaniyanın Xarici İşlər naziri Hayko Maas blogerin "Noviçok" ilə zəhərlənməsi ilə bağlı əldə edilmiş nəticələrin tənqidini dayandırmağı tələb edib, çünki Fransa və İsveçdəki hansısa müstəqil laboratoriyalar Bundesver mütəxəssislərinin nəticələrini təsdiqləyib. "Hansısa" laboratoriyalar deyirik, çünki onlar haqqında məlumatlar da məxfiləşdirilib.

Çətin ki, nazirin istəyi gerçəkləşsin. Amma tam əks bir nəticə ehtimal olunur, çünki i̇ndi Aleksey Navalnı özü Almaniya hakimiyyətini çox pis vəziyyətə qoyub.

"The New York Times" qəzeti Almaniyanın təhlükəsizlik orqanlarının yüksək rütbəli nümayəndəsinə istinadən bildirib ki, Navalnı sağaldıqdan sonra Rusiyaya qayıtmaq və "fəaliyyətini davam etdirmək" niyyətindədir.

Əgər qəzetin bu insayder xəbəri həqiqətə uyğundursa, onda Navalnıya görə yalnız sevinmək olar, çünki belə bir arzu birmənalı şəkildə onun idraki funksiyalarının qaldığını göstərir — həkimlərin dediyinə zidd olaraq.

Son bir neçə onillik ərzində bir çox keçmiş ciddi ictimai-siyasi fiqur "qapını bərkdən çırparaq" Rusiyanı tərk edib. Nəticə həmişə eyni olub: onlar öz ictimai çəkilərini ildırım sürət ilə itirərək, mühacirlərin ümumi kütləsinə qarışıblar. Kremlin barışmaz əleyhdarları statusu ilə yanaşı, onlar həm də bu statusa bağlı olan maliyyə imkanlarını da itiriblər – rusiyalı müxalifətçilər arasında Mixail Xodorkovski kimi həqiqətən varlı insanlar azdır.

Nəticədə, onların indi edə bildikləri yeganə iş Praqada, Riqada və ya Londonda qaldıqları təvazökar mənzillərdən sosial şəbəkələrdə nifrət yağdırmaqdır. Buna görə də ildən-ilə "mən həmişəlik Rusiyanı tərk edirəm, qoy o mənsiz həlak olsun" mövzusu daha az və sakit səslənir.

Aleksey Navalnı üçün isə belə bir tale xüsusilə təhqiredici olardı. O, Rusiyanın ən məşhur müxalifətçisinə çevrilməklə yanaşı, həm də tərəfdarlarından maliyyə vəsaitlərinin toplanmasının son dərəcə səmərəli sistemini qurub. Bu, son illər ərzində onu çox sayda bonuslar və bahalı xarici kurortlarda müntəzəm ailə istirahətindən tutmuş, qızının Stenford Universitetində təhsil almasına qədər yüksək həyat səviyyəsi ilə təmin edib.

Heç də təəccüblü deyil ki, bloger "ağır zəhməti ilə" qazandığını itirmək istəmir.

Lakin elə bu məqamda Aleksey Navalnının şəxsi maraqları ilə Qərbin onun üçün yazdığı xəstəlik kağızı arasında prinsipial ziddiyyət yaranır. Almanlar tərəfindən qoyulan diaqnoz onun təhlükəsizlik baxımından vətənə dönməsini yolverilməz edir. Amma blogerin inadla geriyə doğru – az qala onu öldürmüş əjdahanın ağzına – can atması o deməkdir ki, Navalnı "Noviçok" ilə zəhərləndiyinə və Rusiya hakimiyyətinin onun həyatına təhlükə törətdiyinə inanmır.

Navalnı xəstəxanadan vətəninə epikriz ilə qayıtmalıdır. Almaniya tərəfi isə məlum olduğu kimi, Moskvaya onun diaqnozunu təsdiq edən istənilən məlumatı verməkdən imtina edir. Rusiya Baş Prokurorluğu almaniyalı həmkarlarına blogerin bütün xəstəlik tarixçəsi ilə bağlı yoxlama həyata keçirmək üçün növbəti sorğusunu göndərib, lakin Berlinin köməyinə ümid etməyə dəyməz.

