Co Bayden, arxiv şəkli

Co Bayden Amerika iqtisadiyyatını öldürməyi vəd edir

1114
(Yenilənib 21:33 24.08.2020)
Demokratlardan prezidentliyə namizəd Co Bayden koronavirusun ölkə daxilində yayılması ilə mübarizə üçün nə lazımdırsa edəcəyini, o cümlədən ABŞ iqtisadiyyatını bağlayacağını vəd edib.

BAKI, 24 avqust — Sputnik, İvan Danilov. Amerika mediası Co Baydenin bu yaxınlarda ABC telekanalına verdiyi müsahibədə qətiyyət və amansızlıq nümayiş etdirməsindən məmnun qalıb. Belə ki, Bayden epidemiyanın davam edəcəyi təqdirdə Trampdan tam fərqli olaraq iqtisadi fəallığa total məhdudiyyətlər qoymaqla sərt, ümummilli karantin tətbiq etmək fikrindədir. Bu mövqenin nəticələrini anlamaq üçün nəzərə almaq lazımdır ki, Avropa İttifaqı, Rusiya, Banqladeş və ya Çində koronavirus ilk növbədə epidemioloji məsələdir. ABŞ-da isə bu məsələ sırf siyasi xarakter daşıyır.

"Politico" nəşri yazır: "Demokratlardan prezidentliyə namizəd Co Bayden koronavirusun ölkə daxilində yayılması ilə mübarizə üçün nə lazımdırsa edəcəyini, o cümlədən ABŞ iqtisadiyyatını bağlayacağını bəyan edib."

Demokratlar partiyası və Bayden Amerikada koronavirus epidemiyasını dayandırmaq üçün ən radikal tədbirlərə belə əl atmağa hazır olan və güzəştə getməyən döyüşçülər kimi özlərini seçicilərə "satmağa" çalışırlar. Əsas vəzifə isə iqtisadi məhdudiyyətləri uzatmaq istəməməsi, amerikalıların evlərini tərk etməsinə qadağa qoymaması və maska taxmağı məcburi etməməsi səbəbi ilə "əlləri qanlı" olan Prezident Trampı "nənələrin və babaların qatili" kimi göstərməkdən ibarətdir.

Demokratların nəzarətində olan ABŞ regionlarında yerli hökumətlərin paranoyası bəzən qəribə xarakter alır. Məsələn, Los-Ancelesdə yerli meriya nəinki evdə yığıncaqları qadağan edib (yəni vətəndaşların yığışmaq və sərbəst hərəkət hüquqlarını məhdudlaşdırıb), həm də bu cür məhdudiyyətləri pozanların evlərinin elektrik enerjisi, su və kanalizasiya təchizatını kəsir.

Problem ondadır ki, Baydenin haqqında danışdığı "iqtisadiyyatın söndürülməsi" böyük ölçüdə iqtisadiyyatın öldürülməsinə bərabər olacaq.

"Bütün ölkənin bağlanması sizə ayda ÜDM-in 3 faizinə qədər başa gəlir, buna görə də dünyanın ən zəngin ölkələri belə əlavə iki və ya üç aylıq bağlana bilmirlər", – İsveçrənin UBS bankının Asiya-Sakit okean regionu üzrə səhm şöbəsinin rəhbəri Hartmut İssel ABŞ-ın CNBC telekanalına bildirib.

Epidemiya ilə mübarizə mövzusunu o qədər də siyasiləşdirməyən və onu seçki kampaniyası məsələsinə çevirməyən ölkələrdə vəziyyət birmənalı şəkildə qəbul edilib: iqtisadiyyatın tam dondurulmasına yol vermək olmaz. Bu barədə Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer, "Siemens" şirkətinin rəhbəri Co Kezer və Fransanın Baş naziri Jan Kasteks kimi müxtəlif siyasətçilər və biznes nümayəndələri danışıblar.

ABŞ bu mənada heç nə ilə fərqlənmir və hətta ən pis vəziyyətdədir, çünki ölkə iqtisadiyyatın birinci dəfə bağlanmasından sonra özünə çətin gəlib. "The New York Post" xəbər verir ki, Nyu-Yorkun ac sakinləri Kuinsdə pulsuz yemək üçün 400 metrlik növbəyə düzülürlər.

