Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

28
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

28
Su-57, arxiv şəkli

Sarsıdıcı inteqrasiya: Su 57 qırıcısı "Oxotnik" PUA-sı gücünü birləşdirir

32
(Yenilənib 21:48 04.12.2020)
Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Qırıcılarda süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

BAKI, 4 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Beşinci nəsil Su-57 aviasiya kompleksinin ilk buraxılışından 76 qırıcı-təyyarə dekabr ayında Rusiya Aerokosmik Qüvvələrinin döyüş xəttində öz yerini tutacaq. Hazırda poliqonda yüksək hündürlükdəki hədəfləri ələ keçirmək və məhv etmək üçün nəzərdə tutulan alqoritmləri mənimsəyən süni intellektlə idarə olunan pilotsuz təyyarə – "Oxotnik" S-70 də tezliklə havaya qalxacaq.

Bir qədər bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyindən bildirilmişdi ki, ilin sonuna kimi Rusiya Aerokosmik Qüvvələrinə beşinci nəsil Su-57-in ilk buraxılışından olan döyüş təyyarəsi veriləcək. Təyyarə demək olar ki hazırdır. Gələcəkdə istehsal həcmi illik 15 ədədə qədər artırılacaq və ümumilikdə 2021-2027-ci illər ərzində üç aviasiya alayının təchiz edilməsi üçün 76 ədəd Su-57 tədarük ediləcək.

İlk partiya qırıcı-təyyarələr birinci mərhələ mühərriki ilə buraxılır, 2025-ci ildən isə ikinci mərhələ mühərriki ilə təyyarələrin istehsalına başlanılacaq. Hər bir halda, günü bu gün də Su-57 dünyanın ən mükəmməl və güclü qırıcılarından biri hesab olunur.

Rusiyanın beşinci nəsil təyyarəsi hər növ hava, yer və yerüstü hədəfləri məhv etməyə qadirdir. Forsajsız super manevr və səsdən yüksək sürət imkanının birləşməsi, eləcə də göyərtəsinin elektron cihazlar kompleksi ilə təchizatı və tez nəzərə çarpmaması Su-57-yə yüksək döyüş effektivliyi və düşmən üzərində üstünlük əldə etmək fürsəti verir. "Military Watch Magazine"nin məlumatına görə, bu təyyarələr öz xüsusiyyətləri baxımından bənzərsizdir. Bura həssas radarlar, 400 km mənzilli hipersəsli "hava-hava" raketləri, düşmən raketlərinə qarşı lazer müdafiə sistemi və digər yüksək texnoloji üstünlüklər aiddir.

Bir qədər bundan əvvəl beşinci nəsil qırıcıları ilə bağlı geniş çeşidli aviasiya silahlarına (raket) dair böyük bir müqavilədən bəhs olunmuşdu. Yəni, Su-57-nin "boş" uçmayacağı artıq məlumdur. Beləliklə, Su-57 ağır pilotsuz təyyarələrlə birgə havadan idarə olunan döyüş komandanlığı mərkəzinə çevriləcək. İki yüksək texnologiyalı yeniliyin birgə fəaliyyətinin hansı döyüş effekti yaradacağını təsəvvür etmək çətin deyil.

Döyüş üstünlüyü

Yeni qırıcı-təyyarələr Suriyadakı rus qoşunlarının qruplaşması tərkibində sınaqdan keçirilib. Uçuş-texniki xüsusiyyətlərinin, intellektual informasiya idarəetmə kompleksinin, silahların və bütün göyərtə sisteminin yoxlanılması üçün təyyarələr ondan çox uçuş həyata keçirib.

Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

Pilotlu Su-57 qırıcısı avtomatik rejimdə tapşırıqların 90%-ni yerinə yetirə bilər və hətta əvvəlcədən hazırlanmış bir proqrama uyğun olaraq tam avtomatik rejimdə də işləmək imkanına malikdir. Pilot döyüşdə yaralanarsa (və ya öldürülərsə), idarəetmə sistemi müstəqil şəkildə prioritet hədəfləri təyin edir, vurur və həm təyyarənin, həm də pilotun bazaya qayıtmasını təmin edir.

Su-57 nəhəng ixrac potensialına malikdir və hətta yeni seriyadan olan təyyarələr satışa çıxarılmamışdan əvvəl xarici müştərilər bu qırıcılar üçün növbəyə düzülüb. Beşinci nəsil rus qırıcısının ilk sahibi, regional qonşularının hərbi hava qüvvələrinin güclənməsi fonunda 14 təyyarə sifariş edən Əlcəzair olacaq. Müqavilə qiyməti 2 milyard dollardır. Tədarükün 2025-ci ilə qədər yekunlaşması planlaşdırılır.

Zərbə əlaqəsi

Dekabrın 2-də S-70 "Oxotnik" zərbə dronu Aşuluq poliqonunda baş tutan raket hücumu imitasiyasında sınaqdan keçirilib. PUA-ların radioelektron sistemlərinin raket idarəetmə kompleksi və aparıcı Su-57 təyyarəsi ilə inteqrasiyası yoxlanılıb. Beləliklə, "Oxotnik" dünyada ilk pilotsuz qırıcı-təyyarə olmağı vəd edir. Təlim mərhələsində PUA hava vəziyyəti və hədəflərlə bağlı bütün məlumatları yerdən və ya aparıcı qırıcı-təyyarədən alacaq. Gələcəkdə avtonom döyüş istifadəsi də mümkündür.

Bir ağır PUA öz "intellekti" və qabiliyyəti sayəsində altı min tondan çox raket və bombanı 5000 km məsafəyə qədər çatdıra bilər. Beləliklə, "Oxotnik" PUA-sının Su-57 qırıcısı ilə sarsıdıcı ittifaqı ən yüksək texnoloji gücə sahib düşmənə belə aman verməyəcək. Rusiyanın Pavel Suxoy adına Sınaq Konstruksiya Bürosunun istehsalı olan az nəzərəçarpan "Oxotnik" dronu Rusiya Aerokosmik Qüvvələrinin zərb funksiyasına malik ilk ağır dronu olacaq. Açıq mənbələrin məlumatına görə, PUA-nın uzunluğu 19 metr, qanadlarının uzunluğu 14 metr, uçuş ağırlığı 20 ton, saatda maksimum sürəti isə təxminən 1000 kilometrdir.

"Oxotnik" PUA-sı təxminən 20 dəqiqəlik ilk uçuşunu 2019-cu ilin yayında həyata keçirib. Dron havada möhkəm dayanaraq qənaətbəxş şəkildə idarə olunub. Həmin ilin payız aylarında isə "Oxotnik" dronu ilə Su-57 qırıcısının birgə uçuşu baş tutub. Ağır dronun döyüş imkanları və muxtar idarəetmə qabiliyyəti daim inkişaf etdirilərək 2020-ci ildə nəzərəçarpacaq texnoloji təkamül səviyyəsinə çatdırılıb. Yaxın perspektivdə "Oxotnik"in müxtəlif şəraitdə hava, yerüstü və sualtı hədəflərə zərbə vurma imkanları da təkmilləşdiriləcək. Qeyd edək ki, indiyə kimi heç bir ölkə PUA-larla inteqrasiya olunmuş qırıcı-təyyarələrə sahib deyil, odur ki indi Rusiyanın "tərəfdaşları" qəzəbdən zəncir çeynəyir desək, yəqin ki, yanılmarıq...

32
S-300,arxiv şəkli

Axı silah öz-özünə atəş aça bilməz

50
(Yenilənib 20:55 03.12.2020)
Hərbi şərhçinin sözlərinə görə, ermənilər səriştəsizlikləri ucbatından Rusiyadan aldıqları silahlardan istifadə edə bilməyiblər

BAKI, 3 dekabr — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Dağlıq Qarabağdakı döyüş əməliyyatları vaxtı ekspertlər arasında və media məkanında ermənilərin əldə etdikləri Rusiya istehsalı olan silahların effektivliyi barədə geniş müzakirələr aparıldı. Sputnik erməni məğlubiyyətinin səbəbinin həmin silahlar, yoxsa kadr hazırlığı və müdafiənin təşkili ilə bağlı olub-olmadığını araşdırıb.

Bu gün erməni tərəfinin məğlubiyyətini "yararsız" Su-30-SM qırıcıları, "zəif görən" S-300 zenit-raket kompleksləri, "effektsiz" elektron döyüş sistemləri və Rusiyanın "nasaz" tankları ilə əsaslandırmaq cəhdləri var. Sanki erməni tərəfi üçüncü ölkələrdən heç vaxt silah almayıb (məsələn, Hindistandan Swathi radarları) və yaxud Azərbaycan qoşunları yalnız İsrail və Türkiyədə istehsal olunmuş hərbi texnika ilə (məsələn, "Bayraktar") silahlanıbmış və müharibədə "böyük dönüş" də məhz onların vasitəsilə əldə olunub. Ümumi müzakirə: Qarabağ münaqişəsi Rusiyanın müttəfiqlərinə və tərəfdaşlarına silah tədarükünü korreksiya edəcək. Bu cür düşüncələrin dayanıqlı sxemləri hərbi-siyasi rəhbərliyin strateji səhvlərini və dünya silah bazarında sərt rəqabəti pərdələyir. Gerçəkliyə qayıtmaq daha məqsədəuyğundur.

Moskva Ermənistana bir neçə dəfə hərbi kredit verdi. Bundan sonra hərbi quruculuğun davam etdirilməsi məsələsi Ermənistan tərəfinin öz işidir.

Rusiya istehsalı olan S-300 Zenit-Raket Kompleksi Qarabağdakı döyüşlərə cəlb olunmuşdu və Ermənistanın etibarlı (eşelonlaşdırılmış) hava hücumundan müdafiə sisteminin olmaması səbəbindən zərər gördü. 40 milyon dollar qiyməti olan Hindistan istehsalı Swathi radarlarının fəaliyyəti isə ümumiyyətlə hiss olunmadı. Halbuki reklam annotasiyalarına əsasən, bu qurğular 20 kilometrə qədər minaatanlardan, 30 kilometrə qədər toplardan və 40 kilometrə qədər raketlərdən açılan atəşi müəyyən etməli idi. Özü də guya hər qurğu eyni vaxtda 7 hədəfi izləmək qabiliyyətinə malik idi.

