Корабли военно-морского флота России во время репетиции парада в честь Дня ВМФ России в Санкт-Петербурге, фото из архива

Rusiya yeni donanma yaradır: bir anda altı gəminin tikintisi başlayır

29
İyulun 16-da tikintisi başlayacaq gəmilərin imkanlarını təhlil etsək, Rusiya Hərbi Dəniz Donanmasının güclü və ahəngdar inkişafının əlamətlərini görmək olar.

BAKI, 15 iyul — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya Federasiyası 2018-2027-ci illərin Dövlət Silahlanma Proqramını ardıcıl olaraq həyata keçirir. Onun prioritetlərindən biri də dəniz donanmasının gəmilərinin əhəmiyyətli dərəcədə yenilənməsidir.

"FlotProm" nəşrinin Rusiya Federasiyasının gəmiqayırma sənayesində mənbələri bildirib ki, iyulun 16-da ölkənin üç tərsanəsində Rusiya donanması üçün altı gəminin və sualtı qayığın tikintisinə başlamaq planlaşdırılır. Tikintinin inanılmaz dinamikası plan üzrə gedir və böyük büdcəyə əsaslanır.

Hərbi Dəniz Donanması hər bir ölkənin silahlı qüvvələrinin ən bahalı komponentlərindən biridir. 2018-2027-ci illərdə Rusiyanın Dövlət Silahlanma Proqramının həyata keçirilməsinə 20 trilyon rubl (təxminən 281 milyard dollar) yönəldilib. Bu vəsaitlərin əhəmiyyətli bir hissəsi gəmilərin, sualtı qayıqların və hərbi donanma bazalarının tikintisinə gedəcək. Dövlət Silahlanma Proqramına silahların və hərbi texnikanın tədarükünün sinxronlaşdırılması və infrastrukturun inkişafı daxildir.

2020-ci ildə rusiyalı hərbi dənizçilər 28 il ərzində ilk dəfə altı ədəd sualtı qayıq əldə edəcəklər.

Dövlət Silahlanma Proqramının yerinə yetirilməsi zamanı Rusiyanın Hərbi Dəniz Donanmasında müasir silahların payı 63 faizi keçib və bu, dünyanın ən inkişaf etmiş ölkələrindən xeyli yüksəkdir (50 faizə qədər). Rusiyanın məqsədi müasir silahların payını 70 faizə çatdırmaqdır və Rusiya donanması 2027-ci ilə qədər 180-dən çox yeni layihəli gəmi alacaq.

"Yasen-M" (çox məqsədli) və "Borey-B" (strateji) sinfinin sualtı atom kreyserlərinin, yüksək dəqiqlikli raket silahına malik gəmilərin və Ka-52K "Katran" ən yeni dəniz vertolyotları ilə təchiz edilmiş iki helikopter daşıyıcısının tikintisi nəzərdə tutulur.

Peterburqun raket freqatları

Dövlət Silahlanma Proqramının prioritetlərinə 20385 və 20386 layihəsinə aid korvetlərin, 22350 və 22350M layihəsinə aid freqatların tikintisi daxildir. Sankt-Peterburqun Şimal Tərsanəsində iyulun 16-da 22350 layihəsinə aid iki freqatın tikintisi eyni vaxtda başlayacaq. Bu freqatları rus admiralları İvan Yumaşovun və Emil Spiridonovun şərəfinə adlandıracaqlar.

Bu müasir freqatlar suüstü gəmilərin və sualtı qayıqların axtarışı və məhv edilməsi, gəmilərin hava, raket və sualtı qayıq hücumundan müdafiəsi, dəniz desantları ilə birgə fəaliyyət, mülki gəmilərin və istehsal obyektlərinin qorunması üçün nəzərdə tutulub.

22350 layihəsinin freqatı düşmən gəmilərini və sahil hədəflərini vurmağa qadir 16 ədəd "Oniks", "Kalibr-NK" və ya "Tsirkon" qanadlı raketləri ilə silahlana bilər.

