Yer kürəsinə kosmosdan mənzərə, arxiv şəkli

Qlobusda artıq yer qalmayıb. Ölkənin xilası kosmosda axtarılır

74
(Yenilənib 19:09 08.04.2020)
ABŞ iqtisadiyyatını xilas etmək üçün istənilən səy qısamüddətli effektə malik olacaq. Yeni bir mənbə lazımdır ki, uzun müddət ərzində dayanıqlı inkişafı təmin etsin. Görünür, Tramp üçün belə bir mənbə rolunu kosmos oynayır.

BAKI, 8 aprel — Sputnik, İrina Alksnis. ABŞ prezidenti amerikalıların kosmosda resurs hasilatı hüququnu möhkəmləndirən fərman imzalayıb. Sənəddə açıq şəkildə deyilir ki, kosmos "qanunverici və fiziki olaraq insan fəaliyyətinin unikal bir sahəsidir və Birləşmiş Ştatlar onu ümumbəşər sərvət hesab etmir". Hərçənd Ağ Evdə haqlı olaraq qeyd ediblər ki, əslində ABŞ bu fərmanla kosmos məsələsində çoxdan müəyyən edilmiş mövqeyini heç bir dəyişiklik etmədən təsdiqləyib.

Rusiyanın isə məsələyə reaksiyası tam gözlənildiyi kimi — təmkinli, lakin qınaq dolu olub.

Burada daha çox maraq doğuran fərmanın imzalanması faktının özüdür: sanki hazırda Amerikanın və onun liderinin digər daha vacib problemləri yoxdur!

Həqiqətən də hazırda bütün dünyanın çətin günlərini yaşadığına baxmayaraq, məhz ABŞ-da müşahidə olunan vəziyyəti xarakterizə etmək üçün "mükəmməl fırtına" ifadəsi daha çox yerinə düşərdi. Belə ki, bir yanda ağır COVID-19 epidemiyası ölkədə çox sayda yoluxmalara və 10 mindən çox ölüm halına səbəb olub. Digər yanda isə müşahidə olunan kəskin iqtisadi böhran hökumətin ekstremal tədbirlərə əl atmasına səbəb olub. Yeri gəlmişkən, mütəxəssislər iqtisadiyyatı xilas etmək üçün atılan bu addımları atom bombası ilə müqayisə edərək onların iqtisadiyyata daha da dağıdıcı təsir göstərə biləcəyini açıq şəkildə bildirirlər.

İqtisadiyyatın arxasınca sosial sahə də qanunauyğun şəkildə çökərək Trampın üç illik prezidentliyinin bütün nailiyyətlərini dəfn edib. İşsizlik rekord vurur, mütəxəssislər isə ehtiyat edirlər ki, bu, yalnız başlanğıcdır və bundan sonra daha da pis olacaq.

Bundan başqa, növbəti prezident seçkisinə yarım ildən bir qədər artıq vaxt qalıb – bu, yalnız Ağ Evin sahibi üçün deyil, ümumilikdə ölkə üçün taleyüklü bir seçki olacaq.

Və belə bir vəziyyətdə Donald Tramp diqqəti kosmosa yönəltməyi lazım bilib.

Qələbə qazananadək müharibə: Söhbət COVİD-19-la mübarizədən getmir>>

Kosmos Tramp üçün təsadüfi bir maraq deyil. O, artıq dəfələrlə bu mövzuya müraciət edib. Ötən ilin yanvarında məlum olub ki, ABŞ prezidenti NASA-nın insanı 2020-ci ilə qədər Marsa çatdıra biləcəyi təqdirdə kosmik agentliyə qeyri-məhdud məbləğdə pul ayırmağı təklif edib. 2019-cu ilin martında Tramp amerikalıları beş il ərzində Aya çatdırmağı tələb edib. İyulda o, yenidən "Qırmızı planet" mövzusuna qayıdaraq Marsın səthində tezliklə ABŞ bayrağının sancılacağına söz verib. Bu ilin fevralında isə prezident Konqresdən Aya və Marsa uçuş proqramlarını maliyyələşdirməyi xahiş edib. Odur ki, yeni fərman Trampın artıq birinci il deyil ki, yeritdiyi siyasətə çox uyğun gəlir.

