Dollar, arxiv şəkli

Dünyanın bir nömrəli valyutasını taxtdan salırlar?

72
(Yenilənib 02:19 01.08.2020)
Problem ondadır ki, Amerikanın analitik cəmiyyətinin böyük qismi bu mövqeni qəbul edəndə artıq çox gec olacaq

BAKI, 1 avqust — Sputnik, İvan Danilov. Amerikanın siyasi nüfuzu və onlarla keçmiş əməkdaşının dünyanın müxtəlif ölkələrində yüksək vəzifələr tutması ilə fərqlənən nəhəng bankı şok bəyanatla çıxış edib: dolların dünyanın əsas valyutası statusu erası sona çata bilər. 

Goldman Sachs — maliyyə dairələrində geniş tanınan bir qurumdur. O, bir trilyon dollarlıq aktivləri idarə edir, Uoll-stritdə böyük hörmətə malikdir, özünün keçmiş əməkdaşlarını konveyer üsulu ilə ABŞ-ın Maliyyə nazirliyində bərqərar edir, eləcə də şübhəli fərqlənmə nişanına malikdir: 2008-ci ildəki böhrandan sonra tədqiqatçı jurnalist Mett Teybinin təbirincə onu “Vampir kalmar” (Vampire squid) adlandırırlar.

“Goldman Sachs haqda bilməli olduğunuz ilk şey – onun hər yerdə olmasıdır. Dünyanın ən güclü investisiya bankı bəşəriyyətin simasını əhatələyən nəhəng vampir kalmara bənzəyir: pul iyi verən hər şeyi o amansızcasına özünün qanlı burulğanına çəkir”, - M.Teybi 2010-cu ildə “The Rolling Stone” jurnalında dərc olunmuş geniş araşdırmasında yazırdı. Və o vaxtdan məhz bu təsvir Amerikanın nüfuzlu maliyyə qurumunun sanki pasportudur. 

Yuxarıda qeyd olunan səbəblərdəndir ki, “Vampir kalmar” hansısa kütləvi mövqedən çıxış edəndə, xüsusən də onun qiymətləndirməsi aparıcı media sinfinin mümkün proqnozları ilə üst-üstə düşməyəndə onun nə dediyinə qulaq vermək lazım gəlir.

Dünya valyutası qismində dolların perspektivlərinin məhz Amerika bankı tərəfindən tənqid olunması ikiqat təəccüblüdür, çünki hətta ABŞ-da “qeydiyyata düşmüş” qlobal maliyyə strukturları da spesifik, amma çox nəzərə çarpan, müntəzəm olaraq gələcək senator və konqresmenlərə əliaçıq ianələrlə gücləndirilən patriotizmlə seçilir. Goldman Sachs da bir növ Amerikanın özüdür, lap dəqiqini desək, dəzgahlardan tamam aralanıb maliyyə manipulyasiyalarına baş vuran Amerikadır. Bir vaxtlar Birləşmiş Ştatların simvolu bank deyil, sənaye korporasiyası olan “General Motors” idi. Bu haqda Müdafiə naziri Vilson belə demişdi: ““General Motors” üçün yaxşı olan – Amerika üçün də yaxşıdır”. İndi isə ABŞ-ın simvolu istehsal birliyi deyil, məhz müntəzəm olaraq loqotipini cinsi azlıqların rənglərinə boyayan, həddən artıq ədəbsiz nüfuza malik, amma çox təsirli bir strukturdur və Amerika valyutasının gələcək durumu, dolların problemlərinin ümumilikdə bütöv Amerikanın perspektivlərinə ciddi təsir edəcəyi onu xeyli mütəəssir edib. 

Amerikanın maliyyə üzrə informasiya agentliyi Bloomberg nüfuzlu bankın analitiklərinin qorxularını belə anladır: "Goldman Sachs Group Inc. ABŞ-da inflyasiya ilə bağlı qəflətən artan narahatlığa diqqət çəkərək çərşənbə günü belə bir cəsarətli xəbərdarlıq yaydı ki, dollar özünün dünyanın ehtiyat valyutası statusunu itirə bilər.

Konqres pandemiyanın talan elədiyi iqtisadiyyatı dəstəkləmək üçün növbəti fiskal stimullaşdırma raunduna yaxınlaşdığından, Federal Ehtiyat Sistemi isə bu il balansını artıq 2.8 trilyon dollar artırdığından Goldman-ın strateqləri xəbərdarlıq ediblər ki, ABŞ-ın siyasəti “valyutanın dəyərdən düşəcəyi barədə narahatlıqlar” yaradır və dünya valyuta bazarlarında dolların dominant qüvvə kimi ağalığına son qoya bilər”.