Freqatın sualtı müdafiə sistemi hava hücumundan atmosfer müdafiə sistemini xatırladır və dünyada analoqu yoxdur. Gəminin korpusu görünməzliyi artıran texnologiyanın tətbiqi ilə yaradılıb və düşmən radarları sadəcə onu aşkar edə bilməz. Görünməz gəmi 500 milyon dollara başa gəlir. Bu raket gəmiləri donanmanın imkanlarının artmasını təmin edəcək. Xatırladım ki, 22350 layihəsindən olan "Donanma Admiralı Kasatonov" freqatı Şimali və Baltik donanmasında sınaqları layiqincə başa çatdırıb və tezliklə Rusiya donanmasının döyüş heyətinə daxil olacaq.

Severodvinskin sualtı qayıqları

Rusiya dünya okeanının istənilən nöqtəsində milli maraqlarını müdafiə edə biləcək yeni sualtı donanma yaradır. "Yasen" seriyasından olan yeddi sualtı qayıq bu işdə ona böyük kömək edəcək.

885M "Yasen-M" layihəsindən iki sualtı atom kreyserinin tikintisi iyulun 16-da Severodvinsk şəhərində başlayacaq. Müasir çoxməqsədli sualtı qayıqlar qanadlı "Kalibr" raketləri, "Oniks" hipersəs raketləri, "Tsirkon" hipersəs raketləri və 533 mm-lik torpedalarla silahlanacaq. Onlar "Vladivostok" və "Voronej" adlarını alacaq.

885M layihəsinin ilk çoxməqsədli sualtı qayığı "Novosibirsk" 2019-cu ilin sonunda suya buraxılıb və ekipajı tezliklə döyüş xidmətinə çıxacaq.

Modernləşdirilmiş "Yasen" sinfindən olan bu sualtı qayığının əsas məqsədi potensial rəqibinin strateji təyinatlı sualtı kreyserlərinin və ya aviadaşıyıcı qruplarının izlənilməsidir.

885M layihəsinə aid bu sualtı atom kreyseri unikal imkanlara malikdir, yüksək texnologiyalı sistemlər və silah kompleksləri ilə təchiz edilib.

"Mistral" gəmilərinin analoqları

İyulun 16-da 23900 layihəsindən iki universal desant gəmisinin (Fransanın "Mistral" gəmilərinin analoqları) tikintisi başlayacaq. Əvvəllər Rusiyada belə gəmilər tikilməsə də, bu universal desant gəmilərinin 2026-cı ilə qədər Hərbi Dəniz Donanmasına planlı şəkildə daxil olacağına şübhə yoxdur.

Layihənin dəyəri təxminən 100 milyard rubldur (təxminən 1,4 milyard dollar).

Rusiyanın Suriyadakı hərbi əməliyyatı dəniz donanmasının uzaq ərazilərdə operativ iştirakını təmin edə biləcək böyük desant gəmilərinə ehtiyac olduğunu təsdiqləyib. Yeni gəmilərin dəqiq xüsusiyyətləri hələlik məlum deyil.

Bundan əvvəl bildirilib ki, universal desant gəmisi 16-20 helikopteri, desant və hücum katerlərini, 75 zirehli texnikanı, 1000-ə yaxın dəniz piyadasını, əhəmiyyətli arsenalı və qoşunların operativ qərargahını daşıya biləcək. Artilleriya, zenit raket kompleksləri, sualtı müdafiə vasitələri, radioelektron mübarizə və naviqasiya sistemləri, inteqrasiya olunmuş döyüş idarəetmə sistemi də qeyd olunmalıdır.

Bu gəminin əsas məqsədi qoşunların daşınması və dəstək helikopterlərinin iştirakı ilə qoşunların və texnikanın təchiz olunmamış sahilə desant çıxarılmasıdır.

İyulun 16-da tikintisi başlayacaq gəmilərin imkanlarını təhlil etsək, Rusiya Hərbi Dəniz Donanmasının güclü və ahəngdar inkişafının əlamətlərini görmək olar. Bu Hərbi Dəniz Donanması suüstü və sualtı şəraitdə və sahil döyüşlərində təcavüzkara qarşı effektiv şəkildə mübarizə aparmaq üçün yaradılır.