Əsas məsələ isə ABŞ liderinin kosmos mövzusuna bu cür marağının nə ilə bağlı olduğundan ibarətdir.

Donald Trampın qeyri-adiliyi hamıya məlumdur və bu da rəqiblərinə onu istənilən günahda ittiham etməyə imkan verir. Lakin Ağ Evdə olduğu illər ərzində Tramp sübut edib ki, imic yalnız xarici görünüşdür və əslində qarşımızda ən əlverişsiz şəraitdə belə uğur qazana bilən ağıllı və çox effektiv idarəçi dayanır. Tramp, demək olar ki, ABŞ-ın bütün dövlət maşınının ona qarşı işlədiyi Vaşinqtonda vəziyyəti öz xeyrinə dəyişə bilib. O, iqtisadi sistemi sıxaraq nəticələr əldə edib ki, bu da onun rəqibləri tərəfindən sadəcə qeyri-mümkün və əlçatmaz hesab olunurdu. Bəli, hazırda bu uğurlar şəraitin təzyiqi altında sıfırlanıb, amma faktlar dəyişməz olaraq qalır.

İndi isə dünyanın çətin bir vaxtında ABŞ prezidenti kosmosun mənimsənilməsi mövzusunu davam etdirir. Elə görünür ki, Donald Tramp üçün bu, heç də qəribə və axmaq fikir deyil. O, həqiqətən, bunda Amerika iqtisadiyyatının düşdüyü dalandan çıxış yolunu görür. Yəqin ki, gənclik dövrlərində kosmosdakı perspektivlərlə bağlı nikbin hisslərlə yaşamış nəslə mənsubluğu da Trampın mövqeyinə təsir edir.

Amma əslində ABŞ prezidentinin müəyyənləşdirdiyi "diaqnoz" tamamilə doğrudur. Qlobal iqtisadiyyat sistemli böhrana daxil olub ki, bu da növbəti böyük dəyişikliyə səbəb olacaq. ABŞ-ın rəqibləri isə daha da gücləniblər, buna görə də davam edən dəyişikliklər Vaşinqtona ən böyük itkilər vəd edir. Vəziyyəti daha da gərginləşdirən fakt isə odur ki, qlobusda artıq yer qalmayıb – planet üzərində (bundan əvvəl hər dəfə olduğu kimi) növbəti iqtisadi inkişaf üçün resurs ola biləcək yeni ərazilər və bazarlar artıq yoxdur. Belə olan halda, Amerika iqtisadiyyatının yenidən qurulması və yenilənməsi üzrə istənilən səy kosmetik və qısamüddətli effektə malik olacaq. Yeni bir mənbə lazımdır ki, uzun müddət ərzində dayanıqlı inkişafı təmin etsin. Göründüyü kimi, Donald Tramp üçün belə biri mənbə rolunu yerdənkənar fəza oynayır.

Bu, müasir cəmiyyətin gözündə çox şübhə doğuran bir ideyadır. Əlli-altmış il bundan əvvəl isə mütəxəssislər də, geniş kütlələr də əmin idilər ki, XXI əsrin əvvəllərinə bəşəriyyət kosmosu artıq tam gücü ilə tədqiq edərək, oradan unikal və qeyri-məhdud resurslar əldə edəcək.

Reallıq isə istənilən kimi olmadı.