Bəlkə də, ermənilər bu radarlardan düzgün istifadə edə bilməyiblər. Yəqin ki, erməni mütəxəssislərin hazırlıq səviyyəsi Rusiya istehsalı olan hərbi texnikanın istismarında da həlledici rol oynayıb. Axı silah öz-özünə atəş aça bilməz, ondan baş çıxaran mütəxəssis də olmalıdır. Və aydın məsələdir ki, başıpozuqluq, təkəbbür hərbi işlərdə qətiyyən yolverilməzdir.

Hərbi itkilər və qənimətlər

Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində erməni tərəfinin hərbi itkiləri barədə ətraflı məlumat verdi. Onun açıqladığı uzun siyahıda məhv edilən və qənimət kimi ələ keçirilən yüzlərlə müxtəlif növ hərbi texnikadan söhbət gedirdi. Azərbaycan Prezidenti raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri, tanklar və elektron müharibə qurğularından da bəhs etdi. Bu rəqəmlərə müxtəlif cür yanaşmaq olar, ancaq mövcud durumda (7 rayonun qaytarılmasından sonra) prezidentin həmin rəqəmləri şişirtməsi üçün heç bir əsası yox idi.

Bu məqamda təbii olaraq Dağlıq Qarabağda 44 gün davam edən döyüşlər zamanı erməni qruplaşmalarının hərbi təşkilatlanma səviyyəsi ilə bağlı sual ortaya çıxır. Erməni qoşunlarının çox sayda texnikasının məhv edilməsi hərbi qarşıdurmanın şiddəti ilə izah edilə bilər, amma hər bir halda döyüş meydanında tərk edilən 79 tank, 47 piyadaların döyüş maşını, 104 artilleriya qurğusu (top və minaatan), 5 "Şilka" zenit qurğusu, 93 xüsusi texnika, 270 yük maşını (böyük ehtimalla bu hərbi qənimətlər dövlət başçısının sözlərinin sübutu kimi Bakıda nümayiş olunacaq) heyrət doğurur. Ermənilərin elə təkcə döyüş meydanında atıb qaçdıqları 79 döyüş qabiliyyətli tank 2,5 silahlı tank batalyonu deməkdir ki, bu da həm hücumda, həm də müdafiədə böyük güc hesab oluna bilər.

Fikrimizcə, erməni tərəfinin görünməmiş "əliaçıqlığının" yalnız iki izahı ola bilər: ya hərbi texnika kütləvi (planlaşdırılmayan) geri çəkilmə zamanı tərk edilib, ya da həmin tanklar sadəcə olaraq, yanacaqla təchiz edilmədiyindən irəli gedə bilməyiblər ki, bu da birbaşa Ermənistan ordusundakı maddi-texniki problemlərdən xəbər verir.

Hər bir halda, baş verənlərdən nəticə çıxarmaq lazımdır, ancaq bu artıq Ermənistan baş qərargahının və hərbi-siyasi rəhbərliyinin səlahiyyətində olan məsələdir.

50
Teqlər:
hərbçilər, Rusiya, Ermənistan, silahlar, Azərbaycan, Qarabag
Təyyarə, arxiv şəkli

Ermənistan Azərbaycanın hava məkanından istifadə etməyəcək?

0
(Yenilənib 16:35 05.12.2020)
"Qeyd etmək lazımdır ki, yeni işlənmiş qalxma və enmə sxemləri Azərbaycanın hava məkanından istifadəni nəzərdə tutmur"

BAKI, 5 dekabr — Sputnik. "Sünik" Qafan hava limanında təmir işləri başa çatıb. Sputnik Ermənistan xəbər verir ki, artıq hava limanı müvafiq lisenziya alıb.

Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, uçuş zolağının səthi tamamilə təmir olunub, yeni sərnişin kompleksi tikilib və beynəlxalq standartlara cavab verən yeni hasar çəkilib.

Məlumata görə, sertifikatlaşdırma prosesi qanunvericiliyin tələbinə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilib. Hava limanından L-410 kimi 19 nəfərlik tutumu olan təyyarələr istifadə edə bilər.

"Qeyd etmək lazımdır ki, yeni işlənmiş qalxma və enmə sxemləri Azərbaycanın hava məkanından istifadəni nəzərdə tutmur", - deyə bildirilib.

Bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə Qafan hava limanının ərazisinin sərhəd demarkasiyası razılaşmaları çərçivəsində Azərbaycana veriləcəyi barədə məlumatlar yer almışdı.  Daha sonra Ermənistan bu xəbərlərə təkzib verdi.

0
Teqlər:
təmir, Ermənistan, Azərbaycan, aeroport, Qafan rayonu