Neftçi, arxiv şəkli

"Çox çətin keçəcək". Ekspert yeni OPEC+ sövdələşməsi haqqında danışdı

17
(Yenilənib 16:58 06.04.2020)
Vaşinqtonu sövdələşməyə cəlb etmək asan olmayacaq. Ən azı ona görə ki, ABŞ qanunvericiliyi bu cür sazişlərdə iştirak etməyi qadağan edir.

BAKI, 6 aprel — Sputnik. OPEC+ razılaşması çoxlarının düşündüyündən də yaxındır. Bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev bildirib. Enerji təhlükəsizliyi sahəsində ekspert İqor Yuşkov Radio Sputnik-in efirində bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

OPEC+ razılaşması çoxlarının düşündüyündən də yaxındır. Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev aprelin 9-da keçiriləcək OPEC+ iclası ərəfəsində CNBC telekanalına belə bir bəyanat verib. 

"Hesab edirəm ki, biz çoxlarının düşündüyündən daha yaxınıq. Hesab edirəm ki, bazar razılaşmanın vacib olduğunu və sabitlik gətirəcəyini başa düşür. Biz çox yaxınıq", - Dmitriyev müsahibəsində bildirib.

Onun sözlərinə görə, dünya bu gün tənəzzülün astanasındadır: "Bu, elə bir vəziyyətdir ki, biz dünya iqtisadiyyatını sabitləşdirmək üçün ABŞ ilə birlikdə işləməliyik. Neftin qiymətinin sabitləşməsi isə bu prosesin bir hissəsidir. Bazar sabitləşməsə, ABŞ 10 milyon iş yerini itirə bilər".

"Biz ABŞ-la, vergi xidməti ilə, Enerji Nazirliyi ilə sıx şəkildə işləyirik ki, ABŞ qarşıdakı ixtisarda iştirak etsin... Güman edirəm ki, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ və digər ölkələr bazarları sabitləşdirmək və bəlkə də tarixdəki ən böyük tənəzzülünün astanasında duran dünyaya sabitlik gətirmək üçün addım atmalıdırlar", - Dmitriyev deyib.

Radio Sputnik-in efirində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov vəziyyəti şərh edib.

"Razılaşmaya gəlmə prosesi çox çətin keçəcək: Rusiya ABŞ-ın yeni razılaşmada iştirakçı olmasından danışır. Bir çoxları (yeni razılaşmada – red.) daha da çox iştirakçının lazım olduğunu nəzərə alaraq onu OPEC++ adlandırır. Hazırda təklif və tələb arasında disbalans çox böyükdür: təklif tələbdən sutkada 15-20 milyon barel çoxdur, çünki hər yerdə koronavirusla mübarizə aparılır, nəqliyyat dayandırılıb, təyyarələr uçmur, buna görə də neft məhsullarına tələb sadəcə azdır. Bəli, bu, müvəqqəti bir haldır, lakin buna baxmayaraq, neftin qiymətini birtəhər artırmaq üçün (hasilatı – red.) çox ixtisar etmək lazımdır. ABŞ və ya Kanadanın iştirak etmədiyi əvvəlki formatda bu razılaşmaya nail olmaq mümkün olmayacaq. Rusiya, yəqin ki, "əgər ixtisar edilirsə, hamı bir yerdə etsin" yanaşmasına əsaslanır", – Yuşkov bildirib.

Onun fikrincə, Vaşinqtonu sövdələşməyə cəlb etmək asan olmayacaq.

"Ən azı, ona görə ki, onların qanunvericiliyi bu cür sazişlərdə iştirak etməyi qadağan edir. ABŞ olmadan isə tərəflər, ola bilsin ki, arzuedilən razılığa gəlməsinlər. Lakin düşünürəm ki, OPEC+ razılaşmasının iştirakçıları ən azı 2020-ci ilin birinci rübü ilə müqayisədə hasilatın həcmini artırmamağı öhdələrinə götürəcəklər. Bu, heç olmasa, əlavə şokların yaranmasına imkan verməyəcək", – Yuşkov hesab edir.

OPEC+ ölkələri martın əvvəlində nə neft hasilatının azaldılması haqqında Sazişin parametrlərinin dəyişdirilməsi, nə də sövdələşmənin uzadılması barədə razılığa gələ biliblər. Nəticədə, aprelin 1-dən etibarən alyans ölkələrində neft hasilatına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu, neft bazarında çökməyə səbəb olub.

17
Teqlər:
OPEC, neft
Əlaqədar
Azərbaycan neft böhranından çıxış yolunu açıqladı
Tramp neft qiymətləri barədə: Siz razılaşın, biz isə...
Bahalı neft nə vaxt qayıdacaq?
Rəy: Tramp hər şeydən çox neft müzakirələri ilə maraqlanır
"Yaxşı söhbət": Neftin qiymətinin qaldırılması planlaşdırılır
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovdan kilsələrlə bağlı fransızlara tərs şillə

138
(Yenilənib 14:35 25.11.2020)
Azərbaycanın xarici işlər naziri deyib ki, vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın "Le Point" jurnalına müsahibə verib. Müsahibədə nazir üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Fransanın mövqeyi, bölgədəki xristian abidələrinin taleyi, müharibədə Türkiyənin rolu, Dağlıq Qarabağda birgə yaşayışa zəmanət və digər sualları cavablandırıb.

Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:

- Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlayacaqsınız?

- BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər.

- Atəşkəsin ən yaxşı təminatçısı rus hərbçiləridir?

- Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan arasında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac olduğu aydın oldu. Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirildi.

Rusiya Minsk Qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycanla münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həm də Rusiya prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.

- Qərb ölkəsi olan iki həmsədr Fransa və ABŞ atəşkəs razılaşması ilə əlaqəli olmadığı halda Minsk Qrupu faydasız oldu?

- Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüz qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaq.

- Sizin fikrinizcə, münaqişə zamanı Fransa bitərəf qaldı?

- Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda.

- Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər?

- Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur.

- Bu müharibədə Türkiyənin Azərbaycana pilotsuz təyyarələr və Suriyalı muzdlular daxil olmaqla köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləşdirilməsi davamlı həllin axtarışını çətinləşdirmir?

- Azərbaycan ordusunu gücləndirən amillər silahlı qüvvələrimizin mobilliyi, dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq etmişdir. Türkiyə həmişə haqlı mövqeyimizi dəstəkləmişdir. Azərbaycan münaqişənin beynəlmiləşdirilməsi və Ermənistanın üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxış etmişdir. Suriyalı muzdlular barədə bu hekayəyə gəldikdə isə, biz bir neçə dəfə təkrarladıq və prezidentimiz bunun müəyyən ölkələr tərəfindən yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi. Bu şayiələri yayanlar tərəfindən heç bir dəlil verilməyib. Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar və güclü bir orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq üçün kənar silahlı qüvvələrə və nizamsız qruplaşmalara ehtiyacımız yoxdur.

- Hazırda sizin nəzarətinizdə olan xristian abidələri, xüsusən də Dadivank monastırı ilə nə olacaq?

- Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələri dövlət tərəfindən qorunacaq. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur. Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etmişdir.

- Son bir neçə həftə ərzində aparılmış müharibədə xristianlarla müsəlmanlar arasında dini qarşıdurma epizodu olubmu?

- Ermənistanla Azərbaycan arasındakı dini münaqişə deyil və heç zaman belə olmayıb. Bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası münaqişədir. Bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan müxtəlif dinlərin davamçılarının əsrlər boyu sülh şəraitində yaşadığı bir ölkədir.

- Nə üçün Azərbaycanın Silahlı Qüvvələri Şuşadakı kimi kilsələr də daxil olmaqla, mülki binaları və məktəbləri bombaladı?

- Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan Ordusu legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olundu. Bəhs etdiyiniz kilsə ilə bağlı Prezidentimiz bunun səhv olduğunu və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğulamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı Erməni Kilsəsini bərpa etməzdik.

- Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı bir bölgə olan Dağlıq Qarabağ üzərində bir Ermənistan suverenliyini tanımağa hazırdırmı?

- Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilmişdir. Sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.

- Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün bu cür dinc birgə yaşayışa necə zəmanət verə bilər?

- Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Prezidentimiz, artıq işğal altında olmayan ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır.

- Atəşkəs elan edildikdən sonra Prezident Əliyev niyə ermənilərin "itlər kimi" qovulduğunu iddia edərək təhqiredici şərhlər etdi?

- Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Şubhəsiz ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər.

138
Teqlər:
Ermənistan, ermənilər, erməni, Bakı, kilsə, Fransa, Azərbaycan xarici işlər nazirliyi, təhsil naziri Ceyhun Bayramov, Ceyhun Bayramov
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Məsuliyyət disiplin: Koronavirusa qalib gəlməyin yolları

31
Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Həyatımızı və düzənimizi dəyişən "taclı bəla"nın yayılması son günlər kəskin şəkildə artıb. Həm dünyada, həm də ölkəmizdə vəziyyət getdikcə qəlizləşir. Xəstəxanaların vəziyyətindən xəbərdar olanlar, vəziyyətin niyə qəliz olduğunu yəqin ki, anlayrırlar. Təcrübə göstərdi ki, bütün dünya bu bəlanın qarşısında hələki çarəsiz vəziyyətdədir. İlin əvvəlində Avropa ölkələrində yaşanan narahatlıq, indi bizim qapımızı döyür. Görülən tədbirlərin, tətbiq olunan qadağaların, qapanmaların, açılmaların effektivliyi də göz qabağındadır. Bu barədə uzun-uzadı yazmağa, danışmağa ehtiyac yoxdur. Son günlərin statistikası vəziyyətin ciddi olduğunu gözlər önünə sərir. Artıq, "Mən koronaya inanmıram"– lağlağısının yeri deyil. İnansaq da, inanmasaq da pandemiya dünyaya meydan oxuyur.

***

Mütəxəsislər yoluxmanın və ölümlərin nisbətən az olduğu isti aylarda payız-qış mövsümündə yoluxmalarda kəskin artım olacağı ilə bağlı xəbərdarlıq etsələr də, dəyişən heç nə olmadı. Özümüzü və ətrafımızı qorumalı olduğumuz halda, yenə biganə davrandıq. Heç kəsə sirr deyil ki, koronavirusun yayılmasında əsas faktor insandır. Əgər insanlar bu məsələdə məsuliyyətli olmasa, yoluxmanın sürətlə artmasına mane olmaq daha da çətinləşəcək. Üstəlik, xəstəxanalarda müalicə alanların sayının artması, həkimlərin daha ağır xəstələrə nəzarət etmək imkanını azaldır. Dolayısıyla, hər bir məsuliyyətsiz addım, ətrafımzdakı onlarla insana təhlükə yaradır. Qarabağ müharibəsində ardıcıl qazanılan zəfərlər bizdə eyforiyaya səbəb olub. Bunu zəfər yürüşlərində də müşahidə etmək çətin deyildi. O müdhiş sevincin qarşısında insanları "Niyə yürüş edərkən maskadan istifadə etmirdiniz?" – deyə qınamaq da olmur. Zəfər sevinci elə bir hissdir ki, sosial məsafə, maska, dezinfektan heç kəsin yadına düşmür. O xoşbəxt anlarda adam bütün mənfi şeyləri unudur. Çox yaxşı haldır ki, insanlarımızın bu xoş aurası bu gün də davam edir. Ancaq bu rahatlığın təhlükəli tərəfi də var: məsuliyyət hissimiz azalır və "taclı bəla" öz arealını genişləndirir. Bu gün yenidən birliyə və həmrəyliyə ehtiyacımız var.

***

Sözün düzü, koronaya yoluxmamaq üçün nələrə riayət etməli olduğumuzu hamımız bilirik. Əgər ilin əvvəlində naməlum düşmənə qarşı təşviş içərisində mübarizə aparırdıqsa, indi bu virus haqqında kifayət qədər məlumatlıyıq. Qoyulan qadağalar kifayət qədər yumşaldılıb. Həyatımızdan bu bəlanın biryolluq çıxıb getməsi üçün özümüzü və ətrafımızı düşünmək, diqqətli və məsuliyyətli olmaqdan başqa yolumuz yoxdur.

***

Bu gün yoluxma riski hər yerdə yüksək olsa da, insanların daha sıx olduğu yerlərdən uzaq gəzmək, bu sıxlığa səbəb olmamaq vacibdir. Düşünürəm ki, insanlarla daha sıx ünsiyyətdən yayınmaq da bu dönəm üçün vacibdir. Maskadan istifadə etməli, gigiyeniya qaydalarına riayət etməliyik. Açıq havada maskadan istifadə etməklə bağlı qoyulan qadağa hamıya qəribə görünsə də, düşünürəm ki, bu məsuliyyət hissini artırmaq, disiplin yaratmaq üçün müəyyən təsirə malik olacaq. Pandemiya ilə mübarizə apardığımız bu dönəmdə hətta absurd görünən qadağalara da riayət etmək, öz davranışımızla ətrafımıza yaxşı nümunə göstərmək məcburiyyətindəyik.

***

Əzizlərimizin həyatını qorumaq, təhsil sistemimizin və həyatın digər sahələrinin normala dönməsi üçün bu qeyri-müəyyənliklərlə dolu günlərdə daha həssas, daha məsuliyyətli olmalıyıq. Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Hər birimizdən tələb olunan sadəcə məsuliyyətli və diqqətli olmaqdır. Bunu bacarsaq, minlərlə insanın xilaskarı olmaq şansımız var. Bu gün özünü və ətafını qoruyan hər bir insan qəhrəmandır və hamımızın qəhrəman olmaq imkanı var. Gələcəyimiz və sağlamlığımız üçün bu qəhrəmanlığı etməliyik. Bizim yenədə birliyə, bütövlüyə, həmrəyliyə ehtiyacımız var. Yaxın tarix sübut etdi ki, biz həqiqətən birlikdə güclüyük. Bu gücümüzü gözgörünməz düşmənə də göstərməyin vaxtıdır.

31
Teqlər:
korona virusu, Koronavirus, epidemiya, COVID-19

Bayraqlarla küçələrdə: Bakıda Kəlbəcərin qaytarılmasını qeyd etdilər

0
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

Bakıda Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə avtoyürüş keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş maşınlar şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 10-da  imzalanan razılaşmaya uyğun olaraq, Azərbaycan ordusunun bölmələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu hadisə ilə əlaqədar Bakıda avtomobil yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillər Heydər Əliyev Mərkəzindən başlayaraq Bakının mərkəzi küçələri ilə Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş