ABŞ-da etirazlar

İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi

39
(Yenilənib 19:11 04.06.2020)
Amerika cəmiyyəti onsuz da çox parçalanıb. Etirazlar sadəcə ziddiyyətlərin dərinliyini vurğulayır. Sadə insanlar həm polis özbaşınalığına, həm də soyğunçuluğa etiraz edir, demokratlar və respublikaçılar isə hələ də razılığa gələ bilmirlər

BAKI, 4 iyun — Sputnik, Sofia Melniçuk. Minneapolis şəhərində qaradərili sakin Corc Floydun polis tərəfindən həbs edilərkən ölməsi nəticəsində başlamış kütləvi iğtişaşlar, talanlar və yanğınlar səngimir. Ştatların yarısında komendant saatı tətbiq olunub, lakin yerli hakimiyyət orqanları praktiki olaraq heç nə etmir. Polis qüvvələri artıq kifayət etmir, Prezident Donald Tramp isə vandalizmə və soyğunçuluğa son qoymaq üçün müntəzəm ordudan istifadə etmək niyyətindədir. Bu addım prezident üçün nə qədər təhlükəlidir?

Yenə qanun və yenə qayda

Amerikalılar Donald Trampın xalqa müraciətini gözləyirdilər. Amma prezident tərəddüd edirdi və müraciətini yalnız iyunun 2-də — iğtişaşçıların Vaşinqtonda artıq vitrinləri qırdığı vaxt etdi.

"Biz Corc Floydun ölümü ilə sarsıldıq. Lakin qəzəbli kütləyə dinc etirazı boğmağa imkan verə bilmərik. Əsas zərər çəkənlər qanuna tabe olan vətəndaşlar və əhalinin yoxsul təbəqələridir. Və mən onları qorumaq üçün mübarizə aparacağam", - o, müraciətində deyib.

"Mən qanun və qaydanın prezidentiyəm", - Tramp vurğulayıb. Demək lazımdır ki, bu şüar Amerikaya çox yaxşı tanışdır.

1968-ci ildə də ölkə prezident seçkilərinə hazırlaşırdı: bu zaman Vyetnamda müharibəyə qarşı kütləvi nümayişlər, qadınlara və irqi azlıqlara dəstək aksiyaları baş verirdi. Qaradərililərin hüquqları uğrunda mübarizə aparan məşhur Martin Lüter Kinqin, daha sonra isə böyük ümidlər bəslənən senator Robert Kennedinin qətlə yetirilməsindən sonra Riçard Nikson "qanun və qayda" şüarı altında seçkilərə qoşuldu.

"Bütün problemin həqiqətən də qaradərililərdə olduğunu qəbul etməlisiniz", - həmin vaxt Ağ Ev administrasiyasının rəhbəri Harri Holdeman bildirirdi. O vaxtdan bəri qaradərili amerikalılar "qanun və qayda" şüarını polis özbaşınalığı ilə assosiasiya edirlər.

Dinc etirazda dinclikdən əlamət qalmadı

Tramp hazırkı qırğınları daxili terrorizm adlandırır. Xalqa müraciətində prezident kiçik biznes sahiblərinin xəyallarının üsyançıların əlində dağıdıldığını qeyd edib.

İnternetdə küçə soyğunçuluğunun videogörüntüləri çoxdur. Soyğunçular vitrinləri qırır, malları çıxarır, divarları, pəncərələri və qapıları yazırlar. Məsələn, Santa-Monikada "Vans" idman geyim mağazasından, demək olar ki, hər şeyi oğurlayıblar. "Fox 11" telekanalının jurnalistləri yoldan keçənlərdən əllərindəki ayaqqabı qutularını haradan götürdüklərini soruşanda onlar cavabdan sakitcə uzaqlaşıblar. Yaxında isə heç bir polis olmayıb.

Bu, bütün ölkədə baş verir. Hakimiyyətin vandalizmə son qoymaq çağırışları isə boşa gedir. Mülkiyyəti dinc etirazçılar və biznes sahibləri özləri qoruyurlar.

