Üzümçülük təsərrüfatı, arxiv şəkli

"Kənd təsərrüfatına ünvanlı investisiyalar qoyulmalıdır"

4667
(Yenilənib 16:45 19.02.2019)
Elşad Məmmədov: "Biotexnologiyalara, gen mühəndisliyinə yönəlik sahələrə qabaqlayıcı və prioritet qaydada investisiyalar yatırmalıyıq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. "Ölkəmizdə yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var, bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki meyvə və tərəvəz istehsalı artır. Biz bunu daha çox meyvə-tərəvəz kimi ixrac edirik. Ancaq xarici bazarlarda emal olunmuş məhsullara da böyük tələbat var".

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda deyib. Dövlət başçısının fikirlərinə Sputnik Azərbaycan-a açıqlamasında münasibət bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov sözügedən məsələnin çox mühüm olduğunu deyib.

"Çünki Azərbaycanda kənd təsərrüfatının inkişafına çox ciddi qayğı göstərilir və dövlət tərəfindən bu qayğı ildən-ilə artır. Faktiki göstəricilərdə də qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında artım müşahidə edilməkdədir. Burada əsas problem həm istehsal, həm də ixrac nöqteyi-nəzərdən daha çox xammal təşkil etməsindədir. Bu, çox ciddi problemdir. Bütövlükdə qeyri-neft sektorunda ixrac ilə bağlı da göstəricilər müsbətə doğru gedir, amma strukturdakı göstəricilər bizi qane edə bilməz" - iqtisadçı bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatında pomidor ixracı önəmli mövqedədir: "Amma bunun özü də xammal ixracı deməkdir. Faktiki olaraq özümüzü aldatmamalıyıq. Yəni biz yüksək texnoloji tutumlu, yüksək əlavə dəyərə malik olan bir məhsul ixrac etmirik. Biz yenə də xammal ixrac edirik. Bu, bizi bir xammal ixracı seqmentindən digər xammal ixracı seqmentinə sala bilər. Ümumilikdə, bu, faktiki olaraq iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına xidmət etmir. Ona görə də biz mütləq şəkildə istehsalı artırdıqca yüksək texnoloji tutumlu istehsalı artırmalıyıq. Bunun üçün, əslində, bütün imkanlar var".

E.Məmmədovun fikrincə, burada əsas problem pul-kredit siyasəti ilə bağlıdır: "Ölkəmizdə investisiyanın xüsusi çəkisinin və ÜDM-ə nisbətinin artırılmasına ehtiyac var. Digər tərəfdən, investisiyaların strukturunda ciddi dəyişikliklərə ehtiyac var. Düzgün investisiya siyasəti aparmalıyıq".

"Bu, ilk növbədə investisiya siyasətində həm həcmin artırılmasına, həm də prioritetlərin düzgün formalaşmasına doğru addımlar atmağımızı diktə edir. İnvestisiya axınlarını artırarkən ciddi nəzarətin həyata keçirilməsinə nail olmalıyıq ki, bu resurslar məhz real sektora və yüksək texnoloji sektora prioritet qaydada getsin" - professor vurğulayıb.

Prezident İlham Əliyev
© Official web-site of President of Azerbaijan Republic

Ekspert hesab edir ki, biotexnologiyalara, gen mühəndisliyinə yönəlik sahələrə qabaqlayıcı və prioritet qaydada investisiyalar yatırmalıyıq: "Bu, bizə çox yüksək rəqəmlərlə ifadə olunan iqtisadi artım verə bilər. Amma bununla yanaşı, digər sahələrdə texnologiyaların idxalına gedərək yüksək texnoloji tutumlu məhsulların da istehsalına və ixracına nail ola bilərik".

Onun qənaətincə, ümumiyyətlə, iqtisadiyyata, o cümlədən kənd təsərrüfatına ünvanlı investisiyalar qoyulmalıdır: "Burada söhbət məhsulların istehsalının xammal kimi deyil, daha yüksək texnoloji tutumlu bir formatda həyata keçirilməsindən gedir. Bunun üçün bütün şəraitimiz var".

"Etiraf etməliyik ki, bank sektorunda mövcud olan faiz dərəcələri ilə yüksək texnoloji tutumlu iqtisadiyyatın formalaşmasında ciddi əziyyət çəkə bilərik. Çünki real sektor və bu sektordakı proseslər uzunmüddətli və ucuz kreditlərin olmasını diktə edir. Təəssüf ki, bank və maliyyə sektorunda mövcud olan faizlər real sektorun, yüksək texnoloji tutumlu sahələrin inkişafına uyğun deyil" - Məmmədov əlavə edib.

4667
Teqlər:
Elşad Məmmədov, ekspert, investisiya, kənd təsərrüfatı, iqtisadiyyat
Əlaqədar
Ekspert Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını açıqladı
Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Fermerlərin diqqətinə: Kənd Təsərrüfatı Nazirliyindən böyük güzəşt