ABŞ dolları

Gündəlik 28 milyon dollar itirməyə başlamışıq

88
(Yenilənib 12:53 25.12.2018)
Vüqar Bayramov: "Mövcud qiymətlərlə neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır"

BAKI, 25 dekabr — Sputnik. "Qlobal birjalar son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib. Əmtəələr indeksi son 3 ilin ən aşağı səviyyəsindədir. Bu azalmalar neft bazarından da yan keçməyib".

Neft
© REUTERS / Shamil Zhumatov

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, "Brent" markalı neftin bir bareli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb: "Neft 1 gündə 6 faizdən çox dəyər itirib. Qiymətlərin kəskin azalması OPEC-i təcili görüş keçirməyə məcbur edir. Kartel artıq üzvlərinə müraciət etsə də, belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmaların qarşısının alınması real deyil".

Alimin sözlərinə görə, Azərbaycanın gündəlik neft ixracatının 783 min barel olduğu nəzərə alınsa, neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz: "Belə ki, neftin bir barelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir. Mövcud qiymətlərlə neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır".

"Bu, o deməkdir ki, cari ilin oktyabrı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb. OPEC-in son toplantısında ölkəmiz gündəlik hasilatın 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq gündəlik neft ixracatımızdan əldə etdiyimiz gəlirin daha çox azaldığının şahidi olarıq" - V.Bayramov vurğulayıb.

88
Teqlər:
alim, iqtisadçı, Vüqar Bayramov, barel, qiymət, neft
Əlaqədar
Neft bazarındakı qiymət Azərbaycana da təsir edəcək - İqtisadçı
Neftin qiymətində kəskin azalma
Növbəti il üçün neftlə bağlı proqnozlar bədbindir - İqtisadçı
Neft sürətlə ucuzlaşır
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

41
(Yenilənib 21:01 26.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

41
İl-76M ağır hərbi-nəqliyyat təyyarəsi, arxiv şəkli

Rusiya "qiyamət günü" təyyarələrini niyə dirçəldir

95
(Yenilənib 20:13 26.10.2020)
Geniş, müdafiə olunan, yüksək texnologiya ilə təchiz edilmiş – yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələri uzunmüddətli İl-96-400M laynerinin bazasında yaradılmış yeni hava komandanlığı qərargahları alacaq. Qərbdə bu cür mexanizmləri "qiyamət günü təyyarəsi" adlandırırlar.

BAKI, 26 oktyabr — Sputnik, Andrey Kots. III Dünya müharibəsinin başlayacağı təqdirdə ölkənin hərbi-siyasi rəhbərliyi müdafiənin təşkili, eləcə də quru qoşunları, dəniz və hava qüvvələrinə komandanlığı məhz bu "uçan qərargah"ların göyərtəsindən həyata keçirəcəklər. Belə yüksək texnologiyalı təyyarələr hazırda yalnız Rusiya və ABŞ-da var. "RİA Novosti"nin növbəti məqaləsi həmin təyyarələrin xüsusiyyətləri haqqındadır.

Komanda heyətini xilas etmək

Nüvə gücləri arasındakı münasibətlər sərhədi aşır. Diplomatlar çıxılmaz vəziyyətə düşür, tərəflər səfirləri geri çağırır. Silahlı qüvvələr maksimum hazırlıq vəziyyətinə gətirilir. Strateji bombardmançı təyyarələr havaya qalxır, ballistik raketli nüvə mühərrikli sualtı qayıqlar okeana enir, mobil yerüstü raket sistemləri döyüş patrul yollarında yerləşdirilir. Bütün dünya sükut içində III Dünya müharibəsinin başlanmasını gözləyir.

Bu ssenari hələlik fantastikadan başqa bir şey deyil. Rusiyada da, ABŞ-da yaxşı başa düşürlər ki, genişmiqyaslı müharibə sürətlə nüvə savaşına çevrilə və on milyonlarla insan həlak ola bilər. Ancaq hərbçilər hər zaman ən pis vəziyyətə hazırlıqlı olmalıdır.

Hər iki tərəf belə hesab edir ki, bu cür qarşıdurmada ilk zərbəni endirərək düşməni sarsıdacaq, onu qoşunlara nəzarət etmək və müqavimət göstərmək imkanından məhrum edəcək. Bu məqamda əsas hədəf isə hərbi və siyasi mərkəzlər olur.

Təhlükənin mövcud olduğu dövrdə Rusiya rəhbərliyi və Silahlı Qüvvələrin yüksək komandanlıq heyəti ciddi məxfilik şəraitində hərbi aerodroma aparılacaq ki, burada da onları "qanadlı komanda məntəqələri" gözləyəcək. "Qiyamət günü" təyyarələrinin əsas vəzifəsi, dövlətin yüksək vəzifəli şəxslərini hücuma məruz qalan ərazidən çıxarmaq və onlara ölkənin müdafiəsini havadan idarə etmək imkanı verməkdir.

Bu komanda məntəqələrinin döyüş dayanıqlığı qırıcı təyyarələr və hava tankerləri tərəfindən təmin edilir. Bənzər taktika Soyuq Müharibə dövründə ABŞ-da işlənib-hazırlanmışdı.

Çoxdan gözlənilən yerdəyişmə

Rusiya Aerokosmik Qüvvələrində İl-86 sərnişin təyyarələri bazasında hazırlanmış dörd İl-80 "qiyamət günü təyyarəsi" var. Güclü elektrik qurğuları, müasir rabitə vasitələri, həyat-təminat sistemi bir neçə gün havada qalmağa imkan verir, əlbəttə ki, əlavə yanacaqdoldurmanın həyata keçirilməsi ilə.

İl-80 öz "mülki sələf"indən hündür "alın" hissəsi – müxtəlif elektron avadanlıqların yerləşdiyi yerüstü bölmə – ilə fərqlənir. Bundan başqa, İl-80-də heyət üzvlərinin və sərnişinlərin yaxınlıqdakı nüvə partlayışından kor olmamaları üçün İl-80-də illüminator yoxdur. Quyruq hissəsində isə sualtı qayıqlarla rabitə yaratmaq üçün bir çıxış kabel antenası var.

İl-80 barədə daha geniş məlumat vermək olmaz, çünki bu dövlət sirridir.

Yalnız o məlumdur ki, həmin təyyarələrin göyərtəsinə silahlı qüvvələrin bütün növlərinə və qollarına nəzarət etmək üçün xüsusi avadanlıqlar, yüksək səviyyəli sərnişinlərin işləməsi və istirahəti üçün otaqlar quraşdırılıb, yanacaq tədarükü üçün əlavə çənlər yerləşdirilib. İstənilən mülki və hərbi aerodromdan havaya qalxa bilən təyyarə kütləvi qırğın silahlarından qorunma vasitələri ilə təchiz olunub, həmçinin ötürmə, rabitə və naviqasiya sistemlərinin yerüstü və peyk avadanlığının məhv olması halında belə ayrılıqda fəaliyyət göstərə bilər.

Bununla belə, İl-80-lər artıq 15 ildən çoxdur qoşunlarda xidmət edir və resurslarının çoxu artıq tükənib. Bundan başqa, İl-86 baza təyyarələri orta məsafəlidir. Onların praktiki məsafəsi cəmi 3800 kilometrdir ki, bu da hava komandanlığı qərargahı üçün kifayət deyil. Bu səbəbdən, yeni "qiyamət günü təyyarəsi" üçün baza olaraq İl-96-400M-in seçilməsi daha məntiqə uyğundur: bu təyyarənin maksimum yüklənmə halında qət etdiyi uçuş məsafəsi təxminən doqquz min kilometrdir.

"Uçan hotellər"

ABŞ Silahlı Qüvvələrinin sərəncamında Boeing 747 təyyarəsinin bazasında hazırlanmış dörd E-4B Nightwatch təyyarəsi var. Onların hər birinin göyərtəsinə 100 nəfərədək insan yerləşə və müntəzəm yanacaq doldurma vəziyyətində bir həftəyə qədər havada qala bilər. E-4B-lər nüvə partlayışının zərərverici amillərindən qorunur və ən müasir elektron avadanlıqlarla təchiz edilir.

Əslində, Amerikanın "qiyamət günü təyyarəsi" uçan hoteldən fərqlənmir. Burada bir neçə gün yaşamaq və işləmək üçün hər bir şərait var - mətbəx, hamam otağı, istirahət zonası, yataq otağı, masa və doqquz oturacaqlı iclas zalı, 29 nəfərlik rabitə və kommunikasiya zonası və digər otaqlar mövcuddur. Salon çox rahatdır və avadanlıq olduqca erqonomikdir. Bəlkə də elə buna görə ABŞ-ın birinci şəxsləri "Air Force One"-ın klassik prezident təyyarəsi əvəzinə rəsmi səfərlə digər ölkələrə uzun uçuşlar zamanı məhz E-4B-yə üstünlük verirlər.

E-4B təyyarəsi Rusiyanın İl-80-dən əhəmiyyətli dərəcədə köhnədir. Bu təyyarələr hələ 1970-ci illərdə istismara verilib. Bununla belə, həmin təyyarələr daim modernləşdirilir. 2015-ci ildə təyyarələrin bir qisminin rabitə avadanlığı yenidən proqramlaşdırılıb və modifikasiya olunub. Təyyarələr yüksək sürətli internet bağlantısı, genişzolaqlı peyk rabitəsi və xüsusi təhlükəsiz kanalları ilə təchiz olunur. E-4B-nin uçuş məsafəsi 11 min kilometrdir.

Bundan əlavə, amerikalıların strateji nüvə sualtı qayıqları ilə rabitə sistemini təmin etmək və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Strateji Komandanlığının hava komandanlığı qərargahı kimi istifadə olunmaq üçün hazırlanmış 16 ədəd E-6 təyyarəsi də var. Müharibə vəziyyətində bu vasitələrin sualtı qayıqlar və "qiyamət günü təyyarələri" E-4B ilə əlaqə yaradaraq Atlantik və Sakit okean bölgələrində döyüş patruluna çıxması nəzərdə tutulur.

95
İşğaldan azad olunan Qubadlı şəhəri

Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntülərini yaydı

71
(Yenilənib 00:22 27.10.2020)
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı şəhərindən çəkilmiş möhtəşəm videogörüntünü ictimaiyyətə təqdim edib.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsünü yayıb.

Qeyd edək ki, Prezidenti İlham Əliyev oktyabrın 25-də "Twitter" hesabında yazdığı tvitdə Qubadlı şəhərinin Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildiyini bildirib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla Qubadlı şəhərindən çəkilmiş videogörüntünü təqdim edir.

71
Əlaqədar
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntüsü yayıldı
Qubadlının işğaldan azad olunan Xanlıq kəndindən möhtəşəm görüntülər - VİDEO