Kosmos dünyanın ən inkişaf etmiş dövlətlərinin çox bahalı "hobbi"si olaraq qalır. Onun kommersiya məqsədli istifadəsi son dərəcə məhduddur (yalnız kommunikasiya peykləri və buna bənzər layihələr var). Media isə mütəmadi olaraq bəd xəbərlər gətirir. Keçən həftə peyk vasitəsilə internetə çıxışı təmin edən "OneWeb" qlobal rabitə şirkətinin iflası və İlon Maskın növbəti kosmik layihəsinin uğursuzluğu haqqında xəbərlər yayılıb.

Şübhə yoxdur ki, gec-tez elmi və texnoloji sıçrayış baş verəcək ki, bu da bəşəriyyəti kosmosun mənimsənilməsində yeni mərhələyə aparacaq və kosmosu kommersiya baxımından cəlbedici edəcək.

Lakin bu problemin tezliklə həll edilməsi üçün güc qoyulması hazırda risklidir.

Tramp isə, görünür, bunu etmək niyyətindədir. Çox güman ki, dərin uğursuzluqlardan çıxmağı bacaran biznesmen və dövlət xadimi kimi o, uzun müddət ərzində idarəetmədə müşahidə etdiyi bir faktın ədalətli olduğuna əmindir: zəruri resurslar (maliyyə resurslarından tutmuş insan resurslarına qədər) və kifayət qədər inzibati təzyiq olduqda istənilən tapşırığı həll etmək olar. Demək olar ki, bütün tapşırıqları.

74
Əlaqədar
"Çox çətin keçəcək". Ekspert yeni OPEC+ sövdələşməsi haqqında danışdı
Nyu-Yorkda artıq nə edəcəklərini bilmirlər
Tramp neft qiymətləri barədə: Siz razılaşın, biz isə...
Rusiya, OPEC və ABŞ yeni qayda-qanun yaratmağa hazırlaşırlar
Qonşuda banklar vətəndaşlar üçün şərtləri pisləşdirməyə başladı
Minneapolisdə etirazlar

"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb

15
Əsas zarafat ondan ibarətdir ki, reallıqda heç bir xoşbəxt sonluq yoxdur, reallıqda final titrləri olmur, reallıqda istənilən qələbə müvəqqəti olur və onun arxasınca həmişə yeni fəsil başlayır.

BAKI, 1 iyun — Sputnik, Viktor Maraxovski. CNN hazırda ABŞ-da baş verən iğtişaşlarda "çox güman ki" Rusiya agentlərinin də iştirak etdiyini iddia edib.

Bir qədər öncə həmin telekanalın ekspertlərdən biri iğtişaşlarda "rusiyalı agentlərin" iştirak ehtimalını irəli sürüb. Donald Tramp isə şəxsən xüsusi olaraq öz "Twitter" səhifəsində həmin eksperti ələ salıb.

Xatırladaq ki, son vaxtlara qədər Prezident Trampla Amerikanın ən nüfuzlu telekanallarından biri olan CNN arasında münasibətlər, ümumiyyətlə, İran və İsrail arasında olan münasibətlərdən də pis olub. 2016-cı ildə CNN Trampın prezident olmaması üçün hər şeyi edib və sonra "Russiagate" məsələsinin şişirdilməsi üçün əlindən gələni edib. Tramp isə öz növbəsində CNN-ni məhz "saxta xəbər CNN" adlandırır və kanalın reytinqlərinin düşməsinə sevinərək açıq şəkildə ona nifrətini ifadə edir.

Yeri gəlmişkən, Atlanta şəhərində iğtişaş iştirakçılarının yolüstü CNN-in mənzil-qərargahına hücum etmələri, binanın şüşələrini sındırmaları və əllərinə keçəni dağıtmaları xəbəri Amerika prezidentinə ayrıca məmnunluq verib. Tramp vəziyyətin "istehzalı" olduğunu qeyd edib: etirazçılar onların hərəkətlərini dəstəkləyən və haqlı çıxaran kanalın binasını talan ediblər.