Goldman Sachs analitiklərinə haqq vermək gərəkdir: hələ baharda, ABŞ FES-inin çap maşını ölkənin maliyyə bazarları və büdcəsinin epidemiya dövründə dəstəklənməsi üçün izafi işlərə başlayanda, konqres və senat  iqtisadiyyata büdcə axınının həcmi və müvafiq olaraq defisitin artması barədə baş işlədəndə bank müştərilərilə xüsusi məsləhətləşmələr apararaq onları mümkün inflyasiya riskindən qaçmaq üçün dollarları qızıla (hətta bitkoyna) çevirməyə inandırırdı. İndi bank həmin problemi maksimal dərəcədə geniş auditoriyanın diqqətinə çatdırmağa qərar verdi və bu, onda gözəl alındı – dolların planetin əsas valyutası statusunu itirəcəyi barədə, demək olar ki, dünyanın bütün aparıcı KİV-ləri yazdı. 

Şübhəsiz, onu da nəzərə almaq lazımdır ki, (yəni Bloomberg və digər medişərhçilərin də doğru olaraq qeyd etdikləri kimi) “maliyyə dairələrinin əksəriyyətində bu nöqteyi-nəzəri az adam dəstəkləyir, Goldman-ın analitikləri isə deyirlər ki, bunun (dolların dünyanın əsas valyutası statusunu itirəcəyinin – red.) mütləq baş verəcəyini hesab eləmirlər”.

Bu növ tipik mövqe onunla izah olunur ki, ABŞ dollarının, “kapital bazarının dərinliyini və ABŞ dolları ilə aparılan qlobal tranzaksiyaların nəhəng həcmini nəzərə alsaq, rezerv valyuta statusunu itirməyə heç azacıq da şansı yoxdur”. Bunu Bloomberg-ə Britaniyanın Barclays bankının Şimali və Cənubi Amerikada valyuta ticarətinin başçısı Maykl Krupkin deyib.

Problem ondadır ki, Amerikanın analitik cəmiyyətinin böyük qismi bu mövqeni qəbul edəndə artıq çox gec olacaq. O mənada ki, Amerika valyutasının dominantlığı üzərində qurulmuş dünya sisteminin demontajı prosesi ya bitmiş olacaq, ya da artıq geriyə dönüş nöqtəsinin keçildiyi həddə çatacaq. 

Dollar sisteminin onu tənqid edənlərə rəğmən yaşayacağına dair arqumentlərdən biri də odur ki,  dollar Federal Ehtiyat Sisteminin 2008-2009-cu illərdə dayanmadan pul çap eləmək “tutması”nı adlaya bildi. Bu arqumentin bircə zəif yeri budur ki, çap maşınının işinin indiki intensivliyi nə ötən böhran zamanı baş verənlərlə, nə də 2008-2009-cu illərdə ABŞ-ın birqütblü dünyanın şübhəsiz lideri olmasıyla heç bir müqayisəyə gəlmir.

İndi situasiya tamam fərqlidir: Amerika şəhərləri yanır, hər iki aparıcı partiya payızda planlaşdırılan prezident seçkisinin nəticəsinin tanınmaması ehtimalını və mümkün vətəndaş müharibəsini müzakirə edir, birqütblü dünya isə artıq yoxdur – hər şey ABŞ-la Çin arasında başlanan ikinci soyuq müharibənin hansı formanı alacağından asılıdır.

Müdrik və yaxşı məlumatlandırılan “Vampir kalmar” nahaq yerə həyəcan təbili çalıb, büdcə nizamına,  son 50 ildə ABŞ-a nəhəng üstünlüklər gətirən sistemin müdafiəsinə çağırmır. Nüfuzlu bankın xəbərdarlığı mütləq eşidiləcək, ancaq Amerika siyasətçilərinin dünyanın əsas valyutası statusunun saxlanması üçün populyar olmayan addımlar atmaq qabiliyyətlərinə dair artıq ciddi şübhələr yaranıb.

72
Əlaqədar
Hələ çox gözləyəcəyik – Nüfuzlu agentlik neftlə bağlı proqnoz verdi
Dünya nəfəsini dərib gözləyir! Çoxumuzun necə yaşayacağı gələn aydan asılıdır
Valyuta bazarında tələb artmaqdadır: Qızıl alışına keçməsək, payızda zərər görə bilərik
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib
Biotech LTD's peyvəndi

Peyvənd meymunlar: "rus yalanı" haqqında ingilis böhtanı

39
(Yenilənib 08:33 24.10.2020)
Böyük Britaniya mətbuatı guya Rusiyanın insanlığa qarşı daha bir "informasiya təxribatı"nı üzə çıxarıb.

BAKI, 22 oktyabr — Sputnik. Böyük Britaniya mediası Rusiyanın insanlığa qarşı daha bir informasiya təxribatını üzə çıxarıb. Bir neçə gündür ki, bu məsələ ingilis mediasının gündəmindən düşmür. Halbuki Böyük Britaniyanın müzakirə olunmalı problemləri bəs deyəcək qədərdir: ölkədə pandemiya ilə bağlı vəziyyət gərgindir, ayrı-ayrı regionlarda hökumətin yeni karantin rejimi qaydalarına etiraz edilir, Brexitlə bağlı Avropa Şurası ilə aparılan danışıqlar dalana dirənib və Şotlandiyanın Birləşmiş Krallığın tərkibindən çıxması məsələsinə dəstək artıb ki, bu da ölkənin parçalanması ilə nəticələnə bilər. İngilis qəzetləri isə bütün bunlardan yazmaq əvəzinə, "Dəli ruslar bəyan eləyirlər ki, peyvənd bizi şimpanzeyə çevirəcək" deyə haray-həşir salıblar.

Demək olar ki, bütün qəzetlərdə Böyük Britaniyanın Baş naziri Boris Consonun gülməli kollajları yer alıb. Altından da bu sözlər yazılıb: "Mən öz "yeti" peyvəndimi sevirəm".

Naməlum mənbəyə istinadən bütün KİV-lər bəyan ediblər ki, bu kollaj Rusiya dövlətinin və ya Rusiyanın rəsmi şəxslərinin sifarişi ilə hazırlanıb və yayılıb. Məqsəd də Böyük Britaniyada koronavirus əleyhinə hazırlanmış və hələ tətbiqinə başlanılmamış peyvəndi gözdən salmaq, onun insanı meymuna çevirdiyi haqda dezinformasiya yaymaqdır.

Bu iddiaların ilkin mənbəyi "The Times" qəzetidir. Qəzet bir neçə sensasiyalı materialı xüsusi araşdırmasının nəticəsi adı altında tirajlayıb. Guya həmin fotoları qəzetin redaksiyasına kampaniyaya (dezinformasiya kapmaniyası – red.) cəlb olunmuş şəxs səhiyyə sisteminə dəyə biləcək zərərin qarşısını almaq məqsədilə təqdim edib.

Yaxşı, bəs bu işin rus dövləti ilə nə əlaqəsi var? Bu suala "The Times" özünə xas şəkildə cavab verir: "Təbliğat cəhdinin birbaşa Kreml tərəfindən hazırlandığı dəqiq deyil, ancaq bu işin təşkilində və yayılmasında bəzi Rusiya rəsmilərinin iştirak etdiyinə dair dəlillər var". Bununla belə, qəzet həmin dəlilləri açıqlamaq yerinə sayta daxil olaraq bu mövzuda hazırlanmış 40 dəqiqəlik audio materiala qulaq asmağı təklif edir. Guya həmin materialda hər şey izah və sübut olunub.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP

Belə görünür ki, digər KİV-lər (istər ingilis, istərsə də amerikan qəzetləri) də məsələni araşdırmaq üçün özlərinə əziyyət verməyib və "The Times" qəzetinin Rusiyanın rəsmi şəxslərinin əli il hazırlandığı iddia olunan internet-materialları ilə bağlı "dəlil"lərinə etibar ediblər. Beləliklə, bütün qəzetlər "rus dezinformasiya kampaniyası" haqqında xəbəri az qala "Gerasimovun hərbi doktrinası" kimi yaymağa başlayıb. Müqayisə yersiz deyil, axı Qərb mediası yeri gəldi, gəlmədi, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovun strategiyasından dəm vurmağı xoşlayır.

"The Times"ın sözügedən audio materialında isə əvvəldən axıra kimi yalnız vədlər səslənir:

"Biz sizə bu işin içində Rusiya dövlətinin olduğunu sübut edəcəyik!". Söhbət gəlib təşkilatçılara çatanda isə yalnız Rusiya İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyevin soyadı hallanır. Qəzetin müxbirləri "kremlşünas"larla birlikdə Dmitriyevin şəxsiyyətini, onun rəhbərlik etdiyi fondu və hətta təşkil olunan kampaniyadan Valdimir Putinin xəbərdar olub-olmadığını müzakirə etməyə başlayırlar: "Əldə etdiyimiz dəlillərdə Kirill Dmitriyevdən bəhs edilmir. Onun dezinformasiya kampaniyasında iştirak etdiyi barədə heç bir işarə yoxdur".

Vəssalam! "The Times"ın oxuculara vəd etdiyi "dəlil" bundan ibarətdir. Əlbəttə, Rusiyada baş verən cinayət hadisələri ilə bağlı kitabların müəllifi, ekspert Mark Qaleottinin sözgüdən kampaniyanın arxasında Kremlin "hersoq və baronlarının" dayandığı barədə səsləndirdiyi cəfəng fikirləri nəzərə almasaq...

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Hartmut Boesener / IDT Biologika / Handout via Reuters

Daha sonra guya Rusiyanın hansısa dövlət televiziyasında üzərində ingilis peyvəndinin sınaqdan keçirildiyi iki nəfərin öldüyü barədə hazırlanmış saxta xəbərdən bəhs olunur. Yeri gəlmişkən, həqiqətən də bu həftə Brazilyada İngiltərənin "AstraZeneca" şirkətinin peyvəndini sınaqdan keçirən könüllülərdən biri dünyasını dəyişib. Ancaq bu barədə xəbəri beynəlxalq agentliklər yayıb və bunu "rus dezinformasiyası"na aid etmək çətindir.

Beləliklə, ortada Rusiya dövlətinin və ya rəsmi, qeyri-rəsmi şəxslərin Conson və COVID-lə bağlı gülməli internet-materiallarının hazırlanıb yayılmasında iştirakı ilə bağlı bir dənə də olsun fakt yoxdur. Bu şəkillər isə internetdə tüğyan edir. Həmin şəkillərin ilkin mənbəyinin üzə çıxarılması cəhdləri uzaqbaşı elə "The Times"ın sözügedən sayındakı xəbərlərə aparıb çıxara bilər. Çünki bu kollajlar ilk dəfə məhz həmin qəzetdə nəşr olunub və tirajlanıb. Hərçənd, ingilislər iddia edirlər ki, sözügedən kollajlar ilk dəfə üç iri internet resursunda – ikisi Böyük Britaniya və biri Brüsselə aid olmaqla – yayımlanıb. Belə çıxır ki, sözügedən kollajları yayan media orqanı elə "The Times" özü olub. Hətta kiminsə ingilis peyvəndini "meymun" adlandıraraq nüfuzdan salmaq istədiyini fərz etsək belə, həmin şəxsin ən effektiv metodu tapdığını etiraf etməliyik. O, sadəcə, həmin materialı "rus dezinformasiyasının sübutu" kimi bu məşhur ingilis qəzetinin redaksiyasına göndərib. Sonra da şəkillər internetdə yayılıb. Əgər bu belə olsa belə, hər bir halda "The Times" dezinformasiyanın (özü də rusların buraxmadığı dezinformasiyanın) yayılmasında alətə çevrilib.

Beləliklə, bu işdə Rusiyanın əlinin olması ilə bağlı ortada heç bir dəlil-sübut yoxdur. Bununla belə, London artıq rəsmi şəkildə məsələyə qəzəbli münasibət bildirib. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab Moskvanı Oksford peyvəndini nüfuzdan salmaqda günahlandırıb. Deməli, sanskiyalar çox da uzaqda deyil.

Yaxşı, bəs bütün bunlar Rusiyanın nəyinə lazımdır? "The Times" bu sualın cavabında yazır: "Bütün peyvəndlərə qlobal etimadı" sarsıtmaq üçün. Halbuki bu qətiyyən məntiqə uyğun gəlmir. Çünki hazırda Rusiya bütün dünyada koronavirusa qarşı peyvəndə sahib olan yeganə ölkə kimi vaksinlərə etimadın sarılmasını istəməz. Ancaq indi Qərbdə heç kimi məntiq maraqlandırmır.