Amma blogerin özü ilə "Şarite" klinikasından gətirəcəyi çıxarış Rusiyanın səlahiyyətli orqanlarına bir çox maraqlı məlumatlar verə bilər. Bir sözlə, Aleksey Navalnının Rusiyaya qayıtmaq istəyi almanları son dərəcə xoşagəlməz və çətin vəziyyətə qoyur, çünki onların bu həftə ərzində irəli sürdükləri iddiaları dağıda bilər.

Rusiyanın əsas müxalifətçisini bütün ailəsi ilə birlikdə könüllü olaraq şirin həyatını atmağa razı salmaq almanlar üçün son dərəcə çətin bir iş ola bilər. Lakin bloger üçün pis xəbər ondan ibarətdir ki, onun Rusiyaya qayıdışı bu vəziyyəti yaratmış Berlin üçün xoşagəlməz nəticələr verə bilər.

222
Teqlər:
qayıdış, Rusiya, problem, Almaniya, bloger, Aleksey Navalni
Əlaqədar
"Cəfəngiyyatdır!" – “Noviçok”un yaradıcısı zəhərin yeni növünü istisna edir
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalni komadan çıxarılıb
Alman siyasətçi Navalnının zəhərlənməsinin kimə fayda gətirdiyini izah edib
Almaniyada Aleksey Navalnıya xüsusi status verilib
Maykl Pompeo, arxiv şəkli

ABŞ-ın məğlubiyyət təhlükəsi. Vaşinqton niyə yenidən Tehrana sanksiyalar tətbiq edib?

9
(Yenilənib 20:11 22.09.2020)
Rəyi soruşulan ekspertlər belə bir qənaətdədirlər ki, ABŞ-ın növbəti prezidenti Co Bayden olsa, amerikalılar nüvə sövdələşməsinə qayıda bilərlər. Lakin Trampın prezidentliyi dövründə İran ətrafında vəziyyət dəyişib.

BAKI, 22 sentyabr — Sputnik, Qaliya İbrahimova. Amerika Birləşmiş Ştatları anti-İran sanksiyalarını tam həcmdə bərpa edib. Dövlət Departamenti bunu Tehranın nüvə razılaşması şərtlərini "yerinə yetirməməsi" ilə izah edib. BMT və Avropa İttifaqında amerikalıların arqumentlərini inandırıcı saymayıblar və Vaşinqtona qoşulmaqdan imtina ediblər. Ağ Ev nəyə nail olmaq istəyir və beynəlxalq ictimaiyyətin mövqeyi necədir? Ətraflı RİA Novosti-nin materialında.

Birtərəfli təzyiq

"BMT Təhlükəsizlik Şurası İrana silah tədarükü üzrə embarqonu uzatmayıb. Lakin ABŞ fəaliyyətsiz qalmayıb və sanksiyaları geri qaytarıb. İndi onlar yalnız Tehrana deyil, həm də embarqonu pozan hamının əleyhinədir", — Mayk Pompeo Avropa İttifaqını Vaşinqtonu dəstəkləməyə çağırarkən deyib.

Lakin əks-reaksiya olub. Almaniya, Böyük Britaniya və Fransanın ("avroüçlük") xarici işlər nazirləri Ağ Evin fəaliyyətini pisləyən birgə bəyanat veriblər.

"ABŞ 2018-ci il mayın 8-də İran proqramı üzrə Birgə Əhatəli Fəaliyyət Planından çıxıb və artıq "sövdələşmənin" iştirakçısı sayılmır. Bununla bağlı Vaşinqtonun istənilən qərarının hüquqi qüvvəsi yoxdur", - "avroüçlük" nazirləri bildiriblər.

Paris, Berlin və London, əksinə, sanksiyaları zəiflətməkdə davam edəcəklər. Nazirlər xatırladıblar ki, İranın üzərindən məhdudiyyətlərin götürülməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulur. Bu sənəd 2015-ci ildə razılaşdırılmış nüvə sazişini rəsmən təsdiq edib.

"Biz həmişə onu qoruyub saxlamağı dəstəkləmişik və bunu davam etdirəcəyik", – avropalılar vurğulayıblar.