İndi isə ən maraqlısı. İş burasındadır ki, bu gün CNN-in ad günüdür, yubileyidir – onun 40 yaşı tamam olur.

Minneapolisdə etirazlar
© REUTERS / Carlos Barria

Bu kanalın əvvəldən nə olduğu və indi nəyə çevrildiyi, ümumiyyətlə, Amerikanın dünya liderliyinin tarixini bizə açıq şəkildə izah edir.

40 il əvvəl gənc mediamaqnat Ted Törner tarixdə ilk dəfə olaraq xəbərləri fasiləsiz gecə-gündüz birbaşa kabel vasitəsilə abonentlərə çatdıran şəbəkəni yaradıb. Bu, informasiya biznesində irəliləyiş və inqilab olub.

1980-cı ildə bu sıçrayışa o qədər də çox əhəmiyyət vermirdilər — çünki Qərbin və xüsusilə Amerikanın elm və biznesdə, siyasət və sosial texnologiyalarda inqilabları bir-birinin ardınca gəlirdi. Törner fasiləsiz xəbər xidmətini yaradır, sonrakı il NASA səkkiz nəfər ekipajlı çoxistifadəli pilotlu kosmik gəmisini buraxır, həmin il IBM ilk şəxsi kompüterlərin satışına başlayır, növbədə isə mobil telefon dayanır, onun arxasınca isə gələcəyin kralı İnternet gəlir.

O vaxtlar Amerikanın özü XX əsrin ruhunu ifadə edirdi. CNN isə Amerikanın reallığa təsir alətinə çevrilmişdi. Kanal bütün gücünü planetin tilsimlənmiş kimi izlədiyi "Körfəz müharibəsi" adlı böyük şou zamanı tam göstərdi. Gözlərimiz qarşısında texnoloji baxımdan üstün olan Amerika təyyarələri Avrasiyanın ən güclü ordularından birinin müqavimətini qırdılar. O zaman dünyanın izlədiyi şou yer kürəsi əhalisinin qəlbində əminlik yaratdı ki, ABŞ yenilməzdir, bəşəriyyətin qalan hissəsindən müəyyən keyfiyyət fərqi olan bir gücdür. Dünyanın qalan hissəsi sadəcə ABŞ-ın quyruğunda gəzməyə, ABŞ-ı qıcıqlandırmamağa, ABŞ-a itaət etməyə və onun yumşaqlığına ümid etməyə məhkumdur.

ABŞ-da polis əməkdaşı, arxiv şəkli
© AFP 2020 / ANDREW CABALLERO-REYNOLDS

İraqın hərbi qüdrətinin ardınca Sovet İttifaqının da planetin xəritəsindən yoxa çıxması müəyyən mənada ABŞ üçün XX əsrin xoşbəxt sonluqla bitməsi demək idi. Bu qələbənin qeyd-şərtsiz qəhrəmanlarından biri olan Ted Törnerə yalnız Ceyn Fonda səviyyəsində olan Hollivud ulduzu ilə evlənmək və onunla günbatan tərəfə getmək qalırdı. Törner də elə bunu etdi.

... Amma əsas zarafat ondan ibarətdir ki, reallıqda heç bir xoşbəxt sonluq yoxdur, reallıqda final titrləri olmur, reallıqda istənilən qələbə müvəqqəti olur və onun arxasınca həmişə yeni fəsil başlayır.

XX əsrdə dünyanı fəth etmiş Amerika bəlkə də məhz xoşbəxt sonluq sindromuna tutulub. Yəni, o, həqiqətən də inanıb ki, insan tarixində final titrlər başlayıb və heç bir sikvel gözlənilmir.

Maraqlıdır ki, SSRİ-nin süqutundan dərhal sonra Amerika dövlət təşkilatları "Rusiya üzrə mütəxəssis" təlimini o saat dayandırdılar: "olmayan və heç vaxt olmayacaq bir şey üçün mütəxəssislər nəyimizə lazımdır?"

Amerikanın "reallıq pultu" olan CNN, Hollivud, "rəngli texnologiyalar" və artıq yeni əsrdə "Facebook" və "Twitter" də həmin bu sindromun qurbanı oldular.

Ancaq reallıq öz sözünü yenə dedi — ona nə qədər təzyiq etsən də, o, intiqam almaq üçün bir yol tapacaq.

"CNN-in dünyası" 2016-cı ildə dağıldı — Trampın seçkilərdə qazanması ilə. Bu, Amerikada "dərin dövlət" adlandırılan qrup üçün arzuolunmaz namizədin qələbəsindən də pis idi. Bu, "xoşbəxt sonluq dövrü" ideyasının əsaslarına, idarə olunan reallıq ideyasına, CNN və "The New York Times" ittifaqının yenilməzliyi haqqında təsəvvürlərə vurulmuş güclü zərbə idi.

Yeri gəlmişkən, bəlkə də, məhz buna görə də "dərin dövlət" prinsipcə, reallığın pultla tam idarə olunduğu inamından əl çəkməyərək, seçkilərdə rusların sehrli əlinin olduğuna dair iddianı ortaya atdı.

"Ruslar pultu sındırdılar — buna görə də biz uduzduq."

Bu versiyanın əsas media təbliğatçısı da elə CNN oldu.

...Yeri gəlmişkən. İndi, Amerikanın 30 böyük şəhərini iğtişaşların bürüdüyü bir vaxtda dünya eks-hegemonunun ərazisində "media" və real gerçəklik arasında münasibətlərin necə inkişaf edəcəyini təsəvvür edə bilərik.

Bir versiya var ki, təxminən elə bu cür də olacaq. Məsələ məhz ondan ibarətdir ki, əsl "dünyanın sonu" və əsl xoşbəxt sonluq olmur. Apokalipsis mütləq ölümcül olmalı deyil. Bəlkə də bu, sadəcə qlobal siyasi-iqtisadi və çox güman ki, güc liderliyinin itirilməsidir. Bu, yalnız ölkənin uğursuz hissələrinin bir növ "üçüncü dünya"ya çevrilməsidir (ABŞ-da 40000000 işsiz var və bu, son hədd deyil). Bu, cəmiyyətin parçalanması və ölkənin yoxsul ərazilərə və zəngin təcrid olunmuş adalara bölünməsidir. Hansısa şəhərlərin çətinliklə qarnını doydurmağa çalışdığı bir vaxtda, haradasa böyük büdcələrə başgicəlləndirici blokbasterlər çəkiləcək.

Sadəcə, CNN-in təsisçisi, 81 yaşlı Törnerin xatırladığı Amerika daha olmayacaq.

15
Özüyeriyən artilleriya qurğusu (ÖAQ) Коалиция-СВnin, arxiv şəkli

"KamAZ" təkəri üstündə yeriyən “müharibə tanrısı”

278
(Yenilənib 10:14 30.05.2020)
«Коалиция-СВ» artilleriya sistemi uzun mənzili və yüksək atəş dəqiqliyi ilə seçilən qabaqcıl xarici analoqlara cavab olaraq yaradılıb

BAKI, 30 may — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Artilleriya – müharibənin allahıdır, ona görə də Rusiyada tək məbədlər tikmir, eləcə də dünyanın ən yaxşı haubitsalarını düzəldirlər. Nijeqorod vilayətindəki poliqonda 152 mm kalibrli özüyeriyən artilleriya qurğusu (ÖAQ) «Коалиция-СВ»nin “KamAZ-6550” avtomobili bazasında təkərli modifikasiyasının sınaqları keçib.