Daha bir məntiqi sual ortaya çıxır: bütün bunlar Böyük Britaniya mediasının nəyinə lazımdır? Bu sualın cavabı məqalənin əvvəlində verilib: ən azı iki gün ictimaiyyətin diqqətini ölkənin real problemlərindən yayındırmaq və insanların başını rusların hiyləgərliyi ilə bağlı məqalələrlə qarışdırmaq. "Meymun peyvəndi" ilə bağlı söz-söhbət səngiyəndən sonra isə ortaya başqa bir sensasiya atmaq olar. Məsələn, yaza bilərlər ki, elə həmin hiyləgər ruslar "Olimpiada-2020"-nin işini pozmağa cəhd göstərib və ingilis kəşfiyyat agentlikləri bu "sui-qəsd"in qarşısını alıb. Vəssalam! Ən azı iki gün qəzetlərin səs-küy salmağa mövzusu olacaq. Əsas odur, heç kim şahid, dəlil-sübut tələb etməsin. Buna nə ehtiyac var axı...

39
Xaker, arxiv şəkli

Olimpiada Navalnı skandalı

42
(Yenilənib 20:26 21.10.2020)
Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.

BAKI, 21 oktyabr — Sputnik, İrina Alksnis. ABŞ və Böyük Britaniyanın Cənubi Koreya və Yaponiyada keçirilən Olimpiya oyunlarına Rusiya tərəfindən kiberhücumun təşkil olunması ilə bağlı iddiaları bu ölkədə təəccüblə qarşılanıb.

Təəccübün səbəbi sadədir: Moskvanın guya sülhə və idmana qarşı həyata keçirdiyi növbəti absurd cinayətlə bağlı əsassız həqarət həm Rusiya əleyhinə təbliğat aparmaq, həm də Moskvanı "cəzalandırmaq" üçün tədbirlər görmək baxımından gülüncdür.

Bir yandan Qərb mediasının Rusiya əleyhinə gündəm yaratmaq üçün mövzusu tükənməyib. Onlar hələ Aleksey Navalnı ilə bağlı insident haqqında yazmaqdan yorulmayıblar. Bu məqamda, ələlxüsus söhbət xarici işlər və xüsusi xidmət orqanları kimi yüksək səviyyəli qurumlardan gedirsə, ortaya Rusiya ilə bağlı yeni mövzu atmağın yeri deyil. Digər tərəfdən, rus blogerlə bağlı hadisə də daxil olmaqla, əvvəlki təcrübə göstərir ki, hər bir halda Moskvaya qarşı həqiqətən ciddi və ağrılı tədbirlər görməyə arxalanmaq olmaz.

Bununla yanaşı, Vaşinqton və Londonun eyni vaxtda verdiyi bəyanatlar hər iki ölkənin ortaq hədəflərinin mövcudluğundan xəbər verir.

Bəs söhbət nədən gedir?

Bu suala cavabı, yəqin ki, irəli sürülən ittihamlara Tokio və Seulun reaksiyasında axtarmaq lazımdır. Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.

Böyük ehtimalla, hər iki ölkənin rəsmi şəxsləri və xüsusi xidmət orqanları, bir sözlə, Qərbin regiondakı əsas müttəfiqləri amerikan-ingilis əməliyyatı barədə əvvəlcədən məlumatlandırılmayıb və buna görə də mümkün olduğu qədər ehtiyatlı davranmağa çalışır. Məsələn, Yaponiyanın Olimpiya Komitəsi bəyan edib ki, qurum öz fəaliyyətində kiberhücumların təsirini hiss etməyib.

Odur ki, böyük ehtimalla, Rusiya əleyhinə növbəti kampaniyanın hədəfi heç də Rusiya deyil, bütün dünya, ilk növbədə isə Qərbin özüdür. Rusofob gündəm isə burada sadəcə bir vasitə kimi çıxış edir.

Aleksey Navalnı, arxiv şəkli
© AP Photo / Alexander Zemlianichenko, File

İnformasiya-təbliğat sahəsində dominant mövqeyə sahib olmaq ABŞ hegemoniyasının mühüm hissəsini təşkil edir. Böyük Britaniya isə ənənəvi olaraq ABŞ-a bu məsələdə havadarlıq nümayiş etdirir. Bu iki ölkənin siyasi və xüsusi xidmət sahələrindəki əməkdaşlığı isə artıq hamıya çoxdan məlumdur.

ABŞ-ın supergücünün tədricən deqradasiyaya uğraması və Birləşmiş Krallığın beynəlxalq aləmə pərdəarxası təsirinin açıq şəkildə zəifləməsi son illərdə adi hala çevrilib. Lakin bu proseslər əsasən iqtisadi, bürokratik və bəzi siyasi mexanizmlərə təsir göstərir.

Eyni zamanda, iki gücün üstünlüyünün bu günə qədər də danılmaz olduğu sahələr var. Amerika ordusunun NATO-dakı üstünlüyünə şübhə etmək mümkün olmadığı kimi, aydın məsələdir ki, Avropa qitəsindəki heç bir media orqanı İngiltərənin "Times" və ya ABŞ-ın CNN-i ilə rəqabət aparmaq iqtidarında deyil. "Twitter" və "Facebook" kimi ictimai fikri manipulyasiya etməyə imkan verən güclü sosial şəbəkələrə nəzarət mərkəzinin məhz okeanın o biri tayında yerləşdiyi də ayrı məsələdir.

Vaşinqtonun RT və ya Çin şirkəti "TikTok"a qarşı sərt siyasəti, ABŞ-ın bu cür strukturların əhəmiyyətini yaxşı başa düşdüyünü bir daha təsdiqləyir.

Bununla belə, geopolitik rəqiblərin özlərinin mediaya təsir resurslarına sahib olduğunu nəzərə alsaq, ABŞ bu vəziyyətə öyrəşib və sözügedən şirkətlərin öz ərazisindəki fəaliyyətini məhdudlaşdırmaqda çətinliklə qarşılaşmayacaq. Amerikan-ingilis xüsusi xidmət və təbliğat tandemi üçün Qərbin öz daxilində rəqiblərinin meydana gəlməsi isə daha həssas məsələdir. Və indi məhz bu baş verir – Navalnı məsələsi hər iki ölkə üçün son dərəcə xoşagəlməz və arzuolunmaz proseslərin getdiyini göstərir. Rusiyadan baxanda bəlkə də belə görünə bilər ki, blogerlə bağlı yaranan səs-küy artıq hamını boğaza yığıb, əslinə isə bu çox unikal hadisədir, çünki bütünlüklə Berlinin əməlidir.

Bəli, Almaniya standart rusofobiya gündəmindən yararlanır, amma onu öz "böyük tərəfdaş"larından mənimsəyərək oyuna müstəqil şəkildə qoşulur.

Navalnıya nəzarət almanların əlindədir və o, hər şeyi –  "Şimal axını 2" layihəsini müdafiə etməkdən tutmuş onu dəstəkləməyən amerikalıların ünvanına söylədiklərinə qədər –  Berlinin diktəsi ilə edir. Nəticədə alman mediası bir neçə gün ərzində dünya üçün əsas xəbər mənbəyinə çevrilib və ingilis dilli media almanlardan sitat gətirmək, onların yazdıqlarını tirajlamaq məcburiyyətində qalıb. Bu kontekstdə Olimpiya oyunlarına kiberhücum təşkil edən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin hakerləri ilə bağlı məsələ tamamilə başqa məna kəsb edir. Əslində, amerikalılar və ingilislər bu mövzunu ortaya atmaqla Navalnı məsələsini xəbər gündəmindən tamamilə kənarlaşdırmağa çalışırlar. Çünki onların fikrincə, bu rəqiblərinin layihəsidir. Bundan başqa, Vaşinqton və London üçün bir müddətlik almanların nəzarəti altına keçən qlobal media-siyasi məkan üzərindəki nəzarəti yenidən ələ almaq çox vacibdir. Bunun ən yaxşı yolu isə mediada Rusiya əleyhinə bir mövzunu başqa bir mövzu ilə əvəz etməkdir. Hərçənd, hər iki tərəf Rusiyaya qarşı dostyana ritorikadan istifadə etmir, ancaq onların arasındakı fikir ayrılığı mahiyyət etibarilə, Rusiyanın (və bir çox digər ölkələrin) xeyrinədir. Çünki bütün bunlar Qərbin daxilindəki münaqişə vəziyyətini gücləndirir və onun tənəzzülünü stimullaşdırır.

Almaniyanın qısa müddətlik də olsa, dünyadakı siyasi-informativ məkana nəzarəti ilk dəfə ələ keçirməsi faktını nadir istisna hallarından biri kimi qəbul etmək lazımdır. ABŞ və Böyük Britaniya isə artıq mediadakı dominant mövqeyi əldən verməyə hazır olsalar, yaxşıdır. Çünki indi bu sahədə onlara nəinki geopolitik rəqibləri, yaxın müttəfiqləri belə meydan oxumağa başlayıblar.

42
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

31
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

31