Tanınmış iqtisadçı və "Allianz" sığorta şirkətinin iqtisadi məsələlər üzrə aparıcı məsləhətçisi Məhəmməd El-Erian hesab edir ki, "koronavirusa görə kiçik biznesin dağılması ABŞ-da kapitalizmə təhdidlər yaradır".

CNBC maliyyə telekanalının istinad etdiyi rəsmi dövlət dəyərləndirmələrinə görə, "ABŞ-ın (böyük yaşlı) əhalisinin, demək olar ki, yarısı işsizdir".

Bütün bunların fonunda Co Bayden, daha dəqiq, onun siyasi texnoloqları seçiciləri koronavirus vasitəsilə daha da qorxutmağa və onlara daha sərt iqtisadi məhdudiyyətlər vəd etməyə üstünlük verir. "Eurasia Group" beynəlxalq siyasi konsaltinq şirkətinin sahibi Yan Bremer haqlı olaraq qeyd edir ki, elektoratın bütövlükdə Trampa Baydendən daha çox etibar etdiyi yeganə məsələ iqtisadiyyatdır və Baydenin bu bəyanatı hazırkı prezidentin kampaniyasına əlavə imkanlar verə bilər.

Lakin Trampın bu imkanları həyata keçsə bir az təəssüflü olacaq. Amerika iqtisadiyyatının daha bir total karantini necə yaşayacağına baxmaq olduqca maraqlı olardı.

1114
ABŞ Dəniz donaması

ABŞ hərbi donanması silahını haraya tuşlayıb?

17
(Yenilənib 22:29 18.01.2021)
İnformasiya və rəqəmsal texnologiyalar ABŞ donanmasının strategiyasında əsas yer tutur. Artıq bunlar olmadan hərbi əməliyyatlar aparmaq mümkün deyil.

BAKI, 18 yanvar — Sputnik, Nikolay Protopopov. "Qarşısını almaq və məğlub etmək" – ABŞ Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, admiral Maykl Gildey yaxın onillik üçün "Naviqasiya planını" təqdim edib. Sənəddə əksini tapan əsas məsələ: Amerika donanması Dünya okeanında hegemonluq etməlidir. Qlobal nəzarətin məqsədi amerikalıların öz ölkələrində rifah içində yaşamasıdır. Bununla belə, planda başqa ölkələrə qarşı açıq-aşkar təcavüzkarlıq da öz əksini tapıb.

Bu barədə daha ətraflı RİA Novosti-nin növbəti materialında.

Dünya rəqibləri

Sənəd müəllifləri vurğulayırlar ki, ABŞ donanması bu ölkənin vətəndaşlarının təhlükəsizliyini və həyat tərzini təhdid edən uzunmüddətli rəqabətə cəlb olunub. Hərbi Dəniz Qüvvələri komandanlığı bir dəqiqə də vaxt itirməməlidir: güc tarazlığını yalnız qarşıdakı on ildə deyil, bütün XXI əsr boyunca qorumaq üçün fəal şəkildə hərəkətə keçmək lazımdır.

ABŞ-a görə, əsas rəqiblər və qlobal sakitliyi pozanlar Rusiya və Çindir. Amerikalı admiralların fikrincə, bu ölkələr uzun illərdir ki, hamının xeyrinə olan su hövzələrinin müstəqilliyini pozur.

Moskva və Pekin "qonşularını qorxudaraq" öz ərazi sularından kənarda dəyərli dəniz resursları üzərində "ədalətsiz nəzarət" həyata keçirir, "ən əhəmiyyətli su yollarını uzun mənzilli raketlərlə nəzarət altında saxlayırlar".

Rusiyanın müasir raket gəmiləri və sualtı qayıqları, hipersəsli raketləri və taktiki nüvə silahlarını inkişaf etdirməsi qəti şəkildə amerikalıların xoşuna gəlmir. Pentaqon rus donanmasının bütün dünyada aktivliyini gücləndirdiyini və get-gedə ABŞ-ın sahillərinə yaxınlaşdığını təsdiqləyir. Ona görə də Rusiyanı nəzarət altına almaq vacibdir.

Sürətlə inkişaf edən Çin donanması da narahatlıq doğurur. Amerika analitiklərinin fikrincə, bu, dünyanın ən iri dəniz donanmasıdır. Guya Pekin Vaşinqtona və onun müttəfiqlərinə meydan oxuyaraq ən kəskin və uzunmüddətli təhdidə çevrilir.

Eyni zamanda, qeyd olunur ki, ABŞ – dəniz dövlətidir və onun təhlükəsizliyi dənizdəki üstünlüyündən asılıdır. Bunun üçünsə Dünya okeanın hər bir guşəsində özünün hərbi dəniz gücünü göstərməlidir. Amerikalılar beynəlxalq hüququn imkan verdiyi hər yerdə üzməyə və uçmağa davam edirlər.

Donanmanın gücləndirilməsi

Beləliklə, ballistik raketli sualtı nüvə qayıqları "ABŞ-ı nüvə hücumundan qoruyur" və xüsusi əməliyyat qüvvələri "ən güclü düşməni çıxılmaz vəziyyətə salmağa hazırdır". Admirallar əmin edirlər ki, Hərbi Dəniz Qüvvələri istənilən sahilə desant atmağa qadirdir.

Donanma "istənilən təcavüzün qarşısını almaq üçün lazım olan bütün vasitələrə malikdir". Xüsusilə dənizdən, suyun altından və havadan hücumlara imkan verən informasiya, kibernetik texnologiyalar və digər silah növləri nəzərdə tutulur.

ABŞ qarşıdakı illərdə dənizdəki müasir qarşıdurmada süni zəkaya mühüm əhəmiyyət verəcək. Çünki bu sistemlərin döyüşdə təsirli olduqları və üstünlükləri artıq sübut olunub.

Pilotsuz dəniz platformaları da "həyati" əhəmiyyət daşıyır. Bu qurğular kəşfiyyat və müşahidə prosesində üstünlüyü təmin edəcək və donanmanın hücum qabiliyyətini artıracaq. Onilliyin sonuna qədər Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti robotlarla sıx əlaqədə işləməyi öyrənmələdir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı bütün planları həyata keçirmək üçün donanmanın gücləndirilməli və genişləndirilməli olduğuna inanır. Bunun üçün daha çox sualtı nüvə qayığı və yüksək hücum qabiliyyətinə malik suüstü gəmilər tələb olunur. Üstəlik, yeni gəmilər, məsələn, "Constellation" sinfinin perspektivli freqatları kimi kompakt olmalıdır.

Pentaqon təyyarə gəmilərini də nəzərdə saxlayır. Bu gəmilər hələ də ABŞ Hərbi Dəniz Qüvvələrinin qürur mənbəyi və güc nümayişinin əsas aləti hesab olunur. Donanmanın sualtı qüvvələrinin xüsusi əhəmiyyəti də qeyd olunur. Buradakı prioritet "Kolumbiya" sinfindəki nüvə enerjisi ilə işləyən strateji sualtı qayıqlarla yanaşı, həm də çoxməqsədli "Vircinya"lardır.

"Rəqəmsal texnologiyalar" və lazerlər

Dəniz Qüvvələrinin komandanlığı bu işdə texnologiyanın yetərli olmadığını qəbul edir. Düşmən davranışının nüanslarını başa düşmək üçün kadrları daha yaxşı hazırlamaq lazım gələcək. Admiralların fikrincə, "dənizçilər yalnız müşahidə etməməli, həm də təhdidlərə cəld reaksiya verməyi bacarmalıdırlar. Hər hansı bir ölkənin vətəndaşlarının mentalitet xüsusiyyətlərini bilməklə, instinktiv olaraq onların davranışlarını əvvəlcədən təxmin etmək mümkündür".

"Gələcək qarşıdurma" ssenariləri dünyanın hər yerində – Uzaq Şimaldan tutmuş Sakit Okeanın qərb hissəsinə qədər – həyata keçiriləcək. Məsələn, bu il ABŞ Hərbi Dəniz Qüvvələrinin bir neçə təyyarə gəmisi genişmiqyaslı manevrlər həyata keçirəcək. Orada ilk dəfə yeni hücum silahları və məlumat mənbələrindən istifadə olunmaqla, kiçik taktiki kiber qruplar yerləşdiriləcək. Admiral Gildeyin sözlərinə görə, yeni tarixdə bu cür manevrlərin tayı-bərabəri görünməyib.

İnformasiya və rəqəmsal texnologiyalar ABŞ donanmasının strategiyasında əsas yer tutur. Artıq bunlar olmadan hərbi əməliyyatlar aparmaq mümkün deyil. Çünki indi hər şeyi rəqəmsal texnologiyalar həll edir. Bu texnologiyalar dəniz və quru döyüşlərini sürətli və səmərəli şəkildə aparmağa imkan verir.

Hərbi Dəniz Qüvvələrində belə hesab edirlər ki, "ABŞ-ın düşmənləri donanmanın müdafiəsini böyük sayda raketlərlə yarmağa ümid bəsləyir. Bu səbəbdən də Pentaqon müxtəlif stasionar və mobil aşkarlama sistemlərindən, sualtı qayıqların radarlarından və pilotsuz dəniz aparatlarından istifadə edəcək, gəmi və təyyarələrin müdafiə qabiliyyətini artıracaq. Bununla belə, yaxın döyüşlərdə enerji silahlarından istifadə edilməsi də planlaşdırılır.

 

17
Teqlər:
Rusiya, ABŞ
S-400 zenit-raket sistemi, arxiv şəkli

Rusiyanın S-400 sistemləri dörd ölkəni "ələ keçirdi": bəs sonra?

57
(Yenilənib 16:50 16.01.2021)
Əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək

BAKI, 16 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinin dinc yolla ekspansiyası Avrasiyanın yeni ölkələrini əhatə edir. Çin, Türkiyə, Hindistandan sonra Belarus Respublikası da hərbi hava və hava hücumundan müdafiə qüvvələrini "Triumf"larla yenidən silahlandırmağa hazırlaşır.

İraq, Qətər və Mərakeş (Afrika qitəsinin şimal-qərb hissəsi) də S-400 sistemlərini əldə etmək mərhələsindədir. S-400 zenit raket kompleksinin (ZRK) dünyada uğurlu inkişafının əsasında yaxın analoqlarının olmaması, misilsiz döyüş xüsusiyyətləri dayanır.

Yanvarın 14-də Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-mayor İqor Qolub ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "beşinci nəsil" F-22 və F35 döyüş təyyarələrinin döyüş qabiliyyətləri nəzərə alınmaqla xüsusi olaraq hazırlanmış hava hücumundan müdafiə bölmələrini ən son S-400 "Triumf" sistemləri ilə yenidən silahlandıracaqlarını elan etdi. NATO Avropaya yüzlərlə F-35 yerləşdirməyi planlaşdırır.

Bundan başqa, qoşunlar "Pantsir-S" ZRK-nın təkmilləşdirilməsi məqsədilə müqavilə öncəsi iş aparır. MI-35 çoxməqsədli hücum helikopterləri və Rusiya istehsalı olan SU-30SM qırıcılarının ikinci partiyası üçün müqavilələr imzalanıb.

Belarus qoşunları 2021-ci ildə yeni "Protivnik-Q" və "Vostok" radarlarını da qəbul edəcək. Bundan əvvəl Rusiya Federasiyasında istehsal olunan yeni "Sopka-2" üç koordinatlı marşrut əsaslı S zolaqlı radiolokasiya sistemi ölkənin hava məkanını qorumaq üçün (Baranoviçi rayonu ərazisində) döyüş tapşırığı alıb. Qərbin sanksiyaları və iqtisadi çətinliklər Rusiyanı Belarus ordusu üçün yeganə silah tədarükçüsünə çevirir.

Beləliklə, Belarus respublikasının səması istənilən təcavüzkar üçün aşılmaz qalaya dönür.

Nikbin dinamika

Rusiya ilə aktiv hərbi-texniki əməkdaşlıq yeddi MDB ölkəsi də daxil olmaqla, dünyanın əlli dövlətinin təhlükəsizliyini və suverenliyini gücləndirir. Xarici mütəxəssislər Rusiya Federasiyasında istehsal olunan döyüş təyyarələrini və hava hücumundan müdafiə sistemlərini ən təsirli müdafiə vasitəsi hesab edirlər.

Çin S-400 "Triumf" ZRK-nın ilk xarici müştərisi olub. S-400 hava hücumundan müdafiə sistemlərinin iki alay dəstinin tədarükü üzrə Rusiya-Çin müqaviləsi 2014-cü ilin noyabrında imzalanmışdı.

Bir dəstin tərkibinə - mobil komanda məntəqəsi, iki diviziya buraxılış qurğusu, radiolokasiya stansiyaları və iki növ 120-dən çox yeni zenit idarəolunan raketi daxildir.

"Triumf"dan ilk uğurlu atəş Çin mütəxəssisləri tərəfindən 2018-ci ilin dekabrında həyata keçirildi və təxminən 250 km məsafədə 3000 m/s sürətlə uçan ballistik hədəfi məhv etdi.

Çin S-400 sistemlərinin ikinci alay dəstini 2019-cu ilin dekabrında aldı. Rusiya "Triumf"larının Çində əsas üstünlükləri - 400 km-ə qədər hərəkət məsafəsinə sahib olması (dünyada heç bir "yer-hava" raket sistemi buna qadir deyil), düşmənin Radio Müşahidə və Nişan Alma təyyarələrini məhv etmək xüsusiyyəti (döyüş əməliyyatları zamanı hədəf təyinatlarını aradan qaldırmaq üçün) və uzaq məsafədən kəşfiyyat apara bilməsidir. S-400 sistemləri Çin Xalq Respublikası ətrafındakı periferik və mübahisəli sahələri etibarlı şəkildə idarə etməyə imkan verir.

Türkiyə isə Rusiya ilə 2017-ci ildə S-400 "Triumf" hava müdafiə sisteminin alınması barədə razılığa gəlib, müqavilənin dəyəri 2,5 milyard dollardır. Bu, ABŞ-Türkiyə münasibətlərində ciddi böhrana səbəb olub. Türkiyəni sanksiyalarla, eləcə də F-35 qırıcılarının istehsalı proqramından xaric etməklə hədələyən Vaşinqton Ankaradan tələb etdi ki, Rusiya ilə müqavilədən geri çəkilsin və Amerikanın "Patriot" komplekslərini alsın. Ankara ABŞ-ın ultimatum tələblərini yerinə yetirmədi və 2019-cu ilin yayında S-400 zenit-raket komplekslərinin dörd diviziyasını (birinci dəst) aldı.

Türkiyə ikinci dəsti də əldə etmək və beləliklə, ölkədəki mühüm obyektlərin qorunması üçün ən etibarlı və müasir hava hücumundan müdafiə sistemi yaratmaq niyyətindədir. Sınaqlar zamanı Ankara yaxınlığında yerləşdirilən S-400 sistemi 600 kilometr uzaqlıqdakı RLS-in əhatə dairəsinin sərhədində F-16 Fighting Falcon qırıcısını aşkarladı. Yəni, döyüş xəbərdarlığı rejimində hava hədəflərinin aşkarlanması və məhv edilməsi avtomatik rejimdə həyata keçirildikdə F-16 Fighting Falcon qırıcıları Ankaradan 400 kilometr məsafədə "Triumf" tərəfindən məhv edilə bilər.

Türkiyə ilə S-400 zenit raket sistemlərinin ikinci dəstinin (alayının) tədarükü ilə bağlı prinsipial razılıq 2020-ci ilin iyun ayında əldə edilib.

Hindistan isə 2018-ci ilin oktyabr ayında Rusiya ilə beş S-400 alay dəstinin çatdırılması üzrə 5,43 milyard dollarlıq bir müqavilə imzalayıb. Dehli ABŞ-ın çoxsaylı təzyiqlərinə baxmayaraq bu məsələdə qərarlıdır. "The Times of India" qəzetinin yazdığına görə, Rusiya "Triumf"ları Hindistanın qərb, şimal və şərq bölgələrində (Çin və Pakistanın təhdid spektri nəzərə alınaraq) yerləşdiriləcək və ölkənin hava hücumundan müdafiə sistemində inqilab edəcək. S-400 zenit-raket kompleksinin istismarı və döyüş istifadəsini öyrənmək məqsədi ilə 100 hindistanlı mütəxəssisdən ibarət ilk qrup 2021-ci il yanvar ayının sonunadək Rusiyaya gələcək. Hindistanda "Triumf"ların ilk alay dəstinin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin beş alay dəstinin hamısını 2025-ci ilə qədər bu ölkəyə çatdırmaq niyyətindədir.

"Triumf" perspektivləri

Hazırda Mərakeş, Qətər və İraqla "Triumf"ların alınması ilə bağlı danışıqlar aparılır. Bundan əvvəl isə Əlcəzair, Vyetnam, Misir, Səudiyyə Ərəbistanı və ümumilikdə 12-dən çox ölkə Rusiyanın S-400 zenit-raket kompleksini almaqda maraqlı olduğunu bildirmişdi.

Xarici tələbat ixracat təklifini üstələyir (Rusiya Aerokosmik Qüvvələri yenidən silahlanmanın prioriteti olaraq qalır). Halbuki ABŞ-ın Düşmənlərinə Qarşı Mübarizə Qanununa (Prezident Donald Tramp tərəfindən 2017-ci ilin avqust ayında imzalanan) uyğun olaraq, bu dövlətlərə qarşı sanksiyalar tətbiq oluna bilər. Lakin dünyanın ən yaxşı uzaq mənzilli hava müdafiə sistemi olan S-400-ə gedən yolun qarşısını sanskiyalarla almaq mümkün deyil.

"Triumf" sistemləri dünyanı dəyişir. Məsələn, əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək. Odur ki, Vaşinqtonun öz dünyagörüşü konsepsiyasını düzəltməsi və İranla "danışıq üslubu"nu bir daha gözdən keçirməsi qaçılmazdır. Çünki bu artıq İraqda baş verir.

ABŞ-ın İraqdakı səfirliyi və hərbi bazaları sistematik olaraq raket hücumlarına məruz qalır. Amerika zenit raket kompleksləri raket hücumlarının dəf edilməsinin öhdəsindən gələ bilmir. Bağdadın "yaşıl bölgəsində" partlayan mərmiləri ABŞ-ı diplomatik heyətin böyük hissəsini təxliyə etməyə və iraqlılardan Rusiyadan aldıqları "Pantsir-S" hava hücumundan müdafiə raket kompleksini kirayəyə götürməyə məcbur edib.

Gəlin yenidən S-400 zenit raket komplekslərinə qayıdaq. "Triumf"ların vacib üstünlükləri RLS-in hərtərəfli görmə qabiliyyəti və dörd növ raketdən istifadənin çevikliyidir (çoxsəviyyəli hava hücumundan müdafiənin formalaşması).

Müxtəlif tip raketlərin istifadəsi hipersəsli hədəfləri, döyüş təyyarələrini, pilotsuz təyyarələri, qanadlı, taktiki və ballistik raketləri mövcud olan bütün yüksəkliklərdə (5 m-dən 30 km-ə qədər) və məsafələrdə (2km-dən - 400 km-ya qədər) effektiv şəkildə məhv etməyə imkan verir.

"Triumf"un bir batareyası 72-yə qədər idarə olunan raketə sahib ola bilər və onlardan eyni vaxtda 4800 m/s-yə qədər sürətlə uçan 36 hədəfə atəş açmağa qadirdir. S-400 kompleksi müxtəlif növ hava hücum sistemlərini (S-300, "Pantsir"-S1, "Tor"-M1) özündə birləşdirə və hər cür radielektron müqavimət şəraitində fərqli mənzillərdəki hava müdafiə sistemlərini idarə edə bilər.

Yeri gəlmişkən, 2021-ci ildə rus qoşunları 200 km yüksəkliklərdə müharibəyə hazır olan inqilabi S-500 kompleksini əldə edəcək. Deməli, Rusiyanın hərbi-texniki sahədəki tərəfdaşlarının bu yeni  sistemi əldə etmək üçün növbəyə düzülmə vaxtı da gəlib çatıb.

57
Teqlər:
Rusiya, S-400 zenit-raket kompleksi
Əlində bıçaq olan adam, arxiv şəkli

Gədəbəydə qardaşoğlu əmisini öldürdü, bibisinə xəsarət yetirdi, evlərini yandırdı

0
(Yenilənib 12:42 19.01.2021)
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 19 yanvar — Sputnik. 12 iyul 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Sənubər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Gədəbəy Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Sənubər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0
Teqlər:
qətl, ölüm, Gədəbəy