Təptəzə «Коалиция-СВ» haubitsalarının sınaq partiyası mayın sonunda Rusiya ordusunun sərəncamına verilib. Qurğu T-90 tankının platformasına bərkidilib və 70 km uzaqlıqdakı yerüstü hədəflərin – komanda məntəqələrinin, rabitə qovşaqlarının, artilleriya və minaatan batareyaların, zirehli texnikanın, HHM-RƏM vasitələrinin,  düşmənin canlı qüvvəsinin - vurulması üçün nəzərdə tutulub. Hazırda dünyada bu haubitsanın analoqu yoxdur. Demək olar ki, eyni zamanda “Uralvaqonzavod” ÖAQ-ın “KamAZ-6550” avtomobilinin bazasında hərəkət və atəş sınaqlarını keçirməyə başladı. Sınaqların cari ildə başa çatdırılması nəzərdə tutulur, bundan sonra isə haubitsanın təkərli modifikasiyasının seriya istehsalına başlanması haqda qərar veriləcək.

Orduda təkərli «Коалиция-СВ» ÖAQ-ın peyda olması presedent yaradacaq (hazırda Rusiyada bu tipli haubitsa yoxdur) və topçuların hərbi məsələləri həll etmək üçün konkret şəraitdən asılı olaraq “Коалиция”nın təkərli və ya tırtıllı variantını seçmək imkanı olacaq. Tırtıllı analoqları ilə müqayisədə dördoxlu “KamAZ” şassi sisteminin öz üstünlükləri var – mobillik, yol örtüyünü dağıtmadan ümumi istifadədə olan avtonəqliyyat magistrallarından istifadə etmək imkanı, kifayət qədər böyük gediş ehtiyatı (tırtıllı platformanın 5000 km-lik resursu təkərli texnika üçün sadəcə sınaq reysidir).

İstehsalçı müəssisənin baş direktoru Dmitri Semizorov bu barədə demişdi: “”Коалиция” – gələcəyin maşınıdır. O, hətta günü bu gün də zamanı qabaqlayır”. Ola bilsin ki, təkərli yeni ÖAQ daha da irəli gedəcək. Və çox güman ki, hətta xarici alıcıları da cəlb edəcək. Məsələn, 155 mm kalibrli, «Краснополь-М» mərmiləri və onların eyni kalibrli xarici analoqları ilə atəş açan əvvəlki özüyeriyən «Мста-С» nəsil haubitsasının ixrac modifikasiyasının qiyməti 1.6 milyon dollardır. Əbu-Dabidəki IDEX-93 sərgisində «Мста-С» əzici üstünlük nümayiş elətdirdi: 15 km uzaqlığa atılan 40 «Краснополь» mərmisindən 38-i hədəfi vurdu. «Коалиция-СВ» daha mükəmməl olduğundan onun Rusiya ordusunda və beynəlxalq silah bazarında gözəl gələcəyinə təminat vermək olar.

Yeni nəsil

«Коалиция-СВ» artilleriya sistemi «Мста-С» ÖAQ-nin (tırtıllı şassi) xələfidir və nəhəng atış gücünü də ondan alıb. «Коалиции-СВ»nin 152 mm kalibrli topu dəqiqədə 10-dan çox atış edə bilir, bu isə ən yaxşı xarici qurğular da daxil olmaqla analoji artilleriya sistemlərinin atış sayından çoxdur.

Məsələn, Amerikanın daha çox insanı əhatə edən heyətinə malik М109А6 Paladin ÖAQ dəqiqədə cəmi 6 atış edə bilir. «Коалиции-СВ»nin yüksək atış tempini isə onun doldurulma mexanizminin tam müstəqil avtomat rejimli olması təmin edir. Bütün barıtın eyni zamanda “alışdırılmasının” mikrodalğalı sistemi də vacib rol oynayır. 

Yeni haubitsaya üç mütəxəssis xidmət edir: sürücü-mexanik, komandir və tuşlayıcı operator («Мста-С» ÖAQ-nin heyətində isə beş nəfər var). Üstəlik onun artilleriya qülləsində adam olmur, heyət zirehli kapsulda yerləşir. Konstruktiv həll “Armata”nı xatırladır və 48 ton döyüş kütləsinə malik ÖAQ tankın hərəkiliyini özündə saxlayır.