Məsələn, Santa-Monikada əlində "zorakılığı dayandırın" plakatı ilə bir qız mağazalardan birinin qapısına çıxıb. Onu itələməyə çalışıblar, hətta onun üstünə tüstü qumbarası da atıblar, amma qız qorxmayıb. Tezliklə qaradərili sakin əlində "biz etiraz edirik, qarətçilik etmirik" plakatı ilə ona qoşulub. Bu gənclər dinc mitinqçiləri nüfuzdan salan soyğunçulara mane olmaq üçün xüsusi olaraq şəhərin mərkəzinə gəliblər.

San-Dieqodakı hadisə isə rus mafiyası haqqında zarafatları xatırladıb. Keçmiş SSRİ respublikalarından gəlmələr San-Dieqoda "Pushkin" restoranını müdafiə ediblər. Məkanın sahibi Ayk Qazaryan RİA Novosti-nin müxbirinə etiraf edib: tez başa düşüb ki, özü hərəkət etməlidir.

"Mənim kimi respublikaçı düşüncəsinin tərəfdarı olan çox sayda dostum var (etirazçılardan fərqli olaraq - red.). Bazar günü başa düşəndə ki, xoşagəlməz hallar mümkündür, hamını çağırdım — yarım saatdan sonra onlar restoranın yanında idilər. Tapança və tüfənglə 12 nəfər. Silah qanunidir, biz ondan istifadə etmək təlimini almışıq. Əlbəttə ki, öz yerimizdə özünümüdafiə üçün bizim ondan istifadə etməyə haqqımız var", - Qazaryan bildirib.

Onlar yalnız "Pushkin"i deyil, həm də bir sıra qonşu müəssisələri, o cümlədən İraqdan olan yaşlı kişiyə məxsus alkomarketi də xilas ediblər.

Nyu-Yorkdakı Bruklində isə polis fəaliyyət göstərmədiyinə görə şəhər sakinləri asayişi qorumaq üçün patrullarda birləşirlər.

"Biz yalnız müdafiə üçün buradayıq. Biz irqçiliklə mübarizəyə və etiraz hüququna hörmət edirik. Amma ailələrimizlə yaşadığımız yeri dağıtmağa heç kimin haqqı yoxdur. Nyu-York merinə bizi müdafiə etmədiyinə görə ayıb olsun", - patrulun təşkilatçıları Ayzek Boltyanski və Devid Brodski deyiblər.

Qəzəb hüququ

Yerli hakimiyyətin fəaliyyətsizliyindən çoxları narazıdır. Nyu-York meri Bill de Blazio soyğunlara göz yummaqda ittiham olunur. Bu yaxınlarda onun qızı küçə toqquşmaları zamanı həbs edilib. Ştatın qubernatoru Endryu Kuomonu da qınayırlar, hərçənd bu yaxınlaradək onu koronavirus epidemiyasına qarşı mübarizənin qəhrəmanı kimi qəbul edirdilər.

Bazar ertəsi günü de Blazio hərbçiləri cəlb etməyin təhlükəli olduğunu, bunun yalnız vəziyyəti pisləşdirəcəyini deyib. "Silahlı qüvvələr yaşayış məntəqələrinə daxil olanda yaxşı heç nə baş vermir", - o, əmindir. Buna baxmayaraq, küçələrdə polislərin sayı iki dəfə artırılıb - dörd mindən səkkiz minə qədər. Şəhərdə komendant saatı elan edilib.

Digər regionların rəhbərləri də (əsasən demokratlar) Milli qvardiyanı işə salmağa tələsmirlər. De Blazionun arqumentlərini Oreqon qubernatoru Keyt Braun, İllinoys qubernatoru Cey Robert Pritsker, Nevada qubernatoru Stiv Sisolak və Miçiqan qubernatoru Qretçen Uitmer də təkrarlayırlar. Vaşinqton ştatının başçısı Cey İnsli hərbi birləşmələri hazır vəziyyətə gətirib, lakin onları şəhərlərə hələ ki, salmayıb.

