OPEC-in bayrağı

Birləşmiş Ştatlar yeni münaqişəyə girir: İlk zərbə parçalanma ilə nəticələndi

5105
(Yenilənib 17:20 18.12.2018)
"Qətərin OPEC-dən çıxması ABŞ-ın bu təşkilata xəbərdarlığıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Dekabrın 7-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələr neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə edib. 2019-cu ilin yanvar ayından neft hasilatını sutkada OPEC üzvləri 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldacaqlar. Hasilatın 6 ay müddətinə azaldılması nəzərdə tutulub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Photo : UNEC-in mətbuat xidməti
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Ekspertlər OPEC-in qərarını və neft bazarında baş verən prosesləri Sputnik Azərbaycan-a şərh ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyib ki, OPEC-in qərarı dünya bazarında neftin qiymətinin müəyyən həddə qorunub saxlanılmasına yönəlib: "Çünki son dövrdə qeyri-müəyyən vəziyyət var. Ən son neftin qiyməti kəskin şəkildə aşağı düşən zaman, hətta ənənəvi neft ölkələrində (Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və s.) də ciddi problemlər yaranıb. Baxmayaraq ki, bunlar kifayət qədər maliyyə resurslarına sahib ölkələrdir".

"Bu baxımdan OPEC-in qərarı dünya bazarında neftin qiymətinin müəyyən qədər stabil qalmasına gətirib çıxaracaq. Başqa sözlə, neftin qiymətinin aşağı düşməsinin qarşısını alacaq" - ekspert bildirib.

Onun sözlərinə görə, OPEC-in qərarı ölkələrin iqtisadiyyatları, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün önəmlidir: "Azərbaycanın gələn il dövlət büdcəsində və digər makroiqtisadi parametrlərində hələ də neftin önəmli rolu qalır. Neftin qiyməti ilə bağlı proqnozların növbəti ildə də doğrulması Azərbaycan iqtisadiyyatının stabilliyi baxımından önəmlidir".

Ekspertin fikrincə, OPEC-in qərarının İran üçün də müsbət təsiri var: "İran iqtisadiyyatı neft ixrac edən iqtisadiyyatdır. Amma İrana dair proseslər daha çox ABŞ-ın atacağı addımlarla bağlıdır. Bunu dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hər halda neftin qiymətinin qorunub saxlanılması İran iqtisadiyyatına da müsbət təsir edəcək".

"Digər tərəfdən, OPEC-in özündə də fikir ayrılıqları var. Qətər OPEC-dən çıxmaq ilə bağlı qərar qəbul edib. Bu, zəncirvari olarsa, başqa ölkələr də buna qoşularsa, növbəti ildən dünya neft bazarında yenidən qeyri-müəyyənliyin şahidi ola bilərik. Neft bazarında təkcə iqtisadi faktorlar deyil, siyasi faktorlar da var. Amma indiki halda növbəti ildə də neftin qiyməti biz istədiyimiz səviyyədə aşağı-yuxarı qorunub saxlanılacaq" - deyə E.Bağırzadə vurğulayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli isə OPEC-in çox ciddi dilemma qarşısında qaldığını deyib: "Təşkilat hasilatın kəskin azaldılmasına da gedə bilmir. Çünki qiymətin yüksəlməsi OPEC ölkələrinə qısa müddətdə xeyri olsa da, uzun müddətli dövr üçün sərf etmir. Uzun müddətli dövrdə ABŞ və Kanadada hasilat daha da artır. Nəticədə bu, orta və uzun müddətli dövrdə qiymətlərin daha da aşağı düşməsinə səbəb olur".

"Amma OPEC heç bir qərar verməsəydi, o zaman da qiymətin kəskin ucuzlaşması mümkün idi. Ona görə də OPEC orta bir yol tutdu. OPEC-in qərarı neft qiymətlərinin sabitləşməsində müəyyən rol oynaya bilər, amma qiymət artımında ciddi rol oynamayacaq" - deyə o bildirib.

Ekspert Qətərin OPEC-dən çıxmasını maraqlı proses adlandırıb: "Gec-tez ABŞ ilə OPEC arasında ciddi konflikt olacaq. ABŞ hesab edir ki, OPEC bazara müdaxilə etməklə kartel sövdələşməsi ilə məşğuldur və qiymətləri qaldırmaq üçün bundan istifadə edir. ABŞ qanunlarına görə isə, bu, iqtisadi cinayət sayılır. Konqresə bununla bağlı qanun layihəsi təqdim olunub. Yanvar ayında bu qanun layihəsinə baxılacaq".

N.Cəfərlinin sözlərinə görə, bu layihə Konqresdən keçsə, ABŞ ərazisində fiziki və hüquqi şəxslər OPEC-in apardığı siyasət nəticəsində onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı kompensasiya tələb edə biləcəklər: "Burada böyük məbləğdə kompensasiyadan söhbət gedə bilər. Əsasən də logistika şirkətləri bununla bağlı iddia qaldıra bilər ki, OPEC-in siyasəti onların xidmətinin maya dəyərini yüksəldib. Və nəticədə gəlir itkiləri ilə üzləşiblər. Əgər belə bir hadisə baş versə, OPEC məcburən ödənişləri verməli olacaq və yaxud da dağılacaq".

Ekspert əlavə edib ki, Qətərin ilk addım olaraq OPEC-dən çıxması sanki ABŞ-ın bu təşkilata bir xəbərdarlığıdır: "Çox güman ki, Qətər bu addımı ABŞ-la razılaşdırıb. Qətər kompensasiyaların ödənilməsindən kənarda qalmaq istəyir. Çünki sözügedən qanun layihəsi qəbul edilə bilər. Qətərin OPEC-dən çıxması bu təşkilatın gələcəyi ilə bağlı ciddi şübhələrin yaranmasına bir siqnaldır".

5105
Teqlər:
qiymət, ölkə, Qətər, ABŞ, hasilat, OPEC, neft
Əlaqədar
Trampdan OPEC üzvlərinə neft tələbi: "Dərhal əməl edin"
Qətər OPEC-dən çıxır
OPEC+ tarixi qərar verməyə hazırlaşır, neftin qiyməti kəskin artacaq
KİV: OPEC ölkələri hasilatın azaldılması barədə prinsipcə razılığa gəliblər
OPEC-i parçalamaq mümkün olmadı