Ən yeni artilleriya sisteminin tırtıllı və təkərli variantı unifikasiya olunmuş döyüş bölməsinə - tam dönən qülləyə və 152 mm-lik kəsik 2A88 haubitsasına – malikdir. ÖAQ cəbbəxanasının tərkibinə eləcə də uzaqdan idarə oluna bilən, 12.7 mm kalibrli pulemyotu olan qüllə qurğusu da daxildir. Komandirlə tuşlayıcının iş yerləri rəqəmsal displeylə təchiz olunub, taktiki həlqənin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya olunub. Bu, heyətə mövcud idarə konturunda səmərəli davranmağa, müxtəlif mənbələrdən rəqəmsal rabitə kanalları ilə göstərişlər almağa, ərazini daimi müşahidə altında saxlamağa, istənilən hava şəraitində atəş açmaq və onu korrektə etmək üçün avtonom hesablamalar aparmağa imlan verir. Xarici məlumatlar göyərtədəki məlumat-komanda sistemi tərəfindən emal olunur və sistem atəş və döyüş sursatlarının idarə olunması barədə məlumatları əks etdirir.

Atəş xarakteristikalarına görə  «Коалиция-СВ» bütün yerli və xarici istehsal olan seriya ÖAQ-lərdən üstündür. Bu potensialla ən yeni haubitsa perspektivdə Rusiya Quru Qoşunlarındakı  bütün 152 mm-lik «Мста-С» və yedəyə alınan «Мста-Б» qurğularını əvəz edəcək.

«Коалиция-СВ» artilleriya sistemi Nijeqorod “Uralvaqonzavod” konserninə daxil Nijeqorod “Burevestnik” Mərkəzi Elmi-Texniki İnstitutu tərəfindən işlənib hazırlanıb. İlk dəfə geniş kütləyə 2015-ci il mayın 9-da Moskvada Qələbə paradında nümayiş olunub. 2017-ci ilin sentyabrında isə Rusiya Müdafiə Nazirliyi ən yeni «Коалиция-СВ» ÖAQ-nin sınaq partiyasının, 2020-ci ildə isə seriya nümunələrinin tədarükü üçün müqavilə imzalayıb. Ən yeni «Коалиция-СВ» haubitsasının iki modifikasiyası gələcəyin silahıdır və onun əvvəlcədən, yəni elə bu gün əldə edilməsi daha məqsədəuyğundur. Ola bilsin ki, yaxın gələcəkdə onun üçüncü – gəmi versiyası da peyda olsun və o zaman piyada sistemi dəniz platformasına ayaq basacaq.

Yüksək dəqiqlikli döyüş sursatı

«Коалиция-СВ» atış mənzilinin uzaqlığına görə (70 km-dək) analoqlarını iki dəfə üstələyir. Məsələn, 2012-ci ildə ordunun sərəncamına verilmiş Rusiyanın «Мста-С» - 2С19М2 ÖAQ hədəfi aktiv reaktiv qəlpəli fuqas mərmisi ilə maksimum 30 km aralıdan vura bilir. Almanların möhtəşəm PZH 2000 haubitsası bir dəfə Cənubi Afrikada xüsusi reaktiv V-LAP mərmisini 56 km uzaqlığa göndərə bilmişdi, amma adi rejimdə onun da atış mənzili 30 km-i aşmır.

Mənzil uzaq olarkən yüksək dəqiqlik də vaciblik qazanır. «Краснополь-М» - ən uğurlu korrektə oluna bilən artilleriya döyüş sursatlarından biridir, amma o, imkanların son həddi deyil. Yeni idarəolunan mərmilərin istifadəsi sayəsində  «Коалиция» Rusiya ordusunda ilk yüksək dəqiqlikli artilleriya sistemi olacaq. Standart xətt hərbi sursatlarının dövlət sınaqları 2021-ci ildə başa çatacaq. Yeni texnoloji üfüqlər adamı heyran edir. 

Tulanın Cihazqayırma konstruktor bürosu “bir atışlıq” çox dəqiq və güclü qəlpəli fuqas döyüş sursatı işləyib hazırlayıb. Hər bir belə 152 mm-lik mərmi təxminən 50 min dollardır, ancaq düşmənin uzunmüddətli müdafiə nöqtəsinə, bunkerinə və ya digər möhkəmləndirilmiş obyektinə dəyərkən ikinci atəşə ehtiyac qalmır. Yarımaktiv başlıq lazer şüası ilə operator və ya pilotsuz aparat vasitəsilə yönləndirilir.

Daha bir “ağıllı” sursat Moskvanın “Kompas” konstruktor bürosunda yaradılıb. 152 mm-lik mərmi başlığı və atış zamanı qatlanaraq uçuşun istiqamətini korrektə edən aerodinamik sükanlar sisteminə malik ГЛОНАСС naviqasiya modulu əvvəlcədən məlum koordinatdakı hədəfi yüksək dəqiqliklə vurur. Dairəvi mümkün sapma 10 m-i keçmir (adətən 152 mm-lik mərmi uzun mənzilli atış zamanı 100 m kənara sapa bilər). “Kompas” KB-nin layihəsi artıq cəbbəxanada mövcud olan mərmiləri modernləşdirməyə imkan verir. Baza artilleriya mərmisinin idarəolunan mərmiyə çevrilməsinin qiyməti təxminən 1000 dollardır. Müqayisə üçün, Amerikanın bir ədəd 155 mm-lik idarəolunan Excalibur mərmisi 80 min dollara başa gəlir.

Yeni silahların işlənib hazırlanmasında RF üçün prioritet milli təhlükəsizliyin etibarlı təminatı, tərəfdaşlara və adekvat partnyorlara hərbi-texniki yardımdır. «Коалиция-СВ» artilleriya sistemi uzun mənzili və yüksək atəş dəqiqliyi ilə seçilən qabaqcıl xarici analoqlara cavab olaraq yaradılıb. Rusiya layihəsi ən müasir həlləri, texnologiya və komponentləri inteqrasiya edib ki, bu da döyüş və istismar xarakteristikalarının əla ahəngini əldə etməyə imkan verib. Ancaq və ancaq sülhün və beynəlxalq sabitliyin bərqərar olması üçün.

278
Əlaqədar
Rusiyanın Hərbi-Dəniz Donanması necə dəyişəcək - "Borey-A" və "Yasen-M" gəlir
Bu "Sirkon" Rusiyanın rəqiblərinə baha oturacaq: onu uçuş zamanı heç nə vura bilməz
100 milyon dollarlıq paradoks və ya F-35-in quyruğu niyə qopur
Rusiya Qara dənizə tam nəzarət edir
Rusiyanın beşinci nəsil qırıcıları sınaqlardan üzüağ çıxıb

Maska məsələsi niyə belə uzanır?

0
(Yenilənib 11:02 02.06.2020)
Milli Məclisin növbədənkənar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq

BAKI, 2 iyun — Sputnik. Milli Məclisin növbədənkənar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

İlk olaraq İnzibati Xətalar Məcəlləsində dəyişikliyə üçüncü oxunuşda baxılacaq. Qeyd edək ki, Məcəlləyə edilən yeni əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyən edilib.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq.

0
Əlaqədar
Dərini maska və əlcək altında necə qorumalı – dermatoloq tövsiyəsi
Alış-veriş "dəliləri", kim tutar sizi? - FOTO
"Başabəla" dəyişiklik parlamentdən keçdi
Maska taxmayanlara agentlikdən "sürpriz"