Vladimir Putin, arxiv şəkli

Qərbi “özününkülər” dağıdır qərbli ekspertlər belə bir nəticəyə gəliblər

22
(Yenilənib 20:17 13.02.2020)
Qərb sivilizasiya və siyasi varlıq kimi xristian milli mədəniyyətlərinin bir toplusudur. Ancaq Qərb əlbəttə ki, elitaların əksəriyyəti tərəfindən paylaşılan və bu elitalara on illərlə etibarlı xidmət edən liberal ideologiyadır.

BAKI, 13 fevral — Viktor Maraxovski, Sputnik. Fevralın 14-də Bavariyanın paytaxtında başlayacaq Münhen Təhlükəsizlik Konfransının məruzəsi dərc olunub.

Məruzədə hər mövzu üçün bir fəsil ayrılıb. Məsələn, fəsillərdən biri Rusiyaya həsr olunub və şübhəsiz ki, Rusiyada məruzəni çox diqqətlə oxuyacaqlar. Lakin məruzədə əsas mövzu Qərbdir – daha dəqiq desək, Qərbin tənəzzülü və bunda kimin təqsirkar olduğu.

Məruzə “Qərbsizlik” (Westlessness) adlanır. Sənəd ilk dəfə olaraq avropalı və amerikalı ekspertlərin könülsüz şəkildə qəbul etdiyi reallığa – dünyanın getdikcə Qərbi daha çox özündən uzaqlaşdırmasına həsr olunub. Məruzəyə görə, Qərb “getdikcə daha çox Qərbsizləşir”. Bütün bunlar isə çox pisdir, çünki bu qeyri-sabitliyə, gözlənilməzliyə, demokratik dəyərlərin itməsinə və digər saysız-hesabsız fəlakətlərə səbəb olur.

Məruzənin fəsillərinə qoyulan adlar xüsusilə qeyd edilməlidir. Sənədin Birləşmiş Ştatlarla bağlı fəsli Amerikada məşhur olan “Birlikdə güclüyük, ayrılıqda zəif” şüarına eyham vuraraq “Ayrılıqda güclüyük?” adlanır. Çinlə bağlı hissə “İnadkar dövlət”, Rusiya haqqında fəsil “Putemkin dövləti” (məşhur rusiyalı dövlət xadimi Potemkinin soyadına eyham edilir), Avropaya dair fəsil “Avroviziya müsabiqəsi” və Aralıq dənizi bölgəsi haqqında hissə “Aralıq dənizi kabusu” adlanır.

Rusiyaya gəldikdə, məruzə son beş ildə Qərb ekspertlərinin kollektiv şüurunda yaranmış konsepsiyaya uyğun yazılıb. Düzünü desək, bu konsepsiya ümidsizlikdən doğulub. Çünki bir tərəfdən bütün ekspertlər düşünürdülər ki, Rusiya zəif və əhəmiyyətsizdir, sanksiyalar onu parçalayıb və ölkə dağılmaq üzrədir. Lakin digər tərəfdən, hamı gördü ki, Rusiyanın hələ də inadla nəfəs alır, inkişaf edir, parçalanmır, xaosa düşmür və hətta məhv edilmə ilə üzləşən dövlətlərin müdafiəsinə qalxır və bu onda yaxşı alınır.

Haradasa 2018-ci ildən bəri Rusiya “çox dəhşətli problemləri” olan “zəif” bir ölkə kimi görülüb: ancaq zəif Rusiyanın başında çox müvəffəqiyyətli bir taktik, Putin durur və o, vaxtaşırı Potemkin qələbələrinin “görüntüsünü” yaratmağı bacarır (ildən-ilə məruzədə Rusiyanın “qısa müddətli uğurlara” necə imza atdığı və “müvəqqəti effektə nail olduğu” barədə eyni ifadələr işlədilir).

Məruzəyə görə, 2019-cu ildə “zəif kartları ilə yaxşı oynamış Rusiya bir neçə diplomatik qələbə qazanıb. Kremlin xarici siyasətində dəyişiklik olmamasına baxmayaraq, Rusiya yenidən AŞPA-ya qəbul edilib, NATO üzvü (yəni Türkiyə – red.) Rusiyadan “S-400”ləri satın alıb və Moskva özünü Yaxın Şərqdə nüfuzlu bir qüvvə kimi təsdiq edib... Ancaq ən əsası, Fransa Prezidenti Makron Rusiyaya dilxoşluq edərək avropalıları Rusiya ilə “əlaqələrin əsasını yenidən nəzərdən keçirməyə” çağırıb.”

Maraqlıdır ki, hesabat müəllifləri Fransa prezidentinin çıxışlarını Rusiyanın ən mühüm uğuru kimi qiymətləndiriblər.

Lakin Münhen məruzəsinin ən maraqlı hissəsi Rusiya haqqında deyil. Ən maraqlısı, mətn müəlliflərinin şikayət etdiyi “Qərbsizlik”dir.

Qərb anlayışının özü iki yerə bölünür. “Sağçı xristian populistlər” üçün Qərb dini, mədəni və milli ənənələrin cəmidir. “Liberallar” üçün isə Qərb liberal demokratiya prinsiplərinə sadiqliyi bildirir. 

Sağçı populistlər hesab edirlər ki, Qərbi başqa millətlərdən, başqa dinlərdən olan və köklü şəkildə fərqli mədəniyyəti təmsil edən gəlmələr məhv edirlər. Onları Qərbə “insan tullantısı” hesabına zənginləşən liberal elita idxal edir. Liberallar isə, əksinə, Qərbin məhz sağçı populistlər tərəfindən məhv edildiyinə inanırlar. Onların fikrincə, sağçı populistlər Qərbi vəhşi, qeyri-liberal, ksenofob və cəhalətpərəst bir yerə çevirmək istəyirlər. Əlbəttə ki, Putinin Rusiyası da əlindən gələni edir – amma yenə də Qərbin daxilində “tərəfdaşları” olmasaydı Rusiya bir şey əldə edə bilməzdi.

Qeyd etmək istərdim ki, hər iki tərəf əlbəttə haqlıdır. O mənada ki, Qərb sivilizasiya və siyasi varlıq kimi xristian milli mədəniyyətlərinin bir toplusudur. O, özü əsrlər boyu problemləri həll etməyin və dünyanı dəyişdirməyin yollarını kəşf edib.

Ancaq Qərb əlbəttə ki, elitaların əksəriyyəti tərəfindən paylaşılan və bu elitalara on illərlə etibarlı xidmət edən liberal ideologiyadır.

İndi isə Qərbin bu iki tərkib hissəsi üz-üzə gəlib. Çünki fərdi ön plana çəkən liberalizm dini, adət-ənənəni, eləcə də (çoxluğun iradəsi ilə fərdləri sıxışdıran) demokratiyanı boğmağa çalışmaya bilməz. Ənənə və demokratiya isə azlıqlara siyasi imtiyazları paylayan liberalizmi boğmaqdan başqa bir şey edə bilməz.

Ancaq burada təəccüblənməli məqam odur ki, tərəflərdən heç biri digərinə nəzər salıb etiraf etmək istəmir ki, “bəli, bu da bizimkidir, bu da Qərbdir.” Əksinə, getdikcə onlar bir-birlərini parçalamağa daha da çox çalışırlar. Hərçənd ki, bu onları yalnız zəiflədir.

22
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Liberal həmfikirlik demokratik totalitarizm uğrunda mübarizə kimə lazımdır?

5
(Yenilənib 17:31 24.09.2020)
Avropanın hansı ölkəsini istəyirsən seç, orada mütləq şəkildə "rusiyapərəst" mövqenin sistemdənkənar KİV və sosial şəbəkələrdə populyar olmasına dair müzakirəyə rast gələcəksən

BAKI, 24 sentyabr — Sputnik, Vladimir Kornilov. Qərb tərəfindən artıq de-fakto elan olunan soyuq müharibə tamamilə yeni fazaya daxil olur. Rusiya əleyhinə ritorikadan sonra rəsmi ideologiyaya uyğun olmayan fərqli düşünənlərin də təqib olunmasına dair çağırışlar eşidilir. Vəziyyətin inkişafını izləyərkən məlum olur ki, biz artıq bütün bu anti-Rusiya əleyhinə hücum və sanksiyaların əsas hədəfi deyilik.

Avropa Parlamentinin Rusiya və Rusiya siyasəti ilə bağlı son qətnamələrinin nə qədər sərt olduğu görünür. Yeri gəlmişkən, onlarda hətta Rusiyanın Konstitusiyasını dəyişməyə dair tələb də yer alıb. Lakin həmin qurumun tribunasından Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çıxış edir və o öz çıxışında Rusiyanın adını cəmi bir dəfə çəkir. Lakin necə! O, "Rusiya ilə daha sıx münasibətlərin lehinə olanları" təhdid edir. Yəni bu müraciət daha çox Moskvaya deyil, Avropa Birliyi daxilində xarici siyasətdə daha sağlam bir Brüssel yanaşmasına ümid etməyə cəsarət edən dövlətlərə və xüsusilə siyasi qruplaradır. Almaniyanın sabiq müdafiə naziri bununla da Avropa müxalifətinə xəbərdarlıq edir: "Biz sizin arxanızca gəlirik".

Qeyd etmək lazımdır ki, Qərb mətbuatı da bu geniş "padşah" nitqində Rusiya haqqında qısa xatırlatmanı əsas mesaj olaraq qeyd edir və onu ilk səhifələrə çıxardır: "Avropa İttifaqının lideri Rusiya ilə əlaqələrə qarşı xəbərdarlıq edir". Yəni bu tezis daha geniş ictimaiyyətə çatdırılmalı və elə bu mətbuatın özü tərəfindən müntəzəm olaraq "Kremlin faydalı axmaqları" yarlıqları asılan bütün şəxslər tərəfindən eşidilməlidir.

Heç bir şübhə yoxdur ki, daxili müxalifətə qarşı münasibətin sərtləşməsi – bəzi avropalı siyasətçilərin əmin etdiyi kimi "Berlin pasiyenti" ətrafında qalmaqala reaksiya deyil. Yəqin ki, bu daha çox Rusiyanın Berlindəki səfirliyinin divarları önündə "Putin! Putin!" şüarlarına cavabdır. Bu həm də həqiqət sözünü eşitmək qorxusudur, hansı ki Almaniyanın özündə daha çox böyük hörmətlə istifadə olunur.

Bu "problem" barədə bu günlərdə Almaniyanın "Süddeutsche Zeitung" qəzeti birbaşa danışıb. Sözbəsöz sitat gətiririk: "Navalnının zəhərlənməsinin xeyli mübahisələr yaratdığı Almaniyada Rusiya dövlət KİV-inin təsiri böyükdür. Dövlət televiziyasının alman dilli bölməsi "RT Deutsch"un məqaləsi inanılmaz dərəcədə populyardır: ЕСВС-nin (Xarici əlaqələr üzrə Avropa Xidməti – red.) məlumatına görə, onlar hazırda Almaniyanın sosial şəbəkələrində sitat gətirilməyə görə ikinci yerdədirlər".

"Süddeutsche Zeitung" müəllifləri bunun niyə baş verməsi, həmçinin niyə son illərdə Almaniya qəzetlərinin populyarlığının aşağı düşməsi barədə düşünmək vəziyyətində deyillər. Onların fikrincə, Rusiya KİV-inin Avropada əsas məqsədi – Avropa cəmiyyətinin nizamlı cərgələrinə "şübhələr daxil etməkdir". Maraqlıdır ki, nə vaxtdan qərb jurnalistləri şübhələrin mövcudluğunda nəsə pis və dəhşətli bir şey olduğunu düşünürlər? Guya demokratik Avropa həmişə (ən azından sözdə) totalitarizm və rəsmi həmfikirliliyi tənqid edirdi. İndi isə qərb jurnalistləri və siyasətçiləri həmvətənlərinin "zəhərləmələr" və "müdaxilələr" haqqında xəbərlərdə hər hansı bir məna axtarmağa cəhd edərək, tənqid olmadan yalnız yuxarıdan eşidilən "vahid düzgün" versiyanı retranslyasiya edən yerli qəzetlər və xəbər kanallarına sağlam alternativ axtarmalarına gerçəkdən təəccüblənirlər.

Bu təkcə Almaniyaya aid deyil. Avropanın hansı ölkəsini istəyirsən seç, orada mütləq şəkildə "rusiyapərəst" mövqenin sistemdənkənar KİV və sosial şəbəkələrdə populyar olmasına dair müzakirəyə rast gələcəksən. Məsələn, çexiyalı ekspert Yan Şir bunu jurnalistlərin "hazırlıqlı olmamaları" ilə bağlayıb. Onları sadəcə "düzgün istiqamətləndirmək" lazımdır: məsələn, onları Donbasdakı üsyançıları "separatçılar" yox, "Rusiya ordusu" adlandırmağa məcbur et və dərhal da lazımı nəticəni alacaqsan. Bu illər ərzində heç kimin Donbasda rus ordusunu tapmaması kimin vecinədir? Əsas məsələ oxuculara şübhə və ikili şərhlərə yol verməyən, "bulanıq olmayan" bir mənzərə tətbiq etməkdir. Şirin fikrincə, bunun üçünsə Çexiya televiziyalarına yalnız Rusiya rejiminin Navalnını zəhərləməkdə maraqlı olduğunu və bunu "Noviçok"un köməyilə etmələrinə şübhə belə etməyən (necə də dəhşətlidir!) "düzgün" ekspertləri çağırmaq lazımdır.

Doğrudanmı Şir və onun kimi ekspertlər bütün qəzetlərdə istisnasız olaraq rus "işğalçıları" və ya "zəhərləyən Putin" haqqında məlumat tapan hər hansı bir sağlam düşüncəli insanın gec-tez bu sensasiyalı "faktların" təsdiqini axtarmağa çalışacağını bilmirlərmi? Və ya qəzetlərdə bu barədə heç bir şey tapmayacaqları təqdirdə alternativ mənbələrə müraciət etməyəcəklər? Əslində məhz bununla da Rusiya KİV-inin Avropada daha populyarlaşması izah olunur. Onlar ən azından bu və ya digər problemlə müxtəlif tərəflərdən baxmağa və öz seçimini etməyə imkan verir. Rusiya ilə mübarizədə və Avropa daxilində müxtəlif fikirli insanların təmizlənməsində israrlı olan Qərb ekspertləri isə bundan qorxurlar.

Belə düşkünlüyə daha yeni nümunə - bu həftə İtaliyanın bir sıra regionlarında baş tutan seçkilərdir. "Qırmızıların" ənənəvi olaraq qalib gəldiyi Toskana vilayətində sağçılara meylli olan müxalif "Liqa"nın qələbə perspektivindən qorxan nüfuzlu KİV yenidən anti-Rusiya kartını işığa çıxarıb. Əsas "sübut" isə "Liqa" ilə nə vaxtsa bağlılığı olan elektrik şirkətinin hansısa sahibinin rus həyat yoldaşı var və... o, arvadı üçün Rusiyaya pul köçürməsi edib. Özü də əksinə yox. Lakin oxucunu istənilən halda müxalifətin Kremllə əlaqələrinin olmasına inandırmaq lazımdır – bunun məntiqli olub-olmaması əhəmiyyətli deyil.

"Liqa"nın lideri Salvininin bütün bu illər ərzində heç kimin onda nə "rubl, nə də matryoşka" tapa bilməməsinə dair bəyanatı isə İtaliyanın liberal KİV və Brüssel siyasətçilərini tamamilə maraqlandırmır. Bu spekulyasiyalardan istifadə edən Avropa liberallarının əsas ideoloq və aparıcı ruporlarından biri Qi Verxofstadt Avropa Parlamentinin zalında Salvinini "Putindən pul almaqda" günahlandırır. "Şəxsən mən bizi öyrətmək istəyən bu insanların Avropa İttifaqının dağıdılması üçün pul almaları faktını skandal hesab edirəm", - deyə Belçikanın sabiq Baş naziri bildirib.

Əslində daxili müxalifətə qarşı "ittihamların" mahiyyəti budur – onun həqiqətən rusiyayönümlü olub-olmaması, Moskva ilə əlaqəsi olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur, onun ağzını bağlayasan. Əgər sənin rəqibinin üzünə onun tərəfdarlarından birinin rus həyat yoldaşının olması və ya rəfində matryoşkanın olmasını desəniz, o buna nə cavab verə bilər? Bu metod bir sıra Avropa ölkələrində çoxdan sınaqdan keçirilib.

Avropanın yeni "dəmir qadını" Ursula fon der Lyayenin dilindən rəqiblərin ünvanına səslənən açıq təhdidlərin də mənası budur. Soyuq müharibə "ifritələrə qarşı ov" olmadan mümkün deyil. Avropa bu müharibə zamanı əsir götürmək niyyətində deyil və "beşinci kolon" elan edəcəyinin hamısını silməklə hədələyir. Bu yalnız başlanğıcdır.

5
Göl kənarında qadın, arxiv şəkli

Milli turizmin qışı: Xəzər adalarına səyahət, tənbəl turistlər yeyib-içmək

1401
(Yenilənib 20:23 23.09.2020)
Heç bilirsiz qışda bizim adalar necə olur? Ekspertlər milli turizmin çatışmayan cəhətlərini sadaladılar, iş pandemiyadan sonraya qaldı.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Yay mövsümü başa çatıb və pandemiya ilə əlaqədar olaraq yay turizmi demək olar ki, ölkəyə gəlir gətirməyib. İndi turizmçilər ümidlərini payız-qış mövsümünə bağlamağa başlayıblar: əgər ölkədə COVID-19-la bağlı durum sabit olsa, daxili turizm müəyyən qədər inkişaf edə və gəlir gətirə bilər.

Amma burada da məsələlərə kreativ yanaşma tələb olunur. Məsələn, payız-qış mövsümlərində daxili turizmin qolu kimi sağlamlıq turizminin inkişafını nəzərdən keçirmək olar. Bəs mütəxəssislər bu barədə nə düşünür?

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sektorunun fəaliyyəti yenidən bərpa olunarsa belə, hər şey əvvəlki kimi olmayacaq: "Yay mövsümü başa çatır, amma bizim əsas hədəflərimiz yalnız bir mövsümlük deyil, 365 günlük turizmdir. Yəni, ilin hər bir zamanında turizm inkişaf etdirilməlidir". 

Həmsöhbətimiz deyir ki, Azərbaycanda sağlamlıq turizminin yaradılmasına ehtiyac var:

"Biz bununla bağlı təkliflər də hazırlamışıq. Bu zaman ənənəvi məkanları - Qalaaltı, Naftalan, Duzdağı, Abşeron yarımadasının sağlamlıq turizm məkanlarını unutmamışıq. Hədəfimiz digər məkanlarda da yeni sağlamlıq turizm məkanlarının yaradılmasıdır. Bu gün bununla bağlı təşviq siyasəti və investisiyaların qoyulması çox zəruridir". 

Turizm üzrə ekspert Çingiz İsmayılov qış turizminin inkişafı üçün perspektivlərdən danışarkən deyib ki, pandemiya şəraiti yumşalmır, əskinə daha da kəskinləşir. Gürcüstanda rəqəmlər artmaqdadır, Rusiyada da COVID-19-la bağlı rəqəmlər artır. İndiki dönəmdə Azərbaycana xarici turistin gəlmə ehtimalı çox azdır, hətta yoxdur. Bu səbəbdən də ilin sonunadək Azərbaycanda xarici turist artımından söhbət belə gedə bilməz.

Daxili turizmə gəldikdə isə mütəxəssis hesab edir ki, indiki şəraitdə Azərbaycanda onlayn tədris başlayıb və valideynlər uşaqları ilə birgə bu dərslərə qoşulurlar. Yəni, artıq onların bölgələrə üz tutmaq imkanı azalıb. Bu səbəbdən də daxili turizmlə bağlı sevindirici bir şey demək mümkün deyil.

"Sevindirici hal odur ki, Gürcüstandan fərqli olaraq, bizdə turizm Ümumi Daxili Məhsulun formalaşamasında önəmli yer tutmur. Gürcüstanda bu rəqəm 30-40 faizdirsə, bizdə heç 10 faiz də təşkil etmir. Bizdə real sektor əsasən istehsal sahəsidir. Burada əhalinin məşğulluğu da ümumi məşğulluğun xüsusi çəkisində o qədər də çox deyil ki, deyək kütləvi işsizlik yaransın. Bu səbəbdən də turizmin tənəzzülü Gürcüstan, İspaniya, Türkiyə, Yunanıstan kimi ölkələrə daha böyük zərbə vuracaq, nəinki bizə", - deyə ekspert bildirib.

Turizm sektorunun tənəzzüldən çıxışı da uzun zaman alacaq deyən İsmayılov, qış turizmi ilə bağlı mövcud problemlərdən danışıb:

"Azərbaycanda qış turizmi zəif inkişaf etmiş sahədir. Ümumiyyətlə, qış turizmindən başı çıxan mütəxəssislərimiz də çox azdır. Lakin indi imkan varkən gələcək haqda da düşünmək olar. Çünki qış turizminin müxtəlif qolları var və bunun üçün struktur hazırlanmalıdır. Öncə bu sahə ilə bağlı mütəxəssislər yetişdirilməlidir. Yay turizmi ilə müqayisədə qış turizmində vəziyyət dramatikdir. Bununla bağlı proqram da tərtib olunmalıdır".

Vaxtilə qış turizmi ilə bağlı ideyalarının olduğunu vurğulayan İsmayılov, onların həyata keçmədiyini deyib: "Turizm, eləcə də daxili turizm dedikdə biz yeyib-yatmağı nəzərdə tutmuşuq. Əksəriyyət istəyir ki, yeyib-yatsın, sahilə, dənizə, dağa baxsın. Yəni, yerli turistlərimiz fəal deyil. Halbuki həm yayda, həm də qışda turizmin bir qolu olaraq gəzinti təşkil etmək olar. Xəzər dənizində qış adasını görmüsüz? Heç kəsin təsəvvürü yoxdur ki, qışda bizim adalar necə olur. Qışda adalara turlar təşkil etmək olar. İdeyalar çoxdur, sadəcə olaraq, mütəxəssislər və bu istiqamətdə təbliğat olmalıdır".

 Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi mövcud durumu şərh edərək payız və qış mövsümlərində turizmdən gəlir əldə etməyin yollarını açıqlayıb: "Hələlik fərqlənmə inşanı olmayan nəqliyyatların şəhərlərarası fəaliyyətində məhdudiyyətlər qalır. Bundan başqa, şəhərlərarası ictimai nəqliyyatlar, qatarlar hələ də işləmir.  Məncə, müəyyən qaydalara əməl etməklə bu nəqliyyatların da fəaliyyətini bərpa etmək olar. Çünki bu gün yalnız şəxsi, yaxud da tanış birinin avtomobili ilə bölgələrə üz tutmaq mümkündür".

Sağlamlıq turizmi ilə bağlı mövcud problemə toxunan həmsöhbətimiz təkliflərini də açıqlayıb: "Naftalan nefti əsasında xidmət göstərən şirkətlərdə bəzi işlər düzgün yerinə yetirilmir. Müalicə almaq istəyən şəxs hansısa regiona üz tutanda, ona dolğun əyləncə proqramı təklif olunmalıdır. Bu cür proqramlar turistlərin yaşından, maraqlarından asılı olaraq da dəyişə bilər. Bu gün bizim hər bir regionun özünəməxsusluğu var. Bunlardan istifadə edərək dolğun turlar yaratmaq olar".

Dübəndi buna misal olaraq, Lənkəran, Naftalan, Naxçıvanı göstərib. Qeyd edib ki, Naxçıvanda "Duz dağı" var. Burada da müxtəlif xəstəliklərdən müalicə olunmaq mümkündür. Odur ki, turları daha da təkmilləşdirmək olar. Ora dərketmə və əyləncə proqramlarını da daxil etmək mümkündür.

"Bizdə müalicəvi otlardan tutmuş termal sularadək, sağlmalıq turizmini inkişaf etdirmək üçün imkanlarımız var. Palçıq vulkanlarımız daha çox seyr üçün nəzərdə tutulur, müalicə məqsədi ilə istifadə edilmir. Abşerondakı duzlu göllərdə isə yüngülvari olaraq müəyyən xidmətlər göstərilir. Lakin ciddi təşkil olunmuş xidmət və servis yoxdur. Biznes sektoru üçün də bu sahələr maraqlı olmalıdır. Yerli və xarici investorlarda müalicə turizminə maraq yaradılmalıdır", - deyən Dübəndi əlavə edib ki, bizim təbii sularımızın keyfiyyəti heç də dünyaca məşhur təbii su brendlərindən geridə qalmır. Arı və balla terapiyanı da genişləndirmək mümkündür. O, əlavə edib ki, sağlamlıq turizmi üçün bir xəritənin yaradılmasına da ehtiyac var.

1401
Teqlər:
turist
Əlaqədar
Ekspert: “Yumşalma tədbirləri turizm mövsümünü uzada bilər”
Təklif çox, müştəri az, qiymətlər enib - turizm cənnətində kirayə bazarı dad deyir
Kurort və turizm mərkəzi Naftalanda daha bir unikal abidə tapılıb
“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"
Döşəmədə kişi meyiti, arxiv şəkli

Məşhur prokurorun qaynını yaşadığı evdə qətlə yetiriblər

0
(Yenilənib 19:09 24.09.2020)
Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı yaşadığı evdə - Bakının Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qətlə yetirilib.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın paytaxtında növbəti qanlı cinayət baş verib.

Sputnik Azərbaycan-a Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

0