Salome Zurabişvili

Yeni prezident Azərbaycana azərbaycanlılara "hansı gözlə" baxacaq - Ziddiyyət var

7646
(Yenilənib 17:03 03.12.2018)
"Salome Zurabişvili Gürcüstan xalqının yox, bir nəfərin - Bidzina İvanaşvilinin, daha doğrusu, onun cibinin prezidenti olacaq"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan.

BAKI, 3 dekabr — Sputnik. Ötən həftə Gürcüstanda keçirilən prezident seçkilərində "Gürcü arzusu" partiyasının dəstəklədiyi, prezidentliyə müstəqil namizəd Salome Zurabişvili seçicilərin 59,52%-nin (1 147 627 səs) səsini toplayaraq qalib gəldi. Gürcüstanın seçilmiş prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasiminin dekabrın 16-ında keçirilməsi planlaşdırılır.

Maraqlıdır, yeni seçilən Gürcüstan prezidenti Salome Zurabişvilinin hakimiyyəti dövründə Azərbaycan - Gürcüstan münasibətləri necə inkişaf edəcək? Nələr dəyişəcək?

Məsələ ilə bağlı Sputnik Azərbaycan Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlarla – Milli Birlik Hərəkatı Partiyasından olan Azər Süleymanov və "Gürcü arzusu" partiyasından olan Mahir Dərziyevlə həmsöhbət olub.

Azər Süleymanov hesab edir ki, Salome Zurabişvilini Gürcüstan xalqı prezident seçməyib: "Xanım Salome Zurabişvili Gürcüstan xalqının yox, bir nəfərin - Bidzina İvanişvilinin, daha doğrusu, onun cibinin prezidenti olacaq. Onun şəxsi nüfuzuna qalsaydı, o, seçkilərdə heç 5 səs belə, toplaya bilməzdi".

Müsahibimizin sözlərinə görə, Zurabişvili seçkiqabağı çıxışları zamanı azərbaycanlılara, türklərə qarşı böyük səhvlər buraxmışdı: "O, Samsxe-Cavaxetiyada olanda da fikir bildirdi ki, Saakaşvili türkləri Gürcüstana dəvət etməklə böyük səhvlər edib, o, bu səhvləri düzəldəcək. O, bizə açıq mesaj verib ki, ermənilər gürcülərə azərbaycanlılardan daha yaxındır".

"Düzünü desək, istər azərbaycanlılar, istərsə də Gürcüstanda yaşayan gürcülərin özləri o qadından prezident kimi heç nə gözləmirlər" - Azər Süleymanov əlavə edib.

Mahir Dərziyev isə həmkarından fərqli olaraq, tamamilə başqa fikirdədir: "Milliyyətindən asılı olmayaraq, Azərbaycan-Gürcüstan münasibətləri Gürcüstan vətəndaşlarının hər biri üçün olduqca önəmlidir. Bu, hər hansı bir iqtidarın, hökumətin kaprizi deyil, bu, bütövlükdə gürcü xalqının arzusu, sifarişidir. Bu, ölkəmizin milli maraqlarından irəli gələn məsələdir".

O, qeyd edib ki, "Gürcü arzusu" partiyası da Azərbaycan-Gürcüstan münasibətlərinə çox böyük önəm verib: "Bu gün Gürcüstan-Azərbaycan münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir və təbii ki, bizim partiyanın dəstəklədiyi Salome Zurabişvili də seçkiqabağı çıxışlarında bu münasibətlərin möhkəmlənməsində əlindən gələni edəcəyini bildirib".

M.Dərziyev hesab edir ki, seçkiqabağı təşviqat zamanı müxalifətdə olan azərbaycanlılar arasında Salome Zurabişvilinin nüfuzunu aşağı salmaq üçün yanlış məlumatlar yayıb: "Çox təəssüflər olsun ki, bizim opponentlərimiz seçkiöncəsi təşviqat zamanı Salome Zurabişvilinin erməni mənşəli və ermənipərəst olması, guya hakimiyyətə gələcəyi təqdirdə Gürcüstan-Türkiyə, Gürcüstan-Azərbaycan münasibətlərinə zərbə vuracağı barədə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yaymağa çalışdılar. Lakin müdrik olan Gürcüstan azərbaycanlıları bu provokasiyalara uymadılar və xanım Zurabişviliyə səs verdilər".

7646
Teqlər:
seçkilər, Salome Zurabişvili, prezident, Azərbaycan, Gürcüstan
Əlaqədar
Seçkidən sonra da Gürcüstanla əməkdaşlığımız əvvəlki kimi olacaq – politoloq şərhi
İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik edib
Gürcüstan seçkiləri bitdi: Zurabişvilinin qələbəsi Azərbaycana nə verəcək?
Gürcüstanlı deputat: Populist vədlər seçkiyə təsirsiz ötüşmədi