Paşinyan

Ermənistan siyasətində qarışıqlıq: Paşinyan Qarabağla bağlı şərtlərindən geri çəkilir

2674
(Yenilənib 18:25 19.06.2019)
Nikol Paşinyanın anti-Rusiya ritorikasına baxmayaraq, ölkənin siyasi və iqtisadi gücü məhz Moskva ilə əməkdaşlıqda maraqlı olan insanların əlində cəmləşib

Ermənistanda Nikol Paşinyan iqtidarı ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında ziddiyyətlər kulminasiya nöqtəsinə çatıb. Vəziyyət o həddədir ki, Paşinyan qondarma rejimə maliyyə yardımı ayırmağı da dayandırıb. Erməni mətbuatının yazdığına görə, Yerevan qondarma rejimin maliyyə yardımı barədə xahişlərini rədd edib. Baş Nazir Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma "prezident" Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməsini istəsə də, keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib. Balasanyan "DQR prezidenti" postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.

Yerevan hökuməti ilə separatçılar arasındakı qarşıdurma uzun zamandır, müzakirə olunur. Maliyyənin kəsilməsi də ciddi təzyiq olaraq dəyərləndirilir. İndi hər kəs bunu düşünür - Paşinyan qondarma rejimin rəhbərliyini dəyişməyə, separatçıları ələ almağa nail olacaqmı? Ən əsası isə bu proseslər Dağlıq Qarabağ münaqişəsinə təsir göstərəcəkmi?

Vurğulayaq ki, Nikol Paşinyanın anti-Rusiya ritorikasına baxmayaraq, ölkənin siyasi və iqtisadi gücü məhz Moskva ilə əməkdaşlıqda maraqlı olan insanların əlində cəmləşib. Ermənistanda baş verən etiraz aksiyaları nəticəsində Serj Sarqsyan hakimiyyətinə son qoyulması, müxalif deputat Nikol Paşinyanın hakimiyyətə gəlməsi Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv dialoq mühitinin yaranacağına az da olsa ümid yaratmışdı. Çünki uzun illərdir hakimiyyəti əlində saxlayıb işğalçı siyasət həyata keçirən "Qarabağ klanı"nı devirən Paşinyan bəyan etdiyi kimi, ölkəni sosial-iqtisadi problemlər girdabında boğulmaqdan xilas etmək üçün tamam fərqli siyasət həyata keçirməliydi. Bu mənada, işğal faktına görə Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid edən Azərbaycanla əlaqələrin bərpası düşmən ölkə rəhbərinə verdiyi vədləri yerinə yetirməyə imkan tanıya bilərdi. Bu, N.Paşinyanın erməni xalqı qarşısında etibarını itirməməsi üçün yeganə şansı idi.

Əvəzində ağır sosial-iqtisadi və siyasi böhran vəziyyətindən hələ də çıxa bilməyən Ermənistanın Baş Naziri Nikol Paşinyan əsas rəqiblərindən canını qurtarmağa çalışdı. O, işğalçı ölkənin sabiq prezidenti Robert Koçaryanı həbs etdikdən sonra diqqətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş Katibi, erməni generalı Yuri Xaçaturovun üzərində çəmləşdirmişdi. Növbədə devirdiyi Serj Sarqsyanı da oxşar taleyin gözlədiyi heç kimdə şübhə doğurmurdu. Lakin Kreml rəhbərliyinin barəsində cinayət işi qaldırılan generalın həbsinə yaşıl işıq yandırmaması Paşinyanın planlarına mane oldu. Ancaq düşmən ölkənin Baş Naziri KTMT-də Y.Xaçaturovun əvəzinə keçmiş Müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə Qarabağ klanının aparıcı üzvlərini sıradan çıxararaq qarşısındakı bütün əngəlləri aradan qaldırmaqda israrlı olduğunu nümayiş etdirdi. Bu məqsədlə hətta o, Qazaxıstanın o zamankı Prezidenti Nursultan Nazarbayevə də müraciət etməli oldu.

Qazaxıstan prezidentinə telefon zəngində N.Paşinyanın əsas məqsədi KTMT müstəvisində atmaq istədiyi addımlara dəstək qazanmaq olsa da, Rusiya amili onun bütün planlarını alt-üst etdi. Nəticədə, Ermənistanın Baş Naziri həbsə göndərdiyi sabiq prezident Robert Koçaryanın məhkəmə qərarı ilə azadlığa buraxılmasına mane ola bilmədi. Bu mənada, Qarabağ problemi ilə bağlı istənilən səviyyədə həyata keçiriləcək yumşaq diplomatiyanın N.Paşinyanı xalqa qarşı çevirmək üçün "Qarabağ klanı"nın əlində fürsət, bəhanə yaradacağını nəzərə alsaq, onun əsas rəqibləri - Koçaryan-Sarqsyan cütlüyünün yenə də problemin həllində sədd funksiyasını icra edəcəkləri şübhə doğurmur.

Təsadüfi deyil ki, N.Paşinyan son çıxışlarının birində Azərbaycanla Dağlıq Qarabağ danışıqlarına hazır olduğunu bəyan edib. O, bununla əvvəlki fikirlərindən, yəni danışıqlarda qondarma rejimin də iştirak etməsilə bağlı şərtindən geri çəkildiyini göstərməyə çalışıb və prosesin bərpasının müəyyən vaxt tələb etdiyini deyib. Ancaq Ermənistana kənar qüvvələrin böyük təsirinin mövcud olduğu hazırkı şəraitdə danışıqların hansı istiqamətdə inkişaf edəcəyi ciddi sual doğurur. Bu mənada, son günlər Ermənistanın paytaxtında sözdə "böyük Ermənistan" iddiaları ilə bağlı saxta təbliğat materiallarının yenidən gündəmə gətirilməsi buna bariz nümunədir. Ermənistan regionda işğalçı dövlətdir və bu işğalçılıq siyasəti regionun iqtisadi və geosiyasi bütövlüyünü pozub. Bu baxımdan, istər Qarabağ klanı, istərsə də Paşinyan komandası region üçün təhlükə mənbəyi olaraq qalır.

2674
Peyvənd

Vaksin qədər təhlükəlidir: ABŞ cavab tələb edir

15
Qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq.

BAKI, 29 sentyabr — Sputnik, İrina Alksnis. "AstraZeneca" farmakologiya şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı eyni adlı peyvəndin problemləri yeni mərhələyə qədəm qoyub.

ABŞ bir neçə həftə əvvəl dondurulmuş sınaqları bərpa edib. Lakin Amerikanın aparıcı KİV-ləri preparatın təhlükəsizliyi ilə bağlı getdikcə daha çox sual səsləndirirlər. CNN telekanalı başqalarından daha yüksək səslə çıxış edib.

Məlum olduğu kimi, "AstraZeneca"nın klinik sınaqları iki dəfə – iyul və sentyabr aylarında dayandırılıb: iki könüllüdə nevroloji mənşəli qeyri-adi simptomlar özünü göstərib. Hər iki halın sonradan vurulmuş vaksinlə əlaqəli olmadığı təsdiqlənib və Böyük Britaniya da daxil olmaqla, əksər ölkələrdə sınaqlar davam edib.

Lakin amerikalı alimlər və ABŞ-ın səhiyyə sisteminin mütəxəssisləri daha çox narahatlıq keçiriblər və yan təsirlərlə bağlı hesabatlarda ciddi fərqlər aşkar ediblər.

"AstraZeneca"nın iyul insidenti əvvəl aşkar edilməmiş skleroz ilə izah edilib. Lakin Oksford Universitetinin saytında bu, "açıqlanmayan nevroloji simptom" kimi təsvir olunub.

Sentyabrda baş vermiş ikinci insident ilə bağlı şirkət könüllü qadında "anlaşılmaz xəstəlik" yarandığını deyib. Yalnız daxili sənədlərdə bu vəziyyət "köndələn mielit" (nadir nevroloji xəstəlik) kimi göstərilir.

Nəticədə, amerikalılar indi belə fikir ayrılığının səbəbləri ilə bağlı tamamilə məntiqli suallar verirlər. "AstraZeneca" onsuz da peyvənd üzərində işinin şəffaflığına dair ciddi iddialarla üzləşib və ortaya çıxmış ziddiyyətlər yalnız əlavə olaraq preparata və onun təhlükəsizliyinə olan inamı pozur.

Sınaq iştirakçılarının sağlamlığında yaranmış problemlərin ümumi xarakteri xüsusi bir mövzu olaraq qalır. Amerikalı professor-immunoloqlardan biri bu məsələ ilə bağlı açıq şəkildə deyib: hər iki xəstəliyin nevroloji təbiətinin olması "şoka salır".

Bəlkə də "AstraZeneca"nın sadəcə bəxti gətirməyib və söhbət həqiqətən də vaksin ilə heç bir əlaqəsi olmayan uğursuz təsadüflərdən gedir. Amma sağlam düşüncə ən azından bu məqamı aydınlaşdırmağı tələb edir. Burada Amerikanın sınaqları dondurmuş məsul xidmətlərini tərifləmək lazımdır.

Onların avropalı həmkarlarının mövqeyi isə daha çox təəccüb doğurur. Onlar bütün bu qəribəlikləri görməməyə üstünlük veriblər və testləri davam etdiriblər.

Hərçənd Avropa İttifaqı (Aİ) hökumətlərinin və şirkətin özünün bu cür sürüşkən mövzu ilə bağlı rahatlığı böyük xoşagəlməz hallara səbəb ola bilər (əgər vaksin həqiqətən də təhlükəlidirsə).

Bu günlərdə "Reuters" agentliyi Aİ-nin rəsmi nümayəndəsinə istinadən xəbər verib ki, "AstraZeneca" Avropa İttifaqı ilə vaksin sövdələşməsi çərçivəsində qismən toxunulmazlıq qazanıb. Razılaşma avqustda bağlanıb, lakin onun bəzi incə detalları yalnız indi elan edilib.

Məsələ ondadır ki, əczaçılıq şirkəti preparatı Aİ-yə aşağı qiymətə tədarük edəcək və əvəzində onun tətbiqinin yan təsirlərinə görə maliyyə məsuliyyəti daşımayacaq. Sazişin dəqiq miqyası açıqlanmır, lakin Avropanın "AstraZeneca"ya hər doza üçün 2,5 avro ödəyəcəyi məlumdur.

"GlaxoSmithKline" konserni ilə birlikdə öz preparatını hazırlayan Fransanın "Sanofi" şirkəti isə preparatın hər dozasını Avropaya 10 avroya satır.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Yeri gəlmişkən, hər iki şirkət artıq Aİ-dən avans ödənişləri alıb. "AstraZeneca"nın 400 milyon dozanı təmin etməsi üçün ödəniş 336 milyon avro təşkil edib. "Sanofi"də bu rəqəm 324 milyon avro olub (300 milyon doza üçün).

Beləliklə, əgər qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq. Zərərçəkənlərə kompensasiyaları milli hökumətlər, daha dəqiqi, müvafiq ölkələrin vergi ödəyiciləri verəcəklər.

Həmçinin, Avropa isteblişmentinin bu qədər fərqli yanaşmaları olan iki vaksin ("AstraZeneca" və "Sanofi") üzərində dayanması maraq oyatmaya bilməz. Aİ-nin hansı dövlətlərinin hansı preparatı alacağını, həmçinin onların öz daxilində rayonların rifahı və orada yaşayan insanların ictimai vəziyyətinə görə preparatları necə bölüşdürəcəyini görmək maraqlı olacaq.

15
Teqlər:
ABŞ, AstraZeneca, vaksin, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Belə insanlar koronavirusa az yoluxurlar
Cizgi filmi qəhrəmanları uşaqları koronavirusdan qorumaq əvəzinə...
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

19
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

19
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

"Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - Türk məşhurlardan dəstək

0
(Yenilənib 23:46 29.09.2020)
Azərbaycan-Ermənistan təmas xəttində bir neçə gündür gedən döyüşlərə Türkiyənin məşhur ulduzları da laqeyd qalmayıblar

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkirlər, infrastruktur məhv edilir. Bir neçə gündür ki, davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər. Sputnik Azərbaycan xəbər verir ki, onlar şəhidlərimizə rəhmət diləyib, Azərbaycana dəstək olduqlarını vurğulayıblar.

View this post on Instagram

A post shared by SERENSERENGİLTV (@serenserengil) on

Aktyor Oktay Kaynarca paylaşımında "Türkiyə daim Azərbaycanın yanındadır" sözlərini yazıb.

Aktrisa Tuvana Türkay isə paylaşımını "Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm" sözləri ilə tamamlayıb.

View this post on Instagram

A post shared by 🇹🇷 Mustafa Ceceli (@mustafaceceli) on

Müğənni Ebru Yaşar "Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq" sözlərini qeyd edib.

Müğənni Mustafa Ceceli isə "Vaxtı gəldi, Allah zəfər nəsib etsin" sözləri ilə dəstək olub.

View this post on Instagram

A post shared by Serdar Ortaç (@serdarsortac) on

Aparıcı Seren Serengil "Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin", - deyə o yazıb.

View this post on Instagram

A post shared by Alişan (@alisanofficial) on

Seda Sayan Mustafa Kamal Atatürkün məşhur "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamını paylaşıb.

Müğənni Alişan "Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün" deyə vurğulayıb. Bundan başqa, müğənni bu gün öz səhifəsində azərbaycanlı müğənni Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını paylaşıb.

0
Teqlər:
Bir millət, iki dövlət, dəstək, məşhurlar, Türkiyә, Azərbaycan, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Sami Yusuf Azərbaycan Ordusuna dəstək verib
Bakı bayrağımızın rənglərinə boyandı - FOTO
Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana və ordumuza dəstək gəldi
Hacı Zeynalabdin Tağıyevin nəvəsindən Azərbaycana dəstək
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib