Manat və dollar

Manatın möhkəmlənməsi üçün fürsət meydana çıxıb

4007
(Yenilənib 17:02 31.01.2019)
"ABŞ dollarının mövqeyinin sabit qalması manatın məzənnəsinin qorunması istiqamətində hökumət üçün daha uyğun platforma formalaşdırmağa imkan verəcək"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Ötən gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinin 2.25-2.5 faiz dərəcəsində saxlayıb. İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında FED-in son qərarının dünya bazarlarına və Azərbaycana təsirini şərh edib.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Ekspert bildirib ki, FED-in belə bir qərar verəcəyi öncədən də proqnoz edilmişdi: "FED-in ötən ilin sonunda təşkil olunan toplantısında 2018-ci ilin sonunda cari illə bağlı müəyyən fikirlər səsləndirilmişdi. Bu fikirlərdə səbrli olmaq tövsiyə edilmişdi. Həmçinin, uçot dərəcəsinin artım tempinin nisbətən azaldılması istiqamətində də fikirlər səsləndirilmişdi".

R.Həsənovun sözlərinə görə FED-in uçot dərəcəsini artırmaması ilə bağlı müəyyən əsasları var: "Bunun əsas səbəblərindən biri ABŞ hökumətinin fəaliyyətini tam olaraq bərpa etməməsidir. ABŞ hökumətinin fəaliyyətini tam icra edə bilməməsi ilin birinci rübündə ümumi daxili məhsulun həcminə təsir göstərəcək".

"FED-in bu qərarına təsir edən digər faktorlardan biri isə inflyasiya üçün risklərin olması idi. Neftin qiyməti dünya bazarlarında aşağı düşüb. Ötən ilin son rübündə də bunu müşahidə etdik. Neftin qiymətinin düşməsi istehsal və istehlak qiymətləri indeksinə təsir göstərməklə inflyasiya səviyyəsini aşağı salır" - ekspert vurğulayıb.

Onun dediyinə görə, FED-in açıqlamasında, həmçinin qeyd olunub ki, bu gedişat bazar iştirakçıları tərəfindən uçot (faiz) dərəcəsinin artmaması kimi qiymətləndirilməməlidir: "FED əlindəki digər alətlərlə dövriyyədə emissiya edilmiş pul vəsaitlərinin müəyyən qisminin geri çəkilməsi, pul dövriyyəsinin məhdudlaşdırılması və s. kimi yollarla bazardakı sabitliyi təmin etməyə çalışmalıdır".

Federal Rezerv Sistemi
© AP Photo / Andrew Harnik

R.Həsənov qeyd edib ki, verilən son qərara qlobal bazarlar anındaca reksiya verib: "ABŞ dollarının məzənnəsi mərhələli şəkildə azalır. 4-5 ay ərzində 1 avronun 1 ABŞ dollarına olan nisbəti 1.15-dən yuxarı qalxmırdı. Artıq bu qərardan sonra avronun ABŞ dollarına nisbətdə məzənnəsində artım müşahidə olundu".

"İnkişaf etmiş ölkələrin valyutalarına qarşı da bənzər dinamika müşahidə edilir. Bu ölkələrin yerli valyutalarının məzənnəsində yüksəlmə müşahidə edilir. Buna misal olaraq Yaponiyanın milli pul vahidinin məzənnəsində olan artımı da göstərmək olar. Qonşu Türkiyənin milli valyutasında isə, mövqeyini möhkəmləndirmək istiqamətində dinamika müşahidə edilir. Düşünürəm ki, bu, sadəcə olaraq bazarın həyəcanından yaranmış, qısamüddətli dövr üçün olan reaksiyadır. Növbəti gündən etibarən artıq bazarda sabitləşmə gedəcək" – deyə iqtisadçı vurğulayıb.

Müsahibimizin qənaətincə, ABŞ dollarının məzənnəsində ciddi volatillik proqnozlaşdırılmır: "Hazırkı siyasət isə artım risklərinin müəyyən qədər neytrallaşmasına hədəflənib. Mövcud məzənnə hazırda iqtisadiyyat üçün pozitiv inkişaf vəd edir".

R.Həsənov son qərarın ölkəmizə təsirindən də söz açıb: "Son qərar digər ölkələrin milli valyutasına olduğu kimi Azərbaycana da eyni təsiri bağışlayacaq. Azərbaycan üçün bu vəziyyət uyğun hesab edilir. Çünki belə olan halda valyuta üzərində hər hansı təzyiq olmayacaq. Yəni ABŞ dollarının mövqeyinin sabit qalması, hətta cüzi qədər də azalması manatın məzənnəsinin qorunması istiqamətində hökumət üçün daha uyğun platforma formalaşdırmağa imkan verəcək".

4007
Əlaqədar
Rusiya dollara alternativ tapdı
Məşhur cütlüyün evi 41 milyon dollar təşkil edir
Ekspert: “Azərbaycan-Rusiya ticarət dövriyyəsi 10 milyard dollara çata bilər”
Milyon dollar dəyərində olan nadir avtomobillər satılır - FOTOLAR
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

9
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
BVF

BVF dünyanı xilas etməyin yolunu tapıb: Rusiyanı yoxsulluqla təhdid edir

57
(Yenilənib 23:48 19.10.2020)
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir

BAKI, 19 oktyabr — Sputnik. İvan Danilov. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir. BVF rəhbərlərinin sözlərindən belə çıxır ki, təşkilat epidemiyanın iqtisadi və humanitar sahədəki nəticələrinin aradan qaldırılması üçün dünyaya yardım etməyə çalışır. Əslində isə onların bu sözlərinin arxasında tamamilə başqa məqsədlər dayanır. İnkişaf etməkdə olan ölkələrdə nüfuzu xeyli aşağı düşmüş bu iri maliyyə təşkilatının liderləri öz insanpərvər niyyətlərinə yalnız dünyadan xəbərsiz sadəlövh adamları inandıra bilərlər. Çünki bu Vaşinqton mərkəzli quruma borclu olan dövlətlərdə sosial proqramların dayandırıldığı və "iqtisadi dirçəlişdə BVF-nin tələblərini yerinə yetirmək" adı altında dövlət təşkilatlarının qəpik-quruşa satışa çıxarıldığı artıq çoxlarına sirr deyil.

Amerikalı rəqiblərimizin haqqını yeməməliyik: G7-nin elit-neomüstəmləkə klubu xaricindəki ölkələrin BVF-də nəzarəti ələ keçirmək cəhdləri qərar qəbuletmə prosesində Çinin (və ya hətta Rusiyanın) təsirinin artırılması istiqamətində müəyyən irəliləyiş olmasına baxmayaraq, hələlik uğurla nəticələnməyib.

Ümulikdə isə inkişaf etməkdə olan ölkələrin baş kreditoru (əslində isə "Planetin baş Şeyloku") hələ də qətiyyən ədalətli olmayan "qloballaşma" versiyasının təbliğinə yönəlib.

Əgər COVID-19 pandemiyası başladığı vaxt Qərb mediası və mütəxəssisləri qloballaşmanın bu versiyasının gələcək taleyi üçün narahat olurdularsa, indi "qlobal Şeylok" daha bir Bretton Vuds konfransına (BVF – məhz 1944-cü ildə keçirilən bu konfransda təsis edilib) ehtiyac olduğunu bildirir. Başqa sözlə, mövcud qloballaşma sxemi epidemiyanın əsas qurbanına çevrilib və necə deyərlər, hələ onun meyiti soyumamış iri maliyyə qurumları başqa bır qloballaşma metoduna ehtiyac olduğunu dünyaya car çəkir.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva Andorranın Fonda üzv olması ilə üst-üstə düşən rəsmi müraciətində tarixi anın gəlib çatdığını bildirir:

"Andorranı 190-cı üzvümüz kimi qarşılayacağımız anı səbirsizliklə gözlədiyimiz vaxt BVF-nin gördüyü iş bəşəriyyətin qardaşlıq və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq və həmrəylik dəyərlərinin bir sübutudur. Bu gün biz yeni bir "Bretton Vuds anı" ilə qarşı-qarşıya qalmışıq. Pandemiya artıq bir milyondan çox insanın həyatına son qoyub. Bu il dünya iqtisadiyyatının 4,4 faiz geriləməsinə səbəb olan iqtisadi fəlakət gələn il bütün dünyada istehsalın 11 trilyon dollar azalması ilə nəticələnəcək. Və yenə bizim qarşımızda iki böyük məsələ dayanır: bu günün böhranı ilə mübarizə apararaq daha yaxşı gələcək qurmaq".

Baxın görün indi BVF nə təklif edir:

"Biz daha çox borc şəffaflığına və kreditorların koordinasiyasının yaxşılaşdırılmasına nail olmalıyıq. G20 ölkələrinin "Suveren Borcların Həlli üçün Ümumi Çərçivə" mövzusundakı müzakirələri və özəl sektor da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı quruluş çağırışları bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə biz onların siyasətini dəstəkləyirik".

Buradakı "borc şəffaflığı" ifadəsinin əslində Çinə aid olduğunu başa düşmək çətin deyil. Bu ilin fevral ayında Yaponiyanın "Quarts" iqtisadiyyat jurnalı BVF-nin və Dünya Bankının (DB) Çinin inkişaf etmiş ölkələrə təsirinin artmasından narahat olduqlarını yazmışdı.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

"BVF və DB Çinin təsir gücünün artmasından narahatdır. Çin böyük kreditor olmasa da, zəif iqtisadi parametrlərinə görə seçim imkanı məhdud olan Afrika ölkələrində son dərəcə təsirli kapital mənbəyinə çevrilib. Çin qitə daxilində çox ehtiyac duyulan infrastruktur layihələri üçün dövlət müəssisələri vasitəsi ilə əlverişli maliyyə paketi təqdim edir. Dünya Bankının Prezidenti Devid Malpassanın sözlərinə görə, bu zaman ortaya çıxan əsas problemlərdən biri şəffaflığın olmamasıdır: "Onlar (Çin – müəllifin qeydi.) kreditin həcmini artırıblar və bu yaxşı halıdır. Biz inkişaf etməkdə olan ölkələrə daha çox kredit verməyin tərəfdarıyıq. Ancaq çox vaxt onların müqaviləsində xüsusi maddə olur ki, bu da Dünya Bankına və ya özəl sektora kredit sazişinin şərtlərini görməyi qadağan edir".

Böyük ehtimalla BVF Çinin kimə nə qədər kredit verməsinə bu ölkənin özünün deyil, Qərb dövlətlərinin və fondun nümayəndələrinin iştirakı ilə keçirilən çoxtərəfli format çərçivəsində qərar verilməsini istəyir. Bu isə yeni bir qlobal maliyyə qardaşlığı qurmaq cəhdi kimi deyil, inkişaf etməkdə olan ölkələr üçün mövcud və əslində neomüstəmləkə kreditləşmə sxemini nəyin bahasına olursa olsun qorumaq istəyi kimi görünür ki, Pekin də buna mane olur.

BVF-nin parlaq qlobal gələcək qurmaq üçün əsaslandığı digər təməl prinsip də Rusiyanın iqtisadi təhlükəsizliyi və büdcəsi üçün birbaşa təhdiddir:

"Pandemiya artıq sağlamlıq tədbirlərinə laqeyd qalmayacağımızı göstərdiyi kimi, iqlim dəyişikliyini də görməzlikdən gələ bilmərik - bu bizim üçüncü imperativimizdir. Makro iqtisadi səviyyədə mühüm əhəmiyyət kəsb etdiyindən, inkişaf və rifah üçün böyük təhdidlər yaratdığından iqlim dəyişikliyinə də xüsusi diqqət yetiririk. Bu insanlar və planet üçün çox vacibdir. Araşdırmalarımız göstərir ki, aparılan düzgün maliyyə siyasəti və karbon qiymətlərinin bahalaşması nəticəsində 2050-ci ilədək atmosferə atılan tullantıları sıfıra endirmək və milyonlarla yeni iş yerinin açılmasına kömək etmək mümkündür. Yaşıl bir dünya qurmaq, eyni zamanda insanların rifah halını yaxşılaşdırmaq üçün tarixi fürsətimiz var – aşağı faiz dərəcələri ilə bu günün doğru investisiyaları sabah bizə dörd qat divident qazandıra bilər: gələcək itkilərin qarşısını almaq, iqtisadi qazancları stimullaşdırmaq, həyatları xilas etmək və hamı üçün sosial və ekoloji fayda əldə etmək".

Əslində bütün bunlar aşağıdakı mənaya gəlir: "150 ildir karbohidrogenlərin kütləvi istifadəsi ilə ən yüksək texniki tərəqqinin nəticələrindən zövq alan Qərb ölkələri yenə firavan həyat sürməyə davam edəcəklər, dünyanın qalan hissəsi isə "iqlim mühafizəsi" adı altında əbədi yoxsulluğun alçaldıcı məhrumiyyətlərinə məruz qalacaq.

Yaşıl enerjinin yaratdığı iş yerləri isə eko-aktivistlər, Avropa və Amerikada yaşıl enerji şirkətlərinin səhmdarları üçün iş yerlərindən başqa bir şey olmayacaq.

BVF direktorunun haqqında söz açdığı "karbon qiymətlərinin bahalaşması" Avropa Şurasının Rusiyaya qarşı tətbiq etmək istədiyi "karbon tarifləri"nin "müjdəçi"si sayıla bilər. Avropa Şurası davamlı şəkildə Rusiyanı ucuz neft və qaza görə bu tariflərlə təhdid edir.

Rusiyaya qarşı karbon tariflərinin tətbiqi vəziyyətində ixracatçılarımız (və sosial proqramlar ilə birlikdə Rusiya büdcəsi) ildə on milyard dollar itirəcək, əvəzində Qreta Tunberqin pərəstişkarları və yaşıl iqtisadiyyat tərəfdarları xoşbəxt olacaqlar. BVF-nin canlandırdığı parlaq gələcək Oruel qələminə layiq Ezop dili ilə yazılmış antiutopiyadan başqa bir şey deyil: ekologiya – yoxsulluq, şəffaflıq – Vaşinqtona və BVF-yə boyun əymək kimi başa düşülməlidir.

Doğrudan da biz tarixi anla qarşı-qarşıya qalmışıq. Ancaq bu, ikinci Bretton Vuds hadisəsinin yaşanması üçün deyil, 1944-cü ildə ABŞ-da ortaya çıxan qloballaşma bədheybətinin axırına çıxmaq üçün həlledici məqamdır.

57
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0