Lakin Tramp özü hərbçiləri küçələrə çıxaracağını deyib. Prezident baş komandan olsa da ştatlar ərazisində federal silahlı qüvvələrdən öz istəyinə uyğun istifadə edə bilməz. Lakin o, 1807-ci ilin üsyan haqqında qanunu tətbiq etsə, Milli Qvradiya onun fərmanı ilə qubernatorlara baş qoşmadan hərəkət edəcək. Sonuncu dəfə 1992-ci ildə ata Corc Buş Los-Ancelesdə etirazlar zamanı belə edib. Həmin etirazlar dörd ağdərili polisin qaradərilini döyməsinə görə başlamışdı.

Politoloq-amerikanist Dmitri Drobnitski hesab edir ki, qubernatorların etirazçılarla münasibətləri gərginləşdirmək istəməməsi siyasi xarakter daşıyır. "Demokratların əsas vəzifəsi Trampa ikinci müddətə yenidən seçilməyə imkan verməməkdir. Etiraz olmadığı müddətcə insanları karantində saxlamaq mümkün idi. İndi isə onlara qəzəb hüququ verilib. Trampı pis görünməyə məcbur etmək lazımdır, çünki demokratların ritorikasına görə, o, irqçidir və cəmiyyətdə nifrət ab-havasını yaradıb", - o deyir.

"Əgər iğtişaşlardan sonra prezident Milli Qvardiyanın köməyi ilə idarəetməni ələ keçirsə, o, siyasi xal qazanacaq və onda demokratların nə dediyinin əhəmiyyəti olmayacaq. "Tramp, gəl və qayda-qanunu bərpa et". Tərəddüd edən ştatlar kimə səs vermək lazım olduğunu biləcək", - ekspert qeyd edir.

O vurğulayır ki, ölkədə irqi ayrı-seçkiliklə bağlı vəziyyət həqiqətən də dəhşətlidir. Və etirazlardan danışarkən bunu unutmaq olmaz.

"Demokratlar nəinki Trampın səmərəsizliyini nümayiş etdirmək, həm də azlıqlardan olan seçiciləri qorxutmamağa çalışırlar", - Ali İqtisad Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov qeyd edir.

"Onlar ağdərili olmayan əhali arasında dəstəyi itirməkdən çox qorxurlar. Seçkidə Co Baydenin əsas dayaqlarından biri məhz afroamerikalılardır", — ekspert bildirir.

Həmsöhbət əlavə edir: "Demokratlar Trampı nüfuzdan salmağa çalışaraq mülayim və tərəddüdlü elektoratı qorxuda bilərlər. Tramp isə sərt tədbirlərə əl atır ki, bu da zorakılığın və ölümlərin daha da artmasına səbəb ola bilər".

Amerika cəmiyyəti onsuz da çox parçalanıb. Etirazlar sadəcə ziddiyyətlərin dərinliyini vurğulayır. Sadə insanlar həm polis özbaşınalığına, həm də soyğunçuluğa etiraz edir, demokratlar və respublikaçılar isə hələ də razılığa gələ bilmirlər.

Üsyan haqqında qanunun ata Corc Buşun siyasi karyerasında hansı rolu oynadığını demək çətindir. Lakin 1992-ci ildə keçirilən seçkidə o uduzdu. Tramp isə açıq-aydın sərtliyə üstünlük verir. Bunun nə ilə nəticələnəcəyini yaxın gələcək göstərəcək.

39
Əlaqədar
"O bizim tariximizdə ən böyük təhdiddir" – Trampı sərt tənqid etdilər
Avropa İttifaqı ABŞ-da keçirilən etirazları dəstəklədi
"Yenə ruslar". Amerikadakı iğtişaşlarda Moskvanı günahlandırmaq kimə lazımdır
ABŞ demokratiyası rasizmə qalib gələ biləcəkmi – politoloq şərhi
Özlərinə qənim kəsilənlər - Rusiya və Çinin ABŞ-a edə bilmədiklərini Donald Tramp edir
Xaker, arxiv şəkli

Olimpiada Navalnı skandalı

31
(Yenilənib 20:26 21.10.2020)
Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.

BAKI, 21 oktyabr — Sputnik, İrina Alksnis. ABŞ və Böyük Britaniyanın Cənubi Koreya və Yaponiyada keçirilən Olimpiya oyunlarına Rusiya tərəfindən kiberhücumun təşkil olunması ilə bağlı iddiaları bu ölkədə təəccüblə qarşılanıb.

Təəccübün səbəbi sadədir: Moskvanın guya sülhə və idmana qarşı həyata keçirdiyi növbəti absurd cinayətlə bağlı əsassız həqarət həm Rusiya əleyhinə təbliğat aparmaq, həm də Moskvanı "cəzalandırmaq" üçün tədbirlər görmək baxımından gülüncdür.

Bir yandan Qərb mediasının Rusiya əleyhinə gündəm yaratmaq üçün mövzusu tükənməyib. Onlar hələ Aleksey Navalnı ilə bağlı insident haqqında yazmaqdan yorulmayıblar. Bu məqamda, ələlxüsus söhbət xarici işlər və xüsusi xidmət orqanları kimi yüksək səviyyəli qurumlardan gedirsə, ortaya Rusiya ilə bağlı yeni mövzu atmağın yeri deyil. Digər tərəfdən, rus blogerlə bağlı hadisə də daxil olmaqla, əvvəlki təcrübə göstərir ki, hər bir halda Moskvaya qarşı həqiqətən ciddi və ağrılı tədbirlər görməyə arxalanmaq olmaz.

Bununla yanaşı, Vaşinqton və Londonun eyni vaxtda verdiyi bəyanatlar hər iki ölkənin ortaq hədəflərinin mövcudluğundan xəbər verir.

Bəs söhbət nədən gedir?

Bu suala cavabı, yəqin ki, irəli sürülən ittihamlara Tokio və Seulun reaksiyasında axtarmaq lazımdır. Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.

Böyük ehtimalla, hər iki ölkənin rəsmi şəxsləri və xüsusi xidmət orqanları, bir sözlə, Qərbin regiondakı əsas müttəfiqləri amerikan-ingilis əməliyyatı barədə əvvəlcədən məlumatlandırılmayıb və buna görə də mümkün olduğu qədər ehtiyatlı davranmağa çalışır. Məsələn, Yaponiyanın Olimpiya Komitəsi bəyan edib ki, qurum öz fəaliyyətində kiberhücumların təsirini hiss etməyib.

Odur ki, böyük ehtimalla, Rusiya əleyhinə növbəti kampaniyanın hədəfi heç də Rusiya deyil, bütün dünya, ilk növbədə isə Qərbin özüdür. Rusofob gündəm isə burada sadəcə bir vasitə kimi çıxış edir.

Aleksey Navalnı, arxiv şəkli
© AP Photo / Alexander Zemlianichenko, File

İnformasiya-təbliğat sahəsində dominant mövqeyə sahib olmaq ABŞ hegemoniyasının mühüm hissəsini təşkil edir. Böyük Britaniya isə ənənəvi olaraq ABŞ-a bu məsələdə havadarlıq nümayiş etdirir. Bu iki ölkənin siyasi və xüsusi xidmət sahələrindəki əməkdaşlığı isə artıq hamıya çoxdan məlumdur.

ABŞ-ın supergücünün tədricən deqradasiyaya uğraması və Birləşmiş Krallığın beynəlxalq aləmə pərdəarxası təsirinin açıq şəkildə zəifləməsi son illərdə adi hala çevrilib. Lakin bu proseslər əsasən iqtisadi, bürokratik və bəzi siyasi mexanizmlərə təsir göstərir.

Eyni zamanda, iki gücün üstünlüyünün bu günə qədər də danılmaz olduğu sahələr var. Amerika ordusunun NATO-dakı üstünlüyünə şübhə etmək mümkün olmadığı kimi, aydın məsələdir ki, Avropa qitəsindəki heç bir media orqanı İngiltərənin "Times" və ya ABŞ-ın CNN-i ilə rəqabət aparmaq iqtidarında deyil. "Twitter" və "Facebook" kimi ictimai fikri manipulyasiya etməyə imkan verən güclü sosial şəbəkələrə nəzarət mərkəzinin məhz okeanın o biri tayında yerləşdiyi də ayrı məsələdir.

Vaşinqtonun RT və ya Çin şirkəti "TikTok"a qarşı sərt siyasəti, ABŞ-ın bu cür strukturların əhəmiyyətini yaxşı başa düşdüyünü bir daha təsdiqləyir.

Bununla belə, geopolitik rəqiblərin özlərinin mediaya təsir resurslarına sahib olduğunu nəzərə alsaq, ABŞ bu vəziyyətə öyrəşib və sözügedən şirkətlərin öz ərazisindəki fəaliyyətini məhdudlaşdırmaqda çətinliklə qarşılaşmayacaq. Amerikan-ingilis xüsusi xidmət və təbliğat tandemi üçün Qərbin öz daxilində rəqiblərinin meydana gəlməsi isə daha həssas məsələdir. Və indi məhz bu baş verir – Navalnı məsələsi hər iki ölkə üçün son dərəcə xoşagəlməz və arzuolunmaz proseslərin getdiyini göstərir. Rusiyadan baxanda bəlkə də belə görünə bilər ki, blogerlə bağlı yaranan səs-küy artıq hamını boğaza yığıb, əslinə isə bu çox unikal hadisədir, çünki bütünlüklə Berlinin əməlidir.

Bəli, Almaniya standart rusofobiya gündəmindən yararlanır, amma onu öz "böyük tərəfdaş"larından mənimsəyərək oyuna müstəqil şəkildə qoşulur.

Navalnıya nəzarət almanların əlindədir və o, hər şeyi –  "Şimal axını 2" layihəsini müdafiə etməkdən tutmuş onu dəstəkləməyən amerikalıların ünvanına söylədiklərinə qədər –  Berlinin diktəsi ilə edir. Nəticədə alman mediası bir neçə gün ərzində dünya üçün əsas xəbər mənbəyinə çevrilib və ingilis dilli media almanlardan sitat gətirmək, onların yazdıqlarını tirajlamaq məcburiyyətində qalıb. Bu kontekstdə Olimpiya oyunlarına kiberhücum təşkil edən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin hakerləri ilə bağlı məsələ tamamilə başqa məna kəsb edir. Əslində, amerikalılar və ingilislər bu mövzunu ortaya atmaqla Navalnı məsələsini xəbər gündəmindən tamamilə kənarlaşdırmağa çalışırlar. Çünki onların fikrincə, bu rəqiblərinin layihəsidir. Bundan başqa, Vaşinqton və London üçün bir müddətlik almanların nəzarəti altına keçən qlobal media-siyasi məkan üzərindəki nəzarəti yenidən ələ almaq çox vacibdir. Bunun ən yaxşı yolu isə mediada Rusiya əleyhinə bir mövzunu başqa bir mövzu ilə əvəz etməkdir. Hərçənd, hər iki tərəf Rusiyaya qarşı dostyana ritorikadan istifadə etmir, ancaq onların arasındakı fikir ayrılığı mahiyyət etibarilə, Rusiyanın (və bir çox digər ölkələrin) xeyrinədir. Çünki bütün bunlar Qərbin daxilindəki münaqişə vəziyyətini gücləndirir və onun tənəzzülünü stimullaşdırır.

Almaniyanın qısa müddətlik də olsa, dünyadakı siyasi-informativ məkana nəzarəti ilk dəfə ələ keçirməsi faktını nadir istisna hallarından biri kimi qəbul etmək lazımdır. ABŞ və Böyük Britaniya isə artıq mediadakı dominant mövqeyi əldən verməyə hazır olsalar, yaxşıdır. Çünki indi bu sahədə onlara nəinki geopolitik rəqibləri, yaxın müttəfiqləri belə meydan oxumağa başlayıblar.

31
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

157
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

157
Milli Məclis

Milli Məclisin növbəti plenar iclasının vaxtı gündəliyi məlum olub

0
(Yenilənib 19:26 22.10.2020)
"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin iclası 27 oktyabrda keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0