Avropanın vədləri

Donald Tramp sövdələşmədən iki il əvvəl çıxıb və Tehranın guya gizli şəkildə nüvə proqramını inkişaf etdirdiyinə istinad edib. O, heç bir dəlil gətirməyib, ancaq sanksiyaların qaytarılmasını tələb edib.

Rusiya, Çin və avropalılar bunu pisləyərək, sənədin ABŞ olmadan da qüvvədə olacağını vurğulayıblar. Hətta Almaniya, Fransa, Böyük Britaniya şirkətləri İranla əməkdaşlıq etməyə imkan verən xüsusi qanun qəbul ediblər. Biznesin ABŞ-ın təzyiqindən qorxmaması üçün xüsusi INSTEX maliyyə mexanizmi yaradılıb.

Düzdür, onun təsiri məhdud olub. Şirkətlər İran bazarını tərk etməyə davam ediblər və İslam Respublikasının iqtisadiyyatı kəskin şəkildə çöküb. Pekin Amerikanın sanksiyalarını pisləsə də, Tehranla əməkdaşlığı hətta çinlilər də yarımçıq qoyublar.

İran hakimiyyəti gözləmə mövqeyini tutub və ümid edib ki, avropalılar Vaşinqtonu biznesi təqib etməməyə inandıra biləcəklər. Amma xarici şirkətlər ölkəni tərk etdikcə və Vaşinqtonun yumşalacağına dair ümidlər əriyib getdikcə Tehran nüvə proqramına qoyduğu məhdudiyyətləri götürüb.

Formal olaraq Birgə Əhatəli Fəaliyyət Planı qüvvədə qalır, lakin sövdələşmə iştirakçılarının qarşılıqlı ittihamları ona etibarı pozur. Vaşinqton Tehranın sənədin şərtlərinə əməl etməkdən imtinasını İrana qarşı yeni hücumda əsas arqument kimi istifadə edir.

Embarqonun ləğvinə yol verməmək

Amerikalılar daha çox ehtiyat edirlər ki, oktyabrın 18-də Tehranın üzərindən silah embarqosu götürüləcək. Bu qorxunu İranın qonşuları qızışdırırlar.

Belə ki, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt bildirir ki, qadağaların ləğvindən sonra İslam Respublikası Rusiya və Çindən hava hücumundan müdafiə vasitələrini və müasir qırıcıları alacaq. Bu, İranı möhkəmləndirəcək və regionda vəziyyəti mürəkkəbləşdirəcək. Belə bir ssenariyə yol verməmək üçün Tehranın əleyhdarları ABŞ vasitəsilə hərəkət edirlər.

Avqustda amerikalılar BMT Təhlükəsizlik Şurasında (TŞ) silah embarqosunun uzadılmasına dair qətnamə təqdim ediblər. Onu Tehranın Livan və Suriyada "Hizbullah"ı, həmçinin İraqdakı şiə yaraqlılarını silahlandırması ilə əsaslandırıblar.

Fransa, Almaniya və Böyük Britaniya amerikalıların bu narahatlığını bölüşüb, lakin onların təklifini dəstəkləməyiblər. Rusiya və Çin ABŞ-ın bu istiqamətdə bütün səylərinin qarşısını alacağını bildiriblər. İran isə öz növbəsində bəyan edib ki, bu qətnamə nüvə sövdələşməsinin üstündən birdəfəlik xətt çəkəcək.

BMT TŞ Amerika layihəsini rədd edib. Amma artıq bir həftə sonra Dövlət Departamenti Tehranın nüvə sövdələşməsi üzrə öhdəlikləri pozduğunu təsdiqləyən sənədləri təqdim edib. Orada söhbət İranın müəyyən edilmiş 300 kiloqramlıq normadan artıq zənginləşdirilmiş uran yığdığından gedir.

Mayk Pompeo Vaşinqtonun sanksiyaları tam həcmdə bərpa etmək istədiyini gizlətməyib. BMT TŞ-də xatırladıblar ki, ABŞ "sövdələşməyə" əməl olunmasını qiymətləndirə bilməz, çünki özü bu sövdələşmədən çıxıb. Amerikalılar isə hələ də 2231 saylı qətnaməni təsdiq edənlər arasında olduqlarını, müvafiq olaraq sanksiya hüququnu saxladıqlarını deyiblər və qeyd ediblər ki, əgər İrana qarşı şikayət daxil olduqdan 30 gün sonra tədbir görülməsə, sanksiyalar bərpa olunacaq. Müddət sentyabrın 20-də başa çatıb.

Gözləmə diplomatiyası

"BMT Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasında konsensusun olmamasına istinad edərək, İrana qarşı sanksiyaların bərpa olunmasına qarşı çıxıb. Amerikanın qərarını Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nəzərə almayıb, Avropa isə onu kəskin tənqid edib. Vaşinqton kifayət qədər alçaldıcı vəziyyətə düşüb", — Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Tədqiqatlar İnstitutunun Avroatlantik Təhlükəsizlik Mərkəzinin Baş Elmi işçisi Andrey Baklitski hesab edir.

İranda güləşçi Navid Əfkarinin ölüm hökmünə etirazlar
© Iranian Labor News Agency via AP, File

Buna baxmayaraq, ekspert Amerika sanksiyalarının xarici biznesi qorxudacağını istisna etmir. Oktyabrda silah embarqosu ləğv edilsə, şirkətlər İranla ticarət etmək istəməyəcək. ABŞ-ın təzyiqi altına düşmək təhlükəsi ağırlaşacaq. Lakin belə olan halda da Vaşinqtonun hərəkətləri artıq görünür.

"Avropa qanunvericiliyi 2023-cü ilə qədər silah embarqosunu nəzərdə tutur. Odur ki, beynəlxalq qadağalar aradan qaldırılsa belə, Aİ Tehranla bu sahədə əməkdaşlıq edə bilməyəcək. Rusiya və Çin ilə vəziyyət daha da maraqlıdır. Bu ölkələrdən potensial olaraq İrana silah sata biləcək şirkətlər artıq sanksiya altındadır. Onlara embarqonun aradan qaldırılmasından sonra Tehranla təmtəraqlı müqavilə imzalamağa heç nə mane olmur. Bu o demək deyil ki, silah həqiqətən dərhal İrana gedəcək, amma ABŞ-ın mənəvi məğlubiyyəti göz qabağındadır", – Baklitski deyir.

ABŞ-da yaşayan beynəlxalq münasibətlər üzrə mütəxəssis Rafael Səttarov diqqəti Tehranın ABŞ-ın birtərəfli sanksiyalarına verdiyi təmkinli reaksiyasına çəkir. Onun sözlərinə görə, İran hakimiyyəti Amerikada prezident seçkisinədək vəziyyəti gərginləşdirmək istəmir.

"İslam Respublikası başa düşür ki, ABŞ-ın ünvanına deyilən istənilən kəskin bəyanat yalnız zərər verəcək. Tramp İranla növbəti böhranı dərhal öz xeyrinə çevirəcək və rejimə təzyiqləri gücləndirəcək. Bundan başqa, indi Avropa, Rusiya, Çin, BMT İranın tərəfindədir. Şifahi qarşıdurmada heç bir məna yoxdur. Birtərəfli sanksiyaların isə beynəlxalq səviyyədə tanınmış qanuni qüvvəsi yoxdur", – Səttarov hesab edir.

Rəyi soruşulan ekspertlər belə bir qənaətdədirlər ki, ABŞ-ın növbəti prezidenti Co Bayden olsa, amerikalılar nüvə sövdələşməsinə qayıda bilərlər. Lakin Trampın prezidentliyi dövründə İran ətrafında vəziyyət dəyişib. Buna görə də sövdələşməyə qayıdış proseduru asan olmayacaq.

9
Teqlər:
Çin, Rusiya, sanksiya, İran, ABŞ
Əlaqədar
Rusiya neftinə qadağa qoymaq istəyən ABŞ paradoksal vəziyyətlə üzləşib
Politoloq: “İran nüvə anlaşması ilə bağlı taktiki gedişlər etməyə çalışır”
Rusiya: Dünyada kiberhücumların böyük əksəriyyətinin arxasında ABŞ dayanır
İrana qarşı sanksiyalar: ABŞ-ın rəyi və uğursuzluqları
Bakıda tibbi maskada olan şəxslər, arxiv şəkli

Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!

961
(Yenilənib 09:58 22.09.2020)
COVID–19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik.COVID – 19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub. Hazırda 30 vaksindən cəmi 6-sı 3-cü, yəni sonuncu klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, xeyli müddətdir ki, hansı vaksinin alınacağı, onun kimlərə vurulması ilə bağlı müzakirələr aparılır. Bununla bağlı olaraq bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən işçi qrupu da yaradılıb. Əsas müzakirələr isə daha effektiv olan vaksinin, həmçinin vurulan insalara əlavə təsiri olmayan vaksinin seçilməsi ətrafında gedir:

"İngiltərə-İsveç firması var. Artıq onların vaksinləri cəlbedicidir və çoxsaylı təkliflər oldu. Bu vaksinlər cəlbedici görsənir. Bundan başqa, bildiyiniz kimi Rusiya da "Sputnik V" vaksini hazırlayır, sınaqlar davam edir. Çin firmaları tərəfindən bir neçə vaksin təklif olunub. Daha sonra ABŞ şirkətləri tərəfindən də vaksinlər təklif olunur".

Akif Qurbanovun sözlərinə görə, peyvəndin ilk növbədə risk qrupunda olan insalara vurulması nəzərdə tutulub. Bura əsasən yaşı 65-dən yuxarı olan insanlar və xroniki xəstəliyi olanlar aiddir. Bununla da ölkədəki əhalinin 20 faizinin vaksinasiyası planlaşdırılır:

"Xroniki ağciyər xəstəlikləri, o cümlədən bronxial astma, xroniki ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, metobolik sindromu olan, şəkərli diabeti olan şəxslər. Bunların hamısı elə qrupdur ki, bunlarda koronavirus infeksiyasından fəsadlaşmalar daha çox olur. Bir də ki, çoxsaylı təmaslarda işləyən şəxslər risk qrupuna daxil edilir. Məsələn, həkimlər, müəllimlər və s." – deyə Akif Qurbanov bildirib.

Peyvəndlərin ilin sonuna kimi hazır olacağı və gələn ildən insanlara vurulacağı gözlənir. Dövlət xətti ilə gətirilən bu vaksinlərin ödənişsiz olması nəzərdə tutulub. Özəl firmalar da vaksinləri alaraq ölkəyə gətirə bilər ki, bunun ödənişli olmasına dövlət qarışmır.

961
Teqlər:
vaksin, peyvənd, Rusiya, İsveç, İngiltərə, Koronavirus, COVID-19
Əlaqədar
ABŞ-dan Rusiyaya daha bir zərbə: vaksin yaradan institutu da qara siyahıya saldılar
Belarus vaksin sınağına başlayır – Hələlik Rusiya vaksininin
AstraZeneca təkrarən vaksin sınaqlarını keçirəcək
“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər
Azərbaycanlı alim COVID-19 üçün vaksin hazırladı
Millət vəkili Qüdrət Həsənquliyev

Müdafiə Nazirliyi Qüdrət Həsənquliyevə cavab verdi Ordumuzun yalnız bir məqsədi var

0
(Yenilənib 14:34 23.09.2020)
Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.

BAKI, 23 sentyabr — Sputnik. Müdafiə Nazirliyi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin "Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir" fikrinə münasibət bildirib.

Nazirlikdən Sputnik Azərbaycan-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir.

"Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Xocalı faciəsi, 2016-cı ilin Aprel hadisələri zamanı mülki şəxslərin, 2017-ci ilin iyulunda azyaşlı Zəhra və onun nənəsinin, eləcə də 2020-ci ilin iyulunda 76 yaşlı kənd sakini Əziz Əzizovun qətlə yetirilməsi və digər qanunsuz qətllər Ermənistanın beynəlxalq humanitar hüququn təməl prinsip və normalarını kobud pozmasının bariz nümunəsidir. Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək. Ordumuz bu məqsədə çatmaq üçün tam hazırdır". - Nazirlikdən bildiriblər. 

0