29
Facebook, Instagram və WhatsApp

İnformasiya müharibəsi üçün bəzi sosial şəbəkələrin fəaliyyəti bərpa olunmalıdır

407
Ekspert: "Elə internet resursları var ki, onların müvəqqəti olaraq tamamilə dayandırılması anlaşılandır. Lakin müəyyən mütəxəssislərin beynəlxalq arenada iş aparması, informasiya müharibəsi üçün sosial mediada imkanların yaradılması məsələsinə baxılması doğru olardı"

Nigar İsgəndərova, Sputnik Azərbayan

BAKI, 30 sentyabr — Sputnik. Artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Artıq bir neçə gündür ki, ölkə ərazisində sosial şəbəkələrin fəaliyyətinin dayandırılması informasiya təhlükəsizliyini qorumaq istiqamətində müəyyən addımların atıldığını deməyə əsas verir.

Bəs, son  iki gündə informasiya təhlükəsizliyi ilə bağlı ümumi vəziyyəti necə qiymətləndirmək olar, nə kimi nöqsanlar qeydə alındı və nə kimi addımların atılmasına gərək var?

Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinin dekanı, "Beynəlxalq Jurnalistika" kafedrasının müəllimi Vüqar Zifəroğlu deyib ki, indiki şəraitdə internetin qarşımızda açdığı imkanlar, sosial media alətləri informasiya müharibəsi problemini bizim üçün aktuallaşdırır: "Torpaqları işğal altında olan bir ölkə kimi informasiya müharibəsi bizim üçün çox həssas mövzudur. Lakin qeyd edim ki, bu gün hamımız informasiya müharibəsindən məlumatlı deyilik. Hələ də bu məsələyə bir qədər fərqli yanaşanlar var. Lakin unutmayaq ki, bu gün müharibə gedir və biz sadə həyatımızı yaşaya bilmərik. Hazırda ordumuz işğal altındakı ərazilərin azad olunması üçün döyüşlər aparır. İtkilərimiz, yaralılarımız var. Erməni tərəfi müxtəlif yalan məlumatlar vasitəsilə çaşqınlıq yaratmağa çalışır. Bu səbəbdən belə həssas dövrdə bəzi məhdudiyyətlərə, təhlükəsizlik qaydalarına əməl etməliyik".

Bu gün internetin məhdudlaşdırılmasının obyektiv səbəblərlə, xüsusən də dezinformasiyaların qarşısını almağa xidmət etdiyini deyən V.Zifəroğlu bildirir ki, burada əsas məqsəd xəbərin vaxtsız yayımlanmasının qarşısını almaqdır: "Müharibə ilə bağlı xəbərləri yayımlayarkən mütləq şəkildə müəyyən çərçivələri nəzərə almalı, nüanslara diqqət yetirməliyik. İndiki zamanda, ən birinci xəbəri mən verim, kimi nüanslardan imtina etmək lazımdır. Yalnız Müdafiə Nazirliyi tərəfindən təsdiqlənən məlumatları vermək lazımdır. Çünki bu gün Müdafiə Nazirliyimiz çox operativ şəkildə cəmiyyətimizi informasiya ilə təmin edir. İnsanları başa düşürəm, onlar qələbə xəbərlərinə acdırlar. Mən bunu başa düşürəm. Amma eyni zamanda da səbrli davranmalıyıq. Vaxtı gəlməyən, rəsmi olaraq təsdiqini tapmayan xəbərin paylaşılması döyüşçülərimiz üçün çətinliklər yarada bilər, hətta onların həyatını təhlükəyə ata bilər".

Ekspert deyir ki, təsdiqlənməyən məlumatı sosial şəbəkələr vasitəsi ilə yaymaq düzgün deyil:

"Jurnalistin bir nömrəli vəzifəsi cəmiyyəti dolğun, düzgün və obyektiv xəbərlə təmin etməkdir. Sual oluna bilər ki, dəqiqlik, yoxsa operativlik? Birmənalı şəkildə deyim ki, dəqiqlik meyarı digərlərindən daha öndə dayanmalıdır. Professional media məhz dəqiqlik, qərəzsizlik və obyektivlik üzərində işini qurur. Bir xəbərin düz olmasından nə qədər əmin oluruqsa olaq, o rəsmi təsdiqini tapmayıbsa, onu paylaşa bilmərik. Xüsusən də cəbhə xəbərlərinə həssas yanaşmaq lazımdır".

V.Zifəroğlunun fikrincə, insanlar dəqiq informasiya üçün daha etibarlı kanallara müraciət etməli və alternativ kanallar axtarmamalıdır: "Çünki nəticə etibarı ilə bu vəziyyət onları yanlış istiqamətə apara bilər. Peşəkar fəaliyyəti ilə inam doğuran informasiya mənbələrinə etibar etmək olar. Bu rəsmi xəbərlər müxtəlif həştəqlər vasitəsilə də yayımlana bilər. Ötən gün ermənilər tərəfindən müxtəlif sosial şəbəkələrdə yayılan xəbərləri də izləyirdim. Onlar çaşqınlıq içində idi. Bizim yerli, rəsmi məlumatlar başqa dillərdə də verilirdi. Biz yalnız xəbər yayımlayarkən yerli oxucuları deyil, dünya auditoriyalarını da nəzərə almalıyıq. Bizim yalan uydurmağa ehtiyacımız yoxdur".

Ekspertin sözlərinə görə, telekanallarımız cəbhə bölgəsinə ezam olunan müxbirlər vasitəsilə canlı yayım və reportajlar verirlər. Bundan başqa, internet saytlara girişdə heç bir məhdudiyyət yoxdur. Professional saytlar vasitəsilə də doğru-düzgün məlumat əldə etmək olar. Bununla şayiə texnologiyasının qarşısı alınmış olur.

İnformasiya və kommunikasiyalar məsələləri üzrə ekspert Osman Gündüz isə Sputnik Azərbaycan-a açıqlamasında digər nüanslara toxunub. Ümumilikdə, internetin məhdudlaşdırılması ilə informasiya təhlükəsizliyi ilə bağlı ötən günlərdəki durumu müsbət qiymətləndirən ekspert VPN-lə bağlı məsələyə də toxunub: "VPN-lə bağlı məsələyə xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, bunadək bizim ölkədə VPN texnologiyaya üstünlük verilməyib. Çünki Azərbaycanda hər zaman internet azad və sərbəst olub. Yalnız xarici şirkətlər, səfirliklər bu texnologiyanın üzərində oturmuşdular. Lakin bəlli məsələlərlə bağlı internetdə müəyyən məhdudiyyətlər tətbiq olunub və bu səbəbdən də əksəriyyət VPN üzərindən bu baryeri aşmağa çalışırlar. Lakin bu da doğru yanaşma deyil".

Ekspert qeyd edir ki, bu zaman trafik VPN üzərindən keçdiyi üçün müəyyən risklər yaranır. Biz ortada olan bəlli şirkəti tanımırıq və bizim bütün informasiya münasibətlərimiz həmin şirkətin üzərindən həyata keçirilir. Artıq belə bir üçüncü tərəf var. Bəzi məlumatlar, ad-soyad, parollar, bank kartı məlumatları VPN serverində qeyd olunduğu üçün burada müəyyən, xüsusən də, milli təhlükəsizlik baxımından risklər var. Çünki hökumət bu trafikə nəzarət etməkdə çətinlik çəkir.

O.Gündüz hesab edir ki, VPN üzərində digər servislər olduğundan, müəyyən xarici şirkətlər və səfirliklər istifadə etdiyindən onu bloklamaq problemlər yarada bilər. Belə olan halda isə əsas vəzifə elə vətəndaşın üzərinə düşür, zərurət olmadan VPN-dən istifadə etməmək tövsiyə olunur.

Məhdudlaşma ilə bağlı digər nüansa toxunan ekspertin fikrincə, beynəlxalq aləmə müəyyən məlumatları ötürmək üçün bəzi sosial media hesablarındakı məhdudiyyətlər məsələsinə yenidən baxmaq olar: "Elə internet resursları var ki, onların müvəqqəti olaraq tamamilə dayandırılması anlaşılandır. Məsələn, "Youtube", "Instagram", "Whatsapp"ın müvəqqəti olaraq ölkədəki fəaliyyətinin tamamilə dayandırılması anlaşılandır. Lakin müəyyən mütəxəssislərin beynəlxalq arenada iş aparması, informasiya müharibəsi üçün "Twitter" və digər sosial medialarda imkanların yaradılması məsələsinə baxılması doğru olardı. Çünki indiki şəraitdə sosial media hesablarından istifadə edərək xarici auditoriyaya mesajlar ötürmək düzgün olar".

Osman Gündüz vətəndaşları ehtiyac olmadan VPN-dən istifadə etməməyə səsləyib və informasiya təhlükəsizliyi ilə bağlı bu günədək atılan addımların təqdirəlayiq olduğunu deyib.

407
PUA Hermes 900, arxiv şəkli

Bakı Qarabağda əsasən İsrail istehsalı olan pilotsuz təyyarələrdən istifadə edir

575
(Yenilənib 19:46 30.09.2020)
Qarabağ münaqişəsində Bakı əsasən İsrail istehsalı olan pilotsuz təyyarələrdən – "Aerostar", "Hermes", "Heron" və "Harop" istifadə edir. Onlar 50 kiloqrama qədər yük götürə və 250 kilometr məsafəyə qədər uça bilirlər.

BAKI, 30 sentyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Dağlıq Qarabağdakı hərbi əməliyyatlar münaqişə tərəflərinin silahlarının texnoloji səviyyəsinin nəzərəçarpacaq dərəcədə artdığını, Azərbaycan və Ermənistan qoşunlarının kəşfiyyat və zərbə pilotsuz uçan aparatlardan fəal şəkildə istifadə etdiyini nümayiş etdirir.

Yaxın keçmişin analoji hadisələrindən fərqli olaraq Dağlıq Qarabağda ağır silahların tətbiqi ilə aparılan hərbi əməliyyatlar döyüş meydanından çəkilmiş videogörüntülərlə müşayiət olunur.

Qaynar səma

Hazırda ekspertlər yalnız Azərbaycan və Ermənistan hərbi strukturlarının rəsmi məlumatlarına əsaslana bilərlər. Hər iki tərəf pilotsuz uçuş aparatlarının vurulmasına dair xəbər verir. Hər halda, regionda PUA-ların müharibəsi reallıqdır. Suriya təcrübəsi isə göstərdi ki, müasir silahlı münaqişələrdə pilotsuz komplekslərin əhəmiyyəti daim artmaqdadır.

Yaxın gələcəyin döyüş əməliyyatlarının strategiyasını və taktikasını süni intellektə, kəşfiyyat və zərbə imkanlarına malik avtonom uçan aparatların tətbiqi texnologiyaları müəyyən edəcək. Belə sistemlər hədəfi yüzlərlə və minlərlə kilometr məsafədə "tapa" biləcək.

Artıq bu gün PUA-ların köməyi ilə bütün döyüş əməliyyatları zonalarında gecə-gündüz nəzarət təmin edilir.

Qarabağ münaqişəsində Bakı əsasən İsrail istehsalı olan pilotsuz təyyarələrdən – "Aerostar", "Hermes", "Heron" və "Harop" istifadə edir. Onlar 50 kiloqrama qədər yük götürə və 250 kilometr məsafəyə qədər uça bilirlər.

Belə uçan aparatlar kəşfiyyat, atəşin korrektəsi və düşmənin canlı qüvvəsi və yüngül zirehli texnikası ilə mübarizə aparmaq üçün idarə olunan döyüş sursatı kimi istifadə edilə bilər.

Pilotsuz uçuş aparatları bahalı və hava hücumundan müdafiə vasitələri üçün kifayət qədər asan aşkar olunan silahlardır. Məsələn, "Hermes" təxminən 20 milyon dollara başa gəlir, lakin hədəfə uçarkən vurula bilər.

Xərclərin optimallaşdırılması üçün Azərbaycan özütuşlanan "Zərbə" döyüş sursatlarının lisenziyalı istehsalını təşkil edib. "Zərbə" İsrail istehsalı olan "Orbiter-1K" kamikadze uçuş aparatının görünən və infraqırmızı diapazonlarda optik-elektron müşahidə sistemi ilə təchiz olunmuş bir növüdür.

Yerevan da özü pilotsuz uçuş aparatları istehsal edir. Ermənistan "Krunk" yüngül pilotsuz kəşfiyyat və zərbə vasitələrini (20 kiloqrama qədər yükgötürmə və 150 kilometr məsafəyə qədər uçma qabiliyyəti) və iki kiloqrama qədər kumulyativ döyüş sursatı olan kamikadze tipli "Baze" pilotsuz uçuş aparatını istehsal və tətbiq edir.

Cənubi Qafqaz davamlı qaynar yer olaraq qalır. Regionda yüksək texnologiyalı silahların sayı isə getdikcə daha da artır.

575
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron